15 Ekim 2016 Cumartesi

A.İRŞADOĞLU İTV - nin BAŞ DİREKTORU OLMAĞA LAYİQ NAMİZƏDDİR


Mətbuatdan oxuyanda ki, Azərbaycan Respublikası Müstəqil Jurnalistlər Assosiasiyasının toplantısında qurumun prezidenti Adil İrşadoğlunun İctimai Televiziyanın baş direktorluğuna namizədliyi irəli sürülüb çox sevindim və bu şəxsi sizə olduğu kimi təqdim etməyə özümdə ehtiyac duydum. Həqiqətən də İctimai Televiziyaya mənəvi haqqı olan şəxs rəhbərlik etməlidir.

Adil İrşadoğlu ! Bu şəxsi özümü tanıdığım kimi tanıyıram. Beş il bir yerdə oxumuşuq. 
1972 - ci ildə Azərbaycan Dövlət Universitetinin ( indiki BDU - nun ) Jurnalistika Fakültəsinə qəbul olunmuşduq. Adil çox sakit, tərbiyəli, səmimi, vətənpərvər gənc idi. Onun bu xüsusiyyətləri çox güman ki, məxsus olduğu gendən və ailə tərbiyəsindən irəli gəlirdi. Adil İrşadoğlu zəngin mənəviyyatlı, yüksək zövqlü, məlumatlı tələbəydi. Ancaq bununla belə heç vaxt özünü gözə soxmazdı. Çox az bir müddətdə Adilin yüksək təşkilatçılıq qabiliyyətini kəşf etdik. Jurnalistika fakültəsi o vaxt Passaj bazarının üstündəki 190 saylı orta məktəblə yanbayan kiçik bir binada yerləşirdi. Tədbir keçirmək üçün münasib bir otaq yox idi. Binanın çox yaraşıqlı foyesindən istifadə etmək birinci onun ağlına gəldi. Fakültənin dekanı, professor Şirməmməd Hüseynovdan burada tədbirlər keçirmək üçün icazə aldı. Dekan müavini Akif Rüstəmov təşəbbüskar tələbələrə hərtərəfli kömək edəcəyinə söz verdi. Ağsaqqalların xeyir - duasından sonra Adilin bu foyedə keçirdiyi tədbirlərin sayı - hesabı olmadı...

...Yadımdadır, 1975 - ci ildə Üzeyir bəy Hacıbəyovun 90 illik yubiley gecəsinə çox tələbə gəlmişdi. İynə atsan yerə düşməzdi. Başqa fakültələrdən də gələnlər var idi. Foyenin baş tərəfində qədim üslubda tikilmiş iki divar sobasının qarşısındakı guşədə səhnə düzəldilmişdi. Səhnənin pərdəsi üzərində Ü.Hacıbəyovun portreti asılmışdı. Gecəni dosent Əliş Nəbili açdı. O, bu kimi tədbirlərin böyük tərbiyəvi əhəmiyyətindən danışdı və sözü səhnədəkilərə verdi. Sağ küncdə əyləşən muğam üçlüyü ifaya başladı. Tarı Adil özü, kamançanı isə Mübariz Əhmədov çalırdı. "Leyli və Məcnun" operasından bir fraqment nümayiş etdirildi. Tələbələrdən Xavər Abbasova Leyli, Rafiq Hacıyev isə Məcnun rolunu ifa etdilər. Tarın, kamançanın adamı ehtizaza gətirən sədası indi də qulaqlarımda səslənir. Ümumiyyətlə, Adil ədəbi - bədii gecənin tərtibatını çox gözəl hazırlamışdı. Universitetdə hamı jurnalistika fakültəsində keçirilən həmin tədbirdən danışırdı. Hətta jurnalistika fakültəsində keçirilən bu ədəbi - bədii gecə haqqında "Kommunist" qəzetində məqalə də dərc edilmişdi. Bundan ruhlanan Adil yeni xatirə gecələri keçirməyə başladı. İstedadlı tələbələr həmin tədbirlərin təşkil olunmasında yaxından iştirak etdilər. Cəlil Məmmədquluzadəyə, Hüseyn Cavidə, Nəriman Nərimanova həsr edilmiş xatirə gecələrini və o vaxt yaşaq edilən Bahar bayramını da tələbə yoldaşlarımız yəqin çox yaxşı xatırlayırlar.
 Adilin təşkilatçılıq qabiliyyətini xarakterizə edən bu kimi misalların sayını artırmaq olar. Ancaq bu, bir məqaləyə sığan deyil.

 1977 - ci ildə universiteti bitirdik. Adil İrşad oğlu Əliyev jurnalistika fakültəsi radio - televiziya qrupunun tam kursunu əla və yaxşı qiymətlərlə başa vurduğuna görə, təyinatını Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə verdilər. Özünün söylədiyinə görə altı ay televiziyanın ağıryüklü sənaye redaksiyasında əmrsiz - filansız işləyib. Onu bu müddətdə imtahan ediblər. Bütün sınaqlardan bacarıqla çıxdığına görə, nəhayət 1977 - ci il dekabr ayının əvvəlində işə qəbul edilməsi barədə əmr verilib.
 Adil İrşadoğlu telestudiyada 20 ilə yaxın şirinli - acılı günlər yaşayıb. Üç minədək üzvü olan bu ailədə bacarığına, səmimiyyətinə və insanpərvərliyinə görə hörmət qazanıb. Orijinal verilişləri ilə tamaşaçıların qəlbinə yol tapıb...
 Daim işğalçılıq ehtirası ilə yaşayan Ermənistanın fitvası ilə Dağlıq Qarabağda törədilən iğtişaşlar onu bir an rahat buraxmırdı. Adil çəkiliş qrupu ilə tez - tez Dağlıq Qarabağın hadisə baş verən rayonlarına gedib zəngin materiallarla geri qayıdırdı. Çəkiliş qrupunun gətirdiyi video - kadrların təbii ki, o zaman hamısı efirə buraxılmırdı. Ancaq bu, onları ruhdan salmırdı. O vaxt Adil söyləyirdi ki, onsuz da efirə getməyən həqiqətləri idarənin arxivində qoruyub saxlayırlar. Vaxt gələcək çəkdiyimiz o video - kadrlar istifadə olunacaq və onda çox mətləblər aşkara çıxacaq.


A.İRŞADOĞLUNUN ÇAP ETDİRMƏDİYİ XATİRƏLƏR KİTABINDAN :

"...1989 - cu ilin ortalarında Dağlıq Qarabağın ermənilərinə gözün üstə qaşın var deyən olmadığına görə, onlar gün - gündən quduzlaşırdılar. Qonşu türk kəndlərinə basqın edir, əhalini yurd - yuvalarından didərgin salmağa çalışırdılar. Bu zaman Azərbaycan teleradio verilişləri komitəsinin sədri Elşad Quliyev Dağlıq Qarabağda yaşayan azəri türklərinin əlavə təbliğata ehtiyacı olduğunu söylədi. Kollektiv də onun təşəbbüsünü bəyəndi. Şuşa şəhərində yerləşən teleötürücü stansiyanın binasında kiçik bir otağı studiyaya çevirdik. Ancaq çəkilən video materialları montaj etməyə belə şəraitimiz yox idi. Hər axşam yarım saat, bəzən də 45 dəqiqə efirə çıxmalı idik. Deməli, gecə yazılan ssenariyə uyğun səhərisi gün montajlı çəkiliş aparmalı və həyəcanlı soydaşlarımıza nə isə tutarlı bir şey deməli, göstərməli idik. Çox çətin imtahan idi.
 Yerli əhalinin dediyinə görə Şuşa şəhəri elektrik enerjisini Xankəndindən alırdı. Axşam düsən kimi şəhər zülmət içərisində itib - batırdı. Ermənilər düşmənçiliklərindən əl çəkmirdilər. Bir gün Şuşa rayon icraiyyə komitəsinin sədri rəhmətlik Mikayıl Gözəlov məni qəbuluna çağırdı. Xeyli söhbət etdik. Otaqdan çıxhaçıxda mənə bir bükülü uzatdı. Dedi ki, Adil müəllim, sənə Ağdamdan şam alıb gıtirmişəm. Gecə işıq sönəndə yandırıb ürəyin nə qədər istəyir yazarsan, ermənilərin atasına od qoyarsan. Və bu minvalla düz iki ay fasiləsiz Şuşada vətəndaşlıq borcumu yerinə yetirməli oldum. Daqlıq Qarabağda Əlisahib Orucovla gəzmədiyimiz ucqar kənd qalmadı. Hara gedirdiksə uşaqdan tutmuş böyüyədək hamı onu tanıyır, hörmət göstərirdi...
 Laçının Ermənistanla həmsərhəd Cağazur kəndinə də onunla birlikdə getmişdik. 300 evdən ibarət gözəl, səfalı Cağazur kəndinə gəlib çıxan təbii qaz kəmərinin açılışı idi. Tədbiri başdan ayağa çəkdiyimizə görə xeyli yubandıq. Axşam düşdü. Nəyin bahasına olursa - olsun materialı efirə çatdırmalı idik. Ayazlı - şaxtalı bir qış axşamında yola çıxdıq. Erməni kəndlərinin içindən şütüyüb bizi Şuşaya aparan avtobusu, onun sürücüsü İsmayıl kişini və biz sərnişinləri hər an təhlükə gözləyirdi. Yaşca bizdən böyük olan jurnalist Telman Mehdiyev "Bura vətəndir" mahnısını zümzümə edirdi ki, mən də, kino - operator Əlövsət Aslanov da, rejissor Oqtay Rəhimov da, telerejissor köməkçisi Elçin də həyəcanlanmayaq. Allahın köməkliyilə sağ - salamat gəlib studiyamıza yetişdik. Efirə bir az gecikmişdik. Özümü səliqəyə salmadan təcili efirə çıxdım və həmin çəkdiyimiz bütün materialı birbaşa şərh edib tamaşaçılara çatdırdım..."

                                            --------------------------------  

Belə verilişləri ilə azərtürkləri dədə - baba torpağını qorumağa çağıran jurnalistlərimizin, televiziya işçilərimizin xidmətləri unudulmazdır. O zaman bu təbliğatdan ermənilər qorxuya düşmüşdülər. Sonra onlar açıq mübarizəyə başladılar. Dağlıq Qarabağ türklərinin üzərinə silahlı hücuma keçdilər. Onları ev - eşiklərindən didərgin saldılar. Ədavət qızışıb ən kəskin şəklini alanda Adil İrşadoğlu onu düşündürən yeni mövzuda verilişlər çəkmək üçün 16 il işlədiyi redaksiyadan televiziyanın qurulmaq ərəfəsində olan hərbi proqramlar və salnamə baş redaksiyasına köçürülməsini xahiş etdi. Baş redaktor V.Bağırov onu məmnuniyyətlə kollektivə qəbul etdi. Adil tez bir zamanda ən qorxmaz yoldaşlarından ibarət çəkiliş qrupu yaratdı : jurnalist Adil İrşadoğlu, rejissorlar Tofiq Ataxanoğlu və Rövşən Nicat, kinooperatorlar Tahir Qarayev və Ramiz Rüstəmov. Adları çəkilən bu vətəndaşlar ermənilərin törətdikləri vəhşilikləri, əsgər və zabitlərimizin şücaətlərini dünyaya çatdırırdılar. 


A.İRŞADOĞLUNUN ÇAP ETDİRMƏDİYİ XATİRƏLƏR KİTABINDAN :

"...Məni həyəcanlandıran və yaddaşımda silinməz izlər buraxan döyüşlərdə qələmim və kameramla iştirak etməyimə, sağ - salamat ailəmə qayıtmağıma görə Allahımdan razıyam. O yeri, göyü yaradan mənə elə bir qeyrət, elə bir təpər verib ki, onun bəndəsini özündən başqa heç bir qüvvə sındıra bilməz.
 1994 - cü il yanvarın əvvəlində Tərtər rayonundakı əsgərlərimiz işğal edilmiş torpaqlarımızdan erməni qəsbkarlarını qovub çıxartmaq məqsədilə Marquşavan kəndi istiqamətində hücuma keçdilər. Çəkiliş qrupumla onlara qoşulub Çardaxlı kəndi istiqamətinədək gedib çıxdıq.
 Azərbaycanın igid və mərd oğullarının göstərdikləri qəhrəmanlıqları lentə aldıq. Döyüşdə fərqlənənlərdən müsahibə götürdüm. Düşmən ciddi müqavimət göstərirdi. Ancaq buna baxmayaraq Azərbaycan əsgəri Ermənistan ordusunu yerlə yeksan etdi. Hər tərəfə rus, erməni meyidləri səpələnmişdi. Düşmənin hərbi sursatı, texnikası ortalıqda qalmışdı. Minalanmış sahədən keçib hamısını videolentə köçürdük. Allahın köməkliyi, bəndələrin təpəri ilə biz qalib gəldik. Sınmadıq...
...1994 - cü ilin aprel ayının 10 - da Goranboyun Gülüstan kəndi uğrundakı döyüşdə əsgərlərimiz və iş yoldaşlarımla mühasirəyə düşdük. Gərgin və uzun vuruşmadan sonra kənd geri qaytarıldı. Biz də xilas olduq. Yenə sınmadıq. Allaha qurban olum, həmişə məni nəzərində saxlayır..."
                                            ----------------------------------- 

 Adilin çap etdirmədiyi bu xatirələr kitabı onun şəxsiyyətini formalaşdıran belə hadisələrlə zəngindir. Qarabağ vüqarlı, Ağdam qeyrətli bu insan həmişə vətənpərvər olmuş, Ermənistanla həmsərhəd rayonlarımızı, erməni işğalı təhlükəsi altında inləyən digər rayon və kəndlərimizi çəkiliş qrupu ilə qarış - qarış gəzərək videosalnamələr yaratmışdır. Torpaqlarımızı yağılardan qoruyan əsgər və zabitlərimizin qayğısı onu daim düşündürmüşdür. Elə buna görə də hərbi kazarmalarda bir çatışmazlıq görəndə tez onu aradan qaldırmağın yollarını fikirləşmiş, imkanlı dostlarını bu problemlərin həllinə səfərbər etmişdir.


A.İRŞADOĞLUNUN ÇAP ETDİRMƏDİYİ XATİRƏLƏR KİTABINDAN :

"...Azərbaycanın ilk milli televizorunun istehsalı ilə məşğul olan "Soltan" kiçik müəssisəsinin direktoru Fikrət Xudatzadəyə 1993 - cü ilin noyabrında bildirəndə ki, cəbhə bölgəsinə ezamiyyətə gedirəm və kazarmalarda əsgərlər Bakıda nələr baş verdiyindən xəbərsizdirlər. 
O, dərhal birlikdə yola çıxmağımızı xahiş etdi. Fikrət müəllim özü ilə hədiyyə apardığı televizorları hərbi hissələrə paylayanda əsgərlərimizin sevincinin həddi - hüdudu yox idi...
 Elə hərbi hissələrimiz var idi ki, geyim və ərzaq sarıdan korluq çəkirdilər. Gözlərimlə gördüklərimi Bakıda dostlarıma danışanda "MOBAK" müştərək dövlət müəssisəsinin baş direktoru Tələt Xəlilov kömək edəcəyinə söz verdi. Dəfələrlə biznən ərzaq dolu yük maşınları ilə səfərə çıxdı, öz şəxsi hesabından milyonlarla manat pul xərclədi. Belə qeyrətli oğulları olan vətən basılarmı ?..
...1994 - cü il Ağdamda 708 - ci briqadanın tankçıları ilə birgə keçirdiyimiz Novruz bayramı xatirimdə elə bir iz buraxıb ki, yadıma düşəndə kövrəlirəm. Heyf o oğulların zəhmətinə...
Bir yandan Bahar bayramı, bir yandan da əzab - əziyyətlə qoruduqları, ancaq arxalı düşmənin aramsız hücumları və daxili təxribatlar nəticəsində əllərindən çıxmış Ağdam torpağının həsrəti. Biz isə çalışırdıq ki, onlar ruhdan düşməsinlər..."

                                      ---------------------------------- 

Birinci Qarabağ müharibəsinin acı dəhşətlərini görmüş və onların işıqlandırılmasında yaxından iştirak etmiş, ancaq sonra subyektiv səbəblərdən ərizə yazıb Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətini tərk etmiş, lakin jurnalist peşəsindən heç vaxt ayrı düşməmiş, respublikanın mətbuat orqanlarında müxtəlif vəzifələrdə çalışmış, verilişləri və məqalələri ilə özünə auditoriya qazanmış, qurucusu və ilk baş redaktoru olduğu "De Fakto" qəzetini buraxmaqla xalqımızın dünyagörüşünü inkişaf etdirmiş, mətbuatın ən ağrılı, keçid dövründə də qələmindən küsməmiş tanınmış jurnalist Adil İrşadoğlunun ( Əliyevin ) İctimai Televiziyaya baş direktorluqla bağlı namizədliyini mən də müdafiə edirəm. Adil müəllimə populyar rəqibləri arasında uğur qazanmasını arzulayıram.


Mustafa Çəmənli,
Yazıçı - puplisist,
"Gənclik" nəşriyyatının baş redaktoru.

İlk dəfə 26 noyabr 2004 - cü il tarixli
"Ədalət"qəzetində çap edilmişdir.

Hiç yorum yok: