20 Kasım 2022 Pazar

TÜRKİYƏNİN ERMƏNİSTANLA HAVA VƏ QURU SƏRHƏDDİNİN BAĞLANMASINDA İXTİYAR ŞİRİNİN ROLU...

5 APREL 1993-CÜ İL 


(Dördüncü məqalə)



İxtiyar Şirin 
Azərbaycanın sabiq Baş prokuroru


Azərbaycanın sabiq Baş prokuroru İxtiyar Şirin Kəlbəcərin Ermənistan tərəfindən işğalından sonra Türkiyə Cümhuriyyətinin  Ermənistanla quru və hava sərhədlərinin bağlanmasının təşkilatçılarından biridir. O, 1993-cü ilin mart ayının sonları və aprelin ilk günlərində  Ermənistan və Rusiya silahlı qüvvələri tərəfindən Kəlbəcər işğal ediləndə Azərbaycan Silahlı Qüvvələrinin gücsüzlüyünün şahidi oldu. Hələ Kəlbəcərin tam süqutu elan ediləndən bir-iki gün əvvəl İxtiyar Şirinə çox yaxın olan bir şəxs hansısa yollarla Rusiyadan gətirdiyi Rusiyanın Azərbaycanın indiki işğal edilən ərazilərimizdən daha geniş ərazinin erməni-rus silahlı qüvvələri tərəfindən işğal edilməsi barədə planları ilə və bunu təsvir edən xəritə ilə onu tanış etdi. Kəlbəcərdən gələn məğlubiyyət xəbərləri onu bu gördüklərinə inandırdı. 

İxtiyar Şirin Azərbaycan hakimiyyətinin və ordunun bu işin öhdəsindən təkbaşına gələ bilməyəcəyini bildiyi üçün ona çox yaxın olan Türkiyə hökumətinə bağlı bir nəfəri dərhal bu sənədlərlə Ankaraya vəziyyət barədə məlumat verməyə göndərdi. Ankaradan vəziyyətin Süleyman Dəmirələ məruzə edildiyini və İxtiyar Şirinin dərhal oraya getməyinin zəruri olduğunu bildirdilər. O, prezident Əbülfəz Elçibəyə bunlar barədə məlumat verir və Türkiyə ilə Azərbaycanın hazırkı vəziyyəti barədə danışıqlar olduğunu bildirir. İxtiyar Şirin prezidentə ölkənin durumu barədə Baş Bakan Süleyman Dəmirələ məruzə olunduğunu, danışıqlar üçün onun Ankaraya dəvət edildiyini söyləyir. Əbülfəz bəy onun adından danışmaq səlahiyyətini İxtiyar Şirinə verdikdən sonra Baş Prokuror dərhal Türkiyəyə gedir. Onun əvvəllər Süleyman Dəmirəllə şəxsi tanışlığı yox idi. O, Türkiyəyə prezidentin adından gedirdi və orada deyiləcək sözlər də Azərbaycan dövlətinin adından deyiləcəkdi. 

İxtiyar Şirin 1993-cü il aprelin 3-də Ankaraya getdi və elə həmin gün də Süleyman Dəmirəllə görüşdü, ona Azərbaycanın vəziyyətini, dövlətin, o cümlədən silahlı qüvvələrin nələrə ehtiyacı olduğunu bildirdi. Söhbətdən dərhal sonra Azərbaycana yardımlarla bağlı ciddi işlər görülməyə başlandı. İlkin olaraq Süleyman Dəmirəl 5 aprel 1993-cü il tarixdə bəyanatla çıxış edərək Ermənistanı  dərhal işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsini tələb etdi, Türkiyənin Ermənistanla bütün quru və hava sərhədlərinin bağlandığını elan etdi. Quru və hava sərhəddinin bağlanmasının əsas səbəbi əsasən Türkiyənin hava və quru sərhədləri vasitəsi ilə Amerika Birləşmiş Ştatlarından, bir sıra Avropa və ərəb ölkələrindən Ermənistana  terrorçu qüvvələrin, silah və sursatın daşınmasının qarşısını almaq, həm də təcavüzkar dövlətin iqtisadi və siyasi blokadaya alınması idi. Bundan başqa Türkiyə Silahlı Qüvvələri Ermənistanla sərhəddə irimiqyaslı hərbi təlimlərə başladı. Bu da Türkiyə Silahlı Qüvvələrinin Ermənistana "biz hər şeyə hazırıq" mesajı idi. 

İşğalın qarşısını almaq üçün Türkiyə və Azərbaycan arasında qurulacaq hərbi-siyasi münasibətlər barədə və ediləcək yardımlarla bağlı Türkiyə və Azərbaycan arasında sazişlər və protokollar imzalandı. Bir neçə gündən sonra Azərbaycana ordumuzun hərbi hazırlığını təşkil etmək üçün 175 yüksək hazırlıqlı türk zabiti göndərildi. Bu o dövr üçün, elə hazırkı dövr üçün də ordu hazırlığı üçün çox böyük qüvvə idi. Bundan əlavə xeyli hərbi və tibbi ləvazimatlar dalbadal təyyarələrlə Azərbaycana çatdırıldı. Bundan sonra Türkiyə diplomatiyası da  Ermənistanın təcavüzünə qarşı çox böyük həmlələr etməyə başladı. Məhz bu dəstəyin nəticəsi idi ki, aprelin 28-də BMT Təhlükəsizlik Şurasında Kəlbəcərin işğalıyla bağlı 822 saylı qətnamə qəbul olundu. Türk zabitləri də Azərbaycana gələn kimi dərhal hərbi çağırış həyata keçirildi və 15 min sağlam, hərbiyə yararlı gənc türk zabitlərinin sərəncamına verildi. Onlara çox güclü təlimlər keçilməyə başlandı. Türkiyənin  qərarı belə idi ki, hər 3 aydan bir həmin türk zabitləri Azərbaycan ordusunun sərəncamına əlavə olaraq 15 min döyüşə tam hazır, hərbi təlimlərdə sınaqdan çıxmış döyüşçü verməliydi. İlkin olaraq 15 minlik döyüşə tam hazır qüvvələri oktyabr ayında Azərbaycan Silahlı qüvvələri təhvil alacaqdı. Yüksək standartlara cavab verən ordu hazırlanacaqdı. Bu ordu bir gündə 30-40 kilometr piyada, döyüşərək irəliləməyə qadir olan ildırımsürətli bir qüvvəyə çevriləcəkdi. Nəticədə Azərbaycan ordusu regionun bir nömrəli ordusu olacaqdı.

Ermənistan və Rusiya bu hazırlıqlardan təlaşa düşmüşdülər və 822 saylı qətnamədən sonra Ermənistan hökuməti  Kəlbəcərin sentyabrın əvvəllərində işğaldan azad ediləcəyinə razılıq verdilər. Ancaq Rusiyanın, Ermənistanın və onların Azərbaycandakı  agentlərinin birgə hazırlayıb həyata keçirdikləri 4 iyun Gəncə qiyamı bütün planları pozdu. Düşmən Ağdamı, Füzulini, Cəbrayılı, Zəngilanı və Qubadlını işğal etdi.

Sonra Türkiyənin Ermənistanla sərhədlərinin açılması qarşılığında Ermənistandan nə az, nə çox - işğal etdiyi Azərbaycan ərazilərindən çıxması tələb olundu...


İxtiyar Şirin & Adil İrşadoğlu

Yazı 08.05.2015-ci ildə hazırlanmışdır.

20.11.2022-ci ildə yenidən redaktə olunaraq çap edilmişdir.




Hiç yorum yok: