21 Ekim 2018 Pazar

“HEYYY, İRŞADOĞLU!”, - DEYƏRƏK ÜZ TUTDUĞUM ÜNVAN


Azər Həsrət. 
Azərbaycan Respublikasının Əməkdar jurnalisti, 
İctimai TV və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü, 
Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü və xarici 
əlaqələr komissiyasının sədri.


     Jurnalistika elə bir peşə-sənət sahəsidir ki, burada özünü təsdiq edə bilməyən dərhal çəkilib getməyə məcburdur.

     Jurnalistika ilahi vergidir, istedaddır, əzm tələb edir, sevgisiz baş tutmur.

     Jurnalistika müqəddəs qələmin vasitəsilə insan talelərini həll edəcək, böyük dövlətləri barışa və ya savaşa sürükləyəcək qədər güclüdür.

     Jurnalistika sadəcə bir ixtisas, peşə deyil. Bu, bir həyat tərzidir, əbədi sevdadır. Elə bir sevda ki, ölərsən, vaz keçməzsən. Vaz keçmək istərsən, keçə bilməzsən.

     Biz də, pis-yaxşı, özümüzü jurnalist sayırıq. Artıq 25-ci ildir ki, bu işin içindəyəm. Vaxt olub ki, ayrılmaq, uzaqlaşmaq, başqa sahədə özümü təsdiq etmək istəmişəm. Alınmayıb.

     Mən jurnalistikadan vaz keçməyə can atdıqca bu sahənin özü məni daha da cəlb edib, cəzb edib, özünə sarı çəkib.

     Və artıq jurnalist fəaliyyətimin 25-ci ilində qəti qərar vermişəm ki, heç zaman qələmi yerə qoyan deyiləm. Harda olsam, nə işə bağlansam yenə də bir əlim jurnalistikanın ətəyində olacaq.

     Niyə? Nədir məni və mənim kimi onlarla, yüzlərlə insanı bu çətin, məsuliyyətli sahədə saxlayan? Özü də çətinliklərinə, məhrumiyyətlərinə, yuxusuz gecələrinə, bəzən haqsız hücumlarına baxmayaraq? 

     Bizi burda tutan heç şübhəsiz jurnalistikanın bir azadlıq müstəvisi olmasıdır. Amma bir də başqa faktor var ki, həm də onun yerini, rolunu ayrıca vurğulamaq lazımdır.

     Bizim kimi insanları jurnalistikada ayaqda tutan daha öndə olan, həyat və iş təcrübəsilə daim bizim önümüzdə gedən insanlardır.

     Biz bu insanları bir mayak olaraq həmişə önümüzdə görürük. Onlar hətta uzun fasilə versə də, ortalıqda gözə dəyməsə də varlıqlarını hiss edirik. Sanki o adamların nəfəsi bizim boynumuzun tam da arxasında duyulur hər zaman. Bir an ayaq saxlasaq, usansaq, heydən düşsək arxadan təkan verəcək, bizi irəliyə itələyəcək bu nəfəs.

     Onlar mayakdır. Onlar dayaqdır, dəstəkdir bizə hər zaman.

     Bir zamanlar bu şəxslər odun-alovun içindən - cəbhə xəttindən əsgərimizin səsini-sorağını insanlarımıza çatdıran tək vasitə kimi qalıb yaddaşlarımızda.

     İndi də boş durmurlar. Topladıqları təcrübə, Vətən sevgisi, dövlətə və millətə bağlılıq bu insanların haqq etdikləri istirahətə çəkilməsinə belə əngəl olur.

     Həyat onları müdrikləşdirir, daha da parlaq edir, bizim kimi irəli getmək istəyənlərin qarşısında daimi mayak kimi işıqlandırır.

     Var olsun belə insanlar! Var olsun bizdən daim öndə olan, yolumuzu işıqlandıran həmkarlar! Biz sizin ardınızca gəlirik! Sizin açdığınız yolla yürüməkdə davam edirik!

     Bu sözlər - bu yazım bütövlükdə ömrünün 65-ci ilini arxada qoymuş çox dəyərli həmkarım, böyüyüm Adil İrşadoğluna həsr edildi. O Adil İrşadoğluna ki, həm jurnalist kimi, həm də yeri düşəndə lap elə böyük qardaş kimi səsimizə səs verir, yolumuzu qaranlıq etmək istəyənlərin qarşısına çıxıb bir mayak kimi uzaq hədəfləri nişan verir.

     Adil İrşadoğlu şəxsən mənim kimi jurnalistlərin çəkinmədən “Heyyy, İrşadoğlu!” deyərək üz tutduğu, tuta biləcəyi ünvandır.

     Adil İrşadoğlu o jurnalistlərdəndir ki, daim sadə, təvazökar olmasıyla seçilir, yetişməkdə olan gənclərimizə doğru yolu nişan verir.

     Biz də işimiz dara düşəndə onun bu özəlliklərini rəhbər tutaraq “Heyyy, İrşadoğlu!”, - deyib ərklə üz tuturuq bu Mayak Insana.

Ömrün uzun, canın sağlam olsun, Ustad! Nə yaxşı ki, bizim önümüzdə sənin kimi dəyərli qələm sahibləri, qəlbi Vətən sevdasıyla aşıb-daşan böyüklərimiz var.

Hiç yorum yok: