17 Ocak 2019 Perşembe

SİZƏ TƏŞƏKKÜR BORCUM VAR


Xavər Abbasova. 
Tanınmış Jurnalist.


Jurnalistika fakültəsinin bütün tələbələri kimi Adil İrşadoğlu (Əliyev) də mənim üçün çox əziz və doğmadır. Birinci kursun uşaqları bir az ürkək, bir az qorxaq olarlar...

Hərdən fakültənin hansısa otağından eşidilən tarın sarı simlərindən qopan ecazkar musiqiyə həsədlə, oğrun-oğrun qulaq asardım. Və belə günlərin birində məhz fakültə özfəaliyyət dərnəyinin yaradıcısı və rəhbəri Adil Əliyev "kəşf" etdi məni. Musiqiyə olan həvəsim bəlkə də ömürlük qəlbimə gömüləcəkdi. Ama Adil kimi musiqi xiridarı sayəsində "Leyli və Məcnun" tələbələrin ifasında səhnələşdirildi. Və mən "LEYLİ" oldum! Jurnalistika fakültəsinin Leylisi.

Sonra o vaxtlar yeganə kanal olan AzTv - də kəsişdi Adillə yollarımız. Onlar bizdən yuxarı kursda oxuyurdu. Və sözsüz ki, universiteti başa vurub işə başlamışdılar. Mən istehsalat təcrübəsini AzTv - də keçirdim. Adil də orada - "Təbliğat Baş Redaksiyası" nın Sənaye şöbəsində işləyirdi. 

Hər zaman qayğıkeş, hər zaman səmimi, hər zaman xeyirxah əməlləri ilə jurnalistika fakültəsinin tələbələrinə yaxşı tanış olan ADİL İRŞADOĞLU! Sizə bir ömür boyu təşəkkür və minnətdarlıq borcum var. Yubileyinizdə təbrik üçün ürək sözlərimi yazmağa tərəddüd etmişdim. Amma burda qısa da olsa bəzi açıqlamalar verdim. Yaxşımı etdim, pismi, bilmirəm. Bunu deməyə bilməzdim ki, sayənizdə ömür kitabımın səhifələrinə Leyli olmaq düşüb. Sayənizdə çaldığınız tarın ecazkar musiqi sədaları hopub hər birimizin qəlbinə. 

Bir də bax, burada - Facebook adlı məkanda yenidən o günlərə qaytardınız məni. Çox sağ olun, əziz dost! Çox sağ olun fakültənin istedadlı tələbələrini kəşf edib, onların uğurlarına inandığınız üçün! Onlara dəyər verdiyiniz üçün təşəkkür edirəm! 

Sizi hər zaman hörmətlə xatırlayırıq. Bu hörməti biliyiniz, bacarığınız, səmimiyyətinizlə özünüz qazanmısınız! Var olun!

Hiç yorum yok: