3 Mart 2026 Salı

XOCALI SOYQIRIMI



Malik Camal oğlu İsmayılov


Xocalı soyqırımı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, Xocalının yerli əhalisi olan Azərbaycan türklərinə qarşı baş vermiş soyqırımdır.

Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil...

Xocalı soyqırımının işıqlandırılması əsasən Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin və Seyidağa Mövsümovun adı ilə əlaqələndirilir. Onlar Xocalıda düşmənlərimiz tərəfindən törədilən vəhşilikləri ilk lentə alan kinooperatorlardır... 

Xocalının müdafiəsi zamanı Azərbaycanın yeddi Milli Qəhrəmanı iştirak etmişdir. Döyüşlərdə Şöhrət Həsənov şəhid olmuş və ölümündən sonra Azərbaycan prezidenti tərəfindən "İgidliyə görə" medalı ilə təltif edilmişdir.

Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırov erməni polkovnik Vitali Balasanyan vasitəsilə üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas etmişdir...

Yurdundan didərgin düşən Xocalı sakinlərinə ilk yardım edən Ağdam əhalisi olmuşdur. 

Yurdundan didərgin düşüb Ağdama pənah gətirən Xocalı sakinlərinin ən birinci həkim yardımına, sonra isə qayğıya böyük ehtiyacları var idi. 

Xocalı sakinlərini atam İrşad Məhəmməd oğlu Əliyevin ən yaxın dostu və qohumu Camal Abbas oğlu İsmayılovun oğlu Malik həkim müayinə edirdi, onlara lazım olan həkim yardımını göstərirdi. Doktor Malik Camal oğlu İsmayılov gecə-gündüz düşmənin əlindən qaçıb canını qurtarmış insanların arasında idi, öz cibinin xərcilə tibbi ləvazimatlar, dərmanlar alıb onları sağaldırdı. Bəli, həkimlər sağlamlıq sahəsində cəmiyyətin əsas dayaqlarından biridir. Onların rolu xəstəliklərin müalicəsindən daha genişdir. Onlar həm də sağlamlığın qorunmasında mühüm rol oynayırlar. 

Malik həkim xəstələrinə qarşı məsuliyyətli, diqqətli və mərhəmətli, həmçinin konfidensiallıq (mənbənin gizli saxlanması) prinsiplərinə sadiq bir insandır.

Malik həkim, həmçinin daimi olaraq öz peşəkar inkişafı üzərində işləyən, yeniliklərdən xəbərdar olan və öz biliyini təzələyən bir həkimdir. 

Yuxarıda qeyd etdiyim kimi, yurdundan didərgin düşən Xocalı sakinlərinin həm də ağsaqqal-ağbircək qayğısına böyük ehtiyacları var idi. O vaxt AzTv-də çalışırdım. İşimlə əlaqədar cəbhə bölgəsinə tez-tez gedirdim. Atamı, anamı görmək, onlarla qucaqlaşıb öpüşüb-görüşmək istədiyimə görə Ağdam şəhərinin mərkəzində yerləşən evimizə getdim. Evimizdə tanımadığım xeyli insan gördüm. Qadınlar, yeniyetmələr, uşaqlar... Anam mənə dedi ki, bala, Xocalı sakinləridir, evimizin qarşısından Məscidə tərəf gedirdilər atanla birlikdə onları qarşıladıq və evimizə dəvət etdik. Çay içib, xörək yeyəndən sonra atan onları aparıb yerli hakimiyyətə təhvil verəcək... 

İndi şükür Allahın bu gününə. Bütövlükdə Qarabağımız, eyni zamanda Xocalımız işğaldan azaddır. Öz yurdundan didərgin düşən xocalılarımız bu günlərdə doğma torpaqlarına qovuşdular.

Təbii ki, bütün bu möhtəşəm zəfərlərin fonunda ay-ulduzlu, üçrəngli müqəddəs bayraqlarımızla bəzədilmiş qayıdış karvanlarının Qarabağ və Şərqi Zəngəzura üz tutmaları isə bir başqa coşqu, ayrı bir qürurdur bizim üçün !


Adil İrşadoğlu (Əliyev) ©

Qocaman televiziya və qəzet jurnalisti,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1980),

1-ci Qarabağ Müharibəsinin iştirakçısı (1988-1996).