20 Ağustos 2022 Cumartesi

KEÇMİŞİNİ UNUDAN GƏLƏCƏYİNİ İTİRƏR

 KÜTBEYİN NƏSLİN VAY HALINA

Pənahəli xan Cavanşir


Pənahəli xan 1693-cü ildə İbrahimxəlil ağanın və Qızlarbəyim xanımın ailəsində, Qarabağın Alaqarğu kəndində anadan olub. Mirzə Adıgözəl bəy, Cavanşir sülaləsinin yaradıcısı olan Pənahəli bəyin əslən Sarıcalı tayfasından оlduğunu qеyd еtmişdir. Mirzə Camal Cavanşir isə оnun bu fikrini Cavanşirlərin Sarıcalı oymağından оlmasını yazmaqla qəbul еdir. Mirzə Camal bəy yazır: "Mərhum Pənah xanın əsl-nəsəbi Qarabağın Cavanşir еlindəndir. Bu еl qədim zamanlarda Türküstandan gəlmiş Bəhmənli еlinin bir qоlu оlan Sarıcalı оymağındandır. Bunların atababaları Cavanşir еli arasında məşhur, adlı-sanlı, çörəkli, mal-dövlət və еhsan sahibi оlmuş adamlar idilər".

Pənahəli xan və ya Pənahəli xan Cavanşir Cavanşirlər sülaləsinə mənsub olan Qarabağ xanlığının qurucusu, ilk xanı və sərkərdəsidir. 1747-ci ildə Nadir şahın ölümündən sonra Pənahəli xan Qarabağ xanlığını yaradıb.

1747-ci il iyulun 19-dan 20-nə keçən gecə Nadir şah öldürüldükdən sonra İranda mərkəzi hakimiyyət pis vəziyyətə düşüb və Azərbaycanda xalq azadlıq hərəkatının qələbəsi üçün şərait yaranıb. Azərbaycanda 20 müstəqil və yarım-müstəqil xanlıqlar təşəkkül tapıb. Belə bir tarixi şəraitdə Pənahəli xan Qarabağ xanlığının əsasını qoyub. O, 200-ə qədər süvari tərəfdarı ilə birlikdə Qarabağa gəlib və özünü xan elan edib. Pənahəli xan Xorasana və Gilana sürgün edilmiş Kəbirli, Cavanşir və başqa Qarabağ tayfalarının Vətənə qayıtmasına şərait yaradıb. Pənahəli xan onları qarşılamaq üçün Azərbaycan və İraq sərhədinə qədər gedərək onlara kömək göstərib.

Qafqaz müharibəsi tarixinə dair əlamətdar əsərləri ilə tanınan rus general-leytenantı və hərbi tarixçisi Vasili Aleksandroviç Potto qeyd edir ki, Pənah xan İrandan böyük sayda həmyerliləri ilə Vətənə dönə bildi. 1747-ci ildə Qarabağ xanlığını yaratdı və Pənah xan özünü hakim elan etdi. Beləliklə, böyük dövlətin sərhəddində öz müstəqilliyini inadla qoruyan kiçik müstəqil dövlət əmələ gəldi.

Pənahəli xan Şuşa qalasını tikdirməmişdən əvvəl xanlığın təhlükəsizliyini qorumaq üçün 1748-ci ildə Kəbirli mahalında Bayat qalasını, Ağdamın 5-6 kilometrliyində Şahbulaq qalasını, Əsgəran qalasını inşa etdirib. Daha sonra sıldırım qayaların başında 1751-ci ildə Şuşa qalasının bünövrəsini qoyub, Qarabağ Xan Sarayını tikdirib. İlk vaxtlar Pənahabad adlandırılan qala, sonralar Şuşa qalası kimi tarixə düşüb.

Qarabağ tarixçisi Həsənəli xan Qaradaği qeyd edir ki, “Molla Pənah Vaqifin birbaşa nəzarəti altında Şuşada bir sıra tikililər, o cümlədən Şuşa qalası inşa edilmişdi”. 



Qədim Şuşa şəhəri


Qarabağ xanlığının tədqiqatçıları Pənahəli xanın hakimiyyətə başlamasından az sonra Şuşada sikkəxana inşa etdirməsindən bəhs edirlər. Burada gümüşdən pənahabad pul sikkəsi zərb olunmuşdur. Bu pul həm xanlıq daxilində, həm də digər xanlıqların ərazisində işlənmişdir. Onun dəyəri 18 şahı, 18 qəpik gümüş yaxud 70 qəpik rus mis pulu qiymətində olub. Eyni zamanda, bu pulun təklik və cütlük olmaqla iki növü var imiş. Təklik 15 qəpik, cütlük 30 qəpik hesab olunurmuş.

Qarabağda "xan ərşini" adı ilə bir ölçü miqyası da olub. Bu arşın 5-10 santimetrdən artıq imiş. Çəki daşı olaraq "istil" deyilən ağırlıq ölçüsü də tətbiq edilmişdir. Bu da təxminən 800 qram ağırlığında olub. Həmin çəki daşı haqqında xalq arasında müxtəlif rəvayətlər mövcuddur. Bəziləri onun ağırlığını 600 qram, bəziləri isə 1 kiloqram hesab edirmişlər.

Pənahəli xan Cavanşir hakimiyyəti dövründə Qaradağ, Ərdəbil və Naxçıvan xanlıqlarını da öz təsiri altına almış, Tatev, Sisyan, Qafan, Meğri, Zəngəzur və Qapan mahallarını özünə tabe etməyi bacarmışdır. 


Şuşada xan sarayında məclis


Pənahəli xanın şöhrəti Azərbaycan hakimi Əmiraslan xana da yetişir. Əmiraslan xan vaxt itirmədən Qarabağa gəlir və Pənahəli xanla görüşür. Nadir şahın ölümündən sonra onun qardaşı oğlu Əliqulu xan Adil şah adı ilə hakimiyyətə gəlmişdi. Əmiraslan xan Pənahəli xana Adil şaha tabe olmağı təklif edir. Pənahəli xan təklifi qəbul edir. Adil şah öz növbəsində rəsmi surətdə Pənahəli xana xanlıq rütbəsi fərmanı, eləcə də cəvahiratla bəzədilmiş qılınc və başqa hədiyyələr göndərir. 1748-ci ildə Adil şah öldürülür və Pənahəli xan xanlığı tam müstəqil idarə etməyə başlayır...

...Qacar hakimi Məhəmmədhəsən xan taxt-tac uğrunda rəqibləri ilə mübarizəyə girməzdən əvvəl Şimali Azərbaycanda özünə yeni qüvvələr cəlb edib, sursat əldə etmək qərarına gəlir. Bu məqsədlə o, Azərbaycan xanlarını onun Qarabağa qarşı hərbi yürüşündə iştirak etməyə məcbur etmək istəyib. Lakin yalnız Qaradağ hakimi Kazım xan və Gəncə hakimi Şahverdi xan Məhəmmədhəsən xanın Qarabağ üzərinə yürüşündə iştirak etməyə razılıq veriblər. Digər Azərbaycan xanları isə onun tələbi ilə Muğana hərbi dəstələr göndərəcəklərinə söz versələr də buna əməl etməyiblər. Yalnız qiymətli hədiyyələrlə öz nümayəndələrini buraya göndərməklə kifayətləniblər...

...1757-ci ilin avqustunda Qacar şahı Məhəmmədhəsən xan Qovanlı-Qacar Mazandarandan, Astrabaddan və Gilandan 30 minlik ordu yığaraq Şuşаyа yürüş еdib, Хаtunаrхı аdlаnаn yеrdə düşərgə sаlıb. Məhəmmədhəsən xan 1 ay burada qalıb. Görülən ciddi hazırlıq işlərinə baxmayaraq, o, qalanı ələ keçirə bilməib. Həmçinin Qarabağ əhalisindən ibarət dəstələr düşmənə ağır zərbələr vurmağa başlayıblar. Qacar hakiminin ordusunda fərarilik kütləvi hal alıb. Məhəmmədhəsən xan burada uğur qazana bilmədiyini görərək, geri çəkilib.



Əsgəran qalası

...Məhəmmədhəsən xan Qacar həlak olandan sonra urmiyalı Fətəli xan Əfşar müstəqilləşir və öz gücünü artırmağa başlayır. Cənub xanlıqlarının bir çoxunu özündən asılı vəziyyətə salmağı və hakimiyyətini Azərbaycanın şimal xanlıqlarına da yaymağı qərara alır. O, ilk növbədə mühüm strateji əhəmiyyəti olan Qarabağ xanlığını ələ keçirməyə cəhd göstərir. Qarabağa elçilər göndərib Pənahəli xandan ona tabe olmasını tələb edir. Lakin Pənahəli xan Fətəli xanın elçisinə kobud cavab verir.

1759-cu ildə Azərbaycanın cənubunda və İranda ali hakimiyyət uğrunda mübarizənin fəal iştirakçısı olan Urmiya xanı Fətəli xan Əfşar 30 minlik qoşun toplayaraq Qarabağa yürüş edir və Şuşa qalasının yanında düşərgə salır. Öncə bir neçə mahalı ələ keçirir. Pənahəli xana qarşı gizli düşmənçiliyi davam etdirən Çiləbörd və Talış məlikləri Məlik Hatəm və Məlik Usub da Fətəli xanla birləşirlər. Pənahəli xanın müdafiəyə yaxşı hazırlaşdığını və Şuşa qalasının möhkəmliyini görən Fətəli xan, şəhərin altı kilometrliyində - Ballıca və Xocalı çayları arasında istehkam inşa etdirir.

Şəhər əhalisinin güclü müqavimət göstərməsinə baxmayaraq, Fətəli xanın qoşunları gündən-günə qalaya doğru irəliləyirlər. Şuşaya gedən yollar bağlandığı üçün orada azuqə, hərbi-sursat getdikcə azalır və yеni çətinliklər mеydаnа çıхır. Mühаribənin sоn günlərində Urmiya xanlığının döyüşçüləri аrtıq qаlа divаrı ətrаfındа döyüşürlərmiş. Şəhər süqut еtmək təhlükəsi qаrşısındа imiş. Yаrаnmış vəziyyətlə əlаqədаr оlаrаq Pənаhəli хаn Fətəli хаnla sаziş bağlamağa məcbur olur. Pənahəli xan çıxış yolu görmədiyindən tabeçiliyini bildirib oğlu İbrahimxəlil bəyi ona girov kimi verir.


Şuşada yuxarı Gövhər ağa məscidi


...Mərkəzi İranda öz hakimiyyətini xeyli möhkəmləndirən Kərim xan Zənd belə hesab edirmiş ki, Azərbaycan xanlıqlarını tabe etmədən öz mövqeyini kifayət qədər möhkəmləndirə bilməyəcək. Müstəqil siyasət yeridən Azərbaycan xanlarının əksəriyyəti isə Kərim xanın hakimiyyətini qəbul etmək niyyətində olmayıblar. Bu dövrdə Cənubi Azərbaycan xanlıqlarının çoxu Fətəli xan Əfşarın hakimiyyəti altında idi. Fətəli xan Qarabağda olduğu zaman taxt-taca digər iddiaçı Kərim xan Zənd öz qüvvələrini toplayıb İsfahan və Şirazı tutmuşdur.

Kərim xan Zənd güclənəndən sonra Fətəli xana hücum etmiş və Təbriz şəhərini tutmuşdur. Təbriz əhlindən bir neçə nəfəri danışıq üçün Fətəli xanın yanına göndərmişdir. Fətəli xan elçilərə rədd cavabı verərək onları geri qaytarmışdır. Geri çəkilərək möhkəmlənən Fətəli xan Xoya və Urmiyaya xəbər göndərir, möhkəmlənmələrinə göstəriş verir.

Kərim xan Zənd öncə Marağaya hücum edir, oranı ələ keçirir. Şahsevən və Şəqaqi ellərini özünə tabe edir. Kərim xan Mirzə Ələkbər Mollabaşını Fətəli xanın yanına elçi göndərir. Fətəli xan bu dəfə də rədd cavabı verir. Bundan qəzəblənən Kərim xan 1761-ci ilin yay ayında Fətəli xanla Qaraçəmən kəndinin Ucan düzündə qarşılaşır. Gərgin keçən döyüşdə Kərim xan Fətəli xana ağır zərbə vura bilir və Fətəli xan Urmiya qalasına çəkilir.

1762-ci ildə Kərim xan Zənd Pənahəli xana məktub göndərir. Kərim xan Zənd Fətəli xanla mübarizədə onunla müttəfiq olmağı təklif edir. Pənahəli xan Kərim xanın çağırışını cavablayıb, qoşunla Təbrizə yürüş etməyə söz verir. Bu iş üçün 3 ay hazırlıq görür.

1763-cü ilin ortalarında Kərim xanla Pənahəli xanın ordusu görüşür. Fətəli xan qaladan çıxıb, öndə dayanan Kərim xanın dəstəsinə hücum edir. 500 nəfərlik Zənd dəstəsi Fətəli xanın qoşununun mərkəzinə doğru irəliləyir, vuruşurlar. Fətəli xan geri çəkilərək Urmiyaya geri dönür. Döyüşçülər isə mübarizəni dayandırmırlar. Kərim xan Zənd 9 ay müddətinə Urmiya qalasını mühasirəyə alır. Əsir düşən Fətəli xan sfahan yaxınlığında öldürülür. Pənahəli xanın oğlu İbrahimxəlil bəy girovluqdan azad edilir və Qarabağa göndərilir.



İbrahimxəlil xan Cavanşır


Hiyləgər Kərim xan Zənd onun köməyinə gəlmiş Azərbaycan xanlarını - Pənahəli xanı, qaradağlı Kazım xanı, xoylu Şahbaz xanı, naxçıvanlı Hacı xan Kəngərlini, sərablı Əli xan Şəqqaqini qələbəni qeyd etmək üçün Şirazda keçiriləcək şənliklərə dəvət edir. Bu dəvəti qəbul etdirməklə Kərim xan Zənd adı çəkilən şəxsləri Şirazda girov saxlayır və onları özündən asılı edir. 

Şirazda girov vəziyyətində qalan Pənahəli xan 1763-cü ildə vəfat edir. Onun ölümünün səbəbləri və təfərrüatları haqqında tarixi faktlar yoxdur. Ancaq mənbələrdə bununla bağlı bir çox izahlara rast gəlinir. Kərim xan Zəndin göstərişi ilə Pənahəli xanın nəşini Qarabağa göndərirlər. O, Ağdamda dəfn edilir. Pənahəli xandan sonra hakimiyyətə onun böyük oğlu İbrahimxəlil bəy gəlir...

30 ildən sonra Şuşa yenə öz əsl sahibləri tərəfindən düşməndən - ermənilərdən və ruslardan geri alındı. Hadisənin üstündən iki il keçəndən sonra Şuşa xüsusi bir qonağını - Pənahəli xanın nəslindən olan, İspaniyada dünyaya göz açan Məhəmmədəli Əkbərovu qarşıladı. O, Pənahəli xanın iki övladından biri, Mehrəli bəyin nəslindəndir. 21 yaşlı Məhəmmədəli Əkbərov hazırda Madriddə yaşayır və Alcala Universitetinin (UAH) Kriminalistika, texnologiyalar və məhkəmə elmləri fakültəsində təhsil alır.

Məhəmmədəli Əkbərovu Azərbaycana, Bakıya, Şuşaya Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondu 2-8 avqust tarixində Şuşada keçirilən Diaspor Gənclərinin III Yay Düşərgəsində iştirak etmək üçün dəvət edib. Bu münasibətlə Azərbaycana dünyanın 50 ölkəsindən 115 gənc azərbaycanlı səfər etdi. Onların hər biri xüsusi seçimlərə qatılaraq düşərgədə iştirak etmək haqqı qazanmışdı. Bir həftə ərzində azərbaycanlı gənclər, eləcə də Məhəmmədəli Əkbərov öz tarixi vətənlərinə gələrək Azərbaycan tarixini və ənənələrini daha yaxından öyrənmiş oldular. 
Dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı Vətəni layiqincə təmsil etməli və Azərbaycanın maraqlarını qorumalıdırlar. Onlar ingilis, fransız, alman, ispan və başqa dillərdə Azərbaycanın, Qarabağın həqiqətlərini dünyanın dörd bir tərəfinə çatdırmalıdırlar.

Mənim qeydim, dol­ğunluğu ilə seçilən 
qısa xəbərim və ya mə­qalənin sonunda xüsusi izahım: 


Bütövlükdə Qarabağ, həmçinin Ağdam hər tərəfi tarix olan məkandır. Soy - kökü Ağdamın Sarıhacılı və Seyidli kəndlərindən olan, Qarabağ xanı Pənahəli xanın əqrabası sayılan rəhmətlik atam İrşad Əliyev atası Məhəmməd bəy tərəfdən Kərbəlayi Mikayılın nəvəsi və Məhəmmədəli bəyin nəticəsidir. Atamgil 5 uşaq (4-ü oğlan, 1-i qız) olublar. İrşad, Şəfa, İslam, Nadir və Ayna (Uşaq ikən, 5 yaşında rəhmətə gedib).


Atam İrşad Məhəmməd oğlu Əliyev


(Məhəmmədəli bəyin törəmələrinin bir qismi Məhəmmədi, bir qismi isə Əlini özlərinə soyad seçiblər). 

Atam İrşad Əliyev anası Hurizat xanım tərəfdən isə Allahverdioğlu Mehdi bəyin və onun arvadı Əziz xanımın (Axundova) nəvəsidir. Əziz xanım Seyidli oymağının tanınmış insanı 2-ci Abbas bəyin qızı və Azərbaycanın görkəmli dramaturqu, nasiri, maarif xadimi Süleyman Sani Axundovun (1875-1939) əmisi qızıdır. 

Axundovlar nəsli Seyidli oymağının tanınmış bəy nəslidir. Nəsil öz adını Qarabağ xanları İbrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın hakimiyyətləri dövründə yaşamış Axund Molla Əli adlı məşhur din xadiminin adından almışdır.

Ata nənəm Hurizat xanım tərəfdən ulu babam Allahverdioğlu Mehdi bəyin 6 (altı) övladı olmuşdur. 1) Zülfüqar, 2) Əvəz, 3) Ağalar, 4) Həşim, 5) Hurizat, 6) Gilə.



Allahverdioğlu Mehdi bəyin qızı Hurizat nənəm


Bizim Sarıhacılı kəndimiz Azərbaycan Respublikası Ağdam rayonunun Seyidli kənd inzibati ərazi dairəsində kənddir, Qarabağ düzündə yerləşir.

1593-cü ilə bağlı bir Osmanlı qaynağında Otuziki elinin 27 (iyirmi yeddi) oymağının adı sadalanır ki, onlardan biri də Sarıhacılıdır.
 
Ağdam rayonundakı Sarıhacılı kəndi həmin oymağın adını özündə yaşadır. Görünür bu oymaq öz adını kəndin əsasını qoyan Sarı Hacı adlı şəxsin adından götürmüşdür. Sarıhacılı kəndi Sovet dövründə xeyli böyümüş, rayon mərkəzilə birləşmiş və 1989-cu ilə qədər 28 min 31 nəfər əhalisi olmuşdur.

Bilməyənlər bilsin. Sarıhacılı kəndi başqadır, Sarıcalı kəndi başqa. Sarıhacılı kəndi Ağdamın Seyidli, Xıdırlı, Əhmədavar kəndləri və Əsgəran rayonu ilə, Sarıcalı kəndi isə Ağcabədi rayonu ilə həmsərhəddir. Ümumiyyətlə Otuziki elinin - Ağdamın Sarıhacılı, Seyidli, Sarıcalı və sonradan Çəmənli (Çəmənliyə qız və həmin qıza cehiz sırasında torpaq sahəsi verib qohum olmuşuq) kəndlərinin keçmiş sakinləri Qarabağ xanlığının bünövrəsini qoyan Pənahəli xanın qohum-əqrabasıdır və biz də bu tayfanın (Tayfa insanların qəbilədən böyük olan birliyidir) törəmələriyik, Cavanşirlər nəslindənik. 

Sarıhacılı kəndi 1993-cü ilin 23 iyulunda Ermənistan və Rusiya Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. 20 noyabr 2020-ci il tarixində Qarabağda atəşkəs bəyanatının şərtlərinə əsasən Sarıhacılı kəndimiz Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə verilmişdir.
 
------

YADDA SAXLA

Pənahəli xan Cavanşirin doğum tarixi: 1693. 
Doğulduğu yer: Qarabağ bəylərbəyliyi, Alaqarğu kəndi.
Vəfat etdiyi tarix: 1763, İran, Şiraz.
Dəfn yeri: Ağdam şəhəri, İmarət qəbiristanlığı.

Övladları: İbrahimxəlil xan, Mehrəli bəy Sarıcalı-Cavanşir.

Nəvələri: Mehdiqulu xan, Ağabəyim ağa, Əbülfət xan Tuti, Məhəmmədhəsən ağa Sarıcalı-Cavanşir, Məhəmmədqasım ağa Sarıcalı-Cavanşir.
 
Nəvələri: Xurşidbanu Natəvan, Cəfərqulu xan Məhəmmədhəsən ağa oğlu Sarıcalı-Cavanşir, Abbasqulu xan Cavanşir, Ata xan Abraxanov, Nəcəfqulu ağa Cavanşir. 

------

Hazırladı: © Adil İrşadoğlu (Əliyev).

Veteran televiziya və qəzet jurnalisti,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1980),
1-ci Qarabağ Müharibəsinin iştirakçısı (1988-1996).

Mənimlə əlaqə: adil.irshadoglu@gmail.com

ÖMÜR ÖTÜB GEDİB MƏNDƏN XƏBƏRSİZ...



 © Adil İrşadoğlu.

Bakı, 14.08.2022.


...VƏTƏNLİYƏM, VƏTƏNSİZƏM, BİLMİRƏM NƏYƏM,

VƏTƏN YOXSA, KƏFƏN DƏ YOX, ƏYNİMƏ GEYƏM...

FAMİL MEHDİ.


AĞDAM - HƏR TƏRƏFİ TARİX OLAN MƏKAN...

 


Sarıhacılı - Azərbaycan Respublikası Ağdam rayonunun Seyidli kənd inzibati ərazi dairəsində kənddir. Qarabağ düzündə yerləşir. 

1593-cü ilə bağlı bir Osmanlı qaynağında Otuziki elinin iyirmi yeddi oymağının adı sadalanır ki, onlardan biri də Sarıhacılıdır.

 Ağdam rayonundakı Sarıhacılı kəndi bu oymağın adını özündə yaşadır. Görünür bu oymaq öz adını kəndin əsasını qoyan Sarı Hacı adlı şəxsin adından götürmüşdür. Sarıhacılı kəndi Sovet dövründə xeyli böyümüş, rayon mərkəzilə birləşmiş və 1989-cu ilə qədər 28 min 31 nəfər əhalisi olmuşdur.

Bilməyənlər bilsin. Sarıhacılı kəndi başqadır, Sarıcalı kəndi başqa. Sarıhacılı kəndi Ağdamın Seyidli, Xıdırlı, Əhmədavar kəndləri və Əsgəran rayonu ilə, Sarıcalı kəndi isə Ağcabədi rayonu ilə həmsərhəddir. Ümumiyyətlə Otuziki elinin - Ağdamın Sarıhacılı, Seyidli, Sarıcalı və sonradan Çəmənli (Çəmənliyə qız və həmin qıza cehiz sırasında torpaq sahəsi verib qohum olmuşuq) kəndlərinin keçmiş sakinləri Qarabağ xanlığının bünövrəsini qoyan Pənahəli xanın qohum-əqrabasıdır və biz də bu tayfanın (Tayfa insanların qəbilədən böyük olan birliyidir) törəmələriyik, Cavanşirlər nəslindənik. 

Sarıhacılı kəndi 1993-cü ilin 23 iyulunda Ermənistan və Rusiya Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. 20 noyabr 2020-ci il tarixində Qarabağda atəşkəs bəyanatının şərtlərinə əsasən Sarıhacılı kəndimiz Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə verilmişdir.

 

© Adil İrşadoğlu.

Veteran televiziya və qəzet jurnalisti,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1980),

1-ci Qarabağ Müharibəsinin iştirakçısı (1988-1996).

31.07.2022. / 20-16.


QARABAĞIN QOCALARI


...Heç birinin ürəyinə

Kin-küdurət yaxın gəlməz,

Böyük-kiçik məclislərdə

Bir yol yersiz deyib-gülməz.

Dalda qeybət qıranları,

Gizlin ara vuranları

İnsan sanıb, kişi bilməz

Bu torpağın ucaları -

Qarabağın qocaları...


Famil Mehdi .



QORXURAM

 

... Çətinləşib yaşamaq da, ölmək də.

Bir tikəni iki yerə bölmək də.

Zor zorunan iş başına gəlməkdə,

Haqq-ədalət itib gedir - qorxuram.


Yalan qırtır məclislərin başında,

Çəmin tapıb torpağın da, daşın da.

Günəş yanır üzüyünün qaşında,

Vay, həqiqət itib gedir - qorxuram.


Qaraya ağ, ağa qara deyən çox,

Bir xoş günü göy əskiyə düyən çox.

Yaxşıları yaman deyib söyən çox.

Qədir-qiymət itib gedir - qorxuram.


Gör baxışlar, gülüşlər nə haldadır,

Bilmirsən ki, güc gözdədir, qoldadır.

Həyat səhnə, bütün bəşər roldadır.

Səmimiyyət itib gedir - qorxuram...


Yurdumuzda su yerinə qan axır,

İgidlərin o qan bağrından axır.

Bəs o kimdir, əl cibdə gendən baxır?

Qəzəb-nifrət itib gedir - qorxuram.


Dəvə dəlləklik eləyən zamandı,

Xəlbir ələklik eləyən zamandl,

Qarğa leyləklik eləyən zamandı.

Şeir-sənət itib gedir - qorxuram.


Allah, Allah, üstümüzdə yar ol sən,

Gecə-gündüz bizə havadar ol sən.

Yox, qorxmaram üstümüzdə yar olsan,

Bu ülviyyət itib gedir - qorxuram.


Famil Mehdi.

Ağdam - Bakı.

DOSTLUQ ƏN GÖZƏL İNSANİ HİSSLƏRDƏN BİRİDİR

 Hər adamdan adama 

ürək dostu, qəlb yoldaşı olmaz.


Allah Müstəqil Azərbaycan Respublikasının Milli Qəhrəmanı, 
uşaqlıq dostum, unudulmaz qardaşım Asif Yusif oğlu Məhərrəmova rəhmət eyləsin. 
Qəbri nurla dolsun. Ruhu şad olsun.

...Mən dünyaya insan gəldim, İnsan kimi gedəsiyəm !

VİDEO 


MƏN SİZİNLƏ FƏXR EDİRƏM...


Vaxtilə qurucusu olduğum 

"De Fakto" qəzetində əmək təcrübəsi keçən 

və seçərək işə götürdüyüm jurnalistlərə açıq məktub

---------

Hörmətli Afət xanımın simasında hamınıza salam olsun. 

Afət xanım, Sizə bu qısa məktubu Əvəz Zeynallının "Xural TV"-sində - Milli mətbuatımız niyə "öldürüldü"?! verilişinə baxandan sonra yazmaq qərarına gəldim. Əvvəllər də bu ürək sözümü sizə və vaxtilə sizinlə birlikdə "De Fakto" qəzetinin redaksiyasında əmək təcrübəsi keçəndən sonra seçərək işə götürdüyüm işçilərə çatdırmaq istəmişəm. Ancaq fikrimdən daşınmışam, cavandırlar, həyat təcrübələri azdır, - demişəm. 

İndi isə həmin fikrimdən daşına bilmədim. Siz verilişdə deyirsiniz ki,

"Hər kəsin yolu hardansa keçir. Mən öz payıma deyirəm ki, yazılı mediadan başladım. "Hürriyyət" qəzeti o vaxt ən yaxşı qəzet idi, yüksək tirajla nəşr olunurdu. Şahvələd Çobanoğlu qəzetin baş redaktoru idi. Onu hər kəs tanıyırdı. Onun imzası üçün çoxumuz darıxırıq...Bakı Dövlət Universitetini bitirən kimi mən ora işləməyə getdim. O, bizi elə-belə işə götürmədi, bizi yoxladı... "Hürriyyət" qəzetindən sonra "Yeni Müsavat" qəzetində çalışdım"...



Hörmətli Afət xanım, mənə elə gəlir ki, siz iş ardıcıllığınızı qarışıq saldınız. Siz universitetdən "De Fakto"ya, "De Fakto"dan "Yeni Müsavat"a getmisiniz. Mənim üçün maraqlıdır. Niyə siz və sabiq defaktoçular yeri düşəndə, yazılar yazanda, kanallarda çıxış edəndə vaxtilə populyarlıq qazanmış, 10 min tirajla çap edilmiş qurucusu olduğum "De Fakto" qəzetinin adını yada salmırsınız, həmin redaksiyada işləməyinizin üstündən sükutla keçirsiniz? Mənim gənc jurnalistlərlə birlikdə istehsal etdiyim "De Fakto" qəzetinin 1-ci sayı 24.11.1995-ci ildə, axırıncı sayı isə 9 iyul 1997-ci ildə işıq üzü görüb. Qəzetin sonuncu nömrəsində "De Fakto"nun  mini futbol komandasının qalibiyyətindən, Azərbaycan Respublikası Qəzet redaksiyalarının komandaları arasında 1-ci yeri tutmasından və AFFAnın Kubokunu almasından yazılır. Sizdən fərqli olaraq mən yaradıcı komandamı, bu kollektivlə bağlı xatirələri unutmamışam və ölənədək unutmayacağam. 



Sizə xatırladım, hələ sizlər Bakı Dövlət Universitetinin Jurnalistika Fakültəsində axırıncı kursda oxuyanda mən fakültənin rəhbərliyindən, fakültənin 10 il dalbadal dekanı seçilmiş Akif Rüstəm oğlu Rüstəmovdan icazə aldım, fakültədə sizinlə görüşlər keçirdim və sizin içərinizdən ən layiqlilərini (38 nəfəri) seçib yeni qurulan "De Fakto" qəzetinin redaksiyasına əmək təcrübəsinə dəvət etdim. Demək çirkinlik olmasın, sizlər bir müddət işlədikdən sonra yenə seçim edərək rəsmi şəkildə əmr verib sizləri işə qəbul etdim. Sizlərlə çalışdım, sizlərə qayğı göstərdim, sizlərlə bir masa arxasında oturub çörək kəsdim, nahar etdim, vaxtlı-vaxtında zəhməthaqqınızı verdim. Oğlan işçilərimə tapşırdım ki, bu qızlar sizin bacınızdır, onlardan muğayat olun, qoymayın "Azərbaycan nəşriyyatı"nda digərləri onlara pis gözlə baxsınlar. Mən "De Fakto" qəzetini və tabeliyimdə olan işçiləri öz doğma balam kimi sevmişəm, gənc jurnalistlərə qayğı göstərməkdən həzz almışam. Maşallah, indi onların səs-sorağı mötəbər yerlərdən gəlir. Mən sizinlə fəxr edirəm...



Hörmətlə,

Adil İrşadoğlu (Əliyev).

Veteran televiziya və qəzet jurnalisti,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1980),

1-ci Qarabağ Müharibəsinin iştirakçısı (1988-1996).

23.07.2022. (11-00).