21 Kasım 2022 Pazartesi

BİZ KİMLİYİMİZLƏ BAĞLI YENİ NƏSLƏ MƏLUMAT VERMƏYƏ BORCLUYUQ...

İXTIYAR ƏLİBALA OĞLU ŞIRIN : - Dost və dostluq çox dəyərlidir. Onu tapan onsuz yaşamağı bacarmır. Həqiqi dostluq əvəzsiz bir nemətdir. Jurnalist Adil İrşadoğlu (Əliyev) mənim gənclik, ahıllıq və həqiqi dostumdur. 

Bizim nəsil öz gəncliyinin əhəmiyyətli hissəsini daha çox milli mübarizədə - düşmənlə döyüşlərdə, siyasətdə, başqa sahələrdəki mübarizə meydanlarında keçirtdi. Gəncliyimizin necə gəlib-keçdiyini heç hiss etmədik. Ancaq bu ömrə peşman da deyilik. Allah Vətənimizi qorusun və xalqımıza uğurlu, işıqlı yol qismət etsin.


20 Kasım 2022 Pazar

TÜRKİYƏNİN ERMƏNİSTANLA HAVA VƏ QURU SƏRHƏDDİNİN BAĞLANMASINDA İXTİYAR ŞİRİNİN ROLU...

5 APREL 1993-CÜ İL 


(Dördüncü məqalə)



İxtiyar Şirin 
Azərbaycanın sabiq Baş prokuroru


Azərbaycanın sabiq Baş prokuroru İxtiyar Şirin Kəlbəcərin Ermənistan tərəfindən işğalından sonra Türkiyə Cümhuriyyətinin  Ermənistanla quru və hava sərhədlərinin bağlanmasının təşkilatçılarından biridir. O, 1993-cü ilin mart ayının sonları və aprelin ilk günlərində  Ermənistan və Rusiya silahlı qüvvələri tərəfindən Kəlbəcər işğal ediləndə Azərbaycan Silahlı Qüvvələrinin gücsüzlüyünün şahidi oldu. Hələ Kəlbəcərin tam süqutu elan ediləndən bir-iki gün əvvəl İxtiyar Şirinə çox yaxın olan bir şəxs hansısa yollarla Rusiyadan gətirdiyi Rusiyanın Azərbaycanın indiki işğal edilən ərazilərimizdən daha geniş ərazinin erməni-rus silahlı qüvvələri tərəfindən işğal edilməsi barədə planları ilə və bunu təsvir edən xəritə ilə onu tanış etdi. Kəlbəcərdən gələn məğlubiyyət xəbərləri onu bu gördüklərinə inandırdı. 

İxtiyar Şirin Azərbaycan hakimiyyətinin və ordunun bu işin öhdəsindən təkbaşına gələ bilməyəcəyini bildiyi üçün ona çox yaxın olan Türkiyə hökumətinə bağlı bir nəfəri dərhal bu sənədlərlə Ankaraya vəziyyət barədə məlumat verməyə göndərdi. Ankaradan vəziyyətin Süleyman Dəmirələ məruzə edildiyini və İxtiyar Şirinin dərhal oraya getməyinin zəruri olduğunu bildirdilər. O, prezident Əbülfəz Elçibəyə bunlar barədə məlumat verir və Türkiyə ilə Azərbaycanın hazırkı vəziyyəti barədə danışıqlar olduğunu bildirir. İxtiyar Şirin prezidentə ölkənin durumu barədə Baş Bakan Süleyman Dəmirələ məruzə olunduğunu, danışıqlar üçün onun Ankaraya dəvət edildiyini söyləyir. Əbülfəz bəy onun adından danışmaq səlahiyyətini İxtiyar Şirinə verdikdən sonra Baş Prokuror dərhal Türkiyəyə gedir. Onun əvvəllər Süleyman Dəmirəllə şəxsi tanışlığı yox idi. O, Türkiyəyə prezidentin adından gedirdi və orada deyiləcək sözlər də Azərbaycan dövlətinin adından deyiləcəkdi. 

İxtiyar Şirin 1993-cü il aprelin 3-də Ankaraya getdi və elə həmin gün də Süleyman Dəmirəllə görüşdü, ona Azərbaycanın vəziyyətini, dövlətin, o cümlədən silahlı qüvvələrin nələrə ehtiyacı olduğunu bildirdi. Söhbətdən dərhal sonra Azərbaycana yardımlarla bağlı ciddi işlər görülməyə başlandı. İlkin olaraq Süleyman Dəmirəl 5 aprel 1993-cü il tarixdə bəyanatla çıxış edərək Ermənistanı  dərhal işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsini tələb etdi, Türkiyənin Ermənistanla bütün quru və hava sərhədlərinin bağlandığını elan etdi. Quru və hava sərhəddinin bağlanmasının əsas səbəbi əsasən Türkiyənin hava və quru sərhədləri vasitəsi ilə Amerika Birləşmiş Ştatlarından, bir sıra Avropa və ərəb ölkələrindən Ermənistana  terrorçu qüvvələrin, silah və sursatın daşınmasının qarşısını almaq, həm də təcavüzkar dövlətin iqtisadi və siyasi blokadaya alınması idi. Bundan başqa Türkiyə Silahlı Qüvvələri Ermənistanla sərhəddə irimiqyaslı hərbi təlimlərə başladı. Bu da Türkiyə Silahlı Qüvvələrinin Ermənistana "biz hər şeyə hazırıq" mesajı idi. 

İşğalın qarşısını almaq üçün Türkiyə və Azərbaycan arasında qurulacaq hərbi-siyasi münasibətlər barədə və ediləcək yardımlarla bağlı Türkiyə və Azərbaycan arasında sazişlər və protokollar imzalandı. Bir neçə gündən sonra Azərbaycana ordumuzun hərbi hazırlığını təşkil etmək üçün 175 yüksək hazırlıqlı türk zabiti göndərildi. Bu o dövr üçün, elə hazırkı dövr üçün də ordu hazırlığı üçün çox böyük qüvvə idi. Bundan əlavə xeyli hərbi və tibbi ləvazimatlar dalbadal təyyarələrlə Azərbaycana çatdırıldı. Bundan sonra Türkiyə diplomatiyası da  Ermənistanın təcavüzünə qarşı çox böyük həmlələr etməyə başladı. Məhz bu dəstəyin nəticəsi idi ki, aprelin 28-də BMT Təhlükəsizlik Şurasında Kəlbəcərin işğalıyla bağlı 822 saylı qətnamə qəbul olundu. Türk zabitləri də Azərbaycana gələn kimi dərhal hərbi çağırış həyata keçirildi və 15 min sağlam, hərbiyə yararlı gənc türk zabitlərinin sərəncamına verildi. Onlara çox güclü təlimlər keçilməyə başlandı. Türkiyənin  qərarı belə idi ki, hər 3 aydan bir həmin türk zabitləri Azərbaycan ordusunun sərəncamına əlavə olaraq 15 min döyüşə tam hazır, hərbi təlimlərdə sınaqdan çıxmış döyüşçü verməliydi. İlkin olaraq 15 minlik döyüşə tam hazır qüvvələri oktyabr ayında Azərbaycan Silahlı qüvvələri təhvil alacaqdı. Yüksək standartlara cavab verən ordu hazırlanacaqdı. Bu ordu bir gündə 30-40 kilometr piyada, döyüşərək irəliləməyə qadir olan ildırımsürətli bir qüvvəyə çevriləcəkdi. Nəticədə Azərbaycan ordusu regionun bir nömrəli ordusu olacaqdı.

Ermənistan və Rusiya bu hazırlıqlardan təlaşa düşmüşdülər və 822 saylı qətnamədən sonra Ermənistan hökuməti  Kəlbəcərin sentyabrın əvvəllərində işğaldan azad ediləcəyinə razılıq verdilər. Ancaq Rusiyanın, Ermənistanın və onların Azərbaycandakı  agentlərinin birgə hazırlayıb həyata keçirdikləri 4 iyun Gəncə qiyamı bütün planları pozdu. Düşmən Ağdamı, Füzulini, Cəbrayılı, Zəngilanı və Qubadlını işğal etdi.

Sonra Türkiyənin Ermənistanla sərhədlərinin açılması qarşılığında Ermənistandan nə az, nə çox - işğal etdiyi Azərbaycan ərazilərindən çıxması tələb olundu...


İxtiyar Şirin & Adil İrşadoğlu

Yazı 08.05.2015-ci ildə hazırlanmışdır.

20.11.2022-ci ildə yenidən redaktə olunaraq çap edilmişdir.




19 Kasım 2022 Cumartesi

İXTİYAR ŞİRİNİN YÜKSƏK DÖVLƏT VƏZİFƏLƏRİNDƏ GÖRDÜYÜ İŞLƏR...

 (Ücüncü məqalə)



İxtiyar Şirin

Azərbaycanda müstəqillik tərəfdarları ilə müstəqilliyiın əleyhinə olan qüvvələrin arasında gedən siyasi mübarizənin nəticəsində 1991-ci ilin noyabr ayında Azərbaycan Respublikası Ali Sovetinin səlahiyyətləri 50 xalq deputatından (25 hakimiyyət +25 müxalifət) ibarət Milli Şuraya verildi. Hakimiyyəti təmsil edən deputatların heç biri vəzifəsindən istefa verib Milli Şuraya gəlmədiyi halda, Azərbaycan Respublikasının Xalq deputatı olan İxtiyar Şirin Beyləqan rayon prokuroru vəzifəsindən istefa verib Milli Suranın üzvü, hüquq siyasəti komissiyasının sədri seçildi. Ali qanunverici orqanın komissiya sədri kimi İxtiyar Şirin Azərbaycanın dövlət müstəqilliyini və suverenliyini möhkəmləndirən, dövlət quruculuğu məsələlərini həll edən, dövlət orqanlarının hakimiyyətdəki yerini müəyyən edən bir çox qanunların hazırlanmasına başçılıq etdi. Onun hazırlayıb təqdim etdiyi qanun layihəsinin Azərbaycan Respublikası Ali Sovetində müzakirə edilərək qəbul edilməsi nəticəsində Azərbaycanın ali qanunverici orqanının 1918-ci ildə müəyyən edilən tarixi adı bərpa edildi. Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası adı Azərbaycan Respublikası Milli Məclisi adı ilə əvəz olundu.

Azərbaycanın istiqlalı və milli dövlət quruculuğu uğrunda mübarizə aparan İxtiyar Şirin Müsavat Partiyasının Azərbaycan Respublikasında bərpa edilməsi üçün yaradılan bərpa qrupunun 20 nəfər üzvündən biri seçildi. Milli Şurada dövlət quruculuğu və hüquq siyasəti ilə bağlı bir sıra işlərin görülməsinə və qanunların hazırlanmasına nail olan İxtiyar Şirin 1992-ci il may ayının 18-də hakimiyyətə gələn Azərbaycan Xalq Cəbhəsinin rəhbərliyinin təklifini qəbul etdi və o, 20 may 1992-ci il tarixdə Azərbaycan Respublikasının hüquq siyasəti üzrə dövlət müşaviri təyin edildi.

Onun rəhbərliyi ilə qısa müddət ərzində dövlət quruculuğu, məhkəmə islahatlarının aparılması və cinayətkarlıqla mübarizə işlərinin təşkili üçün dövlət siyasətini müəyyən edən konsepsiyalar hazırlandı, Azərbaycan Respublikasının yeni konstitusiyasının layihəsi hazırlanmağa başlandı. Dövlət müşaviri İxtiyar Şirinin təklifi ilə dövlət sərhəddinin müəyyən edilməsi üçün Baş nazirin sədrliyi ilə dövlət komissiyası işə başladı, respublikanın sərhəd qoşunlarının yaradılmasına və dövlət sərhəddinin Rusiya sərhəd qoşunlarından təhvil alınmasına başlandı. Onun başçılıq etdiyi dövlət müşavirliyinin gördüyü işlərin nəticəsində respublikanın gömrük orqanları, respublika prezidenti yanında xüsusi idarə, prezident qvardiyası yaradıldı və fəaliyyətə başladı. Hərbi tribunal, hərbi prokurorluq, arbitraj məhkəməsi təşkil edildi, milli təhlükəsizlik orqanlarının strukturu və fəaliyyəti təkmilləşdirildi.

İxtiyar Şirin Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinin davamlı təkidindən sonra Azərbaycan Respublikasının Baş Prokuroru olmağa razılıq verdi və o, 14 oktyabr 1992-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyin təqdimatı ilə Azərbaycan Respublıkası Milli Məclisi tərəfindən bu vəzifəyə təyin edildi.

Baş prokuror İxtiyar Şirin dərhal prokurorluqda struktur dəyişiklikləri etdi, prokurorluğun ştat sayını 300 nəfər artırdı, pensiyaya göndərilmiş təcrübəli işçilərin müəyyən hissəsini prokurorluğa qaytardı. Rusiyada, keçmiş ittifaqın digər respublikalarında prokurorluqda çalışan və müstəqillik qazanmış vətənə dönmək istəyən onlarla azərbaycanlını prokurorluğa işə qəbul etdi, attestasiya komissiyasının keçirdiyi sınaq imtahanlarından uğurla keçən yüzlərlə gənc hüquqşünası prokurorluğa işə qəbul etdi. O, bacarıqlı, bilikli və vicdanlı prokurorluq işçilərini Baş prokurorluqda mühüm vəzifələrə, şəhər və rayon prokurorları, prokuror müavinləri vəzifələrinə təyin etdi. Baş prokurorun təklifi ilə prokurorluq işçilərinin əmək haqqının  artırılması, döyüş bölgələrinin prokurorluq işçilərinin əmək haqqının iki dəfə artırılması, onların iş və sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı Respublika Prezidenti Əbülfəz Elçibəy və Azərbaycan Respublikası Milli Məclisi qərarlar qəbul etdi.

Görülən tədbirlər nəticəsində prokurorluqda əmək intizamı möhkəmləndirildi, işlərin keyfiyyəti və operativliyi artırıldı. Fəaliyyət qabiliyyəti və məsuliyyəti artırılan prokurorluğun fəaliyyəti göcləndi, prokurorluq Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilən vəzifələrini uğurla yerinə  yetirməyə başladı.

Azərbaycan Respublikasının Baş Prokuroru İxtiyar Şirin prokurorluğun bütün sahələrində ciddi dönüş yarada bildi.

Vətəndaşların ərizə və şikayətlərinə baxılmasına Baş prokuror özü rəhbərlik etməyə başladı. Baş prokurorluğa daxil olan yüzlərlə ərizə və şikayətləri İxtiyar Şirin özü oxuyub hər birini nəzarətə götürür, bütün ərizələrə baxılmasının nəticələri onun özünə məruzə edilirdi. Ərizələrə obyektiv və vaxtında baxılması üçün Baş prokurorluğun aparatı bütünlüklə səfərbər edilmişdi. İxtiyar Şirinin Baş prokuror təyin edildiyi ilk günlərdə Baş prokurorluğa hər gün yüzlərlə ərizə və şikayətlər daxil olurdusa və onların da böyük bir hissəsi təkrar ərizələr idisə, görülən işlərin nəticəsində təxminən 3-4 aydan sonra  Baş prokurorluğa hər gün artıq bir neçə ərizə və şikayət daxil olurdu. Baş prokuror onun qəbuluna gələn şəxsləri hər gün və dərhal qəbul edir, onların şikayət və müraciətlərinə qısa zaman ərzində baxılmasını təşkil edirdi. Bunun nəticəsində Baş prokurorun qəbuluna gələn şikayətçilərin sayı da bir neçə dəfə azaldı.

Vətəndaşların ərizə və şikayətlərinə vaxtında və qanunlara uyğun baxılması nəticəsində onlarla qəsdən adam öldürmə və başqa ağır cinayətlərin üstü açıldı, cinayət etmiş şəxslər məsuliyyətə cəlb edildi, yüzlərlə vətəndaşın pozulmuş hüquqları bərpa olundu.

Baş prokurorun gördüyü tədbirlər nəticəsində  bütün respublikada aylarla və illərlə süründürülmüş yüzlərlə cinayət işlərinin ibtidai istintaqı qısa zaman ərzində tamamlandı və bu işlər üzrə qanuni qərarların qəbul edilməsi təmin edildi.

Qəsdən adam öldürmə haqqında olan, о cümlədən siyasi motivlərlə baş verməsi şübhə edilən qəsdən adam öldürmə cinayətlərinin istintaqı xüsusi nəzarətə götürüldü. Bunun nəticəsində bu işlərin istintaqı fəallaşdı, bir sıra işlər üzrə cinayət etmiş şəxslər müəyyən edilib məsuliyyətə cəlb edildi.

20 yanvar hadisələri, Xocalı soyqırımı, Şuşa və Laçının işğal edilməsi faktları üzrə olan cinayət işlərinin istintaqı İxtiyar Şirin Baş prokuror təyin edildikdən dərhal sonra onun bilavasitə rəhbərliyi ilə yenidən təşkil edildi, bir neçə ay ərzində minlərlə istintaq hərəkətləri yerinə yetirildi, bu cinayətləri etmiş şəxslər məsuliyyətə cəlb edilmyə başlandı.

Prokurorluğun fəaliyyətində edilən müsbət dəyişikliklər nəticəsində bu təşkilata ölkə vətəndaşlarının inamı artmağa başladı.


İxtiyar Şirin & Adil İrşadoğlu

Yazı 20.02.2015-ci ildə hazırlanmışdır.

19.11.2022-ci ildə yenidən redaktə olunaraq çap edilmişdir. 


Ardı var... 


17 Kasım 2022 Perşembe

MİLLİ İSTİQLALIMIZ UĞRUNDA İXTİYAR ŞİRİNİN SİYASİ FƏALİYYƏTİ...

 (İkinci məqalə)



İxtiyar Şirin Bəxtiyar Vahabzadə ilə

Azərbaycanda 1988-ci ildən başlayan milli azadlıq hərəkatını müdafiə edən Bakı şəhəri Qaradağ rayon prokuroru İxtiyar Şirinin təklifi ilə Qaradağ Rayon Soveti 12 yanvar 1990-cı il tarixdə Qarabağ probleminin həlli və Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunması tələbi ilə bağlı qərar qəbul edib, bu qərarı  Azərbaycan SSR Ali Sovetinə göndərdi. 1990-cı il yanvar ayının 20-də Sovet ordusunun Bakı şəhəri Qaradağ rayonunda törətdiyi cinayətlərə görə rayon prokuroru İxtiyar Şirin dərhal cinayət işi başlayıb istintaq aparmağa başladı. O, SSRİ rəhbərliyinin bu cinayətlərinə etiraz etdi. O, Bakını işğal etmiş rus hərbiçilərinin yerli hakimiyyətlə birlikdə 200 nəfər Azərbaycan xalq cəbhəsi fəallarının həbs edilməsinin qarşısını aldı.

İxtiyar Şirin respublikada və Qaradağ rayonunda xalqın içində  qazandığı hörmət və nüfuzuna görə 1990-cı ilin sentyabr ayında parlament seçkilərində Qaradağ rayonu 13 saylı seçki dairəsindən respublika rəhbərliyinin iradəsinə zidd olaraq seçicilərin səslərinin 70%-ni qazanıb Azərbaycan Respublikasının xalq deputatı seçildi. İxtiyar Şirinin Moskvanın hərbi və təhlükəsizlik qüvvələrindən, respublikada və rayonda Moskvanın kolonial siyasətini  müdafiə edən qüvvələrdən çəkinməyərək öz şəxsi azadlığını və vəzifəsini təhlükə altmda qoyaraq açıq müdafıə etdiyi və həbslərdən xilas etdiyi yüzlərlə Azərbaycan Xalq Cəbhəsi üzvləri və başqa milli vətənpərvər qüvvələr də seçkilərdə onu müdafiə etdilər, onun liderliyi ilə Qaradağ rayon sovetinə və Bakı şəhər sovetinə seçkilərdə qələbə qazanıb, ixtiyar Şirin də daxil olmaqla 16 nəfər rayon sovetinin, bir nəfər isə Bakı şəhər sovetinin üzvləri seçildilər. Bu, İxtiyar Şirinin Azərbaycanın dövlət müstəqilliyi ugrunda apardığı mübarizəsinin və siyasi fəaliyyətinin birinci nəticəsi idi.



Qaradağ rayon sovetinə və 
Bakı şəhər sovetinə seçkilərdə 

1990-cı il parlament seçkilərində namizədlikləri irəli sürülən və Azərbaycan Respublikasının xalq deputatı seçilən 300 nəfərə qədər  vəzifəli şəxslərin içindən bir neçə nəfər, ocümlədən İxtiyar Şirin seçkilərə Azərbaycanın dövlət müstəqilliyi platforması ilə qatılmışdı. Onun milli və cəsarətli siyasi mübarizəsini digər vəzifəli şəxslər qorxu və vahimə içərisində izləyirdilər. İxtiyar Şirin bu seçkilərdə Azərbaycanın tam dövlət müstəqilliyini tələb edən, cəsarəti ilə seçilən, müstəqil Azərbaycanın dövlət, siyasi, hüquqi, hərbi, təhlükəsizlik, iqtisadi, sosial və başqa sahələrdə quruculuq məsələləri ilə bağlı olan, doğruluguna, mükəmməlliyinə və uzaqgörənliyinə artıq heç bir şübhə yeri qalmayan siyasi platforma ilə çıxış etdi. Maraqlı burasıdır ki, həmin siyasi platformanın Azərbaycan üçün ən doğru yol olduğu əksər siyasi qüvvələr tərəfındən də qəbul edilirdi. Bu siyasi platformanın əsas tezisləri bunlardır :


1. Azərbaycanın siyasi, iqtisadi və digər mənafeləri SSR İttifaqı çərçivəsində təmin edilmədiyinə görə, Azərbaycan xalqının azad, fıravan həyatını qurmaq, onun başı üstünü almış təhlükələrdən xilas ctmək üçün Azərbaycan Respublikasınm dövlət müstəqilliyinin bərpa edilməsi zəruridir;

2. Yeni seçilmiş parlament Azəbaycan xalqının iradəsini ifadə edərək Azərbaycanın istiqlaliyyətini, tam siyasi və iqtisadi müstəqilliyini bərpa etməlidir;

3. Dağlıq Qarabağın, Naxçıvanın və başqa ərazilərin Ermənistanın işğalından müdafiə etmək, respublikanın təhlükəsizliyini, ərazi bütövlüyünü və dövlət müstəqilliyini mudafiə etmək üçün milli ordu yaradılmalıdır;

4. Sülhü, əmin-amanlığı qorumaq, baş verə biləcək təcavüzlərin qarşısını almaq məqsədi ilə bir çox dövlətlərin səylərini və qüvvələrini birləşdirmək üçün SSR İttifaqına daxil olan respublikalarla və digər dövlətlərlə yeni təhlükəsizlik sistemi yaradılmalıdır;

5. Respublikada aşağıdan yuxarıyadək çoxpartiyalılıq şəraitində demokratik prinsiplərə əsaslanan xalq hakimiyyəti yaradılmalıdır;

6. İnsan hüquq və azadlıqlarına tam əməl edilməsi təmin edilməlidir;

7. Mülkiyyətin bütün formaları müdafiə edilməli və onların inkişafı üçün yeni şərait yaradılmalıdır;

8. Qanunverici, icraedici və məhkəmə hakimiyyətinin aynlması təmin edilməlidir;

9. Aşkarlıq, о cümlədən respublika vətəndaşlarının informasiya almaq hüququnun gerçəkləşməsi təmin edilməlidir;

10. Azərbaycan xalqına məxsus olan sərvətlərə, milli gəlirə respublikanın  real sahiblik, sərəncam, istifadə hüququ təmin edilməlidir;

11. Respublika ərazisində yerləşən ittifaq tabeli müəsisələr respublikanın mülkiyyəti elan edilməlidir;

12. 1920-ci ildən başlayaraq respublikadan əvəzsiz ixrac edilmiş sərvətlərin dəyəri, xalqımıza vurulmuş maddi zərər müəyyən edilməlidir;

13. İttifaq xəzinəsindəki almaz və qızıl fondunda respublikamızm milli gəliri hesabına yaradılmış payı müəyyən edilməli və bunların Azərbaycan xalqına qaytarılması təmin edilməlidir;

14. Dövlət mülkiyyətində olan müəsisələr özəlləşdirilməli, özəlləşdirmə zamanı əmək kollektivlərinə üstünlük verilməli və səhmlərin ən azı 51%-i əmək kollektivlərinə verilməlidir;

15. Torpaq kəndlilərin mülkiyyətinə verilməlidir;

16. İşsizlərin sosial müdafiə fondu yaradılmalı, işsizlər 6 ay müddətində axırıncı iş yerindəki orta aylıq əmək haqqı həcmində müavinətlə təmin edilməli, onlara yeni ixtisaslar öyrədilməli, işlə təmin edilməlidirlər;

17. Gündəlik tələbat mallarının qiymətlərinin artımına uyğun olaraq aztəminatlı və çoxuşaqlı ailələrə verilən müavinətlər artırılmalıdır;

18. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna, 1920-ci ildən başlayaraq Azərbaycan torpaqlarının başqa respublikalara verilməsinə, 1990-cı il yanvar ayında sovet ordusunun Bakıda və respublikanın başqa şəhər və rayonlarında törətdiyi cinayətlərə qiymət verilməlidir.


İxtiyar Şirinin müstəqillik uğrunda mübarizəsi 
və milli dövlət quruculuğundakı fəaliyyəti 

İxtiyar Şirinin bu siyasi platformasındakı müddəaların bir çoxu onun özünün xalq deputatı, Milli Şuranın üzvü kimi bilavasitə iştirak etdiyi müstəqillik uğrunda mübarizə və milli dövlət quruculuğu fəaliyyəti nəticəsində gerçəkləşdi və hazırkı dövrdə də bu müddəaların bir hissəsinin, o cümlədən Qarabağın işğaldan azad edilməsi, insan hüquq və azadlıqlarının qorunması, demokratik seçkilərin keçirilməsi, sosial problemlərin həlli, işsizliyin aradan qaldırılması ilə bağlı müddəaların gerçəkləşməsi üçün aparılan siyasi fəaliyyət Azərbaycanın ümumsiyasi fəaliyyətinin tərkib hissəsi kimi siyasi partiyaların gündəliyində qalmaqda davam edir.

Platformada Dağlıq Qarabağın, Naxçıvan Muxtar Respublikasının və Azərbaycanın başqa ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi təhlükəsinin real olaraq mövcud olmasını və bunun  qarşısının alınması üçün milli ordunun yaradılmasının, ölkənin müdafiəsinin gücləndirilməsi üçün Azərbaycanın da daxil olduğu yeni təhlükəsizlik sisteminin qurulmasının zəruriliyini göstərən 4-cü və 5-ci müddəaların irəli sürülməsi onun Azərbaycanın strateji məsələlərini çox dəqiq müəyyən etmək və bu məsələlərin doğru həlli yolunu göstərmək qabiliyyətinin və bacarığının olduğunu göstərdi.

Sonrakı illərdə Ermənistanın Azərbaycana qarşı açıq ərazi iddiaları irəli sürməsi, apardığı işğalçı müharibə nəticəsində Dağlıq Qarabağı, о cümlədən Şuşa şəhərini, habelə Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarını işğal etməsi, Naxçıvaı da işğal etmək üçün cəhdlər etməsi Ermənistanın işğalçı niyyətləri və onların bu niyyətlərinin qarşısının ahnması ilə bağlı İxtiyar Şirinin hələ 1990-cı ildə elan etdiyi siyasi platformasının müddəalarının kifayət qədər doğru olduğunu göstərir. Təəssüf ki, Azərbaycan hakimiyyətlərinin və müəyyən siyasi qüvvələrin bacarıqsızlığı, məsələləri bilməməsi, bəzən isə xəyanətkarlıqları, qorxaqlıqları və fəaliyyətsizlikləri Ermənistana Rusiyanın da yaxından köməkliyi ilə 1991-ci ildən başlayaraq Azərbaycan torpaqlarını işğal etməsinə imkan verdi.

Azərbaycanın müstəqilliyinin tərəfdarı olduğu üçün İxtiyar Şirinin Bakıdan uzaqlaşdırılması məqsədi ilə respublika rəhbərliyi onun Beyləqan rayon prokuroru təyin edilməsinə nail oldu. Ancaq bu, İxtiyar Şirinin parlament fəaliyyətinə mane ola bilmədi. Parlamentdə həm Azərbaycanın istiqlaliyyətinin müdafiəsi, həm də qanun yaradıcılığı ilə bağlı ciddi fəaliyyət göstərməyə başladı. О, 14 mart 1991-ci il tarixdə Azərbaycan Respublikasınm SSR İttifaqı tərkibində saxlanması ilə bağlı Azərbaycan Respublikası Ali Sovetində keçirilən müzakirədə ona qarşı olan təzyiqlərə baxmayaraq, Azərbaycanda belə bir referendumun keçirilməsinə qarşı çıxdı və bu qərarın əleyhinə səs verən 43 deputatdan biri, vəzifəli şəxslərin içərisində isə 3 deputatdan biri oldu.


İxtiyar Şirin & Adil İrşadoğlu

Yazı 09.10.2014-cü ildə hazırlanmışdır.

18.11.2022-ci ildə yenidən redaktə olunaraq çap edilmişdir. 


Ardı var...


DOSTUM İXTİYAR ŞİRİN ŞƏRƏFLİ BIR NƏSLİN DAVAMÇISI İDİ...


(Birinci məqalə)

 


İxtiyar Şirin (1972-ci ildə)


Milli Konqres partiyasının sədri İxtiyar Şirin Azərbaycanın milli şəxsiyyəti kimi tərbiyəsini öz ailəsində - atası Əlibala Şirinovun yanında alıb. Türk tayfası Barlaslardan olan Əmir Teymur Azərbaycanı idarə etdiyi dövrdə Qarabağı bir siyasi mərkəz halına gətirmişdi. Əmir Teymurun göstərişi ilə Qarabağda moğol yürüşlərindən sonra dağılmış Beyləqan şəhərinin bir hissəsi 1403-cü ildə bir ay ərzində bərpa edilmiş və yenidən tikilmiş, Araz çayından Beyləqan şəhərinə qədər uzunluğu 40 kilometr olan böyük Barlas arxını bir ay ərzində çəkdirmişdi. Beyləqan şəhəri Teymur imperatorluğu dövründə bu dövlətin qeyri-rəsmi paytaxtına çevrilmişdi. Əmir Teymur dövlətinin özəyini təşkil edən Barlaslar da doğma Xalaçlarla birlikdə həmin dövrdən Beyləqanda yurd saldılar. Barlaslar Azərbaycanda Teymur imperatorluğunun hakimiyyəti tamamlandıqdan sonra Səmərqəndə geriyə dönmədilər, Beyləqanda yaşadılar. 1920-ci illərin əvvəllərində Beyləqanda Əlibala Şirinovun atası barlas Abdul Şirin oğlunun və əmisi Cahangir Şirin oğlunun təsərrüfatında üç minə qədər qoyun, mal-qara və əkin sahələri var idi. Onlar qoyun, mal-qara saxlamaqla yanaşı əkinçiliyə də çox üstünlük verir, yığdıqları taxılı, düyünü və başqa məhsulları bazara göndərirdilər. Onların evi kasıb, kimsəsiz, yetim, imkansız insanların pənah yerinə çevrilmişdi. Bu evə yardım istəməyə gələn əli boş geri dönməzdi. Əhli-beyt həyatı yaşayan Barlasların evi ocaq hesab edilirdi.

 


Əlibala Abdul oğlu Şirinov (14.10.1928 - ci ildə)

Əlibala Abdul oğlu 1925-ci ildə 19 yaşı olanda özünün 22 yaşı olduğunu bildirib Azərbaycan Milli Taburuna hərbi xidmətə girmiş, həmin vaxtdan babası Şirinin adı ona soyadı olaraq verilmişdi. 1927-ci ildə o, hələ hərbi xidmətdə olan zaman Beyləqanda onların evinə böyük bir basqın olmuş, atası Abdul və əmisi Cahangir öldürülmüş, qardaşı Baxış oğurlanmış, var - dövlətləri talan edilmişdi. Bu xəbəri alıb evlərinə dönən Əlibalanı da qətlə yetirmək üçün onların evinə basğın edilmiş, lakin o, öz qoçaqlığı sayəsində basqınçıların təqibindən qurtarmışdı. Hərbi xidmətə davam etmək üçün   geriyə dönən Əlibala Şirinov 1927-ci ildə xəstələndiyinə görə ali hərbi məktəbə gedə bilməmiş, həmən il də hərbi xidmətini başa vurub evlərinə gəlmişdir. Evləri və təsərrüfatları dağıdılmış olan Əlibala Şirinov Beyləqanda doğma Xalaç camaatı ilə birlikdə qurduqları Dünyamallar kənd sovetində mühasib, kənd soveti sədri, 1935-1936-ci illərdə Gödəklər kəndində qurulan kolxozun sədri, 1936-cı ildən 1971-ci ilədək öz doğma kəndi Dünyamalılarda, sonralar Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədovun adı ilə adlanan kolxozun sədri olmuş, 1947-cı ildən başlayaraq vəfat etdiyi 1973-cü ilə qədər altı dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmiş, 1952-ci ildə ona Sosialist Əməyi Qəhramanı adı verilmiş, iki Lenin ordeni, Şərəf Nişanı ordeni, SSRİ-nin başqa orden və medalları ilə təltif edilmişdir.


Əlibala Abdul oğlu Şirinov (1939 - cu ildə)

Əlibala Şirinovun Azərbaycanda həm xalqın arasında, həm də respublika rəhbərliyinin içərisində hörməti və nüfuzu o qədər böyük idi ki, o, lazım olanda respublikanın mühüm işləri ilə bağlı məsələlərdə də öz mövqeyini bildirir və bu mövqeyini müdafiə edirdi. Bu cür məsələlərdən biri  SSRİ-nin rəhbəri İosif Stalinin 1953-cü ilin mart ayında vəfat etməsindən sonra olmuşdu. 1948-1952-ci illərdə SSRİ rəhbərliyinin  qərarı ilə yüz minlərlə azərbaycanlıların Ermənistandan deportasiya edilməsindən sonra SSRİ Nazirlər Sovetinin rəhbərliyi Azərbaycan SSR Nazirlər Sovetinə Azərbaycanın istifadəsində olan Ermənistanın  ərazisindəki yüz minlərlə hektar torpaq sahəsinindən istifadə etməsinə son verməsi tələbi ilə tapşırıq vermişdi. Moskva bu tələbini son illərdə xarici ölkələrdən Ermənistana xeyli erməni ailələrinin gəlməsi ilə, buna  görə də onlara iş və yaşayış şəraitinin yaradılması zərurətinin yaranması ilə əsaslandırmışdı. Moskvanın bu tələbi  Azərbaycan SSR Nazirlər Sovetinin iclasında müzakirəyə çıxarılmışdı. Nazirlər Sovetinin  iclasında Mircəfər Bağırov bu tələb barədə məlumat verib, iclasda iştirak edənlərə bu barədə çıxış etməyi təklif etmişdir. Müzakirədə çıxış edənlərin hamısı bu torpaqlara Azərbaycanın ehtiyacının olmadığını, Azərbaycanın Ermənistan torpaqlarından istifadə etməsinə son verməsinin doğru olacağını, buna görə də Azərbaycan SSR Nazirlər Sovetinin belə qərar qəbul etməsini təklif etmişdilər.  Respublika rəhbərliyindən,  rayon və şəhər rəhbərlərindən iclasda çıxış edənlər həmin torpaqlarda min illər ərzində Azərbaycanlıların yaşadığını, bu torpaqların tarix boyu Azərbaycanın təsərrüfat və iqtisadi fəaliyyətinin tərkib hissəsi olduğunu heç yada da salmamışdılar. Həmin iclasda vəziyyətin çox acınacaqlı olduğunu görən Əlibala Şirinov iclasda çıxış etmək üçün söz istəmişdir. Tribunaya çıxan Əlibala Şirinov öz çıxışında Mircəfər Bağırova müraciət edərək belə bir qərarın qəbul edilməsinin doğru olmayacağını bildirmişdi. O, öz çıxışında demişdi ki, onun özünün rəhbərlik etdiyi kolektiv təsərrüfatın 50000 (əlli min) qoyunu var. Əgər Ermənistan ərazisində onların istifadəsində olan otlaqlar olmasa, bu qoyunları saxlamağa yer olmayacaq və bu heyvanlar tələf olacaq. Ona görə onun özü belə bir qərarı yerinə yetirə bilməyəcəkdir.

Butun Qarabağın, Gəncə ətrafının və Qazax mahalının tarixi yaylaq torpaqlarının əsas hissəsi Azərbaycandan alınaraq Ermənistana birləşdirildiyi üçün belə bir acınacaqlı vəziyyət yaranmışdı. Azərbaycan hakimiyyəti Moskvanın bu tələbi ilə razılaşıb, bu torpaqların istifadəsindən də imtina etsəydi, Azərbaycanda milyondan çox qoyun, mal-qara dərhal kəsilməli idi. Bunun nəticəsində isə Azərbaycanda çox ciddi ərzaq qıtlığı yaranacaqdı. Əslində Əlibala Şirinov bu çıxışında təkcə öz təsərrüfatını yox, butun Azərbaycanı müdafiə etmişdi.

Əlibala Şirinovun dediklərini dinlədikdən sonra Mircəfər Bağırov əsəbi halda tribunaya yaxınlaşmış və ona demişdi ki, Siz nə cürətlə SSRİ rəhbərliyinin verdiyi təklifin əleyhinə çıxırsınız? Bilmirsiniz ki, mən Sizi elə buradaca güllələyərəm. Sonra o, Əlbala Şirinovun tribunada sakit və təmkinli dayandığını görüb, ona zaldakı yerinə getməsini bildirmişdi. Bundan sonra heç bir çıxış olmamış, qərar qəbul edilməsi üçün fasilə elan edilmişdi. Fasilədən sonra qəbul edilən qərar səsləndiriləndə isə iclasda olanların hamısı bu qərarı təəccüblə qarşılamışdılar. Qəbul edilən qərar əksəriyyətin dediyinin əksinə, Moskvanın etdiyi tələbə qarşı Əlibala Şirinovun etirazına uyğun qəbul edilmişdi. Azərbaycan SSR Nazirlər Soveti SSRİ Nazirlər Sovetinə belə bir qərar qəbul edə bilməyəcəyini, Ermənistan ərazilərində olan otlaq torpaqlardan imtina edə bilməyəciyi bildirmişdi. Bu məsələ bununla da qapanmış, 1985-ci ildə Azərbaycan rəhbərliyi Moskvanın eyni tələbini qəbul edənə qədər bu torpaqlar Azərbaycanın istifadəsində qalmışdı. 1985-ci ildə Azərbaycan rəhbərliyi bu torpaqlardan imtina etməsi ilə bağlı razılıq qərarı qəbul edərkən, bu qərara Azərbaycan rəhbərliyindən heç kim etiraz etməmişdi. Bu qərarın qəbul edilməsindən dərhal sonra Azərbaycanın kənd təsərrüfat müəsisələrində yüz minlərlə mal-qara və qoyun kəsilərək ləğv edilmişdi. Ancaq 1953-cü ildə isə SSRİ-nin repressiv rejiminin tüğyan etdiyi ağır dövdə tək bir nəfərin - Əlibala Şirinovun öz ölümünü gözə alıb Moskvanın tələbinə qarşı çıxması  Azərbaycanın xeyirinə qərar qəbul edilməsi ilə nəticələnmişdi.

Ermənistanın 1985-ci ildə SSRİ rəhbərliyinin köməyi ilə Azərbaycanın istifadəsində olan torpaqları ondan alması 1988-ci ildən Azərbaycana qarşı başlanacaq ərazi iddialarının, işğalçı müharibənin birinci mərhələsi oldu.

Əlibala Şirinov həm Azərbaycanda, həm də SSRİ məkanında heç kimin görə bilmədiyi quruculuq işləri gerçəkləşdirdi. O, özünün rəhbərlik etdiyi kollektiv təsərrüfatın əldə etdiyi gəlirin hesabına 1957-ci ildən başlayaraq   məktəbləri, xəstəxanası, uşaq baxçası, evlərində telefonları, gecə işıqlandırılan asfalt küçə və səkiləri olan 500 müasir iki mərtəbəli daş evlərdən tikilmiş bir kənd saldı. Sonrakı bir neçə il ərzində hər birində soyuducu və televizoru olan 1000 evli müasir bir kənd yarandı. Bu kəndə təkcə Moskvadan və SSRİ-nin başqa-başqa yerlərindən yox, Avropanın sosialist ölkələrindən də gəlib, görülən işlərə heyranlıqla baxırdılar.

Əlibala Şrinov həyatı boyu öz vətəni üçün bir çox vacib məsələlərin həllində doğru qərarların qəbul edilməsinə çalışmış və  buna nail olmuşdur. O, həmişə insanları müdafiə etmiş, onların haqsız cəzalandırılmasının qarşısını almışdır. Əlibala Şirinovun rəhbərlik etdiyi təsərrüfatın və öz qazancının böyük bir hissəsi yetimlərin, tənha yaşlı adamların, başqa imkansızların, ali məktəblərdə təhsil alan tələbələrin ehtiyaclarınan ödənməsi üçün sərf edilirdi. İkinci Dünya Müharibəsi başladıqdan sonra 1941-ci ildə cəbhəyə yola düşən Əlibala Şirinov Azərbaycan SSR hökumətinin qərarı ilə ölkənin ərzaqla təmin edilməsi zərurəti olduğu üçün öz iş yerində qaytarılır və o, müharibə illərində ölkənin ərzaqla təmin edilməsi üçün çox böyük işlər görür. Müharibə illərində və müharibədən sonrakı illərdə də Əlibala Şirinov  Azərbaycanın hər yerindən çörək dalınca Dünyamalılara onun yanına gələn minlərlə insanları geriyə əliboş qaytarmamışdı.

Azərbaycanın siyasi, təsərrüfat, elmi və mədəni elitasının, zəhmətkeş insanların, bütün elin və camaatın böyük hörmətini qazanan Əlibala Şirinovun Dünyamalılar kəndindəki evi, eyni onu əcdadları olan Barlasların,  onun atası Abdulun və əmisi Cahangirin evləri kimi, insanlar üçün bir ocağa çevrilmişdi. Bilavasitə öz evlərində uşaq vaxtlarından Azərbaycanın rəhbərliyi və başqa mühüm adamları ilə tanış olması, Azərbaycanın məsələləri ilə bağlı söhbətləri dinləməsi, atasının insanlara və vətənə xeyir verən işlərinin şahidi olması 1952-ci ildə anadan olmuş İxtiyar Şirini çox gənc yaşlarından insanlara və Azərbaycana bağlı bir şəxsiyyət kimi yetişdirmişdi.

Əlibala Şirinov 3 noyabr 1973-cü ildə vəfat etdikdə dövlətin qərarı ilə Bakı şəhərində İkinci fəxri xiyabanda dəfn edildi. Onun vətənə və insanlara xidmət yolunu oğlu İxtiyar Şirin davam etdirdi.


Fitat Məhəmməd qızı Şirinova (1957-ci ildə)

İxtiyar Şirinin anası Fitat xanım ( doğum tarixi 1919-cu il ) Qarabağın tanınmış, var-dövlətli  şəxsiyyətlərindən biri olan Qaradolaq tayfasından Kərbalayı Nəsirin nəvəsi idi. Çox böyük var-dövlət sahibi olan Kərbalayı Nəsirin indiki Xocavənd ərazisindəki torpaqlarında yerləşən mülkündəki qoyunların sayı on mindən çox idi. Kərbalayı Nəsir vəfat etdikdən sonra onun oğlu Məhəmməd Kərbalayı Nəsir oğlu (Fitat xanımın atası) öz qardaşları ilə bu təsərrüfatı, var dövləti iki dəfə artırdılar. Əliaçıq bir nəsil olan bu ailə hər zaman yoxsullara, kimsəsizlərə, imkansızlara əl tutur, yardım edirdilər. Onlar  öz səxavətləri ilə hamının hörmətini qazanmışdılar. Azərbaycanda Sovet hakimiyyətinin gətirdiyi qaydalarla barışmayan bu ailənin at belində beşatlan tüfəngləri ilə öz azad həyatını qoruyan gənc oğullarının əksəriyyəti rus əskərləri tərəfindən təqib edilərək qətlə yetirildilər. Bu qətliamlardan salamat qurtaran  Məhəmməd Kərbalayı Nəsir oğlu və ailənin başqa kişiləri də bu təzyiqlərə və itkilərə dözə bilməyib, çox gənc yaşlarında vəfat etdilər. Fitat xanımın Xalaç tayfasından olan anası Aftab xanım körpə uşaqlarını və əlində qalan var-dövlətini götürüb Xalaç elinə, qohumlarının yanına getdi, uşaqlarını burada böyütdü, təhsil almalarına hər cür şərait yaratdı. Belə bir ailədən olan Fitat xanım Əlibala Şirinovla ailə qurduqdan sonra çox ağıllı, çox bilikli, çox zəhmətkeş və çox qayğıkeş bir qadın olaraq öz ovladlarının tərbiyəsinə və təhsilinə xüsusi fikir verirdi. İxtiyar Şirin belə bir ailədə yetişdi, tərbiyə olundu.

1977-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirən İxtiyar Şirin işləmək üçün təyinat aldığı prokurorluqda təmiz və ədalətli fəaliyyətinə görə qısa zaman ərzində ardıcıl və davamlı xidməti karyera qazandı. l977-1984-cü illərdə Xətai rayon prokurorlugunun müstəntiqi, sonra baş müstəntiqi, Bakı şəhər prokurorlugıında şöbə prokuroru, Qaradağ rayon prokurorunun müavini vəzifələrinə irəli çəkildi. 1985-ci ildə Bakı şəhəri Yasamal (Oktyabr) rayon prokuroru vəzifəsini icra etdikdən sonra, l986-cı ilin yanvar ayında Qaradağ rayon prokuroru təyin edilən İxtiyar Şirin qısa zaman ərzində rayon sakinlərinin hörmətini və etimadını qazandı.


İxtiyar Şirin & Adil İrşadoğlu

Yazı 23.09.2014-cü ildə hazırlanmışdır.

17.11.2022-ci ildə yenidən redaktə olunaraq çap edilmişdir.

Ardı var...

 

TURAN ELİNƏ AĞIR İTKİ ÜZ VERDİ



İxtiyar Əlibala oğlu Şirin

2022-ci ilin Noyabr ayının 14-dən 15-nə keçən gecə 50 ildir dostluq etdiyim imanlı, ədalətli, sədaqətli, mehriban, səmimi, təvazökar, sevimli insan İxtiyar Şirinlə bağlı eşitdiyim acı xəbər məni çox üzdü. Hələ də özümə gələ bilmirəm. O, uzun müddət idi ki, ciddi xəstəlikdən əziyyət çəkirdi.

İxtiyar Şirinov son vaxtlara qədər Milli Konqres Partiyası adlı siyasi qurumun rəhbəri idi.

İ.Ə.Şirinov 24 iyul 1952-ci ildə Beyləqan rayonunda anadan olub. 1972-1977-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində ali təhsil alıb. AXC hakimiyyəti dövründə əvvəlcə dövlət müşaviri, sonra baş prokuror (1992–1993-cü illərdə) vəzifəsində çalışıb.

Həqiqətən Azərbaycana və Azərbaycan xalqına ağır itki üz verdi. İxtiyar Əlibala oğlu Şirinov deyirdi ki, vətəndaşlarımızın hüquq və azadlıqlarını qorumaq hər bir siyasətçinin vəzifəsidir. Siyasətçi öz vətəninin mənafeyini daim müdafiə etməlidir...

 Vətənimiz öz ləyaqətli oğlunu, unudulmaz şəxsiyyətini itirdi. Heyf... Allah rəhmət eyləsin. Məkanı cənnət olsun. İxtiyar bəyin ailəsinə, doğmalarına, qohumlarına və dostlarına öz adımdan, ailəm adından dərin hüznlə başsağlığı verirəm. Əlvida qardaş. O dünyada görüşənədək !


Adil İrşadoğlu (Əliyev).

Bakı, 15 noyabr 2022.


10 Kasım 2022 Perşembe

SÖZÜN TABLOSU - MUSTAFA ÇƏMƏNLİ YAZIR...

Mustafa Çəmənli 


Ömrümün 40 ildən çoxu nəşriyyatlarda keçib. Bu 40 ildə çox kitabların redaktoru olmuşam. Sayını belə unutmuşam. Duman çəmənliyə necə hopursa, mənim də ömrümün anları redaktoru olduğum kitabların səhifələrinə eləcə hopubdur. 

Redaktoru olduğum  sonuncu kitab görkəmli şairimiz Ramiz Məmmədzadənin "Bir ömürdü, o da keçdi beləcə..." kitabıdır. Ramiz Məmmədzadə sözün qədrini, çəkisini, dəyərini bilən, onu daim urvatlı tutan şairdir. Ramiz müəllimin "Bir ömürdü, o da keçdi beləcə..." kitabında toplanmış şeirlərini, bədii publisistik məqalə və esselərini oxuyanda onun şair ömrünün heç də bəhrəsiz olmadığını, yaradıcı duyğularla keçdiyini gördüm. Öz sözü ilə desək, mənzərə daha aydın olar:

İşıq umdum hər açılan səhərdən, 

Arxasınca ha yüyürdüm, ha qaçdım.

Kimsə məni aşıranda yəhərdən,

Mən əl atıb üzəngidən yapışdım.

Bir ömürdü,

O da keçdi beləcə...


Dağa baxdım papaq düşdü başımdan,

Fəqət yenə dayanmadım, yeridim...

Neçə atlı çapıb keçdi qarşımdan,

Mən bu yolda suya döndüm, əridim...

Bir ömürdü,

O da keçdi beləcə...



Ramiz Məmmədzadə 

 Şairin sözlə çəkdiyi tablonu göz önünə gətirdinizmi? Ramiz Məmmədzadə vətəndaş şairdir. Mən bu sətirləri yazarkən xəyalən 1990-cı ilə qayıtdım. Elə bildim Dağüstü parkdayam, 20 Yanvar şəhidlərini anmağa gələnlərə Ramiz Məmmədzadənin kiçikhəcmli, lakin kədər, qürur dolu "O gecə" kitabını paylayırdılar. Yadımdadı, "O gecə" poeması 1990-cı ildə "Gənclik" nəşriyyatında 100 min tirajla çap edilmişdi. O da yadımdadır ki, Ramiz Məmmədzadə ona çatası qələm haqqını Şəhidlər xiyabanının tikinti fondunun hesabına köçürtmüşdü. 

"Bir ömürdü, o da keçdi beləcə..." deyən şair kitabında toplanmış şeirlərində, publisistikasında kimləri anmayıb, kimləri yada salmayıb. "Ağdamın baməzə adamları" silsiləsindən oxuduğum şeirlər gözəgörünməz mələklər kimi məni Ağdamlı günlərə qaytardı. Ağdamlıların yaxşı tanıdığı - unudulmaz ədibimiz Əbdürrəhim bəy Haqverdiyevin "Mirzə Səfər", "Şeyx Şəban", "Haqq Mövcud" hekayələrinin qəhrəmanları kimi koloritli, sadə, səmimi insanları - "Dəli" Dilbəri, Uzun Əbişi, Forslu Rəşidi, Poto Çərkəzi, Xasay kişini, Dəmirçi Şəmili, Faytonçu Çərkəzi bir daha görüb seyr etdim. Erməni faşistlərinin Ağdamı işğal edərkən yurdundan, doğma mühitindən perik saldığı bu insanların xarakterik xüsusiyyətləri Ramiz müəllimin silsilə şeirlərində əbədiləşibdir. Bu silsilə şeirlərdə o insanlar doğma şəhərlərində, öz yurd-yuvalarındadırlar. 

"Bir ömürdü, o da keçdi beləcə..." torpağını, yurdunu, Vətənini canından artıq sevən vətəndaş şairin məhəbbətinin, nisgilinin, nigarançılığının, ümidinin müasirlərinə, gələcək nəsillərə ünvanladığı ismarıcların dəyərli toplusudur. 

Budur, neçənci dəfədir kitabını vərəqləyirəm, bəzi səhifələri təkrar oxuyuram: "Bahar fəsli qəfil çiçəklənmiş ağac görəndə keçirdiyim hissi keçirirəm". Bu sətirləri oxuyanda sanki mən də bahara qovuşdum. Xəyalımda Ramiz Məmmədzadənin səsi canlandı:

"Hanı torpağım, anam Qarabağım? Hanı Şuşam, hanı Ağdamım, hanı küçəm, hanı ata evim, hanı oxuduğum 1 nömrəli məktəb, hanı qohum-qardaşım, hanı bağlar, bağçalar, hanı babam, nənəm uyuyan Qarağacı qəbiristanlığı, hanı göylərə qalxan Ağdam - Şuşa - Laçın yolları? Ha boylanıram, ha baxıram, görə bilmirəm".

Siz bu sətirlərdəki səssiz qəlb hıçqırtılarını eşidirsinizmi? Sizi bilmirəm, mən eşidirəm. Bu sətirləri yazanın qəlb çırpıntılarını duymadan oxumaq olarmı? "Ağdam - ruhum, canım, arxam, həyanım, ümid yerim, beşiyim, məzarım" deyən Ramiz Məmmədzadənin zahirən sərt görünən surətinin arxasında incə bir ürəyin döyüntüsünü görməmək insafsızlıq olar. Ağdam işğaldan azad olunandan sonra: "Mən Ağdama - evimizə sonsuz istəklərlə dönmək arzusundayam" deyən Ramiz müəllimin bu arzusu 28 il doğma yurdun həsrəti ilə yaşayan hər bir ağdamlının istəyinin ifadəsi deyilmi?! 

Ramiz Məmmədzadənin 272 səhifəlik kitabında onun poetik ruhunun zərifliyinin ifadəsi olan çeşidli, rəngarəng şeirləri, pafosdan, şişirtmədən uzaq xatirələri ilə yanaşı, akademik Rafiq Əliyevə, şair, Əməkdar incəsənət xadimi Çingiz Əlioğluna, Xalq yazıçısı Elçinə, Xalq şairi Vahid Əzizə, yazıçı-jurnalist Rafiq Hacıyevə, filologiya elmləri namizədi, el ağsaqqalı Sadıq Murtuzayevə, millət vəkili Aqil Abbasa, şair-dramaturq Ramiq Muxtara, dostu Dilafətə  ünvanladığı ədəbi məktublarında, vida esselərində qələmdaşlarının yaradıcılıqlarına, şəxsiyyətlərinə sayğı dolu fikir və mülahizələri ilə tanış oluruq.

"Bir ömürdü, o da keçdi beləcə..." kitabını həm də Ramiz Məmmədzadənin ömür kitabı adlandırmaq olar. Şair "Unudulmazım" adlı xatirəsində dünyasını vaxtsız dəyişmiş ömür-gün yoldaşı Həqiqət xanımla tanışlığından, onunla ailə qurmağından, oğul-qız valideyni olmaqlarından, xanımını əbədi itirdiyi o ağır gündən söz açaraq yazır: "1993-cü ilin qışında dünya sökülüb dağıldı. Yer, göy bir-birinə qarışdı...

Həqiqət son günləri ilə çırpınırdı... Həmin ilin qarşıdan gələn yaz aylarında unudulmaz Həqiqətin 53, Firuzə qızımızın 13 yaşı tamam olacaqdı..."  

Bu sadə, amma kədərli sətirləri oxuyub duyğulanmışdım. Telefon açıb, qəm yemə, Ramiz müəllim, qəzavü-qədərdən kim qaça bilib ki, demək istəyirdim. 

Həmişə nikbin ovqatda gördüyüm Ramiz müəllim atası Yaqub Məmmədovun 18 fevral 1943-cü ildə Rusiyanın Oryol vilayətində həlak olması xəbərini eşidəndə 12 yaşında olub. Çox sonralar bilib ki, leytenant rütbəsi daşıyan atası 74-cü atıcı alayın siyasi hissə üzrə komandir müavini olub. 12 yaşlı yeniyetmə üçün 34 yaşlı atanı itirməyin nə demək olduğunu yəqin ki, təsəvvür etmək çətin olmaz. 22 yaşında ərini itirmiş Zəhra xanım bir daha ailə qurmamış, min bir zəhmətlə körpələrini böyütmüşdür. Faşist xislətli ermənilər Ağdamı işğal etdikdən sonra Zəhra xanım da Bakıda köçkün həyatı yaşamışdı. Min təəssüf ki, minlərlə köçkün kimi Zəhra anaya da Qarabağın işğaldan azad olduğu mübarək günü görmək qismət olmadı. 2003-cü ildə Bakıda haqqa qovuşdu. Anasının keşməkeşli həyatını yana-yana xatırlayan Ramiz Məmmədzadənin aşağıdakı sətirlərindən təsirlənməmək olmur: 

"Ah, yazıq anam, müdrik anam, birinci sinfə belə getməyən bilikli anam, ruhun sevinsin, indi Ağdama, evimizə, küçəmizə qayıdırıq... Birmərtəbəli, kürsülü, üçgözlü ata evimizin həlak olduğu dəqiq tarix yadımdadır - 16 yanvar 1993-cü il. Şeytan erməni sürüsünün Ağdama soxulmasına hələ yeddi ay vardı..." 

Beləcə, həyatın hər üzünü görmüş Ramiz Məmmədzadə öz gücünə, xeyirxah adamların sayəsində ali təhsil almış, uzun illər Mərkəzi Komitə və Nazirlər Kabinetində, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Maarif evində məsul vəzifələrdə çalışmışdır. 

44 günlük Vətən müharibəsinin zəfərlə başa çatmasını hamı kimi Ramiz Məmmədzadə də böyük sevinc, qürur hissi ilə qarşılamışdır. Kitabında dərc etdiyi "Ağdamda evimiz" məqaləsində yazır:

"O günü - 23 noyabr 2020-ci ildə cəngavər Prezidentimiz İlham Əliyev və fəxrimiz, vüqarımız Mehriban xanım yaralanmış, təhqir edilmiş, yazıq günə qalmış Ağdam Cümə məscidini ziyarət edəndə baxıb ağladım, elə bil yuxu görürdüm, möcüzəyə düşmüşdüm nəydi...

Ali Baş Komandanımız məscidin rəngi qaçmış həyətində haqsızlığa, zülmə qarşı üsyan edirdi, erməni eybəcərliklərini, onların faşist xislətini faktlarla ayaqlar altına çırpırdı. Qalib bir millətin zəfər himnini ucadan oxuyurdu... Haqqın, ədalətin təntənəsini bütün planetə bəyan edirdi...

Mən ağlayırdım, əfsanəvi qələbə həyəcanından, torpaq, yurd-yuva həsrətinin yanğısından od almışdı məni". 

"Bir ömürdü, o da keçdi beləcə..." kitabı haqda bu kiçik təəssüratımı müəllifin öz poetik pıçıltıları ilə bitirmək istəyirəm:

Gilas əkdim,

sığal çəkdim başına, 

Çata ömrüm nola gilas yaşına...

Nə yaxşı ki sən çıxmısan qarşıma,

Sənin bəxtin mən özüməm, bilsənə,

Gilas vaxtı durub bizə gəlsənə.


4 yanvar 2022-ci il

6 Kasım 2022 Pazar

ADİL İRŞADOĞLU / BOZ QURD AİLƏSİ MEŞƏDƏ ƏN NÜMUNƏVİ AİLƏ SAYILIR




...Arxeoloqların və təbiətşünasların yazdığına görə insanın qurdla birgəyaşayışının vaxtı 14 min il əvvələ gedib çıxır. Canavarlar ən çox 20 il ömür sürərlər. Dişi qurdun bədənində dölü 60 günə yetişib dünyaya gələr. Bala qurdun gözləri 12 günə açılar. 20-ci günü isə iybilmə xüsusiyyəti gələr. Elə ki burnuna qoxu dəydi, 21-ci günü yuvasından çıxar yavru qurd balaları. 12 həftə tamam oldumu, anasından və ata qurddan ovlamaq öyrənərlər. Qurd ailəsi meşədə ən nümunəvi ailə sayılar. Onlar qış fəslini sürü halında yaşayar, yazda isə kiçik qruplar halında ətrafa yayılarlar.

Yaxşı, bəs görəsən türk insanının meşələrin müdriki olan bozqurda bu qədər sevgisinin mənbəyi haradan gəlir!? Biz dünyanın nə əvvəlini, nə də sonunu bilərik. Lakin günümüzə qədər gəlib çıxan mənbələrdə var olan, güclü olan türk qəhrəmanlarının hər birinin əfsanəsində bir qurd, göy qurd, boz qurddan törəmə obrazı vardır. Bu artıq türk milli şüurunun özünüdərkidir.

Milli mücadiləyə qalxan hər bir türk oğlu, türk milləti qurtuluşu dində deyil, əzmdə, şücaətdə gördü. Boz qurdu ona görə sevdi ki, yaranışından xasiyyətində köləlik olmadı, haqq-ədalət savaşları, yurd savaşları, azadlıq savaşları apardı. Hansı türk qəhrəmanlıq tarixini, daş yazıları, kitabələri, dəri məktubları oxuduqsa, orada baş qəhrəmanın bozqurdun südünü əmdiyini və ya bozqurddan doğulduğunu gördük. Hunlardan, Göytürklərdən, Uyğurlardan , Çingizlərdən, Xakaslardan, Yakutlardan qalan yazıların hamısında bir qurd obrazı vardır. Bu inancın yayıldığı areal isə Mete xanın yaşadığı Altaylardan Sibirə, Mərkəzi Asiyaya, Balkanlara qədər uzanır...


A.Irşadoğlu Əli & REALİST ADİL


ADİL İRŞADOĞLU / ANS-in "QULP" VERİLİŞİNDƏ AŞIQ YEDİYAR...


Aşıq Yediyar Baba Pünhanın 
yazdığı şeirləri mahnı ilə ifa edir...



Aşıq Yediyar Baba Pünhanın 
yazdığı şeirləri mahnı ilə ifa edir...