17 Ocak 2019 Perşembe

SİZƏ TƏŞƏKKÜR BORCUM VAR


Xavər Abbasova. 
Tanınmış Jurnalist.


Jurnalistika fakültəsinin bütün tələbələri kimi Adil İrşadoğlu (Əliyev) də mənim üçün çox əziz və doğmadır. Birinci kursun uşaqları bir az ürkək, bir az qorxaq olarlar...

Hərdən fakültənin hansısa otağından eşidilən tarın sarı simlərindən qopan ecazkar musiqiyə həsədlə, oğrun-oğrun qulaq asardım. Və belə günlərin birində məhz fakültə özfəaliyyət dərnəyinin yaradıcısı və rəhbəri Adil Əliyev "kəşf" etdi məni. Musiqiyə olan həvəsim bəlkə də ömürlük qəlbimə gömüləcəkdi. Ama Adil kimi musiqi xiridarı sayəsində "Leyli və Məcnun" tələbələrin ifasında səhnələşdirildi. Və mən "LEYLİ" oldum! Jurnalistika fakültəsinin Leylisi.

Sonra o vaxtlar yeganə kanal olan AzTv - də kəsişdi Adillə yollarımız. Onlar bizdən yuxarı kursda oxuyurdu. Və sözsüz ki, universiteti başa vurub işə başlamışdılar. Mən istehsalat təcrübəsini AzTv - də keçirdim. Adil də orada - "Təbliğat Baş Redaksiyası" nın Sənaye şöbəsində işləyirdi. 

Hər zaman qayğıkeş, hər zaman səmimi, hər zaman xeyirxah əməlləri ilə jurnalistika fakültəsinin tələbələrinə yaxşı tanış olan ADİL İRŞADOĞLU! Sizə bir ömür boyu təşəkkür və minnətdarlıq borcum var. Yubileyinizdə təbrik üçün ürək sözlərimi yazmağa tərəddüd etmişdim. Amma burda qısa da olsa bəzi açıqlamalar verdim. Yaxşımı etdim, pismi, bilmirəm. Bunu deməyə bilməzdim ki, sayənizdə ömür kitabımın səhifələrinə Leyli olmaq düşüb. Sayənizdə çaldığınız tarın ecazkar musiqi sədaları hopub hər birimizin qəlbinə. 

Bir də bax, burada - Facebook adlı məkanda yenidən o günlərə qaytardınız məni. Çox sağ olun, əziz dost! Çox sağ olun fakültənin istedadlı tələbələrini kəşf edib, onların uğurlarına inandığınız üçün! Onlara dəyər verdiyiniz üçün təşəkkür edirəm! 

Sizi hər zaman hörmətlə xatırlayırıq. Bu hörməti biliyiniz, bacarığınız, səmimiyyətinizlə özünüz qazanmısınız! Var olun!

FƏALİYYƏTİNİZ HƏR KƏSƏ NÜMUNƏDİR


Etibar Muradxanlı (Yaqubov). 
Jurnalist, yazıçı-publisist.


Təşəkkürlər, Adil müəllim.

Hərbi jurnalistıkanın sirlərini, mikrofon tutmağı, ssenari yazmağı, veriliş hazırlamağı Sizdən öyrəndiyimiz kimi, cəsurluğu, vətənpərvərliyi, vətənə, dosta sədaqəti, etibarı, mərdanəliyi də Sizdən və Sizin kimi həqiqi vətənpərvər jurnalistlərdən öyrəndik. 

Siz ölümü, şəhadəti göz önünə alaraq daim qaynar nöqtələrdən, döyüş bölgələrindən reportajlar hazirlayan zaman jurnalistikaya yeni gələn bizlər sizdən ilham alır, nümunə götürürdük. 

Bu gün də ağsaqqal bir jurnalist kimi fəaliyyətiniz nəinki gənclərə, hər kəsə nümunədir. 

Biz Sizə minnətdarıq, Adil İrşadoğlu (Əliyev) !


24 Ekim 2018 Çarşamba

ÖMRÜN MƏNASI ONUN UZUNLUĞUNDA DEYİL


Hacı Qubad Həsənzadə. 
İlahiyyatçı - şair.


Dəyərli Adil müəllim - Adil İrşadoğlu, 65 il ömür sürdünüz. 
Bu, bir insan həyatı üçün nə azdır, nə də çox.

Əzizim mənasındadır,  
Dürr  sözün mənasındadır.
Yaş il ilə ölçülsə  də,
Şərt ömrün mənasındadır.

     Bəli, ömrün mənası onun uzunluğunda yox, keyfiyyətində və mənəviyyatındadır. 
İstər keçmiş Sovet dönəmində, istərsə də Sovetdən sonrakı müstəqillik dövrümüzdə ali təhsilli bir  ziyalı və peşəkar jurnalist kimi bütün ömrünüzü canınızdan çox sevdiyiniz xalqımıza və Vətənin çiçəklənməsinə həsr etdiniz. Xüsusən Ermənistanın Azərbaycanla müharibə etdiyi dövrdə cəbhə bölgələrimizdə faliyyətinizi daha da gücləndirdiniz. Zəhmətinizin bəhrəsi olan çoxlu lentləriniz və videolarınız bu gün də milli televiziyamızın arxivlərində qorunmaqdadır. 

     Şükür olsun Allaha ki, enerjiniz bu gün də tükənməmiş və yenə bu və ya digər formada xalqımıza  xidmət etməkdəsiniz. Sizə ömrünüzün bundan sonraki qalan hissəsində də, Allahdan sağlam can və yenə gözəl, davamlı fəaliyyət diləyirəm. Uca Yaradandan bundan sonraki ömrünüzü və fəaliyyətinizi doğulduğunuz əziz Ağdamımızda davan etdirməyinizi arzu edirəm!