17 Kasım 2022 Perşembe

DOSTUM İXTİYAR ŞİRİN ŞƏRƏFLİ BIR NƏSLİN DAVAMÇISI İDİ...


(Birinci məqalə)

 


İxtiyar Şirin (1972-ci ildə)


Milli Konqres partiyasının sədri İxtiyar Şirin Azərbaycanın milli şəxsiyyəti kimi tərbiyəsini öz ailəsində - atası Əlibala Şirinovun yanında alıb. Türk tayfası Barlaslardan olan Əmir Teymur Azərbaycanı idarə etdiyi dövrdə Qarabağı bir siyasi mərkəz halına gətirmişdi. Əmir Teymurun göstərişi ilə Qarabağda moğol yürüşlərindən sonra dağılmış Beyləqan şəhərinin bir hissəsi 1403-cü ildə bir ay ərzində bərpa edilmiş və yenidən tikilmiş, Araz çayından Beyləqan şəhərinə qədər uzunluğu 40 kilometr olan böyük Barlas arxını bir ay ərzində çəkdirmişdi. Beyləqan şəhəri Teymur imperatorluğu dövründə bu dövlətin qeyri-rəsmi paytaxtına çevrilmişdi. Əmir Teymur dövlətinin özəyini təşkil edən Barlaslar da doğma Xalaçlarla birlikdə həmin dövrdən Beyləqanda yurd saldılar. Barlaslar Azərbaycanda Teymur imperatorluğunun hakimiyyəti tamamlandıqdan sonra Səmərqəndə geriyə dönmədilər, Beyləqanda yaşadılar. 1920-ci illərin əvvəllərində Beyləqanda Əlibala Şirinovun atası barlas Abdul Şirin oğlunun və əmisi Cahangir Şirin oğlunun təsərrüfatında üç minə qədər qoyun, mal-qara və əkin sahələri var idi. Onlar qoyun, mal-qara saxlamaqla yanaşı əkinçiliyə də çox üstünlük verir, yığdıqları taxılı, düyünü və başqa məhsulları bazara göndərirdilər. Onların evi kasıb, kimsəsiz, yetim, imkansız insanların pənah yerinə çevrilmişdi. Bu evə yardım istəməyə gələn əli boş geri dönməzdi. Əhli-beyt həyatı yaşayan Barlasların evi ocaq hesab edilirdi.

 


Əlibala Abdul oğlu Şirinov (14.10.1928 - ci ildə)

Əlibala Abdul oğlu 1925-ci ildə 19 yaşı olanda özünün 22 yaşı olduğunu bildirib Azərbaycan Milli Taburuna hərbi xidmətə girmiş, həmin vaxtdan babası Şirinin adı ona soyadı olaraq verilmişdi. 1927-ci ildə o, hələ hərbi xidmətdə olan zaman Beyləqanda onların evinə böyük bir basqın olmuş, atası Abdul və əmisi Cahangir öldürülmüş, qardaşı Baxış oğurlanmış, var - dövlətləri talan edilmişdi. Bu xəbəri alıb evlərinə dönən Əlibalanı da qətlə yetirmək üçün onların evinə basğın edilmiş, lakin o, öz qoçaqlığı sayəsində basqınçıların təqibindən qurtarmışdı. Hərbi xidmətə davam etmək üçün   geriyə dönən Əlibala Şirinov 1927-ci ildə xəstələndiyinə görə ali hərbi məktəbə gedə bilməmiş, həmən il də hərbi xidmətini başa vurub evlərinə gəlmişdir. Evləri və təsərrüfatları dağıdılmış olan Əlibala Şirinov Beyləqanda doğma Xalaç camaatı ilə birlikdə qurduqları Dünyamallar kənd sovetində mühasib, kənd soveti sədri, 1935-1936-ci illərdə Gödəklər kəndində qurulan kolxozun sədri, 1936-cı ildən 1971-ci ilədək öz doğma kəndi Dünyamalılarda, sonralar Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədovun adı ilə adlanan kolxozun sədri olmuş, 1947-cı ildən başlayaraq vəfat etdiyi 1973-cü ilə qədər altı dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmiş, 1952-ci ildə ona Sosialist Əməyi Qəhramanı adı verilmiş, iki Lenin ordeni, Şərəf Nişanı ordeni, SSRİ-nin başqa orden və medalları ilə təltif edilmişdir.


Əlibala Abdul oğlu Şirinov (1939 - cu ildə)

Əlibala Şirinovun Azərbaycanda həm xalqın arasında, həm də respublika rəhbərliyinin içərisində hörməti və nüfuzu o qədər böyük idi ki, o, lazım olanda respublikanın mühüm işləri ilə bağlı məsələlərdə də öz mövqeyini bildirir və bu mövqeyini müdafiə edirdi. Bu cür məsələlərdən biri  SSRİ-nin rəhbəri İosif Stalinin 1953-cü ilin mart ayında vəfat etməsindən sonra olmuşdu. 1948-1952-ci illərdə SSRİ rəhbərliyinin  qərarı ilə yüz minlərlə azərbaycanlıların Ermənistandan deportasiya edilməsindən sonra SSRİ Nazirlər Sovetinin rəhbərliyi Azərbaycan SSR Nazirlər Sovetinə Azərbaycanın istifadəsində olan Ermənistanın  ərazisindəki yüz minlərlə hektar torpaq sahəsinindən istifadə etməsinə son verməsi tələbi ilə tapşırıq vermişdi. Moskva bu tələbini son illərdə xarici ölkələrdən Ermənistana xeyli erməni ailələrinin gəlməsi ilə, buna  görə də onlara iş və yaşayış şəraitinin yaradılması zərurətinin yaranması ilə əsaslandırmışdı. Moskvanın bu tələbi  Azərbaycan SSR Nazirlər Sovetinin iclasında müzakirəyə çıxarılmışdı. Nazirlər Sovetinin  iclasında Mircəfər Bağırov bu tələb barədə məlumat verib, iclasda iştirak edənlərə bu barədə çıxış etməyi təklif etmişdir. Müzakirədə çıxış edənlərin hamısı bu torpaqlara Azərbaycanın ehtiyacının olmadığını, Azərbaycanın Ermənistan torpaqlarından istifadə etməsinə son verməsinin doğru olacağını, buna görə də Azərbaycan SSR Nazirlər Sovetinin belə qərar qəbul etməsini təklif etmişdilər.  Respublika rəhbərliyindən,  rayon və şəhər rəhbərlərindən iclasda çıxış edənlər həmin torpaqlarda min illər ərzində Azərbaycanlıların yaşadığını, bu torpaqların tarix boyu Azərbaycanın təsərrüfat və iqtisadi fəaliyyətinin tərkib hissəsi olduğunu heç yada da salmamışdılar. Həmin iclasda vəziyyətin çox acınacaqlı olduğunu görən Əlibala Şirinov iclasda çıxış etmək üçün söz istəmişdir. Tribunaya çıxan Əlibala Şirinov öz çıxışında Mircəfər Bağırova müraciət edərək belə bir qərarın qəbul edilməsinin doğru olmayacağını bildirmişdi. O, öz çıxışında demişdi ki, onun özünün rəhbərlik etdiyi kolektiv təsərrüfatın 50000 (əlli min) qoyunu var. Əgər Ermənistan ərazisində onların istifadəsində olan otlaqlar olmasa, bu qoyunları saxlamağa yer olmayacaq və bu heyvanlar tələf olacaq. Ona görə onun özü belə bir qərarı yerinə yetirə bilməyəcəkdir.

Butun Qarabağın, Gəncə ətrafının və Qazax mahalının tarixi yaylaq torpaqlarının əsas hissəsi Azərbaycandan alınaraq Ermənistana birləşdirildiyi üçün belə bir acınacaqlı vəziyyət yaranmışdı. Azərbaycan hakimiyyəti Moskvanın bu tələbi ilə razılaşıb, bu torpaqların istifadəsindən də imtina etsəydi, Azərbaycanda milyondan çox qoyun, mal-qara dərhal kəsilməli idi. Bunun nəticəsində isə Azərbaycanda çox ciddi ərzaq qıtlığı yaranacaqdı. Əslində Əlibala Şirinov bu çıxışında təkcə öz təsərrüfatını yox, butun Azərbaycanı müdafiə etmişdi.

Əlibala Şirinovun dediklərini dinlədikdən sonra Mircəfər Bağırov əsəbi halda tribunaya yaxınlaşmış və ona demişdi ki, Siz nə cürətlə SSRİ rəhbərliyinin verdiyi təklifin əleyhinə çıxırsınız? Bilmirsiniz ki, mən Sizi elə buradaca güllələyərəm. Sonra o, Əlbala Şirinovun tribunada sakit və təmkinli dayandığını görüb, ona zaldakı yerinə getməsini bildirmişdi. Bundan sonra heç bir çıxış olmamış, qərar qəbul edilməsi üçün fasilə elan edilmişdi. Fasilədən sonra qəbul edilən qərar səsləndiriləndə isə iclasda olanların hamısı bu qərarı təəccüblə qarşılamışdılar. Qəbul edilən qərar əksəriyyətin dediyinin əksinə, Moskvanın etdiyi tələbə qarşı Əlibala Şirinovun etirazına uyğun qəbul edilmişdi. Azərbaycan SSR Nazirlər Soveti SSRİ Nazirlər Sovetinə belə bir qərar qəbul edə bilməyəcəyini, Ermənistan ərazilərində olan otlaq torpaqlardan imtina edə bilməyəciyi bildirmişdi. Bu məsələ bununla da qapanmış, 1985-ci ildə Azərbaycan rəhbərliyi Moskvanın eyni tələbini qəbul edənə qədər bu torpaqlar Azərbaycanın istifadəsində qalmışdı. 1985-ci ildə Azərbaycan rəhbərliyi bu torpaqlardan imtina etməsi ilə bağlı razılıq qərarı qəbul edərkən, bu qərara Azərbaycan rəhbərliyindən heç kim etiraz etməmişdi. Bu qərarın qəbul edilməsindən dərhal sonra Azərbaycanın kənd təsərrüfat müəsisələrində yüz minlərlə mal-qara və qoyun kəsilərək ləğv edilmişdi. Ancaq 1953-cü ildə isə SSRİ-nin repressiv rejiminin tüğyan etdiyi ağır dövdə tək bir nəfərin - Əlibala Şirinovun öz ölümünü gözə alıb Moskvanın tələbinə qarşı çıxması  Azərbaycanın xeyirinə qərar qəbul edilməsi ilə nəticələnmişdi.

Ermənistanın 1985-ci ildə SSRİ rəhbərliyinin köməyi ilə Azərbaycanın istifadəsində olan torpaqları ondan alması 1988-ci ildən Azərbaycana qarşı başlanacaq ərazi iddialarının, işğalçı müharibənin birinci mərhələsi oldu.

Əlibala Şirinov həm Azərbaycanda, həm də SSRİ məkanında heç kimin görə bilmədiyi quruculuq işləri gerçəkləşdirdi. O, özünün rəhbərlik etdiyi kollektiv təsərrüfatın əldə etdiyi gəlirin hesabına 1957-ci ildən başlayaraq   məktəbləri, xəstəxanası, uşaq baxçası, evlərində telefonları, gecə işıqlandırılan asfalt küçə və səkiləri olan 500 müasir iki mərtəbəli daş evlərdən tikilmiş bir kənd saldı. Sonrakı bir neçə il ərzində hər birində soyuducu və televizoru olan 1000 evli müasir bir kənd yarandı. Bu kəndə təkcə Moskvadan və SSRİ-nin başqa-başqa yerlərindən yox, Avropanın sosialist ölkələrindən də gəlib, görülən işlərə heyranlıqla baxırdılar.

Əlibala Şrinov həyatı boyu öz vətəni üçün bir çox vacib məsələlərin həllində doğru qərarların qəbul edilməsinə çalışmış və  buna nail olmuşdur. O, həmişə insanları müdafiə etmiş, onların haqsız cəzalandırılmasının qarşısını almışdır. Əlibala Şirinovun rəhbərlik etdiyi təsərrüfatın və öz qazancının böyük bir hissəsi yetimlərin, tənha yaşlı adamların, başqa imkansızların, ali məktəblərdə təhsil alan tələbələrin ehtiyaclarınan ödənməsi üçün sərf edilirdi. İkinci Dünya Müharibəsi başladıqdan sonra 1941-ci ildə cəbhəyə yola düşən Əlibala Şirinov Azərbaycan SSR hökumətinin qərarı ilə ölkənin ərzaqla təmin edilməsi zərurəti olduğu üçün öz iş yerində qaytarılır və o, müharibə illərində ölkənin ərzaqla təmin edilməsi üçün çox böyük işlər görür. Müharibə illərində və müharibədən sonrakı illərdə də Əlibala Şirinov  Azərbaycanın hər yerindən çörək dalınca Dünyamalılara onun yanına gələn minlərlə insanları geriyə əliboş qaytarmamışdı.

Azərbaycanın siyasi, təsərrüfat, elmi və mədəni elitasının, zəhmətkeş insanların, bütün elin və camaatın böyük hörmətini qazanan Əlibala Şirinovun Dünyamalılar kəndindəki evi, eyni onu əcdadları olan Barlasların,  onun atası Abdulun və əmisi Cahangirin evləri kimi, insanlar üçün bir ocağa çevrilmişdi. Bilavasitə öz evlərində uşaq vaxtlarından Azərbaycanın rəhbərliyi və başqa mühüm adamları ilə tanış olması, Azərbaycanın məsələləri ilə bağlı söhbətləri dinləməsi, atasının insanlara və vətənə xeyir verən işlərinin şahidi olması 1952-ci ildə anadan olmuş İxtiyar Şirini çox gənc yaşlarından insanlara və Azərbaycana bağlı bir şəxsiyyət kimi yetişdirmişdi.

Əlibala Şirinov 3 noyabr 1973-cü ildə vəfat etdikdə dövlətin qərarı ilə Bakı şəhərində İkinci fəxri xiyabanda dəfn edildi. Onun vətənə və insanlara xidmət yolunu oğlu İxtiyar Şirin davam etdirdi.


Fitat Məhəmməd qızı Şirinova (1957-ci ildə)

İxtiyar Şirinin anası Fitat xanım ( doğum tarixi 1919-cu il ) Qarabağın tanınmış, var-dövlətli  şəxsiyyətlərindən biri olan Qaradolaq tayfasından Kərbalayı Nəsirin nəvəsi idi. Çox böyük var-dövlət sahibi olan Kərbalayı Nəsirin indiki Xocavənd ərazisindəki torpaqlarında yerləşən mülkündəki qoyunların sayı on mindən çox idi. Kərbalayı Nəsir vəfat etdikdən sonra onun oğlu Məhəmməd Kərbalayı Nəsir oğlu (Fitat xanımın atası) öz qardaşları ilə bu təsərrüfatı, var dövləti iki dəfə artırdılar. Əliaçıq bir nəsil olan bu ailə hər zaman yoxsullara, kimsəsizlərə, imkansızlara əl tutur, yardım edirdilər. Onlar  öz səxavətləri ilə hamının hörmətini qazanmışdılar. Azərbaycanda Sovet hakimiyyətinin gətirdiyi qaydalarla barışmayan bu ailənin at belində beşatlan tüfəngləri ilə öz azad həyatını qoruyan gənc oğullarının əksəriyyəti rus əskərləri tərəfindən təqib edilərək qətlə yetirildilər. Bu qətliamlardan salamat qurtaran  Məhəmməd Kərbalayı Nəsir oğlu və ailənin başqa kişiləri də bu təzyiqlərə və itkilərə dözə bilməyib, çox gənc yaşlarında vəfat etdilər. Fitat xanımın Xalaç tayfasından olan anası Aftab xanım körpə uşaqlarını və əlində qalan var-dövlətini götürüb Xalaç elinə, qohumlarının yanına getdi, uşaqlarını burada böyütdü, təhsil almalarına hər cür şərait yaratdı. Belə bir ailədən olan Fitat xanım Əlibala Şirinovla ailə qurduqdan sonra çox ağıllı, çox bilikli, çox zəhmətkeş və çox qayğıkeş bir qadın olaraq öz ovladlarının tərbiyəsinə və təhsilinə xüsusi fikir verirdi. İxtiyar Şirin belə bir ailədə yetişdi, tərbiyə olundu.

1977-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirən İxtiyar Şirin işləmək üçün təyinat aldığı prokurorluqda təmiz və ədalətli fəaliyyətinə görə qısa zaman ərzində ardıcıl və davamlı xidməti karyera qazandı. l977-1984-cü illərdə Xətai rayon prokurorlugunun müstəntiqi, sonra baş müstəntiqi, Bakı şəhər prokurorlugıında şöbə prokuroru, Qaradağ rayon prokurorunun müavini vəzifələrinə irəli çəkildi. 1985-ci ildə Bakı şəhəri Yasamal (Oktyabr) rayon prokuroru vəzifəsini icra etdikdən sonra, l986-cı ilin yanvar ayında Qaradağ rayon prokuroru təyin edilən İxtiyar Şirin qısa zaman ərzində rayon sakinlərinin hörmətini və etimadını qazandı.


İxtiyar Şirin & Adil İrşadoğlu

Yazı 23.09.2014-cü ildə hazırlanmışdır.

17.11.2022-ci ildə yenidən redaktə olunaraq çap edilmişdir.

Ardı var...

 

TURAN ELİNƏ AĞIR İTKİ ÜZ VERDİ



İxtiyar Əlibala oğlu Şirin

2022-ci ilin Noyabr ayının 14-dən 15-nə keçən gecə 50 ildir dostluq etdiyim imanlı, ədalətli, sədaqətli, mehriban, səmimi, təvazökar, sevimli insan İxtiyar Şirinlə bağlı eşitdiyim acı xəbər məni çox üzdü. Hələ də özümə gələ bilmirəm. O, uzun müddət idi ki, ciddi xəstəlikdən əziyyət çəkirdi.

İxtiyar Şirinov son vaxtlara qədər Milli Konqres Partiyası adlı siyasi qurumun rəhbəri idi.

İ.Ə.Şirinov 24 iyul 1952-ci ildə Beyləqan rayonunda anadan olub. 1972-1977-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində ali təhsil alıb. AXC hakimiyyəti dövründə əvvəlcə dövlət müşaviri, sonra baş prokuror (1992–1993-cü illərdə) vəzifəsində çalışıb.

Həqiqətən Azərbaycana və Azərbaycan xalqına ağır itki üz verdi. İxtiyar Əlibala oğlu Şirinov deyirdi ki, vətəndaşlarımızın hüquq və azadlıqlarını qorumaq hər bir siyasətçinin vəzifəsidir. Siyasətçi öz vətəninin mənafeyini daim müdafiə etməlidir...

 Vətənimiz öz ləyaqətli oğlunu, unudulmaz şəxsiyyətini itirdi. Heyf... Allah rəhmət eyləsin. Məkanı cənnət olsun. İxtiyar bəyin ailəsinə, doğmalarına, qohumlarına və dostlarına öz adımdan, ailəm adından dərin hüznlə başsağlığı verirəm. Əlvida qardaş. O dünyada görüşənədək !


Adil İrşadoğlu (Əliyev).

Bakı, 15 noyabr 2022.


10 Kasım 2022 Perşembe

SÖZÜN TABLOSU - MUSTAFA ÇƏMƏNLİ YAZIR...

Mustafa Çəmənli 


Ömrümün 40 ildən çoxu nəşriyyatlarda keçib. Bu 40 ildə çox kitabların redaktoru olmuşam. Sayını belə unutmuşam. Duman çəmənliyə necə hopursa, mənim də ömrümün anları redaktoru olduğum kitabların səhifələrinə eləcə hopubdur. 

Redaktoru olduğum  sonuncu kitab görkəmli şairimiz Ramiz Məmmədzadənin "Bir ömürdü, o da keçdi beləcə..." kitabıdır. Ramiz Məmmədzadə sözün qədrini, çəkisini, dəyərini bilən, onu daim urvatlı tutan şairdir. Ramiz müəllimin "Bir ömürdü, o da keçdi beləcə..." kitabında toplanmış şeirlərini, bədii publisistik məqalə və esselərini oxuyanda onun şair ömrünün heç də bəhrəsiz olmadığını, yaradıcı duyğularla keçdiyini gördüm. Öz sözü ilə desək, mənzərə daha aydın olar:

İşıq umdum hər açılan səhərdən, 

Arxasınca ha yüyürdüm, ha qaçdım.

Kimsə məni aşıranda yəhərdən,

Mən əl atıb üzəngidən yapışdım.

Bir ömürdü,

O da keçdi beləcə...


Dağa baxdım papaq düşdü başımdan,

Fəqət yenə dayanmadım, yeridim...

Neçə atlı çapıb keçdi qarşımdan,

Mən bu yolda suya döndüm, əridim...

Bir ömürdü,

O da keçdi beləcə...



Ramiz Məmmədzadə 

 Şairin sözlə çəkdiyi tablonu göz önünə gətirdinizmi? Ramiz Məmmədzadə vətəndaş şairdir. Mən bu sətirləri yazarkən xəyalən 1990-cı ilə qayıtdım. Elə bildim Dağüstü parkdayam, 20 Yanvar şəhidlərini anmağa gələnlərə Ramiz Məmmədzadənin kiçikhəcmli, lakin kədər, qürur dolu "O gecə" kitabını paylayırdılar. Yadımdadı, "O gecə" poeması 1990-cı ildə "Gənclik" nəşriyyatında 100 min tirajla çap edilmişdi. O da yadımdadır ki, Ramiz Məmmədzadə ona çatası qələm haqqını Şəhidlər xiyabanının tikinti fondunun hesabına köçürtmüşdü. 

"Bir ömürdü, o da keçdi beləcə..." deyən şair kitabında toplanmış şeirlərində, publisistikasında kimləri anmayıb, kimləri yada salmayıb. "Ağdamın baməzə adamları" silsiləsindən oxuduğum şeirlər gözəgörünməz mələklər kimi məni Ağdamlı günlərə qaytardı. Ağdamlıların yaxşı tanıdığı - unudulmaz ədibimiz Əbdürrəhim bəy Haqverdiyevin "Mirzə Səfər", "Şeyx Şəban", "Haqq Mövcud" hekayələrinin qəhrəmanları kimi koloritli, sadə, səmimi insanları - "Dəli" Dilbəri, Uzun Əbişi, Forslu Rəşidi, Poto Çərkəzi, Xasay kişini, Dəmirçi Şəmili, Faytonçu Çərkəzi bir daha görüb seyr etdim. Erməni faşistlərinin Ağdamı işğal edərkən yurdundan, doğma mühitindən perik saldığı bu insanların xarakterik xüsusiyyətləri Ramiz müəllimin silsilə şeirlərində əbədiləşibdir. Bu silsilə şeirlərdə o insanlar doğma şəhərlərində, öz yurd-yuvalarındadırlar. 

"Bir ömürdü, o da keçdi beləcə..." torpağını, yurdunu, Vətənini canından artıq sevən vətəndaş şairin məhəbbətinin, nisgilinin, nigarançılığının, ümidinin müasirlərinə, gələcək nəsillərə ünvanladığı ismarıcların dəyərli toplusudur. 

Budur, neçənci dəfədir kitabını vərəqləyirəm, bəzi səhifələri təkrar oxuyuram: "Bahar fəsli qəfil çiçəklənmiş ağac görəndə keçirdiyim hissi keçirirəm". Bu sətirləri oxuyanda sanki mən də bahara qovuşdum. Xəyalımda Ramiz Məmmədzadənin səsi canlandı:

"Hanı torpağım, anam Qarabağım? Hanı Şuşam, hanı Ağdamım, hanı küçəm, hanı ata evim, hanı oxuduğum 1 nömrəli məktəb, hanı qohum-qardaşım, hanı bağlar, bağçalar, hanı babam, nənəm uyuyan Qarağacı qəbiristanlığı, hanı göylərə qalxan Ağdam - Şuşa - Laçın yolları? Ha boylanıram, ha baxıram, görə bilmirəm".

Siz bu sətirlərdəki səssiz qəlb hıçqırtılarını eşidirsinizmi? Sizi bilmirəm, mən eşidirəm. Bu sətirləri yazanın qəlb çırpıntılarını duymadan oxumaq olarmı? "Ağdam - ruhum, canım, arxam, həyanım, ümid yerim, beşiyim, məzarım" deyən Ramiz Məmmədzadənin zahirən sərt görünən surətinin arxasında incə bir ürəyin döyüntüsünü görməmək insafsızlıq olar. Ağdam işğaldan azad olunandan sonra: "Mən Ağdama - evimizə sonsuz istəklərlə dönmək arzusundayam" deyən Ramiz müəllimin bu arzusu 28 il doğma yurdun həsrəti ilə yaşayan hər bir ağdamlının istəyinin ifadəsi deyilmi?! 

Ramiz Məmmədzadənin 272 səhifəlik kitabında onun poetik ruhunun zərifliyinin ifadəsi olan çeşidli, rəngarəng şeirləri, pafosdan, şişirtmədən uzaq xatirələri ilə yanaşı, akademik Rafiq Əliyevə, şair, Əməkdar incəsənət xadimi Çingiz Əlioğluna, Xalq yazıçısı Elçinə, Xalq şairi Vahid Əzizə, yazıçı-jurnalist Rafiq Hacıyevə, filologiya elmləri namizədi, el ağsaqqalı Sadıq Murtuzayevə, millət vəkili Aqil Abbasa, şair-dramaturq Ramiq Muxtara, dostu Dilafətə  ünvanladığı ədəbi məktublarında, vida esselərində qələmdaşlarının yaradıcılıqlarına, şəxsiyyətlərinə sayğı dolu fikir və mülahizələri ilə tanış oluruq.

"Bir ömürdü, o da keçdi beləcə..." kitabını həm də Ramiz Məmmədzadənin ömür kitabı adlandırmaq olar. Şair "Unudulmazım" adlı xatirəsində dünyasını vaxtsız dəyişmiş ömür-gün yoldaşı Həqiqət xanımla tanışlığından, onunla ailə qurmağından, oğul-qız valideyni olmaqlarından, xanımını əbədi itirdiyi o ağır gündən söz açaraq yazır: "1993-cü ilin qışında dünya sökülüb dağıldı. Yer, göy bir-birinə qarışdı...

Həqiqət son günləri ilə çırpınırdı... Həmin ilin qarşıdan gələn yaz aylarında unudulmaz Həqiqətin 53, Firuzə qızımızın 13 yaşı tamam olacaqdı..."  

Bu sadə, amma kədərli sətirləri oxuyub duyğulanmışdım. Telefon açıb, qəm yemə, Ramiz müəllim, qəzavü-qədərdən kim qaça bilib ki, demək istəyirdim. 

Həmişə nikbin ovqatda gördüyüm Ramiz müəllim atası Yaqub Məmmədovun 18 fevral 1943-cü ildə Rusiyanın Oryol vilayətində həlak olması xəbərini eşidəndə 12 yaşında olub. Çox sonralar bilib ki, leytenant rütbəsi daşıyan atası 74-cü atıcı alayın siyasi hissə üzrə komandir müavini olub. 12 yaşlı yeniyetmə üçün 34 yaşlı atanı itirməyin nə demək olduğunu yəqin ki, təsəvvür etmək çətin olmaz. 22 yaşında ərini itirmiş Zəhra xanım bir daha ailə qurmamış, min bir zəhmətlə körpələrini böyütmüşdür. Faşist xislətli ermənilər Ağdamı işğal etdikdən sonra Zəhra xanım da Bakıda köçkün həyatı yaşamışdı. Min təəssüf ki, minlərlə köçkün kimi Zəhra anaya da Qarabağın işğaldan azad olduğu mübarək günü görmək qismət olmadı. 2003-cü ildə Bakıda haqqa qovuşdu. Anasının keşməkeşli həyatını yana-yana xatırlayan Ramiz Məmmədzadənin aşağıdakı sətirlərindən təsirlənməmək olmur: 

"Ah, yazıq anam, müdrik anam, birinci sinfə belə getməyən bilikli anam, ruhun sevinsin, indi Ağdama, evimizə, küçəmizə qayıdırıq... Birmərtəbəli, kürsülü, üçgözlü ata evimizin həlak olduğu dəqiq tarix yadımdadır - 16 yanvar 1993-cü il. Şeytan erməni sürüsünün Ağdama soxulmasına hələ yeddi ay vardı..." 

Beləcə, həyatın hər üzünü görmüş Ramiz Məmmədzadə öz gücünə, xeyirxah adamların sayəsində ali təhsil almış, uzun illər Mərkəzi Komitə və Nazirlər Kabinetində, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Maarif evində məsul vəzifələrdə çalışmışdır. 

44 günlük Vətən müharibəsinin zəfərlə başa çatmasını hamı kimi Ramiz Məmmədzadə də böyük sevinc, qürur hissi ilə qarşılamışdır. Kitabında dərc etdiyi "Ağdamda evimiz" məqaləsində yazır:

"O günü - 23 noyabr 2020-ci ildə cəngavər Prezidentimiz İlham Əliyev və fəxrimiz, vüqarımız Mehriban xanım yaralanmış, təhqir edilmiş, yazıq günə qalmış Ağdam Cümə məscidini ziyarət edəndə baxıb ağladım, elə bil yuxu görürdüm, möcüzəyə düşmüşdüm nəydi...

Ali Baş Komandanımız məscidin rəngi qaçmış həyətində haqsızlığa, zülmə qarşı üsyan edirdi, erməni eybəcərliklərini, onların faşist xislətini faktlarla ayaqlar altına çırpırdı. Qalib bir millətin zəfər himnini ucadan oxuyurdu... Haqqın, ədalətin təntənəsini bütün planetə bəyan edirdi...

Mən ağlayırdım, əfsanəvi qələbə həyəcanından, torpaq, yurd-yuva həsrətinin yanğısından od almışdı məni". 

"Bir ömürdü, o da keçdi beləcə..." kitabı haqda bu kiçik təəssüratımı müəllifin öz poetik pıçıltıları ilə bitirmək istəyirəm:

Gilas əkdim,

sığal çəkdim başına, 

Çata ömrüm nola gilas yaşına...

Nə yaxşı ki sən çıxmısan qarşıma,

Sənin bəxtin mən özüməm, bilsənə,

Gilas vaxtı durub bizə gəlsənə.


4 yanvar 2022-ci il

6 Kasım 2022 Pazar

ADİL İRŞADOĞLU / BOZ QURD AİLƏSİ MEŞƏDƏ ƏN NÜMUNƏVİ AİLƏ SAYILIR




...Arxeoloqların və təbiətşünasların yazdığına görə insanın qurdla birgəyaşayışının vaxtı 14 min il əvvələ gedib çıxır. Canavarlar ən çox 20 il ömür sürərlər. Dişi qurdun bədənində dölü 60 günə yetişib dünyaya gələr. Bala qurdun gözləri 12 günə açılar. 20-ci günü isə iybilmə xüsusiyyəti gələr. Elə ki burnuna qoxu dəydi, 21-ci günü yuvasından çıxar yavru qurd balaları. 12 həftə tamam oldumu, anasından və ata qurddan ovlamaq öyrənərlər. Qurd ailəsi meşədə ən nümunəvi ailə sayılar. Onlar qış fəslini sürü halında yaşayar, yazda isə kiçik qruplar halında ətrafa yayılarlar.

Yaxşı, bəs görəsən türk insanının meşələrin müdriki olan bozqurda bu qədər sevgisinin mənbəyi haradan gəlir!? Biz dünyanın nə əvvəlini, nə də sonunu bilərik. Lakin günümüzə qədər gəlib çıxan mənbələrdə var olan, güclü olan türk qəhrəmanlarının hər birinin əfsanəsində bir qurd, göy qurd, boz qurddan törəmə obrazı vardır. Bu artıq türk milli şüurunun özünüdərkidir.

Milli mücadiləyə qalxan hər bir türk oğlu, türk milləti qurtuluşu dində deyil, əzmdə, şücaətdə gördü. Boz qurdu ona görə sevdi ki, yaranışından xasiyyətində köləlik olmadı, haqq-ədalət savaşları, yurd savaşları, azadlıq savaşları apardı. Hansı türk qəhrəmanlıq tarixini, daş yazıları, kitabələri, dəri məktubları oxuduqsa, orada baş qəhrəmanın bozqurdun südünü əmdiyini və ya bozqurddan doğulduğunu gördük. Hunlardan, Göytürklərdən, Uyğurlardan , Çingizlərdən, Xakaslardan, Yakutlardan qalan yazıların hamısında bir qurd obrazı vardır. Bu inancın yayıldığı areal isə Mete xanın yaşadığı Altaylardan Sibirə, Mərkəzi Asiyaya, Balkanlara qədər uzanır...


A.Irşadoğlu Əli & REALİST ADİL


ADİL İRŞADOĞLU / ANS-in "QULP" VERİLİŞİNDƏ AŞIQ YEDİYAR...


Aşıq Yediyar Baba Pünhanın 
yazdığı şeirləri mahnı ilə ifa edir...



Aşıq Yediyar Baba Pünhanın 
yazdığı şeirləri mahnı ilə ifa edir...