20 Ağustos 2022 Cumartesi

...Mən dünyaya insan gəldim, İnsan kimi gedəsiyəm !

VİDEO 


MƏN SİZİNLƏ FƏXR EDİRƏM...


Vaxtilə qurucusu olduğum 

"De Fakto" qəzetində əmək təcrübəsi keçən 

və seçərək işə götürdüyüm jurnalistlərə açıq məktub

---------

Hörmətli Afət xanımın simasında hamınıza salam olsun. 

Afət xanım, Sizə bu qısa məktubu Əvəz Zeynallının "Xural TV"-sində - Milli mətbuatımız niyə "öldürüldü"?! verilişinə baxandan sonra yazmaq qərarına gəldim. Əvvəllər də bu ürək sözümü sizə və vaxtilə sizinlə birlikdə "De Fakto" qəzetinin redaksiyasında əmək təcrübəsi keçəndən sonra seçərək işə götürdüyüm işçilərə çatdırmaq istəmişəm. Ancaq fikrimdən daşınmışam, cavandırlar, həyat təcrübələri azdır, - demişəm. 

İndi isə həmin fikrimdən daşına bilmədim. Siz verilişdə deyirsiniz ki,

"Hər kəsin yolu hardansa keçir. Mən öz payıma deyirəm ki, yazılı mediadan başladım. "Hürriyyət" qəzeti o vaxt ən yaxşı qəzet idi, yüksək tirajla nəşr olunurdu. Şahvələd Çobanoğlu qəzetin baş redaktoru idi. Onu hər kəs tanıyırdı. Onun imzası üçün çoxumuz darıxırıq...Bakı Dövlət Universitetini bitirən kimi mən ora işləməyə getdim. O, bizi elə-belə işə götürmədi, bizi yoxladı... "Hürriyyət" qəzetindən sonra "Yeni Müsavat" qəzetində çalışdım"...



Hörmətli Afət xanım, mənə elə gəlir ki, siz iş ardıcıllığınızı qarışıq saldınız. Siz universitetdən "De Fakto"ya, "De Fakto"dan "Yeni Müsavat"a getmisiniz. Mənim üçün maraqlıdır. Niyə siz və sabiq defaktoçular yeri düşəndə, yazılar yazanda, kanallarda çıxış edəndə vaxtilə populyarlıq qazanmış, 10 min tirajla çap edilmiş qurucusu olduğum "De Fakto" qəzetinin adını yada salmırsınız, həmin redaksiyada işləməyinizin üstündən sükutla keçirsiniz? Mənim gənc jurnalistlərlə birlikdə istehsal etdiyim "De Fakto" qəzetinin 1-ci sayı 24.11.1995-ci ildə, axırıncı sayı isə 9 iyul 1997-ci ildə işıq üzü görüb. Qəzetin sonuncu nömrəsində "De Fakto"nun  mini futbol komandasının qalibiyyətindən, Azərbaycan Respublikası Qəzet redaksiyalarının komandaları arasında 1-ci yeri tutmasından və AFFAnın Kubokunu almasından yazılır. Sizdən fərqli olaraq mən yaradıcı komandamı, bu kollektivlə bağlı xatirələri unutmamışam və ölənədək unutmayacağam. 



Sizə xatırladım, hələ sizlər Bakı Dövlət Universitetinin Jurnalistika Fakültəsində axırıncı kursda oxuyanda mən fakültənin rəhbərliyindən, fakültənin 10 il dalbadal dekanı seçilmiş Akif Rüstəm oğlu Rüstəmovdan icazə aldım, fakültədə sizinlə görüşlər keçirdim və sizin içərinizdən ən layiqlilərini (38 nəfəri) seçib yeni qurulan "De Fakto" qəzetinin redaksiyasına əmək təcrübəsinə dəvət etdim. Demək çirkinlik olmasın, sizlər bir müddət işlədikdən sonra yenə seçim edərək rəsmi şəkildə əmr verib sizləri işə qəbul etdim. Sizlərlə çalışdım, sizlərə qayğı göstərdim, sizlərlə bir masa arxasında oturub çörək kəsdim, nahar etdim, vaxtlı-vaxtında zəhməthaqqınızı verdim. Oğlan işçilərimə tapşırdım ki, bu qızlar sizin bacınızdır, onlardan muğayat olun, qoymayın "Azərbaycan nəşriyyatı"nda digərləri onlara pis gözlə baxsınlar. Mən "De Fakto" qəzetini və tabeliyimdə olan işçiləri öz doğma balam kimi sevmişəm, gənc jurnalistlərə qayğı göstərməkdən həzz almışam. Maşallah, indi onların səs-sorağı mötəbər yerlərdən gəlir. Mən sizinlə fəxr edirəm...



Hörmətlə,

Adil İrşadoğlu (Əliyev).

Veteran televiziya və qəzet jurnalisti,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1980),

1-ci Qarabağ Müharibəsinin iştirakçısı (1988-1996).

23.07.2022. (11-00).


2 Haziran 2022 Perşembe

30 Mayıs 2022 Pazartesi

YAXŞILIQ ETMƏK, XEYİRXAH OLMAQ ÖMRÜ UZADIR

 

Lətif Vəlizadə
Şair-publisist

Dostum, çoxlarının xeyirxahı Lətif Niftəli oğlu Vəlizadənin 2022-ci il aprel ayının 5-də 80 yaşı tamam olur. Bu insan sanki Xeyirxahlıq İnstitutudur. O, bacardığı köməyi, yaxşılığı, əl tutmağı başqasından əsirgəməyən insandır... 

...30 ildən çoxdur ki, bir-birimizi tanıyırıq. Kaş hamı bizim kimi bir-birinə qarşı diqqətli, mehriban və qayğıkeş olaydı. Lətif müəllimlə münasibətimizin bünövrəsini Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində işləyərkən qoymuşuq. Eyni baş redaksiyada - Unudulmaz Sabir Rüstəmovun rəhbərlik etdiyi "Təbliğat Baş Redaksiyası"nda uzun müddət çalışmış və maraqlı, yaddaqalan verilişlər hazırlayıb tamaşaçılara təqdim etmişik. Lətif müəllim həm də ədəbiyyatçıdır. Çoxlu şeir, qəzəl və hekayə müəllifidir. 

Lətif Niftəli oğlu Vəlizadə Füzuli rayonunda anadan olub. 1971-ci ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat institutunu bitirib. 1966-ci ildən müntəzəm olaraq dövrü mətbuatda bədii yazıları ilə çıxış edir. İndiyədək şair-publisist Lətif Vəlizadənin bir neçə şeirlər, poemalar və hekayələr kitabı işıq üzü görüb. Bu kitablarda toplanan yazıların əsas qayəsi ülvi məhəbbət, Vətən torpağına sevgi, dövlətimizin və xalqımızın gələcəyinə böyük inam hissi təşkil edir. 

***

Mən fidanam, yerdən qüvvət alacam,
Söykənəcək bu dağlara kürəyim.
Baxışlarım bu çöllərdə qalacaq, 
Vəsf edəcək bu dünyanı ürəyim.

Arzularım milyon ildir doğulub,
Fərqi yoxdur, yaşasam da harda mən.
Bircə dəstə çiçək olub, gül olub, 
Bitəcəyəm bu torpaqda yenidən.

***

Mənə elə gəlir ki, insan psixologiyasından baş çıxaran hər hansı bir rəssam şairin şeirlərini oxuduqdan sonra onun şəxsi portretini  asanlıqla yarada bilər. 

Şərq  poeziyasında, o cümlədən klassik Azərbaycan poeziyasında populyar olan əruz vəznində şeir, qəzəl yazmaq şərəfli olduğu qədər də çətindir. Lakin bu çətinlik Lətif Vəlizadəni qorxutmur, əksinə, o, cəsarətlə əruz vəzninə müraciət edir və bu vəzndə bir-birindən yaddaqalan qəzəllər yazır.

***

Həyatım, Kainatım, toy-büsatım, nazlı mələk,
Dünya cənnət görünə, - mənə sənsiz nə gərək !

Mənə sənsiz nə gərək can evimin bağ-baharı, 
Sən o cənnətdə bitən daima tər, tazə çiçək.

Daima tazə çiçək, ətrinə qərq olmadayam, 
Yoxsa vallahi sinəm parçalanar, dözməz ürək.

Əriyər, dözməz ürək, şəfa tapmam, sənsiz ey gül, 
Gəzərəm o bağçanı daima mən sərsəritək.

Daima sərsəritək ardın ilə hey gəzərəm,
Razıyam kölgən olum, əl götürüb, üzmə ətək.

Gəl məndən üzmə ətək, yer üzünə nur saçanım,
Təki sən bu Lətifə daima ol arxa-kömək.

***

Lətif Vəlizadənin yaradıcılığında nəsr janrı da özünəməxsus yer tutur. Xüsusilə o, nəsrin ən çətin sahəsi olan hekayə janrında çox uğurla inamlı addımlar atır. Onun "Umid", "Qoca", "Yol ayrıcında" hekayələri diqqəti xüsusilə cəlb edir. Lətif Vəlizadə gördüyü hadisələri mənalandıraraq qələmə almağı bacaran sənətkardır.

Əziz və hörmətli dostum Lətif Vəlizadə sən çox güclü insansan. Güclü insan olmaq həm də xeyirxah olmaq deməkdir. Bu vaxtadək həyatını necə yaşamısansa elə də davam et. 80 yaşın mübarək. Bu münasibətlə səni öz adımdan, ailəm adından səmimi qəlbdən təbrik edirəm. Yaxşı ki, varsan. Sənə yeni yaradıcılıq uğurları arzulayıram. 


Hörmətlə, 
Adil İrşadoğlu (Əliyev).
04.04.2022. / 01-00.