"BU GÜN ŞƏHİD VERƏN AZƏRBAYCANIN
BİR GÜN AMANSIZCA İNTİQAMI VAR"!
1-ci Qarabağ Müharibəsinin iştirakçısı və şəhid atası Hacı Əkbər Rüstəmovun döyüş gündəliyindən...
Onunla Ağdamdan tanışıq...
1988-ci ildən başlayan əvvəl ixtişaş, sonra isə dəhşətli müharibənin əngəlləri görüşməyimizə mane olurdu. Nəhayət ki, 27 oktyabr 1993-cü il tarixində, Ağdam şəhəri və şəhərin ətrafındakı kəndlərin xeyli hissəsi işğal olunandan 5 ay sonra Ağdamın Cəvahirli kəndində səngərdə görüşdük. O, çox mərd, hazırcavab, cəsarətli insandır. Səngərdə görüşəndə həm sevindik, həm də kövrəldik. Müxtəlif vaxtlarda onun videoçəkilişlərinə, televiziya verilişlərinə həvəslə baxırdım, qəzetlərdə yazdığı məqalələri oxuyurdum. İndi isə səngərdə oturub üzbə-üz söhbət edirdik...
O, verilişlərini həmişə yurdsevərlik, vətənsevərlik ruhunda hazırlayırdı. Bu da çox effektli alınırdı. Onun sərrast sualları, suallarda sual doğuran məqamları tərəf müqabilini daha yaxşı danışmağa sövq edirdi. O, həm də əsgər və zabitlərimizlə çiyin-çiyinə səngər həyatı yaşamaqdan zövq alırdı. Onların döyüş və səngər həyatından aktual verilişlər hazırlamaq bacarığına malik bir şəxsiyyət idi.
Mən jurnalist və kinooperatorlardan Seyidağa Mövsümovla, Babək Quliyevlə, Ağasəf bəylə, Rəhbər Bəşiroğlu ilə, Türkiyənin "Zaman"qəzetinin müxbiri İrfan Sapmazla, Sarvan Şamiloğlu ilə, Salman Alıoğlu ilə, Allahverdi Əsədovla, İsa Dadaşoğlu ilə də səngərlərdə görüşüb dərdləşmişəm, söhbətləşmişəm. Ancaq onunla dərdləşib, söhbətləşməyin ayrı bir aləmi var. O, neçə-neçə döyüşçüdən, onların səngər həyatından, şəhidlərimizdən maraqlı, yaddaqalan veriliş hazırlamışdı və bu işini həvəslə davam etdirirdi. O, həm də yeri gələndə əlindəki qalın dəftərini, kamerasını səliqə ilə bir küncə qoyurdu və əsgərin avtomatını əlindən alıb düşmənlə özü vuruşurdu. Onun bu hərəkəti qəlbindən gəlirdi, bir əsgər kimi Vətənə vəfa borcu idi. Bütün bunları təmənnasız edirdi, Vətənə vətəndaş borcu bilirdi. O, təkcə jurnalist-operator deyil, o, həm də Vətənin hər qarışını sevib qoruyan şəxsiyyətli vətəndaşdır. Mən bu yazımı çox sonralar gündəliyimin içərisindən tapdım və yazını köçürüb təqdim etdim ki, siz də qürurlanasınız. Arzu edirəm ki, belə vətənpərvər, belə xalqsevər, millətsevər insanları unutmayasınız. Gələcək nəsillərə tanıtmaq üçün belə insanları axtarıb tapasınız, onların qayğıları ilə ilgilənəsiniz, onların haqqında maraqlı yazılar yazasınız, öz fikirlərinizi bildirəsiniz. Bağışla Adil İrşadoğlu. Gec də olsa gündəliyimdən bu yazını tapdım və onu sənə indi - Qarabağın, Ağdamın işğaldan azad edilməsindən sonra hədiyyə etdim. Var olasan səni gözəl insan !
Qarabağda baş verən olaylar, amansız qətllər və işğallar Adil İrşadoğlunun da həyat yolunu səngərlərdən keçirdi. O, cəbhədə baş verən hadisələri izləmək, məlumat toplamaq, öyrənmək, hadisələrin operativ videoçəkilişini etmək üçün ömrünün gənclik çağını cəbhənin müxtəlif bölgələrində keçirdi. Jurnalist Adil İrşadoğlu 1-ci Qarabağ müharibəsində səngərlərə gəlir, döyüşən əsgərlərlə görüşür, bizə mənəvi dəstək və ruh verirdi. O, cəbhənin qaynar nöqtələrindən çəkdiyi süjetləri dövlətin televiziyasında göstərir, qəzetlərdə cəbhə ilə bağlı məqalələrlə çıxış edirdi. Döyüşən hərbi hissələrimizə, əsgər və zabitlərimizə, onların ailələrinə ehtiyac olduğu zaman yardımlar təşkil edirdi, heç vaxt cəbhəyə köməyini əsirgəmirdi...
Adil İrşadoğlunun fədakarlığını tək mən yox, çəkdiyi videokadrlar və verilişlər də sübut edir. Adil İrşadoğlu yorulmaz, son dərəcə çevik, dinamik, təhsil görmüş siyasətçi və jurnalistliyini bütün diplomatik istedadı ilə nümayiş etdirən, müsbət keyfiyyətlərə malik insandır. O, qaydalara sistemli riayət etməkdə bütün jurnalistlərə nümunədir.
Haşiyə: Son illərin birində 20 yanvar metrosunun yanında mərhum şair Fazil Fəxrinin yubiley gecəsini qeyd etməyə toplaşmışdıq. Adil İrşadoğlu ilə Mustafa Çəmənli də burada idilər. Vaxtilə Fazil Fəxrinin mənə yazdığı şeirdən 2 misranı Adil İrşadoğlu böyük hərflərlə vatman kağızına yazaraq məclisin baş tərəfində asmışdı :
<< Bu gün şəhid verən Azərbaycanın
Bir gün amansızca intiqamı var >>!
Sözüm həm də ondadır ki, Azərbaycan nəhayət amansız intiqamını aldı !
Sağ ol, Adil İrşadoğlu ! Allah sənə sağlam uzun ömür versin, qardaşım !
Hacı Əkbər,
Həmişə əsgər.
27 oktyabr 1993-cü il, Ağdamın Cəvahirli kəndi.
1 yorum:
HACI ƏKBƏR RÜSTƏMOV, əziz və sevimli dost unutmadığına, diqqət göstərdiyinə və mənimlə bağlı xatirəni yazıb paylaşdığına görə sənə dərin təşəkkürümü bildirirəm.
Yorum Gönder