Lətif Vəlizadə
Şair-publisist
Dostum, çoxlarının xeyirxahı Lətif Niftəli oğlu Vəlizadənin 2022-ci il aprel ayının 5-də 80 yaşı tamam olur. Bu insan sanki Xeyirxahlıq İnstitutudur. O, bacardığı köməyi, yaxşılığı, əl tutmağı başqasından əsirgəməyən insandır...
...30 ildən çoxdur ki, bir-birimizi tanıyırıq. Kaş hamı bizim kimi bir-birinə qarşı diqqətli, mehriban və qayğıkeş olaydı. Lətif müəllimlə münasibətimizin bünövrəsini Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində işləyərkən qoymuşuq. Eyni baş redaksiyada - Unudulmaz Sabir Rüstəmovun rəhbərlik etdiyi "Təbliğat Baş Redaksiyası"nda uzun müddət çalışmış və maraqlı, yaddaqalan verilişlər hazırlayıb tamaşaçılara təqdim etmişik. Lətif müəllim həm də ədəbiyyatçıdır. Çoxlu şeir, qəzəl və hekayə müəllifidir.
Lətif Niftəli oğlu Vəlizadə Füzuli rayonunda anadan olub. 1971-ci ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat institutunu bitirib. 1966-ci ildən müntəzəm olaraq dövrü mətbuatda bədii yazıları ilə çıxış edir. İndiyədək şair-publisist Lətif Vəlizadənin bir neçə şeirlər, poemalar və hekayələr kitabı işıq üzü görüb. Bu kitablarda toplanan yazıların əsas qayəsi ülvi məhəbbət, Vətən torpağına sevgi, dövlətimizin və xalqımızın gələcəyinə böyük inam hissi təşkil edir.
***
Mən fidanam, yerdən qüvvət alacam,
Söykənəcək bu dağlara kürəyim.
Baxışlarım bu çöllərdə qalacaq,
Vəsf edəcək bu dünyanı ürəyim.
Arzularım milyon ildir doğulub,
Fərqi yoxdur, yaşasam da harda mən.
Bircə dəstə çiçək olub, gül olub,
Bitəcəyəm bu torpaqda yenidən.
***
Mənə elə gəlir ki, insan psixologiyasından baş çıxaran hər hansı bir rəssam şairin şeirlərini oxuduqdan sonra onun şəxsi portretini asanlıqla yarada bilər.
Şərq poeziyasında, o cümlədən klassik Azərbaycan poeziyasında populyar olan əruz vəznində şeir, qəzəl yazmaq şərəfli olduğu qədər də çətindir. Lakin bu çətinlik Lətif Vəlizadəni qorxutmur, əksinə, o, cəsarətlə əruz vəzninə müraciət edir və bu vəzndə bir-birindən yaddaqalan qəzəllər yazır.
***
Həyatım, Kainatım, toy-büsatım, nazlı mələk,
Dünya cənnət görünə, - mənə sənsiz nə gərək !
Mənə sənsiz nə gərək can evimin bağ-baharı,
Sən o cənnətdə bitən daima tər, tazə çiçək.
Daima tazə çiçək, ətrinə qərq olmadayam,
Yoxsa vallahi sinəm parçalanar, dözməz ürək.
Əriyər, dözməz ürək, şəfa tapmam, sənsiz ey gül,
Gəzərəm o bağçanı daima mən sərsəritək.
Daima sərsəritək ardın ilə hey gəzərəm,
Razıyam kölgən olum, əl götürüb, üzmə ətək.
Gəl məndən üzmə ətək, yer üzünə nur saçanım,
Təki sən bu Lətifə daima ol arxa-kömək.
***
Lətif Vəlizadənin yaradıcılığında nəsr janrı da özünəməxsus yer tutur. Xüsusilə o, nəsrin ən çətin sahəsi olan hekayə janrında çox uğurla inamlı addımlar atır. Onun "Umid", "Qoca", "Yol ayrıcında" hekayələri diqqəti xüsusilə cəlb edir. Lətif Vəlizadə gördüyü hadisələri mənalandıraraq qələmə almağı bacaran sənətkardır.
Əziz və hörmətli dostum Lətif Vəlizadə sən çox güclü insansan. Güclü insan olmaq həm də xeyirxah olmaq deməkdir. Bu vaxtadək həyatını necə yaşamısansa elə də davam et. 80 yaşın mübarək. Bu münasibətlə səni öz adımdan, ailəm adından səmimi qəlbdən təbrik edirəm. Yaxşı ki, varsan. Sənə yeni yaradıcılıq uğurları arzulayıram.
Hörmətlə,
Adil İrşadoğlu (Əliyev).
04.04.2022. / 01-00.
1 yorum:
Adil İrşadoğlu yaşa, var ol. Allah sənə ürəyinə görə versin. Sən ləyaqətli, nümunəvi, yaxşı kişisən, yaxşı dostsan. Sağlam yaşa, çox yaşa.
Yorum Gönder