26 Eylül 2023 Salı

CAVANŞİR NƏSLİNİN NAZİR OĞLU


Behbud xan Cavanşir

Azərbaycanın istənilən şəhərində, bölgəsində elə nəsillər, sülalələr var ki, onları çox vaxt mənsub olduqları soyadları ilə tanıyırlar. Məşhur “Cavanşir” soyadı da bu qəbildəndir. Behbud xan Cavanşir həmin nəslin sayılıb-seçilən övladlarındandır: Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, ictimai-siyasi xadim, AXC dövrünün daxili işlər naziri, parlamentin üzvü... Bir sözlə, dövrünün tanınmış iş adamı, eyni zamanda siyasətçisi olmuş bu şəxsiyyət Azərbaycan tarixinə dövlət xadimlərindən biri kimi düşmüşdür.

B.Cavanşir “Müsəlman Xeyriyyə Cəmiyyəti”nin rəhbərlərindən idi. Eləcə də Müsəlman Milli Şurası Müvəqqəti İcraiyyə Komitəsinin üzvü kimi fəaliyyət göstərmişdir. Vaxtilə “Rusiya texniki cəmiyyəti”nin işində yaxından iştirak etmiş, elmi fəaliyyətlə də məşğul olmuşdur. Cümhuriyyət hökumətində isə iki nazir vəzifəsini yerinə yetirmiş, Azərbaycan Milli Şurasının “Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanunu”na əsasən Cümhuriyyət Parlamentinə üzv seçilmişdir.

Bunlar qısa avtobioqrafik məlumatlardır. Əslində isə Behbud xan Cavanşir keşməkeşli bir ömür yaşamış, gücünü, potensialını, bilik və istedadını xalqının rifahı naminə tam sərf edə bilməmişdir. Bunun səbəbi təkcə ömrünün qısa olmasında deyil, həm də yaşadığı dövrün çətinliklərində idi.

Behbud xan Cavanşirin həyatına, keçdiyi yola nəzər salandan sonra belə bir qənaətə gəlirsən ki, onun ölümü namərd ermənilər tərəfindən xalqımıza vurulan saysız-hesabsız ağır zərbələrdən biridir.

Beləliklə, cümhuriyyət dövrünün bir çox vəzifəli şəxsləri, məmurları, görkəmli insanları kimi onun da həyatı ağır və faciəli olmuşdur.

B.Cavanşir 1877-ci ildə Tərtər qəzasının Azad Qaraqoyunlu kəndində doğulmuşdur. O, Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın nəticəsi, Azad xanın oğlu idi.

Behbud 13 yaşında alman dili təmayüllü Tiflis Realnı Məktəbinə daxil olmuş və o zaman şəhər mağazalarından birinin erməni əsilli xidmətçisinin oğlu ilə eyni sinifdə oxumuşdur. Bu, gələcək “inqilabçı”, əslində isə amalı-məsləki müəmmalı olan Stepan Şaumyan idi.

1902-ci ildə Behbud xan Cavanşir Almaniyaya gedir və Frayberq Dağ-Mədən Akademiyasına qəbul olunur. Burada mükəmməl biliklərə yiyələnərək akademiyanı fərqlənmə diplomu ilə bitirib mühəndis ixtisasına yiyələnir. Qeyd edək ki, B.Cavanşir həmin akademiyanı bitirən ilk azərbaycanlı məzun idi.

Behbud xan sonra Londona yola düşür. Bir il orada təkmilləşdirmə kursları keçir və 1907-ci ildə Vətənə qayıdıb Şubayevin neft mədənlərində işləməyə başlayır.

Qərbi Avropada təhsil alması Behbud xan Cavanşirin ictimai-siyasi dünyagörüşünə güclü təsir göstərir. Alman, ingilis, fransız, rus, gürcü və erməni dillərini mükəmməl öyrənir.



Peterburq müsəlman tələbələr qrupu

Behbud xan Bakının neft müəssisələrində baş mühəndis işləməklə yanaşı, xalqın maariflənməsi yolunda da ciddi işlər aparır. Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin rəhbəri seçilir, Rusiyada və Avropada ali təhsil alan bir neçə azərbaycanlı gəncə öz vəsaiti hesabına təqaüd verir, Azərbaycan dilində nəşr olunan mətbuat orqanlarına yardımlar göstərir.

Çox keçmir ki, onun fəaliyyəti çar xəfiyyələri tərəfindən izlənməyə başlanır. 1920-ci ildə Bakıda rus dilində çapdan çıxan “Zaqafqaziyada rus siyasətinə dair sənədlər” kitabından məlum olur ki, Behbud xan Cavanşir Əhməd bəy Ağayevin 1905-ci ildə gizli yaratdığı “Difai” partiyasının Mərkəzi Komitəsinə daxil idi. O, həm də “Nicat” Cəmiyyətinin və “Rusiya texniki cəmiyyəti”n Bakı şöbəsinin üzvü seçilmişdi. Bu cəmiyyətin elmi əsərlərində onun xeyli məqaləsi çap olunmuşdu.

Əslində Behbud xan xəfiyyələrin diqqətini çoxdan cəlb etmişdi. Hələ 1907-ci il avqustun 28-də Cavanşir uyezdi rəisinin Daxili İşlər Nazirliyinə yazdığı raportda deyilirdi ki, “xeyriyyə cəmiyyəti pərdəsi” altında gizli fəaliyyət göstərən “Difai” antidövlət komitəsinin rəhbərləri Əhməd bəy Ağayev, Qarabəy Qarabəyov, Məmməd Həsən Hacınski, İsabəy Aşurbəyov, Behbud bəy Cavanşirski və Niftalı bəy Behbudovdur. Bu fakt da göstərirdi ki, çarizm xəfiyyəsi həmin ziyalıların Behbud xanın Azad Qaraqoyunlu kəndindəki evinə yığılmasından xəbərdar idi.

Yeri gəlmişkən, Behbud xanın tərcümeyi-halında Cavanşir qəzası coğrafi adına tez-tez rast gəlinir. Bu, cümhuriyyət dövründə Yelizavetpol (Gəncə) quberniyasının tərkibində inzibati-ərazi vahidi idi. 1873-cü il qanununa əsasən təşkil edilmişdi. Mərkəzi Tərtər məntəqəsi idi. Burada qəza idarəsi fəaliyyət göstərirdi.

Qəzada çar idarə üsuluna və sosial ədalətsizliyə qarşı müntəzəm çıxışlar baş verirdi. Çarizmin devrilməsindən sonra ermənilər burada möhkəmlənmək və azərbaycanlılara qarşı soyqırımına başlamaq məqsədilə tədbirlərə hazırlaşırdılar. Erməni silahlı dəstələri hələ 1917-ci ilin sonlarından Kolanı və digər kəndlərə basqınlar edir, aran və dağ kəndlərinin bir-biri ilə əlaqəsini kəsirdilər. Tədbirlər görülənə qədər xalq arasında böyük nüfuza malik olan “Difai”nin səyi nəticəsində erməni terroru ilə üz-üzə qalan çox sayda günahsız insan ölüm təhlükəsindən xilas olmuşdu.

Dövrün salnaməsindən məlum olur ki, Behbud xanın sinif yoldaşı olmuş Stepan Şaumyan onun kölgəsində pərdələnərək Bakıda “Daşnaksütyun” partiyasını möhkəmləndirməyə çalışırdı. O, Behbud xanın sayəsində hətta “Xalq evi”nin müdiri təyin edilmişdi. Bu məsələlərə sonralar Dubinski-Mexadzenin “Şaumyan” kitabında aydınlıq gətirilmişdir. Kitabda bildirilirdi ki, bu gəncləri bir-birindən çox şey ayırırdı - ictimai vəziyyəti, həyat amalları, siyasi baxışları...

B.Cavanşir fevral-burjua inqilabından sonra yaranmış Milli Müsəlman Şurası Müvəqqəti İcraiyyə Komitəsinin tərkibinə seçilir. 1918-ci il martın 18-dən 20-dək S.Şaumyanın başçılığı altında bolşeviklər tərəfindən milli məsələnin düzgün qoyulmaması nəticəsində törədilən qırğında otuz minə yaxın azərbaycanlı həlak olmuşdu. Bu qırğının qabağını almağa çalışanlardan biri B.Cavanşir idi. O, həm də barışıq komitəsinə üzv seçilmişdi.

1918-ci il iyunun 17-də Behbud xan Cavanşir Gəncədə Fətəli xan Xoyskinin yaratdığı hökumət kabinetində daxili işlər naziri vəzifəsini tutur. Müavini general-mayor Sadıx bəy Ağabəyov olur. O zamanlar neft mədənlərini mühafizə edən Bakı şəhər polisinin maaşları məhz Behbud xanın köməyi ilə neftdən gələn gəlirin üç faizi hesabına ödənilirdi. B.Cavanşir polis əməkdaşlarının problemlərinə yaxından bələd idi. Elə onun daxili işlər naziri təyin olunmasında bu məsələlərin rolu az olmayıb. Belə ki, yeni yaradılan nazirlik və onun tərkib hissəsi olan polis dövlətin formalaşmasında, milli maraqların qorunmasında mühüm rol oynayır. Behbud xan Cavanşirin təqdimatı ilə Azərbaycan hökuməti 1918-ci il iyunun 2-də Gəncə quberniyasının 9 qəzasında polis orqanlarının təsis edilməsi barədə qərar qəbul edir. Behbud xan Cavanşirin daxili işlər naziri olduğu dövrdə Bakı erməni-daşnak və bolşevik qüvvələrindən təmizlənir. Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı Gəncədən Bakıya köçür. Daxili İşlər Nazirliyi “Metropol” mehmanxanasının binasında fəaliyyətə başlayır və ölkənin asayişi buradan idarə olunur. Behbud xan daxili işlər naziri işlədiyi dövrdə İçərişəhərdə polis müdavimləri hazırlayan məktəb açılır. Məktəbdə 1200 müdavimin təhsil alması nəzərdə tutulur. Behbud xan Cavanşirin nazirliyə rəhbərlik etdiyi dövrdə ölkədə anarxiyaya son qoymaq, qanunvericiliyi və vətəndaş təhlükəsizliyini təmin etmək məqsədilə əməli işlər görülür.

1918-ci il oktyabrın 6-da hökumətin tərkibində kabinetdaxili dəyişikliklərdən sonra o, həm də sənaye və ticarət nazirini əvəz edir. B.Cavanşir yerli sənayenin inkişaf etdirilməsinə və Azərbaycanın xarici ölkələrlə ticarət əlaqələrinin yaradılmasına önəm verir və buna çalışır. 1918-ci il dekabrın 26-da Azərbaycan Xalq Cümhuriyyəti ilə Gürcüstan Respublikası arasında mal mübadiləsi haqqında müqavilə imzalanır. Azərbaycan tərəfindən bu müqavilələri Behbud bəy Cavanşir imzalayır. Həmin sənədlərə görə tərəflər dəmir yolu ilə daşınan yüklər üçün bir il müddətində azad tranzitə, yəni gömrük rüsumu alınmamasına razılıq verirlər. Partiya mənsubiyyəti sarıdan bitərəf olan B.Cavanşir həmin il dekabrın 7-də Azərbaycan Parlamentinə üzv seçilir. Parlamentdə fəaliyyət göstərən fraksiyalardan biri Behbud xan Cavanşirin də daxil olduğu bitərəflər fraksiyası idi. 1919-cu ilin oktyabrından fraksiyada parçalanma baş verir. Bəhram bəy Axundov, Behbud xan Cavanşir və Əbdüləli bəy Əmircanov müstəqil olaraq bitərəflər qrupu yaradırlar. Həmin vaxt Fətəli xan Xoyski hökuməti ilə birgə Behbud xan da tutduğu vəzifədən istefa verir. Ancaq o, parlamentdəki fəaliyyətini davam etdirir.

1919-cu il  iyulun 18-dən “Dəyanət” kommersiya şirkəti açır və xarici ticarətlə məşğul olmağa başlayır. Bu sahədə uğurlar əldə edir.

Behbud xan Almaniyada oxuduğu illərdə oranın aqrar sahəsinə yaxından bələd olmuşdu. Onun sonralar həmin ölkədən yumşaq buğda növləri gətirərək Qarabağda əkib-becərməsi öz bəhrəsini vermişdi. Bu diyara ilk avtomobilin gətirilməsi də, yolların abadlaşdırılması da Behbud xanın adı ilə bağlıdır.

O zaman “Müsavat” da sol qanadda formalaşmışdı. Onun fəaliyyəti istər partiya daxilində, istərsə də parlamentdə və cəmiyyətdə sabitliyin pozulmasına səbəb olurdu. Parlamentdə Qarabəyovun “İttihad”ı sağlam müxalifət sayılırdı. Sol qanadın əsas lideri Hacınski idi. Bitərəf qrupun rəhbəri Behbud xanın Hacınskiyə qoşulması burada ciddi platforma yaradırdı. Çünki Behbud xan böyük nüfuza malik idi. Hətta vaxtilə bəzi tədqiqatçılar Əhməd Ağaoğlu ilə birlikdə “Difai”ni yaratmış Qarabəy Qarabəyovun, Məhəmməd Həsən Hacınskinin, Behbud xan Cavanşirin sovet Rusiyası ilə diplomatik münasibətlər qurmaq tələbini təftiş etmişdilər. Onların bu məqsədə görə günahlandırılmasının isə əsası yox idi. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bolşeviklər peşəkar mühəndis kimi tanınan və xariclə əlaqələri olan Behbud xana toxunmurlar.

1920-ci ilin sonlarında Behbud xan Cavanşir Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun tapşırığı ilə neft-mədən avadanlığı almaq üçün bir müddət Almaniyada yaşamalı olur. O, bu tapşırığı Cənubi Qafqaz Soveti Xarici Ticarət təmsilçisi kimi yerinə yetirirdi.

1921-ci ilin yayında Behbud xan Cavanşir həyat yoldaşı Tamara, qardaşları Surxay və Cümşüdlə İstanbula, Əhməd bəy Ağaoğlugilə qonaq gedir. Yazıçı-alim Vilayət Quliyev 1998-ci ildə nəşr olunmuş “Ağolular” kitabında bu məqama da toxunur. Orada Əhməd bəyin qızı Sürəyya xanımın xatirələrindən sitat gətirir: “Atam Maltadan qayıtdıqdan sonra erməni dostlarından bir professor bizə gələrək atamın ermənilərin qara siyahısında olduğunu, atamı sevən dost kimi onu xəbərdar etməyi özünə vəzifə bildiyini və buna görə də hərəkət etmək lazım gəldiyini söylədi... Azərbaycanın daxili işlər naziri Behbud xan Cavanşirin də ermənilərin qara siyahısında olması xəbərini almışdıq. O arada Cavanşir xanımı və iki qardaşı ilə Parisə getmək üçün İstanbula gəlmişdi. Özü vəziyyətə tez uyğunlaşan adam idi və bizim Şahzadə bağındakı evimizdə beş gün gizli yaşadı. Ancaq rus əsilli xanımı bu həbs həyatına dözə bilməyəcəyini söylədiyindən onlar evimizi tərk edib “Pere Palas” mehmanxanasında yerləşdilər. Ertəsi gün səhər tezdən Behbud xanın axşam “Pere Palas” mehmanxanasına gələrkən bir erməni tərəfindən vurulduğunu eşitdik”.



“Pere Palas” mehmanxanası


Beləliklə, 1921-ci il iyulun 17-də axşam, saat 23-də Behbud xan Cavanşir arvadı və qardaşları ilə “Təpədaşı” Ailə Kazinosunun italyan səfirliyinə baxan qapısından çıxaraq “Pere Palas” hotelinə gedərkən “Daşnaksütyun” partiyasının üzvü, Ermənistan ordusunun keçmiş əsgəri Misak Torlokyan tərəfindən üç güllə ilə qətlə yetirilir. Qatil həbs olunur.

Hadisə iyulun 17-si gecə baş verdiyindən bəzi mənbələrdə bu tarix iyulun 18-i kimi də göstərilir. Behbud xan Cavanşir 1921-ci il iyulun 20-də, ölümündən üç gün sonra Beşikdaşdakı Yəhya əfəndi dərgahında dəfn olunur. Bəzi qüvvələrin müqavimətinə baxmayaraq, onun dəfn mərasimi kütləvi nümayiş halını alır. Bu zaman onun qatili Misak Torlokyan İstanbuldakı “Kroker” hotelində, ingilis hərbçilərinin qərargahında saxlanılmışdı. Qəribədir ki, məhkəmə Misakın törətdiyi terror hadisəsini araşdırmaq əvəzinə millətlərarası münaqişəni qızışdırmaqla, baş vermiş hadisəni siyasiləşdirməklə məşğul idi.

Behbud xan Cavanşirin ölümü Murat Çulcunun “Erməni intriqalarının pərdəarxası: Torlokyan davası” kitabında da öz əksini tapıb. Belə ki, üç dəfə dalbadal açılan atəşdən sonra yaralı Behbud xan qatilin üzərinə gedərkən üzüstə yerə yıxılır. Tamara və Cümşüd qatilin silah tutan əlindən yapışmalarına baxmayaraq növbəti güllə Cümşüdün sol yanağını sıyırır. Qalatasaray mərkəzi karakolunun polis məmuru Əli əfəndi hadisə yerinə çatır, Misak Torlokyanın qollarını qandallayır.



Qatil Misak Torlokyan


Behbud xan xəstəxanaya çatdırılır. O, həmin vaxtadək də rus inqilabı və hərc-mərclik dövründə dəfələrlə sui-qəsdlərə məruz qalmışdı. Lakin özünü soyuqqanlıqla qoruya bilmişdi. Bəlkə də payına düşən ömür hələ bitməyibmiş... Bu dəfə isə vəziyyət başqa cür idi. O, həyatının sona çatdığını dərk etmişdi. “Cənablar, pəncərəni açın, hava çatışmır, mən ağırlaşıram” - demişdi. Beləliklə, xəstəxanaya çatdırılandan 35 dəqiqə sonra heç bir tibbi müdaxilə edilmədən dünyadan köçdü...

O zaman İstanbul ingilis işğalı altında idi. Odur ki, cinayət hadisəsindən 20 gün sonra cani ingilis hərbi tribunalında mühakimə edilir. Lakin erməni hiyləgərliyi burada da özünü göstərir. İşi elə qururlar ki, cinayətkar cəzasından qurtarır. Əhməd Ağaoğlunun qızı Sürəyya xanım məhkəmənin iştirakçısı kimi sonralar yazdığı “Bir ömür də belə keçdi” memuarında qeyd edir: “Nəhayət, məhkəmə bitdi. Prokuror qatil üçün ölüm cəzası istədi. Bu tələb hətta bizi çaşdırdı. Lakin prokuror 24 saat içərisində Türkiyədən uzaqlaşdırıldı. Yerinə gələn prokuror isə müttəhimə bəraət istədi və qatil Torlokyan gecə ikən qaçırıldı”.

Məhkəmə prosesində qatil Torlokyan az qala millət qəhrəmanına çevrilir. Məhkəmə həqiqətən siyasi bir iclasa, tədbirə çevrilir. Vəkil Hasruyan Behbud bəy Cavanşirin mətbuatda yayımlanan bəyanatına müraciət edir. Onun bolşeviklərlə əlaqəsi məsələsi gündəmə gətirilir.

“Azərbaycan” qəzetinin baş redaktoru olmuş Şəfi bəy Rüstəmbəyli Behbud xan Cavanşirin qatilinin məhkəməsində şahid qismində çıxış edir.

Şəfi bəy sözlərinin təsdiqi kimi Behbud xanın qəzetlərdə dərc olunmuş müraciətini xatırladır. Yazıdakı “bəzi məsuliyyətsiz şəxslərin soyğun və qəsdlərə yol verdiyi, onların hərbi məhkəmələrdə cəzalanacaqları” fikrini yada salır.

Qara Ağazadə Bakıda mart qırğınları zamanı şəhərdə iki böyük binadan biri olan, müsəlman mədəniyyətinə dair nadir kitabların saxlanıldığı İsmailiyyənin yandırılmasını xatırladır. Əhməd Həmidin erməni Mirzabekyanın binasının toxunulmaz qaldığını söyləyir.

Qacar nəslindən olan Ziba xanım silahları yığılmış müsəlmanlara ermənilərin hücumu barədə danışır: “Erməni məhəlləsindən güllələr yağırdı. Qətliamın üçüncü günü küçəyə çıxıb bizə yaxın olan yanğın yerlərinə getdim. On səkkizə qədər qadın və uşaq cəsədləri gördüm. Qarnı yarılmış hamilə qadının körpəsi qarnından çıxarılaraq parçalanmışdı. Yaşlı bir kişinin damarları kəsilərək həyatına ağır-ağır son qoyulmuşdu. Qətliam bizə paralel olan küçəyə qədər gəlib çatmışdı. Orada dayandırılmışdı”.

Şahid Yusif bəy Qasımov divara mıxlanmış uşağı, parça-parça edilmiş qadını xatırladır, Təzəpir məscidində təqribən 600-ə qədər cənazənin dəfnə hazırlandığını bildirir. Bakıda bir çox evlərin yandırıldığını söyləyir. Lakin bütün bunlar məhkəmə üzvləri tərəfindən soyuqqanlıqla qarşılanır. Şəfi bəy məhkəmənin gedişinə kəskin etirazını bildirir və işin düzgün aparılmasını tələb edir. Bütün bunlara baxmayaraq məqsəd qatili cəzasız qoymaq idi. Cinayət sübut edilsə də, tribunalın qərarı ədalətsiz və sarsıdıcı olur. M.Torlokyan bəraət alır.

Katalikos Amerikada ölüm ayağında 

olan Misak Torlakyana xeyir-dua verir


44 illik ömründə Behbud xan çox çətinliklərdən çıxmış, çox imtahanlardan keçmiş və ölümlərdən qurtulsa da namərd erməni gülləsinə tuş gəlmişdi. Ölüm ayağında ikən son sözləri belə olub: “Mənim şəxsi düşmənim yoxdur. Məni ancaq ermənilər vura bilərlər” - demişdi.



Behbud xan Cavanşirin qəbrüstü abidəsi


Behbud xanın ölümündən sonra qardaşları Cümşüd və Surxay həmişəlik Türkiyədə qalırlar. Tamara isə ömür-gün yoldaşını itirəndən sonra yenidən ailə qurmur. Ömrünün sonunadək Moskva şəhərində tənha yaşayır.

Behbud xan Cavanşirin adı gələndə gözlərimiz önündə tarix vərəqlənir. Onun yaşadığı dövrün çətinlikləri, keşməkeşləri haqqında düşünürük. Bu igid insanın şəxsində namərd ermənilərin qətlə yetirdiyi Azərbaycan oğullarını xatırlayırıq. Nankor qonşularımızın istəyi Azərbaycanın məhz belə say-seçmə oğullarını aradan götürmək olub. Lakin onlar bilmirlər ki, “su gələn arxa bir də gələr”. Azərbaycan xalqı belə oğulları həmişə yetişdirir və qisas heç vaxt qiyamətə qalmır.



Behbud xan Cavanşirin qətliylə əlaqədar abidə

 

İRADƏ ƏLİYEVA,

Azərbaycan. - 2015.- 9 avqust.- S. 5.


"ŞUŞA ELƏ AĞDAM DEMƏKDİR"



Allahverdioğlu Mehdi bəyin qızı rəhmətlik Hurizat nənəm, evdə bir iş görəndə ya mahnı zümzümə edərdi, ya da sinədəftər bayatı söyləyərdi:


Əzizinəm, daşam mən,

Qəfil dərdə tuşam mən.

Şuşasız, Kəlbəcərsiz

Bir qanadsız quşam mən.


Əzizinəm Qarabağ

Qarabağda qara bax.

Cavannar şəhid oldu,

Qana döndü Qarabağ.


Ağdamın yolu pərvan,

Torpağı gözə dərman.

Sənə bir məktub yazaram,

Yarı dərd, yarı dərman.


Nənəmin söylədiyi bu bayatılar hər an qulaqlarımda öz səsiylə səslənir. Rəhmətlik Hurizat nənəm Şuşa ilə Ağdama fərq qoymazdı. Deyirdi ki, bala Şuşa elə Ağdam deməkdir, əhalisi qohum-əqrabadır, bütün Qarabağ əhli demək olar ki, simsardır. Elə o vaxtdan nənəmin bu sözləri beynimdə, ürəyimdə həkk olub qalıb. Məndə, bacım Elmirada və rəhmətlik qardaşım Oqtayda Vətənə, Qarabağa, Şuşaya və Ağdama böyük bir məhəbbət hissi yaşayıb və indi də yaşayır. 




Hər ilin yay fəslində atamdan və anamdan xahiş edirdim ki, dağların qoynuna, Şuşaya, Turşsuya, Laçına və Kəlbəcərə gedək. Bütün yayı dədə-baba oylağında, Qırxqızda, Meydanda istirahət edək. Yeri gəlmişkən deyim ki, Sovet hökumətindən xeyli əvvəl Meydanda ulu babam Allahverdioğlu Mehdi bəyin böyük torpaq ərazisi olub. Vaxtilə o, şəxsi sərvəti olan at ilxılarını yayda həmin ərazidə bəslətdirərmiş. Sover dövründə isə bütün qohum-əqraba yayda gəlib ulu babamıza məxsus həmin yerdə çadır qurardı və necə lazımdırsa eləcə istirahət edərdi. Sonra...




Şuşa ilə bizim nəslimizi, ailəmizi müxtəlif tellər bağlayır. Birincisi, soy-kökümüz Pənahəli xan Cavanşirin nəslindəndir. İkincisi, İbrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın hakimiyyətləri dövründə yaşamış, Qarabağ elinə, xalqına şərəflə xidmət etmiş Axund Molla Əli adlı məşhur din xadiminin törəməsi Süleyman Sani Axundovun ləyaqətli davamçılarıyıq. Üçüncüsü, atamın Şuşada tanıdığı, dostluq etdiyi insan çox idi. Onlardan biri də rəhmətlik Muxtar əmi idi. Biz onlara qonaq gedəndə onun unudulmaz həyat yoldaşı Mehri xala bizə ana qayğısı göstərirdi. Səhər tezdən Şuşanın təmiz havası, yağlı südü, isti təndir çörəyi, motal pendiri, öz toyuqlarının soyutma yumurtası... Bəh-bəh-bəh, necədir? Yeməkdən doymurduq. Yanaqlarımız qıpqırmızı olurdu. Beləcə 3 ay xoşbəxt, firavan günlərimizi yaşayıb doğma Ağdama qayıdardıq.




Ailənin 8 övladı var idi.  Zahid bu ailənin 6-cı övladı idi. Bizim aramızda 4 yaş fərq vardı. Ancaq əxlaqımız, davranışımız, söhbətimiz tuturdu. Buna görə də dost olduq və indi də bu missiyanı davam etdiririk. Zahid Azərbaycan Dövlət Universitetinin Hüquq Fakültəsində, mən isə Jurnalistika Fakültəsində təhsil alırdıq. O, məndən yuxarı kursda oxuyurdu, böyük qardaş kimi tez-tez mənə baş çəkirdi, qayğı göstərirdi.


Zahidin tərcümeyi-halı sizin üçün də maraqlı olardı...




Zahid Muxtar oğlu Tağıyev 31.10.1949-cu ildə Şuşa şəhərində doğulmuşdur. 1957-ci ildə orta məktəbin 1-ci sinfinə daxil olmuş və 1967-ci ildə Hüsü Hacıyev adına Şuşa şəhər 1 saylı orta məktəbin 10-cu sinfini bitirmişdir. 

1968-1970-ci illərdə Ukraynada ordu sıralarında xidmət etmişdir. Hərbi xidmət zamanı "Hərbi rəşadətə görə" medalı ilə təltif edilmişdir.

1971-ci ildə S.M.Kirov adına ADU (İndiki BDU)-nun Hüquq Fakültəsinə daxil olmuş və 1976-cı ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. O, təhsil müddətində "Lenin təqaüdü" almış və "Təhsil əlaçısı" döş nişanı ilə təltif edilmişdir. 

1987-1991-ci illərdə Dəvəçi rayon (İndiki Şabran r-n), 1992-1997-ci illərdə Ağdam rayon, 1997-2002-ci illərdə Balakən rayon prokuroru vəzifəsində işləmişdir. 2002-2009-cu illərdə Baş prokurorluğun idarəsində böyük prokuror vəzifəsində çalışmışdır.

2009-cu ilin dekabr ayında yaş həddi ilə əlaqədar təqaüdə çıxmışdır. Lakin Baş prokurorluğun rəhbərliyinin müraciətilə əlaqədar 2010-2014-cü illərdə Baş prokurorluğun Tədris Mərkəzində müqaviləylə prokuror-müəllim işləmişdir. Prokurorluğun "Fəxri işçisi" döş nişanı ilə təltif edilmişdir. Əmək və müharibə veteranı olan dostum Zahid müəllim indi əmək təqaüdçüsüdür.

Çox təəssüf ki, Zahidin də, mənim də, sizin də, bütün Azərbaycan xalqının doğma vətəni, yurd yeri saydığı Qarabağımızın döyünən ürəyi Şuşa şəhəri düşmən tapdağı altına düşdü. 1992-ci ilin may ayının 8-də Azərbaycanın qədim musiqi və mədəniyyət mərkəzi olan Şuşa şəhəri erməni və rus hərbi birləşmələri tərəfindən işğal edildi. 

Düşmənlərimiz Şuşa şəhərini ələ keçirməklə bütün yuxarı Qarabağı zəbt etdilər. Onların silahlı qüvvələrinin təcavüzü nəticəsində Şuşanın 25 məktəbi, 31 kitabxanası, 17 klubu, 8 mədəniyyət evi, 4 texnikumu, 2 institut filialı, 7 uşaq bağçası, 4 kinoteatrı, 5 mədəniyyət və istirahət parkı, 2 sanatoriya, turist bazası, 2 mehmanxanası, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şuşa Televiziyası, Şərq musiqi alətləri fabriki, Dövlət Rəsm Qalereyası, Uşaq sağlamlıq məktəbi talan edildi, tarixi abidələrimiz yerlə yeksan oldu, yandırıldı və dağıdıldı.

28 il Şuşamıza həsrət qaldıq. Allah düşmənlərimizə bir daha belə bir fürsət verməsin. Müharibə hamımızın yaralı yeridir. Müharibə biz nəslin gəncliyini əlindən aldı. Gəncliyimizi istədiyimiz kimi yaşaya bilmədik, arzularımız ürəyimizdə qaldı. Tanrı bizlərə qüvvət və sağlam ömür versin ki, qalan həyatımızı mənalı yaşaya bilək. 

Şükür Allaha ki, 28 ildən sonra Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Milli Ordumuzun Azərbaycanın alınmaz qalası hesab edilən Şuşaya üçrəngli bayrağımızı sancdı və Azərbaycanın beynəlxalq nüfuzunu artırdi. Əgər gündən-günə artan nailiyyətlər olmasaydı, problem dondurulmuş vəziyyətdə qala bilərdi. Şükür Allaha ki, biz indi Şuşaya qayıtmışıq. İndi bir çox ölkələrlə səmimi işguzar münasibətlər qura bilmişik. Bir çox ölkələr Azərbaycanı strateji tərəfdaş hesab edir. Bütün qonşu ölkələrlə səmimi dostluq əsasında, qarşılıqlı inam, hörmət əsasında münasibətlər qura bilmişik. Biz bunu etməsəydik, münaqişə ətrafında tam başqa proseslər gedə bilərdi. Biz demək olar ki, təcrid edilmiş vəziyyətdə qalmışdıq. Lakin indi biz Ermənistanı təcrid edilmiş hala salmışıq...  


Hörmətlə, 

Adil İrşadoğlu (Əliyev) ©

Qocaman televiziya və qəzet jurnalisti,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1980),

1-ci Qarabağ Müharibəsinin iştirakçısı (1988-1996).

31.07.2023. / 11-00.