29 Ekim 2016 Cumartesi

YÖNÜ BƏRI BAXAN DAĞLAR... (4)


Adil İrşadoğlu

( Dağlar da insanlar kimi şəhid olurmuş... Sinəsinə çarpaz dağlar çəkilmiş başı ağ çalmalı, vüqarlı dağların qəddi getdikcə yavaş-yavaş əyilir...)

Gözəl insan, cəsur və fədakar dostum, birinci Qarabağ müharibəsinin başlandığı vaxtdan bəri çox hadisələri videolentə köçürüb verilişlər hazırlayan, istedadlı, təcrübəli, telejurnalist Adil İrşadoğlu (Əliyev) haqqında bəzi qeydlərim...   

( DÖRDÜNCÜ YAZI )


Nizami Təhməzov

Cağazur kəndinin camaatı çox fədakar idi. Ermənilərin əhatəsində yaşayan bu cəsur insanlar sanki heç nədən qorxmur, öz doğma ata-baba yurdlarını ölənə qədər qorumaq əzmində olduqlarını bildirirdilər. Deyirdilər ki, biz öz ölkəmizdə məcburi köçkün həyatı yaşamaq istəmirik. Bu, bizə ölümdən betərdir. Ailəmizin namusunu qoruduğumuz kimi torpaqlarımızı da qorumalıyıq. Torpaq da namusdur, vətən də...
Adil İrşadoğlu kənd camaatı ilə yaxından söhbət edir, onların arzu və istəklərini böyük maraq və həvəslə dinləyir, tamaşaçılar üçün, gələcək nəsillər üçün (tarixə çevriləcək bu günkü hadisələri) maraqlı olacağını nəzərə alıb telekameranın yaddaşına köçürürdü. Lakin vəziyyət heç də yaxşı deyildi. Ermənilər hər səhər-axşam kəndi atəşə tutur, qorxu, vahimə yaradırdı... Kənd əhalisi sanki erməni-rus hərbi birləşmələri ilə təkbə-tək qalmışdı. Könüllü özünümüdafiə dəstələrinin silahları çatışmırdı. Adil İrşadoğlu vəziyyətin ağır olduğunu bilirdi. O, bir həqiqəti dərk edirdi ki, "Böyük Ermənistan" iddiası ilə vuruşan ermənilər öz xoşuna işğalçılıq siyasətindən əl çəkməyəcəklər. Azərbaycanın torpaqları üzərində hərlənən qara, qorxunc buludlar yavaş-yavaş içərilərə doğru irəliləyirdi...
Sözün həqiqi mənasında Adil İrşadoğlu özünü də, rəhbərlik etdiyi çəkiliş qrupunu da odun-alovun içinə atmışdı. Hər dəqiqə ölüm təhlükəsi ilə üz-üzə gəlir, güllələr vıyıltı ilə yanlarından ötüb keçir, yalnız ulu yaradanın mərhəməti sayəsində  sağ qalırdılar. Bir gün onlar Qərargaha sağ-salamat qayıdanda batalyon komandiri zarafatla dedi :
- Deyəsən, Allahın nəzəri elə ancaq sizin üzərinizdədir. Sonra da əlavə etdi ki, unutmayın, düşmən gülləsi onu-bunu tanımır. Ehtiyatlı olun.
Operator Ramiz Rüstəmov da zarafata zarafatla cavab verdi : 
- Narahat olmayın, komandir. Bizim Allahla müqaviləmiz var. Heç nə olmaz.
Adil İrşadoğlu tez dilləndi :
- Əstəfürüllah. Belə zarafat eləməyin. Allaha ağır gedər.
Döyüşçülər arasında, zabit heyəti arasında Adil İrşadoğlu böyük hörmət qazanmışdı. Döyüş bölgələrinə yaxın ərazilərdə yaşayan insanların sanki ümid yerinə çevrilmişdi. Hamı onu görəndə ürəkdən sevinir, "Təzə nə xəbər var? Kömək gələcək?"- deyə maraqla soruşurdular. İnsanların inamını qazanmaq, onların ümid yerinə çevrilmək, heç olmasa bir axşam, bir gün onların rahat nəfəs almasına səbəb olmaq nə qədər xoşdursa, bir o qədər məsuliyyətli və ağır idi. Adil İrşadoğlu getdikcə acı bir həqiqəti bütün aydınlığı ilə dərk edirdi ki, Sovet İmperiyasının caynaqlarından qurtarıb müstəqilliyə yenicə qovuşmuş bir ölkə üçün işğalçı erməni-rus hərbi birləşmələri ilə mübarizə aparmaq çox çətin olacaq. Ölkə daxilində gedən siyasi proseslər heç də yaxşı vədlər vermirdi. Qruplaşmalar, hakimiyyət uğrunda aparılan mübarizələr sanki cəbhə xəttini ikinci plana keçirmişdi. Xocalı soyqırımı, Şuşanın işğalı elə bil insanların inamını azaltmış, ruh düşkünlüyü yaratmışdı. İnsanlar üzdə deməsələr də için-için bu dərdi, bu ağrını yaşayırdılar.
Adil İrşadoğlu insanların əzab, qorxu, təlaş içərisində yaşadığını aydınca hiss edirdi. Hiss edirdi ki, onlar içindəkiləri dilə gətirmirlər. Daxildə bir cür düşünür, üzdə başqa söz deyirdilər. İçindəkilər elə içində qalırdı. Adil İrşadoğlu insanların belə əzab çəkməsinə dözə bilmirdi. "Mənim xalqım daha çox xoşbəxt yaşamağa layiqdir. Ürəyiyumşaq, xeyirxah, qonaqpərvər, yıxılana əl tutan, yetimə çörək verəndir..."
Aylar dəyişib fəsillər ötdükcə çəkiliş qrupunun üzvləri yorulub əldən düşürdülər. İlk dəfə onlar Ağdamın Güllücə kəndində ermənilər tərəfindən mühasirəyə düşündə teleoperator Ramiz Rüstəmov dilə gəldi :
- Qardaş, bizim də evdə ailəmiz, gözü yolda qalanlarımız var. Biz heç, bəs evdəkilər? Onların nə günühı var?
Bu sözdən Adil bərk tutuldu. O, heç vaxt Ramizdən bu sözləri gözləmirdi. Bir anlığa mühasirəyə düşdükləri yadından çıxdı. Və ona elə gəldi ki, həyatında indiyədək belə ağır zərbə almamışdı. Qəlbində nəsə qırıldı. Gözləri qaraldı. Sanki beynində ildırım çaxdı. Elə bu zaman bölmə komandirinin bir az həyacanlı, bir az sevincli səsi eşidildi :
- Bizimkilər hücuma keçib mühasirəni yardılar. Tezliklə azad ediləcəyik...
Ramiz sevincindən atılıb düşdü.
- Yaşasın azadlıq...tezliklə evə dönəcəyik...  
Sonra o, çevrilib Adilə baxdı. O, hələ də dərin düşüncələr içərisində idi. Sanki ətrafında nə baş verdiyini hiss etmirdi. Ramiz ona yaxınlaşıb qolundan tutdu :
- Sənə də bir söz deməli deyil. Gör nə vaxtdan evdən ayrılmışıq? Sən heç uşaqlar üçün darıxmırsan?..
Adil ailəcanlı adam idi. Bütün varlığı ilə evinə-eşiyinə bağlı, onun qayğıları, problemləri ilə yaşayan bir insan idi. Amma indi elə bil hər şeyi unutmuşdu. Axırıncı dəfə evdən nə vaxt çıxdığını da bilmirdi. Onun fikrində, düşüncəsində yalnız cəbhə bölgəsində səksəkə içərisində yaşayan insanların məhzun baxışları və titrək səsləri canlanırdı... O, heç vaxt insanları belə görmək istəmirdi. Öz ata-baba yurdunda, doğma isti ocağında qorxu içində yaşamaq, narahat ömür sürmək heç də asan deyildi. O, ilk dəfə cəbhəyə gəldiyi günləri xatırladı. Sanki yer-göy guruldayır, hər tərəfdən od yağırdı. "Alazan" raketlərinin qorxulu səsi yayıldıqca istər-istəməz insanlar vahimələnirdi. İlk günlər az da olsa Adil də qorxurdu. Amma bunu üzdə bildirmirdi. Hiss etdirmirdi. O, yaxşı bilirdi ki, müharibə qorxaqları sevmir. Adil yavaş-yavaş qorxunun gözlərinə dik baxmağı öyrənirdi. Qorxu hissi insana aid olsa da o, bəzən insanlarda mənfi vərdişlər yaradırdı. Adil belə vərdişlərdən qaçmağa çalışırdı. Etiraf edim ki, mənim özüm də ilk dəfə Ağdama gedəndə qorxudan gecə yata bilmirdim...
Onda 1993 - cü ilin mart ayı idi. Prezidentin Dağlıq Qarabağ və sərhəd rayonları üzrə fövqəladə və səlahiyyətli nümayəndəsi Əlisaab Orucovla Ağdam rayon ictimai iaişə idarəsinin qonaq evində qalırdıq. Ermənilərin atdığı Qrad, "Alazan" top mərmilərindən hər tərəf od tutub yanırdı. Yerimdə uzansam da, qorxudan yata bilmirdim. Gəldiyim günün 3 - cü gecəsi idi. Ə.Orucov heç nə olmayıbmış kimi şirin-şirin yatırdı. Yeri gəlmişkən deyim ki, o, çox qorxmaz  və cəsur adam idi. Utandığımdan qorxduğumu ona deyə bilmirdim. Birdən ağlıma gəldi ki, bəlkə 150 qram içsəm qorxum çəkilər?.. Amma gecənin bu vaxtı onu haradan tapa bilərdim?.. Gec olmasına baxmayaraq dəstəyi götürüb Ağdam Rayon Polis İdarəsinin rəisi, polkovnik Rəşid Məmmədova zəng etdim. Bundan əvvəl  R.Məmmədov Cəbrayıl Rayon Polis Şöbəsinin rəisi işləmişdi və onun əfsanəvi qəhrəmanlığı haqqında bütün el-oba iftixarla danışırdı.
Xəttin o başından Rəşid müəllimin səsi gəldi :
- Eşidirəm.
Birdən-birə ona nə deyəcəyimi bilmədim. Səs təkrar gəldi :
- Eşidirəm sizi. Buyurun.
- Rəşid müəllim, mənəm, Nizamidir. Təsadüfən sizdə içməyə bir şey olmaz?.. Məsələn, konyak, araq...
- Hə, hə, başa düşdüm. Təmiz tut arağı var. Bəs yeməyə nə isə var?
- Yox, düzü, bu barədə bir şey düşünməmişəm.
- Aydındır, on dəqiqəyə gəlirəm.
Həmin gecə R.Məmmədovla xeyli oturduq. Olub kecənləri xatırladıq. Ölkədəki siyasi vəziyyətdən danışdıq. Dedik, güldük. Səsimizə Əlisaab müəllim yuxudan ayıldı. Bir qədər bizə baxıb əllərini yellədi :
- Belə işiniz vardı mənə niyə demirdiniz?
Sonra nə fikirləşdisə mənə yaxınlaşıb dedi :
- Olmaya qorxursan? Gecə nə vaxt oyanıram, görürəm oturmusan? 
Artıq tut arağı öz təsirini göstərmişdi. Əhval-ruhiyyəm xeyli düzəlmişdi. Əvvəlki qorxudan əsər-əlamət qalmamışdı. Amma Orucova  düzünü dedim :
- Qorxursan nədi? Hər raket atılanda ölüb dirilirdim. Amma biruzə vermirdim.
O, ucadan güldü. Biz də ona qoşulduq. Sonra Rəşid Məmmədovu göstərib dedi : 
- Bəs bu gecə vaxtı bunu hardan tapmısan? 
Məsələni olduğu kimi danışdım. Dərindən köks ötürdü. Nəyisə xatırlayırmış kimi dedi :
- İncimə, sən mənim yaxın dostumsan. Jurnalistlərin içərisində bir nəfər qorxmaz kişi gördüm. O da Adil İrşadoğludur.
- Hə, o, başqa bir aləmdir - deyə polkovnik Rəşid Məmmədov ciddi görkəm aldı. Yaxşı tanıyıram onu. Cəbrayılda işləyəndə dəfələrlə görüşmüşük. Çox cəsarətli və igid adamdır...
Elə bu zaman sanki göy guruldadı. Şimşək çaxdı. Bu hal bir neçə dəfə təkrar olundu. Pəncərələrin şüşələri cilik-cilik olub yerə töküldü. Əlisaab müəllim şüşələri sınmış pəncərədən ətrafa boylandı. Rəşid müəllim də baxdı. Yaxınlıqdakı bina alov içərisində idi... Əlisaab Orucov soyuqqanlı halda mənə yaxınlaşıb əlini çiynimə qoydu :
-  Belə-belə işlər, Nizami müəllim. Ölüm qaşla göz arasındadır. Bilmək olmaz ki, bir azdan nə ola bilər. Daha burada qalmaq mümkün deyil. Sabahdan Atçılıq Sovxozunun Qonaq Evinə köçməliyik. Qarşıda işlərimiz çoxdur. İndidən ölməyə haqqımız yoxdur. Sonra gülə-gülə əlavə etdi :
- Adilin yeri məlum. Burda olsaydı, çoxdan hadisə yerinə qaçmışdı. Gətirdiyi teleoperatorlar da özü kimi çevikdirlər...
O, dərindən köks ötürdü. Sinə dolusu nəfəs aldı.
- Belə oğulları olan vətən heç vaxt basılmaz... Heç vaxt... Amma belə görürəm, buna zaman lazımdır...
Yanan binaların, göylərə qədər ucalan alovların ətrafa saçdığı işıqlar qəlbimi nə qədər üzürdüsə, Adil İrşadoğlu haqqında deyilən xoş sözlər məni bir o qədər fərəhləndirir və qürurlandırırdı.


Nizami Təhməzov.
27 avqust 2016 - cı il / 17:33. 
(Dördüncü yazının sonu).
Ardı var...

Hiç yorum yok: