(Birinci
məqalə)
İxtiyar Şirin (1972-ci ildə)
Milli Konqres partiyasının sədri İxtiyar Şirin Azərbaycanın milli
şəxsiyyəti kimi tərbiyəsini öz ailəsində - atası Əlibala Şirinovun yanında
alıb. Türk tayfası Barlaslardan olan Əmir Teymur Azərbaycanı idarə etdiyi
dövrdə Qarabağı bir siyasi mərkəz halına gətirmişdi. Əmir Teymurun göstərişi
ilə Qarabağda moğol yürüşlərindən sonra dağılmış Beyləqan şəhərinin bir hissəsi
1403-cü ildə bir ay ərzində bərpa edilmiş və yenidən tikilmiş, Araz çayından
Beyləqan şəhərinə qədər uzunluğu 40 kilometr olan böyük Barlas arxını bir ay
ərzində çəkdirmişdi. Beyləqan şəhəri Teymur imperatorluğu dövründə bu dövlətin
qeyri-rəsmi paytaxtına çevrilmişdi. Əmir Teymur dövlətinin özəyini təşkil edən
Barlaslar da doğma Xalaçlarla birlikdə həmin dövrdən Beyləqanda yurd saldılar.
Barlaslar Azərbaycanda Teymur imperatorluğunun hakimiyyəti tamamlandıqdan sonra
Səmərqəndə geriyə dönmədilər, Beyləqanda yaşadılar. 1920-ci illərin
əvvəllərində Beyləqanda Əlibala Şirinovun atası barlas Abdul Şirin oğlunun və
əmisi Cahangir Şirin oğlunun təsərrüfatında üç minə qədər qoyun, mal-qara və
əkin sahələri var idi. Onlar qoyun, mal-qara saxlamaqla yanaşı əkinçiliyə də
çox üstünlük verir, yığdıqları taxılı, düyünü və başqa məhsulları bazara
göndərirdilər. Onların evi kasıb, kimsəsiz, yetim, imkansız insanların pənah
yerinə çevrilmişdi. Bu evə yardım istəməyə gələn əli boş geri dönməzdi.
Əhli-beyt həyatı yaşayan Barlasların evi ocaq hesab edilirdi.
Əlibala Abdul oğlu 1925-ci ildə 19 yaşı olanda özünün 22 yaşı olduğunu bildirib Azərbaycan Milli Taburuna hərbi xidmətə girmiş, həmin vaxtdan babası Şirinin adı ona soyadı olaraq verilmişdi. 1927-ci ildə o, hələ hərbi xidmətdə olan zaman Beyləqanda onların evinə böyük bir basqın olmuş, atası Abdul və əmisi Cahangir öldürülmüş, qardaşı Baxış oğurlanmış, var - dövlətləri talan edilmişdi. Bu xəbəri alıb evlərinə dönən Əlibalanı da qətlə yetirmək üçün onların evinə basğın edilmiş, lakin o, öz qoçaqlığı sayəsində basqınçıların təqibindən qurtarmışdı. Hərbi xidmətə davam etmək üçün geriyə dönən Əlibala Şirinov 1927-ci ildə xəstələndiyinə görə ali hərbi məktəbə gedə bilməmiş, həmən il də hərbi xidmətini başa vurub evlərinə gəlmişdir. Evləri və təsərrüfatları dağıdılmış olan Əlibala Şirinov Beyləqanda doğma Xalaç camaatı ilə birlikdə qurduqları Dünyamallar kənd sovetində mühasib, kənd soveti sədri, 1935-1936-ci illərdə Gödəklər kəndində qurulan kolxozun sədri, 1936-cı ildən 1971-ci ilədək öz doğma kəndi Dünyamalılarda, sonralar Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədovun adı ilə adlanan kolxozun sədri olmuş, 1947-cı ildən başlayaraq vəfat etdiyi 1973-cü ilə qədər altı dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmiş, 1952-ci ildə ona Sosialist Əməyi Qəhramanı adı verilmiş, iki Lenin ordeni, Şərəf Nişanı ordeni, SSRİ-nin başqa orden və medalları ilə təltif edilmişdir.
Əlibala Şirinovun Azərbaycanda həm xalqın arasında, həm də respublika
rəhbərliyinin içərisində hörməti və nüfuzu o qədər böyük idi ki, o, lazım
olanda respublikanın mühüm işləri ilə bağlı məsələlərdə də öz mövqeyini
bildirir və bu mövqeyini müdafiə edirdi. Bu cür məsələlərdən biri
SSRİ-nin rəhbəri İosif Stalinin 1953-cü ilin mart ayında vəfat etməsindən sonra
olmuşdu. 1948-1952-ci illərdə SSRİ rəhbərliyinin qərarı ilə yüz minlərlə
azərbaycanlıların Ermənistandan deportasiya edilməsindən sonra SSRİ Nazirlər
Sovetinin rəhbərliyi Azərbaycan SSR Nazirlər Sovetinə Azərbaycanın
istifadəsində olan Ermənistanın ərazisindəki yüz minlərlə hektar torpaq
sahəsinindən istifadə etməsinə son verməsi tələbi ilə tapşırıq vermişdi. Moskva
bu tələbini son illərdə xarici ölkələrdən Ermənistana xeyli erməni ailələrinin
gəlməsi ilə, buna görə də onlara iş və yaşayış şəraitinin yaradılması
zərurətinin yaranması ilə əsaslandırmışdı. Moskvanın bu tələbi Azərbaycan
SSR Nazirlər Sovetinin iclasında müzakirəyə çıxarılmışdı. Nazirlər
Sovetinin iclasında Mircəfər Bağırov bu tələb barədə məlumat verib,
iclasda iştirak edənlərə bu barədə çıxış etməyi təklif etmişdir. Müzakirədə
çıxış edənlərin hamısı bu torpaqlara Azərbaycanın ehtiyacının olmadığını,
Azərbaycanın Ermənistan torpaqlarından istifadə etməsinə son verməsinin doğru
olacağını, buna görə də Azərbaycan SSR Nazirlər Sovetinin belə qərar qəbul
etməsini təklif etmişdilər. Respublika rəhbərliyindən, rayon və
şəhər rəhbərlərindən iclasda çıxış edənlər həmin torpaqlarda min illər ərzində
Azərbaycanlıların yaşadığını, bu torpaqların tarix boyu Azərbaycanın təsərrüfat
və iqtisadi fəaliyyətinin tərkib hissəsi olduğunu heç yada da salmamışdılar.
Həmin iclasda vəziyyətin çox acınacaqlı olduğunu görən Əlibala Şirinov iclasda
çıxış etmək üçün söz istəmişdir. Tribunaya çıxan Əlibala Şirinov öz çıxışında
Mircəfər Bağırova müraciət edərək belə bir qərarın qəbul edilməsinin doğru
olmayacağını bildirmişdi. O, öz çıxışında demişdi ki, onun özünün rəhbərlik
etdiyi kolektiv təsərrüfatın 50000 (əlli min) qoyunu var. Əgər Ermənistan
ərazisində onların istifadəsində olan otlaqlar olmasa, bu qoyunları saxlamağa
yer olmayacaq və bu heyvanlar tələf olacaq. Ona görə onun özü belə bir qərarı
yerinə yetirə bilməyəcəkdir.
Butun Qarabağın, Gəncə ətrafının və Qazax mahalının tarixi yaylaq
torpaqlarının əsas hissəsi Azərbaycandan alınaraq Ermənistana birləşdirildiyi
üçün belə bir acınacaqlı vəziyyət yaranmışdı. Azərbaycan hakimiyyəti Moskvanın
bu tələbi ilə razılaşıb, bu torpaqların istifadəsindən də imtina etsəydi,
Azərbaycanda milyondan çox qoyun, mal-qara dərhal kəsilməli idi. Bunun
nəticəsində isə Azərbaycanda çox ciddi ərzaq qıtlığı yaranacaqdı. Əslində
Əlibala Şirinov bu çıxışında təkcə öz təsərrüfatını yox, butun Azərbaycanı
müdafiə etmişdi.
Əlibala Şirinovun dediklərini dinlədikdən sonra Mircəfər Bağırov əsəbi
halda tribunaya yaxınlaşmış və ona demişdi ki, Siz nə cürətlə SSRİ
rəhbərliyinin verdiyi təklifin əleyhinə çıxırsınız? Bilmirsiniz ki, mən Sizi
elə buradaca güllələyərəm. Sonra o, Əlbala Şirinovun tribunada sakit və
təmkinli dayandığını görüb, ona zaldakı yerinə getməsini bildirmişdi. Bundan
sonra heç bir çıxış olmamış, qərar qəbul edilməsi üçün fasilə elan edilmişdi.
Fasilədən sonra qəbul edilən qərar səsləndiriləndə isə iclasda olanların hamısı
bu qərarı təəccüblə qarşılamışdılar. Qəbul edilən qərar əksəriyyətin dediyinin
əksinə, Moskvanın etdiyi tələbə qarşı Əlibala Şirinovun etirazına uyğun qəbul
edilmişdi. Azərbaycan SSR Nazirlər Soveti SSRİ Nazirlər Sovetinə belə bir qərar
qəbul edə bilməyəcəyini, Ermənistan ərazilərində olan otlaq torpaqlardan imtina
edə bilməyəciyi bildirmişdi. Bu məsələ bununla da qapanmış, 1985-ci ildə
Azərbaycan rəhbərliyi Moskvanın eyni tələbini qəbul edənə qədər bu torpaqlar
Azərbaycanın istifadəsində qalmışdı. 1985-ci ildə Azərbaycan rəhbərliyi bu
torpaqlardan imtina etməsi ilə bağlı razılıq qərarı qəbul edərkən, bu qərara
Azərbaycan rəhbərliyindən heç kim etiraz etməmişdi. Bu qərarın qəbul
edilməsindən dərhal sonra Azərbaycanın kənd təsərrüfat müəsisələrində yüz
minlərlə mal-qara və qoyun kəsilərək ləğv edilmişdi. Ancaq 1953-cü ildə isə
SSRİ-nin repressiv rejiminin tüğyan etdiyi ağır dövdə tək bir nəfərin - Əlibala
Şirinovun öz ölümünü gözə alıb Moskvanın tələbinə qarşı çıxması
Azərbaycanın xeyirinə qərar qəbul edilməsi ilə nəticələnmişdi.
Ermənistanın 1985-ci ildə SSRİ rəhbərliyinin köməyi ilə Azərbaycanın
istifadəsində olan torpaqları ondan alması 1988-ci ildən Azərbaycana qarşı
başlanacaq ərazi iddialarının, işğalçı müharibənin birinci mərhələsi oldu.
Əlibala Şirinov həm Azərbaycanda, həm də SSRİ məkanında heç kimin görə
bilmədiyi quruculuq işləri gerçəkləşdirdi. O, özünün rəhbərlik etdiyi kollektiv
təsərrüfatın əldə etdiyi gəlirin hesabına 1957-ci ildən başlayaraq
məktəbləri, xəstəxanası, uşaq baxçası, evlərində telefonları, gecə
işıqlandırılan asfalt küçə və səkiləri olan 500 müasir iki mərtəbəli daş
evlərdən tikilmiş bir kənd saldı. Sonrakı bir neçə il ərzində hər birində
soyuducu və televizoru olan 1000 evli müasir bir kənd yarandı. Bu kəndə təkcə
Moskvadan və SSRİ-nin başqa-başqa yerlərindən yox, Avropanın sosialist
ölkələrindən də gəlib, görülən işlərə heyranlıqla baxırdılar.
Əlibala Şrinov həyatı boyu öz vətəni üçün bir çox vacib məsələlərin
həllində doğru qərarların qəbul edilməsinə çalışmış və buna nail
olmuşdur. O, həmişə insanları müdafiə etmiş, onların haqsız cəzalandırılmasının
qarşısını almışdır. Əlibala Şirinovun rəhbərlik etdiyi təsərrüfatın və öz
qazancının böyük bir hissəsi yetimlərin, tənha yaşlı adamların, başqa
imkansızların, ali məktəblərdə təhsil alan tələbələrin ehtiyaclarınan ödənməsi
üçün sərf edilirdi. İkinci Dünya Müharibəsi başladıqdan sonra 1941-ci ildə
cəbhəyə yola düşən Əlibala Şirinov Azərbaycan SSR hökumətinin qərarı ilə
ölkənin ərzaqla təmin edilməsi zərurəti olduğu üçün öz iş yerində qaytarılır və
o, müharibə illərində ölkənin ərzaqla təmin edilməsi üçün çox böyük işlər
görür. Müharibə illərində və müharibədən sonrakı illərdə də Əlibala
Şirinov Azərbaycanın hər yerindən çörək dalınca Dünyamalılara onun yanına
gələn minlərlə insanları geriyə əliboş qaytarmamışdı.
Azərbaycanın siyasi, təsərrüfat, elmi və mədəni elitasının, zəhmətkeş
insanların, bütün elin və camaatın böyük hörmətini qazanan Əlibala Şirinovun
Dünyamalılar kəndindəki evi, eyni onu əcdadları olan Barlasların, onun
atası Abdulun və əmisi Cahangirin evləri kimi, insanlar üçün bir ocağa
çevrilmişdi. Bilavasitə öz evlərində uşaq vaxtlarından Azərbaycanın rəhbərliyi
və başqa mühüm adamları ilə tanış olması, Azərbaycanın məsələləri ilə bağlı
söhbətləri dinləməsi, atasının insanlara və vətənə xeyir verən işlərinin şahidi
olması 1952-ci ildə anadan olmuş İxtiyar Şirini çox gənc yaşlarından insanlara
və Azərbaycana bağlı bir şəxsiyyət kimi yetişdirmişdi.
Əlibala Şirinov 3 noyabr 1973-cü ildə vəfat etdikdə dövlətin qərarı ilə Bakı şəhərində İkinci fəxri xiyabanda dəfn edildi. Onun vətənə və insanlara xidmət yolunu oğlu İxtiyar Şirin davam etdirdi.
İxtiyar Şirinin anası Fitat xanım ( doğum tarixi 1919-cu il ) Qarabağın
tanınmış, var-dövlətli şəxsiyyətlərindən biri olan Qaradolaq tayfasından
Kərbalayı Nəsirin nəvəsi idi. Çox böyük var-dövlət sahibi olan Kərbalayı
Nəsirin indiki Xocavənd ərazisindəki torpaqlarında yerləşən mülkündəki
qoyunların sayı on mindən çox idi. Kərbalayı Nəsir vəfat etdikdən sonra onun
oğlu Məhəmməd Kərbalayı Nəsir oğlu (Fitat xanımın atası) öz qardaşları ilə bu
təsərrüfatı, var dövləti iki dəfə artırdılar. Əliaçıq bir nəsil olan bu ailə
hər zaman yoxsullara, kimsəsizlərə, imkansızlara əl tutur, yardım edirdilər.
Onlar öz səxavətləri ilə hamının hörmətini qazanmışdılar. Azərbaycanda
Sovet hakimiyyətinin gətirdiyi qaydalarla barışmayan bu ailənin at belində
beşatlan tüfəngləri ilə öz azad həyatını qoruyan gənc oğullarının əksəriyyəti
rus əskərləri tərəfindən təqib edilərək qətlə yetirildilər. Bu qətliamlardan
salamat qurtaran Məhəmməd Kərbalayı Nəsir oğlu və ailənin başqa kişiləri
də bu təzyiqlərə və itkilərə dözə bilməyib, çox gənc yaşlarında vəfat etdilər.
Fitat xanımın Xalaç tayfasından olan anası Aftab xanım körpə uşaqlarını və
əlində qalan var-dövlətini götürüb Xalaç elinə, qohumlarının yanına getdi,
uşaqlarını burada böyütdü, təhsil almalarına hər cür şərait yaratdı. Belə bir ailədən
olan Fitat xanım Əlibala Şirinovla ailə qurduqdan sonra çox ağıllı, çox
bilikli, çox zəhmətkeş və çox qayğıkeş bir qadın olaraq öz ovladlarının
tərbiyəsinə və təhsilinə xüsusi fikir verirdi. İxtiyar Şirin belə bir ailədə
yetişdi, tərbiyə olundu.
1977-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirən İxtiyar
Şirin işləmək üçün təyinat aldığı prokurorluqda təmiz və ədalətli fəaliyyətinə
görə qısa zaman ərzində ardıcıl və davamlı xidməti karyera qazandı.
l977-1984-cü illərdə Xətai rayon prokurorlugunun müstəntiqi, sonra baş
müstəntiqi, Bakı şəhər prokurorlugıında şöbə prokuroru, Qaradağ rayon
prokurorunun müavini vəzifələrinə irəli çəkildi. 1985-ci ildə Bakı şəhəri
Yasamal (Oktyabr) rayon prokuroru vəzifəsini icra etdikdən sonra, l986-cı ilin yanvar
ayında Qaradağ rayon prokuroru təyin edilən İxtiyar Şirin qısa zaman ərzində
rayon sakinlərinin hörmətini və etimadını qazandı.
İxtiyar Şirin & Adil İrşadoğlu
Yazı 23.09.2014-cü ildə hazırlanmışdır.
17.11.2022-ci ildə yenidən redaktə olunaraq çap edilmişdir.
Ardı var...
1 yorum:
🇦🇿 🇹🇷 🇦🇿
Yorum Gönder