21 Ekim 2018 Pazar

“HEYYY, İRŞADOĞLU!”, - DEYƏRƏK ÜZ TUTDUĞUM ÜNVAN


Azər Həsrət. 
Azərbaycan Respublikasının Əməkdar jurnalisti, 
İctimai TV və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü, 
Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü və xarici 
əlaqələr komissiyasının sədri.


     Jurnalistika elə bir peşə-sənət sahəsidir ki, burada özünü təsdiq edə bilməyən dərhal çəkilib getməyə məcburdur.

     Jurnalistika ilahi vergidir, istedaddır, əzm tələb edir, sevgisiz baş tutmur.

     Jurnalistika müqəddəs qələmin vasitəsilə insan talelərini həll edəcək, böyük dövlətləri barışa və ya savaşa sürükləyəcək qədər güclüdür.

     Jurnalistika sadəcə bir ixtisas, peşə deyil. Bu, bir həyat tərzidir, əbədi sevdadır. Elə bir sevda ki, ölərsən, vaz keçməzsən. Vaz keçmək istərsən, keçə bilməzsən.

     Biz də, pis-yaxşı, özümüzü jurnalist sayırıq. Artıq 25-ci ildir ki, bu işin içindəyəm. Vaxt olub ki, ayrılmaq, uzaqlaşmaq, başqa sahədə özümü təsdiq etmək istəmişəm. Alınmayıb.

     Mən jurnalistikadan vaz keçməyə can atdıqca bu sahənin özü məni daha da cəlb edib, cəzb edib, özünə sarı çəkib.

     Və artıq jurnalist fəaliyyətimin 25-ci ilində qəti qərar vermişəm ki, heç zaman qələmi yerə qoyan deyiləm. Harda olsam, nə işə bağlansam yenə də bir əlim jurnalistikanın ətəyində olacaq.

     Niyə? Nədir məni və mənim kimi onlarla, yüzlərlə insanı bu çətin, məsuliyyətli sahədə saxlayan? Özü də çətinliklərinə, məhrumiyyətlərinə, yuxusuz gecələrinə, bəzən haqsız hücumlarına baxmayaraq? 

     Bizi burda tutan heç şübhəsiz jurnalistikanın bir azadlıq müstəvisi olmasıdır. Amma bir də başqa faktor var ki, həm də onun yerini, rolunu ayrıca vurğulamaq lazımdır.

     Bizim kimi insanları jurnalistikada ayaqda tutan daha öndə olan, həyat və iş təcrübəsilə daim bizim önümüzdə gedən insanlardır.

     Biz bu insanları bir mayak olaraq həmişə önümüzdə görürük. Onlar hətta uzun fasilə versə də, ortalıqda gözə dəyməsə də varlıqlarını hiss edirik. Sanki o adamların nəfəsi bizim boynumuzun tam da arxasında duyulur hər zaman. Bir an ayaq saxlasaq, usansaq, heydən düşsək arxadan təkan verəcək, bizi irəliyə itələyəcək bu nəfəs.

     Onlar mayakdır. Onlar dayaqdır, dəstəkdir bizə hər zaman.

     Bir zamanlar bu şəxslər odun-alovun içindən - cəbhə xəttindən əsgərimizin səsini-sorağını insanlarımıza çatdıran tək vasitə kimi qalıb yaddaşlarımızda.

     İndi də boş durmurlar. Topladıqları təcrübə, Vətən sevgisi, dövlətə və millətə bağlılıq bu insanların haqq etdikləri istirahətə çəkilməsinə belə əngəl olur.

     Həyat onları müdrikləşdirir, daha da parlaq edir, bizim kimi irəli getmək istəyənlərin qarşısında daimi mayak kimi işıqlandırır.

     Var olsun belə insanlar! Var olsun bizdən daim öndə olan, yolumuzu işıqlandıran həmkarlar! Biz sizin ardınızca gəlirik! Sizin açdığınız yolla yürüməkdə davam edirik!

     Bu sözlər - bu yazım bütövlükdə ömrünün 65-ci ilini arxada qoymuş çox dəyərli həmkarım, böyüyüm Adil İrşadoğluna həsr edildi. O Adil İrşadoğluna ki, həm jurnalist kimi, həm də yeri düşəndə lap elə böyük qardaş kimi səsimizə səs verir, yolumuzu qaranlıq etmək istəyənlərin qarşısına çıxıb bir mayak kimi uzaq hədəfləri nişan verir.

     Adil İrşadoğlu şəxsən mənim kimi jurnalistlərin çəkinmədən “Heyyy, İrşadoğlu!” deyərək üz tutduğu, tuta biləcəyi ünvandır.

     Adil İrşadoğlu o jurnalistlərdəndir ki, daim sadə, təvazökar olmasıyla seçilir, yetişməkdə olan gənclərimizə doğru yolu nişan verir.

     Biz də işimiz dara düşəndə onun bu özəlliklərini rəhbər tutaraq “Heyyy, İrşadoğlu!”, - deyib ərklə üz tuturuq bu Mayak Insana.

Ömrün uzun, canın sağlam olsun, Ustad! Nə yaxşı ki, bizim önümüzdə sənin kimi dəyərli qələm sahibləri, qəlbi Vətən sevdasıyla aşıb-daşan böyüklərimiz var.

O İLLƏRİ XATIRLADIM...


İslam Türkay. 
Şair-publisist.
                         

     Adil İrşadoğli ilə 1972-ci il sentyabrın 3-10 arası tanış olduq... O, orta məktəbi yenicə bitirib gəlmişdi,.. mən isə orta məktəbdən sonra 3 illik fəhlə həyatından... Mən çox kasıb, o isə məndən xeyli imkanlı bir ailədən çıxmışdı... Mən çoooxxx sonralar bildim ki, o vaxt fakültəmizin dekan müavini, gözəl insan kimi yadımda qalan Akif müəllim və kafedra müdiri Famil Mehdi Adilin qohumları imiş... Adil çalışqan idi... bacardığını edirdi. Sakit, mülayim, şirindil, hamı ilə uyğunlaşan təbiəti var idi, Adilin... Mən bunu da çoooxxx sonralar bildim ki, Adilin rəhmətlik atası və qardaşı inzibati orqanlarda yüksək vəzifələrdə işləyirmiş... Amma Adil bunlarla nəinki öyünməz, heç bunu hiss etdirməzdi.

     Mən yataqxanada qalırdım, o isə kirayə tutduğu evdə... Hərdən onun kirayədə qaldığı evdə yığışardıq... Adil gözəl tar çalırdı... Tələbə yoldaşımız Mustafa Çəmənlinin muğam oxumağından isə olmazdı... O günlər ömrümüzə yazılan günlərdən olurdu...

     Canlm, qardaşım Adil, illər keçdi... 65yaş... Əvvəla ürəkdən təbrik edirəm ! 
Sən bacarıqlısan, çalışqansan... istədiyinə nail olansan... Qalır birçə can sağlığı... 
Sənə bunu - can sağlığını arzulayıram, ƏFƏNDİM, QARDAŞIM !

     Sonda bir şerimi də sənə bu əziz günündə ərmağan edirəm :

NOLA, DÖNÜB UŞAQ OLAM BİRCƏ GÜN

Nola, dönüb uşaq olam bircə gün,
O çağlarım bir də dönə, gələ, off...
Dizin-dizin iməkləyəm, yıxılam,
Anam yenə göz yaşımı silə, off...

Quzuları sübh-obaşdan haylayam,
Kərəntiylə çəmən boyu laylayam.
Ulaqları alıqlayam, taylayam,
Üst-başımdan yovşan ətri gələ, off..
.
Harda qaldı o insafsız, çağlaya,
Yenə gəlib gözlərimi bağlaya.
Hörüyünə əl vuranda ağlaya,
Sonra qaçıb gülümsünə, gülə, off...

Mən gecikdim, o, yamanca tələsdi,
Köçüb getdi, ürəyimdə tel əsdi.
İstəyimə belə qara yel əsdi,
Urcah oldum bir zəhrimar dilə off...

Çox öyündüm qəlbimdəki dözümnən,
Ağ bayraqtək yaş ələndi gözümdən.
Böyüdükcə aralandım özümdən
Axır düşdüm bu dəlisov selə, off...

Bu həyatdı-hər addımı yarışdı,
Arzularım taleyimlə barışdı.
Yaşamağa başım elə qarışdı,
Ömrü-günü yaman verdim yelə, off...

***
Dərin sayqı və sevgilərlə. 2018-ci il.

VƏTƏN VƏ MİLLƏT SEVDALISI


Faiq Ələkbərli (Qəzənfəroğlu). 
AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, 
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru.


Qarabağ xanı Pənahəli xanın və Azərbaycan dramaturqu, nasiri, maarif xadimi Süleyman Sani Axundovun nəslindən olub Ağdam şəhərində ziyalı ailəsində doğulan Adil İrşadoğlu (Əliyev) Vətənımızın sayılıb-seçilən dəyərli ziyalılarından biridir. 

Adil müəllimin iki xüsusiyyəti məni həmişə cəlb edib: 
1) Vətən və Millət sevgisi,
2) Jurnalist peşəsinə daim şərəf və ləyaqət çərçivəsində yanaşması. Əslində hər iki cəhət Adil müəllimin həyat və yaradıcılığında bir bütündür. 

1980-ci illərin sonlarına doğru Dağlıq Qarabağdan azərbaycanlıların sıxışdırılıb çıxarılmasının qarşısını almaq üçün 1989-cu ildə Şuşa şəhərinin teleötürücü stansiyasının nəzdində kiçik studiyanın yaradılmasında və erməni daşnaqlarına qarşı əks təbliğatın aparılmasında yaxından iştirak edən Adil İrşadoğlu Azərbaycan naminə əlindən gələni əsirgəməyib. Həmin dövrlərdən etibarən Azərbaycan Dövlət televiziyasının “Hərbi Vətənpərvərlik və Salnamə Baş Redaksiyası”nın təşkil olunmasında yaxından iştirak edən Adil müəllim Milli Azadlıq Hərəkatı uğrunda mübarizə aparanlar, Vətən torpaqlarını erməni-rus hərbi birləşmələrindən qoruyanlar üçün bir örnək olub. Xüsusilə də, onun hərbi vətənpərvərlik verilişləri gənclərin torpaqlarımızın düşmən tapdağı altında qalmaması üçün cəbhəyə axın etməsində mühüm rol oynayıb. Hər halda o çətin dövrdə Azərbaycan insanında Vətən sevgisi təbliğ etmək, Ana torpağı qorumaq üçün vətənpərvərlik ruhunu oyatmaq çox mühüm idi.

Adil İrşadoğlu (Əliyev), jurnalist kimi hərbi vətənpərvərlik verilişləri hazırlamaqla yanaşı, 1980-ci illərin sonlarından etibarən 1-ci Qarabağ savaşında da yaxından iştirak edib. Bu anlamda  1-ci Qarabağ müharibəsinin iştirakçısı olan Adil İrşadoğlu döyüş bölgələrindən, Cəbhədən hazırladığı  verilişlərlə də xalqın əbədi yaddaşında iz qoyub.  Onun cəbhədən çəkdiyi verilişləri AzTv ekranından daim həyacanla izləmək də qismətimiz olub. Hesab edirəm ki, həmin verilişlərə görə, müxtəlif mükafatlar alan Adil müəllim üçün bunlar müəyyən sevinc hissləri yaratsa da, ancaq daim bir qırıqlıq olmuşdur. Doğrudur, xüsusilə də, Milli Ordumuzun formalaşmasında yaxından iştirak etdiyinə görə, "N" saylı hərbi hissə komandiri tərəfindən 17 noyabr 1994 - cü il tarixli qərarına əsasən Fəxri fərmana layiq görülmək kiçik bir məsələ deyildir. Eyni zamanda Cəbhədə əsgər və zabitlərimizin həyatından hazırladığı salnamələrə görə, "N" saylı hərbi hissə komandirinin 1 avqust 1995 - ci il tarixli qərarına əsasən, "ŞAH İSMAYIL XƏTAİ" adına Fəxri fərmanla mükafatlandırılması da kifayət qədər təqdirəlayiq haldır. Ancaq bütün hallarda torpaqları, o cümlədən doğma şəhər və kəndləri işğal altında olan Adil müəllim üçün bu mükafatlar kiçik təsəllidir. Əsas mükafat torpaqlarımızın düşmən tapdağından azad olunması və orada öz nəvə-nəticələrilə şad-xürrəm yaşamaqdır.

Ümumiyyətlə, Adil müəllim bir jurnalist və Qarabağ müharibəsinin iştirakçısı olaraq öz şəxsiyyətini təsdiqləyə bilmiş bir ziyalıdır. Buna ən bariz nümunə həm bir jurnalist olaraq Cəbhədəki vəziyyəti xalqa çatdıra biılməsi, həm də düşmənə qarşı bir an olsun tərəddüd etmədən döyüşmək ucalığıdır. Xüsusilə də, Adil müəllimin Dövlət Televiziya və Radio Verilişləri Şirkətində fəaliyyətinin son illərində cəbhə bölgələrindən, ön mövqedən canlı verilişlər hazırlaması böyük vətəndaşlıq borcunun həyata keçirilməsinin bariz nümunəsidir. O, bir tərəfdən müharibənin birbaşa iştirakçısı, digər tərəfdən isə  Teleşirkətin 1-ci Qarabağ müharibəsi arxivinin yaradılmasında yaxından rolu olan bir şəxsiyyətdir.
 
Hesab edirəm ki, 1997-ci ilin sonlarında Dövlət Telviziyasından ayrılmağa məcbur olduqdan sonra da Adil müəllim kifayət qədər xalqımıza xidmət göstərib. Belə ki, ötən 20-21 il ərzində Adil İrşadoğlu "Yeni dünya" qəzetinin baş redaktorunun birinci müavini, "De Fakto" qəzetinin qurucusu və ilk baş redaktoru, "Çempion"adlı rəngli, 24 səhifəli, həftəlik idman qəzetinin baş məsləhətçisi, "Sara - ekspress"qəzetinin məsul katibi, "Olaylar" qəzetinin baş direktoru, "Şans" qəzetinin baş direktoru, "Novıy mir" qəzetinin redaktoru, Qarabağ Əlillər Cəmiyyətinin orqanı olan "Əlillər" qəzetinin məsul redaktoru, Qarabağ Azadlıq Təşkilatının orqanı olan "Azad Qarabağ" qəzetinin məsul redaktoru olub. Biz görürük ki, Adil müəllimin jurnalist fəaliyyəti daim Qarabağla bağlı olmuşdur. O,  mətbuatda Qarabağ məsələsinin gündəmdə qalmasının əsas ruporlarından biridir. Təsadüfi deyil ki, Adil müəllim Qarabağ Əlillər Cəmiyyətinin fəxri üzvüdür. 

Hazırda "İRŞAD - Teleradio Verilişləri, Sənədli və Bədii Filmlər Kompaniyası" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru və Jurnalist - Müharibə Veteranları Assosiasiyası sədrinin birinci müavini olan Adil müəllim daim ictimai fəlallığı ilə seçilir. Belə ki, internetdə 1 saytın, 2 kanalın, 12 səhifənin, 7 blokun sahibi olan Adil müəllim onların hamısına yazı və videolar hazırlayıb yerləşdirir və hamısına da özü nəzarət edir. Ən əsası isə budur ki, 100 mindən çox oxucusu olduğuna görə GOOGLE Adil müəllimi "1 power blogger" - yəni "1 saylı bloqçu" adlandırıb. 

Deməli, 65 illik yubiley yaşını qeyd edən Adil müəllim böyük Vətənpərvər, Millətpərvər və İnsanpərvər ziyalıdır !

65 yaşın mübarək olsun Azərbaycan Türk oğlu !

Mən zərrə qədər şübhə etmirəm ki, Vətən və Millət  sevdalısı üçün ən böyük hədiyyə işğal altındakı torpaqlarımızın azad edilməsidir. İnşallah, o gün uzaqda deyildir !



20 Ekim 2018 Cumartesi

HƏLƏ DƏ AĞDAMDA YAŞAYAN İNSAN...


Akif Nağı. 
Qarabağ Azadlıq Təşkilatının sədri.
                       

     Ağdam şəhəri ayrıca planet idi, ağdamlıların balaca bir planeti. Mən kənd uşağı idim, şəhəri yaxşı tanımırdım, orda da məktəbi bitirəndən sonra Bakıya çıxıb gəlmişəm, indi də Ağdam şəhərini o qədər də tanımıram. Yanımda Ağdamdan danışanda çox yerini, çox adamlarını tanımıram. Amma Ağdam şəhərlilərinin Ağdamın hər xırda detalından, döngəsindən, tinindən, məhəlləsindən, adamlarından necə danışdıqlarına heyranlıqla qulaq asıram. Heç kəsin xətrinə dəyməsin, amma bu, ağdamlılardan başqa heç kimdə yoxdur. Ağdam bəlkə də dövlət içərisində bir şəhər-dövlət, Azərbaycan içərisində Azərbaycanın özündən böyük bir meqapolis idi. “İdi” deməyə də adamın dili gəlmir.

     Xeyli ağdamlı tanıyıram ki, onların sözü-söhbəti, hərəkəti və ruhi vəziyyətinə baxanda məndə elə təsəvvür yaranır ki, onlar Ağdamdan çıxmayıb, çıxmaq istəmirlər, hələ də Ağdamdadırlar, orda yaşayırlar.

     Belə insanlardan biri də dostum, tanınmış jurnalist Adil İrşadoğludur. O, Bakıya qaçqınlıq vaxtı gəlməyib, universitet təhsilindən sonra burda çalışıb, amma sovet dövrünün assimilyasiya maşını Adilin də ağdamlılığını əlindən ala bilməmişdir. Onunla oturub söhbət eyləyəndə, daim hiss edirsən ki, o, burda deyil, Ağdamdadır. Onun Ağdama belə bir təmənnasız, sözlə deyilə bilməyən bir sevgisi var.

     Adil bəy çox hörmət elədiyim insanlardandır. Təmənnasız, gözü-könlü tox insandı. Yalan danışdığını görməmişəm. Kökünə, nəslinə bağlı insandı. Ailəsini, övladlarını, nəvələrini çox sevir. Atasına o qədər bağlı insandı ki, təəccüb qalmaya bilmirsən. Atasının xatirəsini yaşatmaq üçün bəlkə də hər şeyindən keçər. Onun atası ilə bağlı hərəkətləri həmişə məndə dərin bir təəssürat yaradır. Hamı atasını, anasını, yaxınlarını sevir. Amma bu adam, mənə elə gəlir ki, Ağdamla, atası və anası ilə, onların ruhu ilə nəfəs alır.

     Adil bəylə yollarımız müxtəlif müstəvilərdə kəsişib. Hətta bir yerdə çalışmışıq, təsiscisi olduğum “Azad Qarabağ” qəzetinin məsul katibi, daha doğrusu, həm katibi, həm redaktoru, həm də fəhləsi olub. Cəmisi 8 nömrə qəzet buraxdıq. Kömək etmək üçün söz verənlər sözlərinin üstündə durmadılar deyə, qəzetimizin ömrü az oldu. Adil bəyin o qəzetdə çalışarkən başqa bir tərəfini də tanıdım. Bunu çox yerdə deyirəm. O adam qədər öz peşəsinə vurğun ikinci bir adam tanımıram. Təzə çıxan qəzet nömrəsinin qarası onun əlinə iz salanda, əlini iyləyib deyirdi ki, bundan gözəl ətir, qoxu tanımıram. İşinə o qədər ürəkdən yanaşırdı ki, hər şeyi, pul alacaq, almayacaq, evdə pulu var, ya yoxdur, fikirləşmirdi.

     Beləcə Adil dostum haqqında qısa bir təəssüratımı yazdım. Oturub, bir neçə gün fikirləşib, daha çox yaza bilərdim. Amma dostumuz yaddaşıma nə cür hopubsa, onu yazdım. Bu yazımı dostumuzun 65 yaşına hədiyyə edirəm. Çoxdu, azdı Allah bilər. Bir şeyi deyə bilərəm ki, Adil bəy bu ömrü ləyaqətlə yaşayıb. Allahın verdiyi bu ömrü ləyaqətlə yaşadığına görə onu təbrik edirəm. O, ruhən ordadı, amma cismən də tezliklə Ağdama, Qarabağa qayıtmasını arzulayıram.

19 Ekim 2018 Cuma

TEZLİKLƏ QARABAĞDA GÖRÜŞƏNƏDƏK


Ehtiram İlham. 
Şair-publisist.


…İlk dəfə onun adını eşitməkdən qabaq üzünü görmüşəm. Qanlı-qadalı Qarabağ müharibəsi illərində  cəbhə bölgələrindən reportajları yayaımlanırdı. Həmişə əynində əsgər paltarı olurdu. İlk baxışdaca sifətində yorğunluq və əzm, səsində həyəcan və inam hiss olunurdu. Süjetlərini elə hazırlamağa müvəffəq olurdu ki, adam özünü müharibənin içində zənn edirdi, - sanki mərmilər qulağının dibindən uçuşur, tanklar yanından şütüyüb gedir, əsgər yoldaşına dəyən güllələr sinəni yaralayıb keçirdi.

Ana yurdu olan doğma Ağdamının işğalı günlərində onun çəkdiyi ağrıların rəngi hələ də gözlərimin önündədi.

Elə o vaxtdan Adil İrşadoğlu mənimçün Qarabağ savaşını bütün varlığında və hüceyrələrində yaşadan simvol kişilərdən birinə çevrildi...

Tale elə gətirdi ki, onunla iş yoldaşı olduq. Azərbaycan Milli Televiziyasındakı fəaliyyəti yenə diqqət mərkəzimdəydi. İşinin peşəkarı olduğundan, hazırladığı verilişlərlə öz ətrafında bir sevgi haləsi yarada bilmişdi. O olan yerdə həmişə səmimiyyət və xoş aura hökm sürürdü.

Və sonra Adil İrşadoğluyla lap yaxın qonşu olduq – eyni blokun eyni mərtəbəsində. Belə qonşusu olan bəxtiyar olmazmı?! Tək insan idi ki, dərdimi  ürəkdən bölüşə bilir, sirrimi bölür, milli problemlərimiz barədə çəkinmədən müzakirələr aparır, həm də hərdən “başımızı açırdıq”. Hər adama belə duyumlu, hər şeyin yerini bilən və hamının nazıyla oynayan bir qonşu qismət olmur ki...

İş elə gətirdi ki, bir müddətdən sonra ikimiz də işimizdən aralandıq. Adil bəy bir zamanların populyar nəşri olan “De fakto” qəzetini buraxmağa başladı. Az zaman içərisində qəzet cəmiyyətin maraqla oxuduğu mətbu orqanlardan birinə çevrildi. Qəzetin baş redaktoru Adil İrşadoğlu xeyli yeniliklərə imza ataraq nüfuz yiyəsi oldu.

O, Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Jurnalistika fakültəsində Ağamalı Sadiq Əfəndi, Mehman Cavadoğlu, Mustafa Çəmənli, Adil Cəmil və başqa çox sevdiyim dəyərli qələm adamlarıyla tələbə yoldaşı olub. Görünür, elə həmin mühit də onun lap gəncliyindən bir millət aşiqi və vətənpərvər insan kimi formalaşmasında silinməz izlər buraxıb.

Tanışlığımızın üstündən nə az, nə çox – düz 26 il ötsə də, o, mənimçün yenə çox doğmadı. Bu illər ərzində başımıza olmazın işlər gəldi. Çox ağrı-acılar yaşadıq. Dözülməz itkilər gördük. İkimiz də cavan qardaşlarımızı itirdik. Sonra daha nələr, nələr. Hələ üstəgəl o boyda Qarabağ itkisi... Bu itkilərin altında boyumuz bir az da balacalaşdı, belimiz bir az da qırıldı, dünya gözümüzdən bir az da düşdü... İçimizdə ağrılar, çiynimizdə çəkilməz yüklər – beləcə gəlib bu günlərə yetişdik.

İndi artıq xeyli olar ki, nə iş yoldaşıyıq, nə də qonşu. Amma onun adı gələn kimi gözüm işıqlanır, ürəyim atdanır, necə deyirlər, “çiçəyim çırtdayır”.

Gözəl ailəsinin, layiqli oğullarının, şirin nəvəsinin, etibarlı dostlarının əhatəsində bəxtiyar bir ömür sürən əziz dostum Adil İrşadoğlu bu gün 65 yaşının həzzini yaşamaqdadı. İlin-günün bu qarmaqarışıq vaxtında, dünyanın nizamının, cəmiyyətin halallığının pozulduğu bir dövrdə ürəyin istəyən kimi yaşamaq, həm də ləyaqətlə yaşamaq hər kişiyə qismət olan tale payı deyil. Bu, hər insanın bacardığı nəsnələrdən də deyil. Hamı bilir ki, halal, doğruçu, əyilməz, başıuca, gözütox yaşamaq nələr bahasına başa gələ bilər.

Dəyərli qardaşımın bu müdrik yaşını ürəkdən qutlayıram. Arzu edirəm ki, şəxsi və millət, torpaq adına bütün istəkləri çin olsun, inşallah.

Qarabağda, doğma Ağdamımızda görüşənədək, ADİL İRŞADOĞLU!