24 Ekim 2018 Çarşamba

ÖMRÜN MƏNASI ONUN UZUNLUĞUNDA DEYİL


Hacı Qubad Həsənzadə. 
İlahiyyatçı - şair.


Dəyərli Adil müəllim - Adil İrşadoğlu, 65 il ömür sürdünüz. 
Bu, bir insan həyatı üçün nə azdır, nə də çox.

Əzizim mənasındadır,  
Dürr  sözün mənasındadır.
Yaş il ilə ölçülsə  də,
Şərt ömrün mənasındadır.

     Bəli, ömrün mənası onun uzunluğunda yox, keyfiyyətində və mənəviyyatındadır. 
İstər keçmiş Sovet dönəmində, istərsə də Sovetdən sonrakı müstəqillik dövrümüzdə ali təhsilli bir  ziyalı və peşəkar jurnalist kimi bütün ömrünüzü canınızdan çox sevdiyiniz xalqımıza və Vətənin çiçəklənməsinə həsr etdiniz. Xüsusən Ermənistanın Azərbaycanla müharibə etdiyi dövrdə cəbhə bölgələrimizdə faliyyətinizi daha da gücləndirdiniz. Zəhmətinizin bəhrəsi olan çoxlu lentləriniz və videolarınız bu gün də milli televiziyamızın arxivlərində qorunmaqdadır. 

     Şükür olsun Allaha ki, enerjiniz bu gün də tükənməmiş və yenə bu və ya digər formada xalqımıza  xidmət etməkdəsiniz. Sizə ömrünüzün bundan sonraki qalan hissəsində də, Allahdan sağlam can və yenə gözəl, davamlı fəaliyyət diləyirəm. Uca Yaradandan bundan sonraki ömrünüzü və fəaliyyətinizi doğulduğunuz əziz Ağdamımızda davan etdirməyinizi arzu edirəm!  

A.İRŞADOĞLU DİQQƏTDƏN VƏ QAYĞIDAN KƏNARDA QALMAMALIDIR


NOVRUZ ƏLİYEV. 
Tanınmış pedaqoq, daimi oxucu və vəfalı dost.



     Çox hörmətli, ləyaqətli və səmimi insan Adil İrşadoğlu !

     Sizin üçün əziz olan bu gündə haqqınızda ürək sözlərimi bölüşmək istəyirəm.
Siz ləyaqətli Azərbaycan oğlu olaraq vətənin ağır günlərində həmişə xalqımızın yanında olmusunuz. Cəbhə bölgələrimizdə əsgərlərimizin qayğısına qalmış və onların daim ruh yüksəkliyinə nail olmusunuz...

     Təəssüflər olsun ki, vətənimizin ağır günlərində ölkəni atıb, xarici dövlətlərə qaçan həmyerlilərimiz də oldu. Çünki belə insanlar əqidəsiz, məsləksiz və vətən anlayşının nə demək olduğunu bilməyənlərdir.

     Sizin kimi savadlı bir jurnalistin, ləyaqətli bir vətəndaşın, sadə bir insanın Azərbaycan dövlətində və cəmiyyətində xüsusi yeri var. Azərbaycan cəmiyyətinin bu gün əxlaqlı və ləyaqətli insanlara çox böyük ehtiyacı var. Əminəm ki, sizin kimi şəxsiyyətini qoruyub sadə bir həyat tərzi yaşayan insan, xalqımızın hörmətini qazanmaqla yanaşı, dövlətimiz tərəfindən də diqqətdən kənarda qalmayacaq.

     Adil İrşadoğlu  Azərbaycan Televiziyasının “Hərbi Vətənpəvərlik və Salnamə Baş Redaksiyası”nda (NVS) uzun illər peşəkar və səriştəli jurnalist kimi çalışmış, vətəninə, dövlətinə və xalqına təmənnasız xidmət etmişdir. Hələ 1988-ci ildə Dağlıq Qarabağda məlum hadisələr başlayanda heç kimin cürət edib qaynar nöqtələrə gedə bilmədiyi bir zamanda Adil İrşadoğlu hər zaman o qaynar döyüş bölgələrində olmuş, orada çəkilişlər aparmış, sözün həqiqi mənasında həyatını riskə atmış və öz jurnalistlik borcunu şərəflə yerinə yetirmişdir. “Həyatını riskə atmış” sözünü sözgəlişi demədim. Çünki o vaxtlar nə mükəmməl ordumuz, nə də dövləti idarə edən başçılarımız var idi. Deməli,  güvən- zəmanət yox idi. Bütün bunlara baxmayaraq, Adil İrşadoğlu qarşısına qoyduğu işlərin öhdəsindən bacarıqla gəlirdi.

     Təəssüfedici məqamlardan biri də budur ki, Adil İrşadoğlu kimi vətənini sevən, vətəninə təmənnasız xidmət edən peşəkar bir jurnalist nədənsə  Azərbaycan Televiziyasından uzaqlaşdı. Bu, bir çox insanlar kimi məni də narahat etdi və buna çox üzüldüm. Bu gün məni narahat edən bir məsələ də ondan ibarətdir ki, Adil İrşadoğlu kimi bir jurnalist diqqətdən, qayğıdan kənarda qalıb, işsizdir. Adil İrşadoğludan çox-çox aşağı səviyyədə olan, həm intellekt, həm bacarıq baxımından nə vətəninə, nə də xalqına heç bir xidmət göstərməyənlər "çox irəli gediblər" dövlətdən layiq olmadıqları titulları, adları və mənzilləri alıblar...

     Bütün bunlara baxmayaraq, Adil İşadoğlu öz qeyrətinə söykənib, həyatını şərəfli, əqidəli və dürüst bir insan kimi davam etdirib. O, yenə də dövlətinə və xalqına əlindən gələni əsirgəmir. Adil İrşadoğluna gələcək işlərində uğurlar arzulayıram. İnanıram ki, haqq-ədalət  tezliklə zəfər çalacaq.

İNSAN ÖZÜNÜN XEYİR VƏ ŞƏR ƏMƏLLƏRİNİN YARADICISIDIR


   Hikmət İslam oğlu Əliyev. 
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, 
Veteran jurnalist.


     Adil İrşadoğlu Əliyev Ağdam şəhərində dövrünün ziyalısı olmuş, ədəb-ərkani ilə fərqlənib seçilmiş babası Məhəmməd Kərbəlayi Mikayıl oğlunun ocağında dünyaya göz açmış və uşaqlıq dövrünü, yeniyetmə çağlarını böyüyüb boy atdığı doğma baba yurdunda keçirmişdir.

     Adilin baba yurdunda görüb rastlaşdığı mənzərələr sanki poetik təbiət lövhəsi olub. Yaşı əsri ötmüş, uca, əzəmətli, barlı, bərəkətli meyvə ağacları, növbə-növ qızıl gül kolları körpə və sonra yeniyetmə Adili büsbütün əhatə etmişdi. Uşaqlıq dövrü dolaşıb oynadığı həyət-bacada gəzdiyi yerlər yaşıl xalıya bənzər göz-könül oxşayan çəmənliyə bürünmüşdü. Həyətdəki üzərinə qədim füruzəyi kilim sərilmiş taxtın üstünə uzanıb, başını nənəsi Hurizatın dizinə söykəyib barını, bəhərini baba ocağından əsirgəməyən qocaman tut ağacının ağuşunda, həzin mehli kölgəsində nənəsinin şirin ləhcəli dilindən süzülən bayatılarını dinləyə-dinləyə pozulmaz, silinməz uşaqlıq yaddaşına həkk etdirərdi...

...Nənəsinin nəvazişindən, onun dilindən eşitdiyi folklor nümunələrini yaddaşında hifz edib saxlayan Azərbaycan Dövlət Universitetinin tələbəsi Adil Əliyev həmin bayatıları "Sovet kəndi" qəzetində çap etdirməklə ilk nəvə olaraq nənəsi Hurizata olan ülfətini, mənəvi borcunu qismən də olsa ödəməyə səy göstərmişdir. 

     Bu sətirlərin müəllifi kimi ürək ağrısı ilə qeyd etmək istəyirəm ki, zatı, kökü, səxavəti olmayan, mükəmməl tərbiyə görməyən, əməli kökdən qidalanmayan, avtobioqrafiyası  şübhəli şəxslər ayrı-ayrı peşə və sahələrdə cəmiyyət və insanlıq üçün zərrə qədər ədalət və faydası olmadığı halda meydan sulayır və "populyarlıqlarını" gözümüzə soxurlar. Çox təəssüflər olsun ki, belə şəxslər efirdən düşmür, müasir gəncliyin əxlaqına mənfi təsir göstərir və onların zövqlərini korlayırlar.

     Adilin atası İrşad Məhəmməd oğlu Əliyev isə belələrindən tam fərqli olaraq hələ yaşı 18-ə çatmamış könüllü olaraq 2-ci Dünya Müharibəsinə getmiş və 7 il nümunəvi hərbi xidmət göstərmişdir. Onun bir zabit kimi fədakar və peşəkar xüsusiyyətlərini  nəzə alan Sovet hökuməti İrşad Əliyevi ən məsuliyyətli bölgəyə xidmət etməyə göndərmişdir. Sonrakı illərdə Ağdam rayon Milis Şöbəsində 20 il Siyasi Şöbənin rəisi olsa da həyat və fəaliyyəti dövründə yaşadığı rayonda heç kəsə qarşı qərəzli və ədalətsiz olmamışdır. Yeri gəlmişkən bir faktı deyim. Vaxtilə Ağdamda 1-ci katib işləmiş Telman Orucovla Bakıda, tədbirlərin birində görüşdüm və kimin övladı olduğumu ona dedim. Telman müəllimin dediyi sözü olduğu kimi qeyd edirəm. "- Baxmayaraq ki, mən (oxu Telman Orucov) Ağdam rayonunun rəhbəri idim, İrşad və İslam Əliyev qardaşlarından açığını desəm, həm ehtiyat edir, həm də çəkinirdim". Telman müəllimin müdrik yanaşması atam və əmim barədə dediyi fikirlər olduqca ibrətamizdir. Bu fikrin dərinliyinə varsaq məddahlıqdan, yaltaqlıqdan, çoxüzlü, məkirli, həris və tamahkir məxluqlardan Məhəmməd kişinin övladlarının nə qədər çox seçildiyinin, ləyaqət sahibi olduqlarının şahidinə çevrilirik. Mənə elə gəlir ki, dərin izaha ehtiyac yoxdur... Böyük şairimiz Rəsul Rzanın təbirincə desək, - "Yaman çətindir yaşamaq kişi ömrünü..."

     Adil Əliyevin anası Qənirə Rüstəm qızı Rüstəmova ömrünün və taleyinin 50 ildən çoxunu müəllimliyə və pedaqoji fəaliyyətə sərf etmişdir. Müəllim adını və şərəfini daim uca tutmuşdur. Ağdam kimi şəhərdə nə bir valideyndən, nə də dərs dediyi çoxsaylı şagirdlərindən həyatı boyu heç bir təmənna ummamışdır. Dərs dediyi şagirdlərdən ən böyük umacağı və istəyi onların Vətənə faydalı şəxs kimi yetişməsi  və ən böyük mükafatı onların uğurlarından sevinərək qəbul etdiyi gül-çiçək dəstələri olmuşdur.

     Yuxarıda qeyd etdiyim nə varsa bunlar Adil İrşad oğlu Əliyevin yaşadığı həyat həqiqətlərinin bir hissəsidir. O ki, qaldı Adili tanıyan və ya tanımayanlar onunla səfərdə, səyahətdə bir yerdə olsalar, onu daha dərindən tanıya bilərlər. O, yol yoldaşlarının hər birinə qarşı diqqət və qayğısını, hətta özündən yaşca kiçiklərə belə əsirgəməyir. Duzlu-məzəli söhbətləri, baməzə zarafatları ilə tərəf müqabillərinə xoş ovqat, yaxşı əhval-ruhiyyə təlqin edir. Adili hər zaman üst-başı səliqəli gördüm. Səliqə-səhmanı ilə yanaşı həmişə məsuliyyətli və intizamlı olmağı ilə başqalarına nümunə göstərir. 

     Adil Əliyevin Vətənə, xalqa olan münasibəti daim gözümüzün önündə olub. Onun tarix boyu başı bəlalar və müsibətlər çəkmiş Qarabağın taleyinə olan vətəndaş mövqeyini və münasibətini iki faktla qeyd etməyi borc sanıram. Dövlət Televiziyasında işlədiyi dövrlərdə  o, ermənilərin məkirli əməllərini həmkarlarından daha çevik duyaraq vətənə laqeyd qalmadı, özünü tez irəli atdı, yenicə ailə qurmasına baxmayaraq iki körpə övladını Allahın ümidinə buraxıb Vətənin harayına, doğma Şuşanın, Qarabağın müdafiəsinə getdi. Bütün bunlar heç də asan olmayan tarixi bir şəraitdə baş verirdi. Əgər belə olmasaydı, daxili düşmən əli ilə qətlə yetirilən Şuşa rayonunun icra başçısı Mikayıl Gözəlov: - "Mənim qardaşım, ehtiyatlı ol. Özünü qoru, gəncsən. Erməni hiyləgər və satqın olduğu qədər də məkirli və amansızdır", - deməzdi. O, Adilin tutduğu yolun yalnız Vətən olduğunu çox yaxşı bilirdi... 

     Məni ciddi düşündürən və olduqca narahat edən bir fikrimi açıqlayıram. 1988-ci ildən bugünədək Vətənin harayına hay verən, bu yolda canını fəda edən, peşə borcunu əsirgəməyən, tutduğu yoldan dönməyən Adilin bu tarixi hadisələrdə iştirakına həm həmkarları, həm yaşıdları, eləcə də AzTv-nin keçmiş və indiki rəhbərliyi biganə qalmış və susmağa üstünlük vermişlər. Əsli, nəcabəti, kimliyi, keşmişi, bu günü, yəni bioqrafiyası şərəf gətirməyən, baş ucaltmayan, mərifətə, kamilliyə kökü bağlı olmayan ünsürlərin Vətəndə izləri qalmayacağı kimi, belə məxluqların insanlığa da heç bir faydası yetməz. Necə olur ki, 76 il bundan öncə noyabr, dekabr aylarında Mazdok uğrunda vuruşan azərbaycanlı əsgər, indi isə müharibə veteranı Zülfəli kişi o vaxt neçə gün ac qalmasına baxmayaraq qəhrəman döyüş yoldaşlarını itirdiyinə görə arxa cəbhədən göndərilmiş ərzaq məhsuluna əl uzatmır, indi isə döyüş yoldaşlarının adını bir-bir çəkir, onları həyacanla yad edir və unutmur... Adil isə televiziya kollektivi, həmkarları, tələbə yoldaşları və dostları tərəfindən unudulur...

     Vətən yolunda xidmət göstərmiş hər bir şəxsə isti münasibətlə yanaşmaq ədalətli olmalıdır. Çünki söhbət Vətənə təkzibolunmaz faktlarla təmənnasız xidmətdən gedir. 

     İkinci faktım isə yenə Vətəndir. Daha sonralar, 1994-cü ilun aprelində erməni işğalçıları Goranboy istiqamətindən hucuma başlayanda gərgin döyüş zamanı jurnalist Adil İrşadoğlu (Əliyev), rejissor Rövşən Nicat və teleoperator Tahir Qarayev Azərbaycanın Gülüstan kəndi uğrunda döyüşdə düşmənin mühasirəsinə düşürlər. Bu tarixi döyüş, bu tarixi səhnə Adilin şəxsi arxivindəki verilişində qalmaqdadır. 

     Adil AzTv-nin tarixində ilk dəfə olaraq çalışdığı baş redaksiyada "Salnamə muzey"i yaratmışdı. Bu, əsl vətənpərvərlik nümunəsi idi. Düşmənin ərazilərimizi işğal etməsini sübut edən hərbi nümunələr həmin muzeydə saxlanılırdı. Təəssüf ki, Adilin vətən yolunda göstərdiyi bu əməli xidmətin də üstündən xətt çəkilib. 

     Adil İrşadoğlunun ictimai dərdlərə qarşı heç vaxt biganə qaldığını müşahidə etməmişəm. Bir diləyimi də bildirmək istəyirəm. Bəşəri dəyərlərə xidmət göstərən tərbiyə və əxlaq sahiblərinə hörmətlə yanaşmaq azdır. Onları qorumaq və dəyərləndirmək gərəkdir. Adil kimiləri müqəddəs Vətənə bir təhlükə görəndə hünər və fədakarlıqlarını əsirgəmirlər, özlərini bu yolda borclu sanırlar. Belə şəxslər haqqında söz açıb danışmaq və yazmaq hesab edirəm ki, haqqında söhbət gedən şəxsə başucalığı gətirdiyi kimi, onu qeyd edən, dəyərləndirənlərə də başucalığı gətirir. 

     Adil İrşadoğlunun Tanrıdan ən böyük diləyi Qarabağın tezliklə erməni işğalından azad edilməsi və Azərbaycanın bütövləşməsidir. Biz də onun bu istəyinin tezliklə çin olmasını arzulayırıq. Amin...

23 Ekim 2018 Salı

İSTİQLAL QIĞILCIMLARI


Hüseyn Ələkbər oğlu Əsgərov. 
Naxçıvan MR Səhiyyə Nazirliyi 
mətbuat xidmətinin rəhbəri.

                                
(Bu yazını 2018-ci ilin Novruz Bayramı ərəfəsində yazıb çap etdirməyi özümə borc bildim. Çünki bu yazı Azərbaycan tarıxının bir hissəsidir. Milləti, onun tarixini, onun bayramlarını, adət-ənənəsini sevmək və uğrunda mübarizə etmək indi nə qədər asandırsa və azad tələffüz edilirsə, o illər o qədər cətin və qorxu hissiylə dilə gətirilirdi. Hörmətli və sevimli dostum Adil İrşadoğlu, sizin bu Vətən, bu torpaq üçün müstəsna fəaliyyətinizi nəzərə alaraq yazını sizin doğum gününüzə, 65 illik yubileyinizə hədiyyə edirəm.   Mümkünsə yazını yenidən çap edin).

***                               

     Novruz - Azərbaycan xalqının etnokulturologiyasında özünəməxsus yeri olan ən əziz bayramdır. Yazın gəlişini, təbiətin oyanışını bayram əhval-ruhiyyəsi ilə qarşılayan xalqımız Novruzla bağlı zəngin ənənə və dəyərlər sistemi formalaşdırıb. Tarixi yaddaşımızdan süzülüb gələn xalq mərasimləri bu bahar bayramında keçmişlə gələcəyi bir-birinə qovuşdurur. Bu səbəbdən Novruz bayramı həm də Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə dərin ehtiramının ifadəsidir. Sovet imperiyası zamanı bu bayram dövlət səviyyəsində keçirilməsə də, xalqın yaddaşında qorunub saxlanılıb. Bu əziz bayrama dövlət statusu vermək cəhdləri isə hər zaman, eləcə də XX əsrin 70-ci illərində yaranan tələbə hərəkatında özünü daha qabarıq şəkildə göstərib.

     Həmin dövrdə Azərbaycan Dövlət Universitetində tələbələrin mübarizə ruhunun daha güclü olması bu ali təhsil müəssisəsini respublika tələbə hərəkatının mərkəzinə çevirmiş, xüsusən jurnalistika fakültəsində müəllim və tələbələrin daim nəzarətdə saxlanılmasına səbəb olmuşdur. Tanınmış ziyalı alim, yazıçı və şairlərdən Mir Cəlal Paşayevin, Bəxtiyar Vahabzadənin, Qulu Xəlilovun, Nurəddin Babayevin, Nəriman Zeynalovun, Şirməmməd Hüseynovun, Tofiq Rüstəmovun, Nəsir İmanquliyevin, Famil Mehdinin, Əzizə Cəfərzadənin, Xalid Əlimirzəyevin, Cahangir Məmmədovun, Yalçın Əlizadənin, Əliş Nəbilinin, Mahmud Mahmudovun, Seyfulla Əliyevin, Akif Rüstəmovun və digər işıqlı ziyalıların bu fakültədə dərs demələri tələbələrin milli duyğularının və vətənpərvərlik hissininin inkişafında müəyyən şərait yaradırdı.

     Yetmişinci illərdə Novruz bayramına kütləvi xarakter verilməsi cəhdlərinin məhz jurnalistika fakültəsindən başlandığı hamı, eləcə də tarixçilər tərəfindən öz təsdiqini tapır. Bu barədə tarix elmləri namizədi Məhərrəm Zülfüqarlı “İstiqlal tarixini yaradanlar” (1972 -1992-ci illər) kitabında yazır: “Tarix fakültəsinin tələbələri vasitəsilə digər fakültələrdəki milli ruha malik tələbələrlə sıx əlaqələr yaradılmışdı. Xüsusilə Novruz bayramı günü - 1975-ci ilin mart ayının 21-də Fəxri xiyabanda Şıxəli Qurbanovun məzarı üstündə rus müstəmləkəçiliyinin davamı olan sovet müstəmləkəçiliyi əleyhinə mitinq keçirmiş jurnalistika fakültəsinin tələbələri ilə birinci kursdan səmimi münasibətlər yaradılmışdı”.

     Tədqiqatçı alim kitabında həmin hadisələri səksəninci illərin sonlarında başlayan milli-azadlıq hərakatının baş məşqi kimi dəyərləndirməkdə də tamamilə haqlıdır.
 Bildiririk ki, jurnalist tələbələr miqyasına görə ən izdihamlı Novruz bayramınını hələ bir il öncə - 1974-cü ildə də Fəxri xiyabanda qeyd etmişdilər. Mən həmin tədbirin təşkilatçıları sırasında olduğumdan həm öz, həm də keçmiş tələbə dostlarımın yaddaşına güvənərək, o günlərin salnaməsini oxucular önündə yenidən vərəqləyirəm. 

                                             NOVRUZ BAYRAMINA GEDƏN YOL 



     Bu tələbələri Azərbaycanın müxtəlif bölgələrindən jurnalistika fakültəsində bir araya gətirmək sanki tale işi, alın yazısı idi: Ramiz Əsgər, Adil İrşadoğlu, Adil Cəmil, İslam Türkay, Ağamalı Sadiq Əfəndi, Mehman Cavadoğlu, Zərifə Bəşir qızı, Flora Xəlilzadə, Mustafa Çəmənli, Baba Vəziroğlu… Hərə bir rayondan gəlsə də, vahid əqidə birliyi universitetə qədəm qoyduğumuz ilk aylardan başlanmışdı. Söhbətlərimiz romantik duyğular üzərində köklənir, arzularımızı ifadə edirdik. Arzularımız isə Azərbaycanın müstəqilliyi, cənubi Azərbaycanla şimali Azərbaycanın birləşməsi ideyalarını yaymaq, ölkəyə rusların axınının qarşısını almaq, beynəlmiləlçilik bayrağı altında Azərbaycan xalqının ruslaşdırılmasına qarşı etiraz etmək, respublikanın sərvətlərinin Moskva tərəfindən istismarına qarşı çıxmaq, dövlət idarələrində ana dilinin dövlət dili kimi işlədilməsinə nail olmaq və digər məsələlərdən ibarət idi.

     Fakültənin tədris qəzeti “Jurnalist”, divar qəzeti “Molla Nəsrəddin - 74” ilk tribunalarımız idi. Romantik duyğularımızı əqidəyə çevirib onun uğrunda mübarizəyə başlamaq tərəfdarı olan Mehman Məmmədovun “Jurnalist” qəzetində çıxan “Şirin Xəyalovun xəyalları” felyetonu utopiyanın reallığa çevrilməsi üçün tələbələrə çağırışı idi. Qazax rayonundan olan istedadlı şair, mübariz əhval-ruhiyyəli rəhmətlik Qəzənfər Rüstəmin bu sahədəki liderliyinə rəğmən müəyyən anlarda susması “Molla Nəsrəddin-74” divar qəzetində karikatura hədəfinə çevrilmiş və qəzetin tələbinə uyğun belə bir atmaca verilmişdi: ”Qəzənfər Rüstəm, Qəzənfər Rüstəm, mühazirədə bülbül, seminarda büstəm”.

     Divar qəzetində o zaman Nəriman Zeynalovun sevə-sevə bizə tədris etdiyi “Molla Nəsrəddin” jurnalından örnəklərə də yer verilirdi. Həmin karikaturalardan birində yerə uzanmış azərbaycanlı və digər millətlərdən olan üç nəfər təsvir edilib. Biz azərbaycanlıya zorla təlqln edilən dillərin birinin adını dəyişib “rus dili” yazdıq. Divara asılandan sonra Nəriman müəllim həmin karikaturaya baxarkən çöhrəsinə təbəssüm qondu, əlavəni bəyəndi, lakin dövrün reallıqlarını nəzərə alıb, üstündən çarpaz xətt çəkdi. Biz karikaturanı qəzetdən çıxardıq. Lakin çarpaz xətti saxlayıb aşağısında bu sözləri yazdıq: “Bizdən asılı olmayaraq bu yer boş getdi”.

     Ertəsi gün Nəriman müəllim divar qəzetinin qarşısında dayanıb qəh-qəhə ilə gülürdü: “- Bax, bu əsl molla nəsrəddinçilikdir, bu, Mirzə Cəlil məktəbinin davamıdır”- dedi,- “Siz qalib gəldiniz, qoy divar qəzetində beləcə də qalsın.
O, eyni zamanda “Molla Nəsrəddin” jurnalından müəyyən felyetonları seçıb səhnəciklərlə tələbə və müəllimlər qarşısında çıxışımızı tövsiyyə etdi. Bir həftəlik hazırlıqdan sonra universitet rəhbərliyinin də iştirakı ilə həmin tədbir baş tutdu. Tədbirdən sonra onların qaş-qabaqlı vəziyyətini, tələbələrin isə şən əhval-ruhiyyəsini hamı yaxşı başa düşürdü. Çünki tədbirdə istiqlal arzularımız Mirzə Cəlilin “Bir bokça su” və digər felyetonları vasitəsilə ifadə olunmuşdu.
                            
                                  BANA-BANA GƏL, QAÇMA GÖZƏL...

     Tələbəlik illərində Neftçalada keçirilən hərbi toplanışlarda iştirakımızı xatırlayıram. Bankə qəsəbəsi yaxınlığında yerləşən hərbi hissədə jurnalistika, filologiya, kitabxanaçılıq və digər fakültələrin tələbələri də iştirak edirdilər. Xəzərə sarı uzanan qumsal səhra, tikanlı kollar, yaxınlıqdakı Bankə Balıqçılıq Zavodundan ətrafa yayılan başgicəlləndirici iy, hərbi hissənin sərt nizam-intizam rejimi ilk günlər ipə-sapa yatmayan jurnalistləri çaşdırsa da, tədricən vərdiş etdik. Yayın qızmar günündə Xəzər dənizində çimməyə yollananları tanka yığıb geri qaytardıqları gün hamı sıra meydanına düzüldü. Tank meydanda dayandı, içəridən çıxan tələbələri (onların hamısı jurnalistika fakültəsindən idilər) bizə görk olsun deyə müvəqqəti saxlama təcridxanasına göndərdilər.

     Təcridxanadan çıxdıqdan bir neçə gün sonra naharda cəlilabadlı Əlgüşad Mirzəyevə verilən yeməyin içərisində qurd aşkar olundu. Onsuz da keyfiyyətsiz olan bu yeməklərdən hamımız imtina etdik. Çəngəl və qaşıqları dəmir kasalara döyəcləməklə etirazımızı bildirdik. Növbətçi zabitdən tutmuş aşbazlara kimi bizi dilə tutmalarına, yeməklərin çeşid və keyfiyyətini dəyişdirəcəklərinə az qala and içirdilər. Onların qorxusu başa düşülən idi. Çünki hərbi hissə tarixində yetmişinci illərdə belə hadisə baş verməmişdi. Yüksək rütbəli zabitlər o saat tökülüşüb gəldilər. Biz aclıq elan etdik və cavabdeh zabitlər barədə cəza tədbirləri görüləndən, yeməklərin çeşid və keyfiyyəti yaxşılaşandan sonra aclığı dayandırdıq.

     Çağırış dövrü qiymətlərimiz əsgəri yerişlə tribuna önündən keçməklə müəyyənləşəcəkdi. O zaman hamı “Katyuşa”və digər rus mahnılarını ifa etməliydi. Qrupumuzda yegənə musiqi təhsili almış ağdamlı Adil İrşadoğlu keçiddən milli musiqi sədaları altında keçməyi təklif etdi. Seçim də onun öhdəsinə düşdü. Bizdən öncə hər şey planlaşdırıldığı kimi keçdi. Növbə jurnalistlərə yetişəndə öndə gedən Ağamalı Sadiqin, Adil İrşadoğlunun və Mustafa Çəmənlinin solo səsləri gəldi. Onlar “Koroğlu” kino-filmindən Dəli Həsənin zəfərdən qayıdarkən oxuduğu mahnını oxuyurdu :

            
Yüz qızdan birini sevərim,

            Yolunda canımı verərim.

            Ardını hamımız xorla oxuduq:

            Bana-bana gəl, qaçma gözəl.
            Nerdə olsan atı çaparım yar,

            Səni taparım yar, gəl maralım.

            Gəl gözəlim, gəl, yosma!


     Tribunadakı rus zabitlərin gözü dörd olmuşdu. Gördüklərinə, eşitdiklərinə inana bilmirdilər. Çünki mahnı nizami yerişlə elə uyğun gəlirdi ki, onu heç bir “Katyuşa”, filan əvəz edə bilməzdi. Yeməkxana məsələsində gördüklərini gördüyündən bizə bu mahnı ilə nizami yerişi qadağan edə bilmədilər. Bu da yetmişinci illərdə ilk hadisə idi.

                          QƏZƏNFƏR RÜSTƏMİN SƏYYARİ “BUTKASI”

     Tələbəliyin ilk illərində rəhmətlik Qəzənfər Rüstəmin gah üç addımlıqda, gah da şəhərin o biri başında yaşaması təəccübümüzə səbəb olurdu. Səsi bir gün İçərişəhərdən, bir gün Yasamaldan, bir gün Montin qəsəbəsindən gəlirdi. Nəhayət bizi evinə dəvət edəndə hər şey məlum oldu. Sən demə, o, gözətçilər üçün qoşqulu budkada yaşayırmış. Qoruduğu obyektlərdən asılı olaraq “budka”nı yük maşınına qoşub şəhərin müxtəlif yerlərinə aparırmış. Xülasə, Qəzənfərin indiki Qələbə meydanının yanında tikilməkdə olan arxiv binasında gecə gözətçisi işləyən vaxtlarıydı. Onun mənzili imkan verdiyi səviyyədə yığışıb bir çox məsələləri, xüsusən də Gülüstan, Türkmənçay müqavilələri ilə bağlı tarixi vərəqləyir, Azərbaycanın nə zaman müstəqil olacağı haqqında ideyaları müzakirə edirdik.

     Sözün bitdiyi yerdə Ağamalının aşıqlığı, Adilin tarı kara gəlirdi. Onlar Novruz bayramı haqqında çalıb oxuyurdu. Dostum Çingiz Nağıyev Şəkidəki Gəncəli məhəlləsində keçirilən Novruz bayramından danışardı. Mən isə Ordubadda Novruz şənliklərinin daha kütləvi xarakter daşıdığından qürur hissi ilə söhbət açırdım. Birgə belə bir qərara gəldik: Qarşıdan gələn Novruz bayramını fakültə çərçivəsindən çıxararaq daha geniş şəkildə, ali məktəblər səviyyəsində qeyd edək. Müzakirələr aparıldı, Novruz bayramı üçün məkan yenə də Fəxri Xiyaban seçildi. Oradan başlanan tədbir prospekt boyu davam etməklə Sabir bağında bitəcəkdi. 
                                                                                               
                        NOVRUZ BAYRAMINA İLK ÇAĞIRIŞ VƏRƏQƏLƏRİ

     Kütləviliyə nail olmaq üçün yaradılmış təşkilat qrupu gecəli-gündüzlü işləiyirdi. Bölgüyə görə, 626 və 628-ci qrupların hər bir tələbəsi ən azı 15-20 nəfəri Novruz bayramı toplantısına cəlb etməli idi. Onlar 40-45 nəfərlik dəstələr halında Əzizbəyovun heykəli önündən Fəxri Xiyabana hərəkət edəcək, saat 10.30-da fəxri xiyabanın qarşısında olacaqdılar. Tədbirdə tanınmış ziyalıların, elm adamlarının, yazıçı və şairlərin iştirakı üçün onlara dəvətnamələr göndəriləcəkdi.

     Yeri gəlmişkən, bu ərəfədə görkəmli yazıçımız Süleyman Rəhimovu bulvarda görüb Çingizlə dərhal ona yaxınlaşdıq. Tədbirə dəvət etdik. O, kimliyimizlə maraqlandı, tələbə olduğumuzu eşidincə, gülümsəyib,-baxarıq,- dedi. Gəlməyəcəyi bəlli idi. Doğrudan da, birdən-birə tanımadığın yeniyetmə qarşında peyda olub məchul bir tədbirə dəvət edir. Kim qəbul edər ki? O ki qala ağsaqqal, nurani bir yazıçı.

     Çıxış yolunu çağırış vərəqələri paylamaqda gördük. Bayrama iki-üç gün qalmış bu çağırışları gizli şəkildə ayrı-ayrı institutların elan lövhələrinə yapışdırdıq. Vərəqədə bu çağırış var idi: “Əziz dost, ADU-nun tələbələri 1974-cü il martın 21-də saat 11-də Fəxri Xiyabanda Novruz bayramını qeyd edəcəklər. Əgər vətənpərvərsənsə,xalqını sevirsənsə, onları bu tədbirdə tənha qoyma, öz iştirakınla vətəndaşlıq borcunu yerinə yetir.”

                                          SƏMƏNİ SAXLA MƏNİ

     Tədbirdə əklillər, milli paltarlı oğlan və qızlar üçün geyim dəstləri, yumurta boyamaq, səməni yetişdirmək kimi problemlər həllini gözləyirdi. Onların bir qismini universitet yataqxanasında qalan qızlardan Amalya Məhərrəmova, Adilə Hacıməhərrəmova, Təranə Muxtarova və başqaları öz öhdələrinə götürüb müxtəlif formalı səmənilər yetişdirməyə başladılar. Bu işdə şəkili Sevda xanımın çox böyük zəhməti olmuşdu. Şərqşünaslıq fakültəsindən bayram tədbirində iştirak edənləri də Sevda xanım səfərbər etmişdi.
Tədbirə bir gün qalmış eşitdiyimiz bəd xəbər hamımızın əhval-ruhiyyəsini korladı. Belə ki, universitet rəhbərliyi yataqxanaya gedərək yetişdirilmiş səməniləri pəncərədən çölə atdırmış, qızlara həmin tədbirdə iştirak etməmək barədə xəbərdarlıq etmişdilər. (Yeri gəlmişkən, sonralar “Molla Nəsrəddin-75” divar qəzetində M.Ə.Sabirin “Harda müsəlman görürəm qorxuram” satirasına parodiya edilmiş ”Harda yaşıllıq görürəm qorxuram” adlı şeir və karikatura verildi.)

     Belə çətin anda bakılı qızlardan İradə Zeynalova(Əliyeva), Səidə Paşayeva, Səidə Xalıqova, rəhmətlik Nüşabə Hacıağayeva, Rəna Hasilova, Qəşəngi Əliyeva, Fəridə Ağayeva, Təranə Əfəndiyeva, Elmira İmanova, Amalya Bayramova, tovuzlu Zərifə Bəşir qızı köməyə çatdılar. Onların evlərində yetişdirdikləri, qohum-əqrabadan, dost-tanışdan aldıqları səmənilər problemi həll etdi. Ucarlı Ələkbər Hüseynovun, İsmayıllıdan Mehman Məmmədovun, Rəfael Rzayevin, Adil İrşadoğlunun maddi imkanları isə əklillərin, güllərin alınmasına yönəldi. Bizdən aşağı kursda təhsil alan Fərhad İmanquliyev də sponsorlar sırasında idi.

     Nəhayət mart ayının 21-i gəlib çatdı. Saat on radələrində qızlar yataqxananın pilləkənlərindən yenməyə başladılar. Oğlanların həyəcanına rəğmən, qızlar sakit görünürdülər, onlar çölə atılmış səməniləri yığaraq mümkün qədər bərpa etmişdilər. Açığını deyək ki, edilmiş xəbərdarlığa rəğmən qızların soyuqqanlı davranışı bizim qorxu və həyəcanımızı azaltdı.

     Əzizbəyovun heykəlinin qarşısındakı qələbəlik hamımızı heyrətə gətirdi. ADU-nun tarix, filologiya, hüquqşünaslıq, kitabxanaçılıq, şərqşünaslıq fakültələrinin, çağırış vərəqələri payladığımız Azərbaycan Xalq Təsərrüfatı, Pedaqoji, Xarici Dillər İnstitutlarının tələbələri də gözlədiyimizdən qat-qat çox idilər. Tanımadığımız adamlar da var idi. Sonradan məlum oldu ki, onlar mülki paltar geyinmiş milislər imiş.

     Bizim qrup yoldaşımız, İsmayıllı rayonundan olan Səlmi Mehdiyeva ağ milli paltarda əlində səməni öndə olmaqla Fəxri Xiyabana yollandıq. Aşıqlara Ağamalı rəhbərlik edirdi. Şəmsəddin Şəbiyev, Şərif Kərimov iştirakçılara boyanmış yumurtalar paylayır, onlar da yol boyu yumurta döyüşdürürdülər. Qızların hamısının əllərində səməni və gül buketləri var idi. Sazın sədaları altında görüş yerinə çatdıq. Yolboyu ya maraq xətrinə, ya da düşünərək bizə qoşulanları da nəzərə alsaq, sayımız yüzlərlə idi. Fəxri xiyabanın qarşısında sevimli müəllimimiz Əzizə Cəfərzadə və ətrafındakı tələbələr bizi gözləyirdilər. Bu, əsl bayram əhval-ruhiyyəsi yaratdı, əklil, səməni və gül-çiçəklərlə içəri daxil olduq.

                                     XİYABANDA NOVRUZ COŞQUSU

     Öncə Novruz bayramının olan siyasi xadim, yazıçı Şıxəli Qurbanovun məzarı üstünə əklil və səmənilər qoyuldu, tər güllər düzüldü. Burada keçirilən tədbirin iki aparıcısından biri kimi bu sətirlərin müəllifi toplantını açdı, digər aparıcı Zenfira Məhərrəmli ilə ssenari davam etdirildi. Sevimli müəllimimiz Əzizə xanım Cəfərzadə Şıxəli Qurbanovun xatirəsinə xoş sözlər söylədi, onun Novruz bayramının dövlət səviyyəsində qeyd edilməsində göstərdiyi səylər, bədii yaradıcılığı barədə danışdı. Çıxış edənlər təbii ki, öz söhbətlərini bu günkü mövzuya uyğun olaraq Novruza həsr edirdilər. Məqsəd müəllimlərimizi qorumaq, onların üzünə söz gətirməmək idi. Lakin tanımadığımız iki nəfərin siyasi çıxışları tədbir iştirakçılarının coşqusuna, bizim isə narahatçılığımıza səbəb oldu. Onlardan biri Azərbaycanın müstəqilliyini əldə etmək üçün qurulmuş İldırım təşkilatı, bu təşkilatın Azərbaycanın müstəqilliyini əldə etmək, 1937-1938-ci illərdə həbs olunub xalq düşməni kimi damğalanan və Sibirə göndərilib güllələnən yazıçıların işinə yenidən baxılmasına, onlara bəraət verilməsinə nail olmaq, Azərbaycan türkcəsini dövlət dili səviyyəsinə qaldırmaq sahəsindəki fəaliyyətindən bəhs edərkən artıq tədbirin nəzarətimizdən çıxdığını hiss etdik. Digəri isə 1956-cı il Teatr İnstitunun tələbələrinin dərnəyindən və dərnək üzvlərinin uzunmüddətli həbsindən, 1963-cü ildə 20 nəfərə yaxın tələbənin həbsindən bəhs etdi. Doğrusu, nə həmin təşkilat, nə də tələbələrin həbsindən heç birimizin məlumatı yox idi. Bu adamlar kimdi, məqsədləri nə idi, bir kimsə anlaya bilmədi.Vəziyyət ciddiləşdiyindən Şıxəli Qurbanovun məzarı başında keçirilən tədbiri nəzərdə tutulan vaxtdan əvvəl başa vurduq.

     Cəlil Məmmədquluzadənin, Həsən bəy Zərdabinin, Seyid Cəfər Pişəvərinin də məzarlarını ziyarət etdik. Onların abidəsi önünə səmənilər qoyuldu, ətrafına qələnfillər düzüldü. Natiqlər Seyid Cəfər Pişəvərinin həyat və fəaliyyəti haqda konkret faktlarla tələbələrinə məlumat verdilər. Burada da çıxışların bir qismi məcrasından çıxaraq siyasi xarakter aldı. Minayə Nəbbaqi Pişəvərinin inqilabi fəaliyyətindən, vahid Azərbaycan arzularından və 1947-ci ildə müəmmalı ölümündən danışdı.

                                          SORĞU-SUAL SAATLARI

     Üç saatdan çox davam edən tədbirdən sonra hərə öz iş-gücünə yollansa da, 140-150 nəfərlik izdiham Fəxri xiyabandan çıxıb yolboyu şənliyi davam etdirdi. Saz havalarının müşayiəti ilə Əzizbəyovun heykəlinin yanından sağa dönüb üzü aşağı - Nəriman Nərimanovun heykəli tərəfə yollandıq. Ətrafımızda mülki geyimli tanımadığımız adamlar bizi müşayət edirdi. Nəriman Nərimanovun möhtəşəm abidəsinin ziyarətindən sonra Sabir bağına getdik. Tədbir burada başa çatdı.

     Ayrılarkən tanımadığımız bir neçə nəfər bizə yaxınlaşıb mənim, Qəzənfər, Ağamalı, Ələkbər, Çingiz və digər tələbələrin onlarla getməli olduqlarını dedilər və bizi tələsdirib vaxtlarının az olduğunu bildirdilər. Biz məsələnin nə yerdə olduğunu hələ tam anlaya bilməmişdik, onlar: “-Sizinlə bir neçə dəqiqəlik işimiz var”- deyib bizi müxtəlif maşınlara oturtdular. Maşınlar sürətlə üzü aşağı hərəkət edib ara yollarla dənizə tərəf getdi. Bir neçə dəqiqədən sonra 26-lar bağının yanından keçib Dzerjinski adına mədəniyyət sarayının yanında dayandı. Bizim hərəmizi bir otağa apardılar, əvvəlcə cibimizdə nə varsa çıxarıb stolun üstünə düzdülər. Sonra sorğu-suallar başlandı: “ - Sizi bu işə təhrik edənlər kimdir? Kimə, haraya işləyirsiniz, kimin tapşırığı ilə bayram tədbiri keçirirsiniz?” Və bu tipli digər suallar...

     Otağa başqa iki nəfər də daxil oldu, onlar bir neçə dəqiqə öz aralarında rus dilində çox astadan danışdılar. Yenə həmin suallar və həmin cavablar. Beləliklə vaxt uzandı, yenə otağa başqası gəldi, əvvəlki getdi, amma suallar və cavablar dəyişmədi. Onu da qeyd edək ki, sorğu-sual etik çərçivədə aparılırdı, hətta haradasa bizə rəğbət hissi də duyulurdu. Təxminən gecə saat bir radələrində bizdən nə almışdılarsa hamısını qaytardılar. Tələbə biletimizin qaytarılması hər birimizi sevindirdi. Bizi gülə-gülə yola salarkən qonaq edə bilməmələrinə təəssüfləndilər. Bayırda çaşıb qalmışdıq: Bizi maşına basıb gətirmək, tələbə biletimizi almaq hara, bu rəftar hara?

     Ayrılarkən bunu da düşünürdük: Görəsən sabah bizi dərsə buraxacaqlarmı? Bizi ən çox narahat edən elə bu sual idi. Əgər hər şey qaydasında olsa deməli başqa yoldaşlarımız üçün də təhlükə yoxdur. Hər şey səhər bilinəcək! Səhərə qədər səbr etmək lazımdır. Bir sual da bizi çox düşündürürdü: O məchul idarədən xata-balasız çıxmağımızın səbəbkarı kimdi görəsən?

                                            XİLASKAR KİM İDİ?

     Səhər yataqxanada tələbə yodaşlarımıız uzun illər görüşməyən adamlar kimi bir-biri ilə görüşüb qucaqlaşırdı. Uzun söhbətlərdən sonra məlum oldu ki, hərəni bir yerdən götürüb həmin binaya aparıblar, hamıya eyni sualları veriblər və təxminən eyni cavablar alıblar. Bəs bizi hamılıqla azad edən ilahi qüvvə kim olub? İndi hamımızı bu sual düşündürürdü. Qorxa-qorxa dərsə getdik. Hər şey əvvəlki qaydada idi, heç kim bizə heç nə demirdi. Hamımız xilaskarımızı axtarırdıq. Amma bir şey öyrənə bilmirdik. Bir neçə gündən sonra dekanımız Şirməmməd Hüseynov bizi kabinetinə çağırdı. Nə üçün çağırıldığımızı təxmin edirdik. Çünki çağırılanların siyahısında mənimlə bərabər Əjdərin, Çingizin, Mehmanın, Şəmsəddinin adları var idi. Biz dekanlığa çatana qədər düşündük ki, görəsən Şirməmməd müəllim bizə nə deyəcək, nə cəza verəcək?

     Şirməmməd müəllim bizi həmişəki kimi, səmimi, mehriban qarşılayanda həyəcanımız xeyli azaldı. O əvvəl hamıdan bir-bir hal-əhval tutub, dərslər haqqında suallar verdi və özu tam yəqin etdi ki, həyəcanımız aradan qalxıb, bundan sonra keçdi mətləbə. Dedi ki, eşitmişəm Novruz bayramını xüsusi təmtəraqla qeyd etmisiniz. Bu haqda mənə məlumat verməli idiniz. Mənim məlumatım olsaydı, heç biriniz həyəcanlı saatlar yaşamazdınız. Bir də məsləhətsiz işlər görməyin. Tələbə bileti hər biriniz üçün qiymətlidir.

     Biz başa düşdük ki, dekan hər şeyi bilir və xahiş etdik deyin görək bizi kim azad etdirib. Şirməmməd müəllim söhbəti dostyana səmtə çevirdi. Bildirdi ki, gecə saat 24 radələrində Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci Katibi Heydər Əliyevə universitetin tələbələrinin saxlanılması barədə məruzə edilib. O, səbəbini öyrəndikdən sonra tələbələrin dərhal azad edilməsi üçün göstəriş verib və sizə çatdırmağı tapşırıb ki,” Onlar hələ tələbədirlər. Dərsləri ilə məşğul olsunlar, Azərbaycanın gələcəyi, iqtisadi inkişafı haqqında düşünənlər və çalışanlar var və mən buradayam.”

     Biz dekanlıqdan çıxanda hamının üzü gülürdü.

ENERJİ DOLU ADAM...


Şamil Mehdi. 
İqtisadiyyat üzrə fəlsəfə doktoru.


     Əzizimiz, Adil bəy! Əvvəla, Sizi 65 illk doğum günü münasibətilə təbrik edirəm. Sözün düzü, adamın inanmağı gəlmir ki, Sizin 65 yaşınız olur. Sizi həmişə şax qamətli, səliqəli geyimli, fikirləri cavan, nikbin, enerji dolu bir adam kimi görmüşük. İçinizdəki yaradıb-qurmaq eşqi, yeniliyə həvəs Sizi həmişə yaxşı mənada fərqləndirib.

     Gənc yaşlarınızdan seçdiyiniz və indiyə qədər qulluq etdiyiniz jurnalist peşəsinə sadiq qalmısınız. Fəaliyyətinizin böyük hissəsini tək kanal olan Azərbaycan Dövlət Milli Televiziyasında keçirdiniz. Qarabağ müharibəsi dövründə qaynar nöqtələrdən reportajlar hazırladınız, daima əhalinin, döyüşçülərin arasında oldunuz. Lentə aldığınız hadisələr müstəqil dövlətimizin ağır dönəminin tarixidir və əminəm ki, müəyyən vaxtda layiqli qiymətini alacaqdır.

     Doğma torpaqlarımızın düşmənlər tərəfindən işğal olunması yüzminlərlə insan kimi Sizi də sarsıtdı. Bunun ardınca doğma eviniz kimi qəbul etdiyiniz televiziyada ədalətsizliklərlə üzləşdiniz, ordan uzaqlaşdınız. Amma mübarizə əzminiz qırılmadı, jurnalist fəaliyyətinizi davam etdirdiniz. Qadağalar, senzura altında bir neçə kağız qəzet yaratdınız, onlara rəhbərlik etdiniz. Son illərdə, bir çoxlarının İnternet, Sosial şəbəkələr haqqında yalnız eşitdikləri vaxtda, Siz ölkəmizdə ilk dəfə vətənpərvərlik mövzusuna həsr etdiyiniz “İRŞAD TV” adlı internet televiziya yaratdınız. Facebookda “Jurnalistika - Dinc həyatda, müharibədə və ön cəbhədə” səhifəsini, gənclərimizə yol göstərən, onlara vətənpərvərlik ideyaları aşılayan digər səhifələri qurdunuz və onları idarə etdiniz. Bu gün də gənclərə məxsus enerji ilə fəaliyyətinizi davam etdirirsiniz.

     Gözəl ailəniz, səmimi dostlarınız, etibarlı qohumlarınız var. Sizə möhkəm can sağlığı və Qarabağlı günlər arzulayıram. Sizi doğum gününüz münasibətilə təbrik edirəm. 65 yaş nədir ki, Sizi hələ qarşıda yeni işlər, vəzifələr və uğurlar gözləyir !

MİLLİ MƏFKURƏYƏ XİDMƏT ETMƏK FƏDAKARLIQDIR


UMUXANIM HÜSEYNZADƏ. 
Jurnalist, daimi oxucu və vəfalı dost.

     
     Adil İrşadoğlu ! 

     Bu ad çox insana hərbi jurnalistikadan tanışdır. Mənə isə uzun və şərəfli ömür yolu keçən bir vətən övladı kimi, dəyərli dost kimi tanışdır. Onun haqqında çox gözəl sözlər demək olar. Çünki səngər həyatı keçirmək elə də asan bir iş deyil və hər kişiyə nəsib olmur. Uzun zaman Azərbaycan Milli Televiziyasının “Hərbi Vətənpərvərlik və Salnamə Baş Redaksiyası”nın proqramlarında öz süngüsünə dayanaraq əqidə yolu tutan ziyalımız hər zaman vətənin keşiyində ayıq-sayıq dayanmışdır. Ömrünü bütünlüklə bu şərəfli yola adayan Adil müəllimin cəmiyyətimizin ictimai həyatında və onun formalaşmasında böyük fəaliyyəti olmuşdur. Onun üçün milli məfkurəyə xidmət etmək hər nəsnədən ucadır. 

     İnsanlarımıza milli ruhun aşılanmasında uğurlu fəaliyyət yolu keçən ziyalımız səngimədən öz əhatə dairəsinə milli şüurun aşılanmasında xeyli işlər görür. Qarabağ dərdi, yurdsuz-yuvasız qalan insanlarımızın qayğıları onu da bir vətəndaş kimi hər zaman narahat edir. Dəyərli ziyalımız bir gün də olsun işğal altında qalan torpaqlarımızı azad etmək üçün mübarizə aparmaqdan vaz keçmir, inamını itirmir və böyük əzmlə irəliləyir. O, bu gün də öz şərəfli missiyasını davam etdirir və var gücü ilə xalqının xidmətindədir. İstər qələmilə, istərsə də süngüylə.

     Vətəni qorumağı özünə borc bilən dəyərli dostum Adil müəllim, Sizə uğurlar arzulayıram. İnanıram ki, bir gün doğma Azərbaycanımız üçün sərgilədiyiniz bu əzm və göstərdiyiniz ictimai fəaliyyət lazımınca dəyərləndiriləcək. Doğrusu sizin şəxsiniz və fəaliyyətiniz haqqında nə qədər yazılsa yenə də azdır. Mən ancaq bir qismini vurğulaya bildim. Ümid edirəm ki, haqqınızda qeyd etdiyim bu səmimi qeydləri Sizə tərif kimi deyil, səmimi dir dost yanaşması kimi qəbul edəcəksiniz.

     65 yaşınız mübarək !

ZİYALI ADINI DAİM UCA TUTAN İNSAN


RAFİQ TURABXANOĞLU.
Azərbaycan Xalq Demokratik Partiyasının 
sədri, Turan Mənəvi Evinin Xaqanı.


     Adil İrşadoğlu (Əliyev) ilə tanışlığımız internetdən başladı. Mən bir oxucu olaraq onu kəşf etdim və tam inandım ki, hansı yazıda və ya vıdıofilmdə onun imzası varsa orada əsil peşəkarlıq var. Bu, yaradıcı insan üçün çox vacibdir və mən bu keyfiyyətə böyük dəyər verirəm. Adil bəy Vətənimizin kamil bir ziyalısıdır. Mənə görə bu, bütün titulların ən dəyərlisidir. Çünki Adil İrşadoğlu onu alın təri ilə qazanıb. Ziyalı adını hər addımda uca tutub və millətimizin fədakar evladıdır.

     Yaradıcılığı ilə qürur duyduğum və fəxr etdiyim hörmətli Adil İrşadoğlu, 65 yaşınızı təbrik edirəm. Sizə can sağlığı arzulayıram. Yorulmayasan əziz dost, elə təkcə ona görə ki, vaxt sərf edib gündəmə gətirdiyin hər mövzu, mənim kimi oxucularının ilham mənbəyidir. Mən gənclikdən "sənət, sənət üçündür" tezisinə bağlı olduğumdan, yaradıcılığı şərh etməyə risk etmirəm. İnanıram ki, sənət adamlarımız Sizin yazılarınız haqqında ürək dolusu danışırlar. Siz həqiqətən barmaqla sayıla bilən ziyalılarımızdan birisiz. Əgər imkanım olsa idi bu doğum gününüzü standartlara uyğun keçirməyə səy edərdim. Belə də olar, yəni sağ-salamat olmaq özü də bir ödüldü. Uğurlar olsun əziz dost. Ad gününüz mübarək, Adil bəy.

  

BƏŞƏRİ DUYĞULARLA YAŞAYAN DOSTUM


NİZAMİ TƏHMƏZOV. 
Jurnalist, daimi oxucu və vəfalı dost.


     Əziz  dostum  Adil İrşadoğlu, səni doğum günün münasibətilə ürəkdən təbrik edirəm. Allaha şükür edirəm ki, nə yaxşı sənin kimi oğullarımız var. Səni tanıdığım uzun illər ərzində necə vardınsa elə də qalmısan. Yüksək mənəvi keyfiyyətlərə, zəngin mənəvi aləmə malik, xalqını, Vətənini, torpağını bütün varlığınla sevən, dostlarına, yoldaşlarına qarşı son dərəcə həssas, qayğıkeş və mehriban bir insan kimi.  40 il ərzində dəyişmədin, Adil İrşadoğlu. Bu qarışıq həyat, üzüdönük zaman, ağır sıxıntılar səni dəyişdirə bilmədi. 

     Torpaqlarımız erməni və rus işğalına məruz qalanda özünü odun-alovun içinə atanlardan biri də sən oldun. Döyüşdün, vuruşdun, peşəkar və təcrübəli bir jurnalist kimi əsil həqiqətləri dünya ictimaiyyətinə çatdırdın. Hər mənada ağır zərbələr aldın, lakin öz mübarizə əzmindən dönmədin, çəkinmədin. Sənin şərəfli həyatın, şərəfli mübarizə yolun çoxlarına örnəkdir, Adil İrşadoğlu. Bunu mən bilirəm. Səni uzun illər tanıyan insanlar bunu yaxşı bilirlər. Sən əsil vətənpərvər, bəşəri duyğularla yaşayan, insanların azadlığı, xoşbəxtliyi və firavan həyatı uğrunda fədakarlıqla mübarizə aparan cəsarətli bir insansan.

     Ermənilərin Dağliq Qarabağa köçürülməsi haqqında çox yzılıb. Lakin hörmətli Adil Irşadoğlunun bir jurnalist və “IRSHAD TV”- nin rəhbəri kimi bu istiqamətdə gördüyü işlər olduqca faydalı və misilsizdir. Qan yaddaşının oyanmsı, milli özünüdərk, hərbi vətənpərvərlik hisslərinin aşılanmasi Adil Irşadoğlu yaradıcılığının və fəaliyyətinin əsas qayəsini təşkil edir. Işğal olunmuş torpaqlarımızın erməni daşnaqlarından azad edilməsi Adil bəyin hayatinin mənasi və yaşam tərzidir. O, bütün fəaliyyətini məhz bu müqəddəs işə həsr etmiş və yorulmadan böyük fədakarlıqla mübarizəsini davam etdirir. Mübaliğəsis deyərdim ki, Adil Irşadoğlu sözün həqiqi mənasında alovlu vətənpərvərdir.

     Adil İrşadoğlu, səni doğum günün - 65 yaşının tamam olması münasibətilə təbrik etməkdən şərəf duyur və qürurlanıram. Sözün həqiqi mənasında sənin kimi oğullarımızla fəxr edirəm. Bu əziz günündə sənə uzun ömür, can sağlığı, ailə səadəti və millətimizin xoşbəxt gələcəyi naminə möhtəşəm uğurlar arzulayıram. Allah səni qorusun. Allah millətimizi qorusun. Allah Azərbaycanımızı qorusun. AMİN. 

BAŞIMIZ ÜSTÜNDƏ YERİ OLAN BAŞ REDAKTOR


 
İlqar Rəsul. 
Azərbaycan Tərcümə Mərkəzi 
informasiya departamentinin rəhbəri.


     Onunla 1995-ci ildə, Bakı Dövlət Universitetində tanış olduq. Onda mən Jurnalistika fakültəsinin tələbəsi idim. Sonradan öyrəndim ki, o da bu fakültəni bitirib. Yeni qəzet yaradırdı.  Kollektivi də əsasən Jurnalistika fakültəsinin tələbələrindən formalaşdırmaq  istəyirdi. Fakültə rəhbərliyinə bu niyyətlə müraciət etmişdi. Rəhbərliyin güvənib məsləhət gördüyü tələbələr arasında mən də var idim. Gəldi, görüşdük, tanış olduq. Tezliklə qurucusu və baş redaktoru olduğu “De Fakto” adlı qəzetin fəaliyyətə başlayacağını deyib, bizimlə birlikdə işləmək istədiyini bildirdi. Gülərüz, açıq fikirli, mümkün qədər sadə və aydın danışan bu mehriban adam haqqnda ilk təəssüratım xoş oldu. Anladım ki, biz bir yerdə işləyə bilərik. 

     İkinci görüşümüz Azərbaycan Nəşriyyatında - “De Fakto” qəzetinin redaksiyasında oldu. Burada daha ətraflı tanış olduq və onun rəhbərliyi ilə işə başladıq. Qəzetin üç səhifəsinin idarəçiliyini mənə  həvalə etdi. Gün necə keçirdi, həftə necə başa çatırdı, xəbərimiz olmurdu. Adam o qədər həyat dolu, insanpərvər, xoşxasiyyət idi ki, qəzetdə işləməkdən daha çox onunla işləmək maraqlı gəlirdi bizə. Hər addımda yanımızda idi. Təkcə işdə yox, həyatda da. Amma işdə..... İş prosesini onsuz təsəvvür etmək mümkün deyildi. O, təkcə jurnalist təcrübəsi ilə yox, xoş əhvalı ilə də bizə dayaq idi.
   
Mən işdə çox qalırdım. Digərləri səhifələrini təhvil verib gedəndən sonra da redaksiyada qalır, bütövlükdə qəzetin tamamlanma işlərində iştirak edirdim. Bəzən doqquzuncu mərtəbədən birinci mərtəbəyə - çap sexinə çiynimizdə “dozakl” daşıdığımız da olurdu. Əslində dozaklı nə o, nə də mən daşımalı idim. Kimisə çağırıb bu işi tapşıra bilərdi. Amma bir də görürdün vaxtı çatanda deyir “gəl ikiqardaş aparaq bunu aşağı verək, qayıdaq”. Mən bilmirdim nəşriyyatda ondan savayı hansısa baş redaktor belə edir, ya yox, hər halda bunu edən biri vardısa, o da ən azı bizim baş redaktorumuz Adil İrşadoğlu qədər sadə və səmimi biri olmalı idi. 

     Bizimlə birlikdə hər işi görürdü o. Arada iş gününün axırında - bütün işlərin tamamlandığından əmin olandan sonra birlikdə elə redaksiyadaca oturub yeyib-içdiyimiz də olurdu. Süfrə arxasında da qətiyyən heç kimdən fərqlənməzdi. Adamın təbiətində fərqlənmək, seçilmək, özünü üstün, artıq göstərmək cəhdi qətiyyən yox idi. Çünki adam elə təbiətin özü idi. Küləyə oxşatsan həzin, yağışa oxşatsan narın, torpaq kimi bərəkətli, günəş kimi işıqlı Adil İrşadoğlu. 

     İstər iş başında, istərsə də süfrə arxasında kiminsə sıxıldığını duyanda aşırı zarafat etməkdən də çəkinməzdi. Yetər ki, hamı rahat olsun. O, bunu yalandan, işin getməsi xatirinə etməzdi. Hətta işi yarıtmayan olsaydı belə, onunla da rəftarında hər hansı fərq, dəyişiklik olmazdı. Onun üçün insanlıq hər şeydən üstün idi. Sevimli peşəsindən də. Bəzən bunu etiraf da edirdi: İş gəldi gedərdi, onu necəsə alındıracağıq, yüksək səviyyədə ortaya qoyacağıq onsuz da, - deyərdi. Amma unutmayın ki, bu gün burdayıq, sabah Allah bilir harda olacağıq, bir-birimizin qədrini bilməyimiz, bir-birimizə dəyər verməyimiz hər şeydən vacibdi.

     Ən çox işlətdiyi fikirlərdən biri də “Yaxşı olacaq” idi. İş çətinə düşəndə də “hər şey yaxşı olacaq”, - deyib təsəlli verməyi, iş yaxşı gedəndə “bundan da yaxşı olacaq”, - deyib qanadlandırmağı da var idi adamı. 

     Sonralar elə onun dediyi kimi də oldu. Birlikdə işləməyimiz öz ömrünü başa vurdu. 1997-ci ildə zaman hərdən onun dediyi  müvəqqətiliyin sonunu gətirdi. Ayrılıb hərəmiz bir tərəfə dağılışdıq. Amma münasibət, qədir-qiymət məsələsində illər heç nəyi dəyişə bilmədi. Hər şey necə var, elə də qaldı. Hələ bir az daha da artdı mehribançılığımız.  
Aradan xeyli vaxt keçib. Qayğılarımız görüşlərimizin arasındakı məsafəni bir xeyli uzadıb.  Amma indi də təsadüfən hardasa rastlaşanda ikimizin də üzümüzdə işıq yanır sanki. Təbəssümlə sevinc qarışır bir-birinə çöhrəmizdə. Yenə də ilk zarafatı, xoş sözü o deyir. Yaxınlaşıb sevə-sevə görüşürük, dərdləşirik, ayrılanda da müvəqqəti vidalaşırıq. Bilirik ki, ömür vəfa edincə yenə də görüşəcəyik. 

P.S.
Məncə işə yeni başlayan jurnalistin bəxtinə məhz Adil İrşadoğlu kimi baş redaktorun düşməsi onların sonrakı fəaliyyətlərində çox şeyi həll edir. Bəlkə kimsə müvəqqəti olaraq öz peşəsini yaxşı bilməz. Bəlkə kimsə nəyisə vaxtında çatdırmaz. Amma bütün bunlar zaman məsələsidir. Qarşısına jurnalist olmağı məqsəd qoyan adam təcrübə qazanıınca işləri yoluna düşər. İnsancasına münasibəti, özündən aşağı səlahiyyətdə olanlarla necə rəftar etməyi öyrənməyin təməli isə əvvəldən və səmimi əsaslar üzərində qoyulmalıdı. Adil İrşadoğlu bu məsələdə də ən yaxşılardan biridir. 
   

"KİŞİ OĞLU KİŞİ" ADINI HEÇ NƏYƏ DƏYİŞMƏRƏM...


TOFİQ ƏLİYEV.
Daimi oxucu və vəfalı dost.


     Hamımızın hörmətini qazanmış və hər birimizin istəklisi olan Adil müəllimin, nə vaxtsa belə bir yazısını oxumuşdum. Bu yazı  təxminən bele idi :

" - Cek Keyder jurnalistikanı “dördüncü hakimiyyət”  adlandırıb. Və bu, təsadüfü deyildir. Bu, həm böyük məsuliyyət və eyni zamanda, yüksək şərəfdir".

     Adil İrşadoğlu (Əliyev)  jurnalistikanı mükəmməl bilən və bu məsuliyyətli peşənin yükünü C.Keyderin dediyi kimi, şərəfini də, məsuliyyətini də çiyinlərində daşıyan, xalqına informasiya və maarifləndirmə sahəsində dürüst qulluq edən professional jurnalistdir. Sadə, mehriban və ətrafında olanlara qarşı sonsuz məhəbbəti, onu oxucularına da, yaxınlarına da sevdirmişdir.

     "Ot kökü üstə bitər", - demişlər ata-babalarımız. Bəli, elinin, obasının xüsusi hörmətini qazanmış el ağsaqqalı, bacarığına və savadına görə müxtəlif vəzifələrdə xalqına qulluq edib çalışan İrşad Məhəmməd oğlu Əliyevdən dərs almışdır, Adil müəllim. Şübhəsiz ki, o, başqa tərbiyyədə və anlayışda ola bilməzdi. 

     Adil bəyin bioqrafiyası və keçdiyi keşməkeşli, bəzən enişli və əksər hallarda yoxuşlu yollardan hamımız xəbərdarıq. Ona görə qısa olaraq mən onun yaradıcılığı barədə bəzi məqamlara toxunmaq  istərdim. Buna, ədəbiyyatcı və bu sahədə yaradıcı biri olmasam da, heç də yüksək olmayan jurnalist "qanarar"-ıyla böyüyüb başa çatmış jurnalist övladı kimi haqqımın çatdığını düşünürəm. Adil müəllim bir zamanlar mənim də təhsil aldığım Ağdam şəhər 1 saylı məktəbin yetirməsidir. Orta məktəbi müvəffəqiyyətlə başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetinə (indiki BDU) daxil olmuş və onun adı daim fəal tələbələr sirasında çəkilmişdir. Aydındır ki, bu fəallıq universitet rəhbərliyinin nəzərindən yayınmamış və heç təsadüfü deyil ki, təhsili başa vurduqdan sonra, onun təyinatı xüsusi olaraq, sovetlər dönəmində respublikada ilk və tək Az.Tv kanalı kimi ali dövlət televiziyasına verilir. İlk işində də xüsusi fəallıq göstərən Adil bəy, televiziya rəhbərliyi tərəfindən dəfələrlə mükafatlandırılır və  az müddətdə bir çox verilişlərin hazırlanıb ərsəyə gəlməsində müstəsna rolu və saysız verilişlərin birbaşa müəllifi olur. Bütün bunlarla bərabər o, həm də müxtəlif qəzət və jurnal redaksiyalarıyla da əməkdaşlıq edir. 

     Adil müəllim az zaman kəsiyində bir çox qəzet redaksiyalarının yaradılmasında xüsusi rolu olmasıyla bərabər, bu redaksiyalarda  aparıcı vəzifələrdə işləmişdir. Qarabağ müharibəsi zamanı Adil müəllim məhz bir əlində silah, digərində qələm və mikrofonla, erməni səngərləriylə üzbə-üz, 250 - 300 metr məsafədə döyüşə-döyüşə fəaliyyət göstərən çox az jurnalistlərimizdəndir. 

     Adil İrşadoğlu (Əliyev) layiq olduğu peşə imtiyazlarından və dövlət tərəfindən qiymətləndirilmələrdən kənarda qalsa da, bu, onun sənətinə olan sevgisini azaltmamış və xalqına, dövlətinə olan məhəbbətinə xələl gətirməmişdir. 

     Kaş bir çox digər həmkarlarınızdan müsbət yöndə fərqləndiyiniz kimi, yəni köklü, ziyalı nəsildən olmanız və keçdiyiniz aktiv, işgüzar, xalqımız üçün səmərəli fəaliyyətinizlə bərabər, bir az da müasir zəmanənin nəbzini tuta biləydiniz, Adil müəllim. "Nebzin" nədən ibarət olduğunu, zənnimcə sizin kimi arif adama anlatmağa ehtiyac yoxdur. 

     Amma yox ! İnanmıram ki, fenomen bioqrafiyaya malik bir insan, öz şəxsiyyətinə "nəbz" - lə işləməyi sığışdırsın. Mən həyatımda heç vaxt "Kişi oğlu, Kişi" adını hansısa işlərə görə verilən imtiyazlara dəyişmərəm və nə yaxşı ki, bu AD sizindir, nə yaxşı ki, siz bu ADI qoruyursunuz. Rəhmət olsun sizi bu zavallı Vətənimizə bəxş edən valideynlərinizə.
 
     Olduqca dostcanlıdır, Adil müəllim. Bunu onun yaratdığı sayt səhifələrində də görmək olar. Həyatda olan dostlarına məhəbbəti ilə bərabər, ardıcıl olaraq dünyasını dəyişmiş dostlarını da tez-tez anır və ruhlarını əziz tutur. Buna mən, onun daimi oxucusu kimi  dəfələrlə rast gəlmişəm. Şübhəm yoxdur ki, onun bütün dostları, mənim kimi onunla fəxr edir, onunla dostluqdan qürur duyurlar. 

     Qardaşım Adil bəy, sən  həyatının 65 ilini  şərəflə yaşayıb başa vurdun. Allah sənin kimi insana daha 35 il də ömür nəsib eyləsin. Çünkü sən Vətənə, xalqa, qohumlarına, ailənə və dostlarına gərəkli insansan. Səni doğum günün münasibətiylə ürəkdən təbrik edirəm, qardaşım. Nə yaxşı ki, varsan !

22 Ekim 2018 Pazartesi

VƏTƏNPƏRVƏR VƏ QAYĞIKEŞ İNSAN


İBRAHİM MEHDİ. 
Jurnalist, yazıçı-publisist. 
                               

     Yeniyetmə və gənclik illərindən qohum kimi tanıyıb ünsiyyətdə olduğum Adil İrşadoğlu ilə  Bakı Dövlət Universitetində təhsil aldığımız illərdə demək olar ki, hərgünkü təmaslarımız məndə ona qarşı səmimi bir bağlılıq, doğmalıq hissi formalaşdırdı. Adil çox həssas, ətrafındakılara münasibətdə qayğıkeş bir insandır. Mən heç vaxt onun kiminsə haqqında xoşagəlməz və haqsız fikir söyləməsinin şahidi olmamışam. Bu xarakterik xüsusiyyətlər ona genlə keçmişdir. Atası İrşad Məhəmməd oğlu Əliyev 2-ci Dünya Müharibəsinin iştirakçısı kimi şərəfli bir döyüş yolu keçmiş, müharibə başa çatdıqdan sonra doğma Vətənə qayıdaraq uzun illər partiya- sovet və hüquq- mühafizə orqanlarında çalışmışdır. Təmizlik, saflıq, tapşırılan işə məsuliyyətli münasibəti nəticəsində uzun müddət çalışdığı Ağdam rayonunda həm dövlət, həm də rayon sakinlərinin etimadını qazanmaqla sözükeçərli nüfuz sahibinə çevrilmişdir.

     Anası Qənirə Rüstəmova uzun illər Ağdam şəhər 2 və 7 saylı beynəlmiləl məktəblərdə fizika və riyaziyyat fənni üzrə pedaqoq kimi çalışmışdır. Məhz belə xeyirxah peşə sahiblərinin tərbiyə verib yetişdirdikləri övlad da bu gün çoxlarının hərbi jurnalist, vətənsevər insan kimi tanıdıqları Adil İrşadoğlu kimi cəmiyyətimizdə nüfuz qazanmış mükəmməl şəxsiyyət olmalı idi və oldu da...

     Birinci Qarabağ döyüşlərinin başladığı ilk günlərdən AzTv-nin “Hərbi Vətənpərvərlik və Salnamə Baş Redaksiyası”nın əməkdaşı kimi sərhədboyu rayonlarda hərbçilərin, mülki əhalinin qayğılarının işıqlandırılması, mövcud problemlərin əlaqədar dövlət orqanlarına çatdırılması naminə yorulmadan çalışmış, dəfələrlə öz həmkar dostları ilə təhlükəli anlar yaşamışdır.

     Şuşada ilk dəfə yerli televiziya verilişləri yayımının təşkilində iştirak etməklə peşəkar verilişlərin hazırlanması və yerli əhalinin ruhlandırılması kimi vacib bir işin təməlini qoymuşdur. Uzun illərin iş təcrübəsi gənc hərbi jurnalistlərin yetişdirilməsində Adili həmişə fərqləndirib.

     Qarabağ uğrunda savaşın başladığı ilk günlərdən peşəkar jurnalist kimi Vətənə ürəkdən bağlılığını öz gündəlik fəaliyyətilə sübut edən Adil İrşadoğlu elə bir döyüş bölgəsi yoxdur ki, orada çəkiliş aparıb əsgərlərimizin ağır döyüş əməliyyatlarını işıqlandırmasın. Onun həyatı ilə vidalaşmaq anları da olub. Təəssüf ki, nə o vaxtlar, nə də sonralar çalışdığı AzTv-nin rəhbərliyi, dövlət və ictimai qurumlar tərəfindən xidmətləri nəinki layiqincə qiymətləndirilmədi, əksinə birdəfəlik unuduldu.

     Adil İrşadoğlunun jurnalist fəaliyyəti haqqında çox danışmaq, yazmaq olar. Azərbaycan jurnalistikasının tarixi ənənələrini, təhsil illərində aldığı nəzəri bilikləri praktikada əsaslandırmağı bacaran, uzun illər bu sahədə qüsursuz fəaliyyət göstərən, son illərin döyüş tarixinin canlı şahidi və salnaməçisi Adil İrşadoğlunun bu gün unudulması, layiq olduğu titul və qayğılardan kənarda qalması anlaşılan deyil...

     Mən dostum, jurnalist fəaliyyətinə və bu sahədəki əvəzsiz xidmətlərinə xüsusi dəyər verdiyim Adil İrşadoğluna sağlam ömür, ona qarşı olan ədalətsiz münasibətin qarşılığında səbr, təmkin, əzm və iradə arzulayıram. 65 yaşın mübarək, QARDAŞ !

21 Ekim 2018 Pazar

ADİL İNSANIN ƏVVƏL İMZASINI TANIMIŞAM


Rey Kərimoğlu. 
Qarabağ qazisi, 
"Qazilər-İnformasiya portalı"nın baş redaktoru.


     Adil müəllimin əvvəl imzasını tanımışam. Şəxsən üzbəüz isə onu çox sonralar tanıdım. Yəni özündən əvvəl imzasını tanımışam. Və əsl jurnalist üçün də ən vacibi onun imzasının tanınması və sevilməsidir, məncə...

     Tale elə gətirdi ki, Adil müəllimlə 1999-2001-ci illərdə Qarabağ Əlillərinin orqanı olan “Əlillər” qəzetində bir yerdə çalışdıq. Qəzetin baş redaktoru, rəhmətlik Müştəba İsmayıloğlu idi. O, Adil müəllimin tələbə yoldaşı olmuşdu. Adil İrşadoğlu “Əlillər”in məsul redaktoru olsa da, bütün yaradıcı və texniki proseslərdə yaxından iştirak edirdi. Baş qazi rəhmətlik Etimad Əsədovun və qazilər heyətinin razılığı ilə “Əlillər” qəzetinin içərisində Çeçenstan Respublikasından bizə pənah gətirmiş qazilər və onların ailələri üçün rus dilində “Salam” adlı qəzet buraxmağa başladı. O vaxt bütün qəzetlər hələ də Kiril əlifbasıyla çap edilirdi. Adil müəllimin təşəbbüsü ilə Azərbaycanda ilk dəfə “Əlillər” qəzeti Kiril əlifbasından Latın əlifbasına keçdi. Öz işini vicdanla yerinə yetirməklə yanaşı o, digər insanlara da yardımçı olurdu. 

     Adil müəllim vicdanlı, saf, ləyaqətli və mehriban insandır. Həm də çox prinsipial insandır! Bu səbəbdən də ərizə yazıb 20 il çalışdığı dövlət televiziyasından ayrılmışdı. Amma mətbuatda qaldı, müxtəlif qəzetlərdə çalışdı. Yazdı, yaratdı...

     Bu fədakar insan öz peşəsini ürəkdən sevir. Hamı bilir ki, mən xaraktercə çox çılğın və emossional adamam. Bu da həm yaradıcılığımda, həm də iş prosesində müəyyən problemlər yaradırdı. Adil müəllim peşəkar jurnalist, həyat təcrübəsi olan bir şəxs kimi həmişə çox vacib məsləhətlər verirdi mənə. Mən də onu dinləyir, imkan daxilində tövsiyələrinə əməl edirdim. Üstündən uzun illər keçəndən sonra etiraf edirəm ki, həm o zaman, həm də sonrakı illərdə onun məsləhətlərinin mənə böyük faydası dəyib.

     Çox şirin və maraqlı söhbətləri də olur Adil müəllimin. “Qağa, bəri gəl ey!” - deyib, maraqlı söhbətə başlayırdı. Tələbəlik illərindən böyük həvəslə danışırdı. Dostlarından -  xalqımızın gözəl qələm sahibləri rəhmətlik Ağamalı Sadiq Əfəndidən, allah ömür versin, yazıçı Mustafa Çəmənlidən və digərlərindən danışırdı.

- Heç bilirsən Mustafanın necə gözəl səsi var idi?! Saz çalan Ağamalıya tar çalmağı öyrətdim ... Pəh! Heyif o günlərdən...

Vay o gündən ki, “Əlillər”in çap olunan nömrəsində nəysə bir qüsur ola, cümlə, hərf səhvi gedə. Qanı qaralırdı, çox pis olurdu. Təskinlik verəndə isə :

- Qağa, belə olmaz ey! Axı bir belə əziyyət çəkmişik! Bu nə səhvdir gedib?! Qəzetdə bir hərf də səhv getməməlidir! Bu ciddi işdir, biz də ciddi adamlarıq. Burada imzamız gedir...

     İndi başdan ayağa cümlə, hərf səhvləri ilə gözümüzü könlümüzü bulandıran mətbuatı görəndə həmişə Adil müəllimin dediklərini xatırlayıram! Əslində onun kimi peşəkarların yeri görünür mətbuatımızda! Onları arayıb tapıb işə dəvət etməliyik, məsləhətlərinə qulaq asmalıyıq.

     Qarabağ məsələsinə də əsl vətəndaş mövqeyi nümayiş etdirib və bu gün də etdirir... Torpaqlarımızın işğalı hamı kimi onu da yandırır, dədə-baba yurdunun işğalda qalmasını qəbul edə bilmir. Barışmır bu işğalla!  

     Dövlət Televiziyasında işləyəndə Adil İrşadoğlu Qarabağa tez-tez ezamiyyətə gedər, ən qaynar nöqtələrdə olar, materiallar hazırlayardı. Bu gün hamımız Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovla (Fred Asif) müsahibələri internet resurslarından sevə-sevə izləyirik. Asif kimi televiziyadan-ekrandan qaçan bir qəhrəmanı lentin yaddaşına köçürüb gələcək nəsillərə ötürən də Adil müəllimdir.

     Fred Asifin qardaşı Qarabağ qazisi Ədalət Məhərrəmov deyir ki, Asif heç vaxt çəkilişlərə razı olmayıb. Amma bu gün əlimizdə olan ən qiymətli video görüntülərin çəkilməsinə Fred Asif Adil İrşadoğlunun xahişindən sonra razılıq verib. Çünki Adillə dost olub. Asif  Adilin sözünü yerə salmayıb. Və Adil sözügedən müsahibəni alıb Fred Asifdən! Yoxsa biz Fred Asifin görüntülərini, danışığını, olduqca maraqlı fikirlərini realda necə görə bilərdik?

     Adil müəllim, həm də namuslu insandır. Torpağa, vətənə, dövlətə, millətə bağlı olduğu kimi ailəsinə da çox  bağlıdır. O, həm də ailəsi ilə nəfəs alır. İşdə həmişə onun cəfakeş ailə başçısı olduğunu duyurduq.

     Adil İrşadoğlunun xarakterindəki vacib bir detalı da deyim. Çox dəqiq və həssas adamdır. Vay o gündən səndən kiməsə salam göndərə və sən o salamı çatdırmayasan. Üzünə deməz, amma səndən inciyər. Lap bərk inciyəndə isə :

- Qadan alım, bəs sənnən salam göndərmişdim, niyə çatdırmamısan? Eşidər-bilər sənnən görüşmüşəm, ona salam göndərməmişəm, inciyər ey məndən.


* Əziz Adil müəllim, Allah sizə ürəyinizə görə versin, doğum gününüz - 65 illik yubileyiniz münasibətilə Sizi təbrik edirəm. Sizə uzun ömür, can sağlığı arzulayıram. Ürəyinizdəki bütün arzularınıza çatasınız.