3 Kasım 2016 Perşembe

YÖNÜ BƏRI BAXAN DAĞLAR... (5)

Adil İrşadoğlu

( Dağlar da insanlar kimi şəhid olurmuş... Sinəsinə çarpaz dağlar çəkilmiş başı ağ çalmalı, vüqarlı dağların qəddi getdikcə yavaş-yavaş əyilir...)

Gözəl insan, cəsur dostum, birinci Qarabağ müharibəsinin başlandığı vaxtdan bəri çox hadisələri videolentə köçürüb verilişlər hazırlayan, istedadlı, təcrübəli, telejurnalist Adil İrşadoğlunun (Əliyev) fədakar fəaliyyətindən bəhs edən "YÖNÜ BƏRI BAXAN DAĞLAR..." silsilə oçerklərimi digər dostların təşəbbüsü və xahişilə sənədli povest kimi işləyib hazırladım. İndi həmin povestdən bir parçanı oxuculara təqdim edirəm.

( BEŞİNCİ YAZI )

Nizami Təhməzov

Dağlıq Qarabağın üzərində hərlənən qara buludlar kəndlərin, qəsəbələrin üstündən keçərək yavaş-yavaş ətraf rayonlara tərəf irəliləyirdi. İnsanları vahiməyə salan bu qorxunc qara buludlar sanki dəhşətli qara günlərdən xəbər verirdi... Hələ də bir çox insanlar bunun o qədər də fərqinə varmır, düşünürdülər ki, Şimal küləyinin Ermənistandan qovub gətirdiyi bu qara buludlar tezliklə dağılacaq, günəşin al şəfəqləri bu əraziləri nura qərq edəcək...
Günlər, həftələr keçdikcə vəziyyət daha da ağırlaşırdı. Kəndlər yavaş-yavaş  boşalır, yolları, cığırları ot basır, insanlar məcburən öz isti ocağından, doğma yurdlarından didərgin düşərək müxtəlif bölgələrə səpələnirdilər. Adil bunları düşünə-düşünə yavaş-yavaş nə vaxt gəlib Xankəndinə gedən yolun yuxarı hissəsinə çatdığını bilmədi. Ayaq saxladı. Dərin düşüncələr içərisində başını qaldırıb ətrafa baxdı. Burdan Ağdam şəhəri aydın görünürdü... Birdən elə bil içində nəsə qırıldı. Bir az əvvəl batalyon komandirinin dediyi sözlər yadına düşdü : " Burda elə hadisələrin şahidi oluram ki, əsəblərim tamam yerindən oynayır. Az qalır dəli olam. Bəzən elə dərəcəyə çatıram ki, özümü öldürmək istəyirəm. Mən bunları sənə deməyəcəkdim. Ancaq hiss edirəm ki, sən də qeyrətli oğulsan. Şəhərdə rahat yerdə işini atıb bura gəlmisən. Bilirəm ki, səni bura gətirən vətən, torpaq sevgisidir. Namuslu, qeyrətli oğullar belə bir vaxtda kənarda qalmazlar. Torpaqlarımız həqiqətən də təhlükə qarşısındadır. Ancaq ölkədə siyasi vəziyyət yaxşı deyil. Vəzifə uğrunda mübarizə burda özünü göstərir. Sən də bunların şahidi olacaqsan. Ancaq açıb ağartmaq olmaz. Orda-burda danışmaq olmaz. Susmağı bacarmaq lazımdır. Mən bunları sənə böyük qardaş kimi deyirəm. Bəzən susmaq hər hansı bir ölümün yaxasından qurtarmaq deməkdir. Bilirəm, sən haqqı, ədaləti sevən adamsan. Haqsızlığa dözməzsən. Amma onu bil ki, gec-tez torpaqlarımız böyük iddiaların qurbanına çevriləcək..."
Adil ağır düşüncələr içərisində başını qaldırıb ətrafa baxanda kimsə arxadan əlini onun çiyninə qoydu. 
- Salam.
Adil arxaya çevriləndə Aydın Quliyevi gördü. Aydın müəllim Ağdamın, eləcə də respublikamızın məşhur, adlı-sanlı adamlarından biri idi. Sovet dövründə uzun illər partiya-sovet işlərində yüksək vəzifələrdə çalışmış, indi isə Prezidentin Dağlıq Qarabağ və sərhəd rayonlarında fövqəladə və sələhiyyətli nümayəndəsi Əlisaab Orucovun birinci müavini işləyirdi. Əsil el ağsaqqalı, böyük hörmət sahibi idi. Adilin atası rəhmətlik İrşad kişi ilə yaxın dost idi. Adil onu görən kimi sevindi. Çöhrəsində təbəssüm oynadı. Sanki içində daxili bir rahatlıq hiss etdi. Bayaqki ağır düşüncələri, insan qəlbini didib parçalayan fikirləri bir anın içərisində dağılıb getdi. Əl verib görüşdü. Qeyri-ixtiyari qucaqladı.
- Nə olub, dərin fikrə getmisən? - deyə Aydın müəllim diqqətlə onun üzünə baxdı. Camaat səndən təsəlli tapır. Sənə ümid bəsləyir. Sən isə... 
Əli ilə astadan onun kürəyinə vurdu.
- Elə bil bütün olanların səbəbkarı sənsən...
O, dərindən köks ötürdü. Çiyinləri qalxıb endi.
- Səni başa düşürəm, deyə Aydın müəllim dilləndi. Qeyrətli oğulsan. Bu haqsızlığa dözə bilmirsən. 
- İnsanların ruhunu, inamını öldürürlər...
Adil İrşadoğlu Aydın müəllimə baxdı və baxışlarını bir müddət ondan ayırmadı. Aydın Quliyev dünyagörmüş, ağıllı adam idi. Ömrünü, gününü yüksək vəzifələrdə keçirmişdi. İndi Adilin nəyə işarə vurduğunu dərhal başa düşdü.
- Bilirəm nə demək istəyirsən. 
Aydın müəllim onun qoluna girib yavaş-yavaş addımladı.
- Sən İrşadın oğlusan. El-oba qədrini bilənsən. Ona görə Bakıdan bura gəlmisən. Ancaq ehtiyatlı ol, efirə hər bildiyin şeyi vermək olmaz. Milyonlarla insan baxır...
Elə bil Adilin dərdi açıldı. O, Aydın müəllimə inanır və güvənirdi. Bilirdi ki, harda işləmişdisə orda xalqın hörmətini qazanmışdı. Odur ki, çəkinmədən dedi :
- Deyəsən bu torpaqların, bu torpaqlarda yaşayan insanların taleyi heç kimi maraqlandırmır? Belə getsə vəziyyət çox pis olacaq. Gəzirəm, görürəm. Mənim borcum döyüş bölgələrindən informasiya verməkdir. Amma vəziyyət elədir ki, gündə bir neçə kənd boşalır... insanlar öz vətənində məcburi köçkünə və qaçqına çevrilirlər...
Aydın müəllim gülümsündü. Onun çiyinlərindən tutub düz üzünə baxdı.
- Mövcud duruma belə yanaşmaq düz deyil, yoldaş jurnalist. Bir az obyektiv olmaq lazımdır. Biz yalnız qorxaq saydığımız ermənilərlə vuruşmuruq...
- Bilirəm, Aydın müəllim, nəyə işarə vurduğunuzu bilirəm. - Deyə Adil etirazını bildirdi. 
- Amma belə bir durumda bizim özümüzünkülər hərəsi bir partiya yaradıb vəzifə uğrunda mübarizə aparırlar. Torpaq haqqında düşünən yoxdur. Şuşada baş verənlərin əsil mahiyyətini siz məndən yaxşı bilirsiniz...
Aydın Quliyev yaxınlıqdakı hündür bir daşın üstünə çıxıb sanki axırıncı dəfə Ağdamı seyr edirmiş kimi yanıqlı köks ötürdü. Sonra Adili də yanına çağırdı :
- Sən Surət Hüseynovu necə tanıyırsan? - Dedi. Son vaxtlar yaman fəallaşıb. 
Adil Aydın Quliyevin nəyə işarə vurduğunu bilmədi. Doğrudan da axır vaxtlar hamı ondan danışırdı. Belə gəldi, elə getdi. Amma ortada da heç nə yox idi. Heç bir irəliləyiş yox idi. Söz-söhbətdən başqa real olaraq heç nə yox idi...
Aydın müəllim əlini onun çiyninə qoyanda diksindi. Ətrafa baxdı. Sonra Aydın müəllimin əlindən tutub onun bərabərinə qalxdı. Nəyisə xatırlayırmış kimi Aydın müəllimə baxıb dedi :
- Eşitdiyimə görə Surət Hüseynov Heydər Əliyevlə telefonla danışıb. Deyəsən görüşmək istəyir.
- Hə, bunu mən də eşitmişəm.
- Lap yaxşı, Heydər Əliyev böyük şəxsiyyətdir. O hakimiyyətə gəlsə, bəlkə də torpaqlarımız işğaldan azad olunar. 
Aydın müəllim diqqətlə onun üzünə baxdı. Bu baxışda çox dərin bir məna vardı. Narahatlıq ifadə edən bir məna. Bu, Adilin diqqətindən yayınmadı. 
- Mən bir həqiqəti bilirəm ki, Heydər Əliyev heç vaxt Azərbaycanı parçalanmağa qoymaz. O, Talış-Muğanı da zərərsizləşdirəcək, "Sadval"ı da. Hələ istəsən?..
- O nədir?
- Surət Hüseynov.
Aydın müəllim sual dolu gözlərini ona dikdi :
- Surətin bura nə dəxli var?
- Siz məndən yaxşı bilirsiniz ki, Heydər Əliyev qiyamdan vasitə kimi istifadə edənləri heç vaxt bağışlamaz...
Aydın Quliyev təəccüb və heyrətlə onun üzünə baxdı...


Nizami Təhməzov.
31 oktyabr 2016 - cı il / 11:51.  
(Beşinci yazının sonu).
Ardını inşallah kitab çapdan çıxandan sonra oxuyarsınız.


Hiç yorum yok: