15 Ekim 2016 Cumartesi

A.İRŞADOĞLUNUN "VƏTƏN SƏYYAR BRİQADASI" BAKIDA HƏRBİ HOSPİTALDA - 1993




DOSTLAR, SİZİ YOU TUBE KANALIMI DAİM İZLƏMƏYƏ DƏVƏT EDİRƏM. KANALIMA DAXİL OLARKƏN REKLAMLARA GÖZ ATSANIZ ZƏHMƏTƏ QİYMƏT VERMİŞ OLARSINIZ. KANALIMA ABUNƏ OLMANIZI VƏ TƏQİB ETMƏNİZİ RİCA EDİRƏM. BƏYƏNSƏNİZ BARMAQ İŞARƏSİNƏ TIKLAMAĞI UNUTMAYIN. 


ADİL İRŞADOĞLU (ƏLİYEV) ©
Veteran televiziya və qəzet jurnalisti,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1980),
1-ci Qarabağ Müharibəsinin iştirakçısı (1988-1996).

© A.İrşadoğlunun "Vətən Səyyar Briqadası" Qarabağ cəbhəsində - Novruz Bayramı - 1993.




Azərbaycan Dövlət Televiziyasındakı yaradıcı qrupumla Birinci Qarabağ Savaşındakı döyüşlərdə, əlamətdar bayramlarda əsgər və zabitlərimizlə təntənəli görüşlərimiz çox olardı. Bu dəfə cəbhənin Ağdam və Füzuli bölgəsindəyik. Sağlıqla izləyin...


ADİL İRŞADOĞLU (ƏLİYEV) ©
Veteran televiziya və qəzet jurnalisti,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1980),
1-ci Qarabağ Müharibəsinin iştirakçısı (1988-1996).

UNUDULMAZ XATİRƏLƏR - MİLLİ RADİODA 2 - ci ÇIXIŞIM



UNUTMA Kİ, UNUDULMAYASAN !



Goranboy rayon döyüş batalyonlarının erməni işğalçılarına qarşı mübarizəsinə həsr edilib.
Azərbaycan Dövlət Televiziyasındakı yaradıcı qrupumla Birinci Qarabağ Savaşındakı döyüşlərdə çəkilişlərimizlə bağlı Azərbaycan Milli Radiosunun verilişlərində iştirakımızı Sizə təqdim edirəm. Sağlıqla izləyin...
Video fotoçarxı hazırlayarkən cəbhənin bütün bölgələrində döyüşüb şəhid olan, hazırda yaşayan əsgər və zabitlərimizin də fotolarından bilərəkdən istifadə etdim. Axı onlar müstəqil Azərbaycanımızın azadlığı uğrunda canlarını fəda etmişlər.


ADİL İRŞADOĞLU (ƏLİYEV) ©
Veteran televiziya və qəzet jurnalisti,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1980),
1-ci Qarabağ Müharibəsinin iştirakçısı (1988-1996).

UNUDULMAZ XATİRƏLƏR - MİLLİ RADİODA 1-ci ÇIXIŞIM



UNUTMA Kİ, UNUDULMAYASAN !


Ağdam və Tərtər rayonları döyüş batalyonlarının erməni işğalçılarına qarşı mübarizəsinə həsr edilib.
Azərbaycan Dövlət Televiziyasındakı yaradıcı qrupumla Birinci Qarabağ Savaşındakı döyüşlərdə çəkilişlərimizlə bağlı Azərbaycan Milli Radiosunun verilişlərində iştirakımızı Sizə təqdim edirəm. Sağlıqla izləyin...
Video fotoçarxı hazırlayarkən cəbhənin bütün bölgələrində döyüşüb şəhid olan, hazırda yaşayan əsgər və zabitlərimizin də fotolarından bilərəkdən istifadə etdim. Axı onlar müstəqil Azərbaycanımızın azadlığı uğrunda canlarını fəda etmişlər.


ADİL İRŞADOĞLU (ƏLİYEV) ©
Veteran televiziya və qəzet jurnalisti,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1980),
1-ci Qarabağ Müharibəsinin iştirakçısı (1988-1996).

© AĞDAM MÜHARİBƏ İLLƏRİNDƏ // 1989 - 1993




Ağdam müharibə illərində -1988-1993.

"AĞDAMIM MƏNİM" verilişi / 1989 -1993-cü illər.
Verilişin təşkilatçısı, redaktoru, ssenari müəllifi və aparıcısı Adil İrşadoğlu, rejissoru Taleh İsmayılov, teleoperatoru Tahir Qarayev və Ramiz Rüstəmovdur. Mətni oxudu Adil İrşadoğlu.

QEYD : Mənim doğulub, boya-başa çatdığım cənnət Qarabağın mərkəzi şəhəri Ağdamı erməni və rus işğalçıları zəbt edərək ( 23 iyul 1993 ) viran qoyublar. İndi bu şəhəri Qafqazın Hirosiması adlandırırlar. Qisas qiyamətə qalmaz, inşəallah.


Hörmətlə, 
ADİL İRŞADOĞLU (ƏLİYEV) ©
Veteran televiziya və qəzet jurnalisti,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1980),
1-ci Qarabağ Müharibəsinin iştirakçısı (1988-1996).
E – mail : adil_irshadoglu@mail.ru 

© MƏTBUATIN ƏN AĞRILI, KEÇİD DÖVRÜNDƏ QƏLƏMİMDƏN KÜSMƏDİM



        ÖLƏNƏDƏK UNUTMAYACAĞIM HADİSƏLƏRİN İŞTİRAKÇISI OLDUM


1) Azərbaycanın igid və mərd oğullarının göstərdikləri qəhrəmanlıqları lentə almaq üçün AzTv - dəki yaradıcı qrupumla 1993 - cü ilin dekabr ayında Ağdamın Güllücə kəndi uğrunda gedən döyüşlərdə iştirak etdim. Həmin vaxt yaradıcı qrupuma rejissor Tofiq Ataxanoğlu, teleoperator Ramiz Rüstəmov daxil idilər. Birlikdə mühasirəyə düşdük. Vətənpərvər, igid əsgər və zabitlərimizin qəhrəmanlığı sayəsində mühasirə yarıldı və düşmən geri oturduldu. Azərbaycan əsgərinin qəhrəmanlıqlarını lentə aldıq. Döyüşdə fərqlənənlərdən müsahibə götürdüm...


2) 1994 - cü il yanvarın əvvəlində Tərtər rayonundakı əsgərlərimiz işğal edilmiş torpaqlarımızdan erməni qəsbkarlarını qovub çıxartmaq məqsədilə Marquşavan kəndi istiqamətində hücuma keçdilər. Çəkiliş qrupumla onlara qoşulub Çardaxlı kəndi istiqamətinədək gedib çıxdıq.
 Azərbaycanın igid və mərd oğullarının göstərdikləri qəhrəmanlıqları lentə aldıq. Döyüşdə fərqlənənlərdən müsahibə götürdüm. Düşmən ciddi müqavimət göstərirdi. Ancaq buna baxmayaraq Azərbaycan əsgəri Ermənistan ordusunu yerlə yeksan etdi. Hər tərəfə rus, erməni meyidləri səpələnmişdi. Düşmənin hərbi sursatı, texnikası ortalıqda qalmışdı. Minalanmış sahədən keçib hamısını videolentə köçürtdük...


3) 1994 - cü ilin aprel ayının əvvəllərində Erməni daşnaqları rus havadarlarının köməyilə Ağdam, Tərtər və Göranboy istiqamətində 2000 ( iki min) nəfərdən ibarət qoşunla hücuma keçmişdilər. Aprel ayının 10 - da Goranboyun Gülüstan kəndi uğrundakı döyüşdə yaradıcı qrupumla iştirak etdim. Həmin vaxt yaradıcı qrupuma gənc rejissor Rövşən Nİcat, uşaqlıq dostum, teleoperator Tahir Qarayev daxil idilər. Əsgərlərimiz və iş yoldaşlarımla birlikdə mühasirəyə düşdük. Gərgin və uzun vuruşmadan sonra kənd geri qaytarıldı. Biz də xilas olduq. Bir nəfər erməni kəşfiyyatçısı ələ keçirildi. Azərbaycan dilində, Qarabağ ləhcəsində tərtəmiz danışırdı. Onu gətirib Goranboy Rayon Milli Təhlükəsizlik İdarəsinə təhvil verdik.. Allaha qurban olum, həmişə məni nəzərində saxlayır...


4)  Adil İrşadoğlu ( Əliyev ) kimdir ?!  
Birinci Qarabağ müharibəsinin acı dəhşətlərini görmüş və onların işıqlandırılmasında yaxından iştirak etmiş, ancaq sonra inciyərək ondan asılı olmayan səbəblərdən ərizə yazıb Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətini tərk etmiş, lakin jurnalist peşəsindən heç vaxt ayrı düşməmiş, respublikanın mətbuat orqanlarında müxtəlif məsul vəzifələrdə çalışmış, verilişləri və məqalələri ilə özünə auditoriya qazanmış, qurucusu və ilk baş redaktoru olduğu "De Fakto" qəzetini buraxmaqla xalqımızın dünyagörüşünü inkişaf etdirmiş, Azərbaycanda Vətənpərvərlik  mövzusunda ilk internet televiziyanı - İRŞAD TV - ni yaratmış və ilk baş direktoru olmuş, mətbuatın ən ağrılı, keçid dövründə də qələmindən küsməmiş tanınmış jurnalistdir, Adil İrşadoğlu !


Hörmətlə, 

ADİL İRŞADOĞLU (ƏLİYEV) ©
Veteran televiziya və qəzet jurnalisti,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1980),
1-ci Qarabağ Müharibəsinin iştirakçısı (1988-1996).

" MÜHARİBƏ ADAMI "




Adil İrşadoğlunu İctimai Televiziyada görmək istəyən  bir dostunun, ürək sözləri

Azərbaycan kütləvi informasiya sistemi hazırda özünün ən məsul anlarını yaşamaqdadır. Dövlət müstəqilliyimizin bərpa edilməsi həyatın bütün sahələrində olduğu kimi KİV - in də yeni keyfiyyət mərhələsinə qədəm qoyması ilə nəticələnib. Totalitar kommunist rejiminin süqutu ilə Azərbaycan senzurasız mətbuat qazanmaqla yanaşı, həm də milli jurnalistikamız çeşidli janrlarla zənginləşib.

Artıq mətbuatda İctimai Televiziyanın sədrliyinə layiqli namizəd ola biləcək şəxslərin adları çəkilir. İnsaf naminə - adlarını sadalamağa lüzum görmürəm - bu şəxslərin hər biri sözügedən televiziyada çalışmağa layiq insanlardır. Lakin onlardan birini - Müstəqil Jurnalistlər Assosiasiyasının namizədliyini irəli sürdüyü Adil İrşadoğlunu uzun illərdən bəri tanıdığım üçün belə hesab edirəm ki, onun İctimai Televiziyada fəaliyyətindən cəmiyyətimiz ancaq qazana bilər.

Adil İrşadoğlu peşəkar jurnalistdir. Azərbaycan Dövlət Universitetinin ( indiki BDU -nun ) jurnalistika fakültəsini bitirib. Təyinatla Azərbaycan Dövlət Televiziyasına işə göndərilib. Elə ilk aylardan rəhbərliyin diqqətini çəkib. Peşəsini ürəkdən sevdiyi, tapşırılan bütün işləri vaxtında yerinə yetirdiyindən rəhbərliyin təqdimatı ilə keçmiş Azərbaycan KP MK - nın Marksizm - Leninizm Universitetinə təhsil almağa göndərilib və 1982 - ci ildə oranı əla qiymətlərlə bitirib. Televiziyada işlədiyi müddətdə 3 minə yaxın veriliş çəkərək efirə verib. Sonra könüllü olaraq Az.TV - dən gedib və...Və sonra onun mətbuat orqanlarında fəaliyyəti başlayıb. "Yeni dünya" qəzetində baş redaktorun müavini, "Cempion" həftəlik idman qəzetinin baş məsləhətçisi, "Olaylar" qəzetinin baş direktoru, "Şans" qəzetinin baş direktoru, rus dilində nəşr olunan "Novıy mir" qəzetinin redaktoru...

Mən bilərəkdən onun ömür kitabçasındakı xronologiyanı "pozdum" və "De Fakto" qəzetinin adını sonda çəkdim. O qəzetin ki, qurucusu və ilk baş redaktoru Adil İrşadoğlu olub, bir yerdə çalışmışıq, SÖZlə çörəyimizi qazanmışıq, o vaxtdan da SÖZ bizi dost eləyib. Bu, bir qədər sonra olub. Əvvəllər isə Adillə mənim tanışlığım ekran vasitəsilə olub. O, ekranlarda - kadrlarda, mən isə tamaşaçı olmuşam. Şuşadan, Qarabağımızın başından odlar yağdırılan bölgələrdən çəkdiyi kadrlara baxmışam və heç vaxt ağlıma da gətirməmişəm ki, vaxt gələcək biz "Azərbaycan" nəşriyyatındakı o qədər də böyük olmayan bir otaqda üz - üzə əyləşib məhz böyük arzulardan söhbət açacağıq. Təbii ki, ən böyük arzumuz Qarabağın başı üstündən qara buludların silinməsi idi...

...1989 - cu ildə ürəyinin hökmü ilə Şuşaya getdi və şəhərdəki teleötürücü stansiyanın nəzdində kiçik studiyanın yaradılmasında və erməni daşnaklarına qarşı əks - təbliğat işinin qurulmasında yaxından iştirak etdi. Doğulub boya - başa çatdığı Ağdamın ağır günlərində bir əlində kamera, o biri əlində avtomat düşmənlərlə mübarizə aparırdı. Uzun illər dövlət orqanlarında məsul vəzifələrdə çalışan atası, rəhmətlik İrşad Əliyev o ağır günlərdə dözməyərək dünyasını dəyişdi, Ağdamdakı Fəxri Xiyabanda dəfn olundu. Adilin verilişlərinə həyəcansız baxmaq olmurdu. Dövr də bambaşqa idi. Adamlar ekrandan süzülüb gələn hər bir xəbəri acgözlüklə dinləyirdilər. SSRİ adlanan nəhəng dövlət diz çökmüşdü, rus əsgərləri də açıq - aşkar təcavüzkar düşmənin tərəfində idi. Bir yandan Qərbi Azərbaycandakı torpaqlarından çıxarılanların problemləri, bir yandan da Qarabağda artıq hər gün daralan mühasirə halqasında qalan yurddaşlarımızın dərdi. Dünya da bizi eşitmirdi, özümüzün başbilənlərimiz də. Belə ağır günlərdə Adil kameramanlarla birlikdə bəla qarşısında köməksiz qalan adamların arasında idi və gördüklərini tarixin yaddaşına həkk eləmək üçün gecə - gündüz çəkir, Bakıya göndərirdi. O vaxtlar bax beləcə müharibə dövrünün arxivi yaranırdı. Bu da bir təsəlli idi. İnanıram ki, vaxt gələcək o illərdə Adilin - mən ondan başqa aylarla cəbhə yollarında addımlayan digər telejurnalistləri də nəzərdə tuturam - lentlərin yaddaşına yazdıqları görüntülər erməni vəhşətinin miqyasını dünyaya əyani şəkildə çatdırmağa kömək edəcək.
Bütün bu işlərinə görə Adil İrşadoğlu müxtəlif vaxtlarda mükafatlara, "Şah İsmayıl Xətai" fəxri fərmanına layiq görülüb. Başqa mükafatların da sahibidir. Amma ən böyük mükafatını hələ gözləyir. Bu, qələbə xəbərini ona ilk dəfə çatdıran bir insanın dilindən eşidəcəyi o müqəddəs SÖZ olacaq...

...Yaxşı yadımdadır, təsisçisi İxtiyar Şirin olan "De Fakto" qəzetinin ilk sayını hazırlayırdıq. Adilin gecəsi - gündüzü yox idi. O, qəzetin loqosundan tutmuş şriftlərinədək ən incəliklərə varırdı. Sözün düzü, onun bu qədər xırdalıqlara baş vurması bizi çox vaxt yorurdu. Lakin o, öz işində idi. Qəzetin ilk sayı işıq üzü görəndə anladım ki, Adilin bu "xırdalıqları" əslində mətbuata böyük məsuliyyətlə yanaşmasından irəli gəlirmiş və indi hətta qəzet oxucusu belə olmayan bir para "jurnalist"in qəzetlərin canına darışdığını görəndən sonra düşünürəm ki, kaş hamı qəzetçiliyə belə məsuliyyətlə, ciddiyyətlə yanaşaydı. Belə olsaydı, indi söz də bu qədər ucuzlaşmazdı.

Tale Adili müharibə adamı eləyib. Ömründə bir qarışqanı belə incitməyən bu insana "Müharibə adamı" deməyim sizə qəribə gəlməsin. Son 15 ildə onun bütün yaşantılarının içində bir müharibə təlatümü gizlənib. Çəkdiklərinin, yazdıqlarının hamısının cövhərində müharibənin məmləkətimizə gətirdiyi fəlakətlər qərar tutub. Adilə həm də ona görə "Müharibə adamı" deyirəm ki, onun üçün də, mənim üçün də, hamımız üçün də bu savaş hələ bitməyib və Adil hələ ən gözəl kadrını çəkməyib, ən gözəl yazısına başlıq seçməyib. Bu, qələbə günündə gerçəkləşəcək...

...Yazdıqlarımın əvvəlinə qayıdıram. Televiziyanı öz həyatı sayan və bu həyatı yaşamağı bacaran Adil İrşadoğlunu İctimai Televiziyada görmək onu yaxından tanıyanların hər birinin, o cümlədən də mənim arzumdur. İctimai Televiziya peşəkarların nəzarətində olmalıdır. Mən isə sizə onlardan biri haqqında danışdım...


Şahbaz Şamıoğlu,
Publisist, "Üç nöqtə" qəzeti baş
redaktorunun birinci müavini.

İlk dəfə 3 dekabr 2004 - cü il tarixli
"525 - ci qəzet"də çap edilmişdir.

A.İRŞADOĞLU İTV - nin BAŞ DİREKTORU OLMAĞA LAYİQ NAMİZƏDDİR


Mətbuatdan oxuyanda ki, Azərbaycan Respublikası Müstəqil Jurnalistlər Assosiasiyasının toplantısında qurumun prezidenti Adil İrşadoğlunun İctimai Televiziyanın baş direktorluğuna namizədliyi irəli sürülüb çox sevindim və bu şəxsi sizə olduğu kimi təqdim etməyə özümdə ehtiyac duydum. Həqiqətən də İctimai Televiziyaya mənəvi haqqı olan şəxs rəhbərlik etməlidir.

Adil İrşadoğlu ! Bu şəxsi özümü tanıdığım kimi tanıyıram. Beş il bir yerdə oxumuşuq. 
1972 - ci ildə Azərbaycan Dövlət Universitetinin ( indiki BDU - nun ) Jurnalistika Fakültəsinə qəbul olunmuşduq. Adil çox sakit, tərbiyəli, səmimi, vətənpərvər gənc idi. Onun bu xüsusiyyətləri çox güman ki, məxsus olduğu gendən və ailə tərbiyəsindən irəli gəlirdi. Adil İrşadoğlu zəngin mənəviyyatlı, yüksək zövqlü, məlumatlı tələbəydi. Ancaq bununla belə heç vaxt özünü gözə soxmazdı. Çox az bir müddətdə Adilin yüksək təşkilatçılıq qabiliyyətini kəşf etdik. Jurnalistika fakültəsi o vaxt Passaj bazarının üstündəki 190 saylı orta məktəblə yanbayan kiçik bir binada yerləşirdi. Tədbir keçirmək üçün münasib bir otaq yox idi. Binanın çox yaraşıqlı foyesindən istifadə etmək birinci onun ağlına gəldi. Fakültənin dekanı, professor Şirməmməd Hüseynovdan burada tədbirlər keçirmək üçün icazə aldı. Dekan müavini Akif Rüstəmov təşəbbüskar tələbələrə hərtərəfli kömək edəcəyinə söz verdi. Ağsaqqalların xeyir - duasından sonra Adilin bu foyedə keçirdiyi tədbirlərin sayı - hesabı olmadı...

...Yadımdadır, 1975 - ci ildə Üzeyir bəy Hacıbəyovun 90 illik yubiley gecəsinə çox tələbə gəlmişdi. İynə atsan yerə düşməzdi. Başqa fakültələrdən də gələnlər var idi. Foyenin baş tərəfində qədim üslubda tikilmiş iki divar sobasının qarşısındakı guşədə səhnə düzəldilmişdi. Səhnənin pərdəsi üzərində Ü.Hacıbəyovun portreti asılmışdı. Gecəni dosent Əliş Nəbili açdı. O, bu kimi tədbirlərin böyük tərbiyəvi əhəmiyyətindən danışdı və sözü səhnədəkilərə verdi. Sağ küncdə əyləşən muğam üçlüyü ifaya başladı. Tarı Adil özü, kamançanı isə Mübariz Əhmədov çalırdı. "Leyli və Məcnun" operasından bir fraqment nümayiş etdirildi. Tələbələrdən Xavər Abbasova Leyli, Rafiq Hacıyev isə Məcnun rolunu ifa etdilər. Tarın, kamançanın adamı ehtizaza gətirən sədası indi də qulaqlarımda səslənir. Ümumiyyətlə, Adil ədəbi - bədii gecənin tərtibatını çox gözəl hazırlamışdı. Universitetdə hamı jurnalistika fakültəsində keçirilən həmin tədbirdən danışırdı. Hətta jurnalistika fakültəsində keçirilən bu ədəbi - bədii gecə haqqında "Kommunist" qəzetində məqalə də dərc edilmişdi. Bundan ruhlanan Adil yeni xatirə gecələri keçirməyə başladı. İstedadlı tələbələr həmin tədbirlərin təşkil olunmasında yaxından iştirak etdilər. Cəlil Məmmədquluzadəyə, Hüseyn Cavidə, Nəriman Nərimanova həsr edilmiş xatirə gecələrini və o vaxt yaşaq edilən Bahar bayramını da tələbə yoldaşlarımız yəqin çox yaxşı xatırlayırlar.
 Adilin təşkilatçılıq qabiliyyətini xarakterizə edən bu kimi misalların sayını artırmaq olar. Ancaq bu, bir məqaləyə sığan deyil.

 1977 - ci ildə universiteti bitirdik. Adil İrşad oğlu Əliyev jurnalistika fakültəsi radio - televiziya qrupunun tam kursunu əla və yaxşı qiymətlərlə başa vurduğuna görə, təyinatını Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə verdilər. Özünün söylədiyinə görə altı ay televiziyanın ağıryüklü sənaye redaksiyasında əmrsiz - filansız işləyib. Onu bu müddətdə imtahan ediblər. Bütün sınaqlardan bacarıqla çıxdığına görə, nəhayət 1977 - ci il dekabr ayının əvvəlində işə qəbul edilməsi barədə əmr verilib.
 Adil İrşadoğlu telestudiyada 20 ilə yaxın şirinli - acılı günlər yaşayıb. Üç minədək üzvü olan bu ailədə bacarığına, səmimiyyətinə və insanpərvərliyinə görə hörmət qazanıb. Orijinal verilişləri ilə tamaşaçıların qəlbinə yol tapıb...
 Daim işğalçılıq ehtirası ilə yaşayan Ermənistanın fitvası ilə Dağlıq Qarabağda törədilən iğtişaşlar onu bir an rahat buraxmırdı. Adil çəkiliş qrupu ilə tez - tez Dağlıq Qarabağın hadisə baş verən rayonlarına gedib zəngin materiallarla geri qayıdırdı. Çəkiliş qrupunun gətirdiyi video - kadrların təbii ki, o zaman hamısı efirə buraxılmırdı. Ancaq bu, onları ruhdan salmırdı. O vaxt Adil söyləyirdi ki, onsuz da efirə getməyən həqiqətləri idarənin arxivində qoruyub saxlayırlar. Vaxt gələcək çəkdiyimiz o video - kadrlar istifadə olunacaq və onda çox mətləblər aşkara çıxacaq.


A.İRŞADOĞLUNUN ÇAP ETDİRMƏDİYİ XATİRƏLƏR KİTABINDAN :

"...1989 - cu ilin ortalarında Dağlıq Qarabağın ermənilərinə gözün üstə qaşın var deyən olmadığına görə, onlar gün - gündən quduzlaşırdılar. Qonşu türk kəndlərinə basqın edir, əhalini yurd - yuvalarından didərgin salmağa çalışırdılar. Bu zaman Azərbaycan teleradio verilişləri komitəsinin sədri Elşad Quliyev Dağlıq Qarabağda yaşayan azəri türklərinin əlavə təbliğata ehtiyacı olduğunu söylədi. Kollektiv də onun təşəbbüsünü bəyəndi. Şuşa şəhərində yerləşən teleötürücü stansiyanın binasında kiçik bir otağı studiyaya çevirdik. Ancaq çəkilən video materialları montaj etməyə belə şəraitimiz yox idi. Hər axşam yarım saat, bəzən də 45 dəqiqə efirə çıxmalı idik. Deməli, gecə yazılan ssenariyə uyğun səhərisi gün montajlı çəkiliş aparmalı və həyəcanlı soydaşlarımıza nə isə tutarlı bir şey deməli, göstərməli idik. Çox çətin imtahan idi.
 Yerli əhalinin dediyinə görə Şuşa şəhəri elektrik enerjisini Xankəndindən alırdı. Axşam düsən kimi şəhər zülmət içərisində itib - batırdı. Ermənilər düşmənçiliklərindən əl çəkmirdilər. Bir gün Şuşa rayon icraiyyə komitəsinin sədri rəhmətlik Mikayıl Gözəlov məni qəbuluna çağırdı. Xeyli söhbət etdik. Otaqdan çıxhaçıxda mənə bir bükülü uzatdı. Dedi ki, Adil müəllim, sənə Ağdamdan şam alıb gıtirmişəm. Gecə işıq sönəndə yandırıb ürəyin nə qədər istəyir yazarsan, ermənilərin atasına od qoyarsan. Və bu minvalla düz iki ay fasiləsiz Şuşada vətəndaşlıq borcumu yerinə yetirməli oldum. Daqlıq Qarabağda Əlisahib Orucovla gəzmədiyimiz ucqar kənd qalmadı. Hara gedirdiksə uşaqdan tutmuş böyüyədək hamı onu tanıyır, hörmət göstərirdi...
 Laçının Ermənistanla həmsərhəd Cağazur kəndinə də onunla birlikdə getmişdik. 300 evdən ibarət gözəl, səfalı Cağazur kəndinə gəlib çıxan təbii qaz kəmərinin açılışı idi. Tədbiri başdan ayağa çəkdiyimizə görə xeyli yubandıq. Axşam düşdü. Nəyin bahasına olursa - olsun materialı efirə çatdırmalı idik. Ayazlı - şaxtalı bir qış axşamında yola çıxdıq. Erməni kəndlərinin içindən şütüyüb bizi Şuşaya aparan avtobusu, onun sürücüsü İsmayıl kişini və biz sərnişinləri hər an təhlükə gözləyirdi. Yaşca bizdən böyük olan jurnalist Telman Mehdiyev "Bura vətəndir" mahnısını zümzümə edirdi ki, mən də, kino - operator Əlövsət Aslanov da, rejissor Oqtay Rəhimov da, telerejissor köməkçisi Elçin də həyəcanlanmayaq. Allahın köməkliyilə sağ - salamat gəlib studiyamıza yetişdik. Efirə bir az gecikmişdik. Özümü səliqəyə salmadan təcili efirə çıxdım və həmin çəkdiyimiz bütün materialı birbaşa şərh edib tamaşaçılara çatdırdım..."

                                            --------------------------------  

Belə verilişləri ilə azərtürkləri dədə - baba torpağını qorumağa çağıran jurnalistlərimizin, televiziya işçilərimizin xidmətləri unudulmazdır. O zaman bu təbliğatdan ermənilər qorxuya düşmüşdülər. Sonra onlar açıq mübarizəyə başladılar. Dağlıq Qarabağ türklərinin üzərinə silahlı hücuma keçdilər. Onları ev - eşiklərindən didərgin saldılar. Ədavət qızışıb ən kəskin şəklini alanda Adil İrşadoğlu onu düşündürən yeni mövzuda verilişlər çəkmək üçün 16 il işlədiyi redaksiyadan televiziyanın qurulmaq ərəfəsində olan hərbi proqramlar və salnamə baş redaksiyasına köçürülməsini xahiş etdi. Baş redaktor V.Bağırov onu məmnuniyyətlə kollektivə qəbul etdi. Adil tez bir zamanda ən qorxmaz yoldaşlarından ibarət çəkiliş qrupu yaratdı : jurnalist Adil İrşadoğlu, rejissorlar Tofiq Ataxanoğlu və Rövşən Nicat, kinooperatorlar Tahir Qarayev və Ramiz Rüstəmov. Adları çəkilən bu vətəndaşlar ermənilərin törətdikləri vəhşilikləri, əsgər və zabitlərimizin şücaətlərini dünyaya çatdırırdılar. 


A.İRŞADOĞLUNUN ÇAP ETDİRMƏDİYİ XATİRƏLƏR KİTABINDAN :

"...Məni həyəcanlandıran və yaddaşımda silinməz izlər buraxan döyüşlərdə qələmim və kameramla iştirak etməyimə, sağ - salamat ailəmə qayıtmağıma görə Allahımdan razıyam. O yeri, göyü yaradan mənə elə bir qeyrət, elə bir təpər verib ki, onun bəndəsini özündən başqa heç bir qüvvə sındıra bilməz.
 1994 - cü il yanvarın əvvəlində Tərtər rayonundakı əsgərlərimiz işğal edilmiş torpaqlarımızdan erməni qəsbkarlarını qovub çıxartmaq məqsədilə Marquşavan kəndi istiqamətində hücuma keçdilər. Çəkiliş qrupumla onlara qoşulub Çardaxlı kəndi istiqamətinədək gedib çıxdıq.
 Azərbaycanın igid və mərd oğullarının göstərdikləri qəhrəmanlıqları lentə aldıq. Döyüşdə fərqlənənlərdən müsahibə götürdüm. Düşmən ciddi müqavimət göstərirdi. Ancaq buna baxmayaraq Azərbaycan əsgəri Ermənistan ordusunu yerlə yeksan etdi. Hər tərəfə rus, erməni meyidləri səpələnmişdi. Düşmənin hərbi sursatı, texnikası ortalıqda qalmışdı. Minalanmış sahədən keçib hamısını videolentə köçürdük. Allahın köməkliyi, bəndələrin təpəri ilə biz qalib gəldik. Sınmadıq...
...1994 - cü ilin aprel ayının 10 - da Goranboyun Gülüstan kəndi uğrundakı döyüşdə əsgərlərimiz və iş yoldaşlarımla mühasirəyə düşdük. Gərgin və uzun vuruşmadan sonra kənd geri qaytarıldı. Biz də xilas olduq. Yenə sınmadıq. Allaha qurban olum, həmişə məni nəzərində saxlayır..."
                                            ----------------------------------- 

 Adilin çap etdirmədiyi bu xatirələr kitabı onun şəxsiyyətini formalaşdıran belə hadisələrlə zəngindir. Qarabağ vüqarlı, Ağdam qeyrətli bu insan həmişə vətənpərvər olmuş, Ermənistanla həmsərhəd rayonlarımızı, erməni işğalı təhlükəsi altında inləyən digər rayon və kəndlərimizi çəkiliş qrupu ilə qarış - qarış gəzərək videosalnamələr yaratmışdır. Torpaqlarımızı yağılardan qoruyan əsgər və zabitlərimizin qayğısı onu daim düşündürmüşdür. Elə buna görə də hərbi kazarmalarda bir çatışmazlıq görəndə tez onu aradan qaldırmağın yollarını fikirləşmiş, imkanlı dostlarını bu problemlərin həllinə səfərbər etmişdir.


A.İRŞADOĞLUNUN ÇAP ETDİRMƏDİYİ XATİRƏLƏR KİTABINDAN :

"...Azərbaycanın ilk milli televizorunun istehsalı ilə məşğul olan "Soltan" kiçik müəssisəsinin direktoru Fikrət Xudatzadəyə 1993 - cü ilin noyabrında bildirəndə ki, cəbhə bölgəsinə ezamiyyətə gedirəm və kazarmalarda əsgərlər Bakıda nələr baş verdiyindən xəbərsizdirlər. 
O, dərhal birlikdə yola çıxmağımızı xahiş etdi. Fikrət müəllim özü ilə hədiyyə apardığı televizorları hərbi hissələrə paylayanda əsgərlərimizin sevincinin həddi - hüdudu yox idi...
 Elə hərbi hissələrimiz var idi ki, geyim və ərzaq sarıdan korluq çəkirdilər. Gözlərimlə gördüklərimi Bakıda dostlarıma danışanda "MOBAK" müştərək dövlət müəssisəsinin baş direktoru Tələt Xəlilov kömək edəcəyinə söz verdi. Dəfələrlə biznən ərzaq dolu yük maşınları ilə səfərə çıxdı, öz şəxsi hesabından milyonlarla manat pul xərclədi. Belə qeyrətli oğulları olan vətən basılarmı ?..
...1994 - cü il Ağdamda 708 - ci briqadanın tankçıları ilə birgə keçirdiyimiz Novruz bayramı xatirimdə elə bir iz buraxıb ki, yadıma düşəndə kövrəlirəm. Heyf o oğulların zəhmətinə...
Bir yandan Bahar bayramı, bir yandan da əzab - əziyyətlə qoruduqları, ancaq arxalı düşmənin aramsız hücumları və daxili təxribatlar nəticəsində əllərindən çıxmış Ağdam torpağının həsrəti. Biz isə çalışırdıq ki, onlar ruhdan düşməsinlər..."

                                      ---------------------------------- 

Birinci Qarabağ müharibəsinin acı dəhşətlərini görmüş və onların işıqlandırılmasında yaxından iştirak etmiş, ancaq sonra subyektiv səbəblərdən ərizə yazıb Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətini tərk etmiş, lakin jurnalist peşəsindən heç vaxt ayrı düşməmiş, respublikanın mətbuat orqanlarında müxtəlif vəzifələrdə çalışmış, verilişləri və məqalələri ilə özünə auditoriya qazanmış, qurucusu və ilk baş redaktoru olduğu "De Fakto" qəzetini buraxmaqla xalqımızın dünyagörüşünü inkişaf etdirmiş, mətbuatın ən ağrılı, keçid dövründə də qələmindən küsməmiş tanınmış jurnalist Adil İrşadoğlunun ( Əliyevin ) İctimai Televiziyaya baş direktorluqla bağlı namizədliyini mən də müdafiə edirəm. Adil müəllimə populyar rəqibləri arasında uğur qazanmasını arzulayıram.


Mustafa Çəmənli,
Yazıçı - puplisist,
"Gənclik" nəşriyyatının baş redaktoru.

İlk dəfə 26 noyabr 2004 - cü il tarixli
"Ədalət"qəzetində çap edilmişdir.

6 Şubat 2012 Pazartesi

© OZÜM HAQQINDA


SƏN KİMSƏN, ADİL İRŞADOĞLU (ƏLİYEV) !?


Mən, Adil İrşad oğlu Əliyev 1953 - cü il noyabrın 1-də Ağdam şəhərində ziyalı ailəsində doğulmuşam.

Soy - kökü Ağdamın Sarıhacılı və Seyidli kəndlərindən olan, Qarabağ xanı Pənahəli xanın əqrabası sayılan, Azərbaycanın görkəmli yazıçısı Süleyman Sani Axundovun nəslindən olan, atam İrşad Məhəmməd oğlu Əliyev ömrünün axırınadək dövlət orqanlarında müxtəlif məsul vəzifələrdə çalışmışdır. Ağdamın erməni təcavüzkarları tərəfindən işğalı ərəfəsində, 1993 - cü ilin mart ayında haqsızlıqlara tab gətirməyərək dünyasını dəyişmişdir. Ağdamın "Birinci Şəhidlər Xiyabanı"nda dəfn edilmişdir.
(Doğum tarixi : 25.02.1924. - Ölüm tarixi : 13. 03. 1993).

Soy - kökü Ağdamın Xıdırlı kəndindən olan anam, Qənirə Rüstəm qızı Rüstəmova 50 ildən çox Ağdam şəhər 2 saylı beynəlmiləl orta məktəbin hər iki bölməsində - Azərbaycan və rus bölməsində fizika - riyaziyyat fənnlərindən dərs demişdir. Azərbaycan Təhsil Nazirliyinin əmri ilə sonradan həmin məktəbin rus bölməsi ayrılaraq Ağdam şəhər 7 saylı orta məktəbə çevrilmiş və sərbəst fəaliyyət göstərmişdir. Qənirə Rüstəm qızı Rüstəmova yataq xəstəsi olanadək Ağdam şəhər 7 saylı orta məktəbdə fizika - riyaziyyat müəlliməsi işləmişdir. Anam məcburi köçkün həyatını Bakı şəhərində - mənim ailəmlə birlikdə yaşamışdır və bizim gözümüzün önündə dünyasını dəyişmişdir. 
(Doğum tarixi : 30.12.1932. - Ölüm tarixi : 27. 09. 2012).

1955 - ci il təvəllüdlü bacım, Elmira İrşad qızı Əliyeva müəllimə işləyir.

1960 - cı il təvəllüdlü qardaşım, Oqtay İrşad oğlu Əliyev Biləsuvar, Ağdam, Goranboy, Yardımlı rayonlarının milli təhlükəsizlik idarələrində, sonradan Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində nümunəvi çalışmış və 2006 - cı ilin fevral ayında iş başında vəfat etmişdir.

Yeri gəlmişkən, dövlət Ağdam ərazisinin, sonradan Ağdam rayonunun idarə olunmasını uzun müddət mənim qohum-əqrabama etibar etmişdir.

1. Atamın anası Hurizat nənəmin atası Mehdi bəy çox varlı və sözü keçən bir insan olmuşdur. Onun seçmə at ilxıları var imiş. Bolşeviklər Ağdam atçılıq zavodunu Mehdi babamın seçmə Qarabağ atlarının hesabına yaratmışlar. 
2. Vaxtilə xarici ticarətlə məşğul olan, 5 dildə danışmağı bacaran atamın atası Məhəmməd bəy (Zinger Məhəmməd ) sonradan Ağdam torpaq şöbəsinin müdiri işləmişdir.
3. Anamın atası Rüstəm Rüstəmzadə Azərbaycan Respublikası Mərkəzi Komitəsində, Füzuli (o vaxtlar rayonun adını ruslar dəyişib Koryagin qoymuşlar) rayon Partiya Komitəsində çalışmış və 1941-1943-cü illərdə Ağdam rayon Partiya Komitəsinin 2-ci katibi işləmişdir.
4. Anamın ən yaxın qohumu, Ağdamın Xıdırlı kəndinin nümayəndəsi Məhəmməd Əliyev Ağdam rayon Partiya Komitəsinin uzun müddət 1-ci katibi işləmişdir.
5. Atam, İrşad Məhəmməd oğlu Əliyev də Ağdam rayon Partiya Komitəsində və digər məsul vəzifələrdə çalışmışdır. Sonradan Ağdam rayon polis şöbəsi rəisinin müavini işləmiş, Ağdam rayon polis şöbəsinə nəzarət idarəsinin rəisi təyin edilmişdir.  
6. Atamın dayısı oğlu Fikrət Ağalar oğlu Mehdiyev Seyidli - Sarıhacılı kəndləri üzrə sovetliyin katibi olmuşdur.
7. Əmim İslam Məhəmməd oğlu Əliyev Ağdam rayon Partiya Komitəsində şöbə müdiri, rayon Təhsil İdarəsinin müdiri və Ağdam şəhər Sovetinin sədri işləmişdir.
8. Əmim İslam Əliyevin bacanağı Qulu Qasımov (Qulu həkim) Ağdam rayon Səhiyyə İdarəsinin müdiri olmuşdur.
9. Xalamın həyat yoldaşı Hüseyn Hüseynov üzun müddət Ağdam rayon Maliyyə İdarəsinin müdiri işləmişdir.
10. Atamın yaxın qohumu Gündüz Axundov Ağdam rayon İcra Hakimiyyətinin başçısı işləmişdir.
11. Atamın qohumu, ən yaxın dostu, qardaşım Oqtay Əliyevin kirvəsi Camal İsmayılov rayon üzrə Tikinti Bankının müdiri olmuşdur. Və sair...

İnşəallah, suyu quruyan arxdan bir də su axar...

Ailəliyəm. Həyat yoldaşım, Yeganə Ənvər qızı Qənbərova ağdamlı Baxış bəyin oğlundan olan nəvəsidir. Bizim iki oğlumuz var. İkisi də universitet bitirmiş, əsgər olmuş, Vətənin keşiyində dayanmışlar. Başqa cavanlarımız kimi onlar da özlərinə münasib iş tapa bilmirlər. Ayrıca evləri olmadığına görə, hələ ki, ailə qurmaq istəmirlər. Bu isə biz valideynləri çox əndişələndirir. İndi zəmanətsiz bu ölkədə vicdanlı insanların normal yaşaması qeyri - mümkündür. ALLAH bizlərə rəhm eləsin! Amin...

Mən, Adil İrşadoğlu (Əliyev) 1961 - ci ildə Ağdam şəhər 1 saylı orta məktəbə daxil olmuşam. 1971 - ci ildə həmin orta məktəbi əla qiymətlərlə başa vurmuşam. Orta məktəbdə oxumaqla yanaşı - 1968 - ci ildə Üzeyir Hacıbəyov adına Ağdam şəhər Orta İxtisas Musiqi Məktəbinə də daxil olmuşam və 1972 - ci ildə həmin məktəbi tar ixtisası üzrə bitirmişəm. 1972 - ci ildə S.M.Kirov adına Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Dövlət Universitetinə ( indiki BDU -ya ) daxil olmuş və 1977 - ci ildə həmin universitetin jurnalistika fakültəsini əla qiymətlərlə başa vurmuşam. Sonra Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin göndərişinə əsasən, Dövlət Televiziya və Radio Verilişləri Komitəsində kiçik redaktor, böyük redaktor və şöbə müdiri vəzifələrində işləmişəm. Teleradio Verilişləri Komitəsinin rəhbərliyi ictimai işlərdəki səriştəliliyimi nəzərə alaraq məni Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Marksizm - Leninizm Universitetinə siyasi təhsil almağa göndərmişdir. 1982 - ci ildə həmin universiteti əla qiymətlərlə başa vurmuşam. Dağlıq Qarabağdan azərbaycanlıların sıxışdırılıb çıxarılmasının qarşısını almaq üçün 1989 - cu ildə Şuşa şəhərinin teleötürücü stansiyasının nəzdində kiçik studiyanın yaradılmasında və erməni daşnaqlarına qarşı əks təbliğatın aparılmasında yaxından iştirak etmişəm. Həmçinin, dövlət televiziyasının “Hərbi Vətənpərvərlik və Salnamə Baş Redaksiyası”nın təşkil olunmasında və fəaliyyət göstərməsində əlimdən gələni əsirgəməmişəm. Teleradio Verilişləri Komitəsində işlədiyim müddətdə 3000 - dən çox veriliş hazırlayıb efirdə göstərmişəm. 1988 - ci ildən bugünədək Qarabağla bağlı hadisələrdə yaxından iştirak etmişəm. 1 - ci Qarabağ müharibəsinin iştirakçısıyam. Cəbhədən hazırladığım verilişlər yəqin ki, AzTV-nin arxivində indi də saxlanılır.

Hazırladığım verilişlərə görə, müxtəlif mükafatlara layiq görülmüşəm. Xalq təsərrüfatının inkişaf etdirilməsində yaxından iştirak etdiyimə görə, SSRİ XTNS Baş Komitəsinin 8 dekabr 1981 - ci il tarixli qərarına əsasən, xüsusi medalla təltif olunmuşam. Respublikanın yenilikçi və səmərələşdiricilərinin xalq təsərrüfatının inkişaf etdirilməsindəki fəaliyyətini geniş və mütəmadi işıqlandırdığıma görə, Yenilikçi və Səmərələşdiricilərin Ümumittifaq Cəmiyyəti Bakı Şəhər Sovetinin Fəxri fərmanına layiq görülmüşəm. Məhsuldar və keyfiyyətli əməyimə görə, Dövlət Televiziya və Radio Verilişləri Komitəsi sədrinin 5 noyabr 1987 - ci il tarixli qərarına əsasən, Fəxri fərmanla təltif edilmişəm. Ordumuzun formalaşmasında yaxından iştirak etdiyimə görə, "N" saylı hərbi hissə komandirinin 17 noyabr 1994 - cü il tarixli qərarına əsasən, Fəxri fərmana layiq görülmüşəm. Cəbhədə əsgər və zabitlərimizin həyatından hazırladığım salnamələrə görə, "N" saylı hərbi hissə komandirinin 1 avqust 1995 - ci il tarixli qərarına əsasən, "ŞAH İSMAYIL XƏTAİ" adına Fəxri fərmanla mükafatlandırılmışam. 25 oktyabr 2018-ci il tarixində Azərbaycan mətbuatının inkişafındakı xidmətlərimə görə və 65 illik yubileyim münasibətilə Azərbaycan Mətbuat Şurasının xüsusi diplomu və Ahıl Jurnalistlər Məclisinin xatirə hədiyyəsi olan "Qızıl qələm" lə təntənəli şəkildə təltif edilmişəm. 29 dekabr 2018-ci il tarixində Qarabağ müharibəsi zamanı əsgər və zabitlərimizin şücaətindən bəhs edən silsilə televerilişlər hazırladığıma, qazilərə daim mənəvi dəstək olduğuma görə və 65 illik yubileyim münasibətilə  “Qarabağ qaziləri” və “Vətən Müharibəsi Əlilləri” ictimai birlikləri tərəfindən Fəxri Diplomla təltif olunmuşam. 3 Noyabr 2023-cü il tarixində milli mətbuat ənənələrimizin qorunmasına yönələn xidmətlərimə, zəngin yaradıcılıq dəst-xəttimə, jurnalistika sahəsində çoxillik səmərəli fəaliyyətimə görə və 70 illik yubileyim (01.11.1953 - 01.11.2023) münasibətilə təşkil edilmiş rəsmi yığıncaqda Azərbaycan Mətbuat Şurasının xüsusi diplomu və Ahıl Jurnalistlər Məclisinin xatirə hədiyyəsilə təntənəli şəkildə təltif olunmuşam. 

1980 - ci ildə Gənc Jurnalistlərin Moskva şəhərində keçirilən Ümumittifaq müşavirəsinin iştirakçısı olmuşam. 1980 - ci ildən Azərbaycan Jurnalistlər İttifaqının üzvüyəm. Dövlət Televiziya və Radio Verilişləri Şirkətində fəaliyyətimin son illərində cəbhə bölgələrindən, ön mövqedən canlı verilişlər hazırlayıb xalqımıza göstərməyi vətəndaşlıq borcum bilmişəm. Teleşirkətin 1-ci Qarabağ müharibəsi arxivinin yaradılmasında yaxından iştirak etmişəm. 1997 - ci ilin sonunda inciyərək məndən asılı olmayan amillərlə bağlı 25 il (5 il ştatdankənar, 20 il ştatda) can qoyduğum dövlət teleşirkətində işləməkdən imtina etdim. İndi dənizdən sahilə atılmış balığa bənzəyirəm.

Teleşirkətdə işlədiyim zaman müxtəlif qəzet və jurnallarda maraqlı yazılarımla çıxış etmişəm. Sonralar "Yeni dünya" qəzetinin baş redaktorunun birinci müavini, zamanında populyarlıq qazanmış "De Fakto" qəzetinin qurucusu və ilk baş redaktoru, "Çempion" adlı həftəlik idman qəzetinin baş məsləhətçisi, "Sara - ekspress" qəzetinin məsul katibi, "Olaylar" qəzetinin baş direktoru, "Şans" qəzetinin baş direktoru, "Novıy mir" qəzetinin redaktoru, Qarabağ Əlillər Cəmiyyətinin orqanı olan "Əlillər" qəzetinin məsul redaktoru, Qarabağ Azadlıq Təşkilatının orqanı olan "Azad Qarabağ" qəzetinin məsul redaktoru və Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının vitse - prezidenti olmuşam. 17 saylı Yasamal 3-cü seçki dairəsi üzrə 29 saylı seçki məntəqəsində 4 dəfə seçki komissiyasının katibi işləmişəm. Qarabağ Əlillər Cəmiyyətinin fəxri üzvüyəm. Qaziyəm və “Qarabağ qaziləri” ictimai birliyinin fəal üzvüyəm, vəsiqə №2613. 

Hazırda Azərbaycanda Vətənpərvərlik mövzusunda fəaliyyət göstərən ilk internet televiziyanın — "İRŞAD - Teleradio Verilişləri, Sənədli və Bədii Filmlər Kompaniyası" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru və Jurnalist - Müharibə Veteranları Assosiasiyası sədrinin birinci müaviniyəm. Qüdrətli Azərbaycan, qüdrətli Türk dünyası, qüdrətli Turan birliyi uğrunda təmənnasız hizmət göstərirəm. İctimai əsaslarla işləyirəm. Əmək pensiyasından başqa heç bir yerdən gəlirim yoxdur. 45 ildən çoxdur ki, jurnalistlik fəaliyyətilə məşğulam. ALLAH məni nadan insanların qarşısında sındırmasın, ALLAH əzizlərimin canını sağ eləsin! AMİN...


© ADİL İRŞADOĞLU (ƏLİYEV)

Veteran televiziya və qəzet jurnalisti, 
Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1980),
1-ci Qarabağ Müharibəsinin iştirakçısı (1988-1996).

24.01.2011. (14-40)
--------------------------
Mükafata görə düzəliş edildi : 01.11.2018 / 30.12.2018 / 03.11.2023-cü ildə.

E - mail :
Adil_Irshadoglu@mail.ru
adil.irshadoglu@gmail.com
adil.irshadoglu@irshadtv.com

İNDİ MÜSTƏQİL JURNALİST OLARAQ FƏALİYYƏT GÖSTƏRİRƏM. AŞAĞIDAKILAR ŞƏXSİ SAYTLARIMDIR. DİQQƏT EDİB BAXSANIZ XEYLİ QAZANARSINIZ...