26 Ekim 2016 Çarşamba

YÖNÜ BƏRI BAXAN DAĞLAR... (3)


Adil İrşadoğlu

( Dağlar da insanlar kimi şəhid olurmuş... Sinəsinə çarpaz dağlar çəkilmiş başı ağ çalmalı, vüqarlı dağların qəddi getdikcə yavaş-yavaş əyilir...)

Gözəl insan, cəsur və fədakar dostum, birinci Qarabağ müharibəsinin başlandığı vaxtdan bəri çox hadisələri videolentə 
köçürüb verilişlər hazırlayan  istedadlı, təcrübəli, telejurnalist Adil İrşadoğlu (Əliyev) haqqında bəzi qeydlərim...   

( ÜÇÜNCÜ YAZI  )

Nizami Təhməzov

Bütün bunları ona görə yazıram ki, namuslu və qeyrətli oğullarımızı yaxşı tanıyaq. Çünki vətənimizi, torpaqlarımızı yağı düşmənlərdən qoruyan məhz belə oğullarımızdır. Ermənilər torpaqlarımızı işğal edən gündən indiyədək eşitməmişəm ki, məmurlarımızın uşaqları nəinki şəhid olmuş, döyüş bölgələrinə və onun həndəvərinə belə əsgərliyə getməmişlər. Gedənləri də orda-burda baş girələmişlər. Amma ən yaxşı vəzifələrdə işləyənlər də onlar olur. Var-dövlət içində yaşayırlar. Niyə? Hansı xidmətlərinə görə? Hansı dəyərlərinə görə? Adil İrşadoğlu heç vaxt belə şeylərin fərqinə varmamış və nəyisə heç vaxt dilinə gətirməmişdir. O, həmişə deyərdi ki, hamıdan vətənpərvərlik ummaq düz deyil. Bu, heç mümkün də deyil... 
Babək Hüseynoğlu AzTv - yə sədr təyin ediləndən sonra Adil İrşadoğlunun təşəbbüsü və təşkilatçılığı ilə Televiziyanın Hərbi Proqramlar və Salnamə Baş Redaksiyası yaradıldı. Onu baş redaktor təyin etmək istədilər, ancaq Adil İrşadoğlu qəti etiraz etdi : "Rayonlarımız işğal olunarkən mənim rahat kabinetdə oturmağa mənəvi haqqım yoxdur. Qarabağda müxbir qərargahı qurmaq istəyirəm. Baş redaksiyanın yaradılmasında da məqsədim odur ki, təmas xəttindən, döyüş bölgələrindən sistemli, ardıcıl şəkildə canlı verilişlər və reportajlar hazırlayam. Hesab edirəm ki, bu mənim bir vətəndaşlıq borcumdur."
Hər kəs özünün vətən qarşısında borclu olduğunu düşünmür. Düşünür ki, yalnız hamı ona borcludur. Adil İrşadoğlu elə bir ailədə doğulub boya-başa çatmışdır ki, millətimiz, xalqımız məhz belə ailələr üzərində formalaşır...
...Onda Adil İrşadoğlu qaynar şəhər həyatından, doğma sakit iş yerindən uzun müddətli ezamiyyətə çıxıb Qarabağa gəlmişdi. Əvvəllər o, müharibə bölgələrində baş verən hadisələr haqqında çox eşitmişdi. Yaranmış söz-söhbətlərin nə dərəcədə həqiqət olduğunu yalnız cəbhə xəttinə gələndən sonra bildi. Burada vəziyyət mürəkkəb idi. Əsgərlər arasında ruh düşkünlüyü və aclıq hökm sürürdü. Əks tərəfdən  həyacanlı xəbərlər gəlirdi. Zabit heyəti və könüllü özünümüdafiə  komandirləri arasında özbaşınalığa yol verilir, hərbi qayda-qanunlar tez-tez pozulurdu. Döyüş bölgələrində olan əsgərlər aylarla hamam "üzü" görmürdülər. Xəstəlik, bit-birə  onları bürümüşdü. Yeməklərin keyfiyyəti olduqca aşağı idi. Bəzən elə olurdu ki, günlərlə ac qalırdılar... Bütün bunlar Adil İrşadoğlunu çox düşündürürdü. İmkanı olan əsgərlər komandirlərlə dil tapıb həftələrlə evlərində qalırdılar... Gətirilən yardımların heç biri əsgərlərə çatmırdı.  İmkanlı adamlar, təşkilatlar şan-şöhrət xatirinə özləri ilə çəkiliş qrupu gətirir, etdikləri yardımları videolentə köçürtdürüb digər televiziya proqramları vasitəsilə gözə soxurdular. Həmin yardımları əsgərlərə paylasalar da, sonradan komandirlər onların əlindən alırdılar. Bütün bu haqsızlıqlara dözməyənlərin isə  başına hər cür oyun açırdılar. Bəzən elə olurdu ki, təxribatçı, fərari adı verib tuturdular...
Adil İrşadoğlu az vaxt ərzində bütün bu gördüklərinin canlı şahidinə çevrildikcə dəhşət onu bürüyür, lakin peşəkar bir jurnalist kimi lentə alınmasını məqsədə uyğun hesab etmirdi. Bəzən çəkib arxivdə saxlasa da efirə vermirdi. O, kifayət qədər siyasi cəhətdən sayıq idi. Yaxşı bilirdi ki, hər gördüyü eybəcərlikləri, qanunsuz hərəkətləri, çatışmazlıqları ictimailəşdirmək olmaz. Bu, insanlar arasında artıq söz-söhbətə, inamsızlığa, ruh düşkünlüyünə səbəb olardı. Onsuz da dərd dərd üstünə gəlirdi. İnsanlar öz isti ocaqlarından, el-obasından didərgin düşürdülər. Adil İrşadoğlunu da qorxuzan məhz bu idi. Odur ki, çəkiliş qrupu ilə tez-tez  döyüş bölgələrinə yaxın kəndlərə gedir, adamlarla görüşür, söhbət edir və canlı reportajlar hazırlayırdı... Söhbət zamanı o, insanları dedi-qodulara, təxribatlara uymamağa çağırırdı. Hələ lap əvvəllər - hələ onda Əlisaab Orucov Baş Nazirin müavini və Prezidentin Dağlıq Qarabağ və sərhəd rayonları üzrə fövqəladə və səlahiyyətli nümayəndəsi idi. Adil İrşadoğlu tez-tez  Ə.Orucovla görüşür, məsləhətlər alır, bəzən isə onunla birgə ən qorxulu döyüş bölgələrinə gedirdi. Bir dəfə Əlisaab Orucov söhbət zamanı dedi :
- Görürəm, sən çox qorxmaz adamsan. Nə yaxşı şəhərdə işini buraxıb buraya gəlmisən?
O, suala sualla cavab verdi :
- Sizin vəzifəniz daha yaxşı idi... Respublikanın Ədliyyə Naziri. Eşitdiyimə görə Siz də bura öz xahiş və istəyinizlə gəlmisiniz. Bəs Sizi bura gətirən nə olub?
Əlisaab müəllim duruxdu. O, bu sualı gözləmirdi. Ani olaraq fikrə getdi. Sinə dolusu nəfəs alıb dedi :
- Mən hökumət adamıyam. Hökumət hara məsləhət bilsə ora da getməliyəm.
- Mən də torpaq adamıyam - deyə, Adil İrşadoğlu fəxrlə cavab verdi. Harda torpağıma lazımamsa orda da olmalıyam. Bu gün düşmənlərimiz torpaqlarımıza göz dikiblər. Mənə elə gəlir ki, torpağı sevən, namusu, qeyrəti olan hər kəs onun müdafiəsinə qalxmalıdır.
Əlisaab Orucov əlini onun çiyninə qoydu :
- Sağ ol - dedi. Elə isə hazırlaş sabah Cağazur kəndinə gedəcəyik. 
...O, maşına minəndə çevrilib Adilə baxdı :
- Qorxmursan ki?
O da sözündən qalmadı :
- Gorusa getsəydik, bəlkə də bu barədə düşünərdim...
Hər ikisi gülümsündü. Cağazur Laçın rayonunun kəndi olsa da qondarma Ermənistanın Gorus rayonuna çox yaxın idi. Demək olar ki, ora gediş-gəliş tamamilə azalmışdı. Ermənilər hər gecə iriçaplı silahlardan 300 evlik kəndi atəşə tuturdular. İnsanlarımız qorxu, təlaş içərisində yaşayırdılar. Demək olar ki, kənd təcrid vəziyyətində idi. Belə bir vəziyyətdə insanlarla görüşmək, televiziya üçün müsahibələr almaq, hal-əhval tutmaq olduqca vacib idi. Ancaq ora getmək də, gəlmək də çox böyük risk tələb edirdi. Bunu Əlisaab Orucov da yaxşı bilirdi, Adil İrşadoğlu da. Öz istəkləri ilə odun-alovun içərisinə atılmış bu insanları heç nə qorxuda bilməzdi... Teleoperator Əlövsət Aslanov da çox cəsur adam idi. O, məmnuniyyətlə Adillə birgə hər tərəfdən dağlarla əhatə olunan bu kəndi görməyə, oradakı fədakar insanlarla ünsiyyətdə olmağa, onları telekameranın yaddaşına köçürməyə gəlmişdi. O da Əlisaab Orucov və Adil  İrşadoğlu kimi bunu özünün şərəfli borcu hesab edirdi...


Nizami Təhməzov.
17 iyul 2016 - cı il / 12:59.
(Üçüncü yazının sonu).
Ardı var...

Hiç yorum yok: