13 Ekim 2018 Cumartesi

UNİVERSAL TELEVİZYONÇU


Vasif Hacıağa oğlu Babayev.
Azərbaycan Respublikasının  Xalq Artisti (1989), Beynəlxalq Televiziya və Radio Akademiyasının Akademiki (2004), Azərbaycan Prezidentinin Fərdi Təqaüdçüsü (2005).


     Adil İrşad oğlu Əliyev 1977-ci ilin yayında Dövlət Universitetinin Jurnalistika Fakültəsini bitirib Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Renessans Dövründə işlə təmin edildi. O vaxt bu məbədgaha hər adamı işə götürmürdülər. Təyinat alan seçilmiş məzunlardan 8 nəfəri Azərbaycan Respublikası Mərkəzi Komitəsinin razılığı ilə gəlmişdilər. Ancaq Milli Televiziyaya onlardan birini, Adil İrşad oğlu Əliyevi işə götürdülər. O biri məzunları isə Milli Radioda işlə təmin etdilər. Adil İrşadoğlu hələ tələbəlik illərindən (1972-1977) bu təşkilatla mütəmadi əlaqə saxladığına, orijinal radio və televiziya verilişləri hazırlayıb efirə verdiyinə görə kollektivin diqqətini cəlb etmişdi və hamı tərəfindən sevilirdi. Buna görə də Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin rəhbərliyi 8 nəfərin içərisindən onu seçdi və Adilin birbaşa Televiziyada işləməyinə şərait yaratdı. O vaxt belə bir qanun var idi ki, bu idarəyə işləməyə gələn hər bir şəxs əvvəl bir neçə il Radioda təcrübə keçməliydi, sonra layiq idisə Televiziyada işlə təmin olunurdu. Rəhbərlik Adili Televiziyaya birbaşa işə götürməklə ona böyük etimad göstərdi. Adil əvvəlcə Televiziyanın ən böyük və məsuliyyətli olmağı tələb edən "TƏBLİĞAT" baş redaksiyasında (Baş redaktor Sabir Rüstəmov idi. Baş redaksiyanın nəzdində 4 şöbə fəaliyyət göstərirdi.) kiçik redaktor işlədi. Yenə özünü yaxşı mənada tanıtdığına görə bir neçə ildən sonra redaktor oldu. Komitənin İdarə Heyyəti onun təşkilatçılıq qabiliyyətini nəzərə alıb Adili Televiziyanın Gənclər Təşkilatının sədri, bir müddətdən sonra isə Televiziyanın Həmkarlar Təşkilatının sədr müavini seçdi. Daha sonra isə Adil İrşadoğlu (Əliyev) Televiziyanın Sənaye Şöbəsinin müdiri təyin edildi. 

     Qarabağdakı münaqişə onu özünə çəkirdi. Adil Şöbə müdirliyini buraxdı və Qarabağa getdi. 1989 - cu ildə Şuşa şəhərinin teleötürücü stansiyasının nəzdində kiçik studiyanın yaradılmasında və erməni daşnaqlarına qarşı əks təbliğatın aparılmasında yaxından iştirak etdi. Həmçinin dövlət televiziyasının “Hərbi Vətənpərvərlik və Salnamə Baş Redaksiyası”nın təşkil olunmasında və fəaliyyət göstərməsində əlindən gələni əsirgəmədi. Əvvəlcə bu redaksiyada Fədailərin sayı az idi. Adillə daim ünsiyyətdə olduğuma görə, bilirdim ki, Adil redaksiyada çalışanlara çox diqqətlə yanaşır və qayğı göstərir. Vaxtilə Televiziyanın Sənaye şöbəsində çalışmağı ona imkan verirdi ki, lazım olanları əldə etsin. O, redaksiyadakı çəkiliş qruplarını hərbi geyim və ayaqqabı ilə təmin etmişdi. Çəkiliş qrupları Qarabağ Savaşını işıqlandırmağa gedəndə hərbi geyimdə olurdular. Adil İrşadoğlu (Əliyev) Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin 1-ci Qarabağ müharibəsi arxivini  yaradanlardan biridir. O, Qarabağ Savaşında düşməndən tökülüb qalan silahları yığıb özü ilə Bakıya gətirir və çalışdığı redaksiyada hərbi muzey yaradırdı.

     Adillə bağlı xatirəm çoxdur. 1990-cı ilin Yanvarını bir an belə unutmaq olmaz. Sovet Ordusunun Azərbaycanda, onun qədim paytaxtı Bakı şəhərində vəhşiliklər törətdiyi bir zamanda mən Milli Televiziyamızın binasının girişində divara "Azərbaycan Televiziyası Azərbaycan xalqına məxsusdur" sözlərini qırmızı boya ilə yazdıranda  Adil yanımda idi. Əvvəlcədən danışdığımız kimi qırmızı boyanı və fırçanı o, evindən gətirmişdi. Adil də ağır, müdhiş 20 Yanvar gecəsi və sonrakı günlər çox əziyyət çəkib. O, hansı işin dalınca nəyə görə getdiyini, nələrlə üzləşəcəyini gözəl bilirdi. Bu insanda elə bil ki, qorxu hissi yoxdur. 

     Adillə bağlı xatirəmin hamısını yazmaq və söyləmək üçün uzun illərin tarixçəsini səhifə-səhifə vərəqləmək lazımdır. Məncə qələmə aldıqlarım kifayətdir ki, onu bir insan kimi, yaradıcı bir ixtisas sahibi kimi, universal televizyonçu kimi dəyərləndirməyə imkan versin. Universal dedim, ona görə ki, Adil indi Telestudiyadakı əsas peşələri mənimsəyib. O, öz proqramlarının müəllifidir. Müstəqil jurnalistdir. Bir sözlə Adil İrşadoğlu STRİNGERdir. 
Adil İrşadoğlu (Əliyev) Vətən qarşısında vətəndaşlıq, oğulluq borcunu böyük şücaətlə, hünərlə yerinə yetirib və indi də yerinə yetirir. 65 yaşın mübarək, Adil İrşadoğlu !

--------------------
25.09.2018. / saat 15-00.

USTAD


Aqşin Babayev. 
Filologiya elmləri doktoru, professor.

   Adil İrşadoğlu ilə uzun illər AzTv-də işləmişik. Adil televiziyada, mən radioda. Qarabağ dərdimiz qövr eyləyəndə, televiziyada Adilin Ağdamdan hazırladığı bir verilişə baxmışdım. Həmin verilişdə iki dostum da çıxış edirdi. Şair Famil Mehdi və Ağdamın məsul işçilərindən olan Aydın Quliyev. Verilişin mətni də, çıxışlar da mənə çox təsir elədi. Adilin cümlələrindən hiss etdim ki, onun dedikləri adi jurnalist sözü deyil. Onun hazırladığı veriliş, qəlbi Vətən eşqi ilə vuran, namuslu, qeyrətli bir Azərbaycan oğlunun ürək sözləriydi. Bu sözlərdən hiss etdim ki, Adil İrşadoğlu ana torpağı uğrunda canını belə fəda etməyə hazır olan vətəndaşdır.
   Sonra mən eyni kafedrada işlədiyim Famil Mehdi ilə və ailəmizin yaxını olan Aydın Quliyevlə görüşəndə, Adildən söz düşəndə, bir daha hiss etdim ki, yanılmamışam. Famil Mehdinin Adil haqqında "Əsil oğul" deməsi, Aydın Quliyevin "Qeyrətli ellim" sözləri bu fikrimi sübut etdi.
   Adil İrşadoğlu döyüşçü jurnalistdir və Qarabağ müharibəsinin iştirakçısıdır. Bir gün Adilin Facebookdakı profilini - veb saytını açanda Famil Mehdinin misralarını gördüm:

Sevməyirəm dincliyi mən,
Məni hər yanda axtarın,
Dəniz canlı qağayı tək 
Daim tufanda axtarın. 

   Bu misralar Azərbaycanın əməkdar jurnalisti Adil İrşadoğlunun həyat kredosu deməkdir. Adilin keçdiyi həyat yoluna, onun təxminən 40 illik jurnalistlik fəaliyyətinə nəzər salanda, bu illər ərzində onun böyük fədakarlıqla hazırladığı verilişləri (onların bir qisminə Adilin rəsmi internet saytlarında və You Tube kanalında  baxmaq olar) izləyəndə onun əsil vətəndaş portreti göz önündə canlanır. Bu da təsadüfi deyildir. Adil elə bir ailədə böyüyüb pərvəriş tapıb ki, Azərbaycana bağlılıq, vətənpərvərlik, torpağın müqəddəsliyi duyğuları ona uşaqlıq illərindən aşılanmışdır. 
   Adil İrşadoğlu əsil-nəcabətli bir ailədə tərbiyə almışdır. Məşhur yazıçı Süleyman Sani Axundovun nəslindən olan atası İrşad Əliyev bir sıra dövlət orqanlarında işləmiş, anası Qənirə xanım isə bütün həyatını gənc nəslin təlim-tərbiyəsinə həsr etmiş, müəllim adını həmişə şərəf və ləyaqətlə daşımışdır.  
   Adil İrşadoğlu 20 il AzTv-də işləyəndən sonra buradan ayrılmış, müxtəlif mətbu orqanlarda rəhbər vəzifələrdə çalışmış, vətəninə, xalqına oğul sədaqətiylə xidmət etmişdir. Adilin xidmətləri böyükdür. Təkcə bunu demək kifayətdir ki, Adil İrşadoğlu Dağlıq Qarabağdan azərbaycanlıların sıxışdırılıb çıxarılmasının qarşısını almaq üçün 1989-cu ildə Şuşa şəhərinin teleötürücü stansiyasının nəzdində ayrıca studiyanın yaradılmasında və AzTv-də "Hərbi Vətənpərvərlik və Salnamə Baş Redaksiyası"nın təşkil olunmasında müstəsna fəaliyyət göstərmişdir. Onun bu xidmətləri heç vaxt unudulmayacaq.
   Adil hazırda "İrşad-Teleradio Verilişləri, Sənədli və Bədii Filmlər Kompaniyası"nın təsisçisi və baş direktoru vəzifəsində çalışır. Onun döyüş bölgələrindən hazırladığı verilişlər AzTv-nin qızıl fondunda saxlanılır.
   Əziz Adil dostum! Sən həmişə mənə müraciət edəndə "USTAD" deyirsən. İndi bu sözü mən sənə deyirəm. Çünki bu gün sən "USTAD" adını daşımağa tamamilə layiqsən!
   65 yaşın mübarək olsun! Sənə hər şeydən əvvəl möhkəm can sağlığı və ailə səadəti, yorulmaz fəaliyyətində yeni-yeni uğurlar arzulayıram.

65 YAŞIN İŞIĞINDA


Akif Rüstəm oğlu Rüstəmov. 
Filologiya üzrə fəlsəfə doktoru, professor.

   Xalqda belə bir ifadə var: "Əmiyə qalan dəmiyə qalar". Niyə belə deyilib deyə bilmərəm. Əmi də, qardaş övladları üçün can yandırandı. Bəs görəsən dayını niyə belə əmidən seçib göylərə qaldırırlar. Görünür dayının bacıuşaqlarına sevgisi, istiqanlığı bir qədər seçilir, bəlkə də şişirdilir. Nə isə bu münasibəti dərk edəndə yuxarıdakı sözün qiymətini, mənasını dərk edirsən.
   Hər dəfə ali məktəblərə qəbul imtahanları yaxınlaşanda rəhmətlik anamın, Adilin nənəsinin bu sözlərini xatırlayıram: "Adil mənim istəkli nəvəmdir, oğul, onun universitetə qəbulu sənə baxır. Dayı borcunu yerinə yetirməyi unutma". Anamın bu tapşırığı boynuma böyük bir yük qoymuşdu. O vaxt Adil orta məktəbdə 10-cu sinifdə oxuyurdu. Mən isə Azərbaycan Dövlət Universitetinin (İndiki BDU) Jurnalistika fakültəsində işləyirdim. Əlimdən nə gəlirdi? Universitetə qəbula müdaxilə etmək mənlik deyildi, heç mümkün də deyildi. Mənim köməyim o oldu ki, Adil qəbul imtahanlarına gələndə yanımda saxladım. Hər gün onunla birlikdə imtahanlara hazırlaşırdıq. Onun gecə-gündüz oxumağı, öyrəndiklərini təkrarlamağı ümidverici idi.
   Bacıoğlu 1972-ci ildə imtahan verib Jurnalistika  fakültəsinə qəbul olundu. Adildən çox mən sevinirdim. Zarafat deyil, bir yerə 8-10 ərizə verilmişdi. Rəhmətlik anam da elə bilirdi ki, Adili mən qəbul etdirmişəm. Mən də heç özümü onda qoymurdum. Ailədə bir az da çəkim artmışdı.
   Məlumdur ki, jurnalist olmaq üçün geniş dünyagörüşə malik olmaq lazımdır. Jurnalist gərək çox mütaliə etsin, hadisələri izləsin, müqayisə etsin, yaxşını pisdən ayırsın, obyektiv olsun, qərəzsiz olsun, vicdanlı olsun... Cümlələri bir-birinin ardınca düzüb yaxşı yazmaqla iş bitmir.
   O vaxt qəzetlərə abunə məcburi idi. Mən də 4-5 qəzetə abunə olurdum. Adil hər gün o qəzetləri vərəqləyir, ürəyinə yatanları oxuyurdu. Bu mütaliə onun dünya görüşünə müsbət təsir etdi, həm də nitq mədəniyyətini artırdı.
   Adilin oxuduğu qrup fakültədə seçilirdi. Burada ümid verən gələcəyin jurnalistləri vardı. Bəlkə də, həm də buna görə idi ki, qrupun tələbələri respublikanın kütləvi informasiya vasitələrində işə düzəldilər. Xatırladım ki, o vaxt məzunlar dövlət təyinatı ilə işlə təmin olunurdular. İndiki kimi iş axtarmırdılar. İndi hərə bir qəzet buraxır, ətrafına da yığır dost-tanışı, qohum-əqrabanı. Buraxdıqları qəzetləri də oxuyan azdır.
   Nə isə... Adil universiteti bitirib Dövlət Televiziya və Radio Verilişləri Komitəsində kiçik redaktor vəzifəsinə işə düzəldi. Sonra redaktor oldu. Burada özünü əsl jurnalist kimi göstərə bildi. Elə buna görə də şöbə müdiri vəzifəsinə kimi yüksəldi.
   Keçən əsrin sonlarında bədnam qonşumuzun Dağlıq Qarabağı Ermənistana birləşdirmək arzusu, azərbaycanlıların ata-baba yurdundan sıxışdırılıb çıxarılması, bir Qarabağlı kimi Adilin də taleyində acı iz buraxdı. Atası və anası, qardaşı və onun ailəsi, digər qohumları Bakıda qaçqınlıq həyatı yaşadılar.
   Təvazökarlıqdan uzaq olsa da qeyd edim ki, televiziyada işlədiyi vaxtlarda "Hərbi Vətənpərvərlik və Salnamə Baş Redaksiyası"nın təşkil olunmasında Adilin əməyi az olmayıb. Onun hərbi-vətənpərvərliklə bağlı hazırladığı verilişlər indi də televiziyanın arxivində saxlanılır.
   Qarabağ müharibəsi başlayanda Adil qələmini süngüyə çevirərək üz tutdu cəbhə bölgəsinə. Əsgərlərlə görüşür, od-alovun içərisində çəkilişlər edir, telesüjetlər hazırlayırdı. Bir dəfə mən ondan "qorxmursan ki"- deyə soruşdum. Onun mənə cavabı çox təsirli oldu. Dedi ki, mən bir Qarabağlı kimi yaxamı kənara çəkə bilmərəm. Uşaqlığım Qarabağda, Şuşada, Ağdamda keçib, atam, anam, nəslimiz Ağdamda yaşayır. Bu torpaq məni ora çəkir. Bax bunlar ürəyimdəki qorxu hissini yox edir.
   Bacıoğlu 20 il can qoyduğu televiziyadan ayrılandan sonra da jurnalist fəaliyyətini davam etdirdi. O, "Yeni dünya", "De Fakto", "Əlillər", "Azad Qarabağ", "Çempion" və s. mətbu orqanlarda baş redaktor, direktor, məsul redaktor, məsləhətçi kimi çalışdı. Jurnalistikaya da elə bağlanmışdı ki, onu mətbuatdan ayırmaq çox çətin idi. Doğma Azərbaycanımızın sərhəddinin kiçilməsi, xalqın dərdinin çoxalması, başıpozuq əməllər bir vətəndaş kimi Adili də narahat edirdi. Tez-tez deyirdi ki, erməninin əsarəti altında qalan Qarabağsız yaşamaq mənə əzab verir, bu yaşamaq deyil, gün keçirməkdir.
   Görüşlərimizin birində mən onu televizor ekranı qarşısında ağlayan gördüm. Ağdamda, İmarətdə "Xarı bülbül" festivalı keçirilirdi. Ölməz sənətkar Qədir Rüstəmovun "Sona bülbüllər"i böyüklü-kiçikli hamını səsin sehrinə çəkmişdi. Bu, o vaxtlar idi ki, Qarabağ savaşı yenicə başlamışdı, hələ Ağdam işğal olunmamışdı.
   Hazırda media bazarında yeni nəşrlərin və ənənəvi KİV-in elektron versiyalarının yaranması jurnalistikadan yeni keyfiyyətlər tələb edir. Heç kəsə sirr deyil ki, indi qəzet oxuyan çox azdır, fərdi saytlar, səhifələr gün-gündən artır, internet qəzetlər çoxalır. Yaradılan hər bir yenilik həm də məsuliyyət hissini artırır. 
   Hazırda Azərbaycana qarşı informasiya müharibəsi ən çox internet vasitəsilə aparılır. Bu müharibənin qarşısını almaq üçün Adil də öz sözünü təsisçisi və baş redaktoru olduğu, Azərbaycanda vətənpərvərlik mövzusunda fəaliyyət göstərən ilk internet televiziyada, "İrşad-Teleradio Verilişləri, Sənədli və Bədii Filmlər Kompaniyası"nda çox uğurla deyir. 
   Ermənilərin uydurma yalanlarını ifşa edən informasiyalara, xarici ölkə jurnalistlərinin yazılarına, habelə, gənclərin hərbi-vətənpərvərlik ruhlu tərbiyəsində mühüm rol oynayan sənədli verilişlərə üstünlük verir. Artıq hiss olunur ki, "İrşadTv" demək istədiyini boyasız xalqa çatdırır, qəzəbini cilovlamadan hər şeyi birbaşa deyir. Qarabağ yoxdursa, Azərbaycan da yoxdur. Qarabağ yoxdursa, biz Ağdamlılar da yoxuq.
   Yeri gəlmişkən. Adilin anası, mənim doğma bacım Qənirə müəllimə Bakıda qaçqın həyatı yaşadı. Kiçik oğlu Oqtayın həyatdan vaxtsız köçməsi onun əyilməyən belini bükmüşdü. O, xəstə vaxtı Ağdamda dəfn olunmağı vəsiyyət etmişdi. Görünür bizim bir çoxumuz Vətənin nə demək olduğunu dərk etmirik. Ana "Ağdam, Qarabağ", deyə-deyə dünyasını dəyişdi. Ata, Ana və kiçik qardaş itkisi Adilə o qədər pis təsir edib ki, indi də acı günləri xatırlayanda göz yaşlarına hakim ola bilmir.
   Adil, sən oğul və qardaş borcunu vicdanla yerinə yetirmisən. Kaş bütün övladlar sənin kimi Vətənə, ataya, anaya, qardaşa canı yanan olaydı. Yazını bir qədər qəmli notla yekunlaşdırdığım üçün məni bağışla. Amerika filosofu Corc Santayana həyat haqqında belə deyib: "Həyat nə tamaşadır, nə də bayramdır, həyat çətin bir imtahandır". Bacıoğlu həyat davam edir. 65 yaşını təbrik edir, sənə bu çətin imtahanlardan üzüağ çıxmağı arzulayıram.