23 Ekim 2016 Pazar

YÖNÜ BƏRI BAXAN DAĞLAR... (2)


Adil İrşadoğlu

( Dağlar da insanlar kimi şəhid olurmuş... Sinəsinə çarpaz dağlar çəkilmiş başı ağ çalmalı, vüqarlı dağların qəddi getdikcə yavaş-yavaş əyilir...)


Gözəl insan, cəsur və fədakar dostum, birinci Qarabağ müharibəsinin başlandığı vaxtdan bəri çox hadisələri videolentə köçürüb verilişlər hazırlayan, istedadlı, təcrübəli, telejurnalist Adil İrşadoğlu (Əliyev) haqqında bəzi qeydlərim...   

( İKİNCİ YAZI )


Nizami Təhməzov

İnsanın mənəvi böyüklüyü Dünyanın böyüklüyündən böyükdür. Mənən Dünyadan böyük insanlar Dünyanın tarazlığını qoruyub saxlayırlar. Dünyanın tarazlığı onların xoş əməlindədir. Yalnız xoş əməllər uğrunda, haqq-ədalət uğrunda, insanların xoşbəxt və firavan həyatı uğrunda mübarizə aparan insanlar Dünyanın tarazlığını qoruyub saxlayır, çağdaş Dünyamızı gül-çiçəyə, cənnətə çevirmək uğrunda fədakarlıqla mübarizə aparırlar. Adil İrşadoğlu məhz belə yüksək mənəvi dəyərlərə, zəngin daxili aləmə malik, bütün varlığı ilə torpağını, elini-obasını, milli dövlətçiliyimizi sevən bir insandır. Onun fikrincə torpaq namusdur, şərəfdir, qeyrətdir. Ondan heç vaxt pay ola bilməz. O, bir nəfərin, iki nəfərin, bir ailənin deyil. O, bir xalqın, millətin torpağıdır. Xalqın, millətin torpağından pay ola bilməz. Kimsə xalqın, millətin torpağına göz dikə bilməz. Adil İrşadoğlunu da məhz dostlarından və həmkarlarından fərqli olaraq döyüş bölgəsinə gətirən bu ali hiss və qüvvə idi... Vətən sevgisi, torpaq sevgisi idi... Onun şərəf və ləyaqəti idi... Tanımadığım bir insanın ( Ağdamda döyüş bölgəsində olarkən ) torpaqlarımızın müdafiəsi uğrunda böyük qəhrəmanlıqla döyüşən fədakar oğullarımızın yanında Adil haqqında böyük fərəhlə dediyi sözlər hələ də qulaqlarımda səslənir... "Qardaş, vuruşmaq bizim borcumuzdur. Ancaq belə oğullarımız da var ki, jurnalistdir, könüllü olaraq uzunmüddətli ezamiyyətə çıxıb gəlib oturub Şuşada erməni təbliğatına qarşı əks təbliğat aparır, Şuşa və onun ətrafından, döyüş bölgələrindən verilişlər hazırlayır. Heç nədən qorxub eləmir. Bax, əsil qəhrəman odur."  Bəli, Adil İrşadoğlu haqqında deyilən bu sözlər həqiqət idi. Çünki o, qorxunun, ölümün gözünə dik baxa-baxa daha cəsarətli addımlar atır, ən qaynar döyüşlərdən canlı reportajlar hazırlayırdı. Yaxşı yadımdadır, bir dəfə "Azadlıq" Radiosunda Elmira Əmrahqızının (Əhmədova) Dağlıq Qarabağa və ətraf rayonlarına qondarma Ermənistan respublikası silahlı qüvvələrinin hücumları ilə bağlı reportajı verilirdi. O, Şuşada və ətraf kəndlərdə baş verən son hadisələr barədə  AzTv - nin Şuşaya ezam olunmuş jurnalisti, redaktoru Adil İrşadoğlunun məlumatlarına istinad edirdi. O, böyük fəxarət və qürurla qeyd edirdi ki, Adil İrşadoğlu eşitdiklərini deyil, od-alovun içində gördüklərindən danışır, qrad, alazan raketlərinin qorxunc səsləri altında torpaqlarımızın hər qarışı uğrunda ölüm-dirim mübarizəsi aparan  könüllü özünümüdafiə dəstələrinin böyük ruh yüksəkliyindən, döyüş əzmindən danışır. Elmira Əmrafqızı sonralar mənə deyirdi ki, ( vaxtilə Elmira da bizimlə birlikdə AzTv - də işləyirdi ) doğrudan da insanı elə-belə tanımaq olmur. Mənim ağlıma gəlməzdi ki, o qədər sakit, yumşaq, mülayim, hamıya böyük hörmətlə yanaşan, yüksək mədəniyyət sahibi və alicənab bir insan bu qədər qorxmaz, cəsur, olarmış. Adətən ziyalılar bir az qorxaq olurlar. Çünki onlar nə etdiklərinin nəticəsini əvvəlcədən düşünürlər. Düzünü deyim ki, mən belə oğullarımızla fəxr edir və qürurlanıram.
Elmira xanımın özü də istedadlı, fədakar, vətənpərvər, qeyrətli və olduqca cəsarətli bir jurnalist idi. Ona görə də peşəkar sənətkarları qiymətləndirməyi bacarırdı. Amma Elmira xanım Adil İrşadoğlunu az tanıyırdı. Onun nəyə qadir olduğunu, hansı ürək sahibi olduğunu bilmirdi və həm də çox az adam, bəlkə də barmaqla sayılacaq qədər az adam bilirdi ki, Adil İrşadoğlu Sovet İttifaqının ən güclü bir vaxtında istedadlı şair və alovlu vətənpərvər Eldar Baxış və başqa dostları ilə birlikdə "VƏTƏN" təşkilatı yaradaraq milli müstəqillik uğrunda gizli mübarizə aparırdı. O zamanki dövr üçün bunun nə demək olduğunu bilmək o qədər də çətin deyil. Rəhmətlik Eldar Baxışı mən də yaxşı tanıyırdım. Qubadlıda orta məktəbi bir vaxtda qurtarıb və eyni zamanda Azərbaycan Dövlət Universitetinə daxil olmuş və bir evdə kirayədə qalmışdıq. Çox dəyərli, kəsərli, ürəkli və cəsarətli adam idi. Söz düşəndə hərdən mənə deyirdi ki, nə yaxşı Adil Əliyev  kimi (İrşadoğlu) oğullarımız var. Vallah, belə oğullarımızla dağı-dağ üstə qoymaq olar. Bəlkə də sən onu yaxşı tanımırsan. Onunla yaxınlıq edəndə bilərsən. Heç vaxt dostunu darda qoymaz... 
Düzü mənə elə gəlirdi ki, Adil bəyi kifayət qədər yaxşı tanıyıram. Çünki AzTv - də eyni mərtəbədə, qonşu otaqlarda çalışırdıq. Yalnız redaksiyalarımız və şöbələrimiz ayrı idi... Amma deyəsən həqiqətən də mən onu yaxşı tanımamışdım. Bir dəfə AzTv - nin kadırlar şöbəsinin və xüsusi idarəsinin rəisi rəhmətlik Lətif Məlikov məni çağırıb orta yaşlı bir kişi ilə tanış edib dedi :
- Laçın müəllim sizinlə bir az söhbət edəcək.
Bilirdim ki, Laçın Ələkbərov Dövlət Təhlükəsizlik Komitəsinin AzTv üzrə kuratoru idi. Mənim Ərəb dilini bilməyimin səbəbləri, ərəblərlə görüşməkdə məqsədim və sair məsələlər barədə xeyli söhbət etdik. O, çox milli ruhlu bir adam idi. Söhbətimiz bu və ya digər formada alınmasa da köhnə tanışlar kimi ayrıldıq. Elə bir-iki addım getmişdi ki, dayandı. Çevrilib düz gözlərimin içinə baxdı :
- Əminəm ki, söhbət ikimizin arasında qalacaq.
Qətiyyətlə dedim : 
- Təbii. Yəqin ki, mənim haqqımda bilirsiniz.
Bundan sonra o, birbaşa mətləbə keçdi : 
- Adil İrşadoğlu Əliyevi necə tanıyırsınız?
Laçın Ələkbərov bu sözləri deyib kipriklərini qırpmadan yenə düz gözlərimin içinə baxdı. Mən də baxışlarımı ondan yayındırmadım. Onun məndən nə məqsədlə soruşmağının mənasını bilməsəm də, hiss etdim ki, bu sorğunun arxasında çox böyük mətləblər dayanır. Odur ki, çəkinmədən, heç bir əlavə etmədən necə tanıyırdımsa eləcə də dərhal cavab verdim :
- Adil İrşadoğlu  Azərbaycanda tanıdığım iki-üç namuslu, vətənini, torpağını, xalqını sevən oğullardan biridir. O, bütün varlığı ilə dövlətə, dövlətçiliyə bağlı adamdır. Tanıdığım qeyrətli oğullar arasında bu sahədə bəlkə də ən birincisidir...  
- Hətta belə ? - deyə o, xəfifcə gülümsündü. Bunu necə yəqin etdiniz?
Sonra o, əlini çiynimə qoydu :
- Sovet hökuməti qüdrətli dövlətdir. Məsələn, siz Qubadlı rayonunun ucqar bir kəndindən Bakıya  gəlib ali təhsil almış, bir neçə xarici dil öyrənmişsiniz. AzTv kimi nüfuzlu bir yerdə işləyirsiniz. İrşadoğlu da sizin kimi... Nə gözəldir... Sağ olun...
Düzü DTK zabitinin bu eyhamlı sözlərini çox-çox sonralar Adil İrşadoğlunun Eldar Baxışla "VƏTƏN" təşkilatında fəaliyyət göstərdiyini biləndən sonra başa düşdüm. Həm də başa düşdüm ki, Laçın Ələkbərov da xalqımızın qeyrətli, vicdanlı oğullarından biri imiş...


Nizami Təhməzov.
20 İyun 2016 / 21:40.
(ikinci yazının sonu).
Ardı var...

Hiç yorum yok: