15 Ekim 2016 Cumartesi

" MÜHARİBƏ ADAMI "




Adil İrşadoğlunu İctimai Televiziyada görmək istəyən  bir dostunun, ürək sözləri

Azərbaycan kütləvi informasiya sistemi hazırda özünün ən məsul anlarını yaşamaqdadır. Dövlət müstəqilliyimizin bərpa edilməsi həyatın bütün sahələrində olduğu kimi KİV - in də yeni keyfiyyət mərhələsinə qədəm qoyması ilə nəticələnib. Totalitar kommunist rejiminin süqutu ilə Azərbaycan senzurasız mətbuat qazanmaqla yanaşı, həm də milli jurnalistikamız çeşidli janrlarla zənginləşib.

Artıq mətbuatda İctimai Televiziyanın sədrliyinə layiqli namizəd ola biləcək şəxslərin adları çəkilir. İnsaf naminə - adlarını sadalamağa lüzum görmürəm - bu şəxslərin hər biri sözügedən televiziyada çalışmağa layiq insanlardır. Lakin onlardan birini - Müstəqil Jurnalistlər Assosiasiyasının namizədliyini irəli sürdüyü Adil İrşadoğlunu uzun illərdən bəri tanıdığım üçün belə hesab edirəm ki, onun İctimai Televiziyada fəaliyyətindən cəmiyyətimiz ancaq qazana bilər.

Adil İrşadoğlu peşəkar jurnalistdir. Azərbaycan Dövlət Universitetinin ( indiki BDU -nun ) jurnalistika fakültəsini bitirib. Təyinatla Azərbaycan Dövlət Televiziyasına işə göndərilib. Elə ilk aylardan rəhbərliyin diqqətini çəkib. Peşəsini ürəkdən sevdiyi, tapşırılan bütün işləri vaxtında yerinə yetirdiyindən rəhbərliyin təqdimatı ilə keçmiş Azərbaycan KP MK - nın Marksizm - Leninizm Universitetinə təhsil almağa göndərilib və 1982 - ci ildə oranı əla qiymətlərlə bitirib. Televiziyada işlədiyi müddətdə 3 minə yaxın veriliş çəkərək efirə verib. Sonra könüllü olaraq Az.TV - dən gedib və...Və sonra onun mətbuat orqanlarında fəaliyyəti başlayıb. "Yeni dünya" qəzetində baş redaktorun müavini, "Cempion" həftəlik idman qəzetinin baş məsləhətçisi, "Olaylar" qəzetinin baş direktoru, "Şans" qəzetinin baş direktoru, rus dilində nəşr olunan "Novıy mir" qəzetinin redaktoru...

Mən bilərəkdən onun ömür kitabçasındakı xronologiyanı "pozdum" və "De Fakto" qəzetinin adını sonda çəkdim. O qəzetin ki, qurucusu və ilk baş redaktoru Adil İrşadoğlu olub, bir yerdə çalışmışıq, SÖZlə çörəyimizi qazanmışıq, o vaxtdan da SÖZ bizi dost eləyib. Bu, bir qədər sonra olub. Əvvəllər isə Adillə mənim tanışlığım ekran vasitəsilə olub. O, ekranlarda - kadrlarda, mən isə tamaşaçı olmuşam. Şuşadan, Qarabağımızın başından odlar yağdırılan bölgələrdən çəkdiyi kadrlara baxmışam və heç vaxt ağlıma da gətirməmişəm ki, vaxt gələcək biz "Azərbaycan" nəşriyyatındakı o qədər də böyük olmayan bir otaqda üz - üzə əyləşib məhz böyük arzulardan söhbət açacağıq. Təbii ki, ən böyük arzumuz Qarabağın başı üstündən qara buludların silinməsi idi...

...1989 - cu ildə ürəyinin hökmü ilə Şuşaya getdi və şəhərdəki teleötürücü stansiyanın nəzdində kiçik studiyanın yaradılmasında və erməni daşnaklarına qarşı əks - təbliğat işinin qurulmasında yaxından iştirak etdi. Doğulub boya - başa çatdığı Ağdamın ağır günlərində bir əlində kamera, o biri əlində avtomat düşmənlərlə mübarizə aparırdı. Uzun illər dövlət orqanlarında məsul vəzifələrdə çalışan atası, rəhmətlik İrşad Əliyev o ağır günlərdə dözməyərək dünyasını dəyişdi, Ağdamdakı Fəxri Xiyabanda dəfn olundu. Adilin verilişlərinə həyəcansız baxmaq olmurdu. Dövr də bambaşqa idi. Adamlar ekrandan süzülüb gələn hər bir xəbəri acgözlüklə dinləyirdilər. SSRİ adlanan nəhəng dövlət diz çökmüşdü, rus əsgərləri də açıq - aşkar təcavüzkar düşmənin tərəfində idi. Bir yandan Qərbi Azərbaycandakı torpaqlarından çıxarılanların problemləri, bir yandan da Qarabağda artıq hər gün daralan mühasirə halqasında qalan yurddaşlarımızın dərdi. Dünya da bizi eşitmirdi, özümüzün başbilənlərimiz də. Belə ağır günlərdə Adil kameramanlarla birlikdə bəla qarşısında köməksiz qalan adamların arasında idi və gördüklərini tarixin yaddaşına həkk eləmək üçün gecə - gündüz çəkir, Bakıya göndərirdi. O vaxtlar bax beləcə müharibə dövrünün arxivi yaranırdı. Bu da bir təsəlli idi. İnanıram ki, vaxt gələcək o illərdə Adilin - mən ondan başqa aylarla cəbhə yollarında addımlayan digər telejurnalistləri də nəzərdə tuturam - lentlərin yaddaşına yazdıqları görüntülər erməni vəhşətinin miqyasını dünyaya əyani şəkildə çatdırmağa kömək edəcək.
Bütün bu işlərinə görə Adil İrşadoğlu müxtəlif vaxtlarda mükafatlara, "Şah İsmayıl Xətai" fəxri fərmanına layiq görülüb. Başqa mükafatların da sahibidir. Amma ən böyük mükafatını hələ gözləyir. Bu, qələbə xəbərini ona ilk dəfə çatdıran bir insanın dilindən eşidəcəyi o müqəddəs SÖZ olacaq...

...Yaxşı yadımdadır, təsisçisi İxtiyar Şirin olan "De Fakto" qəzetinin ilk sayını hazırlayırdıq. Adilin gecəsi - gündüzü yox idi. O, qəzetin loqosundan tutmuş şriftlərinədək ən incəliklərə varırdı. Sözün düzü, onun bu qədər xırdalıqlara baş vurması bizi çox vaxt yorurdu. Lakin o, öz işində idi. Qəzetin ilk sayı işıq üzü görəndə anladım ki, Adilin bu "xırdalıqları" əslində mətbuata böyük məsuliyyətlə yanaşmasından irəli gəlirmiş və indi hətta qəzet oxucusu belə olmayan bir para "jurnalist"in qəzetlərin canına darışdığını görəndən sonra düşünürəm ki, kaş hamı qəzetçiliyə belə məsuliyyətlə, ciddiyyətlə yanaşaydı. Belə olsaydı, indi söz də bu qədər ucuzlaşmazdı.

Tale Adili müharibə adamı eləyib. Ömründə bir qarışqanı belə incitməyən bu insana "Müharibə adamı" deməyim sizə qəribə gəlməsin. Son 15 ildə onun bütün yaşantılarının içində bir müharibə təlatümü gizlənib. Çəkdiklərinin, yazdıqlarının hamısının cövhərində müharibənin məmləkətimizə gətirdiyi fəlakətlər qərar tutub. Adilə həm də ona görə "Müharibə adamı" deyirəm ki, onun üçün də, mənim üçün də, hamımız üçün də bu savaş hələ bitməyib və Adil hələ ən gözəl kadrını çəkməyib, ən gözəl yazısına başlıq seçməyib. Bu, qələbə günündə gerçəkləşəcək...

...Yazdıqlarımın əvvəlinə qayıdıram. Televiziyanı öz həyatı sayan və bu həyatı yaşamağı bacaran Adil İrşadoğlunu İctimai Televiziyada görmək onu yaxından tanıyanların hər birinin, o cümlədən də mənim arzumdur. İctimai Televiziya peşəkarların nəzarətində olmalıdır. Mən isə sizə onlardan biri haqqında danışdım...


Şahbaz Şamıoğlu,
Publisist, "Üç nöqtə" qəzeti baş
redaktorunun birinci müavini.

İlk dəfə 3 dekabr 2004 - cü il tarixli
"525 - ci qəzet"də çap edilmişdir.

Hiç yorum yok: