24 Mart 2024 Pazar

"AZTV / RETROBRİQADA" FƏALİYYƏTDƏDİR


Mən Adil ilə necə tanış oldum?



Fikrət Hüseynov və Adil İrşadoğlu


1972-ci ildə Televiziyanın foyesində çox yaraşıqlı, ciddi bir həmyaşıdıma rast gəldim. Görkəmi və geyimi ilə hamıdan seçilən bu gəncin əynində bahalı ratin palto, əlində o vaxtlar çox dəbdə olan kofe rəngində əl çantası (diplomat) var idi. Foyedə onunla rastlaşanlar dönüb həsədlə arxasınca baxırdılar. Ağlıma da gəlməzdi ki, biz nə vaxtsa birlikdə çalışacayıq və dost olacayıq.

Bir neçə gündən sonra onunla Televiziyanın "Sənaye Verilişləri Şobəsi"ndə görüşdük. Dedi ki, tələbəyəm. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində ali təhsil alıram. Radio və Televiziya üçün süjetlər, oçerklər hazırlayıb efirdə göstərilməsini istəyirəm. Televiziyanın "Sənaye Verilişləri Şobəsi"nin müdiri Seyfulla Hənifə oğlu Cəfərov tələbə olmağıma baxmayaraq mənə şöbə ilə əlaqə saxlamağı, əməkdaşlıq etməyi təklif etdi. Ona görə də burdayam və Seyfulla müəllimin tapşırığını gözləyirəm. Adil Seyfulla müəllimdən tapşırıq alandan sonra biz çəkilişə birlikdə getdik...

O vaxtdan - 1972-ci ilin payızından 1997-ci ilin sonunadək (25 il) Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində birlikdə çalışdıq. 50 ildən çoxdur ki, dostluq edirik.




Bizim bir dostumuz da var. Allah onu və ailəsini qorusun. Fərhad Bəybala oğlu Naibov ölkənin tanınmış rejissorlarından biridir. O, hələ də AzTv-də işləyir. Fərhad Naibov da Adil ilə 25 il birlikdə çalışıb. Adil ilk oğlunun adını dostunun şərəfinə FƏRHAD qoyub. Onun işi çox olduğundan vaxt tapıb bizimlə görüşə bilmir. Bir-birimizin halı, səhhəti ilə yalnız telefon vasitəsilə maraqlanırıq. Ancaq Adil çox istiqanlıdır. Vaxtaşırı hörmət bəslədiyi sabiq iş yoldaşlarını bir masa arxasına çağırır, onların görüşünü təşkil edir və hamımızı sevindirir. Adil bəy, Facebook sosial şəbəkəsində "AZTV / RETROBRİQADA" yaradıb. Briqada fəaliyyətdədir. Keçmiş AzTvçilərdən kim maraq göstərsə Adil bəyə müraciət edə bilər.

Dostluğumuzun bu 50 ilində Adil İrşadoğlunun əsl vətənpərvər olmağının çox yerdə şahidi olmuşam. Azərbaycanın bütün rayonlarında, Moskvada, Riqada, Kiyevdə və sair yerlərdə onunla ezamiyyətdə olmuşuq. Adil çox səmimi insan, səmimi yol yoldaşıdır.  Küllü Qarabağ erməni-rus işğalından azad edildikdən sonra o, telefonda sevincini mənimlə bölərək heç bilirsiniz nə dedi? Dedi ki, "Fikrət, artıq dünyanın hər yerində qürurla, fəxrlə deyə biləcəyəm ki, mən qarabağlıyam. Bu əlamətdar hadisədən sonra mən ömrümün axırınadək Ali Baş Komandanımıza, milli ordumuzun və daxili qoşunlarımızın əsgər və zabitlərinə, qazilərimizə və unudulmaz şəhidlərimizə borcluyam". Onun bu sözlərini dinləyə-dinləyə Adilin 1-ci Qarabağ müharibəsi zamanı cəbhə bölgələrində əsgər və zabitlərimizə nitqi ilə, çağırışı ilə necə sarsılmaz ruh verdiyi anlar yadıma düşdü. Sanki səngərdəki əsgərlərin komandiri Adil idi...

Bu yazımı - səninlə bağlı xatirəmi 2023-cü ilin 31 dekabrında sənə göndərdim. Bu, təsadüfü deyil. Dünya azərbaycanlılarının Həmrəylik Günüdür. Həmrəyliyimiz daim möhkəmlənsin. Bilirsən ki, həmrəylik bayramı ilk növbədə azərbaycançılıq ideologiyasına söykənir. Son illərdə bu ideologiya müstəqil Azərbaycanın çiçəklənməsinə və dünya azərbaycanlılarının özünüdərkinə təkan verən güclü bir amilə çevrilib. 


Yaşa, var ol, qardaş. Əminəm ki, sən Tanrının sevimli bəndəsisən !


Fikrət Altay oğlu Hüseynov.

AzTv-nin sabiq 1-ci dərəcəli kinooperatoru.

31.12.2023. / 12-00.