24 Eylül 2021 Cuma

ONUNLA AĞDAMDAN TANIŞIQ



"BU GÜN ŞƏHİD VERƏN AZƏRBAYCANIN 

BİR GÜN AMANSIZCA İNTİQAMI VAR"! 

1-ci Qarabağ Müharibəsinin iştirakçısı və şəhid atası Hacı Əkbər Rüstəmovun döyüş gündəliyindən... 


Onunla Ağdamdan tanışıq... 

1988-ci ildən başlayan əvvəl ixtişaş, sonra isə dəhşətli müharibənin əngəlləri görüşməyimizə mane olurdu. Nəhayət ki, 27 oktyabr 1993-cü il tarixində, Ağdam şəhəri və şəhərin ətrafındakı kəndlərin xeyli hissəsi işğal olunandan 5 ay sonra Ağdamın Cəvahirli kəndində səngərdə görüşdük. O, çox mərd, hazırcavab, cəsarətli insandır. Səngərdə görüşəndə həm sevindik, həm də kövrəldik. Müxtəlif vaxtlarda onun videoçəkilişlərinə, televiziya verilişlərinə həvəslə baxırdım, qəzetlərdə yazdığı məqalələri oxuyurdum. İndi isə səngərdə oturub üzbə-üz söhbət edirdik... 

O, verilişlərini həmişə yurdsevərlik, vətənsevərlik ruhunda hazırlayırdı. Bu da çox effektli alınırdı. Onun sərrast sualları, suallarda sual doğuran məqamları tərəf müqabilini daha yaxşı danışmağa sövq edirdi. O, həm də əsgər və zabitlərimizlə çiyin-çiyinə səngər həyatı yaşamaqdan zövq alırdı. Onların döyüş və səngər həyatından aktual verilişlər hazırlamaq bacarığına malik bir şəxsiyyət idi. 

Mən jurnalist və kinooperatorlardan Seyidağa Mövsümovla, Babək Quliyevlə, Ağasəf bəylə, Rəhbər Bəşiroğlu ilə, Türkiyənin "Zaman"qəzetinin müxbiri İrfan Sapmazla, Sarvan Şamiloğlu ilə, Salman Alıoğlu ilə, Allahverdi Əsədovla, İsa Dadaşoğlu ilə də səngərlərdə görüşüb dərdləşmişəm, söhbətləşmişəm. Ancaq onunla dərdləşib, söhbətləşməyin ayrı bir aləmi var. O, neçə-neçə döyüşçüdən, onların səngər həyatından, şəhidlərimizdən maraqlı, yaddaqalan veriliş hazırlamışdı və bu işini həvəslə davam etdirirdi. O, həm də yeri gələndə əlindəki qalın dəftərini, kamerasını səliqə ilə bir küncə qoyurdu və əsgərin avtomatını əlindən alıb düşmənlə özü vuruşurdu. Onun bu hərəkəti qəlbindən gəlirdi, bir əsgər kimi Vətənə vəfa borcu idi. Bütün bunları təmənnasız edirdi, Vətənə vətəndaş borcu bilirdi. O, təkcə jurnalist-operator deyil, o, həm də Vətənin hər qarışını sevib qoruyan şəxsiyyətli vətəndaşdır. Mən bu yazımı çox sonralar gündəliyimin içərisindən tapdım və yazını köçürüb təqdim etdim ki, siz də qürurlanasınız. Arzu edirəm ki, belə vətənpərvər, belə xalqsevər, millətsevər insanları unutmayasınız. Gələcək nəsillərə tanıtmaq üçün belə insanları axtarıb tapasınız, onların qayğıları ilə ilgilənəsiniz, onların haqqında maraqlı yazılar yazasınız, öz fikirlərinizi bildirəsiniz.  Bağışla Adil İrşadoğlu. Gec də olsa gündəliyimdən bu yazını tapdım və onu sənə indi - Qarabağın, Ağdamın işğaldan azad edilməsindən sonra hədiyyə etdim. Var olasan səni gözəl insan !



Qarabağda baş verən olaylar, amansız qətllər və işğallar Adil İrşadoğlunun da həyat yolunu səngərlərdən keçirdi. O, cəbhədə baş verən hadisələri izləmək, məlumat toplamaq, öyrənmək, hadisələrin operativ videoçəkilişini etmək üçün ömrünün gənclik çağını cəbhənin müxtəlif bölgələrində keçirdi. Jurnalist Adil İrşadoğlu 1-ci Qarabağ müharibəsində səngərlərə gəlir, döyüşən əsgərlərlə görüşür, bizə mənəvi dəstək və ruh verirdi. O, cəbhənin qaynar nöqtələrindən çəkdiyi süjetləri dövlətin televiziyasında göstərir, qəzetlərdə cəbhə ilə bağlı məqalələrlə çıxış edirdi. Döyüşən hərbi hissələrimizə, əsgər və zabitlərimizə, onların ailələrinə ehtiyac olduğu zaman yardımlar təşkil edirdi, heç vaxt cəbhəyə köməyini əsirgəmirdi...

Adil İrşadoğlunun fədakarlığını tək mən yox, çəkdiyi videokadrlar və verilişlər də sübut edir. Adil İrşadoğlu yorulmaz, son dərəcə çevik, dinamik, təhsil görmüş siyasətçi və jurnalistliyini bütün diplomatik istedadı ilə nümayiş etdirən, müsbət keyfiyyətlərə malik insandır. O, qaydalara sistemli riayət etməkdə bütün jurnalistlərə nümunədir. 


Haşiyə: Son illərin birində 20 yanvar metrosunun yanında mərhum şair Fazil Fəxrinin yubiley gecəsini qeyd etməyə toplaşmışdıq. Adil İrşadoğlu ilə Mustafa Çəmənli də burada idilər. Vaxtilə Fazil Fəxrinin mənə yazdığı şeirdən 2 misranı Adil İrşadoğlu böyük hərflərlə vatman kağızına yazaraq məclisin baş tərəfində asmışdı :

<< Bu gün şəhid verən Azərbaycanın 

     Bir gün amansızca intiqamı var >>!


Sözüm həm də ondadır ki, Azərbaycan nəhayət amansız intiqamını aldı ! 

Sağ ol, Adil İrşadoğlu ! Allah sənə sağlam uzun ömür versin, qardaşım !


Hacı Əkbər,

Həmişə əsgər.

27 oktyabr 1993-cü il, Ağdamın Cəvahirli kəndi.



21 Eylül 2021 Salı

İSTƏYİRSİZ İNANIN, İSTƏYİRSİZ İNANMAYIN...


Adil İrşadoğlu


1971-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq Fakültəsinin ərəb dili şöbəsinə daxil olmaq üçün mən də sənədlərimi təqdim etmişdim. Valideynlər imtahanın gedişatını bayırda quraşdırılmış televizor vasitəsilə izləyirdilər. Şərqşünaslıq Fakültəsinə daxil olmaq istəyənlərdən imtahanı universitetin qarşısındakı adamlar dağılışandan və televizoru söndürəndən sonra axşam götürürdülər. Mənimlə birlikdə imtahan verən abituriyentlərdən bir neçəsini yaxından tanıyırdım. Uşaqlıq dostum Nazim Mirismayıl oğlu Ağamirov, Faiq Qara oğlu Əliyev, Seyfəddin Dağlının oğlu Bəhlul Abbasov, Bəxtiyar Vahabzadənin oğlu İsfəndiyar Vahabzadə, Əlfi dayının oğlu İlqar Qasımov, Müştəba Əliyev, ağdamlı Vahid, Niyazi və başqaları...

Şərqşünaslıq Fakültəsinin ərəb dili şöbəsinə iddialılar çox, keçid balı isə 18 idi. 4 şifahi imtahan verdim. Öz gücümə 2-sindən 5 aldım, 1-dən 4 aldım. İngiliş dilindən imtahan verəndə isə müəllimlər mənə ilişdilər... Məni borclu çıxarıb zorla 3 yazdılar... Sevil Heydər qızı Əliyeva da bizimlə birlikdə ingilis dilindən imtahan verirdi. O, mənə qarşı edilən haqsızlığı görüb narahat oldu və müəllimlərə irad tutdu. Buna baxmayaraq həmin müəllimlər mənim Azərbaycanda yeganə Universitetin Şərqşünaslıq Fakültəsinə daxil olmağıma mane oldular. Qismət beləymiş... Növbəti il gəlib Universitetin Jurnalistika fakültəsinə imtahan verib yüksək qiymətlərlə daxil oldum... Sonra eşitdim ki, Şərqşünaslıq Fakültəsinin ərəb dili şöbəsindəki həmin yeri, yəni mənim halalca yerimi SSRİ-nin Almaniyadakı Səfirliyində çalışan bir kişinin qızına bağışlayıblar. Elə o vaxtdan haqqım tapdalana-tapdalana gəlib çatmışam 67 yaşıma... 

Sonra :

 ✔ Ulu babalarımdan və nənələrimdən mənə miras qalan Qarabağımı əlimdən aldılar.

 ✔ Soydaşlarımı, qohum-əqrabamı yurd-yuvasından didərgin saldılar. Məni onların üzünə həsrət qoydular.

 ✔ Atamdan və anamdan miras qalan ev-eşiyimi dağıtdılar, məni gorgahlarımı ziyarət etməyə qoymadılar. Bundan da ağır dərd olar?

 ✔ Dünyanın ən ağır dərdini çiyinlərimə alıb daşıyıram...

 ✔ Haqq-ədalət dediyiniz budur?

 ✔ Mən haqqıma girib yolumu kəsənləri qınayıram, bağışlamıram.

 ✔ Mən haqqımı oğurlayıb başqasına satanı lənətləyirəm.

 ✔ Nə edəsən taleyin bu oyunu qarşısında?

 ✔ “Allah insanı azad yaratmışdır”, dedikləriniz budurmu?!

 ✔ Məgər mən azadam?

İstəyirsiz inanın, istəyirsiz inanmayın. Mən Vətənimi, Dövlətimi, Xalqımı və Millətimi səmimi qəlbdən dəlicəsinə sevən bir insanam. Bunu dövlətin ali müəssisəsində işlədiyim vaxtlarda və işləmədiyim vaxtlarda dəfələrlə sübut etmişəm, canımı, səhhətimi qurban vermişəm. Ancaq buvaxtadək nə vətənim, nə dövlətim, nə xalqım, nə də millətim bir azca da olsa məni sevmədi, mənə dəyər vermədi...

Özümə söz vermişəm usanmayacam, ruhdan düşməyəcəm, yazıb-yaradacam, sınmayacam, ürəyimdəki arzularıma qovuşmaq üçün 67 yaşımdan sonra da mübarizə aparacam. Təki Allah məni sevsin. Təki Allah köməyim olsun. Təki Allah mükafatlandırsın. Amin.


Adil İrşadoğlu (Əliyev).

Bakı, 02.08.2020. / 11-00.

Ardı olacaq...


3 Eylül 2021 Cuma

ARKADAŞ, YURDUMA ALÇAKLARI UĞRATMA SAKIN !

QORXMA EY BÖYÜK TÜRK ALÇAKLARDAN !




Məhmәd Akif Әrsoy 1873-cü ildə İstanbulun Fateh səmtində dünyaya gəlib. Anası Şərifə Xanımın ata və anası Buxaralıdır. Şərifə xanım Tahir bəylə izdivac bağlamış və bu evlilikdən Məhmәd Akif Әrsoy dünyaya gəlmişdir. M.Akif ilk və orta təhsilini Fatehdə almışdır.


Ali təhsil üçün beynəlxalq hüquq institutuna girsə də təhsilini yarımçıq qoyub baytarlıq təhsilinə başlamış, buranı qızıl diplomla qurtarmışdır. Şeir yazmağa baytarlıq məktəbində başlamış, Osmanlı dövlətinin tənəzzül dövründə vətənin işğalçılar tərəfindən tutulmasıyla Anadoluya keçərək xalqı milli azadlıq hərbi üçün ruhlandırmış və böyük işlər görmüşdür.

Türkiyə Cümhuriyyətinin qurulmasından sonra Misirə getmiş və Misir Universitetində türk dili dərsləri vermiş, 1936-cı ildə ölkəyə qayıtmış və 27 dekabr 1936-cı ildə dünyasını dəyişmişdir. 


* Mehmet Akif Ersoy XX əsrin ən böyük türk şairidir.