16 Mart 2023 Perşembe

YAXŞILIQLARI DAŞLARA YAZAQ...



Habil Surxay oğlu Qurbanov 


İnsan toxumu ana bətninə düşəndən və insan inkişaf edib, doğulub, yaşayıb, qəbir evinə gedənədək - bütün həyatı Tanrı tərəfindən proqramlaşdırılaraq onun beyninə yerləşdirilir. Kainatı, yeri yaradan qüvvə dünyaya göz açan hər bir insana bu yolda müxtəlif qismətlər yazaraq ona yaşam təkanı verir və onu bu dünyada daim imtahana çəkir. Bu yol həmişə hamar olmur. Bu yol daşlı - kəsəkli də olur. Ayağın ilişir, yıxılırsan. Dizin sıyrılır, əlinə tikan batır. Yanında adam olmayanda səni qaldıran, dikəldən olmur. Ancaq tək bir qanun var, nə olursa olsun yola davam etməlisən. Buna görə də özün məcbur olub qalxmalısan. Hər dəfə yıxılanda yenə də qalxmalısan. Ancaq bu acını paylaşdığın biri olmasa rastlaşdığın hadisələr, çətinliklər səni hər şeydən, hər kəsdən soyudar. Həyata və insanlara baxışın dəyişər. Onlara olan inamını itirərsən. Buna görə də hər bir insanın dosta, sirdaşa böyük ehtiyacı var.

Mənim üçün dost müəyyən qədər öz oxşarımdır. Deməli, mən həmin insanda bəzi xasiyyətlərimi və xüsusiyyətlərimi görürəm. Əbəs yerə deməyiblər ki, dostunu göstər sənin kim olduğunu deyim. Növbəti sözlərim isə gənclərimizə daha çox aiddir. Gözləriniz açıq olsun, yanlış adamlarla yaxınlıq etməyin, onları özünüzə dost seçməyin. Fikrimcə bizim yaşadığımız zəmanədə əsl dost tapmaq çox müşkül bir məsələdir. Ancaq dırnaqarası dost tapmaq çox asan bir işdir. Çünki bu dövrün bəzi insanları sənin üzünə gülür, dostum -qardaşım, canım - ciyərim deyir, geridə isə kimlərəsə xoş gəlmək üçün sənin əleyhinə danışır və sənin haqqında olmazın fikirlərini söyləyib ayağının altını qazırlar. Diqqətlə fikir verdikdə görürəm, elə insanlar biri - birinə dost deyirlər ki, onların nə xasiyyətlərində oxşarlıq, nə də fikirlərində az da olsa üst - üstə düşən cəhətlər yoxdur. Lakin onlar elə hərəkət edirlər ki, gendən baxdıqda bir anlıq fikrimdən bu sözlər keçir : sanki Tanrı bu insanları oxşar yaradıb. Ancaq elə ki, bir balaca biri - birilərini acılayırlar və yaxud da hansınınsa söylədiyi fikir digərinin ürəyincə olmadıqda ara qarışır, məzhəb itir. Biri - biriləri ilə dost olduqlarını unudub başlayırlar sirlərini və ya hər hansısa birinin etdiyi yanlış hərəkəti başqalarına danışmağa. Daha düşünmürlər ki, axı biz dostuq. Nəhayət məlum olur ki, o insanlar ya pul, ya vəzifə, ya da hər hansısa bir mənfəət qarşısında dırnaqarası dost olublar. Dost seçərkən ehtiyatlı olun. Seçdiyiniz dosta hər zaman sadiq qalın. Çünki əsil dost həyatda oldu, olmadı sənin üçün ən qiymətli varlıqdır.

Habil Surxay oğlu Qurbanov mənim uşaqlıq dostumdur. Şükürlər olsun ki, Habil müəllimlə dostluğumuz bugünədək davam edib. Mənə elə gəlir ki, bu dostluq biz dünyamızı dəyişənədək davam edəcək. Biz Ağdam şəhər 1 saylı tam orta məktəbdə birlikdə təhsil almışıq. Elə ilk gündən biri - birimizə rəğbətimiz yaranıb. Yaxınlaşmışıq, yoldaşlıq etmişik və sonda dost olmuşuq. Ağdam şəhər 1 saylı orta məktəb Habilgilin evinin yaxınlığında yerləşirdi. Bizim də evimiz Ağdam şəhərinin mərkəzində idi. Dərsdən sonra biz biri - birimizi evə dəvət edirdik. Biri - birimizə elə öyrəşmişdik ki, mən Habili, Habil məni görməyəndə darıxırdıq. Birlikdə nahar edirdik, dərslərimizi hazırlayırdıq. 

Bir gün Habil öz evlərindəki musiqi alətini - tarı gətirib mənə verdi ki, ifa et. Tar çaldığım zaman onun rəhmətlik atası Surxay müəllim evinə gəldi. Bizimlə görüşdü və mənimlə tanış olmaq üçün kim olduğumu soruşdu. Mən də adımı, soyadımı və atamın adını bildirdim. Surxay müəllim mənim başımı sığalladı və üzümdən öpdü. Dedi ki, Habil, bilirsən bu Adil sənin qohumundur ? Adil mənim əziz qohumum İrşad Məhəmməd oğlu Əliyevin oğludur. Adillə dostluq etməyinə icazə verirəm. Dostluğunuz möhkəm olsun...

Beləliklə, rəhmətlik Surxay və İrşad müəllimin övladlarının dostluğuna xeyir - dua verildi.



Ağdam şəhəri 1 saylı orta məktəbin 

1-ci sinfini başa vurarkən çəkdirdiyimiz foto - 1962

 

Habilin əmisi oğlu İlham Qurbanov və əmisi qızı Sədaqət Qurbanova da bizimlə bir sinifdə oxuyurdular. Sədaqət sinif nümayəndəsi idi. Onun boyu uşaqların boyundan hündür idi. Hamı ondan çəkinirdi, hamı onun hörmətini saxlayırdı. Sanki böyük bacımız idi. Habil nadinc idi. Yetənə yetirdi, yetməyənə daş atırdı.

Mən də ona qoşulub dəcəllik edirdim. Bizim qonşumuzda rəhmətlik Əyyub müəllimin və Şükufə xalanın qızı Gülnaz Əhmədova yaşayırdı. Gülnaz da bizimlə bir sinifdə oxuyurdu. Mənim dərsdən sonra Habillə birlikdə küçədə nadinclik etməyimi evə çatan kimi anam Qənirə müəlliməyə çatdırırdı. Rəhmətlik anam da məni dəcəllik etdiyimə görə cəzalandırırdı. Yox, Gülnaz işverən deyildi. O, məni təhlükələrdən qorumaq üçün belə edirdi. Mən anama Gülnazla eyni sinifdə oxumaq istəmədiyimi bildirdim. Ancaq anam paralel sinfə keçməyimə icazə vermədi. Mən Gülnazla günaşırı dalaşırdım. Nəhayət Gülnaz sinfini dəyişəsi oldu.

Habil də, mən də idmanı çox sevirdik. İdmanın bir neçə növünə maraq göstərirdik. İdmanın güləş, futbol, həndbol, basketbol növləri bizi daha çox cəlb edirdi. Bundan başqa "Əmək təlimi" dərsində Müzəffər müəllimin köməyilə uşaq oyuncaqları düzəltməyi çox sevirdik. "Pionerlər evinə", rəhmətlik Kamal müəllimin yanına rəqs öyrənməyə gedirdik. Bütün bunlarla yanaşı Ağdam musiqi məktəbinə də davam edirdik. Orta məktəb dərslərimizə isə çox ciddi hazırlaşırdıq. İndi bunları fikirləşəndə təəccüblənirəm ki, biz bu qədər işin öhdəsindən necə gəlirmişik. İndiki uşaqların maraq dairəsi tamam başqadır. Onlar özlərini bizim qədər yükləsələr məncə başlarını itirərlər, bu qədər işin öhdəsindən gələ bilməzlər...




Bu cümlələrimi yazarkən yadıma bir rəvayət düşdü. Başağrısı olmasın, rəvayəti söyləyəcəm. Çünki məqamı gəlib.

Uşaqlıq dostu olan iki mömin uzaq səfərə çıxır. 

Səfər günlərindən birində onların arasında mübahisə düşür və dostun biri digərinə sillə vurur. 

İncik düşən dost bir söz demədən dostunun üzünə baxır, sonra qum üzərinə bu sözləri yazır: 

"Bu gün uşaqlıq dostum mənə sillə vurdu".

Beləcə onlar yollarına davam edirlər, nəhayət, bir meşəyə çatırlar. Sillə vurulan dost meşədəki bataqlığa düşür. Dostu onu xilas edir. 

Xilas olan dost bu dəfə daşın üzərinə bu sözləri yazır:

"Bu gün dostum həyatımı xilas etdi".

Dostu ondan soruşur:

- Bir neçə gün əvvəl sənə sillə vurduqda bunu qumun üzərinə, indi xilas edəndə isə daşın üzərinə yazdın. Bunların mənası nədir?

Xilas olan dost belə cavab verir:

- Biri xətrimizə dəydikdə bunu qumun üzərinə yazmalıyıq ki, mərhəmət küləyi onu tez silib bizə unutdursun. 

Biri yaxşılıq etdikdə isə onu daşın üzərinə yazmalıyıq ki, bizim də, əbədi olaraq başqalarının da xatirində qalsın. Ey insanlar, acıqlarımızı quma, yaxşılıqlarımızı isə daşlara yazmağı öyrənməliyik !

&

Rəhmətlik Surxay Qurbanovun ailəsinin, eləcə də bu ailənin layiqli davamçısı Habil Qurbanovun insanlara etdiyi yaxşılıqların əksəriyyəti daşların üzərinə yazılıb. İnsanlar nəinki Qarabağda, Azərbaycanın digər bölgələrində də bu ailəni xeyirxahlıq mücəssəməsi kimi tanıyırlar. İndi Habil müəllimin 60 yaşını qeyd edirik. Vaxt nə tez gəlib keçdi, İlahi... Bir də ayıldıq ki, altmışı haqlamışıq. Əziz dostum, sirdaşım, qohumum Habil müəllim, bu əlamətdar gündə arzum budur ki, canınız daim sağlam olsun, uzun və mənalı ömür yaşayasınız, işlərinizdə uğurlar daim yol yoldaşınız olsun. Allah bizə düşmənin tapdağı altında inləyən torpaqlarımızı xilas etməyi nəsib etsin. Amin...


© Hörmətlə, Adil İrşadoğlu (Əliyev).

Veteran televiziya və qəzet jurnalisti,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1980),

1-ci Qarabağ Müharibəsinin iştirakçısı, qazi (1988-1996).

Ağdam - Bakı, 10.01.2015.


Hiç yorum yok: