12 Aralık 2020 Cumartesi

HƏYAT YAŞANTILARIMDAN HƏM DƏRS, HƏM DƏ HƏZZ ALIRAM...




© KEÇMİŞİNİ UNUTMA !


Mən keçmişimə boylanmaqdan ehtiyat etmirəm. Əksinə keçmişimi vərəqlədikcə bu acılı-şirinli həyat yaşantılarımdan həm dərs, həm də həzz  alıram...

✔Keçmişini bilməyən bu gününü anlaya bilməz və sabahını qura bilməz.

✔Keçmişini unudan onu təzədən yaşamağa məhkumdur. Keçmişini unutma !


... Tanınmış jurnalist Adil İrşadoğlunun 2018-ci ildə 65 illik yubileyi münasibətilə hazırlanmış "GƏLİN QARABAĞA BİRLİKDƏ GEDƏK" adlı 1 saat 45 dəqiqəlik sənədli filmdən seçilmiş 45 dəqiqəlik gerçək tarixi aşağıda sizlərə təqdim edirəm.

... Nəhayət Ali Baş Komandanın rəhbərliyilə, müzəffər Azərbaycan Ordusunun şücaətilə biz düşmənlərimizə qalib gəlirik. Azərbaycanımızın erməni işğalı altındakı torpaqlarını sülh yolu ilə qaytarılmasına çox çalışdıq, alınmadı. İşğal altındakı torpaqlarımızı hərbi yolla azad etməyə başladıq. Şanlı ordumuz sürətlə hücuma keçərək xeyli ərazimizi işğaldan azad etdi... Biz bu xoşbəxt anları yaşadığımıza görə Tanrıya, Ali Baş Komandana, Türk dünyasının qəhrəman oğlu, lideri hörmətli və sevimli Başkan cənab Recep Tayyip Erdoğana, əsgərlərimizə, zabitlərimizə, şəhidlərimizə ömrümüzün axırınadək borcluyuq. Allah yaralılarımıza şəfa versin. Allah şəhidlərimizə rəhmət eyləsin. 


QARABAĞ AZƏRBAYCANDIR !

YAŞASIN BÜTÖV AZƏRBAYCAN !

https://www.facebook.com/A.Irshadoglu.RealistAdil/videos/2703116806622195 

https://fb.watch/2jsek_9Itv/ 

© Adil İrşadoğlu.©

09.11.2020. / 21-00.

© OZÜM HAQQINDA


SƏN KİMSƏN, ADİL İRŞADOĞLU (ƏLİYEV) ?!



Mən, Adil İrşad oğlu Əliyev 1953 - cü il noyabrın 1-də Ağdam şəhərində ziyalı ailəsində doğulmuşam.

Soy - kökü Ağdamın Sarıhacılı və Seyidli kəndlərindən olan, Qarabağ xanı Pənahəli xanın əqrabası sayılan, Azərbaycanın görkəmli yazıçısı Süleyman Sani Axundovun nəslindən olan, atam İrşad Məhəmməd oğlu Əliyev ömrünün axırınadək dövlət orqanlarında müxtəlif məsul vəzifələrdə çalışmışdır. Ağdamın erməni təcavüzkarları tərəfindən işğalı ərəfəsində, 1993 - cü ilin mart ayında haqsızlıqlara tab gətirməyərək dünyasını dəyişmişdir. Ağdamın "Birinci Şəhidlər Xiyabanı"nda dəfn edilmişdir.
(Doğum tarixi : 25.02.1924. - Ölüm tarixi : 13. 03. 1993).

Soy - kökü Ağdamın Xıdırlı kəndindən olan anam, Qənirə Rüstəm qızı Rüstəmova 50 ildən çox Ağdam şəhər 2 saylı beynəlmiləl orta məktəbin hər iki bölməsində - Azərbaycan və rus bölməsində fizika - riyaziyyat fənnlərindən dərs demişdir. Azərbaycan Təhsil Nazirliyinin əmri ilə sonradan həmin məktəbin rus bölməsi ayrılaraq Ağdam şəhər 7 saylı orta məktəbə çevrilmiş və sərbəst fəaliyyət göstərmişdir. Qənirə Rüstəm qızı Rüstəmova yataq xəstəsi olanadək Ağdam şəhər 7 saylı orta məktəbdə fizika - riyaziyyat müəlliməsi işləmişdir. Anam məcburi köçkün həyatını Bakı şəhərində - mənim ailəmlə birlikdə yaşamışdır və bizim gözümüzün önündə dünyasını dəyişmişdir. 
(Doğum tarixi : 30.12.1932. - Ölüm tarixi : 27. 09. 2012).

1955 - ci il təvəllüdlü bacım, Elmira İrşad qızı Əliyeva müəllimə işləyir.

1960 - cı il təvəllüdlü qardaşım, Oqtay İrşad oğlu Əliyev Biləsuvar, Ağdam, Goranboy, Yardımlı rayonlarının milli təhlükəsizlik idarələrində, sonradan Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində nümunəvi çalışmış və 2006 - cı ilin fevral ayında (27 fevral) iş başında vəfat etmişdir.

Yeri gəlmişkən, dövlət Ağdam ərazisinin, sonradan Ağdam rayonunun idarə olunmasını uzun müddət mənim qohum-əqrabama etibar etmişdir.

1. Atamın anası Hurizat nənəmin atası Mehdi bəy çox varlı və sözü keçən bir insan olmuşdur. Onun seçmə at ilxıları var imiş. Bolşeviklər Ağdam atçılıq zavodunu Mehdi babamın seçmə Qarabağ atlarının hesabına yaratmışlar. 
2. Vaxtilə xarici ticarətlə məşğul olan, 5 dildə danışmağı bacaran atamın atası Məhəmməd bəy (Zinger Məhəmməd ) sonradan Ağdam torpaq şöbəsinin müdiri işləmişdir.
3. Anamın atası Rüstəm Rüstəmzadə Azərbaycan Respublikası Mərkəzi Komitəsində, Füzuli (o vaxtlar rayonun adını ruslar dəyişib Koryagin qoymuşlar) rayon Partiya Komitəsində çalışmış və 1941-1943-cü illərdə Ağdam rayon Partiya Komitəsinin 2-ci katibi işləmişdir.
4. Anamın ən yaxın qohumu, Ağdamın Xıdırlı kəndinin nümayəndəsi Məhəmməd Əliyev Ağdam rayon Partiya Komitəsinin uzun müddət 1-ci katibi işləmişdir.
5. Atam, İrşad Məhəmməd oğlu Əliyev də Ağdam rayon Partiya Komitəsində və digər məsul vəzifələrdə çalışmışdır. Sonradan Ağdam rayon polis şöbəsi rəisinin müavini işləmiş, Ağdam rayon polis şöbəsinə nəzarət idarəsinin rəisi təyin edilmişdir.
6. Atamın dayısı oğlu Fikrət Ağalar oğlu Mehdiyev Seyidli - Sarıhacılı kəndləri üzrə sovetliyin katibi olmuşdur.
7. Əmim İslam Məhəmməd oğlu Əliyev Ağdam rayon Partiya Komitəsində şöbə müdiri, rayon Təhsil İdarəsinin müdiri və Ağdam şəhər Sovetinin sədri işləmişdir.
8. Əmim İslam Əliyevin bacanağı Qulu Qasımov (Qulu həkim) Ağdam rayon Səhiyyə İdarəsinin müdiri olmuşdur.
9. Xalamın həyat yoldaşı Hüseyn İslam oğlu Hüseynov üzun müddət Ağdam rayon Maliyyə İdarəsinin müdiri işləmişdir.
10. Atamın yaxın qohumu Gündüz Axundov Ağdam rayon İcra Hakimiyyətinin başçısı işləmişdir.
11. Atamın qohumu, ən yaxın dostu, qardaşım Oqtay Əliyevin kirvəsi Camal İsmayılov rayon üzrə Tikinti Bankının müdiri olmuşdur. Və sair...

İnşəallah, suyu quruyan arxdan bir də su axar...

Ailəliyəm. Həyat yoldaşım, Yeganə Ənvər qızı Qənbərova ağdamlı Baxış bəyin oğlundan olan nəvəsidir. Bizim iki oğlumuz var. İkisi də universitet bitirmiş, əsgər olmuş, Vətənin keşiyində dayanmışlar. Başqa cavanlarımız kimi onlar da özlərinə münasib iş tapa bilmirlər. Ayrıca evləri olmadığına görə, hələ ki, ailə qurmaq istəmirlər. Bu isə biz valideynləri çox əndişələndirir. İndi zəmanətsiz bu ölkədə vicdanlı insanların normal yaşaması qeyri - mümkündür. ALLAH bizlərə rəhm eləsin! Amin...

Mən, Adil İrşadoğlu (Əliyev) 1961 - ci ildə Ağdam şəhər 1 saylı orta məktəbə daxil olmuşam. 1971 - ci ildə həmin orta məktəbi əla qiymətlərlə başa vurmuşam. Orta məktəbdə oxumaqla yanaşı - 1968 - ci ildə Üzeyir Hacıbəyov adına Ağdam şəhər Orta İxtisas Musiqi Məktəbinə də daxil olmuşam və 1972 - ci ildə həmin məktəbi tar ixtisası üzrə bitirmişəm. 1972 - ci ildə S.M.Kirov adına Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Dövlət Universitetinə ( indiki BDU -ya ) daxil olmuş və 1977 - ci ildə həmin universitetin jurnalistika fakültəsini əla qiymətlərlə başa vurmuşam. Sonra Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin göndərişinə əsasən, Dövlət Televiziya və Radio Verilişləri Komitəsində kiçik redaktor, böyük redaktor və şöbə müdiri vəzifələrində işləmişəm. Teleradio Verilişləri Komitəsinin rəhbərliyi ictimai işlərdəki səriştəliliyimi nəzərə alaraq məni Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Marksizm - Leninizm Universitetinə siyasi təhsil almağa göndərmişdir. 1982 - ci ildə həmin universiteti əla qiymətlərlə başa vurmuşam. Dağlıq Qarabağdan azərbaycanlıların sıxışdırılıb çıxarılmasının qarşısını almaq üçün 1989 - cu ildə Şuşa şəhərinin teleötürücü stansiyasının nəzdində kiçik studiyanın yaradılmasında və erməni daşnaqlarına qarşı əks təbliğatın aparılmasında yaxından iştirak etmişəm. Həmçinin, dövlət televiziyasının “Hərbi Vətənpərvərlik və Salnamə Baş Redaksiyası”nın təşkil olunmasında və fəaliyyət göstərməsində əlimdən gələni əsirgəməmişəm. Teleradio Verilişləri Komitəsində işlədiyim müddətdə 3000 - dən çox veriliş hazırlayıb efirdə göstərmişəm. 1988 - ci ildən bugünədək Qarabağla bağlı hadisələrdə yaxından iştirak etmişəm. 1 - ci Qarabağ müharibəsinin iştirakçısıyam. Cəbhədən hazırladığım verilişlər yəqin ki, AzTV-nin arxivində indi də saxlanılır.

Hazırladığım verilişlərə görə, müxtəlif mükafatlara layiq görülmüşəm. Xalq təsərrüfatının inkişaf etdirilməsində yaxından iştirak etdiyimə görə, SSRİ XTNS Baş Komitəsinin 8 dekabr 1981 - ci il tarixli qərarına əsasən, xüsusi medalla təltif olunmuşam. Respublikanın yenilikçi və səmərələşdiricilərinin xalq təsərrüfatının inkişaf etdirilməsindəki fəaliyyətini geniş və mütəmadi işıqlandırdığıma görə, Yenilikçi və Səmərələşdiricilərin Ümumittifaq Cəmiyyəti Bakı Şəhər Sovetinin Fəxri fərmanına layiq görülmüşəm. Məhsuldar və keyfiyyətli əməyimə görə, Dövlət Televiziya və Radio Verilişləri Komitəsi sədrinin 5 noyabr 1987 - ci il tarixli qərarına əsasən, Fəxri fərmanla təltif edilmişəm. Ordumuzun formalaşmasında yaxından iştirak etdiyimə görə, "N" saylı hərbi hissə komandirinin 17 noyabr 1994 - cü il tarixli qərarına əsasən, Fəxri fərmana layiq görülmüşəm. Cəbhədə əsgər və zabitlərimizin həyatından hazırladığım salnamələrə görə, "N" saylı hərbi hissə komandirinin 1 avqust 1995 - ci il tarixli qərarına əsasən, "ŞAH İSMAYIL XƏTAİ" adına Fəxri fərmanla mükafatlandırılmışam. 25 oktyabr 2018-ci il tarixində Azərbaycan mətbuatının inkişafındakı xidmətlərimə görə və 65 illik yubileyim münasibətilə Azərbaycan Mətbuat Şurasının xüsusi diplomu və Ahıl Jurnalistlər Məclisinin xatirə hədiyyəsi olan "Qızıl qələm" lə təntənəli şəkildə təltif edilmişəm. 29 dekabr 2018-ci il tarixində Qarabağ müharibəsi zamanı əsgər və zabitlərimizin şücaətindən bəhs edən silsilə televerilişlər hazırladığıma, qazilərə daim mənəvi dəstək olduğuma görə və 65 illik yubileyim münasibətilə  “Qarabağ qaziləri” və “Vətən Müharibəsi Əlilləri” ictimai birlikləri tərəfindən Fəxri Diplomla təltif olunmuşam. 3 Noyabr 2023-cü il tarixində milli mətbuat ənənələrimizin qorunmasına yönələn xidmətlərimə, zəngin yaradıcılıq dəst-xəttimə, jurnalistika sahəsində çoxillik səmərəli fəaliyyətimə görə və 70 illik yubileyim (01.11.1953 - 01.11.2023) münasibətilə təşkil edilmiş rəsmi yığıncaqda Azərbaycan Mətbuat Şurasının xüsusi diplomu və Ahıl Jurnalistlər Məclisinin xatirə hədiyyəsilə təntənəli şəkildə təltif olunmuşam. 

1980 - ci ildə Gənc Jurnalistlərin Moskva şəhərində keçirilən Ümumittifaq müşavirəsinin iştirakçısı olmuşam. 1980 - ci ildən Azərbaycan Jurnalistlər İttifaqının üzvüyəm. Dövlət Televiziya və Radio Verilişləri Şirkətində fəaliyyətimin son illərində cəbhə bölgələrindən, ön mövqedən canlı verilişlər hazırlayıb xalqımıza göstərməyi vətəndaşlıq borcum bilmişəm. Teleşirkətin 1-ci Qarabağ müharibəsi arxivinin yaradılmasında yaxından iştirak etmişəm. 1997 - ci ilin sonunda inciyərək məndən asılı olmayan amillərlə bağlı 25 il (5 il ştatdankənar, 20 il ştatda) can qoyduğum dövlət teleşirkətində işləməkdən imtina etdim. İndi dənizdən sahilə atılmış balığa bənzəyirəm.

Teleşirkətdə işlədiyim zaman müxtəlif qəzet və jurnallarda maraqlı yazılarımla çıxış etmişəm. Sonralar "Yeni dünya" qəzetinin baş redaktorunun birinci müavini, zamanında populyarlıq qazanmış "De Fakto" qəzetinin qurucusu və ilk baş redaktoru, "Çempion" adlı həftəlik idman qəzetinin baş məsləhətçisi, "Sara - ekspress" qəzetinin məsul katibi, "Olaylar" qəzetinin baş direktoru, "Şans" qəzetinin baş direktoru, "Novıy mir" qəzetinin redaktoru, Qarabağ Əlillər Cəmiyyətinin orqanı olan "Əlillər" qəzetinin məsul redaktoru, Qarabağ Azadlıq Təşkilatının orqanı olan "Azad Qarabağ" qəzetinin məsul redaktoru və Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının vitse - prezidenti olmuşam. 17 saylı Yasamal 3-cü seçki dairəsi üzrə 29 saylı seçki məntəqəsində 4 dəfə seçki komissiyasının katibi işləmişəm. Qarabağ Əlillər Cəmiyyətinin fəxri üzvüyəm. Qaziyəm və “Qarabağ qaziləri” ictimai birliyinin fəal üzvüyəm, vəsiqə №2613. 

Hazırda Azərbaycanda Vətənpərvərlik mövzusunda fəaliyyət göstərən ilk internet televiziyanın — "İRŞAD - Teleradio Verilişləri, Sənədli və Bədii Filmlər Kompaniyası" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru və Jurnalist - Müharibə Veteranları Assosiasiyası sədrinin birinci müaviniyəm. Qüdrətli Azərbaycan, qüdrətli Türk dünyası, qüdrətli Turan birliyi uğrunda təmənnasız hizmət göstərirəm. İctimai əsaslarla işləyirəm. Əmək pensiyasından başqa heç bir yerdən gəlirim yoxdur. 45 ildən çoxdur ki, jurnalistlik fəaliyyətilə məşğulam. ALLAH məni nadan insanların qarşısında sındırmasın, ALLAH əzizlərimin canını sağ eləsin! AMİN...


© ADİL İRŞADOĞLU (ƏLİYEV)

Veteran televiziya və qəzet jurnalisti, 
Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1980),
1-ci Qarabağ Müharibəsinin iştirakçısı (1988-1996). 

24.01.2011. (14-40)
--------------------------
Mükafata görə düzəliş edildi : 01.11.2018 / 30.12.2018 / 03.11.2023-cü ildə.

E - mail :
Adil_Irshadoglu@mail.ru
adil.irshadoglu@gmail.com
adil.irshadoglu@irshadtv.com

İNDİ MÜSTƏQİL JURNALİST OLARAQ FƏALİYYƏT GÖSTƏRİRƏM. AŞAĞIDAKILAR ŞƏXSİ SAYTLARIMDIR. DİQQƏT EDİB BAXSANIZ XEYLİ QAZANARSINIZ...

8 Aralık 2020 Salı

© Adil Irshadoqlu / QARABAĞ EŞQİMİZ, ETİBARIMIZ... (4-cü söhbət).

Azərbaycan Respublikasının televiziya və qəzet jurnalisti Adil İrşadoğlu 06.10. 2020 - ci il tarixində Malik həkimin Bakı şəhərində məskunlaşdığı evində olmuş və ondan növbəti müsahibə götürmüşdür. Malik Camal oğlu İsmayılov Milli Azadlıq Hərəkatının ən fəal üzvlərindən biri olmuşdur. 4-cü müsahibədə Malik həkim Ali Baş Komandanın rəhbərliyilə rəşadətli ordumuzun Qarabağ cəbhəsində qazandığı uğurlara münasibətini bildirir, şəhidlərimizə rəhmət diləyir və yaralılarımıza Allahdan şəfa arzulayır. Videonu izləməyə dəyər. Sağlıqla izləyin...

                                                              


Yaşasın bütöv Azərbaycan. Yaşasın Turan. Qarabağ Azərbaycandır !

08.12.2020.

15 Ağustos 2020 Cumartesi

AZƏRBAYCAN JURNALİSTİKASININ BAYRAQDARI - 145

“Əkinçi” qəzeti Azərbaycan dilində əsl milli demokratik və xalq mətbuatının ilk təməl daşını qoydu, cəmi 56 nömrəsi çıxan qəzet millətin aynası oldu, Azərbaycan jurnalistikasının bayraqdarına çevrildi.

Sonrakı illərdə görkəmli ziyalılar tərəfindən nəşr edilən “Ziya”, “Kəşkül”, “Şərqi-rus”, “İrşad”, “Molla Nəsrəddin” kimi qəzet və jurnallar “Əkinçi”nin ənənələrini davam etdirdi. Bu mətbuat orqanlarının əsas hədəfi cəhalətə, haqsızlığa qarşı mübarizə, maarifləndirmə idi. Zəngin və şərəfli yolla addımlayan Azərbaycan mətbuatı bir neçə mərhələdən keçdi. Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə azad mətbuatın, eləcə də hadisələrə yeni baxışın təməli qoyuldu.




6 Ekim 2019 Pazar

DÜNYA ENSİKLOPEDİYASI AZƏRBAYCANA QARŞI TƏXRİBATLA MƏŞĞULDUR

Dünya Ensiklopediyası sayılan Vikipediya, 
sən Azərbaycanın tanınmış, ləyaqətli insanları haqqında dolğun səhifələri, məlumatları pozmağında ol. Qoyma gələcək nəsil ibrət götürüləsi insanlarımızı yaxından tanısın. Onlardan ilham alıb öz yollarını müəyyənləşdirsinlər. Axı sən kosmopolit insanlar yetişdirməyə güc vermisən...

Adil İrşadoğlu (Əliyev)

Sən pozdun, qiymət verənlər başqasını yaratdılar. 
Mənə dəyər verənlərə təşəkkür edirəm.

Buraya daxil olub izləyə bilərsiniz:


Mehmet Akif Ersoy XX əsrin ən böyük türk şairidir

ŞAİR ÖZ SƏSİYLƏ 

"İSTİQLAL MARŞI" ŞEİRİNİ SÖYLƏYİR...



Məhmәd Akif Әrsoy 1873-cü ildə İstanbulun Fateh səmtində dünyaya gəlib. Anası Şərifə Xanımın ata və anası Buxaralıdır. Şərifə xanım Tahir bəylə izdivac bağlamış və bu evlilikdən Məhmәd Akif Әrsoy dünyaya gəlmişdir. M.Akif ilk və orta təhsilini Fatehdə almışdır.

Ali təhsil üçün beynəlxalq hüquq institutuna girsə də təhsilini yarımçıq qoyub baytarlıq təhsilinə başlamış, buranı qızıl diplomla qurtarmışdır. Şeir yazmağa baytarlıq məktəbində başlamış, Osmanlı dövlətinin tənəzzül dövründə vətənin işğalçılar tərəfindən tutulmasıyla Anadoluya keçərək xalqı milli azadlıq hərbi üçün ruhlandırmış və böyük işlər görmüşdür.

Türkiyə Cümhuriyyətinin qurulmasından sonra Misirə getmiş və Misir Universitetində türk dili dərsləri vermiş, 1936-cı ildə ölkəyə qayıtmış və 27 dekabr 1936-cı ildə dünyasını dəyişmişdir. 


* Mehmet Akif Ersoy XX əsrin ən böyük türk şairidir.

25 Ağustos 2019 Pazar

© HƏYATDIR, ÇIXARIQ ÇOX-ÇOX SINAQDAN... (3-cü söhbət).

Azərbaycan Respublikasının televiziya və qəzet jurnalisti Adil İrşadoğlu Malik həkimin Bakı şəhərində məskunlaşdığı evində olmuş və ondan maraqlı müsahibə götürmüşdür. Müsahibənin həcmi böyük olduğuna görə onu sizə bir neçə yerə bölərək təqdim etdik. 3-cü müsahibə isə Malik həkimin yaşadığı dövrdən, onun şəhidlərimizə olan ehtiramından, peşə fəaliyyətindən və Azərbaycanın qədim tarixindən bəhs edir. Videonu izləməyə dəyər. Sağlıqla izləyin...





6 Temmuz 2019 Cumartesi

© SEVGİSİ GÖZÜNDƏ, DƏRDİ DƏRİNDƏ... (2-ci söhbət).



Azərbaycan Respublikasının tanınmış jurnalisti Adil İrşadoğlu Malik həkimin Bakı şəhərində məskunlaşdığı evində olmuş və ondan maraqlı müsahibə götürmüşdür. 

Müsahibənin həcmi böyük olduğuna görə onu sizə bir neçə yerə bölərək təqdim edirik. 

2-ci müsahibə də Malik həkimin yaşadığı dövrdən, 1980-90-cı illərdə isə Qarabağda şahidi və iştirakçısı olduğu maraqlı tarixi faktlardan bəhs edir. Videonu izləməyə dəyər. Sağlıqla izləyin...






25 Haziran 2019 Salı

© YOL VERİN, YOL VERİN İGİDLƏRƏ SİZ... (1-ci söhbət).

Azərbaycan Respublikasının tanınmış jurnalisti Adil İrşadoğlu Malik həkimin - Malik Camal oğlu İsmayılovun Bakı şəhərində məskunlaşdığı evində olmuş və ondan maraqlı bir müsahibə götürmüşdür. Müsahibənin həcmi böyük olduğuna görə onu sizə bir neçə yerə bölərək təqdim edirik. Həkimin yaşadığı ilk dövrdən, 1980-90-cı illərdə Qarabağda şahidi və iştirakçısı olduğu maraqlı tarixi faktlardan bəhs edən bu videonu izləməyə dəyər. Sağlıqla izləyin...





20 Mayıs 2019 Pazartesi

17 Mayıs 2019 Cuma

1) MÖHTƏRƏM DOSTLAR, MƏNİMLƏ TƏMASDA QALIN ! ©

VƏTƏN BAĞI AL- ƏLVANDIR , YOX ÜSTÜNDƏ SARI BÜLBÜL ! ©

TANINMIŞ JURNALİST ADİL İRŞADOĞLUNUN 65 İLLİYİ MÜNASİBƏTİLƏ HAZIRLANIB. ©

https://www.facebook.com/A.Irshadoglu.RealistAdil/videos/vl.439382313474305/609240126157221/?type=1


"SƏBR ETMƏYƏN MƏQSƏDİNİ BULAMAZ" ©

FİLM TANINMIŞ JURNALİST ADİL İRŞADOĞLUNUN 65 İLLİYİ MÜNASİBƏTİLƏ HAZIRLANIB. ©

https://www.facebook.com/A.Irshadoglu.RealistAdil/videos/vl.439382313474305/346492612770370/?type=1


İLLƏR SAÇLARIMA DÜZÜLÜB DƏN-DƏN... ©

Əziz qazilər, möhtərəm dostlar, indi sizə təqdim etdiyim bu VİDEO "Qarabağ Qaziləri" və "Vətən Müharibəsi Əlilləri" ictimai birliklərinin öz qərargahlarında keçirdikləri tədbirdə iştirak edə bilməyənlər üçün daha maraqlı olacaqdır. Sağlıqla izləyin...

https://www.facebook.com/A.Irshadoglu.RealistAdil/videos/vl.439382313474305/383251442406631/?type=1

         

AĞAC ƏKƏCƏKDİM, BAĞ SALACAQDIM... ©

Möhtərəm dostlar, indi sizə təqdim etdiyim bu VİDEO Azərbaycan Mətbuat Şurası və Şuranın nəzdində fəaliyyət göstərən Ahıl Jurnalistlər Məclisinin Beynəlxalq Mətbuat Mərkəzində keçirdikləri mərasimdə iştirak edə bilməyənlər üçün daha maraqlı olacaqdır. Sağlıqla izləyin... 

https://www.facebook.com/A.Irshadoglu.RealistAdil/videos/vl.439382313474305/2032937430153004/?type=1






PAYLAŞAQ... MUSİQİNİN MÜŞAYİƏTİLƏ SƏNƏDLİ FİLM. ©

"GƏLİN QARABAĞA BİRLİKDƏ GEDƏK" 

FİLM TANINMIŞ JURNALİST ADİL İRŞADOĞLUNUN 65 İLLİYİ MÜNASİBƏTİLƏ HAZIRLANIB. ©

https://www.facebook.com/A.Irshadoglu.RealistAdil/videos/vl.439382313474305/555621531529671/?type=1


17 Ocak 2019 Perşembe

SİZƏ TƏŞƏKKÜR BORCUM VAR


Xavər Abbasova. 
Tanınmış Jurnalist.


Jurnalistika fakültəsinin bütün tələbələri kimi Adil İrşadoğlu (Əliyev) də mənim üçün çox əziz və doğmadır. Birinci kursun uşaqları bir az ürkək, bir az qorxaq olarlar...

Hərdən fakültənin hansısa otağından eşidilən tarın sarı simlərindən qopan ecazkar musiqiyə həsədlə, oğrun-oğrun qulaq asardım. Və belə günlərin birində məhz fakültə özfəaliyyət dərnəyinin yaradıcısı və rəhbəri Adil Əliyev "kəşf" etdi məni. Musiqiyə olan həvəsim bəlkə də ömürlük qəlbimə gömüləcəkdi. Ama Adil kimi musiqi xiridarı sayəsində "Leyli və Məcnun" tələbələrin ifasında səhnələşdirildi. Və mən "LEYLİ" oldum! Jurnalistika fakültəsinin Leylisi.

Sonra o vaxtlar yeganə kanal olan AzTv - də kəsişdi Adillə yollarımız. Onlar bizdən yuxarı kursda oxuyurdu. Və sözsüz ki, universiteti başa vurub işə başlamışdılar. Mən istehsalat təcrübəsini AzTv - də keçirdim. Adil də orada - "Təbliğat Baş Redaksiyası" nın Sənaye şöbəsində işləyirdi. 

Hər zaman qayğıkeş, hər zaman səmimi, hər zaman xeyirxah əməlləri ilə jurnalistika fakültəsinin tələbələrinə yaxşı tanış olan ADİL İRŞADOĞLU! Sizə bir ömür boyu təşəkkür və minnətdarlıq borcum var. Yubileyinizdə təbrik üçün ürək sözlərimi yazmağa tərəddüd etmişdim. Amma burda qısa da olsa bəzi açıqlamalar verdim. Yaxşımı etdim, pismi, bilmirəm. Bunu deməyə bilməzdim ki, sayənizdə ömür kitabımın səhifələrinə Leyli olmaq düşüb. Sayənizdə çaldığınız tarın ecazkar musiqi sədaları hopub hər birimizin qəlbinə. 

Bir də bax, burada - Facebook adlı məkanda yenidən o günlərə qaytardınız məni. Çox sağ olun, əziz dost! Çox sağ olun fakültənin istedadlı tələbələrini kəşf edib, onların uğurlarına inandığınız üçün! Onlara dəyər verdiyiniz üçün təşəkkür edirəm! 

Sizi hər zaman hörmətlə xatırlayırıq. Bu hörməti biliyiniz, bacarığınız, səmimiyyətinizlə özünüz qazanmısınız! Var olun!

FƏALİYYƏTİNİZ HƏR KƏSƏ NÜMUNƏDİR


Etibar Muradxanlı (Yaqubov). 
Jurnalist, yazıçı-publisist.


Təşəkkürlər, Adil müəllim.

Hərbi jurnalistıkanın sirlərini, mikrofon tutmağı, ssenari yazmağı, veriliş hazırlamağı Sizdən öyrəndiyimiz kimi, cəsurluğu, vətənpərvərliyi, vətənə, dosta sədaqəti, etibarı, mərdanəliyi də Sizdən və Sizin kimi həqiqi vətənpərvər jurnalistlərdən öyrəndik. 

Siz ölümü, şəhadəti göz önünə alaraq daim qaynar nöqtələrdən, döyüş bölgələrindən reportajlar hazirlayan zaman jurnalistikaya yeni gələn bizlər sizdən ilham alır, nümunə götürürdük. 

Bu gün də ağsaqqal bir jurnalist kimi fəaliyyətiniz nəinki gənclərə, hər kəsə nümunədir. 

Biz Sizə minnətdarıq, Adil İrşadoğlu (Əliyev) !


24 Ekim 2018 Çarşamba

ÖMRÜN MƏNASI ONUN UZUNLUĞUNDA DEYİL


Hacı Qubad Həsənzadə. 
İlahiyyatçı - şair.


Dəyərli Adil müəllim - Adil İrşadoğlu, 65 il ömür sürdünüz. 
Bu, bir insan həyatı üçün nə azdır, nə də çox.

Əzizim mənasındadır,  
Dürr  sözün mənasındadır.
Yaş il ilə ölçülsə  də,
Şərt ömrün mənasındadır.

     Bəli, ömrün mənası onun uzunluğunda yox, keyfiyyətində və mənəviyyatındadır. 
İstər keçmiş Sovet dönəmində, istərsə də Sovetdən sonrakı müstəqillik dövrümüzdə ali təhsilli bir  ziyalı və peşəkar jurnalist kimi bütün ömrünüzü canınızdan çox sevdiyiniz xalqımıza və Vətənin çiçəklənməsinə həsr etdiniz. Xüsusən Ermənistanın Azərbaycanla müharibə etdiyi dövrdə cəbhə bölgələrimizdə faliyyətinizi daha da gücləndirdiniz. Zəhmətinizin bəhrəsi olan çoxlu lentləriniz və videolarınız bu gün də milli televiziyamızın arxivlərində qorunmaqdadır. 

     Şükür olsun Allaha ki, enerjiniz bu gün də tükənməmiş və yenə bu və ya digər formada xalqımıza  xidmət etməkdəsiniz. Sizə ömrünüzün bundan sonraki qalan hissəsində də, Allahdan sağlam can və yenə gözəl, davamlı fəaliyyət diləyirəm. Uca Yaradandan bundan sonraki ömrünüzü və fəaliyyətinizi doğulduğunuz əziz Ağdamımızda davan etdirməyinizi arzu edirəm!