8 Mart 2023 Çarşamba

CANDA CAN VARKƏN RUHUNU ŞAD ETMƏK DOSTLUQ BORCUMDUR

 12 dekabr milli istiqlal mübarizəsinin fəal öncüllərindən biri, rəhmətlik tələbə yoldaşım, dostum, əqidədaşım, müasir müstəqil Azərbaycanın ilk müstəqil müxalifət qəzetinin qurucusu və ilk baş redaktoru Ağamalı Sadiq Əfəndinin dünyasını dəyişdiyi gündür. 1995 - ci ilin şaxtalı qış ayında Ağamalı bəy ömrünü bizə bağışladı. Ruhuna salavat. Yeri cənnət olsun. Amin...




Ağamalı Sadiq Əfəndi elə bir şəxs idi ki, həyatımın onunla bağlı səhifələrinin hamısı kino lenti kimi vaxtaşırı gözüm önündə canlanır və bu xatirələri andıqca sanki göylərdə süzüb gənclik çağlarımın tilsiminə düşürəm...

...1972 - ci il sentyabr ayının 1 - də S.M. Kirov adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Dövlət Universitetinin ( indiki BDU - nun ) jurnalistika, hüquq və şərqşünaslıq fakültələrinə daxil olmuş tələbələr keçmiş Kommunist küçəsində yerləşən Əlyazmalar İnstitutu binasının qarşısına toplaşmışdılar. Ağamalı ilə yaxınlığımız ilk dərs günü həyətdən başladı. O vaxt daxil olduğumuz fakültəyə yoldaşların bir qismi istehsalatdan, bir qismi isə orta məktəb partası arxasından gəlmişdi. Ağamalı məndən bir neçə yaş böyük idi. O, Sumqayıt şəhərində istehsalatda şalışmışdı. Mən isə Uzeyir Hacıbəyov adına Ağdam Şəhər Orta İxtisas Musiqi Məktəbini bitirib, şəhərin 4 saylı orta məktəbində pioner baş dəstə pəhbəri işləmişdim. Ağamalı ilə tanışlığımızın ilk günündən o mənə böyük qardaş münasibəti bəsləməyə başladı. 

 Kurs yoldaşlarımızın bir neçəsi ailəli idi. Ağamalının ailəsi Bakının 8 - ci mikrorayonunun girişində, altında çörək mağazası yerləşən binada yaşayırdı. Mən də həmin mikrorayonda kirayənişin idim. Deməli, yolumuz bir idi. Sonradan əqidəmiz də birləşdi.

...Ağamalı çox səmimi, mehriban və qonaqpərvər bir insan idi. Qazaxdan ona pay göndəriləndə həyat yoldaşı Nabat bacıya çox ləzzətli xörəklər bişirtdirib qəlbinə yatan tələbə yoldaşlarını evinə dəvət edərdi... İmtahanlara da onlarla birlikdə hazırlaşardı. Ağamalıya Qazaxdan yenə pay göndərmişdilər. Bu dəfə zoğal arağı göndərilən payı daha qiymətli etmişdi. Nabat bacı bizə - atadan, anadan uzaq düşmüş, qərib gənclərə - bir teşt qiyməli xəngəl bişirdi. Qurutdan hazırlanmış sarımsaqlı qatıqla o xəngəli gözümüzə elə təpdik ki, heç doymadıq. Zoğal arağı da yavaş - yavaş öz işini görürdü. Biz isə şeirdən, sənətdən, ədəbiyyatdan və tarixdən şirin - şirin söhbət edirdik. Biri - birimizdən bilmədiklərimizi öyrənirdik. Həmin gecə Ağamalı bizi buraxmadı. Onlarda yatıb qaldıq. Səhər tezdən universitetin humanitar fakültə tələbələrinin ən çox qorxduğu Zinyət Əlizadənin imtahanına getdik və kəsildik. Sonradan o xanımın hüzuruna uzun get - gəllə, birtəhər qiymət aldıq.

...Biz millətin gələcəyi naminə tələbələr arasında ictimai fəallıq göstərməyi xoşlayan və bunu özümüzə borc bilən insanlar idik. Sağ qalanlar indi də bu ənənəni davam etdirirlər.

... Jurnalistika fakültəsinin dekanlığı Bakının 26 - lar rayonu hərbi komissarlığına bitişik binada yerləşirdi. Fakültədə yaratdığım bədii dərnəyin bütün məşqləri axşam bu binada keçirdi. Ağamalı bədii dərnəyin məşqlərinə baxmağı xoşlayırdı. Və bir gün mənə müraciət edib bildirdi ki, tar alsam, mənimlə məşğul olarsan? Dedim ki, Ağamalı, onda sən də mənə saz çalmağı öyrədərsən. Dedi ki, mən saz çalmağı mükəmməl bilmirəm. Sən tarı çalmağı mənə öyrət, tar sazdan çətin alətdir. Çətinliyi aşandan, mən sazı mükəmməl çala biləndən sonra səni öyrədərəm. Vaxt ayırıb Ağamalıya tar çalmağı öyrətdim. Tarı çalarkən hərdən muğamat da oxuyardı. Və beləliklə, Ağamalı öz üzərində çalışaraq inkişaf edirdi. Ağamalı ardıcıl olaraq qəzəllər, şeirlər yazmağa başladı. Onun ilk oxucuları biz dostları idik...

... Fakültəmizdə yaratdığım bədii dərnəyin ilk tədbirini Hüseyn Cavidin həyat və yaradıcılığına həsr etmişdik. Tələbələr onun qızı Turan Cavidi tədbirdə görəndə gözlərinə inanmadılar. Turan Cavid atasının unudulmadığından çox məmnun qaldı. O vaxt ömrünü sürgündə keçirmiş və orada həlak olmuş adlı - sanlı insanlara belə tədbirlər həsr etmək asan iş deyildi...

 Bundan sonra ardıcıl olaraq Üzeyir Hacıbəyovun, Cəlil Məmmədquluzadənin, Səməd Vurğunun, Şıxəli Qurbanovun həyat və yaradıcılığına həsr edilmiş tədbirlər keçirdik. Onların əsərlərini istedadlı tələbələrin köməyilə səhnələşdirib göstərdik. Müəllimlərimizin və tələbə yoldaşlarımızın arasında böyük nüfuz qazandıq. Fakültəmizin dekanı professor Şirməmməd Hüseynov fəaliyyətimizi yüksək qiymətləndirdi. Dekan müavini Akif Rüstəmov bizə əlindən gələn köməkliyi göstərir və məşqlərin səmərəli keçməsi üçün şərait yaradırdı. Bizim bədii dərnəyin sorağı bütün universitetə yayıldı. Universitetin rəhbərliyi böyük akt zalında keçirilən möhtəşəm tədbirlərdə bizi də çıxış etməyə çağırırdı. Həmin tədbirlərdə rəhmətlik Ağamalı sazı sinəsinə basıb çalıb - oxumaqdan yorulmurdu.

... Şıxəli Qurbanovun müəmmalı ölümündən sonra Novruz bayramını rəsmi şəkildə qeyd etmək qadağan olunmasa da, qorxu - hürkü içərisində yaşayan xalq baharın gəlişini gizlincə evində bayram edirdi. Eyni əqidəli bir qrup tələbə yoldaşımızla Fəxri Xiyabanda uyuyan xalqın vətənpərvər övladlarını ziyarət etməklə Novruz bayramını qarşılamaq fikrinə düşdük. Rəhmətlik müəllimimiz professor Qulu Xəlilovdan, yazıçı Əzizə xanım Cəfərzadədən məsləhət aldıq. Onların xeyir - duasından sonra fəaliyyətə başladıq. Qızlarımıza səməni hazırlamağı sifariş etdik. Mənim foto sənətindən, tələbə yoldaşım Yaşar Vəliyevin rəssamlıqdan baş çıxarmağımız dadımıza yetdi.

 Yaşarla bu qənaətə gəldik ki, baharın gəlişi ilə bağlı bir dəvətnamə hazırlayıb foto ilə üzünü çoxaldaq və həmin dəvətnamələri ADU ( BDU ), Politexnik İnstitut və APİ tələbələri arasında yayaq. İki gecə yatmadıq. Yaşarın əl ilə çəkdiyi dəvətnaməni fotoya köçürüb xeyli dəvətnamə hazırladıq və tələbə yoldaşlarımızın köməyi ilə onları yaydıq. Novruz bayramına bir gün qalmış, başda Ağamalı olmaqla, mən, Mehman Cavadoğlu, rəhmətlik Qəzənfər Rüstəm, Yaşar Vəliyev, Əjdər Kazımov, Müştəba Əliyev, Tehran Vəliyev, rəhmətlik Ələkbər Hüseynov, Hüseyn Əsgərov və başqaları Fəxri Xiyabanın qarşısında toplaşdıq. Bir azdan bizim universitet tərəfdən küçə boyu tələbələrin gəldiyini gördük. Onları qarşılayıb Fəxri Xiyabana daxil olduq. Qızlar Şıxəli Qurbanovun məzarı üstünə səməni düzdülər. Çıxış edənlər xalqımızın vətənpərvər oğlunu dərin ehtiramla yad etdilər. Ona min rəhmət dilədilər. Tədbirin təşkilatçıları iştirakçılara vətənimizin digər qeyrətli oğullarının məzarını da ziyarət etməyi təklif etdilər. Həsən bəy Zərdabinin, Cəlil Məmmədquluzadənin, Səməd Vurğunun məzarları üstündə də çıxışlar oldu. Ağamalı sazını sinəsinə basıb torpağımızda və qürbətdə uyuyan babalarımızın ruhunu şad etdi. Bu vaxtadək Ağamalı tələbə yoldaşları arasında "Ağamalı Əfəndi" təxəllüsü ilə tanınırdı. Bu hadisədən sonra o, təxəllüsünə "Sadiq" sözü də əlavə etdi. Yəni vətənimizə, xalqımıza, ulu babalarımıza sadiq Ağamalı Sadiq Əfəndi.

 Universitetdə hərbi kafedra fəaliyyət göstərirdi. Biz hərbi kursu bitirəndən sonra Neftçala rayonunun Bankə qəsəbəsindəki hərbi hissəyə üç aylıq ezamiyyətə göndərildik. Burada da gələcəyin jurnalistləri hərbi xidmətlərilə başqa fakültələrin tələbələrindən fərqlənməyə çalışırdılar.

... Bir gün bizə təlim keçən rus zabitləri xəbər verdilər ki, Zaqafqaziya Hərbi Dairəsinin komandanı bizim xidmət etdiyimiz hərbi hissəyə təşrif buyuracaq. Hər fakültənin tələbələri bir vzvodda birləşmişdilər. Bizim vzvod komandirimiz Ağamalı Sadiq Əfəndi idi. O, öz vzvoduna bütün əmrləri Azərbaycan dilində verirdi. Hətta arada zarafat edib deyirdi ki, Əli bəy əsgəri, döş irəli, ... ( dal ) geri... Hamımızın gülməkdən gözü yaşarırdı. Ağamalı hər an özündən asılı olmadan millətçiliyini göstərirdi. Qonağın gəlişi münasibətilə hərbi hissədəki hər vzvoda mahnı mətni təqdim olundu. Hamı öz mahnısını bir gecəyə əzbərləyib səhəri gün qonağı qarşılayarkən oxumalı idi. Bizim vzvodun bəxtinə isə məşhur "Katyuşa" mahnısı düşmüşdü. O biri vzvodlardan gizlin biz "Katyuşa"nı qırağa qoyub, doğma ana dilimizdə mahnı oxumağı qərara aldıq. Ağamalı sual verdi ki, bəs yaxşı, bizim dilimizdə addıma uyğun elə bir mahnı varmı? Mustafa Çəmənli təklif etdi ki, Adil İrşadoğlunun musiqi təhsili var. Bir mahnı fikirləşib tapsın, biz də oxuyaq. Koroğlu ilə zülmkarlara qarşı çiyin - çiyinə mübarizə aparan Dəli Həsənin döyüşdən qələbə ilə qayıdarkən oxuduğu mahnı yadıma düşdü. "Bana, bana gəl, qaçma gözəl !" Mətni bir neçə nüsxə kağıza köçürüb vzvodumuzun üzvlərinə ötürdüm. Solonu Mustafa ilə mən oxuyacağımızı, yerdə qalan sözləri bütün vzvodun oxuyacağını anlatdım. Hamı mətni əzbərləyəndən sonra məşq etdik. İstəyirdik ki, bizim sıra ilə keçərkən oxuduğumuz mahnı nəinki rus zabitlərinə, eləcə də digər fakültələrin tələbələrinə "sürpriz" olsun. Oldu da... Biz mahnını oxuya - oxuya keçərkən tribunada dayanan zabitlər özlərini itirmişdilər. Polkovnik mikrofonu qapıb qışqırdı ki, "prekratite bala, bala qyal". Biz mahnını yarımçıq qoymadıq, axıradək oxuduq. Nəticəsi də bu oldu ki, təşkilatçıları müxtəlif bəhanələr gətirib cəzalandırdılar.

... Ağamalı Sadiq Əfəndi ilə bağlı elə xatirələrim də var ki, çapa yararlı deyil. Bu kitabın təşəbbüsündə bulunanlara və onun ərsəyə gəlməsində əziyyət çəkənlərə öz dərin minnətdarlığımı bildirirəm.

 Unudulmaz dostum Ağamalı Sadiq Əfəndinin əziz xatirəsi və əbədi ruhu qarşısında isə hörmət və ehtiramla baş əyirəm.


Adil İrşadoğlu ( Əliyev ),

İlk dəfə 24 oktyabr 2005 - ci ildə çapa imzalanmış

"Vətən üçün yaşanmış Əfəndi ömrü" kitabında dərc edilmişdir.

Kitabın müəllifi :  Gülzar Əfəndiqızı.


16 Aralık 2022 Cuma

ŞUŞA ŞƏHƏRİNİN BANİSİ, QARABAĞIN HÖKMDARI PƏNAHƏLİ XAN CAVANŞİR...


Pənahəli Xan Cavanşirə şahə qalxmış Milli Qarabağ Atı belində abidə ucaldılsın ! 



(Qohumlar və Dostlar xahiş edirəm münasibətinizi, fikrinizi bildirəsiniz və paylaşasınız ki, təklifimə dəstək verənin sayı çox olsun).



Ölkəmiz indi müstəqildir. Suşamızın 270 illik yubileyi ilində bir daha təklif edirəm ki, Azərbaycan mədəniyyətinin beşiyi sayılan Şuşa şəhərində Qarabağın hakimi, Şuşa şəhərinin banisi, Şuşa şəhərini Qarabağın paytaxtına çevirmiş unudulmaz dövlət xadimi Pənahəli Xan Cavanşirə şahə qalxmış Milli Qarabağ Atı belində abidə ucaldılsın. Və bu abidənin ətrafında onun ləyaqətli davamçılarının büstləri yerləşdirilsin. 


© Adil İrşadoğlu (Əliyev).

13.12.2022. / 11-00.

--------

Qarabağın hakimi, Şuşa şəhərinin banisi, Şuşa şəhərini Qarabağın paytaxtına çevirmiş unudulmaz dövlət xadimi Pənahəli Xan Cavanşirə Şuşa şəhərində, atın belində heykəl qoyulsun...
Bir bunu deyən yazı "Rus Çar hökumati ve rus Sovet hökumetinin bizim xanlardan, beylerden heç xoşu gelmeyib. Addımbaşı onları aldatmağa onlara kelek gelmaya çalışıb. Ancaq nadensa vezir Molla Panah Vaqife abide ucaltmağa icaze verib. Ölkemiz indi müsteqildir. Teklif edirem ki, Azerbaycan madaniyyatinin beşiyi sayılan Şuşa şaherinda Qarabağın hakimi olmuş, Şuşa şeherini Qarabağın paytaxtına çevirmiş unudulmaz dövlet xadimi Penahali Xan Cavanşire de ona yaraşan abida ucaldılsın. Hamin abida kompleksinin etrafında iso Penaheli Xan Cavanşirin layaqetli davamçılarının büstleri yerleşdirilsin. Bax, bu olar iş. Bu olar Qarabağ Azarbaycandır! Adil İrşadoğlu (liyev). 15.05.2021./09-23" şəkili ola bilər

21 Kasım 2022 Pazartesi

BİZ KİMLİYİMİZLƏ BAĞLI YENİ NƏSLƏ MƏLUMAT VERMƏYƏ BORCLUYUQ...

İXTIYAR ƏLİBALA OĞLU ŞIRIN : - Dost və dostluq çox dəyərlidir. Onu tapan onsuz yaşamağı bacarmır. Həqiqi dostluq əvəzsiz bir nemətdir. Jurnalist Adil İrşadoğlu (Əliyev) mənim gənclik, ahıllıq və həqiqi dostumdur. 

Bizim nəsil öz gəncliyinin əhəmiyyətli hissəsini daha çox milli mübarizədə - düşmənlə döyüşlərdə, siyasətdə, başqa sahələrdəki mübarizə meydanlarında keçirtdi. Gəncliyimizin necə gəlib-keçdiyini heç hiss etmədik. Ancaq bu ömrə peşman da deyilik. Allah Vətənimizi qorusun və xalqımıza uğurlu, işıqlı yol qismət etsin.


20 Kasım 2022 Pazar

TÜRKİYƏNİN ERMƏNİSTANLA HAVA VƏ QURU SƏRHƏDDİNİN BAĞLANMASINDA İXTİYAR ŞİRİNİN ROLU...

5 APREL 1993-CÜ İL 


(Dördüncü məqalə)



İxtiyar Şirin 
Azərbaycanın sabiq Baş prokuroru


Azərbaycanın sabiq Baş prokuroru İxtiyar Şirin Kəlbəcərin Ermənistan tərəfindən işğalından sonra Türkiyə Cümhuriyyətinin  Ermənistanla quru və hava sərhədlərinin bağlanmasının təşkilatçılarından biridir. O, 1993-cü ilin mart ayının sonları və aprelin ilk günlərində  Ermənistan və Rusiya silahlı qüvvələri tərəfindən Kəlbəcər işğal ediləndə Azərbaycan Silahlı Qüvvələrinin gücsüzlüyünün şahidi oldu. Hələ Kəlbəcərin tam süqutu elan ediləndən bir-iki gün əvvəl İxtiyar Şirinə çox yaxın olan bir şəxs hansısa yollarla Rusiyadan gətirdiyi Rusiyanın Azərbaycanın indiki işğal edilən ərazilərimizdən daha geniş ərazinin erməni-rus silahlı qüvvələri tərəfindən işğal edilməsi barədə planları ilə və bunu təsvir edən xəritə ilə onu tanış etdi. Kəlbəcərdən gələn məğlubiyyət xəbərləri onu bu gördüklərinə inandırdı. 

İxtiyar Şirin Azərbaycan hakimiyyətinin və ordunun bu işin öhdəsindən təkbaşına gələ bilməyəcəyini bildiyi üçün ona çox yaxın olan Türkiyə hökumətinə bağlı bir nəfəri dərhal bu sənədlərlə Ankaraya vəziyyət barədə məlumat verməyə göndərdi. Ankaradan vəziyyətin Süleyman Dəmirələ məruzə edildiyini və İxtiyar Şirinin dərhal oraya getməyinin zəruri olduğunu bildirdilər. O, prezident Əbülfəz Elçibəyə bunlar barədə məlumat verir və Türkiyə ilə Azərbaycanın hazırkı vəziyyəti barədə danışıqlar olduğunu bildirir. İxtiyar Şirin prezidentə ölkənin durumu barədə Baş Bakan Süleyman Dəmirələ məruzə olunduğunu, danışıqlar üçün onun Ankaraya dəvət edildiyini söyləyir. Əbülfəz bəy onun adından danışmaq səlahiyyətini İxtiyar Şirinə verdikdən sonra Baş Prokuror dərhal Türkiyəyə gedir. Onun əvvəllər Süleyman Dəmirəllə şəxsi tanışlığı yox idi. O, Türkiyəyə prezidentin adından gedirdi və orada deyiləcək sözlər də Azərbaycan dövlətinin adından deyiləcəkdi. 

İxtiyar Şirin 1993-cü il aprelin 3-də Ankaraya getdi və elə həmin gün də Süleyman Dəmirəllə görüşdü, ona Azərbaycanın vəziyyətini, dövlətin, o cümlədən silahlı qüvvələrin nələrə ehtiyacı olduğunu bildirdi. Söhbətdən dərhal sonra Azərbaycana yardımlarla bağlı ciddi işlər görülməyə başlandı. İlkin olaraq Süleyman Dəmirəl 5 aprel 1993-cü il tarixdə bəyanatla çıxış edərək Ermənistanı  dərhal işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsini tələb etdi, Türkiyənin Ermənistanla bütün quru və hava sərhədlərinin bağlandığını elan etdi. Quru və hava sərhəddinin bağlanmasının əsas səbəbi əsasən Türkiyənin hava və quru sərhədləri vasitəsi ilə Amerika Birləşmiş Ştatlarından, bir sıra Avropa və ərəb ölkələrindən Ermənistana  terrorçu qüvvələrin, silah və sursatın daşınmasının qarşısını almaq, həm də təcavüzkar dövlətin iqtisadi və siyasi blokadaya alınması idi. Bundan başqa Türkiyə Silahlı Qüvvələri Ermənistanla sərhəddə irimiqyaslı hərbi təlimlərə başladı. Bu da Türkiyə Silahlı Qüvvələrinin Ermənistana "biz hər şeyə hazırıq" mesajı idi. 

İşğalın qarşısını almaq üçün Türkiyə və Azərbaycan arasında qurulacaq hərbi-siyasi münasibətlər barədə və ediləcək yardımlarla bağlı Türkiyə və Azərbaycan arasında sazişlər və protokollar imzalandı. Bir neçə gündən sonra Azərbaycana ordumuzun hərbi hazırlığını təşkil etmək üçün 175 yüksək hazırlıqlı türk zabiti göndərildi. Bu o dövr üçün, elə hazırkı dövr üçün də ordu hazırlığı üçün çox böyük qüvvə idi. Bundan əlavə xeyli hərbi və tibbi ləvazimatlar dalbadal təyyarələrlə Azərbaycana çatdırıldı. Bundan sonra Türkiyə diplomatiyası da  Ermənistanın təcavüzünə qarşı çox böyük həmlələr etməyə başladı. Məhz bu dəstəyin nəticəsi idi ki, aprelin 28-də BMT Təhlükəsizlik Şurasında Kəlbəcərin işğalıyla bağlı 822 saylı qətnamə qəbul olundu. Türk zabitləri də Azərbaycana gələn kimi dərhal hərbi çağırış həyata keçirildi və 15 min sağlam, hərbiyə yararlı gənc türk zabitlərinin sərəncamına verildi. Onlara çox güclü təlimlər keçilməyə başlandı. Türkiyənin  qərarı belə idi ki, hər 3 aydan bir həmin türk zabitləri Azərbaycan ordusunun sərəncamına əlavə olaraq 15 min döyüşə tam hazır, hərbi təlimlərdə sınaqdan çıxmış döyüşçü verməliydi. İlkin olaraq 15 minlik döyüşə tam hazır qüvvələri oktyabr ayında Azərbaycan Silahlı qüvvələri təhvil alacaqdı. Yüksək standartlara cavab verən ordu hazırlanacaqdı. Bu ordu bir gündə 30-40 kilometr piyada, döyüşərək irəliləməyə qadir olan ildırımsürətli bir qüvvəyə çevriləcəkdi. Nəticədə Azərbaycan ordusu regionun bir nömrəli ordusu olacaqdı.

Ermənistan və Rusiya bu hazırlıqlardan təlaşa düşmüşdülər və 822 saylı qətnamədən sonra Ermənistan hökuməti  Kəlbəcərin sentyabrın əvvəllərində işğaldan azad ediləcəyinə razılıq verdilər. Ancaq Rusiyanın, Ermənistanın və onların Azərbaycandakı  agentlərinin birgə hazırlayıb həyata keçirdikləri 4 iyun Gəncə qiyamı bütün planları pozdu. Düşmən Ağdamı, Füzulini, Cəbrayılı, Zəngilanı və Qubadlını işğal etdi.

Sonra Türkiyənin Ermənistanla sərhədlərinin açılması qarşılığında Ermənistandan nə az, nə çox - işğal etdiyi Azərbaycan ərazilərindən çıxması tələb olundu...


İxtiyar Şirin & Adil İrşadoğlu

Yazı 08.05.2015-ci ildə hazırlanmışdır.

20.11.2022-ci ildə yenidən redaktə olunaraq çap edilmişdir.




19 Kasım 2022 Cumartesi

İXTİYAR ŞİRİNİN YÜKSƏK DÖVLƏT VƏZİFƏLƏRİNDƏ GÖRDÜYÜ İŞLƏR...

 (Ücüncü məqalə)



İxtiyar Şirin

Azərbaycanda müstəqillik tərəfdarları ilə müstəqilliyiın əleyhinə olan qüvvələrin arasında gedən siyasi mübarizənin nəticəsində 1991-ci ilin noyabr ayında Azərbaycan Respublikası Ali Sovetinin səlahiyyətləri 50 xalq deputatından (25 hakimiyyət +25 müxalifət) ibarət Milli Şuraya verildi. Hakimiyyəti təmsil edən deputatların heç biri vəzifəsindən istefa verib Milli Şuraya gəlmədiyi halda, Azərbaycan Respublikasının Xalq deputatı olan İxtiyar Şirin Beyləqan rayon prokuroru vəzifəsindən istefa verib Milli Suranın üzvü, hüquq siyasəti komissiyasının sədri seçildi. Ali qanunverici orqanın komissiya sədri kimi İxtiyar Şirin Azərbaycanın dövlət müstəqilliyini və suverenliyini möhkəmləndirən, dövlət quruculuğu məsələlərini həll edən, dövlət orqanlarının hakimiyyətdəki yerini müəyyən edən bir çox qanunların hazırlanmasına başçılıq etdi. Onun hazırlayıb təqdim etdiyi qanun layihəsinin Azərbaycan Respublikası Ali Sovetində müzakirə edilərək qəbul edilməsi nəticəsində Azərbaycanın ali qanunverici orqanının 1918-ci ildə müəyyən edilən tarixi adı bərpa edildi. Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası adı Azərbaycan Respublikası Milli Məclisi adı ilə əvəz olundu.

Azərbaycanın istiqlalı və milli dövlət quruculuğu uğrunda mübarizə aparan İxtiyar Şirin Müsavat Partiyasının Azərbaycan Respublikasında bərpa edilməsi üçün yaradılan bərpa qrupunun 20 nəfər üzvündən biri seçildi. Milli Şurada dövlət quruculuğu və hüquq siyasəti ilə bağlı bir sıra işlərin görülməsinə və qanunların hazırlanmasına nail olan İxtiyar Şirin 1992-ci il may ayının 18-də hakimiyyətə gələn Azərbaycan Xalq Cəbhəsinin rəhbərliyinin təklifini qəbul etdi və o, 20 may 1992-ci il tarixdə Azərbaycan Respublikasının hüquq siyasəti üzrə dövlət müşaviri təyin edildi.

Onun rəhbərliyi ilə qısa müddət ərzində dövlət quruculuğu, məhkəmə islahatlarının aparılması və cinayətkarlıqla mübarizə işlərinin təşkili üçün dövlət siyasətini müəyyən edən konsepsiyalar hazırlandı, Azərbaycan Respublikasının yeni konstitusiyasının layihəsi hazırlanmağa başlandı. Dövlət müşaviri İxtiyar Şirinin təklifi ilə dövlət sərhəddinin müəyyən edilməsi üçün Baş nazirin sədrliyi ilə dövlət komissiyası işə başladı, respublikanın sərhəd qoşunlarının yaradılmasına və dövlət sərhəddinin Rusiya sərhəd qoşunlarından təhvil alınmasına başlandı. Onun başçılıq etdiyi dövlət müşavirliyinin gördüyü işlərin nəticəsində respublikanın gömrük orqanları, respublika prezidenti yanında xüsusi idarə, prezident qvardiyası yaradıldı və fəaliyyətə başladı. Hərbi tribunal, hərbi prokurorluq, arbitraj məhkəməsi təşkil edildi, milli təhlükəsizlik orqanlarının strukturu və fəaliyyəti təkmilləşdirildi.

İxtiyar Şirin Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinin davamlı təkidindən sonra Azərbaycan Respublikasının Baş Prokuroru olmağa razılıq verdi və o, 14 oktyabr 1992-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyin təqdimatı ilə Azərbaycan Respublıkası Milli Məclisi tərəfindən bu vəzifəyə təyin edildi.

Baş prokuror İxtiyar Şirin dərhal prokurorluqda struktur dəyişiklikləri etdi, prokurorluğun ştat sayını 300 nəfər artırdı, pensiyaya göndərilmiş təcrübəli işçilərin müəyyən hissəsini prokurorluğa qaytardı. Rusiyada, keçmiş ittifaqın digər respublikalarında prokurorluqda çalışan və müstəqillik qazanmış vətənə dönmək istəyən onlarla azərbaycanlını prokurorluğa işə qəbul etdi, attestasiya komissiyasının keçirdiyi sınaq imtahanlarından uğurla keçən yüzlərlə gənc hüquqşünası prokurorluğa işə qəbul etdi. O, bacarıqlı, bilikli və vicdanlı prokurorluq işçilərini Baş prokurorluqda mühüm vəzifələrə, şəhər və rayon prokurorları, prokuror müavinləri vəzifələrinə təyin etdi. Baş prokurorun təklifi ilə prokurorluq işçilərinin əmək haqqının  artırılması, döyüş bölgələrinin prokurorluq işçilərinin əmək haqqının iki dəfə artırılması, onların iş və sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı Respublika Prezidenti Əbülfəz Elçibəy və Azərbaycan Respublikası Milli Məclisi qərarlar qəbul etdi.

Görülən tədbirlər nəticəsində prokurorluqda əmək intizamı möhkəmləndirildi, işlərin keyfiyyəti və operativliyi artırıldı. Fəaliyyət qabiliyyəti və məsuliyyəti artırılan prokurorluğun fəaliyyəti göcləndi, prokurorluq Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilən vəzifələrini uğurla yerinə  yetirməyə başladı.

Azərbaycan Respublikasının Baş Prokuroru İxtiyar Şirin prokurorluğun bütün sahələrində ciddi dönüş yarada bildi.

Vətəndaşların ərizə və şikayətlərinə baxılmasına Baş prokuror özü rəhbərlik etməyə başladı. Baş prokurorluğa daxil olan yüzlərlə ərizə və şikayətləri İxtiyar Şirin özü oxuyub hər birini nəzarətə götürür, bütün ərizələrə baxılmasının nəticələri onun özünə məruzə edilirdi. Ərizələrə obyektiv və vaxtında baxılması üçün Baş prokurorluğun aparatı bütünlüklə səfərbər edilmişdi. İxtiyar Şirinin Baş prokuror təyin edildiyi ilk günlərdə Baş prokurorluğa hər gün yüzlərlə ərizə və şikayətlər daxil olurdusa və onların da böyük bir hissəsi təkrar ərizələr idisə, görülən işlərin nəticəsində təxminən 3-4 aydan sonra  Baş prokurorluğa hər gün artıq bir neçə ərizə və şikayət daxil olurdu. Baş prokuror onun qəbuluna gələn şəxsləri hər gün və dərhal qəbul edir, onların şikayət və müraciətlərinə qısa zaman ərzində baxılmasını təşkil edirdi. Bunun nəticəsində Baş prokurorun qəbuluna gələn şikayətçilərin sayı da bir neçə dəfə azaldı.

Vətəndaşların ərizə və şikayətlərinə vaxtında və qanunlara uyğun baxılması nəticəsində onlarla qəsdən adam öldürmə və başqa ağır cinayətlərin üstü açıldı, cinayət etmiş şəxslər məsuliyyətə cəlb edildi, yüzlərlə vətəndaşın pozulmuş hüquqları bərpa olundu.

Baş prokurorun gördüyü tədbirlər nəticəsində  bütün respublikada aylarla və illərlə süründürülmüş yüzlərlə cinayət işlərinin ibtidai istintaqı qısa zaman ərzində tamamlandı və bu işlər üzrə qanuni qərarların qəbul edilməsi təmin edildi.

Qəsdən adam öldürmə haqqında olan, о cümlədən siyasi motivlərlə baş verməsi şübhə edilən qəsdən adam öldürmə cinayətlərinin istintaqı xüsusi nəzarətə götürüldü. Bunun nəticəsində bu işlərin istintaqı fəallaşdı, bir sıra işlər üzrə cinayət etmiş şəxslər müəyyən edilib məsuliyyətə cəlb edildi.

20 yanvar hadisələri, Xocalı soyqırımı, Şuşa və Laçının işğal edilməsi faktları üzrə olan cinayət işlərinin istintaqı İxtiyar Şirin Baş prokuror təyin edildikdən dərhal sonra onun bilavasitə rəhbərliyi ilə yenidən təşkil edildi, bir neçə ay ərzində minlərlə istintaq hərəkətləri yerinə yetirildi, bu cinayətləri etmiş şəxslər məsuliyyətə cəlb edilmyə başlandı.

Prokurorluğun fəaliyyətində edilən müsbət dəyişikliklər nəticəsində bu təşkilata ölkə vətəndaşlarının inamı artmağa başladı.


İxtiyar Şirin & Adil İrşadoğlu

Yazı 20.02.2015-ci ildə hazırlanmışdır.

19.11.2022-ci ildə yenidən redaktə olunaraq çap edilmişdir. 


Ardı var...