12 Aralık 2023 Salı

70 YAŞIM TAMAM OLDU...

 ANCAQ ƏMƏYİM DOĞRU-DÜZGÜN QİYMƏTLƏNDİRİLMƏDİ



 İlham Heydər oğlu Əliyev 

Azərbaycan Respublikasının Prezidenti, 

Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı.


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Heydər oğlu Əliyevə müraciətim: 


Möhtərəm prezident, mən sizin sosial şəbəkələrdəki Profillərinizə abunə olmuşam. Səhifələrinizi mütəmadi izləyirəm. Yəqin ki, boş vaxtınız olanda siz də Twitter, Facebook sosial şəbəkələri vasitəsilə mənim əmək fəaliyyətimi, yaradıcılığımı, yazılarımı və videolarımı izləyirsiniz. Mən də sizin kimi peşəkarlıq zirvəsinə vətənpərvərliyimlə, seçdiyim yola sədaqət, xarakterimdəki yorulmazlıq, məqsədyönlülük, topladığım böyük təcrübə sayəsində nail olmuşam. Hərəkətlərimdə ancaq humanizmə, ədalətə, obyektivliyə söykənmişəm.


Daha yaxından tanışlıq üçün İzləməyiniz məsləhətdir:

https://adilirshadoglu.blogspot.com/2012/02/ozum-haqqinda_06.html


Hazırda işləmirəm, pensiyaçıyam. Abrıma qısılıb evimin bir küncündə oturmuşam, dövlətimizin mənə verdiyi cüzi miqdarda (Halbuki mən dövlət qulluqçusu kimi pensiya almalı idim, vermədilər) pensiya ilə dolanıram və peşəmi dərin məhəbbətlə sevdiyimdən müstəqil olaraq jurnalistlik fəaliyyətimi davam etdirirəm. 

Mənim 70 illik (Doğum: 01.11.1953 - 01.11.2023) yubiley yaşım torpaqlarımızın düz 3 ildir düşmən tapdağından azad olunmasına təsadüf etdi. Çox gözəl gün idi. Həmin gün yaşadım. Bunu yubileyimə ən böyük hədiyyə hesab etdim. Ancaq sözümün canı var, ondan ibarətdir ki, Azərbaycan Respublikası Mətbuat Şurası İdarə Heyyətinin sədri və üzvlərindən, eləcə də mənə və yaradıcılığıma qiymət verən, hörmət edən dostlarımdan, izləyicilərimdən başqa məni dövlət səviyyəsində təbrik edən olmadı. Başa düşürəm, bundan vacib işlər var, ölkəmizin daxili və xarici düşmənləri dinc dayanmırlar, onlara qarşı ciddi mübarizə etməsək bizi üstələyərlər. Ancaq 70 illik yubiley də insanın ömründə bir dəfə olur. Abrıma qısılıb evimin bir küncündə oturmuşam deyə, mən yaddan çıxmalıyam? Həmişəki kimi yenə də dövlət məni unutdu, məni yadına salmadı. 1-ci Qarabağ müharibəsində - Böyük Vətən müharibəsində könüllü iştirak etmişəm, Vətən uğrunda, torpaq uğrunda 8 il (1988-1996) canımı qoymuşam, həyatımı, ailəmi təhlükəyə atmışam. Ancaq buvaxtadək "MÜHARİBƏ İŞTİRAKÇISI" və ya "MÜHARİBƏ VETERANI" sənədim yoxdur. Qarabağ Əlillər Cəmiyyətinin fəxri üzvüyəm. Qaziyəm və “Qarabağ qaziləri” ictimai birliyinin fəal üzvüyəm, vəsiqə №2613.  



Adil İrşadoğlu (Əliyev) 

50 ilə yaxındır ki, dayanmadan jurnalistlik fəaliyyətilə məşğulam, ancaq buvaxtadək "ƏMƏKDAR JURNALİST" adına layiq görülməmişəm. "PREZİDENT TƏQAÜDÇÜSÜ" deyiləm. Bəs, bunlar nə vaxt olacaq? Mən öləndən sonra?    

Vətən uğrunda canımı təmənnasız fəda etməyimə, 1-ci Qarabağ müharibəsində hərbi jurnalist kimi fəal iştirakıma, gənc jurnalistlərə atalıq qayğısı göstərib onların düz yolla irəliləmələrinə şərait yaratmağıma baxmayaraq indi qalmışam ortalıqda. Heç bir məmur mənim və mənim kimi digərlərinin Vətən uğrunda xidmətlərinə diqqət göstərib dəyər vermir və vermək istəmir. Haqqımızı tapdalayıb üstündən su içirlər. Medianın İnkişafı Agentliyi vaxtilə fərqli, seçilən, indi isə ahıllaşan jurnalistlərin xidmətlərini dəyərləndirməyi, onlara qayğı göstərməyi unudub və onlarla işləməyi bacarmır. Belə şəxslərlə bağlı dövlətə, hökumətə rəsmi məktubla müraciət edib onların problemlərini həll etmək, onlara qayğı göstərmək bu təşkilatın borcudur.

Yanımda həyat və iş təcribəsi keçib öyrənən, atalıq qayğısı göstərdiyim işçilərimdən fərqli olaraq dövlətin heç bir qayğısı ilə mükafatlandırılmamışam. Məni düzgün başa düşün, axı mən, zəhmətim qiymətləndirilmədiyinə, avazım eşidilmədiyinə görə dostlarım, həmkarlarım, şagirdlərim və ailəm yanında sınıram... 

Mənim kimi canını Vətən yolunda fəda edən digər cəbhə jurnalistlərinin əksəriyyəti də buvaxtadək öz layiqli qiymətlərini almayıblar. Təəssüf ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli fərmanını bizə şamil etmirlər. Həmin fərmanda Azərbaycanın ədəbiyyat və incəsənət xadimlərinin, elm, təhsil, mədəniyyət, iqtisadiyyat, dövlət idarəçiliyində və digər sahələrdə böyük əməyi olmuş şəxslərin xidmətlərinin qiymətləndirilməsi və onların sosial vəziyyətinin yaxşılaşdırılması nəzərdə tutulur. Ümid edirəm ki, hərbi jurnalist Adil İrşadoğlu (Əliyev) və cəbhədə xidməti olan digər həmkarlarım məsələyə sizin müdaxilənizdən sonra öz layiqli qiymətlərini alacaq, dövlətin qayğısı ilə mükafatlandırılacaq və ədalət bərpa olunacaq.


Hörmətlə, 

Adil İrşadoğlu (Əliyev) ©

Qocaman televiziya və qəzet jurnalisti,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1980),

1-ci Qarabağ Müharibəsinin iştirakçısı (1988-1996).


12.12.2023. / 11-00.