29 Ekim 2016 Cumartesi

YÖNÜ BƏRI BAXAN DAĞLAR... (4)


Adil İrşadoğlu

( Dağlar da insanlar kimi şəhid olurmuş... Sinəsinə çarpaz dağlar çəkilmiş başı ağ çalmalı, vüqarlı dağların qəddi getdikcə yavaş-yavaş əyilir...)

Gözəl insan, cəsur və fədakar dostum, birinci Qarabağ müharibəsinin başlandığı vaxtdan bəri çox hadisələri videolentə köçürüb verilişlər hazırlayan, istedadlı, təcrübəli, telejurnalist Adil İrşadoğlu (Əliyev) haqqında bəzi qeydlərim...   

( DÖRDÜNCÜ YAZI )


Nizami Təhməzov

Cağazur kəndinin camaatı çox fədakar idi. Ermənilərin əhatəsində yaşayan bu cəsur insanlar sanki heç nədən qorxmur, öz doğma ata-baba yurdlarını ölənə qədər qorumaq əzmində olduqlarını bildirirdilər. Deyirdilər ki, biz öz ölkəmizdə məcburi köçkün həyatı yaşamaq istəmirik. Bu, bizə ölümdən betərdir. Ailəmizin namusunu qoruduğumuz kimi torpaqlarımızı da qorumalıyıq. Torpaq da namusdur, vətən də...
Adil İrşadoğlu kənd camaatı ilə yaxından söhbət edir, onların arzu və istəklərini böyük maraq və həvəslə dinləyir, tamaşaçılar üçün, gələcək nəsillər üçün (tarixə çevriləcək bu günkü hadisələri) maraqlı olacağını nəzərə alıb telekameranın yaddaşına köçürürdü. Lakin vəziyyət heç də yaxşı deyildi. Ermənilər hər səhər-axşam kəndi atəşə tutur, qorxu, vahimə yaradırdı... Kənd əhalisi sanki erməni-rus hərbi birləşmələri ilə təkbə-tək qalmışdı. Könüllü özünümüdafiə dəstələrinin silahları çatışmırdı. Adil İrşadoğlu vəziyyətin ağır olduğunu bilirdi. O, bir həqiqəti dərk edirdi ki, "Böyük Ermənistan" iddiası ilə vuruşan ermənilər öz xoşuna işğalçılıq siyasətindən əl çəkməyəcəklər. Azərbaycanın torpaqları üzərində hərlənən qara, qorxunc buludlar yavaş-yavaş içərilərə doğru irəliləyirdi...
Sözün həqiqi mənasında Adil İrşadoğlu özünü də, rəhbərlik etdiyi çəkiliş qrupunu da odun-alovun içinə atmışdı. Hər dəqiqə ölüm təhlükəsi ilə üz-üzə gəlir, güllələr vıyıltı ilə yanlarından ötüb keçir, yalnız ulu yaradanın mərhəməti sayəsində  sağ qalırdılar. Bir gün onlar Qərargaha sağ-salamat qayıdanda batalyon komandiri zarafatla dedi :
- Deyəsən, Allahın nəzəri elə ancaq sizin üzərinizdədir. Sonra da əlavə etdi ki, unutmayın, düşmən gülləsi onu-bunu tanımır. Ehtiyatlı olun.
Operator Ramiz Rüstəmov da zarafata zarafatla cavab verdi : 
- Narahat olmayın, komandir. Bizim Allahla müqaviləmiz var. Heç nə olmaz.
Adil İrşadoğlu tez dilləndi :
- Əstəfürüllah. Belə zarafat eləməyin. Allaha ağır gedər.
Döyüşçülər arasında, zabit heyəti arasında Adil İrşadoğlu böyük hörmət qazanmışdı. Döyüş bölgələrinə yaxın ərazilərdə yaşayan insanların sanki ümid yerinə çevrilmişdi. Hamı onu görəndə ürəkdən sevinir, "Təzə nə xəbər var? Kömək gələcək?"- deyə maraqla soruşurdular. İnsanların inamını qazanmaq, onların ümid yerinə çevrilmək, heç olmasa bir axşam, bir gün onların rahat nəfəs almasına səbəb olmaq nə qədər xoşdursa, bir o qədər məsuliyyətli və ağır idi. Adil İrşadoğlu getdikcə acı bir həqiqəti bütün aydınlığı ilə dərk edirdi ki, Sovet İmperiyasının caynaqlarından qurtarıb müstəqilliyə yenicə qovuşmuş bir ölkə üçün işğalçı erməni-rus hərbi birləşmələri ilə mübarizə aparmaq çox çətin olacaq. Ölkə daxilində gedən siyasi proseslər heç də yaxşı vədlər vermirdi. Qruplaşmalar, hakimiyyət uğrunda aparılan mübarizələr sanki cəbhə xəttini ikinci plana keçirmişdi. Xocalı soyqırımı, Şuşanın işğalı elə bil insanların inamını azaltmış, ruh düşkünlüyü yaratmışdı. İnsanlar üzdə deməsələr də için-için bu dərdi, bu ağrını yaşayırdılar.
Adil İrşadoğlu insanların əzab, qorxu, təlaş içərisində yaşadığını aydınca hiss edirdi. Hiss edirdi ki, onlar içindəkiləri dilə gətirmirlər. Daxildə bir cür düşünür, üzdə başqa söz deyirdilər. İçindəkilər elə içində qalırdı. Adil İrşadoğlu insanların belə əzab çəkməsinə dözə bilmirdi. "Mənim xalqım daha çox xoşbəxt yaşamağa layiqdir. Ürəyiyumşaq, xeyirxah, qonaqpərvər, yıxılana əl tutan, yetimə çörək verəndir..."
Aylar dəyişib fəsillər ötdükcə çəkiliş qrupunun üzvləri yorulub əldən düşürdülər. İlk dəfə onlar Ağdamın Güllücə kəndində ermənilər tərəfindən mühasirəyə düşündə teleoperator Ramiz Rüstəmov dilə gəldi :
- Qardaş, bizim də evdə ailəmiz, gözü yolda qalanlarımız var. Biz heç, bəs evdəkilər? Onların nə günühı var?
Bu sözdən Adil bərk tutuldu. O, heç vaxt Ramizdən bu sözləri gözləmirdi. Bir anlığa mühasirəyə düşdükləri yadından çıxdı. Və ona elə gəldi ki, həyatında indiyədək belə ağır zərbə almamışdı. Qəlbində nəsə qırıldı. Gözləri qaraldı. Sanki beynində ildırım çaxdı. Elə bu zaman bölmə komandirinin bir az həyacanlı, bir az sevincli səsi eşidildi :
- Bizimkilər hücuma keçib mühasirəni yardılar. Tezliklə azad ediləcəyik...
Ramiz sevincindən atılıb düşdü.
- Yaşasın azadlıq...tezliklə evə dönəcəyik...  
Sonra o, çevrilib Adilə baxdı. O, hələ də dərin düşüncələr içərisində idi. Sanki ətrafında nə baş verdiyini hiss etmirdi. Ramiz ona yaxınlaşıb qolundan tutdu :
- Sənə də bir söz deməli deyil. Gör nə vaxtdan evdən ayrılmışıq? Sən heç uşaqlar üçün darıxmırsan?..
Adil ailəcanlı adam idi. Bütün varlığı ilə evinə-eşiyinə bağlı, onun qayğıları, problemləri ilə yaşayan bir insan idi. Amma indi elə bil hər şeyi unutmuşdu. Axırıncı dəfə evdən nə vaxt çıxdığını da bilmirdi. Onun fikrində, düşüncəsində yalnız cəbhə bölgəsində səksəkə içərisində yaşayan insanların məhzun baxışları və titrək səsləri canlanırdı... O, heç vaxt insanları belə görmək istəmirdi. Öz ata-baba yurdunda, doğma isti ocağında qorxu içində yaşamaq, narahat ömür sürmək heç də asan deyildi. O, ilk dəfə cəbhəyə gəldiyi günləri xatırladı. Sanki yer-göy guruldayır, hər tərəfdən od yağırdı. "Alazan" raketlərinin qorxulu səsi yayıldıqca istər-istəməz insanlar vahimələnirdi. İlk günlər az da olsa Adil də qorxurdu. Amma bunu üzdə bildirmirdi. Hiss etdirmirdi. O, yaxşı bilirdi ki, müharibə qorxaqları sevmir. Adil yavaş-yavaş qorxunun gözlərinə dik baxmağı öyrənirdi. Qorxu hissi insana aid olsa da o, bəzən insanlarda mənfi vərdişlər yaradırdı. Adil belə vərdişlərdən qaçmağa çalışırdı. Etiraf edim ki, mənim özüm də ilk dəfə Ağdama gedəndə qorxudan gecə yata bilmirdim...
Onda 1993 - cü ilin mart ayı idi. Prezidentin Dağlıq Qarabağ və sərhəd rayonları üzrə fövqəladə və səlahiyyətli nümayəndəsi Əlisaab Orucovla Ağdam rayon ictimai iaişə idarəsinin qonaq evində qalırdıq. Ermənilərin atdığı Qrad, "Alazan" top mərmilərindən hər tərəf od tutub yanırdı. Yerimdə uzansam da, qorxudan yata bilmirdim. Gəldiyim günün 3 - cü gecəsi idi. Ə.Orucov heç nə olmayıbmış kimi şirin-şirin yatırdı. Yeri gəlmişkən deyim ki, o, çox qorxmaz  və cəsur adam idi. Utandığımdan qorxduğumu ona deyə bilmirdim. Birdən ağlıma gəldi ki, bəlkə 150 qram içsəm qorxum çəkilər?.. Amma gecənin bu vaxtı onu haradan tapa bilərdim?.. Gec olmasına baxmayaraq dəstəyi götürüb Ağdam Rayon Polis İdarəsinin rəisi, polkovnik Rəşid Məmmədova zəng etdim. Bundan əvvəl  R.Məmmədov Cəbrayıl Rayon Polis Şöbəsinin rəisi işləmişdi və onun əfsanəvi qəhrəmanlığı haqqında bütün el-oba iftixarla danışırdı.
Xəttin o başından Rəşid müəllimin səsi gəldi :
- Eşidirəm.
Birdən-birə ona nə deyəcəyimi bilmədim. Səs təkrar gəldi :
- Eşidirəm sizi. Buyurun.
- Rəşid müəllim, mənəm, Nizamidir. Təsadüfən sizdə içməyə bir şey olmaz?.. Məsələn, konyak, araq...
- Hə, hə, başa düşdüm. Təmiz tut arağı var. Bəs yeməyə nə isə var?
- Yox, düzü, bu barədə bir şey düşünməmişəm.
- Aydındır, on dəqiqəyə gəlirəm.
Həmin gecə R.Məmmədovla xeyli oturduq. Olub kecənləri xatırladıq. Ölkədəki siyasi vəziyyətdən danışdıq. Dedik, güldük. Səsimizə Əlisaab müəllim yuxudan ayıldı. Bir qədər bizə baxıb əllərini yellədi :
- Belə işiniz vardı mənə niyə demirdiniz?
Sonra nə fikirləşdisə mənə yaxınlaşıb dedi :
- Olmaya qorxursan? Gecə nə vaxt oyanıram, görürəm oturmusan? 
Artıq tut arağı öz təsirini göstərmişdi. Əhval-ruhiyyəm xeyli düzəlmişdi. Əvvəlki qorxudan əsər-əlamət qalmamışdı. Amma Orucova  düzünü dedim :
- Qorxursan nədi? Hər raket atılanda ölüb dirilirdim. Amma biruzə vermirdim.
O, ucadan güldü. Biz də ona qoşulduq. Sonra Rəşid Məmmədovu göstərib dedi : 
- Bəs bu gecə vaxtı bunu hardan tapmısan? 
Məsələni olduğu kimi danışdım. Dərindən köks ötürdü. Nəyisə xatırlayırmış kimi dedi :
- İncimə, sən mənim yaxın dostumsan. Jurnalistlərin içərisində bir nəfər qorxmaz kişi gördüm. O da Adil İrşadoğludur.
- Hə, o, başqa bir aləmdir - deyə polkovnik Rəşid Məmmədov ciddi görkəm aldı. Yaxşı tanıyıram onu. Cəbrayılda işləyəndə dəfələrlə görüşmüşük. Çox cəsarətli və igid adamdır...
Elə bu zaman sanki göy guruldadı. Şimşək çaxdı. Bu hal bir neçə dəfə təkrar olundu. Pəncərələrin şüşələri cilik-cilik olub yerə töküldü. Əlisaab müəllim şüşələri sınmış pəncərədən ətrafa boylandı. Rəşid müəllim də baxdı. Yaxınlıqdakı bina alov içərisində idi... Əlisaab Orucov soyuqqanlı halda mənə yaxınlaşıb əlini çiynimə qoydu :
-  Belə-belə işlər, Nizami müəllim. Ölüm qaşla göz arasındadır. Bilmək olmaz ki, bir azdan nə ola bilər. Daha burada qalmaq mümkün deyil. Sabahdan Atçılıq Sovxozunun Qonaq Evinə köçməliyik. Qarşıda işlərimiz çoxdur. İndidən ölməyə haqqımız yoxdur. Sonra gülə-gülə əlavə etdi :
- Adilin yeri məlum. Burda olsaydı, çoxdan hadisə yerinə qaçmışdı. Gətirdiyi teleoperatorlar da özü kimi çevikdirlər...
O, dərindən köks ötürdü. Sinə dolusu nəfəs aldı.
- Belə oğulları olan vətən heç vaxt basılmaz... Heç vaxt... Amma belə görürəm, buna zaman lazımdır...
Yanan binaların, göylərə qədər ucalan alovların ətrafa saçdığı işıqlar qəlbimi nə qədər üzürdüsə, Adil İrşadoğlu haqqında deyilən xoş sözlər məni bir o qədər fərəhləndirir və qürurlandırırdı.


Nizami Təhməzov.
27 avqust 2016 - cı il / 17:33. 
(Dördüncü yazının sonu).
Ardı var...

26 Ekim 2016 Çarşamba

YÖNÜ BƏRI BAXAN DAĞLAR... (3)


Adil İrşadoğlu

( Dağlar da insanlar kimi şəhid olurmuş... Sinəsinə çarpaz dağlar çəkilmiş başı ağ çalmalı, vüqarlı dağların qəddi getdikcə yavaş-yavaş əyilir...)

Gözəl insan, cəsur və fədakar dostum, birinci Qarabağ müharibəsinin başlandığı vaxtdan bəri çox hadisələri videolentə 
köçürüb verilişlər hazırlayan  istedadlı, təcrübəli, telejurnalist Adil İrşadoğlu (Əliyev) haqqında bəzi qeydlərim...   

( ÜÇÜNCÜ YAZI  )

Nizami Təhməzov

Bütün bunları ona görə yazıram ki, namuslu və qeyrətli oğullarımızı yaxşı tanıyaq. Çünki vətənimizi, torpaqlarımızı yağı düşmənlərdən qoruyan məhz belə oğullarımızdır. Ermənilər torpaqlarımızı işğal edən gündən indiyədək eşitməmişəm ki, məmurlarımızın uşaqları nəinki şəhid olmuş, döyüş bölgələrinə və onun həndəvərinə belə əsgərliyə getməmişlər. Gedənləri də orda-burda baş girələmişlər. Amma ən yaxşı vəzifələrdə işləyənlər də onlar olur. Var-dövlət içində yaşayırlar. Niyə? Hansı xidmətlərinə görə? Hansı dəyərlərinə görə? Adil İrşadoğlu heç vaxt belə şeylərin fərqinə varmamış və nəyisə heç vaxt dilinə gətirməmişdir. O, həmişə deyərdi ki, hamıdan vətənpərvərlik ummaq düz deyil. Bu, heç mümkün də deyil... 
Babək Hüseynoğlu AzTv - yə sədr təyin ediləndən sonra Adil İrşadoğlunun təşəbbüsü və təşkilatçılığı ilə Televiziyanın Hərbi Proqramlar və Salnamə Baş Redaksiyası yaradıldı. Onu baş redaktor təyin etmək istədilər, ancaq Adil İrşadoğlu qəti etiraz etdi : "Rayonlarımız işğal olunarkən mənim rahat kabinetdə oturmağa mənəvi haqqım yoxdur. Qarabağda müxbir qərargahı qurmaq istəyirəm. Baş redaksiyanın yaradılmasında da məqsədim odur ki, təmas xəttindən, döyüş bölgələrindən sistemli, ardıcıl şəkildə canlı verilişlər və reportajlar hazırlayam. Hesab edirəm ki, bu mənim bir vətəndaşlıq borcumdur."
Hər kəs özünün vətən qarşısında borclu olduğunu düşünmür. Düşünür ki, yalnız hamı ona borcludur. Adil İrşadoğlu elə bir ailədə doğulub boya-başa çatmışdır ki, millətimiz, xalqımız məhz belə ailələr üzərində formalaşır...
...Onda Adil İrşadoğlu qaynar şəhər həyatından, doğma sakit iş yerindən uzun müddətli ezamiyyətə çıxıb Qarabağa gəlmişdi. Əvvəllər o, müharibə bölgələrində baş verən hadisələr haqqında çox eşitmişdi. Yaranmış söz-söhbətlərin nə dərəcədə həqiqət olduğunu yalnız cəbhə xəttinə gələndən sonra bildi. Burada vəziyyət mürəkkəb idi. Əsgərlər arasında ruh düşkünlüyü və aclıq hökm sürürdü. Əks tərəfdən  həyacanlı xəbərlər gəlirdi. Zabit heyəti və könüllü özünümüdafiə  komandirləri arasında özbaşınalığa yol verilir, hərbi qayda-qanunlar tez-tez pozulurdu. Döyüş bölgələrində olan əsgərlər aylarla hamam "üzü" görmürdülər. Xəstəlik, bit-birə  onları bürümüşdü. Yeməklərin keyfiyyəti olduqca aşağı idi. Bəzən elə olurdu ki, günlərlə ac qalırdılar... Bütün bunlar Adil İrşadoğlunu çox düşündürürdü. İmkanı olan əsgərlər komandirlərlə dil tapıb həftələrlə evlərində qalırdılar... Gətirilən yardımların heç biri əsgərlərə çatmırdı.  İmkanlı adamlar, təşkilatlar şan-şöhrət xatirinə özləri ilə çəkiliş qrupu gətirir, etdikləri yardımları videolentə köçürtdürüb digər televiziya proqramları vasitəsilə gözə soxurdular. Həmin yardımları əsgərlərə paylasalar da, sonradan komandirlər onların əlindən alırdılar. Bütün bu haqsızlıqlara dözməyənlərin isə  başına hər cür oyun açırdılar. Bəzən elə olurdu ki, təxribatçı, fərari adı verib tuturdular...
Adil İrşadoğlu az vaxt ərzində bütün bu gördüklərinin canlı şahidinə çevrildikcə dəhşət onu bürüyür, lakin peşəkar bir jurnalist kimi lentə alınmasını məqsədə uyğun hesab etmirdi. Bəzən çəkib arxivdə saxlasa da efirə vermirdi. O, kifayət qədər siyasi cəhətdən sayıq idi. Yaxşı bilirdi ki, hər gördüyü eybəcərlikləri, qanunsuz hərəkətləri, çatışmazlıqları ictimailəşdirmək olmaz. Bu, insanlar arasında artıq söz-söhbətə, inamsızlığa, ruh düşkünlüyünə səbəb olardı. Onsuz da dərd dərd üstünə gəlirdi. İnsanlar öz isti ocaqlarından, el-obasından didərgin düşürdülər. Adil İrşadoğlunu da qorxuzan məhz bu idi. Odur ki, çəkiliş qrupu ilə tez-tez  döyüş bölgələrinə yaxın kəndlərə gedir, adamlarla görüşür, söhbət edir və canlı reportajlar hazırlayırdı... Söhbət zamanı o, insanları dedi-qodulara, təxribatlara uymamağa çağırırdı. Hələ lap əvvəllər - hələ onda Əlisaab Orucov Baş Nazirin müavini və Prezidentin Dağlıq Qarabağ və sərhəd rayonları üzrə fövqəladə və səlahiyyətli nümayəndəsi idi. Adil İrşadoğlu tez-tez  Ə.Orucovla görüşür, məsləhətlər alır, bəzən isə onunla birgə ən qorxulu döyüş bölgələrinə gedirdi. Bir dəfə Əlisaab Orucov söhbət zamanı dedi :
- Görürəm, sən çox qorxmaz adamsan. Nə yaxşı şəhərdə işini buraxıb buraya gəlmisən?
O, suala sualla cavab verdi :
- Sizin vəzifəniz daha yaxşı idi... Respublikanın Ədliyyə Naziri. Eşitdiyimə görə Siz də bura öz xahiş və istəyinizlə gəlmisiniz. Bəs Sizi bura gətirən nə olub?
Əlisaab müəllim duruxdu. O, bu sualı gözləmirdi. Ani olaraq fikrə getdi. Sinə dolusu nəfəs alıb dedi :
- Mən hökumət adamıyam. Hökumət hara məsləhət bilsə ora da getməliyəm.
- Mən də torpaq adamıyam - deyə, Adil İrşadoğlu fəxrlə cavab verdi. Harda torpağıma lazımamsa orda da olmalıyam. Bu gün düşmənlərimiz torpaqlarımıza göz dikiblər. Mənə elə gəlir ki, torpağı sevən, namusu, qeyrəti olan hər kəs onun müdafiəsinə qalxmalıdır.
Əlisaab Orucov əlini onun çiyninə qoydu :
- Sağ ol - dedi. Elə isə hazırlaş sabah Cağazur kəndinə gedəcəyik. 
...O, maşına minəndə çevrilib Adilə baxdı :
- Qorxmursan ki?
O da sözündən qalmadı :
- Gorusa getsəydik, bəlkə də bu barədə düşünərdim...
Hər ikisi gülümsündü. Cağazur Laçın rayonunun kəndi olsa da qondarma Ermənistanın Gorus rayonuna çox yaxın idi. Demək olar ki, ora gediş-gəliş tamamilə azalmışdı. Ermənilər hər gecə iriçaplı silahlardan 300 evlik kəndi atəşə tuturdular. İnsanlarımız qorxu, təlaş içərisində yaşayırdılar. Demək olar ki, kənd təcrid vəziyyətində idi. Belə bir vəziyyətdə insanlarla görüşmək, televiziya üçün müsahibələr almaq, hal-əhval tutmaq olduqca vacib idi. Ancaq ora getmək də, gəlmək də çox böyük risk tələb edirdi. Bunu Əlisaab Orucov da yaxşı bilirdi, Adil İrşadoğlu da. Öz istəkləri ilə odun-alovun içərisinə atılmış bu insanları heç nə qorxuda bilməzdi... Teleoperator Əlövsət Aslanov da çox cəsur adam idi. O, məmnuniyyətlə Adillə birgə hər tərəfdən dağlarla əhatə olunan bu kəndi görməyə, oradakı fədakar insanlarla ünsiyyətdə olmağa, onları telekameranın yaddaşına köçürməyə gəlmişdi. O da Əlisaab Orucov və Adil  İrşadoğlu kimi bunu özünün şərəfli borcu hesab edirdi...


Nizami Təhməzov.
17 iyul 2016 - cı il / 12:59.
(Üçüncü yazının sonu).
Ardı var...

23 Ekim 2016 Pazar

YÖNÜ BƏRI BAXAN DAĞLAR... (2)


Adil İrşadoğlu

( Dağlar da insanlar kimi şəhid olurmuş... Sinəsinə çarpaz dağlar çəkilmiş başı ağ çalmalı, vüqarlı dağların qəddi getdikcə yavaş-yavaş əyilir...)


Gözəl insan, cəsur və fədakar dostum, birinci Qarabağ müharibəsinin başlandığı vaxtdan bəri çox hadisələri videolentə köçürüb verilişlər hazırlayan, istedadlı, təcrübəli, telejurnalist Adil İrşadoğlu (Əliyev) haqqında bəzi qeydlərim...   

( İKİNCİ YAZI )


Nizami Təhməzov

İnsanın mənəvi böyüklüyü Dünyanın böyüklüyündən böyükdür. Mənən Dünyadan böyük insanlar Dünyanın tarazlığını qoruyub saxlayırlar. Dünyanın tarazlığı onların xoş əməlindədir. Yalnız xoş əməllər uğrunda, haqq-ədalət uğrunda, insanların xoşbəxt və firavan həyatı uğrunda mübarizə aparan insanlar Dünyanın tarazlığını qoruyub saxlayır, çağdaş Dünyamızı gül-çiçəyə, cənnətə çevirmək uğrunda fədakarlıqla mübarizə aparırlar. Adil İrşadoğlu məhz belə yüksək mənəvi dəyərlərə, zəngin daxili aləmə malik, bütün varlığı ilə torpağını, elini-obasını, milli dövlətçiliyimizi sevən bir insandır. Onun fikrincə torpaq namusdur, şərəfdir, qeyrətdir. Ondan heç vaxt pay ola bilməz. O, bir nəfərin, iki nəfərin, bir ailənin deyil. O, bir xalqın, millətin torpağıdır. Xalqın, millətin torpağından pay ola bilməz. Kimsə xalqın, millətin torpağına göz dikə bilməz. Adil İrşadoğlunu da məhz dostlarından və həmkarlarından fərqli olaraq döyüş bölgəsinə gətirən bu ali hiss və qüvvə idi... Vətən sevgisi, torpaq sevgisi idi... Onun şərəf və ləyaqəti idi... Tanımadığım bir insanın ( Ağdamda döyüş bölgəsində olarkən ) torpaqlarımızın müdafiəsi uğrunda böyük qəhrəmanlıqla döyüşən fədakar oğullarımızın yanında Adil haqqında böyük fərəhlə dediyi sözlər hələ də qulaqlarımda səslənir... "Qardaş, vuruşmaq bizim borcumuzdur. Ancaq belə oğullarımız da var ki, jurnalistdir, könüllü olaraq uzunmüddətli ezamiyyətə çıxıb gəlib oturub Şuşada erməni təbliğatına qarşı əks təbliğat aparır, Şuşa və onun ətrafından, döyüş bölgələrindən verilişlər hazırlayır. Heç nədən qorxub eləmir. Bax, əsil qəhrəman odur."  Bəli, Adil İrşadoğlu haqqında deyilən bu sözlər həqiqət idi. Çünki o, qorxunun, ölümün gözünə dik baxa-baxa daha cəsarətli addımlar atır, ən qaynar döyüşlərdən canlı reportajlar hazırlayırdı. Yaxşı yadımdadır, bir dəfə "Azadlıq" Radiosunda Elmira Əmrahqızının (Əhmədova) Dağlıq Qarabağa və ətraf rayonlarına qondarma Ermənistan respublikası silahlı qüvvələrinin hücumları ilə bağlı reportajı verilirdi. O, Şuşada və ətraf kəndlərdə baş verən son hadisələr barədə  AzTv - nin Şuşaya ezam olunmuş jurnalisti, redaktoru Adil İrşadoğlunun məlumatlarına istinad edirdi. O, böyük fəxarət və qürurla qeyd edirdi ki, Adil İrşadoğlu eşitdiklərini deyil, od-alovun içində gördüklərindən danışır, qrad, alazan raketlərinin qorxunc səsləri altında torpaqlarımızın hər qarışı uğrunda ölüm-dirim mübarizəsi aparan  könüllü özünümüdafiə dəstələrinin böyük ruh yüksəkliyindən, döyüş əzmindən danışır. Elmira Əmrafqızı sonralar mənə deyirdi ki, ( vaxtilə Elmira da bizimlə birlikdə AzTv - də işləyirdi ) doğrudan da insanı elə-belə tanımaq olmur. Mənim ağlıma gəlməzdi ki, o qədər sakit, yumşaq, mülayim, hamıya böyük hörmətlə yanaşan, yüksək mədəniyyət sahibi və alicənab bir insan bu qədər qorxmaz, cəsur, olarmış. Adətən ziyalılar bir az qorxaq olurlar. Çünki onlar nə etdiklərinin nəticəsini əvvəlcədən düşünürlər. Düzünü deyim ki, mən belə oğullarımızla fəxr edir və qürurlanıram.
Elmira xanımın özü də istedadlı, fədakar, vətənpərvər, qeyrətli və olduqca cəsarətli bir jurnalist idi. Ona görə də peşəkar sənətkarları qiymətləndirməyi bacarırdı. Amma Elmira xanım Adil İrşadoğlunu az tanıyırdı. Onun nəyə qadir olduğunu, hansı ürək sahibi olduğunu bilmirdi və həm də çox az adam, bəlkə də barmaqla sayılacaq qədər az adam bilirdi ki, Adil İrşadoğlu Sovet İttifaqının ən güclü bir vaxtında istedadlı şair və alovlu vətənpərvər Eldar Baxış və başqa dostları ilə birlikdə "VƏTƏN" təşkilatı yaradaraq milli müstəqillik uğrunda gizli mübarizə aparırdı. O zamanki dövr üçün bunun nə demək olduğunu bilmək o qədər də çətin deyil. Rəhmətlik Eldar Baxışı mən də yaxşı tanıyırdım. Qubadlıda orta məktəbi bir vaxtda qurtarıb və eyni zamanda Azərbaycan Dövlət Universitetinə daxil olmuş və bir evdə kirayədə qalmışdıq. Çox dəyərli, kəsərli, ürəkli və cəsarətli adam idi. Söz düşəndə hərdən mənə deyirdi ki, nə yaxşı Adil Əliyev  kimi (İrşadoğlu) oğullarımız var. Vallah, belə oğullarımızla dağı-dağ üstə qoymaq olar. Bəlkə də sən onu yaxşı tanımırsan. Onunla yaxınlıq edəndə bilərsən. Heç vaxt dostunu darda qoymaz... 
Düzü mənə elə gəlirdi ki, Adil bəyi kifayət qədər yaxşı tanıyıram. Çünki AzTv - də eyni mərtəbədə, qonşu otaqlarda çalışırdıq. Yalnız redaksiyalarımız və şöbələrimiz ayrı idi... Amma deyəsən həqiqətən də mən onu yaxşı tanımamışdım. Bir dəfə AzTv - nin kadırlar şöbəsinin və xüsusi idarəsinin rəisi rəhmətlik Lətif Məlikov məni çağırıb orta yaşlı bir kişi ilə tanış edib dedi :
- Laçın müəllim sizinlə bir az söhbət edəcək.
Bilirdim ki, Laçın Ələkbərov Dövlət Təhlükəsizlik Komitəsinin AzTv üzrə kuratoru idi. Mənim Ərəb dilini bilməyimin səbəbləri, ərəblərlə görüşməkdə məqsədim və sair məsələlər barədə xeyli söhbət etdik. O, çox milli ruhlu bir adam idi. Söhbətimiz bu və ya digər formada alınmasa da köhnə tanışlar kimi ayrıldıq. Elə bir-iki addım getmişdi ki, dayandı. Çevrilib düz gözlərimin içinə baxdı :
- Əminəm ki, söhbət ikimizin arasında qalacaq.
Qətiyyətlə dedim : 
- Təbii. Yəqin ki, mənim haqqımda bilirsiniz.
Bundan sonra o, birbaşa mətləbə keçdi : 
- Adil İrşadoğlu Əliyevi necə tanıyırsınız?
Laçın Ələkbərov bu sözləri deyib kipriklərini qırpmadan yenə düz gözlərimin içinə baxdı. Mən də baxışlarımı ondan yayındırmadım. Onun məndən nə məqsədlə soruşmağının mənasını bilməsəm də, hiss etdim ki, bu sorğunun arxasında çox böyük mətləblər dayanır. Odur ki, çəkinmədən, heç bir əlavə etmədən necə tanıyırdımsa eləcə də dərhal cavab verdim :
- Adil İrşadoğlu  Azərbaycanda tanıdığım iki-üç namuslu, vətənini, torpağını, xalqını sevən oğullardan biridir. O, bütün varlığı ilə dövlətə, dövlətçiliyə bağlı adamdır. Tanıdığım qeyrətli oğullar arasında bu sahədə bəlkə də ən birincisidir...  
- Hətta belə ? - deyə o, xəfifcə gülümsündü. Bunu necə yəqin etdiniz?
Sonra o, əlini çiynimə qoydu :
- Sovet hökuməti qüdrətli dövlətdir. Məsələn, siz Qubadlı rayonunun ucqar bir kəndindən Bakıya  gəlib ali təhsil almış, bir neçə xarici dil öyrənmişsiniz. AzTv kimi nüfuzlu bir yerdə işləyirsiniz. İrşadoğlu da sizin kimi... Nə gözəldir... Sağ olun...
Düzü DTK zabitinin bu eyhamlı sözlərini çox-çox sonralar Adil İrşadoğlunun Eldar Baxışla "VƏTƏN" təşkilatında fəaliyyət göstərdiyini biləndən sonra başa düşdüm. Həm də başa düşdüm ki, Laçın Ələkbərov da xalqımızın qeyrətli, vicdanlı oğullarından biri imiş...


Nizami Təhməzov.
20 İyun 2016 / 21:40.
(ikinci yazının sonu).
Ardı var...

20 Ekim 2016 Perşembe

YÖNÜ BƏRI BAXAN DAĞLAR... (1)

Adil İrşadoğlu

( Dağlar da insanlar kimi şəhid olurmuş... Sinəsinə çarpaz dağlar çəkilmiş başı ağ çalmalı, vüqarlı dağların qəddi getdikcə yavaş-yavaş əyilir...)

Gözəl insan, cəsur və fədakar dostum, birinci Qarabağ müharibəsinin başlandığı vaxtdan bəri çox hadisələri videolentə köçürüb verilişlər hazırlayan, istedadlı, təcrübəli, telejurnalist Adil İrşadoğlu (Əliyev) haqqında bəzi qeydlərim...   

( BİRİNCİ YAZI )

Nizami Təhməzov

Mənim üçün insan faktoru dünyada hər şeydən üstündür. Mən insanlığa, insani dəyərlərə çox böyük əhəmiyyət verir və hər şeydən üstün tuturam. Həyat elə gətirdi ki, mən dünyanın bir sıra ölkələrində oldum, maraqlı insanlarla ünsiyyət yaratdım, milliyətindən və dinindən asılı olmayaraq bu insanlarla dostluq münasibəti yaratdım. Aradan uzun illər keçməsinə baxmayaraq onların bəziləri ilə indi də əlaqə saxlayıram. Bütün bunları yazmaqda məqsədim odur ki, vətənini, xalqını, torpağını, el-obasını sevən insanlar mənim üçün çox əzizdirlər. Mənim ən yaxın qohumlarımda əgər bu dəyərlər yoxdursa, onlar mənim üçün önəmli deyil. Qohumluq sərhəddindən o tərəfə keçən deyillər. Sadəcə bioloji varlıqlardır. Mən çox sevinir və duyğulanıram ki, Adil İrşadoğlu ilə şəxsən tanışam və onunla uzun illər AzTv - də işləmişik. AzTv - də çox adam işləyirdi. Lap çox. Amma Adil bəy kimi oğullar az idi. Saymaq olardı. İki-üç...bəlkə də dörd olmazdı. Bu insan o qədər təbii və səmimi insan idi ki, onunla görüşəndə, söhbətləşəndə adama çox müsbət enerji gələrdi. Və adam hiss edərdi ki, həqiqi İNSANLA söhbət edir. Çox sadə, istiqanlı, həssas, səmimi, qayğıkeş... Bir sözlə İNSANLIĞA xas olan bütün xüsusiyyətlər Adil bəydə var idi. Məni görən kimi "Taal ilə hunə ya əxi..." deyərdi. Ərəb dilində "Bura gəl ey qardaş" deməkdir. O zamanlar biz ərəb dilini öyrənməyə çox meyl göstərərdik. Beləcə həyat davam edirdi. Əcaib və eybəcərliklər içərisində  Adil bəy mənim üçün bir mayaka çevrilmişdi. Öz-özümə düşünürdüm ki, nə yaxşı ki, Adil İrşadoğlu kimi oğullarımız var. Sözün həqiqi mənasında mən belə oğullarımızla fəxr edərdim. Mən onu bütün varlığı ilə xalqına, vətəninə, torpağına bağlı bir adam kimi tanıyırdım. Etiraf edim ki, mən ondan yaşca böyük olsam da bəzi şeyləri ondan öyrənirdim. Hiss edirdim və sonralar tam əmin oldum ki, Adil bəy öz sözü, öz fikri, öz düşüncəsi və ən əsası isə öz dönməz əqidəsi olan bir insandır. Sözün həqiqi mənasında o, şəxsiyyətdir. Ermənilər torpaqlarımıza göz dikən gündən Adilin rahatlığı pozuldu. O çox savadlı və ağıllı bir insan olduğu üçün yaxşı bilirdi ki, onların bu yersiz iddiaları çox böyük faciələrə səbəb olacaq. Qarabağın üzərində qara buludların hərləndiyini görürdü. Odur ki, elə ilk günlərdən Dağlıq Qarabağ ətrafında baş verən əsil həqiqətləri, onun əsil mahiyyətini dünya ictimaiyyətinə çatdırmaq üçün Dağlıq Qarabağa, Şuşaya getdi. Bu addım, bilə-bilə ölümə getmək idi. O, ölümün gözünə dik baxa-baxa getdi. Adil İrşadoğlu ölümün gözünə dik baxmağı öyrənmişdi. O, heç nədən qorxmurdu. Həyatı qədər sevdiyi Qarabağı, o müqəddəs torpaqları qorumaq onun şərəfli işi idi. Bir aydan çox mən də Qarabağda oldum. O vaxt Prezidentin fövqəladə Səlahiyyətli Nümayəndəsi, Baş Nazirin Müavini Əlisaab Orucovla biryerdə qalırdım. Allahverdi Bağırovla, Qarabağın generalı Ərşadla, Qatır Məmmədlə (Ala Yaqub), Fred Asiflə və başqa qeyrətli oğullarımızla yaxından tanış oldum. Bir dəfə Ala Yaqubun qərargahında adlarını çəkdiyim qəhrəman oğullarımızla söhbət edirdim. Onlar haqqında xoş sözlər demək istədim. İndi adını unutduğum bir döyüşçü qabağa çıxıb dedi ki, qardaş, vuruşmaq bizim borcumuzdur. Ancaq belə oğullarımız da var ki, jurnalistdir, könüllü olaraq uzunmüddətli ezamiyyətə çıxıb gəlib oturub Şuşada erməni təbliğatına qarşı əks təbliğat aparır, Şuşa və onun ətrafından, döyüş bölgələrindən verilişlər hazırlayır. Heç nədən qorxub eləmir. Bax, əsil qəhrəman odur. Mən dərhal bildim ki, o, Adil İrşadoğlunu nəzərdə tutur. Ondan soruşdum ki, bəlkə Adil İrşadoğlunu deyirsiniz? "Bəli" - deyə o, cavab verdi. Dəqiq yadımda deyil, bilmədim Allahverdi Bağırv idi, yoxsa Fred Asif böyük fərəhlə dedi ki, qardaş, Adil qorxu bilən deyil. Belə bir vaxtda Adil kabinetdə otura bilməzdi. Mən o söhbəti heç vaxt unuda bilmərəm. Bəlkə də həyatımda birinci dəfə idi ki, dostumun şücaətindən və sözün əsil mənasında qəhrəmanlığından böyük fərəh hissi keçirir və qürurlanırdım.


Nizami Təhməzov.
25 fevral 2016 - cı il.
(Birinci yazının sonu).
Ardı var...

16 Ekim 2016 Pazar

60 İLLİYİMLƏ BAĞLI DOSTLARA CAVABIM VƏ TƏŞƏKKÜRÜM




Adil İrşadoğlu (Əliyev)


Mən vətənimi çox sevirəm, onun uğrunda canımı fəda etməyə hazıram, amma istəyirəm ki, vətən də məni azacıq sevsin...

Mən irqçi deyiləm, ancaq öz millətimi - türk millətimi, onun milli dəyərlərini çox sevirəm. İstiqlal şairimiz Xəlil Rza Ulutürk demişkən: 

Biz türkləriz, Vətənimiz - başdanbaşa yer kürəsi,
Bayrağımız al günəşdir, çadırımız göy qübbəsi !

✔ Əzizlərim, mən heç vaxt kişilikdən danışmamışam, kişi olmağa çalışmışam. 

✔ Demokratiyadan danışmamışam, demokrat olmağa çalışmışam. 

✔ Boğazdan yuxarı vətən, vətən deməmişəm, vətənpərvər olmağımı əməllərimlə sübut etmişəm və edirəm.

✔ Çoxlarından fərqli olaraq heç vaxt xalqın adından danışıb saxta and içməmişəm. Saxta mövqe tutmamışam, saxta salamlaşıb, saxta gülməmişəm. 

✔ Mən vicdanlı, namuslu, xeyirxah, səxavətli, halal olmağı bu insanlardan öyrəndim. Ölənədək onlara borcluyam. Onları müəllimlərim sayıram. Kimdir onlar? 

Atam İrşad Məhəmməd oğlu Əliyev, Anam Qənirə Rüstəm qızı Rüstəmova, atamın qohumu Süleyman Sani Axundov, Həsən bəy Zərdabi, Mustafa Kamal paşa, Məmmədəmin Rəsulzadə, Üzeyir Hacıbəyli, Əhməd Cavad, Əbdürrəhim bəy Haqverdiyev, Rəşad Nuri Güntəkin, Səməd Vurğun, Abbas Zamanov, Mir Cəlal Paşayev, Nəsir İmanquliyev, Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Famil Mehdi, Şirməmməd Hüseynov, Qulu Xəlilov, Nurəddin Babayev, Tofiq Rüstəmov, Nəriman Zeynalov, Akif Rüstəm oğlu  Rüstəmov, Elşad Quliyev, Sabir Xuduş oğlu Rüstəmov, Seyfulla Hənifə oğlu Cəfərov, Vasif Hacağa oğlu Babayev, Aslan Rəfi oğlu İsmayılov. Dünyasını dəyişənlərə min rəhmət. Bu dünyada yaşayanlara isə Allahdan can sağlığı diləyirəm. 

60 İllik yubileyim münasibətilə məni təbrik edən diqqətli dostlarıma təşəkkür edirəm. Diqqətsiz dostlarıma isə can sağlığı və diqqətli olmağı arzulayıram.

Çox sağ olun, dostlar. Yaxşı ki, varsınız. Həmişə sağlam və xoşbəxt olasınız. Allah verən ömrü dəyərincə yaşamaq hər insana nəsib olmur. Arzu edirəm ki, bu xoşbəxtlik hamıya nəsib olsun. Diqqətinizə görə bir daha təşəkkür edirəm. 


© Adil İrşadoğlu (Əliyev).
Veteran televiziya və qəzet jurnalisti,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
1-ci Qarabağ Müharibəsinin iştirakçısı.

(Yazı ilk dəfə, 02.11.2013 - il tarixində, Facebook profilimdə dərc edilmişdir).