16 Ekim 2016 Pazar

SƏRT SINAQLARDAN ÇIXMIŞ İNSAN



Mən onu ekranda görmüşdüm. Hazırladığı televerilişlərdən tanıyırdım. İlk dəfə canlı olaraq AzTv - də tanış olduq. AzTv - də Hərbi Vətənpərvərlik və Salnamə Verilişləri Baş Redaksiyasına Vidadi Bağırovla görüşməyə getmişdim. Məni Adil müəllimlə Vidadi tanış etdi.

Vidadi Bağırovla tanışlığımız isə erməni daşnaqlarının ərazi bütövlüyümüzə əl uzatdığı vaxtdan mövcud idi. O da, mən də “ Qarabağ “ qəzetində bu mövzuda maraqlı materiallarla fəaliyyət göstərirdik. Necə deyərlər, dəliqanlı vaxtlarımız idi. Qorxu bizdən qaçırdı. Mən Qarabağın odlu - alovlu nöqtələrindən kiminsə bacarmadığı ən təhlükəli döyüş səhnələrini bir fotorepartyor kimi çəkib Azərbaycan və dünya mətbuatına ötürürdüm. Bunlar başqa bir söhbətin mövzusudur.

Keçək mətləbə. Bax beləcə Adil İrşadoğlu Əliyevlə tanışlıq dövrüm başladı. Bizim ünsiyyətimiz qaynadıqca dərinləşdi. Kiçik bir tanışlığımız böyük bir dostluğa çevrildi. Adil İrşadoğlu həyatın bütün ağrı - acılarını yaşamış, taleyin sərt sınaqlarından çıxmış bir insandır, mükəmməl insan. İndi o da hər bir qarabağlı kimi torpaq, yurd niskili ilə yaşayır. Bu həsrətə tezliklə son qoyulması üçün əlindən gələni əsirgəmir, jurnalistlik fəaliyyətini müstəqil olaraq uğurla davam etdirir və Tanrıdan imdad diləyir. 

Adil İrşadoğlu hər görüşümüzdə adama bir Qarabağ niskili yaşadır. Qarabağlı günlərini xatırlayıb, iç sızladan səhifələri göz önündə canlandırır. Adil İrşadoğlunun gecəsi aylı, gündüzü qaranlıqdır. Röyası Qarabağda, ruhu isə Vətəndədir. Həyatının 60 - cı payızına bax beləcə qədəm qoyur Adil İrşadoğlu. Yurdsuz, yuvasız, elsiz, obasız... Kədər onu tək buraxmır. Həsrət ondan əl çəkmir. Arzuların, ümidlərin ağuşunda həyatının sonuna doğru addımlayır Adil İrşadoğlu. O, ömrünün 20 - 25 ilini Qarabağda qoyub gəldi. Uşaqlığı, gəncliyi, həyatının silinməz bir tarixi Qarabağda qaldı. İndi Adil müəllim yurda qayıtmaq arzusu ilə yaşayır.

Biz biri - birimizi dərindən tanıyırıq. Adil İrşadoğlu işgüzar, məsuliyyətli, sədaqətli və mehriban insandır. O, kəsdiyi şərtə, verdiyi sözə həmişə riayət edir və başqalarından da bunu tələb edir. Bütün bunlara görə Adil müəllimə böyük hörmətim var. Biz biri - birimizə qırılmaz tellərlə bağlıyıq. İnanıram ki, bu, ömrümüzün axırınadək davam edəcək və onun növbəti yubileyini doğma Qarabağımızda keçirəcəyik. Bu arzu ilə sənə uğurlar, nailiyyətlər və sevgi dolu anlar diləyirəm, Adil İrşadoğlu.


Dərin hörmətlə,
Qalib Qurban İbrahimoğlu.
Yazı ilk dəfə,  31.10. 2013 - cü il tarixində, 
“İpək Tv” internet televiziyasında dərc edilmişdir. 

Hiç yorum yok: