31 Ekim 2023 Salı

ÖMRƏ NAXIŞ SALAN İLLƏR

 

Şəfəq Nasirdən yubiley yazısı

TANINMIŞ JURNALİST ADİL İRŞADOĞLUNUN 70 YAŞINA


Şəfəq NASİR
Filologiya üzrə fəlsəfə doktoru


Həyatda bir-birinə bənzəməyən yollar çoxdur. İlk insan ləpirindən başlamış, təkəmseyrək otlarla örtülən cığırlar, enişli-yoxuşlu, daşlı-kəsəkli dolanbaclar, sonsuzluğa uzanan yollar. Məmləkətləri birləşdirən, ayıran yollar... Bir də var hər kəsin özünün açdığı və yaşam boyu yürüdüyü yol - həyat yolu, ömür yolu. Əsas olan da budur ki, açdığın yolda ağıl-kamalla hərəkət edib, çiyninə aldığın yükü mərdanə daşıya biləsən...

Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil aldığım illərdə bizdən 1 kurs aşağıda Adil adlı bir oğlan oxuyurdu. O qədər utancaq, həyalı idi ki, heç vaxt sıyrılıb qabağa çıxmazdı. Yoldaşlarının arasında "gizlənib" gözə görünmək istəməzdi. Əksinə, ən çox dinləməyi, kitablarla ünsiyyəti sevərdi. Nə vaxt görsən, qoltuğunda, əlində kitab, mühazirə dəftəri olardı. Adil muğam sənətinin, ümumən musiqimizin beşiyi sayılan füsunkar Qarabağımızın cənnət məkanlarından olan Ağdamda ziyalı ailəsində dünyaya gəlib. Orta məktəbdə oxuduğu vaxtda əksər qarabağlılar kimi, o da musiqi təhsili almışdı. Üzeyir Hacıbəyov adına Ağdam şəhər Orta İxtisas Musiqi məktəbində tar sinfini bitirmişdi. Amma sənət seçimində yollar ayrıcında qalmadı. Orta məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra kimsəyə demədiyi, açmadığı istəyinin arxasınca Bakıya yol aldı. O zaman gözdə-üzdə olan Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil almaq həyatda ilk ən böyük arzusu idi. Niyyətinə çatdı və bundan sonra bütün həyatını bu paytaxt şəhərə bağladı...

O zaman Bakı Dövlət Universitetdə Hərbi kafedra da fəaliyyət göstərirdi. Adil də Universitetdə təhsil aldığı müddətində hərbi kafedrada dərs alıb və imtahanları müvəffəqiyyətlə verərək motoatıcı vzvod (tağım) komandiri kimi leytenant rütbəsi alıb. Bəlkə həmin vaxt Adilin xəyalına da gəlməzdi ki, nə vaxtsa işğalçı, xəyanətkar ermənilər Qarabağda müharibəyə başlayanda hərbi kafedrada aldığı dərslər karına gələcək, o da cəbhədə qələmi ilə döyüşəcək...

Universiteti bitirəndən sonra hərə öz yoluna davam etdi. Adil təyinatla Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə göndərildi və bildiyimə görə, 25 il Ana Televiziyada fəaliyyət göstərdi. Bundan sonra Adil Əliyevin adını Azərbaycan Televiziyasında efirə gedən verilişlərin titrlərində gördük. O, televiziya jurnalistikasında mükəmməl təcrübə qazandı. Xatırladım ki, bu məkanda işlədiyi müddətdə Adilin 3 minə yaxın süjeti, verilişi efirə gedib. Bu verilişlərin hər biri həyatımızın müxtəlif sahələrindən bəhs etməklə yanaşı, vətənpərvərlik, işğalçı ermənilərin xalqımıza qarşı etdiyi cinayətlərin ifşası, cəbhədə vuruşan igidlərimizin, şücaəti, torpaqlarımızın azadlığı uğrunda canını fəda edən, şəhidlik məqamına ucalan oğullarımızın qəhrəmanlığı onun aparıcı mövzularından olub. Gördüyü işlərə məsuliyyətlə yanaşması, zəhmətlərə qatlaşması Adilin sənətinə bağlı olduğunu göstərirdi...

1988-ci ildə işğalçı ermənilər təxribatlar apararaq, İrəvanda soydaşlarımızı doğma yurdlarından zorla qovub çıxartdılar. Bundan sonra düşmənin təxribatları artdı. Dağlıq Qarabağda (indi Qarabağ) yaşayan ermənilər də ixtişaşlar yaradıb, fitilə od vurdular. Belə bir vaxtda, 1989-cu ildə Adil Azərbaycan Dövlət Televiziyasından könüllü olaraq Şuşaya ezam edildi. İndi onun səsi Şuşadan eşidilməyə başladı. Həmin vaxt Adil Şuşa şəhərinin teleötürücü stansiyanda çəkiliş qrupu ilə birgə yaratdığı kiçik studiyadan Azərbaycanın 20 rayonuna veriliş yayımlayırdı. Daşnaklarla rus birləşmələrinin separatçı təbliğatına qarşı əks təbliğatların aparılmasında xüsusi fəallıq göstəriridi.


Adil İrşadoğlu (Əliyev) 
Qocaman televiziya və qəzet jurnalisti,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1980),
1-ci Qarabağ Müharibəsinin iştirakçısı (1988-1996).

Birinci Qarabağ müharibəsi başlandı. Adil Əliyev müharibənin şiddət aldığı, alovlandığı illərdə Qarabağın digər ərazilərində çəkiliş qrupu və həmkarları ilə birlikdə gecə-gündüz bilmədən cəbhənin bir çox bölgələrində əsgər paltarında səngərlərdə döyüşçülərlə görüşüb, onlardan müsahibə götürürdü. Necə deyərlər, odun, alovun içində vaxt itirmədən gördüklərini operativ şəkildə qələmə alırdı. Əsgər və zabitlərin mübarizlik ruhundan duyğulanaraq, yazdığı xəbər, müsahibə, reportaj xarakterli mətnləri unikal kadrların fonunda xalqa çatdırırdı. Adil Əliyev Az.TV-nin Birinci Qarabağ müharibəsi arxivinin yaradılmasında da yaxından iştirak edir. Televiziyada hərbi vətənpərvərlik verilişləri baş redaksiyasınn təşkil olunmasında, fəaliyyət göstərməsində də Adilin  zəhməti danılmazdır...

Adilin feysbuk səhifəsində özünə ünvanladığı belə bir ritorik sualı yer alıb: Sən kimsən, Adil İrşadoğlu? Cavabında, doğum tarixindən başlamaqla, keçdiyi həyat yolu haqqında məlumatları açıqlayıb. Bəlkə də onun səhifəsində yazdığı bu xronikal məlumatlar kimlərəsə adi görünər, çünki bu təqdimat, bilgi tərcümeyi-hal xarakterlidir. Amma fərqli detallar, böyük bir nəslin yaşam tarixində nəzərə çarpan xüsusiyyətlər, həyat amallarını ifadə edən xarakterikcizgilər məndə böyük maraq doğurdu. Adil doğulduğu Ağdamda köklü, qollu-budaqlı şəcərəsinin Azərbaycanda yerini və rolunu, mövqeyini səmimiyyətlə açıqlayıb. Atası, uzun zaman dövlət orqanlarında məsul vəzifələrdə işləmiş İrşad Əliyev Qarabağ xanı Pənahəli xanın əqrabası olan görkəmli yazıçı Süleyman Sani Axundovun nəslindəndir. Bu kökdən rişələnmiş kübar, ziyalı şəcərənin hər bir nümayəndəsi, dövlət qulluğunda yüksək vəzifələrdə çalışan insanlar öz borclarını ləyaqətlə yerinə yetirmişdilər. Onlar çalışdıqları sahələrdə xalqa, dövlətçiliyə sədaqətlə xidmətləri ilə Vətənə öz töhfələrini vermişlər. Bütün bunları məhəbbətlə qələmə alan Adil belə bir nəslin övladı olduğundan qürur duyur.

Yeri gəlmişkən, indi ictimaiyyətin böyük əksəriyyəti sosial şəbəkədə öz səhifəsini yaradıb, necə deyərlər, tribunalarını qurublar. Cəmiyyətdə baş verən siyasi-ictimai hadisələr, ədəbi, mətbu yaradıcılıqları, şəxsi həyatları ilə bağlı paylaşımlar edirlər. Əslində hər kəsə açıq olan sosial şəbəkə şəffaf bir aynadır. Hamı bu aynada aydın görünür. Müxtəlif təbəqədən fərqli düşüncəli insanların olduğu bu auditoriyanın sərhədi böyükdür. Bəziləri bu meydanda olmağı bir hobbi, boş vaxtlarını yol verdikləri məşğuliyyət kimi qəbul edir, yaxud, "mən də varam" prinsipilə gərəksiz mövzular, bəsit düşüncələrlə paylaşım edirlər. Mənim nəzərimdə sosial şəbəkə geniş diapazonda sosial cəmiyyətdir. Sosial şəbəkədə yer alırsansa, olduğun kimi görün. Burda paylaşım edənlər, məlumat, xəbər lentlərini izləyən və oxuyanlar minlərlədir.

Adil İrşadoğluna gəlincə, onun bu geniş miqyaslı auditoriyada məramı, mövqeyi aydın, özünəməxsus, məzmunlu və birmənalıdır. Adil gündəmə gələn hadisələrə özünün prinsipial mövqeyini bildirir, eyni zamanda cəmiyyətdə gedən prosesləri, siyasi-ictimai motivli çıxışları düzgün şərh edən mətnləri də səhifəsində paylaşır. Yaşadığımız cəmiyyətdə Vətən, Torpaq, İnsan amili onun sosial baxışında, ictimai şüurunda, mənəviyyatında başlıca yer tutur. Bunlar onu deməyə imkan verir ki, Adil İrşadoğlu vətəndaş olaraq, hər zaman ictimai-siyasi hadisələrin içərisindədir, təbəddülatlı fikirləri baxış süzgəcindən keçirir və onları doğru mövqedən şərh edir. Dövlətin, xalqın təəssübünü çəkməyi bir vətəndaş olaraq mənəvi borcu, vicdan işi hesab edir...

Qarabağın işğaldan azad olunması, ondan sonrakı hadisələr, dağıdılmış kənd və şəhərlərimizdə aparılan quruculuq işləri, infrastrukturun yaradılması, rahat yolların çəkilməsi o yerlərdə həyatın yenidən dirçəldiyini göstərir. Qarabağlılar evlərinə qayıdıb həyatlarına davam edirlər. Bütün bunlar xalqın ruhunu dirçəldir. Hər kəs bu qayıdışı, bu dirçəlişi sevinclə qarşılayır. Bu illər ərzində, həm də 44 günlük Vətən savaşının gedişində yaşadığı ağrı, həyəcanlar, qələbə sevinci, qürur hissi Birinci Qarabağ müharibəsinin qazisi Adili bir başqa cür duyğulandırır.

Adil İrşadoğlu Əliyevin əmək fəaliyyətinə nəzər salanda işində diqqətli, operativ, işgüzar və məhsuldar bir insanın, peşəkar jurnalistin keçdiyi həyat yolu göz önünə gəlir. Hələ Azərbaycan Televiziyasında işlədiyi zamandan dövri mətbuatda çıxş edən Adil müxtəlif vaxtlarda "Yeni dünya", "De fakto", "Çempion", "Sara - Ekspres", "Olaylar", "Şans", "Novıy mir", "Əlillər", "Azad Qarabağ" kimi qəzetlərdə məsul vəzifələrdə işləyib. Teleşirkətdə işlədiyi 25 il müddətində hazırladığı verilişlərə görə bir çox təşkilatların hərbi hissə komandirləri tərəfindən təqdim olunan medallar, Fəxri Fərmanlarla mükafatlandırılıb. 2018-ci ildə əsgər və zabitlərimizin igidliyindən bəhs edən silsilə verilişlər hazırladığına, daim qazilərə mənəvi dəstək olduğuna görə "Qarabağ qaziləri", "Vətən Müharibəsi Əlilləri" kimi ictimai birliklər tərəfindən fəxri diplomla təltif olunub.

Adil İrşadoğlu ictimai əsaslarla vətənpərvərlik mövzusunda fəaliyyət göstərən ilk internet televiziyanın - "İrşad" Teleradio Verilişləri, Sənədli və Bədii Filmlər Kompaniyası" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru və Jurnalist Müharibə Veteranları Assosiasiyası sədrinin birinci müavini vəzifəsində çalışır. O, qüdrətli Azərbaycan, böyük Türk dünyası və Turançılığa gedən yolda fədakarlıq nümayiş etdirir.

Adil keçmişinə bağlı olan, nəsli, nəcabəti, şəcərəsi ilə qürur duyan insandır. Vətən sevdalısı Qarabağı, doğulduğu Ağdamı, Bütöv Azərbaycanı canı qədər sevir. O, Vətəninə, xalqına sədaqəti, xidməti böyüklərindən əxz etdiyi nizamla, məhəbbətlə davam etdirir. Demək, öz yaşam tarixlərində Vətənə, millətinə xidmət edən soykökü ilə qürur duymaq onun halal haqqıdır...

Bu gün Adil İrşadoğlu şərəflə yaşadığı illərini yola salaraq 70-in zirvəsində qərar tutub. Kimlər üçünsə bu, artıq qocalığa gedən yolun başlanğıcıdır, ahıllıq çağıdır. Mənsə, bu yaşın timsalında uzun yollar yolçusunun yaşadığı ağrıları, çətinlikləri, torpaqlarımızın işğaldan azad olacağı intizarı ilə yaşadığı günlərin acısını dadan, qələbənin sevinci, zəfərimizlə ruhlanan, gəncləşən bir vətəndaşın, bu şanlı tariximizə sözü, qələmi ilə öz töhfəsini verən qürurli Adamın işıqlı obrazını görürəm. Yubiley yaşın mübarək olsun, Adil İrşadoğlu...


"525-ci qəzet"
Bakı, 31.10.2023-cü il.




26 Eylül 2023 Salı

CAVANŞİR NƏSLİNİN NAZİR OĞLU


Behbud xan Cavanşir

Azərbaycanın istənilən şəhərində, bölgəsində elə nəsillər, sülalələr var ki, onları çox vaxt mənsub olduqları soyadları ilə tanıyırlar. Məşhur “Cavanşir” soyadı da bu qəbildəndir. Behbud xan Cavanşir həmin nəslin sayılıb-seçilən övladlarındandır: Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, ictimai-siyasi xadim, AXC dövrünün daxili işlər naziri, parlamentin üzvü... Bir sözlə, dövrünün tanınmış iş adamı, eyni zamanda siyasətçisi olmuş bu şəxsiyyət Azərbaycan tarixinə dövlət xadimlərindən biri kimi düşmüşdür.

B.Cavanşir “Müsəlman Xeyriyyə Cəmiyyəti”nin rəhbərlərindən idi. Eləcə də Müsəlman Milli Şurası Müvəqqəti İcraiyyə Komitəsinin üzvü kimi fəaliyyət göstərmişdir. Vaxtilə “Rusiya texniki cəmiyyəti”nin işində yaxından iştirak etmiş, elmi fəaliyyətlə də məşğul olmuşdur. Cümhuriyyət hökumətində isə iki nazir vəzifəsini yerinə yetirmiş, Azərbaycan Milli Şurasının “Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanunu”na əsasən Cümhuriyyət Parlamentinə üzv seçilmişdir.

Bunlar qısa avtobioqrafik məlumatlardır. Əslində isə Behbud xan Cavanşir keşməkeşli bir ömür yaşamış, gücünü, potensialını, bilik və istedadını xalqının rifahı naminə tam sərf edə bilməmişdir. Bunun səbəbi təkcə ömrünün qısa olmasında deyil, həm də yaşadığı dövrün çətinliklərində idi.

Behbud xan Cavanşirin həyatına, keçdiyi yola nəzər salandan sonra belə bir qənaətə gəlirsən ki, onun ölümü namərd ermənilər tərəfindən xalqımıza vurulan saysız-hesabsız ağır zərbələrdən biridir.

Beləliklə, cümhuriyyət dövrünün bir çox vəzifəli şəxsləri, məmurları, görkəmli insanları kimi onun da həyatı ağır və faciəli olmuşdur.

B.Cavanşir 1877-ci ildə Tərtər qəzasının Azad Qaraqoyunlu kəndində doğulmuşdur. O, Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın nəticəsi, Azad xanın oğlu idi.

Behbud 13 yaşında alman dili təmayüllü Tiflis Realnı Məktəbinə daxil olmuş və o zaman şəhər mağazalarından birinin erməni əsilli xidmətçisinin oğlu ilə eyni sinifdə oxumuşdur. Bu, gələcək “inqilabçı”, əslində isə amalı-məsləki müəmmalı olan Stepan Şaumyan idi.

1902-ci ildə Behbud xan Cavanşir Almaniyaya gedir və Frayberq Dağ-Mədən Akademiyasına qəbul olunur. Burada mükəmməl biliklərə yiyələnərək akademiyanı fərqlənmə diplomu ilə bitirib mühəndis ixtisasına yiyələnir. Qeyd edək ki, B.Cavanşir həmin akademiyanı bitirən ilk azərbaycanlı məzun idi.

Behbud xan sonra Londona yola düşür. Bir il orada təkmilləşdirmə kursları keçir və 1907-ci ildə Vətənə qayıdıb Şubayevin neft mədənlərində işləməyə başlayır.

Qərbi Avropada təhsil alması Behbud xan Cavanşirin ictimai-siyasi dünyagörüşünə güclü təsir göstərir. Alman, ingilis, fransız, rus, gürcü və erməni dillərini mükəmməl öyrənir.



Peterburq müsəlman tələbələr qrupu

Behbud xan Bakının neft müəssisələrində baş mühəndis işləməklə yanaşı, xalqın maariflənməsi yolunda da ciddi işlər aparır. Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin rəhbəri seçilir, Rusiyada və Avropada ali təhsil alan bir neçə azərbaycanlı gəncə öz vəsaiti hesabına təqaüd verir, Azərbaycan dilində nəşr olunan mətbuat orqanlarına yardımlar göstərir.

Çox keçmir ki, onun fəaliyyəti çar xəfiyyələri tərəfindən izlənməyə başlanır. 1920-ci ildə Bakıda rus dilində çapdan çıxan “Zaqafqaziyada rus siyasətinə dair sənədlər” kitabından məlum olur ki, Behbud xan Cavanşir Əhməd bəy Ağayevin 1905-ci ildə gizli yaratdığı “Difai” partiyasının Mərkəzi Komitəsinə daxil idi. O, həm də “Nicat” Cəmiyyətinin və “Rusiya texniki cəmiyyəti”n Bakı şöbəsinin üzvü seçilmişdi. Bu cəmiyyətin elmi əsərlərində onun xeyli məqaləsi çap olunmuşdu.

Əslində Behbud xan xəfiyyələrin diqqətini çoxdan cəlb etmişdi. Hələ 1907-ci il avqustun 28-də Cavanşir uyezdi rəisinin Daxili İşlər Nazirliyinə yazdığı raportda deyilirdi ki, “xeyriyyə cəmiyyəti pərdəsi” altında gizli fəaliyyət göstərən “Difai” antidövlət komitəsinin rəhbərləri Əhməd bəy Ağayev, Qarabəy Qarabəyov, Məmməd Həsən Hacınski, İsabəy Aşurbəyov, Behbud bəy Cavanşirski və Niftalı bəy Behbudovdur. Bu fakt da göstərirdi ki, çarizm xəfiyyəsi həmin ziyalıların Behbud xanın Azad Qaraqoyunlu kəndindəki evinə yığılmasından xəbərdar idi.

Yeri gəlmişkən, Behbud xanın tərcümeyi-halında Cavanşir qəzası coğrafi adına tez-tez rast gəlinir. Bu, cümhuriyyət dövründə Yelizavetpol (Gəncə) quberniyasının tərkibində inzibati-ərazi vahidi idi. 1873-cü il qanununa əsasən təşkil edilmişdi. Mərkəzi Tərtər məntəqəsi idi. Burada qəza idarəsi fəaliyyət göstərirdi.

Qəzada çar idarə üsuluna və sosial ədalətsizliyə qarşı müntəzəm çıxışlar baş verirdi. Çarizmin devrilməsindən sonra ermənilər burada möhkəmlənmək və azərbaycanlılara qarşı soyqırımına başlamaq məqsədilə tədbirlərə hazırlaşırdılar. Erməni silahlı dəstələri hələ 1917-ci ilin sonlarından Kolanı və digər kəndlərə basqınlar edir, aran və dağ kəndlərinin bir-biri ilə əlaqəsini kəsirdilər. Tədbirlər görülənə qədər xalq arasında böyük nüfuza malik olan “Difai”nin səyi nəticəsində erməni terroru ilə üz-üzə qalan çox sayda günahsız insan ölüm təhlükəsindən xilas olmuşdu.

Dövrün salnaməsindən məlum olur ki, Behbud xanın sinif yoldaşı olmuş Stepan Şaumyan onun kölgəsində pərdələnərək Bakıda “Daşnaksütyun” partiyasını möhkəmləndirməyə çalışırdı. O, Behbud xanın sayəsində hətta “Xalq evi”nin müdiri təyin edilmişdi. Bu məsələlərə sonralar Dubinski-Mexadzenin “Şaumyan” kitabında aydınlıq gətirilmişdir. Kitabda bildirilirdi ki, bu gəncləri bir-birindən çox şey ayırırdı - ictimai vəziyyəti, həyat amalları, siyasi baxışları...

B.Cavanşir fevral-burjua inqilabından sonra yaranmış Milli Müsəlman Şurası Müvəqqəti İcraiyyə Komitəsinin tərkibinə seçilir. 1918-ci il martın 18-dən 20-dək S.Şaumyanın başçılığı altında bolşeviklər tərəfindən milli məsələnin düzgün qoyulmaması nəticəsində törədilən qırğında otuz minə yaxın azərbaycanlı həlak olmuşdu. Bu qırğının qabağını almağa çalışanlardan biri B.Cavanşir idi. O, həm də barışıq komitəsinə üzv seçilmişdi.

1918-ci il iyunun 17-də Behbud xan Cavanşir Gəncədə Fətəli xan Xoyskinin yaratdığı hökumət kabinetində daxili işlər naziri vəzifəsini tutur. Müavini general-mayor Sadıx bəy Ağabəyov olur. O zamanlar neft mədənlərini mühafizə edən Bakı şəhər polisinin maaşları məhz Behbud xanın köməyi ilə neftdən gələn gəlirin üç faizi hesabına ödənilirdi. B.Cavanşir polis əməkdaşlarının problemlərinə yaxından bələd idi. Elə onun daxili işlər naziri təyin olunmasında bu məsələlərin rolu az olmayıb. Belə ki, yeni yaradılan nazirlik və onun tərkib hissəsi olan polis dövlətin formalaşmasında, milli maraqların qorunmasında mühüm rol oynayır. Behbud xan Cavanşirin təqdimatı ilə Azərbaycan hökuməti 1918-ci il iyunun 2-də Gəncə quberniyasının 9 qəzasında polis orqanlarının təsis edilməsi barədə qərar qəbul edir. Behbud xan Cavanşirin daxili işlər naziri olduğu dövrdə Bakı erməni-daşnak və bolşevik qüvvələrindən təmizlənir. Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı Gəncədən Bakıya köçür. Daxili İşlər Nazirliyi “Metropol” mehmanxanasının binasında fəaliyyətə başlayır və ölkənin asayişi buradan idarə olunur. Behbud xan daxili işlər naziri işlədiyi dövrdə İçərişəhərdə polis müdavimləri hazırlayan məktəb açılır. Məktəbdə 1200 müdavimin təhsil alması nəzərdə tutulur. Behbud xan Cavanşirin nazirliyə rəhbərlik etdiyi dövrdə ölkədə anarxiyaya son qoymaq, qanunvericiliyi və vətəndaş təhlükəsizliyini təmin etmək məqsədilə əməli işlər görülür.

1918-ci il oktyabrın 6-da hökumətin tərkibində kabinetdaxili dəyişikliklərdən sonra o, həm də sənaye və ticarət nazirini əvəz edir. B.Cavanşir yerli sənayenin inkişaf etdirilməsinə və Azərbaycanın xarici ölkələrlə ticarət əlaqələrinin yaradılmasına önəm verir və buna çalışır. 1918-ci il dekabrın 26-da Azərbaycan Xalq Cümhuriyyəti ilə Gürcüstan Respublikası arasında mal mübadiləsi haqqında müqavilə imzalanır. Azərbaycan tərəfindən bu müqavilələri Behbud bəy Cavanşir imzalayır. Həmin sənədlərə görə tərəflər dəmir yolu ilə daşınan yüklər üçün bir il müddətində azad tranzitə, yəni gömrük rüsumu alınmamasına razılıq verirlər. Partiya mənsubiyyəti sarıdan bitərəf olan B.Cavanşir həmin il dekabrın 7-də Azərbaycan Parlamentinə üzv seçilir. Parlamentdə fəaliyyət göstərən fraksiyalardan biri Behbud xan Cavanşirin də daxil olduğu bitərəflər fraksiyası idi. 1919-cu ilin oktyabrından fraksiyada parçalanma baş verir. Bəhram bəy Axundov, Behbud xan Cavanşir və Əbdüləli bəy Əmircanov müstəqil olaraq bitərəflər qrupu yaradırlar. Həmin vaxt Fətəli xan Xoyski hökuməti ilə birgə Behbud xan da tutduğu vəzifədən istefa verir. Ancaq o, parlamentdəki fəaliyyətini davam etdirir.

1919-cu il  iyulun 18-dən “Dəyanət” kommersiya şirkəti açır və xarici ticarətlə məşğul olmağa başlayır. Bu sahədə uğurlar əldə edir.

Behbud xan Almaniyada oxuduğu illərdə oranın aqrar sahəsinə yaxından bələd olmuşdu. Onun sonralar həmin ölkədən yumşaq buğda növləri gətirərək Qarabağda əkib-becərməsi öz bəhrəsini vermişdi. Bu diyara ilk avtomobilin gətirilməsi də, yolların abadlaşdırılması da Behbud xanın adı ilə bağlıdır.

O zaman “Müsavat” da sol qanadda formalaşmışdı. Onun fəaliyyəti istər partiya daxilində, istərsə də parlamentdə və cəmiyyətdə sabitliyin pozulmasına səbəb olurdu. Parlamentdə Qarabəyovun “İttihad”ı sağlam müxalifət sayılırdı. Sol qanadın əsas lideri Hacınski idi. Bitərəf qrupun rəhbəri Behbud xanın Hacınskiyə qoşulması burada ciddi platforma yaradırdı. Çünki Behbud xan böyük nüfuza malik idi. Hətta vaxtilə bəzi tədqiqatçılar Əhməd Ağaoğlu ilə birlikdə “Difai”ni yaratmış Qarabəy Qarabəyovun, Məhəmməd Həsən Hacınskinin, Behbud xan Cavanşirin sovet Rusiyası ilə diplomatik münasibətlər qurmaq tələbini təftiş etmişdilər. Onların bu məqsədə görə günahlandırılmasının isə əsası yox idi. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bolşeviklər peşəkar mühəndis kimi tanınan və xariclə əlaqələri olan Behbud xana toxunmurlar.

1920-ci ilin sonlarında Behbud xan Cavanşir Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun tapşırığı ilə neft-mədən avadanlığı almaq üçün bir müddət Almaniyada yaşamalı olur. O, bu tapşırığı Cənubi Qafqaz Soveti Xarici Ticarət təmsilçisi kimi yerinə yetirirdi.

1921-ci ilin yayında Behbud xan Cavanşir həyat yoldaşı Tamara, qardaşları Surxay və Cümşüdlə İstanbula, Əhməd bəy Ağaoğlugilə qonaq gedir. Yazıçı-alim Vilayət Quliyev 1998-ci ildə nəşr olunmuş “Ağolular” kitabında bu məqama da toxunur. Orada Əhməd bəyin qızı Sürəyya xanımın xatirələrindən sitat gətirir: “Atam Maltadan qayıtdıqdan sonra erməni dostlarından bir professor bizə gələrək atamın ermənilərin qara siyahısında olduğunu, atamı sevən dost kimi onu xəbərdar etməyi özünə vəzifə bildiyini və buna görə də hərəkət etmək lazım gəldiyini söylədi... Azərbaycanın daxili işlər naziri Behbud xan Cavanşirin də ermənilərin qara siyahısında olması xəbərini almışdıq. O arada Cavanşir xanımı və iki qardaşı ilə Parisə getmək üçün İstanbula gəlmişdi. Özü vəziyyətə tez uyğunlaşan adam idi və bizim Şahzadə bağındakı evimizdə beş gün gizli yaşadı. Ancaq rus əsilli xanımı bu həbs həyatına dözə bilməyəcəyini söylədiyindən onlar evimizi tərk edib “Pere Palas” mehmanxanasında yerləşdilər. Ertəsi gün səhər tezdən Behbud xanın axşam “Pere Palas” mehmanxanasına gələrkən bir erməni tərəfindən vurulduğunu eşitdik”.



“Pere Palas” mehmanxanası


Beləliklə, 1921-ci il iyulun 17-də axşam, saat 23-də Behbud xan Cavanşir arvadı və qardaşları ilə “Təpədaşı” Ailə Kazinosunun italyan səfirliyinə baxan qapısından çıxaraq “Pere Palas” hotelinə gedərkən “Daşnaksütyun” partiyasının üzvü, Ermənistan ordusunun keçmiş əsgəri Misak Torlokyan tərəfindən üç güllə ilə qətlə yetirilir. Qatil həbs olunur.

Hadisə iyulun 17-si gecə baş verdiyindən bəzi mənbələrdə bu tarix iyulun 18-i kimi də göstərilir. Behbud xan Cavanşir 1921-ci il iyulun 20-də, ölümündən üç gün sonra Beşikdaşdakı Yəhya əfəndi dərgahında dəfn olunur. Bəzi qüvvələrin müqavimətinə baxmayaraq, onun dəfn mərasimi kütləvi nümayiş halını alır. Bu zaman onun qatili Misak Torlokyan İstanbuldakı “Kroker” hotelində, ingilis hərbçilərinin qərargahında saxlanılmışdı. Qəribədir ki, məhkəmə Misakın törətdiyi terror hadisəsini araşdırmaq əvəzinə millətlərarası münaqişəni qızışdırmaqla, baş vermiş hadisəni siyasiləşdirməklə məşğul idi.

Behbud xan Cavanşirin ölümü Murat Çulcunun “Erməni intriqalarının pərdəarxası: Torlokyan davası” kitabında da öz əksini tapıb. Belə ki, üç dəfə dalbadal açılan atəşdən sonra yaralı Behbud xan qatilin üzərinə gedərkən üzüstə yerə yıxılır. Tamara və Cümşüd qatilin silah tutan əlindən yapışmalarına baxmayaraq növbəti güllə Cümşüdün sol yanağını sıyırır. Qalatasaray mərkəzi karakolunun polis məmuru Əli əfəndi hadisə yerinə çatır, Misak Torlokyanın qollarını qandallayır.



Qatil Misak Torlokyan


Behbud xan xəstəxanaya çatdırılır. O, həmin vaxtadək də rus inqilabı və hərc-mərclik dövründə dəfələrlə sui-qəsdlərə məruz qalmışdı. Lakin özünü soyuqqanlıqla qoruya bilmişdi. Bəlkə də payına düşən ömür hələ bitməyibmiş... Bu dəfə isə vəziyyət başqa cür idi. O, həyatının sona çatdığını dərk etmişdi. “Cənablar, pəncərəni açın, hava çatışmır, mən ağırlaşıram” - demişdi. Beləliklə, xəstəxanaya çatdırılandan 35 dəqiqə sonra heç bir tibbi müdaxilə edilmədən dünyadan köçdü...

O zaman İstanbul ingilis işğalı altında idi. Odur ki, cinayət hadisəsindən 20 gün sonra cani ingilis hərbi tribunalında mühakimə edilir. Lakin erməni hiyləgərliyi burada da özünü göstərir. İşi elə qururlar ki, cinayətkar cəzasından qurtarır. Əhməd Ağaoğlunun qızı Sürəyya xanım məhkəmənin iştirakçısı kimi sonralar yazdığı “Bir ömür də belə keçdi” memuarında qeyd edir: “Nəhayət, məhkəmə bitdi. Prokuror qatil üçün ölüm cəzası istədi. Bu tələb hətta bizi çaşdırdı. Lakin prokuror 24 saat içərisində Türkiyədən uzaqlaşdırıldı. Yerinə gələn prokuror isə müttəhimə bəraət istədi və qatil Torlokyan gecə ikən qaçırıldı”.

Məhkəmə prosesində qatil Torlokyan az qala millət qəhrəmanına çevrilir. Məhkəmə həqiqətən siyasi bir iclasa, tədbirə çevrilir. Vəkil Hasruyan Behbud bəy Cavanşirin mətbuatda yayımlanan bəyanatına müraciət edir. Onun bolşeviklərlə əlaqəsi məsələsi gündəmə gətirilir.

“Azərbaycan” qəzetinin baş redaktoru olmuş Şəfi bəy Rüstəmbəyli Behbud xan Cavanşirin qatilinin məhkəməsində şahid qismində çıxış edir.

Şəfi bəy sözlərinin təsdiqi kimi Behbud xanın qəzetlərdə dərc olunmuş müraciətini xatırladır. Yazıdakı “bəzi məsuliyyətsiz şəxslərin soyğun və qəsdlərə yol verdiyi, onların hərbi məhkəmələrdə cəzalanacaqları” fikrini yada salır.

Qara Ağazadə Bakıda mart qırğınları zamanı şəhərdə iki böyük binadan biri olan, müsəlman mədəniyyətinə dair nadir kitabların saxlanıldığı İsmailiyyənin yandırılmasını xatırladır. Əhməd Həmidin erməni Mirzabekyanın binasının toxunulmaz qaldığını söyləyir.

Qacar nəslindən olan Ziba xanım silahları yığılmış müsəlmanlara ermənilərin hücumu barədə danışır: “Erməni məhəlləsindən güllələr yağırdı. Qətliamın üçüncü günü küçəyə çıxıb bizə yaxın olan yanğın yerlərinə getdim. On səkkizə qədər qadın və uşaq cəsədləri gördüm. Qarnı yarılmış hamilə qadının körpəsi qarnından çıxarılaraq parçalanmışdı. Yaşlı bir kişinin damarları kəsilərək həyatına ağır-ağır son qoyulmuşdu. Qətliam bizə paralel olan küçəyə qədər gəlib çatmışdı. Orada dayandırılmışdı”.

Şahid Yusif bəy Qasımov divara mıxlanmış uşağı, parça-parça edilmiş qadını xatırladır, Təzəpir məscidində təqribən 600-ə qədər cənazənin dəfnə hazırlandığını bildirir. Bakıda bir çox evlərin yandırıldığını söyləyir. Lakin bütün bunlar məhkəmə üzvləri tərəfindən soyuqqanlıqla qarşılanır. Şəfi bəy məhkəmənin gedişinə kəskin etirazını bildirir və işin düzgün aparılmasını tələb edir. Bütün bunlara baxmayaraq məqsəd qatili cəzasız qoymaq idi. Cinayət sübut edilsə də, tribunalın qərarı ədalətsiz və sarsıdıcı olur. M.Torlokyan bəraət alır.

Katalikos Amerikada ölüm ayağında 

olan Misak Torlakyana xeyir-dua verir


44 illik ömründə Behbud xan çox çətinliklərdən çıxmış, çox imtahanlardan keçmiş və ölümlərdən qurtulsa da namərd erməni gülləsinə tuş gəlmişdi. Ölüm ayağında ikən son sözləri belə olub: “Mənim şəxsi düşmənim yoxdur. Məni ancaq ermənilər vura bilərlər” - demişdi.



Behbud xan Cavanşirin qəbrüstü abidəsi


Behbud xanın ölümündən sonra qardaşları Cümşüd və Surxay həmişəlik Türkiyədə qalırlar. Tamara isə ömür-gün yoldaşını itirəndən sonra yenidən ailə qurmur. Ömrünün sonunadək Moskva şəhərində tənha yaşayır.

Behbud xan Cavanşirin adı gələndə gözlərimiz önündə tarix vərəqlənir. Onun yaşadığı dövrün çətinlikləri, keşməkeşləri haqqında düşünürük. Bu igid insanın şəxsində namərd ermənilərin qətlə yetirdiyi Azərbaycan oğullarını xatırlayırıq. Nankor qonşularımızın istəyi Azərbaycanın məhz belə say-seçmə oğullarını aradan götürmək olub. Lakin onlar bilmirlər ki, “su gələn arxa bir də gələr”. Azərbaycan xalqı belə oğulları həmişə yetişdirir və qisas heç vaxt qiyamətə qalmır.



Behbud xan Cavanşirin qətliylə əlaqədar abidə

 

İRADƏ ƏLİYEVA,

Azərbaycan. - 2015.- 9 avqust.- S. 5.


"ŞUŞA ELƏ AĞDAM DEMƏKDİR"



Allahverdioğlu Mehdi bəyin qızı rəhmətlik Hurizat nənəm, evdə bir iş görəndə ya mahnı zümzümə edərdi, ya da sinədəftər bayatı söyləyərdi:


Əzizinəm, daşam mən,

Qəfil dərdə tuşam mən.

Şuşasız, Kəlbəcərsiz

Bir qanadsız quşam mən.


Əzizinəm Qarabağ

Qarabağda qara bax.

Cavannar şəhid oldu,

Qana döndü Qarabağ.


Ağdamın yolu pərvan,

Torpağı gözə dərman.

Sənə bir məktub yazaram,

Yarı dərd, yarı dərman.


Nənəmin söylədiyi bu bayatılar hər an qulaqlarımda öz səsiylə səslənir. Rəhmətlik Hurizat nənəm Şuşa ilə Ağdama fərq qoymazdı. Deyirdi ki, bala Şuşa elə Ağdam deməkdir, əhalisi qohum-əqrabadır, bütün Qarabağ əhli demək olar ki, simsardır. Elə o vaxtdan nənəmin bu sözləri beynimdə, ürəyimdə həkk olub qalıb. Məndə, bacım Elmirada və rəhmətlik qardaşım Oqtayda Vətənə, Qarabağa, Şuşaya və Ağdama böyük bir məhəbbət hissi yaşayıb və indi də yaşayır. 




Hər ilin yay fəslində atamdan və anamdan xahiş edirdim ki, dağların qoynuna, Şuşaya, Turşsuya, Laçına və Kəlbəcərə gedək. Bütün yayı dədə-baba oylağında, Qırxqızda, Meydanda istirahət edək. Yeri gəlmişkən deyim ki, Sovet hökumətindən xeyli əvvəl Meydanda ulu babam Allahverdioğlu Mehdi bəyin böyük torpaq ərazisi olub. Vaxtilə o, şəxsi sərvəti olan at ilxılarını yayda həmin ərazidə bəslətdirərmiş. Sover dövründə isə bütün qohum-əqraba yayda gəlib ulu babamıza məxsus həmin yerdə çadır qurardı və necə lazımdırsa eləcə istirahət edərdi. Sonra...




Şuşa ilə bizim nəslimizi, ailəmizi müxtəlif tellər bağlayır. Birincisi, soy-kökümüz Pənahəli xan Cavanşirin nəslindəndir. İkincisi, İbrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın hakimiyyətləri dövründə yaşamış, Qarabağ elinə, xalqına şərəflə xidmət etmiş Axund Molla Əli adlı məşhur din xadiminin törəməsi Süleyman Sani Axundovun ləyaqətli davamçılarıyıq. Üçüncüsü, atamın Şuşada tanıdığı, dostluq etdiyi insan çox idi. Onlardan biri də rəhmətlik Muxtar əmi idi. Biz onlara qonaq gedəndə onun unudulmaz həyat yoldaşı Mehri xala bizə ana qayğısı göstərirdi. Səhər tezdən Şuşanın təmiz havası, yağlı südü, isti təndir çörəyi, motal pendiri, öz toyuqlarının soyutma yumurtası... Bəh-bəh-bəh, necədir? Yeməkdən doymurduq. Yanaqlarımız qıpqırmızı olurdu. Beləcə 3 ay xoşbəxt, firavan günlərimizi yaşayıb doğma Ağdama qayıdardıq.




Ailənin 8 övladı var idi.  Zahid bu ailənin 6-cı övladı idi. Bizim aramızda 4 yaş fərq vardı. Ancaq əxlaqımız, davranışımız, söhbətimiz tuturdu. Buna görə də dost olduq və indi də bu missiyanı davam etdiririk. Zahid Azərbaycan Dövlət Universitetinin Hüquq Fakültəsində, mən isə Jurnalistika Fakültəsində təhsil alırdıq. O, məndən yuxarı kursda oxuyurdu, böyük qardaş kimi tez-tez mənə baş çəkirdi, qayğı göstərirdi.


Zahidin tərcümeyi-halı sizin üçün də maraqlı olardı...




Zahid Muxtar oğlu Tağıyev 31.10.1949-cu ildə Şuşa şəhərində doğulmuşdur. 1957-ci ildə orta məktəbin 1-ci sinfinə daxil olmuş və 1967-ci ildə Hüsü Hacıyev adına Şuşa şəhər 1 saylı orta məktəbin 10-cu sinfini bitirmişdir. 

1968-1970-ci illərdə Ukraynada ordu sıralarında xidmət etmişdir. Hərbi xidmət zamanı "Hərbi rəşadətə görə" medalı ilə təltif edilmişdir.

1971-ci ildə S.M.Kirov adına ADU (İndiki BDU)-nun Hüquq Fakültəsinə daxil olmuş və 1976-cı ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. O, təhsil müddətində "Lenin təqaüdü" almış və "Təhsil əlaçısı" döş nişanı ilə təltif edilmişdir. 

1987-1991-ci illərdə Dəvəçi rayon (İndiki Şabran r-n), 1992-1997-ci illərdə Ağdam rayon, 1997-2002-ci illərdə Balakən rayon prokuroru vəzifəsində işləmişdir. 2002-2009-cu illərdə Baş prokurorluğun idarəsində böyük prokuror vəzifəsində çalışmışdır.

2009-cu ilin dekabr ayında yaş həddi ilə əlaqədar təqaüdə çıxmışdır. Lakin Baş prokurorluğun rəhbərliyinin müraciətilə əlaqədar 2010-2014-cü illərdə Baş prokurorluğun Tədris Mərkəzində müqaviləylə prokuror-müəllim işləmişdir. Prokurorluğun "Fəxri işçisi" döş nişanı ilə təltif edilmişdir. Əmək və müharibə veteranı olan dostum Zahid müəllim indi əmək təqaüdçüsüdür.

Çox təəssüf ki, Zahidin də, mənim də, sizin də, bütün Azərbaycan xalqının doğma vətəni, yurd yeri saydığı Qarabağımızın döyünən ürəyi Şuşa şəhəri düşmən tapdağı altına düşdü. 1992-ci ilin may ayının 8-də Azərbaycanın qədim musiqi və mədəniyyət mərkəzi olan Şuşa şəhəri erməni və rus hərbi birləşmələri tərəfindən işğal edildi. 

Düşmənlərimiz Şuşa şəhərini ələ keçirməklə bütün yuxarı Qarabağı zəbt etdilər. Onların silahlı qüvvələrinin təcavüzü nəticəsində Şuşanın 25 məktəbi, 31 kitabxanası, 17 klubu, 8 mədəniyyət evi, 4 texnikumu, 2 institut filialı, 7 uşaq bağçası, 4 kinoteatrı, 5 mədəniyyət və istirahət parkı, 2 sanatoriya, turist bazası, 2 mehmanxanası, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şuşa Televiziyası, Şərq musiqi alətləri fabriki, Dövlət Rəsm Qalereyası, Uşaq sağlamlıq məktəbi talan edildi, tarixi abidələrimiz yerlə yeksan oldu, yandırıldı və dağıdıldı.

28 il Şuşamıza həsrət qaldıq. Allah düşmənlərimizə bir daha belə bir fürsət verməsin. Müharibə hamımızın yaralı yeridir. Müharibə biz nəslin gəncliyini əlindən aldı. Gəncliyimizi istədiyimiz kimi yaşaya bilmədik, arzularımız ürəyimizdə qaldı. Tanrı bizlərə qüvvət və sağlam ömür versin ki, qalan həyatımızı mənalı yaşaya bilək. 

Şükür Allaha ki, 28 ildən sonra Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Milli Ordumuzun Azərbaycanın alınmaz qalası hesab edilən Şuşaya üçrəngli bayrağımızı sancdı və Azərbaycanın beynəlxalq nüfuzunu artırdi. Əgər gündən-günə artan nailiyyətlər olmasaydı, problem dondurulmuş vəziyyətdə qala bilərdi. Şükür Allaha ki, biz indi Şuşaya qayıtmışıq. İndi bir çox ölkələrlə səmimi işguzar münasibətlər qura bilmişik. Bir çox ölkələr Azərbaycanı strateji tərəfdaş hesab edir. Bütün qonşu ölkələrlə səmimi dostluq əsasında, qarşılıqlı inam, hörmət əsasında münasibətlər qura bilmişik. Biz bunu etməsəydik, münaqişə ətrafında tam başqa proseslər gedə bilərdi. Biz demək olar ki, təcrid edilmiş vəziyyətdə qalmışdıq. Lakin indi biz Ermənistanı təcrid edilmiş hala salmışıq...  


Hörmətlə, 

Adil İrşadoğlu (Əliyev) ©

Qocaman televiziya və qəzet jurnalisti,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1980),

1-ci Qarabağ Müharibəsinin iştirakçısı (1988-1996).

31.07.2023. / 11-00.


27 Ağustos 2023 Pazar

"HƏYATIMDA GÖRDÜYÜM ƏN CƏSUR ƏSGƏR AZƏRBAYCANLI İDİ"

 Aleksandr Nevzorov: 

“Ermənilərə bu dəfə 

başqasının əli ilə qalib gəlmək nəsib olmadı”

Aleksandr Nevzorov 

Rejissor, ssenarist, prodüser, 

siyasətçi, dörd çağırış Dövlət Dumasının deputatı.


2020-ci ilin 12 dekabrında Azərbaycanda  Ümummilli lider Heydər Əliyevin vəfatının 17-ci ildönümü qeyd olundu. Heydər Əliyev təkcə Azərbaycanın xilaskarı və qurucusu deyil. Heydər Əliyev vaxtilə Azərbaycanda peşəkar ordunun qurulmasının, peşəkar kadrlarla təmin edilməsinin və müasir silahlarla təchiz edilməsinin təməlini qoydu. Nəticədə bu ordu ikinci Qarabağ müharibəsində qalib gəldi.

2020-ci ilin payızında Ermənistanın İkinci Qarabağ müharibəsindəki məğlubiyyətinin əsas səbəbi güclü Azərbaycan Ordusu ilə üzbəüz qalması idi. Heç kimə sirr deyil ki, Birinci Qarabağ müharibəsi zamanı muzdlular Ermənistan tərəfində vuruşdular. Erməni tərəfinin Dağlıq Qarabağ ətrafındakı yeddi bölgənin işğal etməsində əsas pay muzdlu əsgərlərə məxsusdur. İkinci Qarabağ müharibəsi zamanı Ermənistan rəhbərliyi bu “şücaətlərinin” təkrarlanacağına ümid edirdi. Ancaq bu dəfə ermənilərə başqasının əli ilə qazanılmış savaş və sonra bütün dünyaya öz döyüşkənliyi və yenilməzliyi barədə danışmaq nəsib olmadı. Erməni millətçiləri ölkələrinə, xalqlarına, müttəfiqlərinə xəyanət etdikdən sonra məlum oldu ki, ölkədə mübarizə aparacaq heç kim yoxdur. Bu payız Ermənistan rəhbərliyinin Rusiyanı müharibəyə cəlb etmək üçün bütün cəhdlərinə baxmayaraq, ermənilər Moskvanın ədalətli mövqeyi ilə üz-üzə qaldılar.

Ancaq ilk Qarabağ müharibəsini unutmamalıyıq. Mən o zaman Rusiya televiziyalarının əsas reportyorlarından biri kimi tez-tez qaynar nöqtələrdə olurdum. İki dəfə yaralandım, üç dəfə könüllü girova çevrildim. Qarabağ mənim üçün ilk müharibə idi, ancaq sonuncu deyildi. Sonradan Vilnüsdə, Dnestryanıda və digər qaynar nöqtələrdə oldum. Sovet və rus əsgərləri haqqında bir sıra mənzərələri müşahidə etdim.


Azərbaycan Respublikasının Milli Qəhrəmanı 

Vəzir Surxay oğlu Orucov

Birinci Qarabağ müharibəsindən yaddaşımda çoxlu xatirələr qalıb. Məsələn, yadımdadır ki, Azərbaycanda Goranboy batalyonu barədə süjet hazırlayırdım. Bu gün də o günlərin qəhrəmanlarını böyük ehtiramla xatırlayıram. Tanış olduğum şəxs mənim bu həyatda gördüyüm ən cəsarətli adam idi. Adı Vəzir idi. Çirkli, siyənək qoxulu qalın gödəkçə geyinmiş, görünüşünə görə digərlərindən heç bir şəkildə fərqlənməyən ortaboylu bir adam idi. Goranboy batalyonu məğlub olanda əhali arasında təşviş yarandı. Cəbhə xəttindən insanları aparmağa gələn avtobuslar az olduğundan basabas düşdü. Bu zaman Vəzir “UAZ”a minib onu işə saldı və hamının qaçdığı yerə yönləndi. Ora cəhənnəmi xatırladırdı. Ermənilərin irəlilədiyi hər yerdə hər şey yandırılırdı, partladılırdı. Ətraf meyitlərlə və yaralılarla dolu idi. Mən Vəzirin niyyətini başa düşdüm və həyəcanla soruşdum: “Dəlisən?”. Cavab verdi ki, “Orda yaralılar var axı…”. Sonra birlikdə getdik. Döyüş yerinə çatanda gördüklərimdən dəhşətə gəldim. Məlum oldu ki, irəliləyən ermənilər deyil, ermənilərin pulla “aldıqlar”ı Pskov desantçılarıdır. Onlar Vəzirin “UAZ”ını da vurdular. Rus desantçıları bizi maşından yerə endirdilər. İstədilər ki, bizi güllələsinlər. Ancaq Pskov desantçıları məni tanıyaraq dedilər ki, “Yaxşı, bizim tərəfimizə gəlin”. Bir rus hərbçi soruşdu ki, bəs bu azəri ilə nə edəcəyik? Cavab verdim ki, “Buraxın, qoyun getsin!”.

Mənimlə razılaşdılar, bir azərbaycanlının indi qaçacağını və ona atəş edəcəklərini zənn etdim. Ancaq Vəzir qaçmadı. Uzun müddət xarab olmuş avtomobildə əlləşdi. Nəhayət, bir şey alınmayacağını görüb əlimi sıxdı. Və dönüb uzaqlaşdı. Şekspirin qəhrəmanlarının heç birinin gedə bilməyəcəyi şəkildə getdi. Heç vaxt düşmənin qarşısından qaçmayacağını göstərərək yeriyirdi. Atəş səslərini eşidəndə belə addımını sürətləndirmədi. Bunu görən rus desantçıları havaya yaylım atəşi açaraq ona hərbi salam verdilər. Gözdən itənə qədər hamı onu heyranlıqla izlədi…

… Orucov Vəzir Surxay oğlu 26 dekabr 1956-cı ildə Azərbaycanın Dağlıq Qarabağla həmsərhəd Tərtər bölgəsində anadan olub. 1949-cu ildə atasıgil 150 min azərbaycanlı ilə birlikdə ata-baba torpaqlarından - o vaxtlar Ermənistan SSR ərazisində olan Dərələyəz bölgəsindən deportasiya edilmişdilər.



Bu deportasiya özü Böyük Vətən müharibəsindəki qələbəyə böyük töhfə verən Azərbaycan xalqına qarşı etnik zəmində işlənmiş böyük cinayət idi.  Azərbaycan cəbhənin əsas neft və neft məhsulları tədarükçüsü idi (o dövrdə SSRİ-də istehsal olunan neft məhsullarının ümumi həcminin 90% -i). Bundan əlavə, 700 mindən çox Azərbaycan əsgəri cəbhəyə getdi, bunların yarısı qələbə üçün canlarından keçdi.

O zaman etnik motivli cinayətlərin miqyası o qədər fəlakətli nəticələrə gətirib çıxardı ki, hətta Böyük Vətən müharibəsi dövründə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, Stalin və Beriyanın dostu Mircəfər Bağırov məhkəmə zamanı “xalqı qarşısında o qədər günahkar olduğunu” söylədi. Çünki onun azərbaycanlıların ata-baba ərazilərindən qovulmasında və ermənilərin Yaxın Şərqdən Azərbaycana köçürülməsində xüsusi xidmətləri olmuşdu.

Azərbaycanlıların qovulması və “soyqırımı” mövzusu ermənilərin nəinki türklərə qarşı, eyni zamanda yaxın qonşu olan azərbaycanlıların timsalında yeni bir düşmən obrazının yaradılmasında xüsusi rol oynadı. Və ermənilərin uzun illər davam edəcək nifrətlərinin əsasını qoydu.

Məhz belə xəstə təxəyyüllü ermənilərin həm Ermənistan daxilində, həm də bu ölkənin sərhədləri xaricində hər zaman azəri qonşularına qarşı nifrət odunu alovlandırdılar. Daha doğrusu, böyük geopolitik oyunun ifaçıları oldular. SSRİ-nin o zamankı rəhbərliyi - Stalin, Mikoyan və digər “istedadlı mütəxəssislər” ermənilərdən hər zaman məqsədyönlü şəkildə istifadə etdilər.



İosif Vissarionoviç Stalin və 
Anastas İvanoviç Mikoyan

Yeri gəlmişkən bir faktı deyim ki, Azərbaycan ərazisində yaşayan ermənilər anti-Azərbaycan təbliğatının aparıldığı Ermənistan SSR-də yaşayan ermənilərdən ruhi cəhətdən çox fərqli idilər. Amma zaman-zaman Dağlıq Qarabağdakı ermənilərin də beyni zəhərləndi. Və xüsusilə 1980-ci illərin ikinci yarısında, Mixail Qorbaçovun hakimiyyətə gəlişindən sonra anti-Azərbaycan təbliğatı gücləndi. Qarabağ adlı kiçik bir ərazidə yeni bir geopolitik oyun başladı. Təəssüf ki, o çirkin oyun bu günə qədər davam edir. Azərbaycanlılar onlara qarşı ermənilərin münasibətlərdəki bu qədər dəyişikliyi hələ uzun illər anlaya və qəbul edə bilməyəcəklər. Çünki 1988-1989-cu illərdə Ermənistandan azərbaycanlıların kütləvi şəkildə qovulmasına qədər ermənilərlə dost xalq kimi, yaxın qonşu kimi yaşayırdılar …

… 1984-cü ildən Vəzir Orucov Arxangelskdə yaşayıb işləyirdi. 1992-ci ildə Qarabağ uğrunda müharibə başlayanda Azərbaycana qayıtdı və 4 may 1992-ci ildən etibarən qəhrəman Tərtər batalyonunun tərkibində Azərbaycanın qəlbini işğalçılardan qorudu. 1 sentyabr 1992-ci ildə Vəzir ağır yaralandı, lakin iki aydan sonra yenidən cəbhəyə qayıtdı. Adi əsgərdən Tərtər batalyonunun komandir müavini rütbəsinə yüksəldi, Sərsəng, Çıldıran və Qarabağın digər əraziləri uğrunda döyüşlərdə iştirak etdi. 22 mart 1993-cü ildə Qarabağ uğrunda Ağdərədəki döyüşlərdə qəhrəmanlıqla həlak oldu. Onun ölümündən sonra həyat yoldaşı və Yadigar adlı bir oğlu qalıb. Vəzir Orucov Bakıdakı Şəhidlər Xiyabanında dəfn edildi. Azərbaycan Prezidentinin 27 mart 1993-cü il tarixli fərmanı ilə ona Azərbaycanın Milli Qəhrəmanı adı verildi.

Onun və Qarabağ uğrunda canlarından keçmiş on minlərlə bu cür qəhrəmanın şücaəti nəticədə Azərbaycanın ərazi bütövlüyünün bərpasına gətirib çıxardı. Dekabrın 10-da bütün azərbaycanlılar bunu “Zəfər” paradı ilə qeyd etdilər. Yəqin həmin gün Vəzirin də ruhu şad oldu…

Aleksandr Nevzorov - rejissor, ssenarist, prodüser, siyasətçi, dörd çağırış Dövlət Dumasının deputatı.


Tərcümə etdi: Surxay Atakişiyev.

KONKRET.az

13 Dekabr 2020 - 23:16.

✔✔✔

QEYD: Hörmətli izləyicilərim, bilirsiniz ki, mən də 1-ci Qarabağ - Böyük Vətən müharibəsinin iştirakçısıyam. Vəzir Orucovla 1992-ci ildə Tərtər uğrunda gedən döyüşlərin birində tanış oldum. Onların da yenilməz batalyonu Qarabağı rus-erməni təcavüzündən igidlik və mərdliklə qoruyurdu. Dəfələrlə bu batalyon haqqında verilişlər hazırlayıb AzTv-nin efirindən yayımladım. Biz dost olmuşduq. 1 sentyabr 1992-ci ildə Vəzir ağır yaralandı, lakin iki aydan sonra yenidən cəbhəyə qayıtdı. Adi əsgərdən Tərtər batalyonunun komandir müavini rütbəsinədək yüksəldi. Sərsəng, Çıldıran və Qarabağın digər əraziləri uğrunda döyüşlərdə iştirak etdi. 22 mart 1993-cü ildə Ağdərə uğrunda gedən döyüşdə qəhrəmanlıqla həlak oldu. Vəzir rəhmətə gedəndən sonra onun doğmalarını, ailəsini ziyarət etdim, başsağlığı verdim və Vəzir haqqında yeni bir veriliş hazırlayıb AzTv-nin efirində göstərdim. Allah sənə rəhmət eyləsin. Qəbrin nurla dolsun. Ruhun şad olsun, dostum ! 



Hörmətlə, Adil İrşadoğlu.

✔✔✔


20 Temmuz 2023 Perşembe

QARABAĞDAN GƏLƏN NIDA : "QAYIT, GƏL"...



Qarabağ həqiqətlərindən: erməni vəhşiliyindən, səngərlərdə keçən ağır günlərdən, yalnız "Vətən" deyib irəli atılan igid oğullarımızdan, didərginliyə, köçkünlüyə qəmli notlarla köklənən soydaşlarımızın ürək dağlayan iztirablarından bəhs edən daha bir kitabla üz-üzəyik. Müəllifi isə Qarabağ qazisi, şəhid atası Hacı Əkbər Rüstəmovdur. O Hacı Əkbər Rüstəmov ki, Vətənin keşiyində üç oğlu ilə birgə dayanıb, oğullarından birini bu yolda qurban verib. Ancaq xəyanət nəticəsində məğlubiyyətin amansız cənginə düşüb, qismətinə iyirmi yeddi il el-obasından ayrı, həsrət nalələri ilə yaşamaq düşüb. O da qələmi ilə təsəlli taparaq cəbhə xatirələrini vərəqlərə köçürüb, ürəyinin yanğısını belə söndürməyə çalışıb.

"Qayıt, gəl!" adlandırılan bu kitaba müəllifin səngərlərdə olarkən qələmə aldığı qeydləri, ayrı-ayrı vaxtlarda "Qarabağ", "Ədalət", "Ana torpaq" qəzetlərində çap edilən "Dizimiz qatlanmamış keçməliyik", "Vətəni azad etməliyik", "İndi şəhid verən Azərbaycanın bir gün çox amansız intiqamı var", "Ana torpağı qoruyan ölməz" və s. bu kimi məqalələri, eləcə də müharibə qəhrəmanlarından bəhs edən, didərginlikdən doğan üzüntüləri özündə daşıyan yazıları daxil edilmişdir. Sonluqda isə şəhid atasının, el qəhrəmanının ağı və nalələlərlə dolu bayatıları, Sarvan Şamiloğlunun keçmiş döyüşçüyə həsr etdiyi şeiri qarşılayır bizi.

Toplanan məqalə və qeydlər  mövzuca rəngarəng olsa da, hamısını bir qayə, bir amal birləşdirir. Vətən! Və Vətənin azadlığı istəyi. Kitabın əvvəlindən sonuna qədər  "Ana torpaq",  "Vətən" , "Ağdam", "Qarabağ", - deyib imdad diləyən müəllifin bu hayqırtıları ağrılı olsa da, başa düşüləndir.

Ümumiyyətlə, kitab boyu müəllif qarşımıza bir neçə obrazda çıxır. Məğlubiyyət acısını dadmış, lakin bu məğlubiyyətlə barışa bilməyən komandir, övladını Vətən yolunda qurban vermiş şəhid atası, tələbələrinə və əsgərlərə qayğı ilə yanaşan qayğıkeş yoldaş, müəllim, dost, yoldaş itkisinin ağrısını ürəyində gəzdirən vəfalı dost və nəhayət, vətənsizlik girdabına yuvarlanan vətəndaş və didərgin. Elə bununla da bu qədər ağır yükü qəlbində necə daşıdığına, bu qədər ağrı-acını, xəyanəti gördükdən sonra da cavabsız qalan bu nalələrlə necə ümidini itirmədiyinə heyrət edirik. Kitabı yenicə əlimizə alırıq ki, bir Vətən oğlu kimi ana torpağın bütövlüyü uğrunda etdiyi bütün fədakarlıqlara baxmayaraq, məğlubiyyətlə üz-üzə qalmış və bunu heç cür qəbul etmək istəməyən bir döyüşçünün birliyə çağırış nidaları və bu yolda imdad diləyi qulaqlarımızda cingildəyir. "Qalx ayağa, Vətən oğlu", "Gənc Azərbaycan əsgəri" başlıqlı yazılarında ürək ağrısı və böyük yanğı ilə hamını ayağa qalxmağa, geriyə - tapdaq altında qalıb haray çəkən Vətənə dönməyə, ona qovuşmağa səsləyir və hətta bu zaman təkcə Qarabağ üçün yox, Zəngəzur, Göyçə mahalı üçün də geri qayıtmağı, vuruşmağı arzu edir: "Əsrin əvvəllərində və ondan da qabaq düşmən yurdlarımızı taladı, İrəvan, Göyçə, Zəngəzur qan ağladı, möhkəm tora salındı türk milləti. İndi məqam sənindir, irəli, irəli, Milli Ordu Əsgəri!" Nə qədər ağrılı olsa da, bu bir həqiqətdir ki, bu çağırışı edərkən artıq müəllif Vətən yolunda bir övladını itirmişdir. Abdal-Gülablı uğrunda gedən döyüşlərdə Sənan Rüstəmov şəhidlik məqamına ucalmışdır. Müəllifin "Biz qalib gəlmək üçün vuruşurduq", "Dizimiz qatlanmamış keçməliyik", "Şəhidi ağlamazlar", "Ana torpağı qoruyan ölməz", "İndi şəhid verən Azərbaycanın bir gün çox amansız intiqamı var" başlıqlı məqalələrində oğlu şəhid Sənanı iftixar hissi ilə andığının, onunla necə qürur duyduğunun da sanki canlı şahidinə çevrilirik sətirlərdən. Bütün bu olanlardan sonra "Vətən sağ olsun", - deyib qələbəyə ümidini itirməyən və bunun üçün hələ də silahını yerə qoymayan, qəlbi Vətənə sevgisi ilə döyünən bu qəhrəman döyüşçü bütün varlığı və canıyla yenə qalan iki övladını da götürüb Vətənin müdafiəsinə qalxmağa hazırdır.



Adil İrşadoğlu və Hacı Əkbər Rüstəmov
cəbhənin Ağdam bölgəsində


Bəzən bircə cümlədən belə aydın olur ki, qəhrəman döyüşçünün düşmənə nifrət və kini nə qədər sonsuzdursa, səngərlərdə gecəsini gündüzünə qatan, soyuq torpaqlarda xəstəliyə tutulan, buna baxmayaraq, yüksək iradə və əzm göstərən əsgərlərə mərhəməti də o qədər ölçüyə gəlməzdir. Müəllif etiraf etməsə belə, yenə sətirlərdən duyuruq ki, onların hər biri ilə öz övladı kimi davranır, çətin anlarda hər birinin qayğısına qalır, dərdlərinə şərik çıxır. "O günü unuda bilmərəm" məqaləsindəki kiçik bir epizodda məhz bu cür qayğıkeşliyin şahidi oluruq və eyni zamanda da müəllifin təvazökarlığına "Əhsən", - deyir, onunla fəxr edirik.

Müharibədə şəhid olan oğullarımızla yanaşı, müharibənin ağrı-acısını, səngərlərin buz kimi soyuğunu, gərginliyini, həyəcanını müharibədən sonra da özü ilə arxa cəbhəyə daşıyanlar var ki, onlar da gənc yaşlarında həyata "əlvida" demiş, ömürlərini bu cür fəda etmişlər. Kitabda adı çəkilən Yaşar, Vüqar, üç övladı ilə silaha sarılıb son günə qədər döyüşən Sərdar kimi belə igidlərimizlə "Bir xatirə qoyub getdim", "Vüqarlı Vüqarım mənim", "Əlvida, Vətən oğlu" məqalələrində tanış oluruq.


Jurnalist Adil İrşadoğlu
cəbhənin Füzuli bölgəsində


Hacı Əkbər Rüstəmov Vətənin bütövlüyü uğrunda çətin məqamlarda Vətən üçün görülən hər bir işi yüksək qiymətləndirir, fəaliyyət sahiblərini minnətdarlıqla yada salır. Belə ağır günlərdə top-mərmi yağışı altında hər an ölümlə üz-üzə dayanaraq döyüş səhnələrini kadrlara köçürmək, qəhrəman əsgərlərimizin müharibə anlarını lentlərə daşımaq, reportajlar hazırlamaq və sonra dünyaya və elə gələcəyə çatdırmaq da silahla vuruşmağa bərabər idi. Adil İrşadoğluna həsr olunmuş "Onunla Ağdamdan tanışdıq", Babək Quliyevdən bəhs edən "Sağ ol, Babək" başlıqlı qeydlərdə də bu cür əməyin unudulmadığını və necə faydalı olduğunu müəllifin dilindən bir daha duyuruq: "Yaxşı ki, Babək və Seyidağa Mövsümoğlu kimi oğulları varmış Vətənimin. O günlərin, o illərin həqiqətlərini düzü-düz, əyrini-əyri çəkib bu günlərə tarix kimi saxlayıblar. Yaxşı ki, o günlərin, o illərin videoçəkilişləri gələcəyə ötürülür. Əsl həqiqətlər yaşayır".

Döyüş başlanan gündən övladları, dostları, tələbələri və ümumiyyətlə, Ağdamın igid, say-seçmə oğulları ilə birgə meydanları, səngərləri bir an tərk etməyən, Vətənin keşiyində ayıq-sayıq dayanan komandirimizin qismətində  xəyanətin qurbanı olmaq, didərginlik həyatı yaşamaq da varmış. Müəllif bir tərəfdən Vətən itkisi ilə, bir tərəfdən də köçkün, didərgin adı ilə göz-gözə gəlməli olur. Didərgin, köçkün kəlməsini ən ağır təhqir kimi qəbul edən Ə.Rüstəmov dönə-dönə "Mənə qaçqın deməyin", "Birisi mənə rişxəndlə qaçqın dedi" və s. bu tipli   yazılarında "Dözərəm bu tənələrə, dözərəm bu ağrılara, acılara, təki Vətən azad olsun... Söyün, döyün, təhqir edin, mənə qaçqın deməyin!"  - deyərək bu damğaya öz etirazını bildirir. Bu üzdən daim geriyə -Vətənə sarı boylanır və özünü günahkar sayır. Vətəni yağıların ayaqları altında inləyərkən dörd divar arasında oturmağı ar bilir, qəlbi hər an savaş arzusu ilə çırpınır və inanır ki, yenidən silaha sarılacaq və o torpaqlar azad ediləcək. Elə bu arzu ilə də üzünü Vətənə tutub səslənir: "Yox, dözəcəyəm, dözəcək bu dərdə eşqinlə döyünən ürəyim. Görüşünə mütləq gələcəyəm,  torpağını öpüb, öpüb, sonra da öləcəyəm..." Beləcə, arzular gerçəkləşir, iyirmi yeddi ildən sonra müəllifin də dediyi kimi, şir ürəkli qəhrəmanlarımızın sayəsində üzlər gülür, didərgin, məcburi köçkün damğası tarixə dönür.

Bədiiliyin və publisistikanın bir-birini sürətlə əvəz etdiyi bu kitabda eyni zamanda işğal edilmiş bəzi rayon və kəndlərimizlə bağlı tarixi faktlara da geniş yer verilmişdir.

Bu kitab I Qarabağ müharibəsində müəyyən situasiyaları araşdırmaq, əsgərlərimizin səngər həyatını, işğala məruz qalmış ərazilərimizlə bağlı tarixi faktları, qəhrəmanlarımızın həyatını öyrənmək baxımından böyük əhəmiyyət daşıyır. 


Səltənət Əliyeva.

Filologiya üzrə fəlsəfə doktoru.

525-ci qəzet / 525.az

19.07.23   20:00


18 Temmuz 2023 Salı

İKİ CAMALIN QƏTLİ...

Pənah xanın soyundan olan 
Heydərin oğlunu “Vaqner” MAR-da öldürüb.



2018-ci ilin sonlarında Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə Səudiyyə Ərəbistanı Krallığının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Moskvada görüşəndə qəzetimizin saytında ikisini əks etdirən bir şəkil dərc olunmuş, belə bir başlıq verilmişdi: “Bir Camal sənlikdir, bir Camal mənlik”.


Bu, elə bir vaxt idi ki, dünya liderləri vəliəhd şahzadə ilə bir araya gəlməkdən, salamlaşmaqdan çəkinirdilər. Çünki onun əmri ilə 2018-ci ilin oktyabr ayının 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda bu ölkənin ABŞ-da yaşayan vətəndaşı Camal Qaşıqçı yoxa çıxarılmışdı.

Daha dəqiqi, Camal Qaşıqçını konsulluqda öldürmüş, ya sulfat turşusunda əritmişdilər, ya da konsulluq binasından əza-əza, hissə-hissə çıxarmışdılar. Axır ki, nişanlısını konsulluğun qalın və hündür darvazasının ağzında qoyub içəri girən 59 yaşlı adam bir daha oradan heç bir formada çıxmamışdı. Konsulluğun içindən dinləmə qurğuları vasitəsilə gələn səslərə görə onu qətlə yetirmiş, sonra da mişarlamışdılar.


Bu hadisə beynəlxalq miqyasda böyük ajiotaj doğurmuşdu. Dünya mediası bir neçə ay boyunca hər gün bu mövzuda yazdı, ayrı-ayrı ölkələrin prezidentləri, baş nazirləri bu mövzuya dair mənfi münasibətlərini açıqladılar. “İslahatçı gənc lider” kimi vəliəhd-şahzadə postuna gələn və kralın öləcəyi təqdiqrdə ölkəsinin yeni kralı olacağı, islahatlar aparacağı güman olunan MBS-nin (onu qısaca belə adlandırırdılar) reputasiyası yerlə bir olmuşdu.

Belə bir vaxtda bəlkə də onu yeganə qəbul edən, üzbəüz oturan şəxs RF prezidenti Putin idi.

O vaxt onları birləşdirən bir ad vardı: Camal...



Məsələ ondaydı ki, həmin ilin iyul ayının 30-da, yəni Camal Qaşıqçının qətlə yetirilməsindən 2 ay 3 gün qabaq Rusiya vətəndaşı Orxan Camal da Mərkəzi Afrika Respublikasında Putinin himayə etdiyi “Vaqner” özəl hərbi şirkəti tərəfindən öldürülmüşdü. Orxan Camalla birlikdə onun səfər, iş, layihə və tale yoldaşları, rejissor Aleksandr Rastorquyev və operator Kirill Radçenko da qətlə yetirilmişdi.

51 yaşlı Orxan Camalın və onu müşayiət edənlərin qətli birbaşa Putinlə bağlıydı və heç də təsadüfi, anlaşılmazlıqdan baş verən qətl hadisəsi deyildi. Bu şəxslər MAR-a rusiyalı iş adamı Mixail Xodorkovskinin Putinə qarşı apardığı ifşa kampaniyası üçün material hazırlamağa, “Vaqner” qrupu barədə film çəkməyə getmişdilər və Putinin keçmiş aşpazı Yevgeni Priqojinin başçılıq etdiyi özəl hərbi şirkətin muzdluları tərəfindən bilə-bilə öldürülmüşdülər. Dünyanın o başında muzdlu killer kimi fəaliyyət göstərən rus əsgərlərin rusiyalı jurnalistləri öldürməsinin təsadüf olması sıfıra bərabər idi.


O vaxtlar hələ Priqojin Putinə sadiq idi və özünü onun “gülləvuran”ı kimi aparırdı.

Orxan Camalın və dostlarının qətli isə beynəlxalq miqyasda ajiotaj doğurmadı. Media bu barədə xəbər yaydı, şərh yazdı, bu qətlə görə Putinə qarşı ittihamlar irəli sürənlər də oldu, amma bu, kütləvi xarakter almadı.

Ona görə də jurnalist Camalların qətlində biri çox, o biri az ittiham edilən şəxslər dünya birliyinin, böyük dövlətlərin acığına bu cür mehriban və səmimi şəkil pozları verirdilər.

Qətlə yetirilənləri müqayisə predmeti edəcək detallar var.

Onların hər ikisi jurnalist idi.

Hər ikisi vətəndaşı olduqları ölkəni idarə edənlərə müxalif mövqedəydi.

Hər iksiinin yaşı 50-ni aşmışdı, biri 50-ni təzə keçmişdi, o biri 50-nin axırıncı ilini xırdalayırdı.

Hər ikisi ata tərəfdən türk əsilli idi - birinin anası ərəb, o birinin anası rus idi.

Hər ikisi adlı-sanlı tanınmış kişilərin oğluydu, Qaşıqçının babası Səudiyyə Ərəbistanı krallığının qurucusu Əbdüləziz ibn Abdurrəhman əs-Səudun şəxsi həkimi olmuşdu. Orxanın atası isə Rusiyanın tanınmış ziyalılarından olan filosof, əslən Ağdamın Gülablı kəndindən çıxmış, Pənahəli xanın nəslinin yadıgarı Heydər Camal idi.

Camal ismi birinin adinda, o birinin soyadında yer alırdı.



Onlar bir-birinə camalca da bənzəyirdilər. talecə də bənzəmiş oldular - ikisi də bir ilin içində, iki ay fərqlə siyasi qətlə qurban getdilər.

Hər ikisi vətənlərindən kənarda, uzaq bir ölkədə öldürüldü.

Ən nəhayət, hər ikisinin qanı batdı. Nə Camal Qaşıqçının, nə da Orxan Camalın qətlinin sifarişçiləri və icraçıları cəzalandırılmadı.

Camal Qaşıqçı 1991-ci ildən 1999-cu ilə qədər "Əl-Mədinə" qazetinin baş redaktoru olub. Bu dövrdə Əfqanıstan, Küveyt, Sudan kimi ölkələrdə müxbirlik edib. 1987-1995-ci illər arasında Üsamə bin Ladendən bir neçə dəfə müsahibə alıb. 1999-cu ildən 2003-cü ilə qədər Səudiyyə Ərəbistanının “Arab News” ingilisdilli qəzetində yazı işləri üzrə müdirinin müavini işləyib. Qaşıqçı Səudiyyə Ərəbistanının dini quruluşu haqqında tənqidi yazılar yazdığına görə vəzifəsindən çıxarılıb.

Orxan Camal da ölkəsinin ən populyar televiziya və qəzetlərində işləyib: “Veçernyaya Moskva”, “Veçernıy Kuryer”, “Nezavisimaya qazeta” , “Novaya qazeta” və “Versiya” qəzetlərində. O, rusca çıxan “Newsweek” jurnalında köşə yazarı da olub, bir sıra digər jurnallar və onlayn nəşrlərlə əməkdaşlıq edib. Orxan Camalın yolu Şimali Qafqazdan, Cənubi Osetiyadan, Əfqanıstandan, İraqdan, Livandan, Suriyadan və Səudiyyə Ərəbistanından keçib.

Hər iki jurnalistin qətldən sonrakı durumunda bir fərq var. Orxan Camalın nəşi böyük məsrəflər bahasına öz vətəninə gətirilib, amma Camal Qaşıqçının qalıqları, yuxarıda dediyimiz kimi, ilim-ilim itirilib.

İndi Orxan Camalın ölümünə bais olanlar bir-birinin üstünə silah çəkir və əl-əlbət, bir-birini öldürəcəklər.


Araz Altaylı.

Musavat.com


10 Temmuz 2023 Pazartesi

ÖGEY-DOĞMALIQ PRİNSİPİYLƏ YANAŞMALARDAN ƏL ÇƏKİN !

 

İbrahim Mehdi


1-ci Qarabağ - Böyük Vətən müharibəsində cəngavər oğullarımızla birgə mərd və qorxmaz jurnalistlərimiz, öz həyatı bahasına çəkiliş aparan kinooperatorlarımız da fədakarlıq göstərirdilər. 

Şəxsən hərbi jurnalist Adil İrşadoğlunun və onun uşaqlıq dostu, həmkarı kinooperator Tahir Qarayevin o illərdə neçə nümunələr göstərmələrinin şahidiyəm. 

Bəli, dəfələrlə döyüşçülərlə birgə mühasirəyə düşüb çıxdığınız anlar olub.

Təəssüf ki, o dövrdə cəsarətlə çalışıb döyüş səhnələrini çəkməklə vətənpərvər oğullarımıza qol-qanad verən, gerçək tariximizi yaradan jurnalistlərin və onların çəkiliş qrupları iştirakçılarının unudulmaz, fədakar əməyi layiqincə dəyərləndirilmədi. 

İndi isə ədalətsiz təltiflər, ev təminatındakı əyintilər, ögey-doğmalıq prinsipilə yanaşmalar o dövrün tarixi faktlarını lentin yaddaşına köçürməklə arxiv yaradan jurnalist və kinooperatorların, mədəniyyət, incəsənət nümayəndələrinin xeyirxah fəaliyyətini unutdurdu...

HEYF... Çox heyf !

04.05.2023.


Adil İrşadoğlu və Tahir Qarayev