17 Ekim 2018 Çarşamba

QARDAŞIM QƏDƏR SEVDİYİM İNSAN


Qəşəngi Əliyeva. 
Jurnalist, Azərbaycan Dövlət Televiziya və 
    Radio Verilişləri Komitəsinin sabiq əməkdaşı.     

                             
     Məktəb illəri ilə vidalaşıb universitetə qədəm basanda elə bilirdik ki, nağıllar aləminə düşmüşük. Biz çox savadlı, tələbkar müəllimlərin və istedadlı tələbə yoldaşlarımızın əhatəsində özümüzü xoşbəxt sanırdıq. Belə xoşbəxtlərdən biri də elə Adil idi. O, ilk baxışdan çox ciddi və təkəbbürlü görünsə də, əslində sadə, təmiz qəlbli və səmimi bir gənc idi. Mən deyərdim ki, Adildə biraz da ağayanalıq hiss olunurdu. Bu da yəqin onun qədim Qarabağ torpağının sayılıb-seçilən bəy nəsillərindən birinin nümayəndəsi olmasından irəli gəlirdi. Gözəl Ağdamın ziyalı ailəsində boya başa çatması onun davranışlarında özünü göstərirdi. Adil az danışardı, müsahibini dinləməyi bacarırdı və etika qaydalarını həmişə gözləyirdi. O, kimin üçünsə Ağ Atlı oğlan, mənə görə isə xətrini doğma qardaşım qədər istədiyim qrup yoldaşım idi. 

     Jurnalistlik bacarığı ilə yanaşı Adil həm də tarda gözəl ifa edirdi. Bəzən universitetdə keçirilən tədbirlərdə Adil tarı bağrına basıb çalar, Mustafa isə qavalı əlinə alıb muğamlarımızı oxuyardı. Yeri gəlmişkən tanınmış yazıçı-jurnalist Mustafa Çəmənli də bizim tələbə yoldaşımız olub. Azərbaycan muğamlarını mənə sevdirdiklərinə görə hər ikisinə minnətdaram.

     İstedadlı və tanınmış telejurnalist Adil İrşadoğlu ilə biz əvvəlcə tələbə, sonralar isə təyinatla getdiyimiz AzTv-də iş yoldaşı olmuşuq. Biz bir idarədə işlədiyimizə görə dəhlizdə Adillə tez-tez rastlaşardıq, bir-birimizdən hal-əhval tutardıq. 
İllər keçdikcə Adili hər dəfə televiziya ekranlarında əynində hərbi geyim, əlində mikrofon Qarabağın cəbhə bölgələrindən verilişlər hazırlayarkən görüb qürur hissi keçirirdim. Adil İrşadoğlu Azərbaycan Televiziyasının canlı və şanlı tarix yazan, efirlərdə yeri görünən jurnalistlərindən biridir.

     Əziz qardaşım Adil, səni yubileyin münasibəti ilə ürəkdən təbrik edir, sənə can sağlığı, jurnalistlik fəaliyyətində uğurlar arzulayıram. Həmişə belə cavan qal, ailənlə xoşbəxt ol, yazan əlin yorulmasın! 65 yaşın qədəmi sənə düşərli olsun!

İLLƏR ÖMÜRLƏRİN SONU DEYİLDİR, İLLƏR ÖMÜRLƏRİN SAHİLLƏRİDİR


Elmira Mehdiyeva. 
“Zaqatala” qəzetinin redaktor müavini, 
Əməkdar Mədəniyyət İşçisi.

                                                  
     Biz istəsək də, istəməsək də hər ötən il ömrümüzdən bir yarpaq düşür. Bu həyatın qanunudur. Gənclik illərində, hələ hər şeyin qabaqda olduğunu düşündüyümüz vaxtlarda bunun fərqinə varmırdıq.  Elə ki insan  bəlli bir yaşa gəlib çatır, dərk edir ki, həyatda bir arxada qoyduğun illər var, bir də bu gün. Bir saat sonra nə olacağı hələ heç kimə bəlli deyil. Lakin həyat fəlsəfəsi belədir ki, sonranı düşünmədən, sabah üçün şirin xəyallar qurmadan yaşaya bilmirsən.

     Bir zamanlar, keçən əsrin 70-ci illərində bizlər də respublikamızın ən müxtəlif guşələrindən gəlib Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakultəsində təhsil alırdıq. Amalımız bir, məqsədimiz bir olduğu üçün çox tez bir- birimizə qaynayıb qarışmışdıq. Təkcə eyni kursun, eyni qrupun tələbələri deyil fakultənin bütün tələbələri arasında səmimi bir münasibət, salam-kalam var idi. Bəlkə də buna səbəb fakultəmizin Universitetin əsas binasında yer olmadığı üçün ayrıca binada, Yefim Saratov  (buna öz aramızda Yetim Saratov deyərdik) küçəsində mütəvazi bir binada yerləşməsi idi. Müəllimlərimiz də bizimlə çox səmimi idilər. Fakultəmizdə demokratik bir əhval-ruhiyyə var idi. Bax, elə o illərdə Adillə bir qrupda oxumasaq da tələbə yoldaşı idik. Tələbələrimiz arasında olan bu münasibətlər bu günə qədər davam edir və mən deyərdim ki, jurnalistika fakultəsi bizə yalnız təhsil verməyib, bizə gözəl dostlar qazandırıb. Elə dostlar ki, o dostluqda təmənna yoxdur, o dostluqda sədaqət var, hörmət var, qarşılıqlı ehtiram var. Adil qardaşımla da bizim dostluğumuz bax belə bir təməl üzərində qurulmuşdu.

     İş elə gətirdi ki, bizim hər ikimiz Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində (80-90-cı illərdə belə adlanırdı) işimizi davam etdirməli olduq. Mən radionun Zaqatala bölgəsi üzrə təmsilçisi idim, Adil isə televiziyada çalışırdı. Tez-tez rastlaşır, hal-əhval tuturduq.

     Və 90-cı illər. O illər ki, üzümüzdən sevinci sildi, düşüncələrimiz paramparça oldu. Qarabağda savaş gedirdi. Süfrəmizin başında oturtduğumuz ermənilər öz havadarlarının dəstəyi ilə məkrli siyasətlərini mərhələ mərhələ həyata keçirirdilər. Belə günlərin birində Adillə rastlaşdım. Çox kədərli idi. O, Televiziyanın “Hərbi Vətənpərvərlik və Salnamə Baş Redaksiyası”nda çalışırdı və Qarabağ döyüşlərinin ən qaynar nöqtələrindən çəkilişlər edir, verilişlər hazırlayırdı. Şəhidlərimiz haqqında süjetlər çəkirdi. “Mənimçün çox ağırdır”, - dedi. “Doğulub boya-başa çatdığım yerlərin darmadağın edilməsinə, igid oğullarımızın şəhid olmalarına dözə bilmirəm.  Ağdama nə qalıb ki. Amma bu tarixi kadrları çəkmək bizim borcumuzdur. Çəkdiklərimizin isə onda biri efirə getmir”.

     Adilin qara saçları arasınsa elə bu vaxtı ağ tellər gördüm. “Mən Ağdama getmişdim, dedim. Muğanlıda, Papravənddə oldum. Cəbhə xətti artıq bir addımlıqdadır. Orada Zaqatala batalyonunun döyüşçüləri vuruşurlar. Onlardan radio üçün silsilə verilişlər  hazırlamışam. Ağdam şəhər 1 nömrəli məktəbdə yerləşən qospitalda yaralı döyüşçülərdən müsahibə aldım.”  Bunu dediyim vaxt Adil dərindən ah çəkdi və dedi: Bilirsən Elmira, mən həmin məktəbi bitirmişəm. Mənimçün çox ağırdır.

     Bəli, Adil üçün o illər çox ağır idi. Lakin ən ağırı Ağdamın da işğalı oldu. Ağdamda onun doğmalarının qəbirləri qaldı, Ağdamda Adilin uşaqlığı qaldı, xatirələri qaldı, vətəni qaldı. Onun sızlayan qəlbi bu günə qədər təsəlli tapmayıb. İllər Adildən bax du dəyərli sərvətləri aldı getdi. Onun ürəyini sızlatdı, qəlbini inlətdi. Bu sızıltı, bu inilti heç susmadı.
Adil Qarabağ dərdi ilə yaşadı. 1994-cü ilin yazı idi. Adillə televiziyanın həyətində yenə rastlaşmışdıq. “Fikirli görsənirsən, bacım, - dedi. Hə, Adil, bir az qayğılıyam,- dedim. Bilirsən, Zaqataladan Füzuli istiqamətində döyüşlərdə bir qızımız qəhrəmancasına şəhid olub, Sədaqət Rəcəbova, Şəhidlər xiyabanında uyuyur. Bir azdan şəhid olmasının bir ili bitir.İstərdim ki, onun haqqında sənin verilişində bir süjet getsin. Adil cəld cavab verdi,- burda çətin nə var ki, mən hazır.” Biz birlikdə şəhidlər xiyabanına getdik və Sədaqətin qəbrinin üstündə ilk süjeti çəkdik.

     Mən Zaqatalaya qayıtdım. Bir həftə keçmədi ki, Adil "Vətən Səyyar Briqadası” ilə Zaqatalaya gəldi. Bu o vaxtlar idi ki, Zaqatalada axşamlar demək olar ki, işıq olmurdu. Lampa işığında keçinirdik. Həyat yoldaşım (o da bizim jurnalist həmkarımızdır və fakultəmizin məzunudur) Adilgili heç yana getməyə qoymadı. “Evimizə nə gəlib ki, ürəyimiz geniş olsun, - dedi.”  Səhər Sədaqətin doğulub boya-başa çatdığı ucqar dağ kəndinə, Sabunçu kəndinə anası və ailəsi ilə görüşmək üçün yolçuluğumuz var idi. O axşam süfrə arxasında, lampa işığında nələrdən danışmadıq. Adilin operatoru Tahir Qarayev idi. O Tahir ki, Adil sonralar onun haqqında yazırdı: “QARABAĞ SAVAŞINDA MƏNİMLƏ BİRGƏ QANLI HADİSƏLƏRİN ŞAHİDİ OLAN VƏ O HADİSƏLƏRİ VİDEO LENTƏ KÖÇÜRÜB ONLARI TARİXİLƏŞDİRƏN, QARABAĞI VƏ DİGƏR TORPAQLARIMIZI, EYNİ ZAMANDA UŞAQLIQ DOSTU JURNALİST ADİL İRŞADOĞLUNU CANINDAN ARTIQ SEVƏN VƏ ONU DAİM DÜŞMƏN GÜLLƏSİNDƏN QORUYAN REPORTYOR, TELEOPERATOR TAHİR QARAYEV”. Tahir müəllimin necə vətənpərvər oğul olduğunu, Adilnən birlikdə bu savaşı kino lentinin yaddaşına necə çətinliklə, düşmən gülləsinə sinə gərərək köçürdüyünü, tarixi kadrların bir çoxunu hətta gələcək üçün gizlətmək məcburiyyətində qaldıqlarını öyrəndikcə gələcəyə inamımız artırdı. Həmin günlərin xatirələrini Adil özü də tez-tez yada salır. Bəlkə də bunları yazmaqla məqsədimdən bir qədər uzaq düşmüşəm, amma belə düşünmürəm. Bütün bunlar bu gün 65 yaşını qeyd etdiyimiz Adil İrşadoğlunun şərəflə, ləyaqətlə keçdiyi ömür yoludur. Onun xarakter xüsusiyyətlərini, sözü bütövlüyünü, vətənpərvərliyini, dostluğunu, Azərbaycançılığını göstərən həyat cizgiləridir.

     İllər gəlib keçsə də, həyatımızı dəyişsə də Adil dəyişməyib. Nə qədər ki, Qarabağ işğaldan azad olmayıb onun qəlbi sakitlik tapmayacaq. Bu gün Adil öz savaşını İrşadoğlu kimi “İrşadTV”-də aparır. Orada öz sözünü deyir: ” 22 İLDƏN ÇOXDUR Kİ, NƏ YEDİYİMİ, NƏ İÇDİYİMİ BİLMİRƏM. ELƏ HEY DƏQİQƏLƏRİ, SAATLARI, GÜNLƏRİ, AYLARI, İLLƏRİ SAYMAQLA PROBLEMLƏR İÇƏRİSİNDƏ ÖMÜR KARVANIMLA GƏLİB AHIL YAŞIMA ÇATDIM. HƏLƏ DƏ VƏTƏNDƏ VƏTƏNSİZ YAŞAYIRAM.
SƏN DEMƏ ÜZÜM BƏRK İMİŞ. DÖZÜRƏM BU AYRILIĞA, HƏSRƏTƏ, İZTİRABA... GÖZLƏRİM DAİM YOLLARA DİKİLİ QALIB. ƏZİZLƏRİM ÜÇÜN ÇOX DARIXIRAM. ÖLKƏ BOYU PƏRƏN-PƏRƏN DÜŞMÜŞ ELLİLƏRİMİN, QOHUMLARIMIN HƏSRƏTİ MƏNİ ÜZÜR. ÜRƏK XƏSTƏSİ OLMUŞAM. BAX, BUNLARA GÖRƏ, QƏLBİM DAİM SIZLAYIR...”

     Bir az da döz, Adil qardaşım. O gün gələcək, o gün ki, Mehdi babandan miras qalmış milli Qarabağ atlarını minən qəhrəman oğullarımız bizi Qarabağa aparacaq. Qarabağ bizim olacaq. Bax onda sən ömrünün gözəl sahilinə, cənnətməkan Qarabağa yan alan illərin gəmisində olacaqsan. Sənə o illərə yetişməni arzu edirəm.

TAR, QƏLƏM, SİLAH, KAMERA VƏ... ADİL İRŞADOĞLU


Məzahir Süleymanzadə. 
Yazıçı-jurnalist, Əməkdar Mədəniyyət işçisi, 
Ali Media mükafatı laureatı.


 ...Tələbəlik illərimi tez-tez xatırlayıram. Bizim xoşbəxtliyimiz onda idi ki, hansı kursda oxumasından asılı olmayaraq hamı bir-birini yaxşı tanıyırdı. Fakültəmizin məskunlaşdığı Yefim Saratov küçəsindəki balaca, bir-neçə otaqlı ağ binada o qədər doğmalıq, o qədər səmimiyyət var idi ki...Hələ mən buradakı yaradıcılıq mühitini demirəm. Özü də söhbət təkcə jurnalist yaradıcılığından getmir. Fakültəmizdə gözəl səsi, ifaçılıq qabiliyyəti, rəssamlıq bacarığı olan o qədər tələbə var idi ki...

     Onları xatırlayanda ilk növbədə Adil İrşadoğlu, Mustafa Çəmənli, Ağamalı Sadiq Əfəndi, Xavər Abbasova, Rafiq Hacıyev, Abdulla Məcidov, Cəlal Yaquboğlu...yadıma düşür. Hətta tələbələrimiz dahi Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasını tamaşaya da qoymuşdular. Əlbəttə, bizdən iki kurs yuxarıda oxuyan Adil İrşadoğlu bədii özfəaliyyətdə xüsusi fəallığı ilə seçilirdi. Ağdamda müsiqi təhsili almışdı, muğamlarımızı, xalq mahnılarımızı məharətlə ifa edirdi. Tələbə-xanəndələri müşayiətinə isə söz ola bilməzdi. Məşq zamanı küçədən keçənlər ayaq saxlayıb tələbələrimizin ifasını dinləyərdilər. Əlbəttə, Adilin fəallığı, təşkilatçılıq qabiliyyəti fakültəmizin nüfuzunu artırmışdı. Bizim tələbə-müsiqiçiləri tez-tez başqa institutların tədbirlərinə qonaq çağırardılar...

     Adil İrşadoğlu fakültəmizi məndən iki il əvvəl bitirib Azərbaycan Milli Televiziyasına işləməyə getdi. Amma bu, bizi ayırmadı. O zaman mən "Televiziya Tələbə Klubu" verilişinin aparıcısı idim. Adillə tez-tez görüşürdük. Adil İrşadoğlu tez tanındı, ad-san qazandı. Televiziya mütəxəssisləri arasında adı hörmətlə çəkilirdi...Amma biz Qarabağ müharibəsinin ilk illərində Adili daha yaxından tanıdıq. Səsi daim səngərdən gəlirdi. Düşmənə qarşı həm kamera, həm də silahla döyüşürdü...Hər dəfə Adili ekranda görəndə onun peşəkarlığına heyran qalırdıq. Adilin çəkdiyi süjetlər, cəbhə bölgəsindən hazırladığı reportajlar bu gün də aktuallığını itirmir.

     Adil İrşadoğlu bir müddət televiziyadan ayrılsa da öz sevimli peşəsindən - jurnalistikadan uzaqlaşmadı. O dövrün nüfuzlu qəzetlərində çalışdı, sənədli filmlər çəkdi, ordu quruculuğunun ilk illərinin salnaməsini yaratdı. Sosial şəbəkə istifadəçiləri bu gün də Adilin çəkdiyi süjetlərə maraqla baxır, onun xatirələrini oxuyurlar. 

     Adil İrşadoğlu yaradıcılığı gənc jurnalistlərə örnəkdir. O, sözün həqiqi mənasında canlı məktəbdir. "Vətən" sözü dilindən düşməyən, Ağdam həsrəti qəlbini dəlib-deşən Adil İrşadoğlu gecə-gündüz çalışır, salnamə yaradır...

     Bu yaxınlarda həmişə adını hörmətlə çəkdiyimiz, yaradıcılığına ehtiramla yanaşdığımız Adil İrşadoğlunun 65 yaşı tamam olacaq. Biz onu yubileydən-yubileyə yox, hər gün hörmətlə yad edirik, çəkdiyi filmlərə təkrar-təkrar baxmağa, səsini eşitməyə ehtiyac duyuruq. Torpaq, yurd həsrəti ilə yaşayan həssas qəlbli yaradıcı adama nə arzulamaq, onu necə ovundurmaq olar...Tələbəlik dostuma can sağlığı, uğurlar diləyirəm, onu kamera çiynində tezliklə doğma Ağdam küçələrində görmək istəyirəm...

16 Ekim 2018 Salı

DÖYÜŞLƏRDƏN KEÇƏN ÖMÜR YOLU


Zərifə Bəşirqızı 
(Namazova-Hüseynova). 
“Xalq qəzeti”nin müxbiri.


     Özəl insan, cəsur və fədakar dost insan həyatında bir, ya iki olar. Mənim tələbə yoldaşım, birinci Qarabağ müharibəsinin başlandığı vaxtdan bəri bir çox hadisələri videolentə köçürüb verilişlər hazırlayan, tay-tuşlarının böyük əksəriyyəti Bakıda, isti yorğan altında xumarlananda gününü cəbhə bölgələrində keçirən istedadlı, təcrübəli, telejurnalist Adil İrşadoğlunun (Əliyev) dostları isə  mən deyərdim ki, saya hesaba gəlməz... 

     Adil tələbəlik illərində istər tərbiyəsi, istər təhsilə marağı, istər mədəni-kütləvi tədbirlərdə fəallığı, istərsə də sadəliyi ilə seçilirdi. Şəxsən mən son kurslara yaxın bildim ki, bizim sadədən sadə dekan müavinimiz Akif Rüstəmov onun doğmaca dayısıdır. Fakültədə onların dayı-bacıoğlu münasibətindən əsər əlamət yox idi. Başqa tələbələr kimi o da gəncliyin bütün maraqlı günlərini yaşayırdı. Gözəl tar çalmağı vardı. Fakültənin bayram şənliklərində tarı köksünə sıxıb ruhumuzu yerindən oynadırdı. 

     Universitet illərini arxada qoyduq. Xoşbəxtlikdən həmin il bizim kursun əksəriyyətinə Bakıda qalmaq şansı yarandı. Həm yeni açılan “Yazıçı” nəşriyyatına, həm qəzetlərə, həm də  Televiziya və Radio Verilişləri Şirkətinə təyinatla göndərilən tələbə yoldaşlarımızla əlaqə kəsilmədi.

     Adilin həyatının hansı dönəminə nəzər salsaq, onu dost, həyat yoldaşı, ata, baba, həmkar, vətəndaş kimi şox yüksək dəyərləndirmək olar. Çünki o, harada hansı statusu icra etməsindən asılı olmayaraq həmişə ləyaqətini qoruyub, sözübütövlüyü ilə seçilib. Həmişə özü olub, kimsəyə bənzəməyə şalışmayıb, kimsənin tapdanmış cığırı ilə irəliləməyib. Mərddir, cəsurdur, Vətən üçün canını “uf” demədən verməyə hazır olan və damarlarında ulularının genini daşıyan Adil İrşadoğludur.  Adil haqqında yazılanlara nəzər saldım. Onu yeniden kəşf etdim desəm, səmimiyyətimə inanın. 

     Adilin həyat yolu döyüşlərdən keçib desəm, səhv etmərəm. Çünki bir çox həmkarlarımız “Qarabağ Müharibəsi Veteranı” adı almaq üçün cəbhənin yanından keçəndə, Adil gecə-gündüz cəbhə bölgələrini gəzirdi. Onun səsi “Vətən Səyyar Briqadası” ilə gah Ağdam, Tərtər, Füzuli, gah Ağcabədi, Beyləqan, gah da Hərbi Hospitallardan gəlirdi. “Azərbaycan əsgəri” rubrikası altında yaradıcı qrupu ilə Kəlbəcərin, Şuşanın, Laçının, Goranboyun, Tərtərin, Ağdam və Füzulinin müdafiəsindən çəkilişlər aparırdı. O müharibədə Adilin gözləri nələr gördü, efirlərdən dinləyicilərə hansı xəbərləri çatdırdı, özü bilir. Yəqin ki, onun sinəsində hələ də qatı açılmamış xəbərlər var. Zamanı gələndə açacaq. İllər o illər idi ki, insanların döyüş ruhunu öldürürdülər. Bu Adili çox ağrıdırdi. Dözə bilmirdi, intihar həddinə çatdırırdı. Amma susmaq lazım idi. Çünki hələ o zaman Prezidentin Dağlıq Qarabağ və sərhəd rayonlarında fövqəladə və səlahiyyətli nümayəndəsi Əlisaab Orucovun birinci müavini, əsil el ağsaqqalı, böyük hörmət sahibi Aydın Quliyev müharibənin beş addımlığında ona demişdi: ”Sən İrşadın oğlusan. El-oba qədrini bilənsən. Ona görə Bakıdan bura gəlmisən. Ancaq ehtiyatlı ol, efirə hər bildiyin şeyi vermək olmaz. Milyonlarla insan baxır...”.   Soy - kökü Ağdamın Sarıhacılı və Seyidli kəndlərindən olan, Qarabağ xanı Pənah xanın əqrabası sayılan, Azərbaycanın görkəmli yazıçısı Süleyman Sani Axundovun nəslindən olan, rəhmətlik atası İrşad Məhəmməd oğlu Əliyev uzun müddət dövlət məmuru olub, polis orqanlarında işləyib. El-obanın tanınmış ağsaqqalı, ziyalısı, sayılıb-seçilənlərdən olub. Əmim - Bakı Milis Məktəbinin (indiki Polis Akademiyası) rəisi, polkovnik  Zilli Rzayev ilə yaxın dost olublar. Adil söhbət edirdi ki, Bakı Şəhər İcra Hakimiyyətində yeniyetmələrlə iş üzrə komissiyanın sədrindən (əmim ehtiyata buraxılandan sonra bir müddət BŞİH-də, sonra isə Bakı Şəhər Veteranlar Şurasının sədri işləyib) müsahibə almalıydım. Zilli müəllimlə söhbətdən sonra haralı olduğumu soruşdu. “Qarabağlı” sözünü eşidən kimi -“sən İrşadınmı oğlusan, oxşatdım”, - deyə məni bağrına basdı. Ona görə Adil mənə əmiqızı deyə müraciət edir, deyir ki, necə olub, tələbə vaxtı sən əminin kim olduğunu deməmisən, səni o vaxtdan əmiqızı çağırardım.

     İlk dəfə cəbhəyə gəldiyi günlər sanki yer-göy guruldayır, hər tərəfdən od yağırdı. "Alazan" raketlərinin qorxulu səsi yayıldıqca istər-istəməz insanlar vahimələnirdi. Adil çəkiliş qrupu ilə Ağdamın Güllücə kəndində ermənilər tərəfindən mühasirəyə də düşmüşdü. Bölmə komandirinin bir az həyəcanlı:
- Bizimkilər hücuma keçib mühasirəni yardılar, - deyə qışqırması onu dərin düşüncələrdən ayırmışdı. 
Adil ailəcanlı adam olsa da ön cəbhədə hər şeyi unudub. Onun fikrində, düşüncəsində yalnız cəbhə bölgəsində səksəkə içərisində yaşayan insanların məhzun baxışları və titrək səsləri canlanıb... Öz ata-baba yurdunda, doğma isti ocağında qorxu içində yaşamaq, narahat ömür sürmək heç də asan deyildi.
Oddan-alovdan keçən tələbə yoldaşım, çəkdiyi video-lentlerlə təkcə Azərbaycanı dəqiq informasiyalarla təmin etməyib. O, həm də düşməni ifşa edən süjetlərlə əks tərəfə sarsıdıcı zərbə endirib. 
O, bu gün də yazır, yaradır, Facebook sosial şəbəkəsi vasitəsilə ürəyindən keçənləri çatdırır. Adilin saçları da vaxtından tez ağardı. Elə bil, bu ağ saçları Vətənin işğalda olan torpaqlarının dərdi əkdi onun başına.

     “Özümdən asılı deyil. Birdən o günlər üçün darıxıram. Yaşamaq, yaratmaq eşqim hələ tükənməyib. Yaxşı ki, bu internet var. Yaxşı ki, dostlarım var. Bir az ürəyimi boşaldıram. Ancaq bu, kifayət etmir. Mənə meydan lazımdır. Onu da ki, əlimdən alıblar. Yəqin ki, o da düzələr...”, - deyir televiziyanın xiffətini çəkən Adil.

     Bu gün mən keçmiş tələbə yoldaşım kimi tanıdığım Adil İrşad oğlu Əliyev haqqında nə deyə bilərəm...

* Adil ləyaqətli övladdır. Dünyadan köçən ata-anasını, qardaşını, yaxınlarını unutmur, onları həmişə xoş paylaşımlarla yad edir, ruhlarını sevindirir.
* Adil yaxşı babadır. Öz təbirincə desək “nəvəsi Ayan xanımla” nəfəs alır, onun hər addımı Adil İrşadoğlunu həyata sıx bağlayır...
* Adil yaxşı dostdur, bunu Facebook sosial şəbəkəsindəki paylaşımları, dostlarının onun haqqındakı fikirləri də təsdiq edir. Tək birini xatırladım: ”Qardaş, ürəyindən həmişə razı qalasan, ayaqların səni istədiyin yerə maneəsiz aparsın, əllərin gücdən, gözlərin nurdan, dişlərin kəsərdən düşməsin! Allah səni ... səni sevənlər üçün qorusun və sağlam, gümrah yaşatsın”!
* Adil yaxşı valideyndir. İki tərbiyəli, təhsilli, bacarıqlı oğul atasıdır. 
* Adil İrşadoğlu (Əliyev) bütün yüksək ali dəyərlərə, zəngin mənəvi keyfiyyətlərə, alicənablığa və ləyaqətə malik əsil türkdür. 

     Fikirlərimi indi 65 yaşı tamam olan Adilin böyük oğlu Fərhad Əlizadənin 5 il öncə atasının yubileyində ona ünvanladığı, facebook səhifəsində paylaşdığı, nöqtə-vergülünə toxunmadığım  təbriklə yekunlaşdırıram. Görün, mənim tələbə yoldaşımın əsil vətəndaş kimi yetişdirdiyi övladı atasını necə dəyərləndirir: “Azərbaycan Respublikasının tanınmış jurnalisti, millətimizin dəyərli övladı, əsilli-köklü, orijinal və təvazökar insanı, Böyük Türk Dünyasına hizmətlər yapmaqdan zövq alan vətənpərvər insan Adil İrşadoğlunun (Əliyevin) 1 noyabr 2013-cü il tarixində 60 yaşı tamam olur.
Canım Ata, səni ailəmiz adından doğum günün münasibətilə təbrik edirəm. Gördüyümə, bildiyimə, oxuduğuma və eşitdiyimə görə sən çox cəfakeşsən. Kamil və mükəmməl bir insansan. Olduğun kimi görünən insansan. Etdiyin yaxşılıqların qarşılığını gözləməyən insansan. Sadəsən. Sadəlövh deyilsən. Xeyirxahsan. Düşmənə qarşı barışmazsan.
Əziz Ata, sən həm də xalqın əsil oğlusan. Hər bir addımında, hər bir əməlində xalqını düşünərək hərəkət etmisən və edirsən. Dövlətimizə sadiqsən. Müstəqillik sənin üçün hər şeydən əzizdir. Səni həmişə müstəqil və əziz olasan. Sən bu xalq üçün nələri etməmisən... Bacardığını, əlindən gələni əsirgəməmisən. Çox təəssüf ki, buvaxtadək çəkdiyin əziyyətin dövlət səviyyəsində qarşılığını görməmisən. Erməni separatizmi Qarabağda və Azərbaycanın digər sərhəd bölgələrində baş qaldırıb təxribatlar törətdiyi, müstəqilliyimizə zərbələr vurduğu illərdə sən bu xain qonşuya - erməni daşnaqlarına qarşı dəyərli əks təbliğat işi görmüsən və indi də görürsən. Birinci Qarabağ müharibəsi illərində ailənin yanında isti yorğan - döşəkdə yatmağı yox, cəbhəni, bu gün şəhidlik zirvəsinə ucalmış insanların yanında olmağı üstün tutmusan və həyatını təhlükəyə ataraq səngərlərdən geri çəkilməmisən. Kişi adamsan. Qeyrətinə qurban olum.
Hörmətli Ata, sən o qədər Vətən, Millət xəstəsisən ki, onların naminə ailənin, qohum - əqrabanın, əzizlərinin mənafeyini unutmaqdan belə çəkinmirsən. Sənin üçün Vətənin, Millətin mənafeyi hər şeydən üstündür.
Bütün bunlara görə, səni çox sevirəm mənim sevimli atam. Ailəmizin sənsiz bir günü olmasın. Sənə birinci növbədə can sağlığı, uzun və mənalı ömür arzulayıram. Hər şeyə görə çox sağ ol bizim qiymətli atamız. Bütün arzularına sağ ikən çatasan. Allah sənə yar olsun. 60 YAŞIN MÜBARƏK !  Hörmətlə, Fərhad Adiloğlu (Əlizadə)”.

- DEMƏYƏ SÖZ QALIRMI? ƏSLA YOX. HÖRMƏTLİ ƏMİOĞLU, MƏN İSƏ SƏNİ 65 YAŞIN MÜNASİBƏTİLƏ TƏBRİK EDİRƏM. MƏN DƏ İSTƏYİRƏM Kİ, ÜRƏYİNDƏKİ ARZULARINA SAĞ İKƏN ÇATASAN.


15 Ekim 2018 Pazartesi

DOSTUM ADİL İRŞADOĞLU HAQQINDA DEMƏK İSTƏDİKLƏRİM


İxtiyar Şirin. 
Azərbaycan Respublikasının sabiq Baş Prokuroru, 
Milli Konqres Partiyasının Sədri.


     Hörmətli dostum Adil İrşadoğlu Ağdam şəhərinin köklü bir ailəsində yetişmiş, tərbiyə almışdır. Adil bəyin atası rəhmətlik İrşad Məhəmməd oğlu Əliyev 2-ci dünya müharibəsinin od-alovundan keçərək qalib  bir hərbçi kimi sağ-salamat oz vətəni Azərbaycana, doğma yurdu Qarabağa, Ağdam şəhərinə qayıtmışdır. Adil bəyin anası rəhmətlik Qənirə xanım (Qənirə Rüstəm qızı Rüstəmova) Ağdam şəhərində beynəlmiləl orta məktəbdə fizika-riyaziyyat fənləri üzrə müəllimə işləmiş və öz övladları ilə yanaşı yüzlərlə Ağdamlı uşaqların da təlim-tərbiyəsi ilə məşğul olmuşdur. 

     Adil bəylə mən eyni ildə -1972-ci ildə Azərbaycan Dövlət Universitetinə qəbul edildik. Həmin ildən biz tanış olduq və dostluq münasibətlərimiz yarandı. Mən hüquq fakultəsində, Adil bəy isə jurnalistika fakultəsində 5 il yanaşı oxuduq. Biz dərslərdən vaxt tapdıqca tez-tez görüşər, müxtəlif mövzular barədə söhbət edərdik. Onun jurnalist peşəsinə sevgisi və bağlılığı söhbətlərində də özünü büruzə verirdi. O, həmin illərdə Azərbaycan Dövlət Televiziyasında da ictimai əsaslarla işləməyə başlamışdı. Çalışqanlığına görə o, həmişə diqqət mərkəzində idi. 1977-ci ildə universiteti bitirdikdən sonra mən işləmək üçün Azərbaycan Respublikası Prokururluğuna göndərildim, Adil bəy isə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə göndərildi. Universitetdən Azərbaycan Televiziyasına 8 nəfərin namizədliyi verilmişdi. Adil bəy tələbəlik illərindən, 1972-1977-ci illərdə bu təşkilatla mütəmadi əlaqə saxladığına, maraqlı radio və televiziya verilişləri hazırlayıb efirə verdiyinə görə kollektivin diqqətini cəlb etmişdi. Buna görə də Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin rəhbərliyi 8 nəfərin içərisindən onu seçib işə qəbul etdi. Biz işləməyə başladıqdan sonra da Adil bəylə əlaqələrimiz kəsilmədi. Buna görə də onun işini, fəaliyyətini yaxından izləyə bilirdim. 

     Adil bəyi əvvəlcə Televiziyanın ən böyük və məsuliyyətli iş tələb edən "TƏBLİĞAT" baş redaksiyasında kiçik redaktor kimi işə götürdülər. O, özünü bacarıqlı və savadlı jurnalist kimi tanıtdığına görə bir neçə ildən sonra redaktor, daha sonra isə Televiziyanın Sənaye Şöbəsinin müdiri təyin edildi. 1988-ci ildə Qarabağ  münaqişəsi başladıqdan sonra şöbə müdiri vəzifəsindən istefa verib cəbhəyə getdi. O, 1989 - cu ildə Şuşa şəhərinin Teleötürücü Stansiyasının nəzdində kiçik studiyanın yaradılmasında və erməni separatçılarına qarşı əks təbliğatın aparılmasında yaxından iştirak etdi. Sonra o, Bakıya qayıdıb Dövlət Televiziyasında "Hərbi Vətənpərvərlik və Salnamə Baş Redaksiyası" yaradılmasının təşəbbüskarı oldu, redaksiyanın təşkil olunmasında və fəaliyyət göstərməsində yaxından iştirak etdi.

     Adil bəy 1988-ci ildən 1998-ci ilədək Qarabağla bağlı xeyli hadisənin iştirakçısı olmuşdur. Həmin illərdə o, Qarabağla bağlı, müharibə ilə bağlı verilişlər hazırlayıb efirdə göstərmişdir. Ancaq bu verilişlərin elələri də var ki, hələ işıq üzü görməyib. Onlar Adil bəyin arxivində saxlanılır. Həmin 10 il müddətində o, hər ay 2, hər il 24, 10 ildə isə 240 veriliş hazırlamışdır. Bu verilişlər Azərbaycan Dövlət Televiziyasının "Hərbi Vətənpərvərlik və Salnamə Baş Redaksiyası" tərəfindən efirdə göstərilmişdir.

     Yadımdadır ki, Adil bəy Azərbaycan əsgərlərinin göstərdikləri qəhrəmanlıqlardan veriliş hazırlamaq üçün AzTv - dəki yaradıcı qrupu ilə 1993 - cü ilin dekabr ayında Ağdamın Güllücə kəndi uğrunda gedən döyüşləri lentə alarkən rejissor Tofiq Ataxanoğlu, teleoperator Ramiz Rüstəmovla birlikdə mühasirəyə düşmüşdülər. Vətənpərvər, igid əsgər və zabitlərimizin qəhrəmanlığı sayəsində düşmənin mühasirəsi yarılmış və düşmən geri oturdulmuşdu. Adil və həmkarları  Azərbaycan əsgərinin bu qəhrəmanlıqlarını lentə almlş, döyüşdə fərqlənənlərdən müsahibə götürmüşdülər.

     1994 - cü il yanvarın əvvəlində Tərtər rayonundakı əsgərlərimiz işğal edilmiş torpaqlarımızdan erməni qəsbkarlarını qovub çıxartmaq məqsədilə Marquşavan kəndi istiqamətində hücuma keçmişdilər. Adil bəy çəkiliş qrupu ilə qəhrəman döyüşçülərlə birlikdə döyüşlərin getdiyi Çardaxlı kəndi istiqamətinədək getmişdilər. Düşmən ciddi müqavimət göstərməsinə baxmayaraq Azərbaycan döyüşçüləri Ermənistan ordusunu yerlə yeksan etmişdir. Düşmən və ona havadarlıq edən rus silahlı qüvvələri çox sayda itkilər vermiş, onların hərbi sursatı, texnikası ortalıqda qalmışdır. Adil bəy çəkiliş qrupu ilə birlikdə minalanmış sahədən keçib bu hadisələrin hamısını videolentə köçürmüş, Azərbaycanın igid və mərd oğullarının göstərdikləri qəhrəmanlıqları lentə almış, döyüşdə fərqlənənlərdən müsahibə götürmüşdür. 
                                                   
     1994-cü ilin aprel ayının əvvəllərində Ermənistan ordusu rus silahlı qüvvələrinin köməyilə Ağdam, Tərtər və Göranboy istiqamətində 2000 ( iki min) nəfərdən ibarət qoşunla hücuma keçmişdilər. Adil bəy aprel ayının 10-da Goranboyun Gülüstan kəndi uğrundakı döyüşdə yaradıcı qrupu llə birlikdə iştirak etmişdir. Həmin vaxt çəkiliş qrupunda gənc rejissor Rövşən Nİcat, Adil bəyin uşaqlıq dostu teleoperator Tahir Qarayev də var idilər. Onlar döyüş vaxtı əsgərlərimizlə birlikdə mühasirəyə düşmüşdülər. Gərgin və uzun vuruşmadan sonra Azərbaycan döyüşçülərinin qəhrəmanlığı nətişəsində Gülüstan kəndi düşmən mühasirəsindən azad edilmiş,  onlar bu mühasirədən çıxa bilmişdilər. Əsgərlərimizin bu döyüşdə göstərdiyi qəhrəmanlıqlar da lentə alınmış, onlardan müsahibələr götürülmüşdür. 

     Hörmətli Adil bəyin Azərbaycana qarşı gedən müharibəni, əsgərlərimizin qəhramanlıqlarını videolentə köçürdüyü yüzlərlə çəkilişlərdən məlumatım olmaqla yanaşı, onların bir qismini isə Azərbaycan Televiziyasında və Adil bəyin öz internet saytlarında çox diqqətlə izləmişəm. Ona görə də hesab edirəm ki, o, Birinci Qarabağ Müharibəsini bilavasitə görmüş, döyüşlərin şahidi olmuş və bu döyüşlərin işıqlandırılmasında yaxından iştirak etmiş çox az sayda olan qəhrəman jurnalistlərimizdən biridir. Onun öz həyatını təhlükəyə ataraq cəbhədə düşmənlə aparılan döyüşləri əks etdirən filmləri, əsgərlərimizdən aldığı müsahibələr, cəbhədəki vəziyyət, əsgərlərimizin qəhrəmanlıqları haqqında hazırladığı reportajlar Qarabağ döyüşləri və ordumuz barədə xalqımıza doğru məlumatların çatdırılmasının təmin edilməsi ilə yanaşı, Qarabağ müharibəsi haqqında gerçək tariximizin yaradılması üçün çox vacib olan sənədlər, materiallardır. Jurnalist Adil İrşadoğlu (Əliyev) gördüyü bu işlərlə xalqımız və Azərbaycan dövləti qarşısında əvəzedilməz  xidmətlər göstərmişdir. O, Birinci Qarabağ Müharibəsinin həqiqi iştirakçısıdır.

     Adil bəy AzTv-də işlədiyi zaman müxtəlif qəzet və jurnallarda maraqlı yazıları ilə çıxış edirdi. Sonralar Adil İrşadoğlu "Yeni dünya" qəzetinin baş redaktorunun birinci müavini, zamanında populyarlıq qazanmış "De Fakto" qəzetinin qurucusu və ilk baş redaktoru, "Çempion"adlı həftəlik idman qəzetinin baş məsləhətçisi, "Sara - ekspress"qəzetinin məsul katibi, "Olaylar" qəzetinin baş direktoru, "Şans" qəzetinin baş direktoru, "Novıy mir" qəzetinin redaktoru, Qarabağ Əlillər Cəmiyyətinin orqanı olan "Əlillər" qəzetinin məsul redaktoru, Qarabağ Azadlıq Təşkilatının orqanı olan "Azad Qarabağ" qəzetinin məsul redaktoru və Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının vitse - prezidenti oldu. Qarabağ Əlillər Cəmiyyətinin fəxri üzvüdür.

     Hazırda "İRŞAD - Teleradio Verilişləri, Sənədli və Bədii Filmlər Kompaniyası" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru, Jurnalist-Müharibə Veteranları Assosiasiyası sədrinin birinci müavinidir.

     Həyatının 65 ilini mənalı və çox məhsuldar keçirən Azərbaycanın görkəmli jurnalisti, böyük insan və etibarlı dost olan Adil bəyə uzun ömür və jurnalist fəaliyyətində yeni uğurlar diləyirəm.