18 Temmuz 2023 Salı

İKİ CAMALIN QƏTLİ...

Pənah xanın soyundan olan 
Heydərin oğlunu “Vaqner” MAR-da öldürüb.



2018-ci ilin sonlarında Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə Səudiyyə Ərəbistanı Krallığının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Moskvada görüşəndə qəzetimizin saytında ikisini əks etdirən bir şəkil dərc olunmuş, belə bir başlıq verilmişdi: “Bir Camal sənlikdir, bir Camal mənlik”.


Bu, elə bir vaxt idi ki, dünya liderləri vəliəhd şahzadə ilə bir araya gəlməkdən, salamlaşmaqdan çəkinirdilər. Çünki onun əmri ilə 2018-ci ilin oktyabr ayının 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda bu ölkənin ABŞ-da yaşayan vətəndaşı Camal Qaşıqçı yoxa çıxarılmışdı.

Daha dəqiqi, Camal Qaşıqçını konsulluqda öldürmüş, ya sulfat turşusunda əritmişdilər, ya da konsulluq binasından əza-əza, hissə-hissə çıxarmışdılar. Axır ki, nişanlısını konsulluğun qalın və hündür darvazasının ağzında qoyub içəri girən 59 yaşlı adam bir daha oradan heç bir formada çıxmamışdı. Konsulluğun içindən dinləmə qurğuları vasitəsilə gələn səslərə görə onu qətlə yetirmiş, sonra da mişarlamışdılar.


Bu hadisə beynəlxalq miqyasda böyük ajiotaj doğurmuşdu. Dünya mediası bir neçə ay boyunca hər gün bu mövzuda yazdı, ayrı-ayrı ölkələrin prezidentləri, baş nazirləri bu mövzuya dair mənfi münasibətlərini açıqladılar. “İslahatçı gənc lider” kimi vəliəhd-şahzadə postuna gələn və kralın öləcəyi təqdiqrdə ölkəsinin yeni kralı olacağı, islahatlar aparacağı güman olunan MBS-nin (onu qısaca belə adlandırırdılar) reputasiyası yerlə bir olmuşdu.

Belə bir vaxtda bəlkə də onu yeganə qəbul edən, üzbəüz oturan şəxs RF prezidenti Putin idi.

O vaxt onları birləşdirən bir ad vardı: Camal...



Məsələ ondaydı ki, həmin ilin iyul ayının 30-da, yəni Camal Qaşıqçının qətlə yetirilməsindən 2 ay 3 gün qabaq Rusiya vətəndaşı Orxan Camal da Mərkəzi Afrika Respublikasında Putinin himayə etdiyi “Vaqner” özəl hərbi şirkəti tərəfindən öldürülmüşdü. Orxan Camalla birlikdə onun səfər, iş, layihə və tale yoldaşları, rejissor Aleksandr Rastorquyev və operator Kirill Radçenko da qətlə yetirilmişdi.

51 yaşlı Orxan Camalın və onu müşayiət edənlərin qətli birbaşa Putinlə bağlıydı və heç də təsadüfi, anlaşılmazlıqdan baş verən qətl hadisəsi deyildi. Bu şəxslər MAR-a rusiyalı iş adamı Mixail Xodorkovskinin Putinə qarşı apardığı ifşa kampaniyası üçün material hazırlamağa, “Vaqner” qrupu barədə film çəkməyə getmişdilər və Putinin keçmiş aşpazı Yevgeni Priqojinin başçılıq etdiyi özəl hərbi şirkətin muzdluları tərəfindən bilə-bilə öldürülmüşdülər. Dünyanın o başında muzdlu killer kimi fəaliyyət göstərən rus əsgərlərin rusiyalı jurnalistləri öldürməsinin təsadüf olması sıfıra bərabər idi.


O vaxtlar hələ Priqojin Putinə sadiq idi və özünü onun “gülləvuran”ı kimi aparırdı.

Orxan Camalın və dostlarının qətli isə beynəlxalq miqyasda ajiotaj doğurmadı. Media bu barədə xəbər yaydı, şərh yazdı, bu qətlə görə Putinə qarşı ittihamlar irəli sürənlər də oldu, amma bu, kütləvi xarakter almadı.

Ona görə də jurnalist Camalların qətlində biri çox, o biri az ittiham edilən şəxslər dünya birliyinin, böyük dövlətlərin acığına bu cür mehriban və səmimi şəkil pozları verirdilər.

Qətlə yetirilənləri müqayisə predmeti edəcək detallar var.

Onların hər ikisi jurnalist idi.

Hər ikisi vətəndaşı olduqları ölkəni idarə edənlərə müxalif mövqedəydi.

Hər iksiinin yaşı 50-ni aşmışdı, biri 50-ni təzə keçmişdi, o biri 50-nin axırıncı ilini xırdalayırdı.

Hər ikisi ata tərəfdən türk əsilli idi - birinin anası ərəb, o birinin anası rus idi.

Hər ikisi adlı-sanlı tanınmış kişilərin oğluydu, Qaşıqçının babası Səudiyyə Ərəbistanı krallığının qurucusu Əbdüləziz ibn Abdurrəhman əs-Səudun şəxsi həkimi olmuşdu. Orxanın atası isə Rusiyanın tanınmış ziyalılarından olan filosof, əslən Ağdamın Gülablı kəndindən çıxmış, Pənahəli xanın nəslinin yadıgarı Heydər Camal idi.

Camal ismi birinin adinda, o birinin soyadında yer alırdı.



Onlar bir-birinə camalca da bənzəyirdilər. talecə də bənzəmiş oldular - ikisi də bir ilin içində, iki ay fərqlə siyasi qətlə qurban getdilər.

Hər ikisi vətənlərindən kənarda, uzaq bir ölkədə öldürüldü.

Ən nəhayət, hər ikisinin qanı batdı. Nə Camal Qaşıqçının, nə da Orxan Camalın qətlinin sifarişçiləri və icraçıları cəzalandırılmadı.

Camal Qaşıqçı 1991-ci ildən 1999-cu ilə qədər "Əl-Mədinə" qazetinin baş redaktoru olub. Bu dövrdə Əfqanıstan, Küveyt, Sudan kimi ölkələrdə müxbirlik edib. 1987-1995-ci illər arasında Üsamə bin Ladendən bir neçə dəfə müsahibə alıb. 1999-cu ildən 2003-cü ilə qədər Səudiyyə Ərəbistanının “Arab News” ingilisdilli qəzetində yazı işləri üzrə müdirinin müavini işləyib. Qaşıqçı Səudiyyə Ərəbistanının dini quruluşu haqqında tənqidi yazılar yazdığına görə vəzifəsindən çıxarılıb.

Orxan Camal da ölkəsinin ən populyar televiziya və qəzetlərində işləyib: “Veçernyaya Moskva”, “Veçernıy Kuryer”, “Nezavisimaya qazeta” , “Novaya qazeta” və “Versiya” qəzetlərində. O, rusca çıxan “Newsweek” jurnalında köşə yazarı da olub, bir sıra digər jurnallar və onlayn nəşrlərlə əməkdaşlıq edib. Orxan Camalın yolu Şimali Qafqazdan, Cənubi Osetiyadan, Əfqanıstandan, İraqdan, Livandan, Suriyadan və Səudiyyə Ərəbistanından keçib.

Hər iki jurnalistin qətldən sonrakı durumunda bir fərq var. Orxan Camalın nəşi böyük məsrəflər bahasına öz vətəninə gətirilib, amma Camal Qaşıqçının qalıqları, yuxarıda dediyimiz kimi, ilim-ilim itirilib.

İndi Orxan Camalın ölümünə bais olanlar bir-birinin üstünə silah çəkir və əl-əlbət, bir-birini öldürəcəklər.


Araz Altaylı.

Musavat.com


10 Temmuz 2023 Pazartesi

ÖGEY-DOĞMALIQ PRİNSİPİYLƏ YANAŞMALARDAN ƏL ÇƏKİN !

 

İbrahim Mehdi


1-ci Qarabağ - Böyük Vətən müharibəsində cəngavər oğullarımızla birgə mərd və qorxmaz jurnalistlərimiz, öz həyatı bahasına çəkiliş aparan kinooperatorlarımız da fədakarlıq göstərirdilər. 

Şəxsən hərbi jurnalist Adil İrşadoğlunun və onun uşaqlıq dostu, həmkarı kinooperator Tahir Qarayevin o illərdə neçə nümunələr göstərmələrinin şahidiyəm. 

Bəli, dəfələrlə döyüşçülərlə birgə mühasirəyə düşüb çıxdığınız anlar olub.

Təəssüf ki, o dövrdə cəsarətlə çalışıb döyüş səhnələrini çəkməklə vətənpərvər oğullarımıza qol-qanad verən, gerçək tariximizi yaradan jurnalistlərin və onların çəkiliş qrupları iştirakçılarının unudulmaz, fədakar əməyi layiqincə dəyərləndirilmədi. 

İndi isə ədalətsiz təltiflər, ev təminatındakı əyintilər, ögey-doğmalıq prinsipilə yanaşmalar o dövrün tarixi faktlarını lentin yaddaşına köçürməklə arxiv yaradan jurnalist və kinooperatorların, mədəniyyət, incəsənət nümayəndələrinin xeyirxah fəaliyyətini unutdurdu...

HEYF... Çox heyf !

04.05.2023.


Adil İrşadoğlu və Tahir Qarayev


3 Temmuz 2023 Pazartesi

MİLLİ KİMLİK. Beş tarixi şəxsiyyətin bir ümumi cəhəti - II hissə



II hissə


"Babək Xürrəmi, Əmir Teymur və Şah İsmayıl üçün ümumi olan cəhət Muhəmməd Peyğəmbərin Əhli-Beytinə məhəbbət idi".

Əmir Teymur Barlas İslam dininin Yəsəviyə və Kubrəviyə sufi təriqətlərinə etiqad edirdi. Kubrəviyə təriqətinin qurucusu böyük sufi şeyxi Nəcməddin Kubra (1145-1221) idi. Ürgənc şəhərinin mühasirəsi zamanı Çingiz xan (1155-1227) onun amanda olduğunu bildirsə də, Şeyx Nəcməddin Kubra ölümə məhkum edilmiş camaatı tərk etməyərək monqollarla döyüşdə şəhid olmuşdu. Şeyxin məzarı Türkmənistanın Daşoğuz vilayətinin Köhnə Ürgənc şəhərindədir.

Rəvayətə görə, Şeyx Nəcməddin Kubranın mürşidi azərbaycanlı Baba Fərəc Təbrizi (?-1173) idi. Şeyx Nəcməddin Kubranın özü isə Xarəzmşah Cəlal əd-Din Mənquberdinin (1199-1231) atası Xarəzmşah Əla əd-Din Muhəmmədin (1169-1220), eləcə də Mövlanə Cəlal əd-Din Ruminin (1207-1273) atası Sultan Bəha əd-Din Muhəmmədin (1152-1231) mürşidi olmuşdur. Amma əvvəlcə Xarəzmşah Muhəmməd haqqında danışaq.

İslam tarixçiləri İzz əd-Din Əbu əl-Həsən Əli ibn Əsirin (1160-1233) “Əl-kamil fi-tarix”, Əla əd-Din Ata Məlik ibn Muhəmməd Cuveyninin (1226-1283) “Tarixi-Cahanquşə”, Fəzlullah Rəşidəddinin (1247-1318) “Cəmi ət-təvarix”, Həmdullah ibn Əbu Bəkr Mustaufi Qəzvininin (1281-1350) “Tarixi guzidə” adlı əsərlərində maraqlı bir məlumat təsbit edilmişdir:

“Təxminən 1217-ci ildə Xarəzmşah Əla əd-Din Muhəmməd ibn Təkəşin tələbilə onun dövlətinin imamları belə bir fətva verdilər ki, xilafət və imamət Muhəmməd Peyğəmbərin əmisi Abbasın nəslinə deyil, Allah Elçisinin qızı Həzrəti Fatimə ilə İmam Əlinin oğlu İmam Huseynin nəslinə məxsusdur. Bundan sonra Xarəzmşahlar dövlətinin ərazisində Abbasi xəlifəsi Əhməd ibn Həsən ən-Nasir li-Din-Allahın (1158-1225) adına xütbə oxunması dayandırıldı. Tirmiz şəhərindən olan Seyid Əla əl-Muluk Tirmizi İslam dünyasının xəlifəsi elan edildi”.

1218-ci ildə isə Xarəzmşah Əla əd-Din Muhəmməd Abbasilər xilafətinin paytaxtı Bağdad üzərinə yürüşə başladı. Lakin dağlıq ərazidən keçərkən onun qoşunu qar uçqununa düşüb xeyli tələfat verdi. Xarəzmşah Əla əd-Din Muhəmməd Səmərqəndə qayıtmağa məcbur oldu. Buna baxmayaraq, o, ruhdan düşməmişdi. Növbəti ildə həmin yürüşü təkrarlamaq niyyətində idi. Amma 1219-cu ildə monqol ordularının Xarəzmə soxulması sözügedən planı alt-üst etdi.


İndi isə Şeyx Nəcm əd-Din Kubranın digər müridi 

Sultan Bəha əd-Din Vələddən bəhs edək:


Sultan Bəha əd-Din Vələd monqol istilası zamanı Orta Asiyanı tərk edib mühacirətə getmişdi. Rəvayətə görə, o, 1221-ci ildə Bağdad şəhərinin Cümə məscidində xütbə oxuyaraq Xəlifə ən-Nasiri tənqid etmişdi. Sonra isə oğlu Mövlanə Cəlal əd-Dinlə birlikdə Konyada məskunlaşmış, mövləvilik təriqəti burada formalaşmışdı. Həmin təriqətin “qızıl silsilə”sinə nəzər salaq:

Muhəmməd Peyğəmbər (570-632) - I İmam Əli (600-661) - II İmam Həsən (625-670) - III İmam Huseyn (626-680) - IV İmam Əli Zeyn əl-Abidin (659-713) - V İmam Muhəmməd Bagir (676-732) - VI İmam Cəfər Sadiq (702-765) - VII İmam Musa Kazim (745-799) - VIII İmam Əli Rza (766-818) - Şeyx Maruf Kərhi (750-820) - Şeyx Səri Səqati (772-867) - Şeyx Cuneyd Bağdadi (830-910) - Şeyx Əbu Osman Məğribi (857-983) - Şeyx Əbu Əli Rubari (?-951) - Şeyx Əbu Əli Katib - Şeyx Əbul Qasim Gurganî - Şeyx Əbul Nəcib Əbdul Qəhar Suhrəvərdî - Şeyx Əmmar Yasir Bitlisi (?-1253) - Şeyx Nəcm əd-Din Kubra (1145-1221) - Sultan Bəha əd-Din Vələd (1152-1231) - Seyid Burhan-əd-Dîn Tirmizi (1166-1241) - Şəms əd-Din Təbrizi (1185-1247) - Mövlanə Cəlal əd-Din Rumi (1207-1273) - Sultan Vələd (1226-1312)


Mövlanə Cəlal əd-Din Rumi Əhli-Beyti vəsf edən 

gözəl şeirlər yazmışdır. Onlardan birinə diqqət yetirək:


مرتضی علی ای بگشا راز

القضا حسن القضا سوه از پس ای


Aç sirri, ey Əliyyi Murtəza,

Ey pis hökm verənlərdən sonra yaxşı hökm verən.


Haşiyə. XV əsrdə Kubraviyə təriqətindən nurbəxşiyə və zəhəbiyə təriqətləri ayrılmışdır. Nurbəxşiyə sufi təriqətinə görə, imanın əsaslarından biri “On Dörd Məsumu” və “On İki Həqiqi İmamı” qəbul etməkdir. Muhəmməd Peyğəmbərin Əhli Beytinə məhəbbət Zəhəbiyə təriqətinin də ən vacib prinsiplərindən biridir.

Kubrəviyyə təriqətinin digər məşhur ardıcılı Əmir Teymur Barlas idi. O, hesab edirdi ki, qazandığı bütün qələbələrin sirri Muhəmməd Peyğəmbərin Əhli-Beytinə olan məhəbbətindədir. Dahi sərkərdənin “Əmir Teymurun tüzükləri” adlı kitabda təsbit olunmuş fikirləri:

- Hansı vilayətin əhalisinin etiqadı Peyğəmbər xanədanının əqidəsindən fərqlənərsə, əsl padişahın həmin vilayəti basıb alması və oranın əhalisini pozğun əqidəsindən döndərməsi vacibdir. Buna misal - Şamı tutdum və oradakı pozğun etiqadlı adamları cəzalandırdım.

- Muhəmməd övladlarının mərtəbəsini başqalarından yuxarı qaldırıb, onlara çatacaq hörmət-izzəti yerinə yetir. Onlara nə qədər çox məhəbbət bəsləmiş olsan, düşünmə ki, israfçılıq edirsən, çünki Allah yolunda görülən işdə israf yoxdur.

- Birinci təbəqə. Seyidləri, ruhaniləri, şeyxləri və alimləri özümə yaxınlaşdırdım. Sərbəst şəkildə sarayımı ziyarət etmələri üçün imkan yaratdım, məclislərimi onların iştirakı ilə bəzədim. Dini, hüquqi və elmi məsələləri onlarla müzakirə etdim. Dəyərli fikirlərini dinlədim. Halalı, haramı onlardan öyrəndim.

- İlk növbədə tapşırdım ki, tayfa və təbəqə mənsubiyyətindən asılı olmayaraq seyidlərə və alimlərə hörmət, ehtiram və qayğı göstərilsin, onların hər bir istəyi dərhal yerinə yetirilsin.

- Bir məsələni anladım ki, seyidlərin xahişlərini sözsüz yerinə yetirmək və onlara ehtiram göstərmək vacibdir.

Beləliklə, bütün bu faktlar onu göstərir ki, Babək Xürrəmi, Xarəzmşah Əla əd-Din Muhəmməd, Mövlanə Cəlaləddin Rumi, Əmir Teymur və Şah İsmayıl üçün ümumi olan cəhət Muhəmməd Peyğəmbərin Əhli-Beytinə məhəbbət idi.


Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili 


28 Haziran 2023 Çarşamba

MİLLİ KİMLİK. Beş tarixi şəxsiyyətin bir ümumi cəhəti - I hissə



I hissə


Tarixdən məlumdur ki, böyük türk hökmdarı Əmir Teymur Sahibkiran Barlas (1336-1405) Şah İsmayıl Səfəvinin (1487-1524) dördüncü nəsildə babası Şeyx Xacə Əliyə (1368-1424) yüksək hörmət və ehtiramla yanaşmışdır.

Məlumat üçün qeyd edək ki, Şah İsmayılın atası Şeyx Heydər (1459-1488) Şeyx Cuneydin (1429-1460), Şeyx Cuneyd Şeyx İbrahimin (1401-1447), Şeyx İbrahim isə Şeyx Xacə Əlinin övladı idi. 

Əmir Teymur Azərbaycanda olarkən Şeyx Xacə Əlini ziyarət etmiş, növbəti hərbi yürüşdən əvvəl onun xeyir-duasını almışdı. Osmanlı sultanı İldırım Bəyazidlə (1354-1403) müharibədə əsir götürdüyü və Orta Asiyaya aparmaq istədiyi türkləri də məhz Şeyx Xacə Əlinin xahişilə azad etmiş, onların Ərdəbildə məskunlaşmasına icazə vermişdi.

Amma çox az adam bilir ki, Əmir Teymur eyni hörmət və ehtiramı həm də Azərbaycan xalqının digər qəhrəman oğlu Babək Xürrəminin (798-838) dördüncü nəsildə babası Əbu Muslim Xorasaniyə (718-755) göstərmişdir.

Yenə də məlumat üçün qeyd edək ki, Babəkin atası Abdullah Mütəhhər adlı şəxsin, Mütəhhər Fatimə adlı qadının, həmin Fatimə isə Əbu Muslim Xorasaninin övladı idi. 

Teymurilər dövlətinin salnaməçisi Şərəfəddin Əli Yəzdi (?-1454) “Zəfər-namə” adlı əsərinin “Hökmdar Sahibkiranın Tus və Kəlata qayıtması” hissəsində yazmışdır: “Sahibkiran Heratı ələ keçirdikdən sonra Kəlat və Tus tərəfə getdi. Əbu Müslüm Mərvəzinin qəbrinə çatdıqda mükəmməl imanı və dinə bağlılığı sayəsində onu ziyarət edib ruhundan kömək və dəstək istədi”.

Özbək tarixçisi İbrahim Muminov (1908-1974) “Роль и место Амира Тимура в истории Средней Азии” adlı əsərində göstərmişdir ki, “Əmir Teymurun 1378-ci ildə Çağatay türkcəsində yazılmış fərmanı ilə Əbu Müslim Xorasaninin Xarəzmdə yaşayan törəmələrinə imtiyazlar vermişdi”.

Oxucuda sual yarana bilər ki, biz hansı əsasla Babək Xürrəminin ulu babalarından birinin məhz Əbu Muslim olduğunu  iddia edirik. Bəri başdan vurğulayaq ki, iddiamız kifayət qədər əsaslıdır.

Babəkin müasiri olmuş İslam alimi Əbu Hənifə Dinəvəri (815-895) “Kitab əl-əxbar əl-tival” adlı əsərində belə bir məlumat vermişdir: “Bir çoxları Babəkin əsl-nəsəbi və məsləki haqqında müxtəlif fikirlər irəli sürürlər. Mənə məlum olan budur ki, o, Əbu Muslimin qızı Fatimənin oğlu Mütəhhərin övladlarındandır. Xürrəmiyyədən olan Fatimiyyə qəbiləsi ona məxsusdur”.

İslam məzhəbşünası Əbulfəth Muhəmməd Şəhristani (1086-1153) “Kitab əl-miləl vən-nihal” adlı əsərində yazmışdır: “Rizamilər Rizam ibn Rəzmin davamçılarıdır. Onlar hesab edirdilər ki, imamət Əli ibn Əbu Talibdən onun oğlu Muhəmməd Hənəfiyyəyə, Muhəmməd Hənəfiyyədən onun oğlu Muhəmmədə, Muhəmməddən onun oğlu Əbu Haşimə, ondan isə Muhəmməd Peyğəmbərin əmisi Abbasın oğlu Abdullahın oğlu Əliyə keçmişdir. Həmin Əli imaməti oğlu Muhəmmədə, o isə, öz növbəsində oğlu İbrahimə ötürmüşdür. İbrahim Əbu Muslimin ağası idi. Əbu Muslim insanları təşviq edirdi ki, onlar İbrahimin imamətini tanısınlar.

Bu adamlar Xorasanda Əbu Muslimin zamanında peyda oldular. Hətta deyirdilər ki, Əbu Muslim də həmin təlimə etiqad edirmiş. Çünki onlar Əbu Muslimin imamətdə payı olduğunu bəyan edərək, imaməti ona bağlamışdılar. Həmin adamların iddiasına görə, İlahi ruh Əbu Muslimdə təcəlla etmiş və Əməvilərə qarşı mübarizədə ona kömək olmuşdu. Məhz bu yardımın sayəsində Əbu Muslim Əməviləri sonuncu nəfərinədək qətlə yetirmişdi. Onlar ruhun bir bədəndən digərinə keçməsinə də inanırdılar.

(Haşim ibn Hakim) Muğanna (?-783) da əvvəlcə bu təlimə etiqad edirmiş. Lakin sonradan hasil etdiyi boş fikirlərə arxalanaraq ilahlıq iddiasına başladı. Mavəraunnəhrin mubəyyidləri onun arxasınca getdilər. Bu, ardıcılları İslam dininin ehkamlarına laqeyd yanaşan xürrəmi təriqətlərindən biridir. Onlar iddia edirdilər ki, din yalnız imamın elmidir. Onlardan bəziləri isə belə deyirdilər: Din imamın elmi və ona sədaqətdən ibarətdir. Bu iki dəyər kimə nəsib olsa, həmin şəxs kamillik dərəcəsinə çatar və üzərindən dini vəzifələr götürülər”.

İslam məzhəbşünası Həsən ibn Musa Nəubəxti (IX-X əsrlər) “Firəq əl-şiə” adlı kitabında yazırdı: “Əbu Muslimin tərəfdarlarının təriqəti əbu muslimiyyə adlandı. Onlar Əbu Muslimin imamətinə inanır və iddia edirdilər ki, o, ölməyib, həyatdadır. Onlar haramı halal bilir, dini vəzifələri icra etmir və deyirdilər ki, iman yalnız imamı tanımaqdan ibarətdir. Onları xürrəmdinlər adlandırırdılar. Xürrəmilər təriqəti öz mənbəyini məhz onlardan götürüb”.

Səlcuqilər dövlətinin baş vəziri Nizam əl-Mulk (1018-1092) “Siyasətnamə” adlı əsərində yazırdı: “(Xürrəmilər) məclis qurduqda hər şeydən əvvəl Əbu Muslimin qətlinə təəssüflənərək, onu öldürəni lənətləyirlər. Mehdi Firuza və Əbu Muslimin qızı Fatimənin oğlu Haruna rəhmət oxuyurlar. Ona bilikli uşaq və gənc alim deyirlər”.

Beləliklə, tarixi mənbələrdən aydın şəkildə görünür ki, xorasanlı sərkərdə Əbu Muslimlə azərbaycanlı Babək Xürrəmi arasında həm qohumluq əlaqəsi, həm də əqidə bağlılığı olmuşdur. O da məlumdur ki, Babəkin etiqad etdiyi keysaniyyə məzhəbilə Şah İsmayılın etiqad etdiyi On İki İmam məzhəbi üçün xarakterik olan ümumi bir cəhət vardır. Amma bu barədə yazımızın növbəti hissəsində...


Ardı var...

Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili.


6 Haziran 2023 Salı

QARABAĞDA, ŞUŞADA ADİL İRŞADOĞLUNUN FƏDAKAR FƏALİYYƏTİNİN ŞAHİDİYƏM



Şaiq Rəşid oğlu Bəşirov


Göstərilən tarixdə - 1989-cu ilin oktyabr, noyabr, dekabr aylarında 

mən də Şuşada idim, DİO da işləyirdim.


Adil İrşadoğlunun həmin vaxt Şuşada, eyni zamanda Qarabağda ardıcıl olaraq qorxmaz, fədakar jurnalist kimi fəaliyyətinin şahidiyəm. Şuşa yerli telestudiyasında hazırladığı ruhlandırıcı verilişlərin fəal tamaşaçısı olmuşam.

Həmin vaxtlar ətraf rayonlar da həmin verilişlərə baxa bilirdilər.

Adil müəllimi hamı çox sevirdi və onunla fəxr edirdi.

Mənim də Adil İrşadoğluna və onun kollektivinə rəğbətim vardı. Ona görə də onları süfrəyə dəvət etdim və orada ürəkdən gələn səmimi, yaddaqalan söhbətlərimiz oldu.

Adil müəllimin Facebook sosial şəbəkəsindəki profilində "Gecikməyin səbəbi bağışlanmazdır və onun haqqını yeyənlər utanmalıdır" adlı yazısını oxuyanda təəssüf hissi keçirdim. Buvaxtadək belə bir fədaiyə "Müharibə Veteranı" adı verilməyib. Əlbəttə, dövlətin qayğısına ehtiyacı olan belə bir şəxsə diqqət gərəkdir, təminatı yüksək səviyyədə olmalıdır. Çox məyus oldum, həm də  qəzəbləndim.

Gec də olsa əlaqədar təşkilatlar bu haqsızlığı aradan qaldırsınlar!

Bir belə əzab, əziyyət çəkən, həyatına risq edib odlu-alovlu müharibədən verilişlər və reportajlar hazırlayan bir şəxsiyyətə hələ də "Əməkdar Jurnalist" adı verilməyib.

Niyə?

Səbəb nədir?

İnsan 70 yaşa çatıb, ömrünün 47 ilini jurnalistliyə qurban verib!

Hanı ədalət?

İstərdım jurnalistlər, bu peşəni sevənlər, bu peşəyə hörmət edənlər səsimə səs versinlər ki, Adil İrşadoğlu layiq olduğu adları alsın!

ƏLBƏTTƏ Kİ, QARABAĞ AZƏRBAYCANDIR !


Hörmətlə, Şaiq Rəşid oğlu Bəşirov.

Daxili İşlər Nazirliyinin sabiq əməkdaşı.

06.06.2023.