18 Ocak 2024 Perşembe

SALAM MƏNİM GÖZƏL ANAM, YUXUMA XOŞ GƏLMİSƏN - 18.01.2024.


Daim xalqının sevincinə sevinən, kədərini öz içindən yana – yana keçirən, millətinin haqq sözünü deməyi bacaran mərd insan – Qənirə Rüstəm qızı Rüstəmova dözülməz Qarabağ həsrətiylə ünvanını dəyişdi, əbədiyyətə qovuşdu. Allah qəni – qəni rəhmət eləsin ! 


Anam Qənirə Rüstəm qızı Rüstəmova

(Doğum tarixi : 30.12.1932. – Ölüm tarixi : 27. 09. 2012).



***

 ŞEİRİN MÜƏLLİFİ VƏ SƏSLƏNDİRDİ 

RÜFƏT NASOSNU 


2 Ocak 2024 Salı

MƏNDƏ YAXŞI NƏ VARSA ATAMDAN ÖYRƏNMİŞƏM



Atam İrşad Məhəmməd oğlu Əliyev 

(Doğum tarixi : 25.02.1924. - Ölüm tarixi : 13. 03. 1993).


Onun soy-kökü Ağdamın Sarıhacılı və Seyidli kəndlərindəndir. Qarabağ xanı Pənahəli xanın əqrabasıdır. Əslimiz, kökümüz Cavanşirlər nəslindəndir. Cavanşir eli qızılbaş tayfalarına mənsub olmayan müxtəlif tayfa əmirləri sırasına daxil edilmişdi. Mirzə Camal yazır ki, Pənahəli xanın əsil-nəsəbi Dizaqın Cavanşir elindəndir. Bu el çox qədim zamanlarda Türküstandan gəlmiş Bəhmanlı elinin bir qolu olan Sarıcalı oymağındandır. Mirzə Adıgözəl bəyin adlarını çəkdiyi Cavanşir, Kəbirli, Otuziki, Kolanı, Bəhmənli və başqa Azərbaycan türk tayfaları Qarabağ vilayətinin köklü elatları idilər. Otuziki tayfası Səfəvi dövründə müəyyən vergi immunitetinə malik ərazi vahidi təşkil edirdi, Cavanşir tayfasının başçısı isə bu tayfa birləşməsinin irsi hakimi idi. Cavanşirlərin yaşadığı oymaqlardan biri də Dizaq mahalında yerləşən Sarıcalı oymağı idi. Rəvayətə görə bu oymağın adı onun əsasını qoyan Əli adlı şəxsin kürən olması ilə əlaqədar Sarıca Əli kimi çağırılması ilə bağlı olmuşdur. 

Atam İrşad Məhəmməd oğlu Əliyev Azərbaycanın görkəmli yazıçısı, dramaturqu və maarif xadimi Süleyman Sani Axundovun mənsub olduğu nəslin ləyaqətli nümayəndəsidir. Ulu babam Allahverdioğlu Mehdi bəyin həyat yoldaşı Əziz nənəm Süleyman Sani Axundovun əmisi Abbas bəyin oğlu 2-ci Abbasın qızıdır. 

Bizim Sarıhacılı kəndimiz Azərbaycan Respublikası Ağdam rayonunun Seyidli kənd inzibati ərazi dairəsində kənddir, Qarabağ düzündə yerləşir.

1593-cü ilə bağlı bir Osmanlı qaynağında Otuziki elinin 27 (iyirmi yeddi) oymağının adı sadalanır ki, onlardan biri də Sarıhacılıdır.

 Ağdam rayonundakı Sarıhacılı kəndi həmin oymağın adını özündə yaşadır. Görünür bu oymaq öz adını kəndin əsasını qoyan Sarı Hacı adlı şəxsin adından götürmüşdür. Sarıhacılı kəndi Sovet dövründə xeyli böyümüş, rayon mərkəzilə birləşmiş və 1989-cu ilə qədər 28 min 31 nəfər əhalisi olmuşdur.

Bilməyənlər bilsin. Sarıhacılı kəndi başqadır, Sarıcalı kəndi başqa. Sarıhacılı kəndi Ağdamın Seyidli, Xıdırlı, Əhmədavar kəndləri və Əsgəran rayonu ilə, Sarıcalı kəndi isə Ağcabədi rayonu ilə həmsərhəddir. Ümumiyyətlə Otuziki elinin - Ağdamın Sarıhacılı, Seyidli, Sarıcalı və sonradan Çəmənli (Çəmənliyə qız və həmin qıza cehiz sırasında torpaq sahəsi verib qohum olmuşuq) kəndlərinin keçmiş sakinləri Qarabağ xanlığının bünövrəsini qoyan Pənahəli xanın qohum-əqrabasıdır və biz də bu tayfanın (Tayfa insanların qəbilədən böyük olan birliyidir) törəmələriyik, bir daha qürurla vurğulayıram ki, Cavanşirlər nəslindənik. 

Sarıhacılı kəndi 1993-cü ilin 23 iyulunda Ermənistan və Rusiya Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. 20 noyabr 2020-ci il tarixində Qarabağda atəşkəs bəyanatının şərtlərinə əsasən Sarıhacılı kəndimiz Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə verilmişdir. 

Atam ailənin böyük övladı olub. Onun 10 yaşı olanda atası Kərbəlayi Mikayıl oğlu Məhəmməd bəy dünyasını dəyişib. 3 qardaşını (Şəfa, Qadir-İslam, Nadir) və 1 bacısını (Ayna 5 yaşında xəstələnib rəhmətə gedib) böyüdüb boya-başa çatdırmaq üçün namuslu, zəhmətkeş, əsilzadə anası Hurizat nənəmə yaxından kömək edib. Onların təhsilli və ev-eşik sahibi olmalarında əlindən gələni əsirgəməyib. 

Rəhmətlik atam İrşad Məhəmməd oğlu Əliyev uzun müddət Ağdam rayonunda müxtəlif dövlət orqanlarında - Rayon Partiya Komitəsində, MTS-də, Rayon Tikinti İdarəsində, Rayon Polis İdarəsində və nəhayət Rayon Polisə Nəzarət İdarəsində məsul vəzifələrdə çalışıb, dövlət məmuru olub.

Gözəl musiqi nümunələrini dinləməyi, şeiri, ədəbiyyatı çox sevərdi. Qonaqpərvər insan idi. Evimiz həmişə qonaqlı - qaralı olub. Tədqiqatçı - alim, professor Şirməmməd Hüseynov, şair - publisist, professor Famil Mehdi, yazıçı - publisist, professor Qulu Xəlilov, yazıçı Nurəddin Babayev, tanınmış jurnalist və baş redaktor Nəriman Zeynalov, tədqiqatçı - alim, uzun müddət Azərbaycan Dövlət Universiteti Jurnalistika fakültəsinin dekanı olmuş professor Akif Rüstəm oğlu Rüstəmov, Azərbaycan muğam ifaçılığı tarixində özünəməxsus yeri, dəst-xətti olan müdrik insan professor Arif Babayev və başqaları ailəmizin ən əziz qonaqları idilər. 


ATAMDAN ÖYRƏNMİŞƏM


Sözü üzə deməyi,

Arxasıza köməyi,

Halal çörək yeməyi,

Atamdan öyrənmişəm.


Yaxşılıq aşımağı,

Təmiz ad daşımağı,

Kişi tək yaşamağı,

Atamdan öyrənmişəm.


El-obaya hörməti,

Ülvi-saf məhəbbəti,

Dostlara sədaqəti,

Atamdan öyrənmişəm.


Dağların başı qarsa,

Ürəyimdə baharsa,

Məndə yaxşı nə varsa,

Atamdan öyrənmişəm.


Şeirin müəllifi: Şərafəddin İlkin


1 Ocak 2024 Pazartesi

QURBAN OLUM O QARANLIQ DÜNYANA


 NİGARANAM, GÖRƏN ANAM NECƏDİR?



Anam Qənirə Rüstəm qızı Rüstəmova 
(Doğum tarixi : 30.12.1932. - Ölüm tarixi : 27. 09. 2012).


Azərbaycan təhsilinin, elminin və riyaziyyatının tanınmış nümayəndələrindən biri olan Qənirə Rüstəm qızı Rüstəmova uzun sürən xəstəlikdən sonra dünyasını dəyişmişdir. Onun elmi - pedaqoji fəaliyyəti çox geniş, əhatəli və rəngarəng olmuşdur.

Qənirə Rüstəmova vaxtilə Ağdam şəhərində fəaliyyət göstərən Müəllimlər İnstitutunun fizika - riyaziyyat fakültəsini bitirmişdir. Onun dərs yükü daim çox olmuşdur. Bu da ondan irəli gəlmişdi ki, Qənirə müəllimə çalışdığı orta məktəbin - Ağdam şəhər 2 saylı beynəlmiləl orta məktəbin hər iki bölməsində - Azərbaycan və rus bölməsində dərs demişdir. Azərbaycan Təhsil Nazirliyinin əmri ilə sonradan həmin məktəbin rus bölməsi ayrılaraq Ağdam şəhər 7 saylı orta məktəbə çevrilmiş və sərbəst fəaliyyət göstərmişdir. 

Qənirə Rüstəm qızı Rüstəmova yataq xəstəsi olanadək Ağdam şəhər 7 saylı orta məktəbdə fizika - riyaziyyat müəlliməsi işləmişdir. Qənirə müəllimənin özünəməxsus pedaqoji fəaliyyətini nəzərə alaraq Təhsil Nazirliyi onu dəfələrlə Bakı şəhərinə dəvət etmiş və ixtisasına uyğun kurslarda biliyini təkmilləşdirməyə şərait yaratmışdır. O, 1986 - cı ildə müəllimlər arasında keçirilən bilik müsabiqəsində yüksək bal toplamış, yaşadığı Ağdamın və çalışdığı kollektivin nüfuzunu artırmışdır. 

55 ildən çox iş stajı olan Qənirə Rüstəm qızı Rüstəmova dəfələrlə fəxri fərmanla mükafatlandırılmış və 1973 - cü ildə xüsusi medalla təltif edilmişdir. O, şagirdlərinin və onların valideynlərinin, həmçinin xalqınin ürəyində əməkdar müəllim kimi əbədi yer qazanmışdı. Qənirə müəllimənin şagirdlərinin sorağı Amerika Birləşmiş Ştatlarından, Türkiyədən, Almaniyadan, Fransadan, Polşadan, Hollandiyadan, İsveçdən, Baltik ölkələrindən, Rusiyadan, Ərəb ölkələrindən, Afrikadan, Türkdilli respublikalardan gəlir.

Daim xalqının sevincinə sevinən, kədərini öz içindən yana - yana keçirən, millətinin haqq sözünü deməyi bacaran mərd insan - Qənirə Rüstəm qızı Rüstəmova dözülməz Qarabağ həsrətiylə ünvanını dəyişdi, əbədiyyətə qovuşdu. Allah qəni - qəni rəhmət eləsin ! Amin...

İş yoldaşları adından bir qrup.