Akif Rüstəm oğlu
Rüstəmov.
Filologiya üzrə fəlsəfə
doktoru, professor.
Xalqda belə bir ifadə var: "Əmiyə qalan dəmiyə qalar". Niyə belə deyilib deyə bilmərəm. Əmi də, qardaş övladları üçün can yandırandı. Bəs görəsən dayını niyə belə əmidən seçib göylərə qaldırırlar. Görünür dayının bacıuşaqlarına sevgisi, istiqanlığı bir qədər seçilir, bəlkə də şişirdilir. Nə isə bu münasibəti dərk edəndə yuxarıdakı sözün qiymətini, mənasını dərk edirsən.
Hər dəfə ali məktəblərə qəbul imtahanları yaxınlaşanda rəhmətlik anamın, Adilin nənəsinin bu sözlərini xatırlayıram: "Adil mənim istəkli nəvəmdir, oğul, onun universitetə qəbulu sənə baxır. Dayı borcunu yerinə yetirməyi unutma". Anamın bu tapşırığı boynuma böyük bir yük qoymuşdu. O vaxt Adil orta məktəbdə 10-cu sinifdə oxuyurdu. Mən isə Azərbaycan Dövlət Universitetinin (İndiki BDU) Jurnalistika fakültəsində işləyirdim. Əlimdən nə gəlirdi? Universitetə qəbula müdaxilə etmək mənlik deyildi, heç mümkün də deyildi. Mənim köməyim o oldu ki, Adil qəbul imtahanlarına gələndə yanımda saxladım. Hər gün onunla birlikdə imtahanlara hazırlaşırdıq. Onun gecə-gündüz oxumağı, öyrəndiklərini təkrarlamağı ümidverici idi.
Bacıoğlu 1972-ci ildə imtahan verib Jurnalistika fakültəsinə qəbul olundu. Adildən çox mən sevinirdim. Zarafat deyil, bir yerə 8-10 ərizə verilmişdi. Rəhmətlik anam da elə bilirdi ki, Adili mən qəbul etdirmişəm. Mən də heç özümü onda qoymurdum. Ailədə bir az da çəkim artmışdı.
Məlumdur ki, jurnalist olmaq üçün geniş dünyagörüşə malik olmaq lazımdır. Jurnalist gərək çox mütaliə etsin, hadisələri izləsin, müqayisə etsin, yaxşını pisdən ayırsın, obyektiv olsun, qərəzsiz olsun, vicdanlı olsun... Cümlələri bir-birinin ardınca düzüb yaxşı yazmaqla iş bitmir.
O vaxt qəzetlərə abunə məcburi idi. Mən də 4-5 qəzetə abunə olurdum. Adil hər gün o qəzetləri vərəqləyir, ürəyinə yatanları oxuyurdu. Bu mütaliə onun dünya görüşünə müsbət təsir etdi, həm də nitq mədəniyyətini artırdı.
Adilin oxuduğu qrup fakültədə seçilirdi. Burada ümid verən gələcəyin jurnalistləri vardı. Bəlkə də, həm də buna görə idi ki, qrupun tələbələri respublikanın kütləvi informasiya vasitələrində işə düzəldilər. Xatırladım ki, o vaxt məzunlar dövlət təyinatı ilə işlə təmin olunurdular. İndiki kimi iş axtarmırdılar. İndi hərə bir qəzet buraxır, ətrafına da yığır dost-tanışı, qohum-əqrabanı. Buraxdıqları qəzetləri də oxuyan azdır.
Nə isə... Adil universiteti bitirib Dövlət Televiziya və Radio Verilişləri Komitəsində kiçik redaktor vəzifəsinə işə düzəldi. Sonra redaktor oldu. Burada özünü əsl jurnalist kimi göstərə bildi. Elə buna görə də şöbə müdiri vəzifəsinə kimi yüksəldi.
Keçən əsrin sonlarında bədnam qonşumuzun Dağlıq Qarabağı Ermənistana birləşdirmək arzusu, azərbaycanlıların ata-baba yurdundan sıxışdırılıb çıxarılması, bir Qarabağlı kimi Adilin də taleyində acı iz buraxdı. Atası və anası, qardaşı və onun ailəsi, digər qohumları Bakıda qaçqınlıq həyatı yaşadılar.
Təvazökarlıqdan uzaq olsa da qeyd edim ki, televiziyada işlədiyi vaxtlarda "Hərbi Vətənpərvərlik və Salnamə Baş Redaksiyası"nın təşkil olunmasında Adilin əməyi az olmayıb. Onun hərbi-vətənpərvərliklə bağlı hazırladığı verilişlər indi də televiziyanın arxivində saxlanılır.
Qarabağ müharibəsi başlayanda Adil qələmini süngüyə çevirərək üz tutdu cəbhə bölgəsinə. Əsgərlərlə görüşür, od-alovun içərisində çəkilişlər edir, telesüjetlər hazırlayırdı. Bir dəfə mən ondan "qorxmursan ki"- deyə soruşdum. Onun mənə cavabı çox təsirli oldu. Dedi ki, mən bir Qarabağlı kimi yaxamı kənara çəkə bilmərəm. Uşaqlığım Qarabağda, Şuşada, Ağdamda keçib, atam, anam, nəslimiz Ağdamda yaşayır. Bu torpaq məni ora çəkir. Bax bunlar ürəyimdəki qorxu hissini yox edir.
Bacıoğlu 20 il can qoyduğu televiziyadan ayrılandan sonra da jurnalist fəaliyyətini davam etdirdi. O, "Yeni dünya", "De Fakto", "Əlillər", "Azad Qarabağ", "Çempion" və s. mətbu orqanlarda baş redaktor, direktor, məsul redaktor, məsləhətçi kimi çalışdı. Jurnalistikaya da elə bağlanmışdı ki, onu mətbuatdan ayırmaq çox çətin idi. Doğma Azərbaycanımızın sərhəddinin kiçilməsi, xalqın dərdinin çoxalması, başıpozuq əməllər bir vətəndaş kimi Adili də narahat edirdi. Tez-tez deyirdi ki, erməninin əsarəti altında qalan Qarabağsız yaşamaq mənə əzab verir, bu yaşamaq deyil, gün keçirməkdir.
Görüşlərimizin birində mən onu televizor ekranı qarşısında ağlayan gördüm. Ağdamda, İmarətdə "Xarı bülbül" festivalı keçirilirdi. Ölməz sənətkar Qədir Rüstəmovun "Sona bülbüllər"i böyüklü-kiçikli hamını səsin sehrinə çəkmişdi. Bu, o vaxtlar idi ki, Qarabağ savaşı yenicə başlamışdı, hələ Ağdam işğal olunmamışdı.
Hazırda media bazarında yeni nəşrlərin və ənənəvi KİV-in elektron versiyalarının yaranması jurnalistikadan yeni keyfiyyətlər tələb edir. Heç kəsə sirr deyil ki, indi qəzet oxuyan çox azdır, fərdi saytlar, səhifələr gün-gündən artır, internet qəzetlər çoxalır. Yaradılan hər bir yenilik həm də məsuliyyət hissini artırır.
Hazırda Azərbaycana qarşı informasiya müharibəsi ən çox internet vasitəsilə aparılır. Bu müharibənin qarşısını almaq üçün Adil də öz sözünü təsisçisi və baş redaktoru olduğu, Azərbaycanda vətənpərvərlik mövzusunda fəaliyyət göstərən ilk internet televiziyada, "İrşad-Teleradio Verilişləri, Sənədli və Bədii Filmlər Kompaniyası"nda çox uğurla deyir.
Ermənilərin uydurma yalanlarını ifşa edən informasiyalara, xarici ölkə jurnalistlərinin yazılarına, habelə, gənclərin hərbi-vətənpərvərlik ruhlu tərbiyəsində mühüm rol oynayan sənədli verilişlərə üstünlük verir. Artıq hiss olunur ki, "İrşadTv" demək istədiyini boyasız xalqa çatdırır, qəzəbini cilovlamadan hər şeyi birbaşa deyir. Qarabağ yoxdursa, Azərbaycan da yoxdur. Qarabağ yoxdursa, biz Ağdamlılar da yoxuq.
Yeri gəlmişkən. Adilin anası, mənim doğma bacım Qənirə müəllimə Bakıda qaçqın həyatı yaşadı. Kiçik oğlu Oqtayın həyatdan vaxtsız köçməsi onun əyilməyən belini bükmüşdü. O, xəstə vaxtı Ağdamda dəfn olunmağı vəsiyyət etmişdi. Görünür bizim bir çoxumuz Vətənin nə demək olduğunu dərk etmirik. Ana "Ağdam, Qarabağ", deyə-deyə dünyasını dəyişdi. Ata, Ana və kiçik qardaş itkisi Adilə o qədər pis təsir edib ki, indi də acı günləri xatırlayanda göz yaşlarına hakim ola bilmir.
Adil, sən oğul və qardaş borcunu vicdanla yerinə yetirmisən. Kaş bütün övladlar sənin kimi Vətənə, ataya, anaya, qardaşa canı yanan olaydı. Yazını bir qədər qəmli notla yekunlaşdırdığım üçün məni bağışla. Amerika filosofu Corc Santayana həyat haqqında belə deyib: "Həyat nə tamaşadır, nə də bayramdır, həyat çətin bir imtahandır". Bacıoğlu həyat davam edir. 65 yaşını təbrik edir, sənə bu çətin imtahanlardan üzüağ çıxmağı arzulayıram.
Hiç yorum yok:
Yorum Gönder