Qarabağ həqiqətlərindən: erməni vəhşiliyindən, səngərlərdə keçən ağır günlərdən, yalnız "Vətən" deyib irəli atılan igid oğullarımızdan, didərginliyə, köçkünlüyə qəmli notlarla köklənən soydaşlarımızın ürək dağlayan iztirablarından bəhs edən daha bir kitabla üz-üzəyik. Müəllifi isə Qarabağ qazisi, şəhid atası Hacı Əkbər Rüstəmovdur. O Hacı Əkbər Rüstəmov ki, Vətənin keşiyində üç oğlu ilə birgə dayanıb, oğullarından birini bu yolda qurban verib. Ancaq xəyanət nəticəsində məğlubiyyətin amansız cənginə düşüb, qismətinə iyirmi yeddi il el-obasından ayrı, həsrət nalələri ilə yaşamaq düşüb. O da qələmi ilə təsəlli taparaq cəbhə xatirələrini vərəqlərə köçürüb, ürəyinin yanğısını belə söndürməyə çalışıb.
"Qayıt, gəl!" adlandırılan bu kitaba müəllifin səngərlərdə olarkən qələmə aldığı qeydləri, ayrı-ayrı vaxtlarda "Qarabağ", "Ədalət", "Ana torpaq" qəzetlərində çap edilən "Dizimiz qatlanmamış keçməliyik", "Vətəni azad etməliyik", "İndi şəhid verən Azərbaycanın bir gün çox amansız intiqamı var", "Ana torpağı qoruyan ölməz" və s. bu kimi məqalələri, eləcə də müharibə qəhrəmanlarından bəhs edən, didərginlikdən doğan üzüntüləri özündə daşıyan yazıları daxil edilmişdir. Sonluqda isə şəhid atasının, el qəhrəmanının ağı və nalələlərlə dolu bayatıları, Sarvan Şamiloğlunun keçmiş döyüşçüyə həsr etdiyi şeiri qarşılayır bizi.
Toplanan məqalə və qeydlər mövzuca rəngarəng olsa da, hamısını bir qayə, bir amal birləşdirir. Vətən! Və Vətənin azadlığı istəyi. Kitabın əvvəlindən sonuna qədər "Ana torpaq", "Vətən" , "Ağdam", "Qarabağ", - deyib imdad diləyən müəllifin bu hayqırtıları ağrılı olsa da, başa düşüləndir.
Ümumiyyətlə, kitab boyu müəllif qarşımıza bir neçə obrazda çıxır. Məğlubiyyət acısını dadmış, lakin bu məğlubiyyətlə barışa bilməyən komandir, övladını Vətən yolunda qurban vermiş şəhid atası, tələbələrinə və əsgərlərə qayğı ilə yanaşan qayğıkeş yoldaş, müəllim, dost, yoldaş itkisinin ağrısını ürəyində gəzdirən vəfalı dost və nəhayət, vətənsizlik girdabına yuvarlanan vətəndaş və didərgin. Elə bununla da bu qədər ağır yükü qəlbində necə daşıdığına, bu qədər ağrı-acını, xəyanəti gördükdən sonra da cavabsız qalan bu nalələrlə necə ümidini itirmədiyinə heyrət edirik. Kitabı yenicə əlimizə alırıq ki, bir Vətən oğlu kimi ana torpağın bütövlüyü uğrunda etdiyi bütün fədakarlıqlara baxmayaraq, məğlubiyyətlə üz-üzə qalmış və bunu heç cür qəbul etmək istəməyən bir döyüşçünün birliyə çağırış nidaları və bu yolda imdad diləyi qulaqlarımızda cingildəyir. "Qalx ayağa, Vətən oğlu", "Gənc Azərbaycan əsgəri" başlıqlı yazılarında ürək ağrısı və böyük yanğı ilə hamını ayağa qalxmağa, geriyə - tapdaq altında qalıb haray çəkən Vətənə dönməyə, ona qovuşmağa səsləyir və hətta bu zaman təkcə Qarabağ üçün yox, Zəngəzur, Göyçə mahalı üçün də geri qayıtmağı, vuruşmağı arzu edir: "Əsrin əvvəllərində və ondan da qabaq düşmən yurdlarımızı taladı, İrəvan, Göyçə, Zəngəzur qan ağladı, möhkəm tora salındı türk milləti. İndi məqam sənindir, irəli, irəli, Milli Ordu Əsgəri!" Nə qədər ağrılı olsa da, bu bir həqiqətdir ki, bu çağırışı edərkən artıq müəllif Vətən yolunda bir övladını itirmişdir. Abdal-Gülablı uğrunda gedən döyüşlərdə Sənan Rüstəmov şəhidlik məqamına ucalmışdır. Müəllifin "Biz qalib gəlmək üçün vuruşurduq", "Dizimiz qatlanmamış keçməliyik", "Şəhidi ağlamazlar", "Ana torpağı qoruyan ölməz", "İndi şəhid verən Azərbaycanın bir gün çox amansız intiqamı var" başlıqlı məqalələrində oğlu şəhid Sənanı iftixar hissi ilə andığının, onunla necə qürur duyduğunun da sanki canlı şahidinə çevrilirik sətirlərdən. Bütün bu olanlardan sonra "Vətən sağ olsun", - deyib qələbəyə ümidini itirməyən və bunun üçün hələ də silahını yerə qoymayan, qəlbi Vətənə sevgisi ilə döyünən bu qəhrəman döyüşçü bütün varlığı və canıyla yenə qalan iki övladını da götürüb Vətənin müdafiəsinə qalxmağa hazırdır.
Bəzən bircə cümlədən belə aydın olur ki, qəhrəman döyüşçünün düşmənə nifrət və kini nə qədər sonsuzdursa, səngərlərdə gecəsini gündüzünə qatan, soyuq torpaqlarda xəstəliyə tutulan, buna baxmayaraq, yüksək iradə və əzm göstərən əsgərlərə mərhəməti də o qədər ölçüyə gəlməzdir. Müəllif etiraf etməsə belə, yenə sətirlərdən duyuruq ki, onların hər biri ilə öz övladı kimi davranır, çətin anlarda hər birinin qayğısına qalır, dərdlərinə şərik çıxır. "O günü unuda bilmərəm" məqaləsindəki kiçik bir epizodda məhz bu cür qayğıkeşliyin şahidi oluruq və eyni zamanda da müəllifin təvazökarlığına "Əhsən", - deyir, onunla fəxr edirik.
Müharibədə şəhid olan oğullarımızla yanaşı, müharibənin ağrı-acısını, səngərlərin buz kimi soyuğunu, gərginliyini, həyəcanını müharibədən sonra da özü ilə arxa cəbhəyə daşıyanlar var ki, onlar da gənc yaşlarında həyata "əlvida" demiş, ömürlərini bu cür fəda etmişlər. Kitabda adı çəkilən Yaşar, Vüqar, üç övladı ilə silaha sarılıb son günə qədər döyüşən Sərdar kimi belə igidlərimizlə "Bir xatirə qoyub getdim", "Vüqarlı Vüqarım mənim", "Əlvida, Vətən oğlu" məqalələrində tanış oluruq.
Hacı Əkbər Rüstəmov Vətənin bütövlüyü uğrunda çətin məqamlarda Vətən üçün görülən hər bir işi yüksək qiymətləndirir, fəaliyyət sahiblərini minnətdarlıqla yada salır. Belə ağır günlərdə top-mərmi yağışı altında hər an ölümlə üz-üzə dayanaraq döyüş səhnələrini kadrlara köçürmək, qəhrəman əsgərlərimizin müharibə anlarını lentlərə daşımaq, reportajlar hazırlamaq və sonra dünyaya və elə gələcəyə çatdırmaq da silahla vuruşmağa bərabər idi. Adil İrşadoğluna həsr olunmuş "Onunla Ağdamdan tanışdıq", Babək Quliyevdən bəhs edən "Sağ ol, Babək" başlıqlı qeydlərdə də bu cür əməyin unudulmadığını və necə faydalı olduğunu müəllifin dilindən bir daha duyuruq: "Yaxşı ki, Babək və Seyidağa Mövsümoğlu kimi oğulları varmış Vətənimin. O günlərin, o illərin həqiqətlərini düzü-düz, əyrini-əyri çəkib bu günlərə tarix kimi saxlayıblar. Yaxşı ki, o günlərin, o illərin videoçəkilişləri gələcəyə ötürülür. Əsl həqiqətlər yaşayır".
Döyüş başlanan gündən övladları, dostları, tələbələri və ümumiyyətlə, Ağdamın igid, say-seçmə oğulları ilə birgə meydanları, səngərləri bir an tərk etməyən, Vətənin keşiyində ayıq-sayıq dayanan komandirimizin qismətində xəyanətin qurbanı olmaq, didərginlik həyatı yaşamaq da varmış. Müəllif bir tərəfdən Vətən itkisi ilə, bir tərəfdən də köçkün, didərgin adı ilə göz-gözə gəlməli olur. Didərgin, köçkün kəlməsini ən ağır təhqir kimi qəbul edən Ə.Rüstəmov dönə-dönə "Mənə qaçqın deməyin", "Birisi mənə rişxəndlə qaçqın dedi" və s. bu tipli yazılarında "Dözərəm bu tənələrə, dözərəm bu ağrılara, acılara, təki Vətən azad olsun... Söyün, döyün, təhqir edin, mənə qaçqın deməyin!" - deyərək bu damğaya öz etirazını bildirir. Bu üzdən daim geriyə -Vətənə sarı boylanır və özünü günahkar sayır. Vətəni yağıların ayaqları altında inləyərkən dörd divar arasında oturmağı ar bilir, qəlbi hər an savaş arzusu ilə çırpınır və inanır ki, yenidən silaha sarılacaq və o torpaqlar azad ediləcək. Elə bu arzu ilə də üzünü Vətənə tutub səslənir: "Yox, dözəcəyəm, dözəcək bu dərdə eşqinlə döyünən ürəyim. Görüşünə mütləq gələcəyəm, torpağını öpüb, öpüb, sonra da öləcəyəm..." Beləcə, arzular gerçəkləşir, iyirmi yeddi ildən sonra müəllifin də dediyi kimi, şir ürəkli qəhrəmanlarımızın sayəsində üzlər gülür, didərgin, məcburi köçkün damğası tarixə dönür.
Bədiiliyin və publisistikanın bir-birini sürətlə əvəz etdiyi bu kitabda eyni zamanda işğal edilmiş bəzi rayon və kəndlərimizlə bağlı tarixi faktlara da geniş yer verilmişdir.
Bu kitab I Qarabağ müharibəsində müəyyən situasiyaları araşdırmaq, əsgərlərimizin səngər həyatını, işğala məruz qalmış ərazilərimizlə bağlı tarixi faktları, qəhrəmanlarımızın həyatını öyrənmək baxımından böyük əhəmiyyət daşıyır.
Səltənət Əliyeva.
Filologiya üzrə fəlsəfə doktoru.
525-ci qəzet / 525.az
19.07.23 20:00