7 Kasım 2016 Pazartesi

ANA HAQQINDA QİYMƏTLİ SÖZLƏR...


30 DEKABR UNUDULMAZ ANAMIN DOĞUM GÜNÜDÜR



Anam Qənirə Rüstəm qızı Rüstəmova 
(Doğum tarixi : 30.12.1932. - Ölüm tarixi : 27. 09. 2012).


Azərbaycan təhsilinin, elminin və riyaziyyatının tanınmış nümayəndələrindən biri olan Qənirə Rüstəm qızı Rüstəmova uzun sürən xəstəlikdən sonra dünyasını dəyişmişdir. Onun elmi - pedaqoji fəaliyyəti çox geniş, əhatəli və rəngarəng olmuşdur.

Qənirə Rüstəmova vaxtilə Ağdam şəhərində fəaliyyət göstərən Müəllimlər İnstitutunun fizika - riyaziyyat fakültəsini bitirmişdir. Onun dərs yükü daim çox olmuşdur. Bu da ondan irəli gəlmişdi ki, Qənirə müəllimə çalışdığı orta məktəbin - Ağdam şəhər 2 saylı beynəlmiləl orta məktəbin hər iki bölməsində - Azərbaycan və rus bölməsində dərs demişdir. Azərbaycan Təhsil Nazirliyinin əmri ilə sonradan həmin məktəbin rus bölməsi ayrılaraq Ağdam şəhər 7 saylı orta məktəbə çevrilmiş və sərbəst fəaliyyət göstərmişdir. 

Qənirə Rüstəm qızı Rüstəmova yataq xəstəsi olanadək Ağdam şəhər 7 saylı orta məktəbdə fizika - riyaziyyat müəlliməsi işləmişdir. Qənirə müəllimənin özünəməxsus pedaqoji fəaliyyətini nəzərə alaraq Təhsil Nazirliyi onu dəfələrlə Bakı şəhərinə dəvət etmiş və ixtisasına uyğun kurslarda biliyini təkmilləşdirməyə şərait yaratmışdır. O, 1986 - cı ildə müəllimlər arasında keçirilən bilik müsabiqəsində yüksək bal toplamış, yaşadığı Ağdamın və çalışdığı kollektivin nüfuzunu artırmışdır. 

55 ildən çox iş stajı olan Qənirə Rüstəm qızı Rüstəmova dəfələrlə fəxri fərmanla mükafatlandırılmış və 1973 - cü ildə xüsusi medalla təltif edilmişdir. O, şagirdlərinin və onların valideynlərinin, həmçinin xalqınin ürəyində əməkdar müəllim kimi əbədi yer qazanmışdı. Qənirə müəllimənin şagirdlərinin sorağı Amerika Birləşmiş Ştatlarından, Türkiyədən, Almaniyadan, Fransadan, Polşadan, Hollandiyadan, İsveçdən, Baltik ölkələrindən, Rusiyadan, Ərəb ölkələrindən, Afrikadan, Türkdilli respublikalardan gəlir.

Daim xalqının sevincinə sevinən, kədərini öz içindən yana - yana keçirən, millətinin haqq sözünü deməyi bacaran mərd insan - Qənirə Rüstəm qızı Rüstəmova dözülməz Qarabağ həsrətiylə ünvanını dəyişdi, əbədiyyətə qovuşdu. Allah qəni - qəni rəhmət eləsin ! Amin...

İş yoldaşları adından bir qrup. 





YAMAN AĞIR İMİŞ ATASIZ DÜNYA...


Allah sinəsi dağlı Qarabağın 
sevilib-seçilən el ağsaqqalı atam 
İrşad Məhəmməd oğlu Əliyevə qəni-qəni 
rəhmət eyləsin.



Atam İrşad Məhəmməd oğlu Əliyev 
(Doğum tarixi : 25.02.1924. - Ölüm tarixi : 13. 03. 1993).



QULAĞIMA BİR SƏS GƏLDİ...

" Mənim qəlbim dəfinələr adasıdır.
Basdırılıb burda ata, burda qardaş, burda dost da.
Çəkilibdir dağ dağ üstən.
Qamçılayıb zaman məni.
Qovrulmuşam zaman - zaman.
Ağrını da, acını da, itkini də udan zaman,
Göz yaşımı ürəyimə axıtmışam.
Bəzən artıb ürəyimin ağırlığı diz bükmüşəm.
Ata, ata - deyə hönkürmüşəm..."


Yaşım yarım əsri keçib. Bu vaxtadək vicdanımın səsini tez - tez eşitmişəm. Həyatda üç idealım olub. Atam, Mustafa Kamal Paşa (Atatürk) və dahi Üzeyir Hacıbəyli. Bu şəxsiyyətləri kəşf etməkdə atam yardımçım olub. Uşaq ikən o, mənə rəhmətlik Tağının kitab mağazasından say - seçmə kitablar alıb gətirərdi. Ağdamda mənim on rəf kitabım var idi (Rayonumuzun erməni faşistləri tərəfindən işğalı zamanı evimizin bütün əşyaları ilə birlikdə kitablarım da düşmənin qənimətinə çevrildi). Dərslərimi hazırlayandan sonra qiraət etməyi çox xoşlayırdım. Yuxarıda adlarını çəkdiyim insanların gördükləri işlər barədə xeyli kitab oxuyandan sonra onları özümə ideal seçdim. Onların sırasında atamın yeri başqadır.

Cüssəli, qamətli atam böyük bir nəslin şərəfini vəfat edənədək çiyinlərində məğrurluqla daşıyıb. Vətənin çətin günlərində el - obasının, doğma Azərbaycanın ağrı - acıları ilə yaşayıb. Babalarının, nənələrinin var - dövləti bolşevik hökuməti tərəfindən mənimsənildiyinə görə, o da ailəsi ilə birlikdə iztirablı həyat sürüb. On yaşında olarkən atası vəfat edib. Bu məsum və qeyrətli körpə ailənin bütün ağırlığını öz üzərinə götürüb. Üç qardaşını və bir bacısını yaşatmaq, oxutmaq üçün anasına söykək olub.
 
İkinci Dünya Müharibəsi başlayanda atamın 17 yaşı var imiş. Ağdam Rayon Hərbi Komissarlığı onun tay - tuşlarını müharibəyə səfərbər edir. Lakin atama yaşı aşağı olduğundan çağırış kağızı (povestka) göndərilmir. Atam dostlarından ayrı düsməsin deyə, Hurizat nənəm (Böyük mütəfəkkir, yazıçı Süleyman Sani Axundovun əmisi qızı Əziz xanımın ulu babam Mehdi bəylə izdivacından doğulan qızıdır) hərbi komissarlıqdan oğlunun da müharibəyə çağırılmasını xahiş edir. Beləliklə, atam 1941 - ci ildən 1947 - ci ilədək Sovet Ordusu sıralarında şərəflə xidmət edir. 

Əgər əsgər tərəddüdsüz sinəsini düşmən gülləsinə sipər edirsə, günahsız insanları məhrumiyyət və müsibətlərdən qorumaq uğrunda öz həyatını od - alovun içərisinə atırsa, bu, fədakarlığın zirvəsi sayılaraq əbədi hörmətə layiqdir. Məhz buna görə yer üzünün bütün xalqları döyüşçüyə məhəbbət və onun xatirəsinə ehtiram göstərirlər.

Alman faşizminə qarşı 1941 - 1945 - ci illər müharibəsinin son yaylım atəşindən yarım əsrdən çox bir vaxt keçir. Dünyanın mütərəqqi ictimaiyyəti hər il bu Böyük Qələbəni təntənə ilə qeyd edir. Faşizm cəlladlarına qarşı mübarizədə Azərbaycanın 600 mindən çox oğul və qızı iştirak etmişdir. Onların yarısı döyüş meydanlarında həlak olmuş və Avropa ölkələrinin ucsuz - bucaqsız ərazilərinə səpələnmiş qərib qardaşlıq məzarıstanlarında uyuyurlar.
İkinci Dünya Müharibəsi haqqında indiyədək çox yazılıb, çox deyilib. Yəqin ki, bu mövzu bundan sonra da uzun illər elmi, ədəbi, siyasi - publisistik yazıların əsas mövzularından biri kimi qalacaqdır. 

Azərbaycan oğulları ilə çiyin - çiyinə atam da alman faşizminə qarşı cəbhələrdə misilsiz mərdlik və qəhrəmanlıq nümunələri göstərir. Ordenlərlə, medallarla təltif olunur. Başqa azadlıqsevər xalqların nümayəndələrilə birlikdə döyüsən qəhrəmanlarımız, eləcə də mənim atam ümumbəşəri ideallar uğrunda canlarını qoymuşlar.

Atam İrşad Kərbəlayi Mikayıl Məhəmməd oğlu Əliyev Ağdamın, Qarabağın sayılıb - seçilən ağsaqqallarından biri idi. Uzun müddət dövlət orqanlarında çalışmışdı. İnsanların indi də bu şəxsi sevməsi, adı çəkiləndə min rəhmət oxuması səbəbsiz deyil. Qoy patriarxal deyilsin, köhnəlmiş deyilsin, amma bu ağsaqqalın ailəsinin, onun doğulduğu Sarıhacılı kəndinin, yaşadığı Ağdam şəhərinin öz əxlaq qanunları var idi. Bizim gücümüz bu yazılmamış qanunlardaydı. Böyüyə, ata - anaya ehtiram, sitayiş dərəcəsinə çatan vətən sevgisi bu əxlaqın bünövrəsi idi. Hamısı alt - üst oldu. Qarabağı müharibəyə sürüklədilər. Bu müharibə, erməni daşnaqlarının əsassız torpaq iddiaları bizə dərd - kədər, ölüm - itim, məhrumiyyətlər gətirdi. Öz yurdumuzda qaçqına, köçkünə döndük. Yox, bu "qaçqın", "köçkün" ifadələri ürəyimizdəkilərin mində birini əks etdirmir. Qarabağlıları respublikanın bütün şəhər və kəndlərinə səpələdilər. Onların genefondunu pozdular. Müsibət müsibət dalınca gəldi. Vicdanlı, namuslu insanların bu təhqirlərə tab gətirəni də oldu, gətirməyəni də. Atam dözmədi. Onu könüllü döyüşə atılmış qəhrəman oğullarımızın ruhlarının harayı, anaların ah - naləsi, qız - gəlinlərin fəryadı yandırdı. Yurd, əzizlərinin uyuduğu qəbiristanlıq və yerlə - yeksan edilən ev - eşik həsrətilə İrşad Məhəmməd oğlu Əliyev dünyasını dəyişdi. Allah rəhmət eləsin. Amin...  
(Atamın doğum tarixi : 25.02.1924. - Ölüm tarixi : 13. 03. 1993).


© Adil İrşadoğlu,
Bakı, aprel 2005.

İlk dəfə 7 may 2005 - ci il tarixli
"Vətən uğrunda" qəzetində çap edilmişdir.





3 Kasım 2016 Perşembe

YÖNÜ BƏRI BAXAN DAĞLAR... (5)

Adil İrşadoğlu

( Dağlar da insanlar kimi şəhid olurmuş... Sinəsinə çarpaz dağlar çəkilmiş başı ağ çalmalı, vüqarlı dağların qəddi getdikcə yavaş-yavaş əyilir...)

Gözəl insan, cəsur dostum, birinci Qarabağ müharibəsinin başlandığı vaxtdan bəri çox hadisələri videolentə köçürüb verilişlər hazırlayan, istedadlı, təcrübəli, telejurnalist Adil İrşadoğlunun (Əliyev) fədakar fəaliyyətindən bəhs edən "YÖNÜ BƏRI BAXAN DAĞLAR..." silsilə oçerklərimi digər dostların təşəbbüsü və xahişilə sənədli povest kimi işləyib hazırladım. İndi həmin povestdən bir parçanı oxuculara təqdim edirəm.

( BEŞİNCİ YAZI )

Nizami Təhməzov

Dağlıq Qarabağın üzərində hərlənən qara buludlar kəndlərin, qəsəbələrin üstündən keçərək yavaş-yavaş ətraf rayonlara tərəf irəliləyirdi. İnsanları vahiməyə salan bu qorxunc qara buludlar sanki dəhşətli qara günlərdən xəbər verirdi... Hələ də bir çox insanlar bunun o qədər də fərqinə varmır, düşünürdülər ki, Şimal küləyinin Ermənistandan qovub gətirdiyi bu qara buludlar tezliklə dağılacaq, günəşin al şəfəqləri bu əraziləri nura qərq edəcək...
Günlər, həftələr keçdikcə vəziyyət daha da ağırlaşırdı. Kəndlər yavaş-yavaş  boşalır, yolları, cığırları ot basır, insanlar məcburən öz isti ocağından, doğma yurdlarından didərgin düşərək müxtəlif bölgələrə səpələnirdilər. Adil bunları düşünə-düşünə yavaş-yavaş nə vaxt gəlib Xankəndinə gedən yolun yuxarı hissəsinə çatdığını bilmədi. Ayaq saxladı. Dərin düşüncələr içərisində başını qaldırıb ətrafa baxdı. Burdan Ağdam şəhəri aydın görünürdü... Birdən elə bil içində nəsə qırıldı. Bir az əvvəl batalyon komandirinin dediyi sözlər yadına düşdü : " Burda elə hadisələrin şahidi oluram ki, əsəblərim tamam yerindən oynayır. Az qalır dəli olam. Bəzən elə dərəcəyə çatıram ki, özümü öldürmək istəyirəm. Mən bunları sənə deməyəcəkdim. Ancaq hiss edirəm ki, sən də qeyrətli oğulsan. Şəhərdə rahat yerdə işini atıb bura gəlmisən. Bilirəm ki, səni bura gətirən vətən, torpaq sevgisidir. Namuslu, qeyrətli oğullar belə bir vaxtda kənarda qalmazlar. Torpaqlarımız həqiqətən də təhlükə qarşısındadır. Ancaq ölkədə siyasi vəziyyət yaxşı deyil. Vəzifə uğrunda mübarizə burda özünü göstərir. Sən də bunların şahidi olacaqsan. Ancaq açıb ağartmaq olmaz. Orda-burda danışmaq olmaz. Susmağı bacarmaq lazımdır. Mən bunları sənə böyük qardaş kimi deyirəm. Bəzən susmaq hər hansı bir ölümün yaxasından qurtarmaq deməkdir. Bilirəm, sən haqqı, ədaləti sevən adamsan. Haqsızlığa dözməzsən. Amma onu bil ki, gec-tez torpaqlarımız böyük iddiaların qurbanına çevriləcək..."
Adil ağır düşüncələr içərisində başını qaldırıb ətrafa baxanda kimsə arxadan əlini onun çiyninə qoydu. 
- Salam.
Adil arxaya çevriləndə Aydın Quliyevi gördü. Aydın müəllim Ağdamın, eləcə də respublikamızın məşhur, adlı-sanlı adamlarından biri idi. Sovet dövründə uzun illər partiya-sovet işlərində yüksək vəzifələrdə çalışmış, indi isə Prezidentin Dağlıq Qarabağ və sərhəd rayonlarında fövqəladə və sələhiyyətli nümayəndəsi Əlisaab Orucovun birinci müavini işləyirdi. Əsil el ağsaqqalı, böyük hörmət sahibi idi. Adilin atası rəhmətlik İrşad kişi ilə yaxın dost idi. Adil onu görən kimi sevindi. Çöhrəsində təbəssüm oynadı. Sanki içində daxili bir rahatlıq hiss etdi. Bayaqki ağır düşüncələri, insan qəlbini didib parçalayan fikirləri bir anın içərisində dağılıb getdi. Əl verib görüşdü. Qeyri-ixtiyari qucaqladı.
- Nə olub, dərin fikrə getmisən? - deyə Aydın müəllim diqqətlə onun üzünə baxdı. Camaat səndən təsəlli tapır. Sənə ümid bəsləyir. Sən isə... 
Əli ilə astadan onun kürəyinə vurdu.
- Elə bil bütün olanların səbəbkarı sənsən...
O, dərindən köks ötürdü. Çiyinləri qalxıb endi.
- Səni başa düşürəm, deyə Aydın müəllim dilləndi. Qeyrətli oğulsan. Bu haqsızlığa dözə bilmirsən. 
- İnsanların ruhunu, inamını öldürürlər...
Adil İrşadoğlu Aydın müəllimə baxdı və baxışlarını bir müddət ondan ayırmadı. Aydın Quliyev dünyagörmüş, ağıllı adam idi. Ömrünü, gününü yüksək vəzifələrdə keçirmişdi. İndi Adilin nəyə işarə vurduğunu dərhal başa düşdü.
- Bilirəm nə demək istəyirsən. 
Aydın müəllim onun qoluna girib yavaş-yavaş addımladı.
- Sən İrşadın oğlusan. El-oba qədrini bilənsən. Ona görə Bakıdan bura gəlmisən. Ancaq ehtiyatlı ol, efirə hər bildiyin şeyi vermək olmaz. Milyonlarla insan baxır...
Elə bil Adilin dərdi açıldı. O, Aydın müəllimə inanır və güvənirdi. Bilirdi ki, harda işləmişdisə orda xalqın hörmətini qazanmışdı. Odur ki, çəkinmədən dedi :
- Deyəsən bu torpaqların, bu torpaqlarda yaşayan insanların taleyi heç kimi maraqlandırmır? Belə getsə vəziyyət çox pis olacaq. Gəzirəm, görürəm. Mənim borcum döyüş bölgələrindən informasiya verməkdir. Amma vəziyyət elədir ki, gündə bir neçə kənd boşalır... insanlar öz vətənində məcburi köçkünə və qaçqına çevrilirlər...
Aydın müəllim gülümsündü. Onun çiyinlərindən tutub düz üzünə baxdı.
- Mövcud duruma belə yanaşmaq düz deyil, yoldaş jurnalist. Bir az obyektiv olmaq lazımdır. Biz yalnız qorxaq saydığımız ermənilərlə vuruşmuruq...
- Bilirəm, Aydın müəllim, nəyə işarə vurduğunuzu bilirəm. - Deyə Adil etirazını bildirdi. 
- Amma belə bir durumda bizim özümüzünkülər hərəsi bir partiya yaradıb vəzifə uğrunda mübarizə aparırlar. Torpaq haqqında düşünən yoxdur. Şuşada baş verənlərin əsil mahiyyətini siz məndən yaxşı bilirsiniz...
Aydın Quliyev yaxınlıqdakı hündür bir daşın üstünə çıxıb sanki axırıncı dəfə Ağdamı seyr edirmiş kimi yanıqlı köks ötürdü. Sonra Adili də yanına çağırdı :
- Sən Surət Hüseynovu necə tanıyırsan? - Dedi. Son vaxtlar yaman fəallaşıb. 
Adil Aydın Quliyevin nəyə işarə vurduğunu bilmədi. Doğrudan da axır vaxtlar hamı ondan danışırdı. Belə gəldi, elə getdi. Amma ortada da heç nə yox idi. Heç bir irəliləyiş yox idi. Söz-söhbətdən başqa real olaraq heç nə yox idi...
Aydın müəllim əlini onun çiyninə qoyanda diksindi. Ətrafa baxdı. Sonra Aydın müəllimin əlindən tutub onun bərabərinə qalxdı. Nəyisə xatırlayırmış kimi Aydın müəllimə baxıb dedi :
- Eşitdiyimə görə Surət Hüseynov Heydər Əliyevlə telefonla danışıb. Deyəsən görüşmək istəyir.
- Hə, bunu mən də eşitmişəm.
- Lap yaxşı, Heydər Əliyev böyük şəxsiyyətdir. O hakimiyyətə gəlsə, bəlkə də torpaqlarımız işğaldan azad olunar. 
Aydın müəllim diqqətlə onun üzünə baxdı. Bu baxışda çox dərin bir məna vardı. Narahatlıq ifadə edən bir məna. Bu, Adilin diqqətindən yayınmadı. 
- Mən bir həqiqəti bilirəm ki, Heydər Əliyev heç vaxt Azərbaycanı parçalanmağa qoymaz. O, Talış-Muğanı da zərərsizləşdirəcək, "Sadval"ı da. Hələ istəsən?..
- O nədir?
- Surət Hüseynov.
Aydın müəllim sual dolu gözlərini ona dikdi :
- Surətin bura nə dəxli var?
- Siz məndən yaxşı bilirsiniz ki, Heydər Əliyev qiyamdan vasitə kimi istifadə edənləri heç vaxt bağışlamaz...
Aydın Quliyev təəccüb və heyrətlə onun üzünə baxdı...


Nizami Təhməzov.
31 oktyabr 2016 - cı il / 11:51.  
(Beşinci yazının sonu).
Ardını inşallah kitab çapdan çıxandan sonra oxuyarsınız.