20 Kasım 2023 Pazartesi

"525-Cİ QƏZET"İN 03.11.2023-CÜ İL TARİXLİ SAYINDA

 

Veteran jurnalist Adil İrşadoğlunun 

70 illik yubileyi qeyd edilib




Dünən Mətbuat Şurasında tanınmış veteran jurnalist, uzun illər Azərbaycan Televiziyasında çalışmış Adil İrşadoğlunun 70 illik yubileyi ilə bağlı toplantı keçirilib.

525.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri Rəşad Məcid rəhbərlik etdiyi qurumda ömrünü-gününü jurnalist peşəsinə həsr etmiş, fədakar əməyi ilə seçilmiş qələm adamlarının həyatındakı əlamətdar günlərin yada salınmasının ənənə halını aldığını bildirib. O, bu ənənənin davamı kimi Adil İrşadoğlunun 70 illik yubiley toplantısının təşkilindən məmnunluğunu dilə gətirib. 

R.Məcid A.İrşadoğlunun fəaliyyətində Ağdamın özünəməxsus yer tutduğunu, bu qədim diyarın ecazkar ruhunun yubilyarın yaradıcılığına müstəsna təsir göstərdiyini deyib. Respublikada ötən əsrin 80-ci illərinin sonu-90-cı illərinin əvvəllərindəki proseslərdən söz açan MŞ sədri bildirib ki, Adil İrşadoğlu imzası həmin dövrdə həqiqətlərin təbliğində, Qarabağın faciə yaşantılarının cəmiyyətə çatdırılmasında müstəsna rol oynayıb. R.Məcid belə bir rolu jurnalistikanın vətənpərvərlik missiyası olaraq dəyərləndirib. Şura sədri A.İrşadoğlunun Mətbuat Şurasının diplomu ilə təltif edildiyini diqqətə çatdırıb və diplomu yubilyara təqdim edib. 

MŞ-nin Ahıl Jurnalistlər Məclisinin sədri Tahir Aydınoğlu jurnalistikanı sevən insanların Adil İrşadoğlu işığına toplaşmasını müstəsna qədirbilənlik nümunəsi kimi qiymətləndirib, bildirib ki, o, Birinci Qarabağ müharibəsinin canlı xronikasını yaratması ilə adını tarixə yazdırıb. Onun müharibə müddətində cəbhə xəttindən hazırladığı çoxsaylı reportajların xalqımızın qəhrəmanlıq ruhunun təbliğində böyük əhəmiyyəti var. 

MŞ İdarə Heyətinin üzvü Azər Həsrət çıxışında bildirib ki, A.İrşadoğlu ötən əsrin 90-cı illərinin, qanlı-qadalı dövrün imzasıdır. A.Həsrət əlavə edib ki, 70 yaşı tamam olmuş yubilyar da zəngin fəaliyyəti ilə bilavasitə Qarabağ, doğma yurd yaddaşını daşıyanlardandır. 

MŞ sədrinin müavini Səadət Məmmədova, poliqrafçı alim Şəddat Cəfərov, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının Prezidenti Eldar İsmayılov, “Xalq qəzeti”nin əməkdaşları Zərifə Bəşirqızı və İlqar Həsənov, MŞ-nin Ahıl Jurnalistlər Məclisinin sədr müavini, “Kür” qəzetinin baş redaktoru Əminə Yusifqızı, professor Habil Qurbanov, Milli Qəhrəman Asif Məhərrəmovun (Fred Asif) qardaşı, müharibə veteranı Ədalət Məhərrəmov, yubilyarın tələbə yoldaşı Qəşəngi Əliyeva, Ağdamın tanınmış ictimai xadimi, həkim Tarıyel Eyvazov, operatorlar, vaxtilə yubilyarla birlikdə cəbhə xəttində çəkilişlərdə olmuş Tahir Qarayev və Fikrət Hüseynov, Birinci Qarabağ müharibəsinin veteranı, şəhid atası Hacı Əkbər Rüstəmov, A.İrşadoğlunun uşaqlıq dostları Çingiz Tağıyev və İlham Qurbanov və başqaları çıxışlarında Adil İrşadoğlunu parlaq düşüncə sahibi, ziyalı, səmimi, qayğıkeş dost və həmkar, gözəl ailə başçısı kimi xarakterizə edən cəhətlərdən söz açıblar. Bildirilib ki, A.İrşadoğlunun çoxillik fəaliyyəti həm jurnalistikaya, həm də ölkəmizin hərb tarixinə müstəsna xidmətin təkrarsız nümunəsidir və bu nümunənin yaranması peşəkarlıqla yanaşı, fədakarlıq da tələb edib. Çıxış edənlər, həmçinin, yubilyarı vətənpərvərliyi jurnalistikada peşə standartı kimi göstərmənin bənzərsiz örnəyi adlandırıblar. 

Sonda çıxış edən Adil İrşadoğlu jurnalist fəaliyyətinə verilən yüksək dəyərə, xoş sözlərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib. 


"525-ci qəzet"

03.11.2023.  



Hiç yorum yok: