Döyüşçü jurnalistə ehtiram
Azərbaycan Televiziyası və Radiosu Günü ərəfəsində Azərbaycan Mətbuat Şurasında qurumun Ahıl Jurnalistlər Məclisinin təşkilatçılığı ilə tanınmış telejurnalist Adil İrşadoğlunun anadan olmasının 70 illiyini həmkarları və dostları sevgi-sayğı ilə qeyd etdilər.
Azərbaycan Mətbuat Şurasının sədri Rəşd Məcid I Qarabağ müharibəsi dövründə hərbi verilişlər redaksiyasına rəhbərlik etmiş, odlu-alovlu cəbhələrdən keçmiş, zəngin savaş xronikası yaratmış veteran jurnalistə rəhbərlik etdiyi qurumun yubiley diplomunu təqdim edərək, ona media ictimaiyyətinin səmimi təbrikini və xoş arzularını çatdırdı. Şura sədri Adil İrşadoğlunun yarım əsri əhatə edən jurnalist fəaliyyətində Qarabağ münaqişəsinin aparıcı yer tutduğunu söylədi. O bildirdi ki, Qarabağın faciəli yaşantılarının cəmiyyətə çatdırılmasında döyüşçü jurnalistin çoxsaylı televiziya verilişləri jurnalistikanın vətənpərvərlik missiyasına layiqli töhfə olub. Adil müəllimin müharibə müddətində cəbhə xəttindən hazırladığı çoxsaylı reportajların xalqımızın qəhrəmanlıq ruhunun yüksəldilməsində böyük əhəmiyyəti var.
Ahıl Jurnalistlər Məclisinin sədri Tahir Aydınoğlu jurnalistikanı sevən insanların Adil İrşadoğlu işığına toplaşmasını müstəsna qədirbilənlik nümunəsi kimi qiymətləndirdi. O, yubilyar qələm sahibini peşənin nüfuzunu qoruyan, təəssübünü çəkən həmkar kimi səciyyələndirən xüsusiyyətlərdən söz açaraq bildirdi ki, A.İrşadoğlu Birinci Qarabağ müharibəsinin canlı xronikasını yaratması ilə adını tarixə yazdırıb.
AMŞ sədrinin müavini Səadət Məmmədova, İdarə Heyətinin üzvü Azər Həsrət, poliqrafçı alim Şəddat Cəfərov, veteran qələm sahibi, naşir-publisist Hacı Mehman Fərzullayev, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının Prezidenti Eldar İsmayılov, “Xalq qəzeti”nin əməkdaşları Zərifə Bəşirqızı və İlqar Həsənov, filologiya üzrə fəlsəfə doktoru Şəfəq Nasir, MŞ-nin Ahıl Jurnalistlər Məclisinin sədr müavini, “Kür” qəzetinin baş redaktoru Əminə Yusifqızı, professor Habil Qurbanov, Milli Qəhrəman Asif Məhərrəmovun (Fred Asif) qardaşı, müharibə veteranı Ədalət Məhərrəmov, yubilyarın tələbə yoldaşı Qəşəngi Əliyeva, Ağdamın tanınmış ictimai xadimi, həkim Tarıyel Eyvazov, operatorlar, vaxtilə yubilyarla birlikdə cəbhə xəttində çəkilişlərdə olmuş Tahir Qarayev və Fikrət Hüseynov, Birinci Qarabağ müharibəsinin veteranı, şəhid atası Hacı Əkbər Rüstəmov, şair-publisist, ictimai xadim Zakir Ağdamlı, veteran jurnalist Mübariz Ağaxanoğlu, jurnalist Ağaşirin Məmmədov, A.İrşadoğlunun uşaqlıq dostları Çingiz Tağıyev və İlham Qurbanov, veteran jurnalist Rafik Kərimov, tanınmış televiziya rejissoru Lətif Abdullayev və başqaları çıxışlarında Adil İrşadoğlunu parlaq düşüncə sahibi, ziyalı, səmimi, qayğıkeş dost və həmkar, gözəl ailə başçısı kimi xarakterizə edən cəhətlərdən söz açdılar. Onlar bildirdilər ki, A.İrşadoğlunun çoxillik fəaliyyəti həm jurnalistikaya, həm də ölkəmizin hərb tarixinə müstəsna xidmətin təkrarsız nümunəsidir və bu nümunənin yaranması peşəkarlıqla yanaşı, fədakarlıq da tələb edib. Çıxış edənlər, həmçinin, yubilyarı vətənpərvərliyi jurnalistikada peşə standartı kimi göstərmənin bənzərsiz örnəyi adlandırdılar.
Sonda çıxış edən Adil İrşadoğlu jurnalist fəaliyyətinə verilən yüksək dəyərə, xoş sözlərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirdi.
Xatırladaq ki, I Qarabağ müharibəsinin iştirakçısı olmuş Adil İrşadoğlu (Əliyev) 1953-cü il noyabrın 1-də Ağdamda anadan olub. 1972-1977-ci illərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. Dövlət Televiziya və Radio Verilişləri Komitəsində kiçik redaktor, böyük redaktor və şöbə müdiri vəzifələrində işləyib. Qarabağdan azərbaycanlıların sıxışdırılıb çıxarılmasının qarşısını almaq üçün 1989-cu ildə Şuşa şəhərinin teleötürücü stansiyasının nəzdində kiçik studiyanın yaradılmasında və erməni işğalçılarına qarşı əks təbliğatın aparılmasında yaxından iştirak edib. Həmçinin, dövlət televiziyasının hərbi vətənpərvərlik verilişləri baş redaksiyasının təşkilinə və fəaliyyət göstərməsinə əmək sərf edib. Çalışdığı müddətdə 3000-dən çox veriliş hazırlayıb.
T.RÜSTƏMLİ
XQ
Hiç yorum yok:
Yorum Gönder