20 Ağustos 2022 Cumartesi

MƏN SİZİNLƏ FƏXR EDİRƏM...


Vaxtilə qurucusu olduğum 

"De Fakto" qəzetində əmək təcrübəsi keçən 

və seçərək işə götürdüyüm jurnalistlərə açıq məktub

---------

Hörmətli Afət xanımın simasında hamınıza salam olsun. 

Afət xanım, Sizə bu qısa məktubu Əvəz Zeynallının "Xural TV"-sində - Milli mətbuatımız niyə "öldürüldü"?! verilişinə baxandan sonra yazmaq qərarına gəldim. Əvvəllər də bu ürək sözümü sizə və vaxtilə sizinlə birlikdə "De Fakto" qəzetinin redaksiyasında əmək təcrübəsi keçəndən sonra seçərək işə götürdüyüm işçilərə çatdırmaq istəmişəm. Ancaq fikrimdən daşınmışam, cavandırlar, həyat təcrübələri azdır, - demişəm. 

İndi isə həmin fikrimdən daşına bilmədim. Siz verilişdə deyirsiniz ki,

"Hər kəsin yolu hardansa keçir. Mən öz payıma deyirəm ki, yazılı mediadan başladım. "Hürriyyət" qəzeti o vaxt ən yaxşı qəzet idi, yüksək tirajla nəşr olunurdu. Şahvələd Çobanoğlu qəzetin baş redaktoru idi. Onu hər kəs tanıyırdı. Onun imzası üçün çoxumuz darıxırıq...Bakı Dövlət Universitetini bitirən kimi mən ora işləməyə getdim. O, bizi elə-belə işə götürmədi, bizi yoxladı... "Hürriyyət" qəzetindən sonra "Yeni Müsavat" qəzetində çalışdım"...



Hörmətli Afət xanım, mənə elə gəlir ki, siz iş ardıcıllığınızı qarışıq saldınız. Siz universitetdən "De Fakto"ya, "De Fakto"dan "Yeni Müsavat"a getmisiniz. Mənim üçün maraqlıdır. Niyə siz və sabiq defaktoçular yeri düşəndə, yazılar yazanda, kanallarda çıxış edəndə vaxtilə populyarlıq qazanmış, 10 min tirajla çap edilmiş qurucusu olduğum "De Fakto" qəzetinin adını yada salmırsınız, həmin redaksiyada işləməyinizin üstündən sükutla keçirsiniz? Mənim gənc jurnalistlərlə birlikdə istehsal etdiyim "De Fakto" qəzetinin 1-ci sayı 24.11.1995-ci ildə, axırıncı sayı isə 9 iyul 1997-ci ildə işıq üzü görüb. Qəzetin sonuncu nömrəsində "De Fakto"nun  mini futbol komandasının qalibiyyətindən, Azərbaycan Respublikası Qəzet redaksiyalarının komandaları arasında 1-ci yeri tutmasından və AFFAnın Kubokunu almasından yazılır. Sizdən fərqli olaraq mən yaradıcı komandamı, bu kollektivlə bağlı xatirələri unutmamışam və ölənədək unutmayacağam. 



Sizə xatırladım, hələ sizlər Bakı Dövlət Universitetinin Jurnalistika Fakültəsində axırıncı kursda oxuyanda mən fakültənin rəhbərliyindən, fakültənin 10 il dalbadal dekanı seçilmiş Akif Rüstəm oğlu Rüstəmovdan icazə aldım, fakültədə sizinlə görüşlər keçirdim və sizin içərinizdən ən layiqlilərini (38 nəfəri) seçib yeni qurulan "De Fakto" qəzetinin redaksiyasına əmək təcrübəsinə dəvət etdim. Demək çirkinlik olmasın, sizlər bir müddət işlədikdən sonra yenə seçim edərək rəsmi şəkildə əmr verib sizləri işə qəbul etdim. Sizlərlə çalışdım, sizlərə qayğı göstərdim, sizlərlə bir masa arxasında oturub çörək kəsdim, nahar etdim, vaxtlı-vaxtında zəhməthaqqınızı verdim. Oğlan işçilərimə tapşırdım ki, bu qızlar sizin bacınızdır, onlardan muğayat olun, qoymayın "Azərbaycan nəşriyyatı"nda digərləri onlara pis gözlə baxsınlar. Mən "De Fakto" qəzetini və tabeliyimdə olan işçiləri öz doğma balam kimi sevmişəm, gənc jurnalistlərə qayğı göstərməkdən həzz almışam. Maşallah, indi onların səs-sorağı mötəbər yerlərdən gəlir. Mən sizinlə fəxr edirəm...



Hörmətlə,

Adil İrşadoğlu (Əliyev).

Veteran televiziya və qəzet jurnalisti,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1980),

1-ci Qarabağ Müharibəsinin iştirakçısı (1988-1996).

23.07.2022. (11-00).


Hiç yorum yok: