17 Ekim 2018 Çarşamba

İLLƏR ÖMÜRLƏRİN SONU DEYİLDİR, İLLƏR ÖMÜRLƏRİN SAHİLLƏRİDİR


Elmira Mehdiyeva. 
“Zaqatala” qəzetinin redaktor müavini, 
Əməkdar Mədəniyyət İşçisi.

                                                  
     Biz istəsək də, istəməsək də hər ötən il ömrümüzdən bir yarpaq düşür. Bu həyatın qanunudur. Gənclik illərində, hələ hər şeyin qabaqda olduğunu düşündüyümüz vaxtlarda bunun fərqinə varmırdıq.  Elə ki insan  bəlli bir yaşa gəlib çatır, dərk edir ki, həyatda bir arxada qoyduğun illər var, bir də bu gün. Bir saat sonra nə olacağı hələ heç kimə bəlli deyil. Lakin həyat fəlsəfəsi belədir ki, sonranı düşünmədən, sabah üçün şirin xəyallar qurmadan yaşaya bilmirsən.

     Bir zamanlar, keçən əsrin 70-ci illərində bizlər də respublikamızın ən müxtəlif guşələrindən gəlib Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakultəsində təhsil alırdıq. Amalımız bir, məqsədimiz bir olduğu üçün çox tez bir- birimizə qaynayıb qarışmışdıq. Təkcə eyni kursun, eyni qrupun tələbələri deyil fakultənin bütün tələbələri arasında səmimi bir münasibət, salam-kalam var idi. Bəlkə də buna səbəb fakultəmizin Universitetin əsas binasında yer olmadığı üçün ayrıca binada, Yefim Saratov  (buna öz aramızda Yetim Saratov deyərdik) küçəsində mütəvazi bir binada yerləşməsi idi. Müəllimlərimiz də bizimlə çox səmimi idilər. Fakultəmizdə demokratik bir əhval-ruhiyyə var idi. Bax, elə o illərdə Adillə bir qrupda oxumasaq da tələbə yoldaşı idik. Tələbələrimiz arasında olan bu münasibətlər bu günə qədər davam edir və mən deyərdim ki, jurnalistika fakultəsi bizə yalnız təhsil verməyib, bizə gözəl dostlar qazandırıb. Elə dostlar ki, o dostluqda təmənna yoxdur, o dostluqda sədaqət var, hörmət var, qarşılıqlı ehtiram var. Adil qardaşımla da bizim dostluğumuz bax belə bir təməl üzərində qurulmuşdu.

     İş elə gətirdi ki, bizim hər ikimiz Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində (80-90-cı illərdə belə adlanırdı) işimizi davam etdirməli olduq. Mən radionun Zaqatala bölgəsi üzrə təmsilçisi idim, Adil isə televiziyada çalışırdı. Tez-tez rastlaşır, hal-əhval tuturduq.

     Və 90-cı illər. O illər ki, üzümüzdən sevinci sildi, düşüncələrimiz paramparça oldu. Qarabağda savaş gedirdi. Süfrəmizin başında oturtduğumuz ermənilər öz havadarlarının dəstəyi ilə məkrli siyasətlərini mərhələ mərhələ həyata keçirirdilər. Belə günlərin birində Adillə rastlaşdım. Çox kədərli idi. O, Televiziyanın “Hərbi Vətənpərvərlik və Salnamə Baş Redaksiyası”nda çalışırdı və Qarabağ döyüşlərinin ən qaynar nöqtələrindən çəkilişlər edir, verilişlər hazırlayırdı. Şəhidlərimiz haqqında süjetlər çəkirdi. “Mənimçün çox ağırdır”, - dedi. “Doğulub boya-başa çatdığım yerlərin darmadağın edilməsinə, igid oğullarımızın şəhid olmalarına dözə bilmirəm.  Ağdama nə qalıb ki. Amma bu tarixi kadrları çəkmək bizim borcumuzdur. Çəkdiklərimizin isə onda biri efirə getmir”.

     Adilin qara saçları arasınsa elə bu vaxtı ağ tellər gördüm. “Mən Ağdama getmişdim, dedim. Muğanlıda, Papravənddə oldum. Cəbhə xətti artıq bir addımlıqdadır. Orada Zaqatala batalyonunun döyüşçüləri vuruşurlar. Onlardan radio üçün silsilə verilişlər  hazırlamışam. Ağdam şəhər 1 nömrəli məktəbdə yerləşən qospitalda yaralı döyüşçülərdən müsahibə aldım.”  Bunu dediyim vaxt Adil dərindən ah çəkdi və dedi: Bilirsən Elmira, mən həmin məktəbi bitirmişəm. Mənimçün çox ağırdır.

     Bəli, Adil üçün o illər çox ağır idi. Lakin ən ağırı Ağdamın da işğalı oldu. Ağdamda onun doğmalarının qəbirləri qaldı, Ağdamda Adilin uşaqlığı qaldı, xatirələri qaldı, vətəni qaldı. Onun sızlayan qəlbi bu günə qədər təsəlli tapmayıb. İllər Adildən bax du dəyərli sərvətləri aldı getdi. Onun ürəyini sızlatdı, qəlbini inlətdi. Bu sızıltı, bu inilti heç susmadı.
Adil Qarabağ dərdi ilə yaşadı. 1994-cü ilin yazı idi. Adillə televiziyanın həyətində yenə rastlaşmışdıq. “Fikirli görsənirsən, bacım, - dedi. Hə, Adil, bir az qayğılıyam,- dedim. Bilirsən, Zaqataladan Füzuli istiqamətində döyüşlərdə bir qızımız qəhrəmancasına şəhid olub, Sədaqət Rəcəbova, Şəhidlər xiyabanında uyuyur. Bir azdan şəhid olmasının bir ili bitir.İstərdim ki, onun haqqında sənin verilişində bir süjet getsin. Adil cəld cavab verdi,- burda çətin nə var ki, mən hazır.” Biz birlikdə şəhidlər xiyabanına getdik və Sədaqətin qəbrinin üstündə ilk süjeti çəkdik.

     Mən Zaqatalaya qayıtdım. Bir həftə keçmədi ki, Adil "Vətən Səyyar Briqadası” ilə Zaqatalaya gəldi. Bu o vaxtlar idi ki, Zaqatalada axşamlar demək olar ki, işıq olmurdu. Lampa işığında keçinirdik. Həyat yoldaşım (o da bizim jurnalist həmkarımızdır və fakultəmizin məzunudur) Adilgili heç yana getməyə qoymadı. “Evimizə nə gəlib ki, ürəyimiz geniş olsun, - dedi.”  Səhər Sədaqətin doğulub boya-başa çatdığı ucqar dağ kəndinə, Sabunçu kəndinə anası və ailəsi ilə görüşmək üçün yolçuluğumuz var idi. O axşam süfrə arxasında, lampa işığında nələrdən danışmadıq. Adilin operatoru Tahir Qarayev idi. O Tahir ki, Adil sonralar onun haqqında yazırdı: “QARABAĞ SAVAŞINDA MƏNİMLƏ BİRGƏ QANLI HADİSƏLƏRİN ŞAHİDİ OLAN VƏ O HADİSƏLƏRİ VİDEO LENTƏ KÖÇÜRÜB ONLARI TARİXİLƏŞDİRƏN, QARABAĞI VƏ DİGƏR TORPAQLARIMIZI, EYNİ ZAMANDA UŞAQLIQ DOSTU JURNALİST ADİL İRŞADOĞLUNU CANINDAN ARTIQ SEVƏN VƏ ONU DAİM DÜŞMƏN GÜLLƏSİNDƏN QORUYAN REPORTYOR, TELEOPERATOR TAHİR QARAYEV”. Tahir müəllimin necə vətənpərvər oğul olduğunu, Adilnən birlikdə bu savaşı kino lentinin yaddaşına necə çətinliklə, düşmən gülləsinə sinə gərərək köçürdüyünü, tarixi kadrların bir çoxunu hətta gələcək üçün gizlətmək məcburiyyətində qaldıqlarını öyrəndikcə gələcəyə inamımız artırdı. Həmin günlərin xatirələrini Adil özü də tez-tez yada salır. Bəlkə də bunları yazmaqla məqsədimdən bir qədər uzaq düşmüşəm, amma belə düşünmürəm. Bütün bunlar bu gün 65 yaşını qeyd etdiyimiz Adil İrşadoğlunun şərəflə, ləyaqətlə keçdiyi ömür yoludur. Onun xarakter xüsusiyyətlərini, sözü bütövlüyünü, vətənpərvərliyini, dostluğunu, Azərbaycançılığını göstərən həyat cizgiləridir.

     İllər gəlib keçsə də, həyatımızı dəyişsə də Adil dəyişməyib. Nə qədər ki, Qarabağ işğaldan azad olmayıb onun qəlbi sakitlik tapmayacaq. Bu gün Adil öz savaşını İrşadoğlu kimi “İrşadTV”-də aparır. Orada öz sözünü deyir: ” 22 İLDƏN ÇOXDUR Kİ, NƏ YEDİYİMİ, NƏ İÇDİYİMİ BİLMİRƏM. ELƏ HEY DƏQİQƏLƏRİ, SAATLARI, GÜNLƏRİ, AYLARI, İLLƏRİ SAYMAQLA PROBLEMLƏR İÇƏRİSİNDƏ ÖMÜR KARVANIMLA GƏLİB AHIL YAŞIMA ÇATDIM. HƏLƏ DƏ VƏTƏNDƏ VƏTƏNSİZ YAŞAYIRAM.
SƏN DEMƏ ÜZÜM BƏRK İMİŞ. DÖZÜRƏM BU AYRILIĞA, HƏSRƏTƏ, İZTİRABA... GÖZLƏRİM DAİM YOLLARA DİKİLİ QALIB. ƏZİZLƏRİM ÜÇÜN ÇOX DARIXIRAM. ÖLKƏ BOYU PƏRƏN-PƏRƏN DÜŞMÜŞ ELLİLƏRİMİN, QOHUMLARIMIN HƏSRƏTİ MƏNİ ÜZÜR. ÜRƏK XƏSTƏSİ OLMUŞAM. BAX, BUNLARA GÖRƏ, QƏLBİM DAİM SIZLAYIR...”

     Bir az da döz, Adil qardaşım. O gün gələcək, o gün ki, Mehdi babandan miras qalmış milli Qarabağ atlarını minən qəhrəman oğullarımız bizi Qarabağa aparacaq. Qarabağ bizim olacaq. Bax onda sən ömrünün gözəl sahilinə, cənnətməkan Qarabağa yan alan illərin gəmisində olacaqsan. Sənə o illərə yetişməni arzu edirəm.

Hiç yorum yok: