24 Mart 2024 Pazar

"AZTV / RETROBRİQADA" FƏALİYYƏTDƏDİR


Mən Adil ilə necə tanış oldum?



Fikrət Hüseynov və Adil İrşadoğlu


1972-ci ildə Televiziyanın foyesində çox yaraşıqlı, ciddi bir həmyaşıdıma rast gəldim. Görkəmi və geyimi ilə hamıdan seçilən bu gəncin əynində bahalı ratin palto, əlində o vaxtlar çox dəbdə olan kofe rəngində əl çantası (diplomat) var idi. Foyedə onunla rastlaşanlar dönüb həsədlə arxasınca baxırdılar. Ağlıma da gəlməzdi ki, biz nə vaxtsa birlikdə çalışacayıq və dost olacayıq.

Bir neçə gündən sonra onunla Televiziyanın "Sənaye Verilişləri Şobəsi"ndə görüşdük. Dedi ki, tələbəyəm. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində ali təhsil alıram. Radio və Televiziya üçün süjetlər, oçerklər hazırlayıb efirdə göstərilməsini istəyirəm. Televiziyanın "Sənaye Verilişləri Şobəsi"nin müdiri Seyfulla Hənifə oğlu Cəfərov tələbə olmağıma baxmayaraq mənə şöbə ilə əlaqə saxlamağı, əməkdaşlıq etməyi təklif etdi. Ona görə də burdayam və Seyfulla müəllimin tapşırığını gözləyirəm. Adil Seyfulla müəllimdən tapşırıq alandan sonra biz çəkilişə birlikdə getdik...

O vaxtdan - 1972-ci ilin payızından 1997-ci ilin sonunadək (25 il) Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində birlikdə çalışdıq. 50 ildən çoxdur ki, dostluq edirik.




Bizim bir dostumuz da var. Allah onu və ailəsini qorusun. Fərhad Bəybala oğlu Naibov ölkənin tanınmış rejissorlarından biridir. O, hələ də AzTv-də işləyir. Fərhad Naibov da Adil ilə 25 il birlikdə çalışıb. Adil ilk oğlunun adını dostunun şərəfinə FƏRHAD qoyub. Onun işi çox olduğundan vaxt tapıb bizimlə görüşə bilmir. Bir-birimizin halı, səhhəti ilə yalnız telefon vasitəsilə maraqlanırıq. Ancaq Adil çox istiqanlıdır. Vaxtaşırı hörmət bəslədiyi sabiq iş yoldaşlarını bir masa arxasına çağırır, onların görüşünü təşkil edir və hamımızı sevindirir. Adil bəy, Facebook sosial şəbəkəsində "AZTV / RETROBRİQADA" yaradıb. Briqada fəaliyyətdədir. Keçmiş AzTvçilərdən kim maraq göstərsə Adil bəyə müraciət edə bilər.

Dostluğumuzun bu 50 ilində Adil İrşadoğlunun əsl vətənpərvər olmağının çox yerdə şahidi olmuşam. Azərbaycanın bütün rayonlarında, Moskvada, Riqada, Kiyevdə və sair yerlərdə onunla ezamiyyətdə olmuşuq. Adil çox səmimi insan, səmimi yol yoldaşıdır.  Küllü Qarabağ erməni-rus işğalından azad edildikdən sonra o, telefonda sevincini mənimlə bölərək heç bilirsiniz nə dedi? Dedi ki, "Fikrət, artıq dünyanın hər yerində qürurla, fəxrlə deyə biləcəyəm ki, mən qarabağlıyam. Bu əlamətdar hadisədən sonra mən ömrümün axırınadək Ali Baş Komandanımıza, milli ordumuzun və daxili qoşunlarımızın əsgər və zabitlərinə, qazilərimizə və unudulmaz şəhidlərimizə borcluyam". Onun bu sözlərini dinləyə-dinləyə Adilin 1-ci Qarabağ müharibəsi zamanı cəbhə bölgələrində əsgər və zabitlərimizə nitqi ilə, çağırışı ilə necə sarsılmaz ruh verdiyi anlar yadıma düşdü. Sanki səngərdəki əsgərlərin komandiri Adil idi...

Bu yazımı - səninlə bağlı xatirəmi 2023-cü ilin 31 dekabrında sənə göndərdim. Bu, təsadüfü deyil. Dünya azərbaycanlılarının Həmrəylik Günüdür. Həmrəyliyimiz daim möhkəmlənsin. Bilirsən ki, həmrəylik bayramı ilk növbədə azərbaycançılıq ideologiyasına söykənir. Son illərdə bu ideologiya müstəqil Azərbaycanın çiçəklənməsinə və dünya azərbaycanlılarının özünüdərkinə təkan verən güclü bir amilə çevrilib. 


Yaşa, var ol, qardaş. Əminəm ki, sən Tanrının sevimli bəndəsisən !


Fikrət Altay oğlu Hüseynov.

AzTv-nin sabiq 1-ci dərəcəli kinooperatoru.

31.12.2023. / 12-00.


9 Şubat 2024 Cuma

NATƏVANIN KÖTÜCƏSİ İLƏ MARAQLI MÜSAHİBƏ

“Qohumları var-dövlət 

üstündə onu çox incidirdilər”



Professor Sevda Kamali 


"REALİST ADİL" bloqu Kulis.az saytına istinadən şairə Xurşidbanu Natəvanın hal-hazırda Amerikada yaşayan kötücəsi professor Sevda Kamali ilə müsahibəni təqdim edir.

- Sevda xanım, istərdik şəcərənizlə bağlı bir az məlumat verəsiniz...

- Mən Xurşidbanu Natəvanın kötücəsiyəm. Bildiyiniz kimi, Natəvanın birinci əri osetin millətindən olan Xasay bəydir. O, Çar Rusiyasında böyük vəzifə sahibi, general-leytenant idi. Ailə qurandan sonra gəlib Gürcüstanda, Şuşada yaşayıblar. Dörd il uşaqları olmayıb, onda Natəvanla Xasay bəy Bakıya gəlib, kəndlərin birində müalicə olunmağa başlayıblar. Həmin ərəfədə Natəvan o kəndə su və yol çəkdirib, kəndi abadlaşdırıb. Onların iki oğlu, bir qızı olub. Mehdiqulu xan və Bikə xanım. Xurşidabnu Natəvan öz atasının adını oğluna verib. Oğlu Mehdiqulu xan da Vəfa təxəllüsü ilə şeilər yazıb. Uşaqlarının 9, 10 yaşı olanda Xasay bəyin anası onlar Dağıstanda yaşamağa dəvət edib. Xurşidbanu buna razı olmayıb. Xasay bəy tək gedib. Mehdiqulunun oğlu olanda adını Xasay qoyurlar, Natəvan sonralar onun adını dəyişib Mehdiqulu edir. Mənim atam Məhəmməd Mehdiqulunun oğludur. Mehdiqulu xan 102 yaşında dünyasını dəyişib. O, atasının ailəsi haqqında çox danışardı.

- Bildiyim qədərilə, Naxçıvan xanlığı ilə də qohumluğunuz olub.

- Bəli. Elədir. Babamın danışdıqlarından bilirəm ki, Xasay bəy Natəvanı çox sevib, o, sonradan başqa qadınla evlənsə də çox yaşamayıb. Natəvan sonradan öz faytonçusuna - Seyid Hüseyn adlı kasıb bir kişiyə ərə gedib. Babam deyirdi ki, buna görə onun oğlu Mehdiqulu xan evdən çıxır, uzun müddət anasını danışdırmır. Seyid Hüseyndən olan oğlu Mirhəsən isə on yeddi yaşında dünyasını dəyişir. Bütün var-dövləti əlindən çıxır. Natəvan elə bir vəziyyətə düşür ki, qızıllarını, evinin əşyalarını satmağa başlayır. Bu müflisləşmənin səbəbi də Natəvanın Xasay bəydən olan uşaqları ilə Seyid Hüseyndən olan uşaqlarının arasında olan mal bölgüsü idi. Natəvanın varidatı üzərində çox davalar düşüb. Onu sanki aşağılamışdılar. Üstəlik, Seyid Hüseynə getdiyi üçün Natəvana pis baxırdılar. Bütün bunlar Natəvana dərd olmuşdu, onun əsəbləri pozulmuş, ömrünün sonlarına yaxın gözləri tutulmuşdu. Güclü ürək ağrıları olurmuş. O, dərddən, fikirdən dünyasını dəyişib. Ölümü də çox faciəvi və səfalət içərisində olub.


- Dəfni barədə nə bilirsiniz?

- Ağdamda İmarət qəbiristanlığı var, bizim ölülərin çoxu orada dəfn olunub. Natəvan da orada dəfn olunub. Babam danışırdı ki, rəhmətə gedəndə Şuşadan Ağdama qədər camaatı onu çiynində apardı.

- Gövhər ağa ilə necə qohumsunuz?

- Gövhər ağa İbrahimxəlil xanın qızı, Natəvanın bibisidir. Gövhər ağa da varlı bir kişiyə ərə gedib, amma onu sevməyib, onun katibini sevib. Gövhər ağanın əri bunu biləndə həmin katibi öldürtdürüb. Bundan sonra o, Şuşaya qayıdıb, çox varlı bir adama ərə gedib, ancaq övladı olmayıb. O adamın var-dövlətini İbrahimxəlil xanın varidatı ilə eyniləşdirirlər. Gövhər ağa ərinin pulu ilə Şuşada Gövhər ağa adlı məscidlər tikdirib. Hamısına da öz adını qoyub. Həmin məscidlər indiyə qədər qalır.

Üzeyir Hacıbəyov Natəvanın pulu ilə oxuyub. Natəvan çox mehriban və gözəl qadın olub. Qapısında olan qulluqçularla da çox mehriban davranırmış.

- Sevda xanım, öz ailə üzvləriniz haqqında nə deyə bilərsiniz?

- Mən özüm həkiməm, Tibb Universitetini bitirmişəm. Amerikada məni doktorantura yazmışam, burada da oxumuşam. Artıq on doqquz ildir ki, Amerikada yaşayıram.

Biz ailədə beş uşaq olmuşuq: üç qardaş, iki bacı. Üçümüz professor, ikimiz elmlər namizədiyik. Mənim valideynlərimin hər ikisi Moskvada İqtisad Universitetini bitirib. Atam uzun müddət vəzifədə işləyib. Anam bəy ailəsindəndir. Savadlı nəsil olublar. Anamın anası uzun illər Tibb Universitetinin Ginekologiya kafedrasında professor kimi fəaliyyət göstərib. Anam iqtisadçı olub, uzun müddət restoran müdiri işləyib. Qardaşlarım da mənim kimi başqa-başqa ölkələrdə yaşayırlar. Bir qardaşım Rusiya vətəndaşıdır, neft sahəsində professordur. Rusiya Dumasının deputatı olub. Bir qardaşım Almaniyada yaşayır. O biri qardaşım isə uzun müddət Çində yaşayırdı, indi Rusiyaya qayıdıb. Bakıda bircə bacım yaşayır.




- Deyəsən, siz İran vətəndaşı ilə ailəlisiniz. Bir az özünüz haqqında danışmağınızı istərdim.

- Bəli, İran vətəndaşı ilə evliyəm. Həyat yoldaşım bəstəkardır. İranda ilk “Heydərbabaya salam” operasını o yazıb. Onun Rza Pəhləvinin ailəsi ilə qohumluğu, yaxın münasibətləri var. Biz onunla Bakıda tanış olmuşuq. O konservatoriyada işləyirdi, mən isə həkim idim. Mənim xəstəm olub, onu müalicə etmişəm. Sonra da ailə qurub Türkiyəyə getmişik. Altı il Ankarada yaşamışıq. Ondan sonra Amerikaya gəldik. Burada mən təhsilimi davam etdirdim. İndi bir qızımız var. O da burada hüquq sahəsi üzrə təhsil alır. Yoldaşımın əsli Gəncə xanlığındandır. Xalis iranlı deyillər. Yüz il əvvəl onun babaları İrana köçüb, orada yaşayıblar.

- Azərbaycanla əlaqələriniz necədir?

- Azərbaycanla əlaqəmi kəsmirəm. Get-gəlimiz var. Orada bizim evimiz də var. Amma atamla anam bir ilin içində dünyasını dəyişdi. Azərbaycanla əlaqələrimiz heç vaxt kəsilməyib. Burada da evimizin içərisində bir kiçik Azərbaycan yaratmışıq.

- Qarabağ xanlığını quran insanın nəslindənsiniz. Otuz ilə yaxındır ki, Qarabağ, Şuşa işğal altındaydı. Şuşanın işğaldan azad olunma xəbərini necə eşitdiniz, hansı hissləri yaşadınız?

- Sonuncu dəfə Şuşada 1988-ci ildə olmuşam. O vaxta qədər biz bütün yayı Şuşada keçirmişik. Qarabağın işğal olunması bəlkə də hamıdan çox mənə təsir etmişdi. Çünki belə demək mümkündürsə, bizimkilər Qarabağın yaradıcıları olublar. Qarabağın işğaldan azad olunma xəbərini eşidəndə çox sevindim. İnana bilmirdim ki, doğurdan da belə bir xoşbəxtlik baş verib. Xəbəri eşidəndə ağladım. İndi də sizinlə danışanda kövrəlirəm, duyğulanıram. Öz-özümə dedim, yəni, mən yenə gedib oraları, Şuşanı görə biləcəyəm? Atam çox həsrətlə getdi, dünyadan Şuşa deyə-deyə köçdü. Mən istəyirdim ki, ata-anam Şuşada dəfn olunsun. Amma olmadı. Dövlətimizə də, bizi dəstəkləyən türk xalqına da təşəkkür edirəm. Burdakı, Azərbaycandakı dostlarım hamısı zəng vurub məni təbrik edirdilər, deyirdilər, əsas təbrik sizə düşür.



- Natəvanın irsi barədə nə qədər bilgilisiniz?

- Natəvanın yaradıcılığı iki hissəyə bölünür. Əvvəlki yaradıcılığı həyat dolu, insanlara məhəbbət hissi ilə yazılıb. Ailə faciəsi başlanandan, oğlu öləndən sonra o daha çox qəmli şeirlər yazmağa başlayıb. Natəvan yaxşı qəzəlxan olub. Onun qəzəllərini Seyid Şuşinski həmişə oxuyub, öz repertuarında saxlayıb. Rəhmətlik Xan əmi də Natəvanın əsərlərinə müraciət edib. Natəvanın irsindən onu deyə bilərəm ki, hal-hazırda onun ev paltarları Fransanın Loyer muzeyində saxlanılır. O, çox savadlı qadın olub, əlyazmaları xalq arasında yayılıb. Üç dildə - fars, rus və Azərbaycan dillərində təmiz danışa bilirmiş. Birinci əri Xasay bəy Fransada oxuduğuna görə, çox gözəl fransızca danışırmış. Ona görə, eşitdiyimə görə, Natəvan fransız dilini də bilib. Bu haqda heç yerdə yazılmayıb. Amma mən eşitmişəm.

- Aleksandr Düma ilə də dostluq münasibəti olub.

- Olub. O, Aleksandr Düma ilə şahmat oynayıb. Natəvan şahmatı çox yaxşı bilirmiş. Bundan başqa onun yaxşı əl işləri olub. Düma əsərində Natəvan haqqında yazıb. Natəvanın Şuşadakı ev muzeyi indi bilmirəm necədir. Amma eşitdiyimizə görə oranı da ermənilər pis vəziyyətə qoyub. Heykəlini də güllələdilər. Onun heykəli o vaxt gətiriləndə mən özüm şəxsən gedib baxmışdım. Deşik-deşik olmuşdu. O da bir tarix, erməni vəhşiliyinin bariz nümunəsidir.

- Natəvan haqqında biz bilmədiyimiz daha nələri bilirsiniz?

- Mənim nənəm Natəvanın gəlini olmuşdu. Danışırdı ki, onlara qırmızı qaşlı üzüklər, sırğalar taxmağı qadağan eləmişdi. Natəvan qırmızı qaşlı bəzək əşyalarını evində işləyən qulluqçular, rəiyyət adamlarına verirmiş. Onların tumanlarının ətəklərinə də qızıl pullar tikdirib deyirmiş ki, evində kimi saxlayırsansa, bəy adına layiq saxlamalısan. Natəvan çox ürəyiaçıq, hamıya hörmət edən qadın olub. Hətta ona kimsə kiçik bir hədiyyə gətirəndə, qulluqçularına tapşırarmış ki, on qat artıq hədiyyə verin. Etiraz edirmişlər, deyirmişlər, xırda bir hədiyyəyə görə bu qədər xərc nəyə lazım? Deyirmiş, yox, bunun mənası çox böyükdür. Natəvan çox adamı oxutdurub. Hətta həyətində işləyən qulluqçuların da hamısını oxutdurub. Bundan başqa Üzeyir Hacıbəyovun ata və anasını mənim ulu nənəm evləndirib. Onlar hər ikisi Natəvanın işçiləri olub. Molla Pənah Vaqif Xan sarayında dəftərxana müdiri olub. Yaxşı əl qabiliyyəti olub. Aşpazlar xörək bişirəndə gedib göstəriş verir, bəzən də qolların çırmalayıb özü bişirərmiş.



- Natəvanın çox gözəl geyimləri, bər-bəzəyi olub... Özü tikirmiş, ya dərzisi olub?

- Onun və ailə üzvlərinin xüsusi dərzisi olub. Dərzi gəlib evdə onların ölçülərini götürüb paltarlar tikirmiş. Təhsili də evdə alıblar. Xüsusi müəllimləri, mürəbbiyələri olub. Natəvan çox ağıllı, savadlı olduğu üçün ona hörmət ediblər. Gözəllyi, incəliyi, şair ruhu onu xalqa çox sevdirib. Babam deyirdi, Natəvan həmişə deyirdi ki, mənim nəslimdə oxumayan, təhsilsiz insan qalmamalıdır. Bunu öləndə də vəsiyyət edib. Bu vəsiyyətə hamı əməl edib. Natəvanın soyundan olan insanların Azərbaycandan kənarda yaşasalar da hamısı savadlıdır. Bizim nəslin xaricdə yaşamasına səbəb isə sovet dövrü bəy, xan ailələrinə qarşı edilən repressiyadır. Mənim qohumlarım, nənələrim, babalarım çox əziyyət çəkiblər o dövrdə. Mal-dövləti əllərindən alınıb, özləri təqib olunub...

- Natəvanın irsinin qorunub saxlanmasından nə dərəcədə razısınız? Özünüz bu sahədə hansı işlər görmüsünüz?

- Burada – Amerikada belə məsələlərə o qədər də fikir verən yoxdur. Qarabağla bağlı bir cəmiyyət var, bir neçə dəfə məni ora dəvət ediblər. Orada da gördüm ki, cəmiyyətin sadəcə adı Qarabağla bağlıdır. Bir-iki dəfə burada parlamentin kitabxanasına getdim ki, baxım, araşdırım. Bu tək Natəvanla bağlı deyildi. Bilmək istəyirdim görüm, başqa elm adamlarının bir guşəsi varmı? Təəssüf ki, Azərbaycan guşəsini ümumiyyətlə tapa bilmirdim. Lap küncdə güclə tapdım, amma içəri girən kimi erməni guşəsi dərhal nəzərə çarpırdı. Bu məsləni bir az araşdırdım. Dedilər, bizə nə veriblərsə, onları qoymuşuq guşəyə.

- Nəslinizdə sonradan şeir yazan oldumu?

- Əvvəllər mən özüm yazardım. İndi yox, sonralar başım qarışdı elmi işlərə. Mənim Tibb Universiteti üçün 4 kitabım var. Ona görə də şairliyi bir kənara qoydum. Atam da hərdən şeirlər yazardı. Qardaşlarım yazmayıb.




- Natəvan xanımdan, onun dövründən sizə yadigar qalan əşya, əlyazma varmı?

- Xurşidbanu Natəvan mənim nənəmə özünün qızıllarından bir neçəsini bağışlayıb. Nənəm də mənə verdi. Onları yadigar kimi saxlayıram. Qızıma deyirəm, sənə verəcəm. Qızım çox amerikalılaşıb. Amma ona tapşırmışam ki, bu əşyaları yadigar kimi saxlasın.

- Sevda xanım, artıq Şuşa işğaldan azad olunub, qələbə çalmışıq. Şuşaya getmək, nənənizin irsi ilə bağlı nələrsə etmək fikriniz varmı?

- Əlbəttə. Yoldaşım da artıq neçə gündür mənə deyir ki, biz Şuşaya nə vaxt gedirik? Gözləyirəm vəziyyət qaydasına düşsün. Ondan sonra mütləq gedəcəyik. Azərbaycansız isə mən ümumiyyətlə yaşaya bilmərəm. İndiyə qədər həmişə Bakıya gəlirdim, indi artıq Şuşaya da gedə biləcəm. Pandemiyayla bağlı hələ ki, Bakıya da gələ bilmirik.

Bizim nəslin keçmişi ilə bağlı mən ancaq eşitdiklərimi və öz müasirlərim haqqında danışa bilərəm. Hərdən mənə deyirlər ki, siz çox xeyirxahsınız, nədir bunun səbəbi? Deyirəm, bu bizdən asılı deyil. Bizim nəslimiz, kökümüz əvvəldən xeyirxahlıqla məşğul olub. Bu, bizim yaddaşımıza hopub artıq. Sonda bir xatirəmi danışım sizə. Bir dəfə Şuşada gedirdim. Uşaq idim. Beşinci sinifdə oxuyurdum. Bir qoca kişi və qadın yaxınlaşdı mənə. Ər-arvad idilər. Çəliklə gedirdilər. Qadın mənim əlimdən öpdü. Çox pis oldum, tez əlimi çəkdim. Mənə dedi, qızım, əlini çəkmə, biz sənin atanın, babanın çörək bişirənləri, şatırları olmuşuq. Şatır sözünü başa düşmədim. Gəldim nənəmə dedim. Nənəm dedi, şatır - çörəkbişirən deməkdir. Onlar dədə-babadan Xan sarayının çörəkbişirənləri olub.


Samirə Əşrəf.
Kulis.az
23 noyabr 2020-ci il / 09:00.



18 Ocak 2024 Perşembe

SALAM MƏNİM GÖZƏL ANAM, YUXUMA XOŞ GƏLMİSƏN - 18.01.2024.


Daim xalqının sevincinə sevinən, kədərini öz içindən yana – yana keçirən, millətinin haqq sözünü deməyi bacaran mərd insan – Qənirə Rüstəm qızı Rüstəmova dözülməz Qarabağ həsrətiylə ünvanını dəyişdi, əbədiyyətə qovuşdu. Allah qəni – qəni rəhmət eləsin ! 


Anam Qənirə Rüstəm qızı Rüstəmova

(Doğum tarixi : 30.12.1932. – Ölüm tarixi : 27. 09. 2012).



***

 ŞEİRİN MÜƏLLİFİ VƏ SƏSLƏNDİRDİ 

RÜFƏT NASOSNU 


2 Ocak 2024 Salı

MƏNDƏ YAXŞI NƏ VARSA ATAMDAN ÖYRƏNMİŞƏM



Atam İrşad Məhəmməd oğlu Əliyev 

(Doğum tarixi : 25.02.1924. - Ölüm tarixi : 13. 03. 1993).


Onun soy-kökü Ağdamın Sarıhacılı və Seyidli kəndlərindəndir. Qarabağ xanı Pənahəli xanın əqrabasıdır. Əslimiz, kökümüz Cavanşirlər nəslindəndir. Cavanşir eli qızılbaş tayfalarına mənsub olmayan müxtəlif tayfa əmirləri sırasına daxil edilmişdi. Mirzə Camal yazır ki, Pənahəli xanın əsil-nəsəbi Dizaqın Cavanşir elindəndir. Bu el çox qədim zamanlarda Türküstandan gəlmiş Bəhmanlı elinin bir qolu olan Sarıcalı oymağındandır. Mirzə Adıgözəl bəyin adlarını çəkdiyi Cavanşir, Kəbirli, Otuziki, Kolanı, Bəhmənli və başqa Azərbaycan türk tayfaları Qarabağ vilayətinin köklü elatları idilər. Otuziki tayfası Səfəvi dövründə müəyyən vergi immunitetinə malik ərazi vahidi təşkil edirdi, Cavanşir tayfasının başçısı isə bu tayfa birləşməsinin irsi hakimi idi. Cavanşirlərin yaşadığı oymaqlardan biri də Dizaq mahalında yerləşən Sarıcalı oymağı idi. Rəvayətə görə bu oymağın adı onun əsasını qoyan Əli adlı şəxsin kürən olması ilə əlaqədar Sarıca Əli kimi çağırılması ilə bağlı olmuşdur. 

Atam İrşad Məhəmməd oğlu Əliyev Azərbaycanın görkəmli yazıçısı, dramaturqu və maarif xadimi Süleyman Sani Axundovun mənsub olduğu nəslin ləyaqətli nümayəndəsidir. Ulu babam Allahverdioğlu Mehdi bəyin həyat yoldaşı Əziz nənəm Süleyman Sani Axundovun əmisi Abbas bəyin oğlu 2-ci Abbasın qızıdır. 

Bizim Sarıhacılı kəndimiz Azərbaycan Respublikası Ağdam rayonunun Seyidli kənd inzibati ərazi dairəsində kənddir, Qarabağ düzündə yerləşir.

1593-cü ilə bağlı bir Osmanlı qaynağında Otuziki elinin 27 (iyirmi yeddi) oymağının adı sadalanır ki, onlardan biri də Sarıhacılıdır.

 Ağdam rayonundakı Sarıhacılı kəndi həmin oymağın adını özündə yaşadır. Görünür bu oymaq öz adını kəndin əsasını qoyan Sarı Hacı adlı şəxsin adından götürmüşdür. Sarıhacılı kəndi Sovet dövründə xeyli böyümüş, rayon mərkəzilə birləşmiş və 1989-cu ilə qədər 28 min 31 nəfər əhalisi olmuşdur.

Bilməyənlər bilsin. Sarıhacılı kəndi başqadır, Sarıcalı kəndi başqa. Sarıhacılı kəndi Ağdamın Seyidli, Xıdırlı, Əhmədavar kəndləri və Əsgəran rayonu ilə, Sarıcalı kəndi isə Ağcabədi rayonu ilə həmsərhəddir. Ümumiyyətlə Otuziki elinin - Ağdamın Sarıhacılı, Seyidli, Sarıcalı və sonradan Çəmənli (Çəmənliyə qız və həmin qıza cehiz sırasında torpaq sahəsi verib qohum olmuşuq) kəndlərinin keçmiş sakinləri Qarabağ xanlığının bünövrəsini qoyan Pənahəli xanın qohum-əqrabasıdır və biz də bu tayfanın (Tayfa insanların qəbilədən böyük olan birliyidir) törəmələriyik, bir daha qürurla vurğulayıram ki, Cavanşirlər nəslindənik. 

Sarıhacılı kəndi 1993-cü ilin 23 iyulunda Ermənistan və Rusiya Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. 20 noyabr 2020-ci il tarixində Qarabağda atəşkəs bəyanatının şərtlərinə əsasən Sarıhacılı kəndimiz Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə verilmişdir. 

Atam ailənin böyük övladı olub. Onun 10 yaşı olanda atası Kərbəlayi Mikayıl oğlu Məhəmməd bəy dünyasını dəyişib. 3 qardaşını (Şəfa, Qadir-İslam, Nadir) və 1 bacısını (Ayna 5 yaşında xəstələnib rəhmətə gedib) böyüdüb boya-başa çatdırmaq üçün namuslu, zəhmətkeş, əsilzadə anası Hurizat nənəmə yaxından kömək edib. Onların təhsilli və ev-eşik sahibi olmalarında əlindən gələni əsirgəməyib. 

Rəhmətlik atam İrşad Məhəmməd oğlu Əliyev uzun müddət Ağdam rayonunda müxtəlif dövlət orqanlarında - Rayon Partiya Komitəsində, MTS-də, Rayon Tikinti İdarəsində, Rayon Polis İdarəsində və nəhayət Rayon Polisə Nəzarət İdarəsində məsul vəzifələrdə çalışıb, dövlət məmuru olub.

Gözəl musiqi nümunələrini dinləməyi, şeiri, ədəbiyyatı çox sevərdi. Qonaqpərvər insan idi. Evimiz həmişə qonaqlı - qaralı olub. Tədqiqatçı - alim, professor Şirməmməd Hüseynov, şair - publisist, professor Famil Mehdi, yazıçı - publisist, professor Qulu Xəlilov, yazıçı Nurəddin Babayev, tanınmış jurnalist və baş redaktor Nəriman Zeynalov, tədqiqatçı - alim, uzun müddət Azərbaycan Dövlət Universiteti Jurnalistika fakültəsinin dekanı olmuş professor Akif Rüstəm oğlu Rüstəmov, Azərbaycan muğam ifaçılığı tarixində özünəməxsus yeri, dəst-xətti olan müdrik insan professor Arif Babayev və başqaları ailəmizin ən əziz qonaqları idilər. 


ATAMDAN ÖYRƏNMİŞƏM


Sözü üzə deməyi,

Arxasıza köməyi,

Halal çörək yeməyi,

Atamdan öyrənmişəm.


Yaxşılıq aşımağı,

Təmiz ad daşımağı,

Kişi tək yaşamağı,

Atamdan öyrənmişəm.


El-obaya hörməti,

Ülvi-saf məhəbbəti,

Dostlara sədaqəti,

Atamdan öyrənmişəm.


Dağların başı qarsa,

Ürəyimdə baharsa,

Məndə yaxşı nə varsa,

Atamdan öyrənmişəm.


Şeirin müəllifi: Şərafəddin İlkin


1 Ocak 2024 Pazartesi

QURBAN OLUM O QARANLIQ DÜNYANA


 NİGARANAM, GÖRƏN ANAM NECƏDİR?



Anam Qənirə Rüstəm qızı Rüstəmova 
(Doğum tarixi : 30.12.1932. - Ölüm tarixi : 27. 09. 2012).


Azərbaycan təhsilinin, elminin və riyaziyyatının tanınmış nümayəndələrindən biri olan Qənirə Rüstəm qızı Rüstəmova uzun sürən xəstəlikdən sonra dünyasını dəyişmişdir. Onun elmi - pedaqoji fəaliyyəti çox geniş, əhatəli və rəngarəng olmuşdur.

Qənirə Rüstəmova vaxtilə Ağdam şəhərində fəaliyyət göstərən Müəllimlər İnstitutunun fizika - riyaziyyat fakültəsini bitirmişdir. Onun dərs yükü daim çox olmuşdur. Bu da ondan irəli gəlmişdi ki, Qənirə müəllimə çalışdığı orta məktəbin - Ağdam şəhər 2 saylı beynəlmiləl orta məktəbin hər iki bölməsində - Azərbaycan və rus bölməsində dərs demişdir. Azərbaycan Təhsil Nazirliyinin əmri ilə sonradan həmin məktəbin rus bölməsi ayrılaraq Ağdam şəhər 7 saylı orta məktəbə çevrilmiş və sərbəst fəaliyyət göstərmişdir. 

Qənirə Rüstəm qızı Rüstəmova yataq xəstəsi olanadək Ağdam şəhər 7 saylı orta məktəbdə fizika - riyaziyyat müəlliməsi işləmişdir. Qənirə müəllimənin özünəməxsus pedaqoji fəaliyyətini nəzərə alaraq Təhsil Nazirliyi onu dəfələrlə Bakı şəhərinə dəvət etmiş və ixtisasına uyğun kurslarda biliyini təkmilləşdirməyə şərait yaratmışdır. O, 1986 - cı ildə müəllimlər arasında keçirilən bilik müsabiqəsində yüksək bal toplamış, yaşadığı Ağdamın və çalışdığı kollektivin nüfuzunu artırmışdır. 

55 ildən çox iş stajı olan Qənirə Rüstəm qızı Rüstəmova dəfələrlə fəxri fərmanla mükafatlandırılmış və 1973 - cü ildə xüsusi medalla təltif edilmişdir. O, şagirdlərinin və onların valideynlərinin, həmçinin xalqınin ürəyində əməkdar müəllim kimi əbədi yer qazanmışdı. Qənirə müəllimənin şagirdlərinin sorağı Amerika Birləşmiş Ştatlarından, Türkiyədən, Almaniyadan, Fransadan, Polşadan, Hollandiyadan, İsveçdən, Baltik ölkələrindən, Rusiyadan, Ərəb ölkələrindən, Afrikadan, Türkdilli respublikalardan gəlir.

Daim xalqının sevincinə sevinən, kədərini öz içindən yana - yana keçirən, millətinin haqq sözünü deməyi bacaran mərd insan - Qənirə Rüstəm qızı Rüstəmova dözülməz Qarabağ həsrətiylə ünvanını dəyişdi, əbədiyyətə qovuşdu. Allah qəni - qəni rəhmət eləsin ! Amin...

İş yoldaşları adından bir qrup.