23 Ekim 2018 Salı

"KİŞİ OĞLU KİŞİ" ADINI HEÇ NƏYƏ DƏYİŞMƏRƏM...


TOFİQ ƏLİYEV.
Daimi oxucu və vəfalı dost.


     Hamımızın hörmətini qazanmış və hər birimizin istəklisi olan Adil müəllimin, nə vaxtsa belə bir yazısını oxumuşdum. Bu yazı  təxminən bele idi :

" - Cek Keyder jurnalistikanı “dördüncü hakimiyyət”  adlandırıb. Və bu, təsadüfü deyildir. Bu, həm böyük məsuliyyət və eyni zamanda, yüksək şərəfdir".

     Adil İrşadoğlu (Əliyev)  jurnalistikanı mükəmməl bilən və bu məsuliyyətli peşənin yükünü C.Keyderin dediyi kimi, şərəfini də, məsuliyyətini də çiyinlərində daşıyan, xalqına informasiya və maarifləndirmə sahəsində dürüst qulluq edən professional jurnalistdir. Sadə, mehriban və ətrafında olanlara qarşı sonsuz məhəbbəti, onu oxucularına da, yaxınlarına da sevdirmişdir.

     "Ot kökü üstə bitər", - demişlər ata-babalarımız. Bəli, elinin, obasının xüsusi hörmətini qazanmış el ağsaqqalı, bacarığına və savadına görə müxtəlif vəzifələrdə xalqına qulluq edib çalışan İrşad Məhəmməd oğlu Əliyevdən dərs almışdır, Adil müəllim. Şübhəsiz ki, o, başqa tərbiyyədə və anlayışda ola bilməzdi. 

     Adil bəyin bioqrafiyası və keçdiyi keşməkeşli, bəzən enişli və əksər hallarda yoxuşlu yollardan hamımız xəbərdarıq. Ona görə qısa olaraq mən onun yaradıcılığı barədə bəzi məqamlara toxunmaq  istərdim. Buna, ədəbiyyatcı və bu sahədə yaradıcı biri olmasam da, heç də yüksək olmayan jurnalist "qanarar"-ıyla böyüyüb başa çatmış jurnalist övladı kimi haqqımın çatdığını düşünürəm. Adil müəllim bir zamanlar mənim də təhsil aldığım Ağdam şəhər 1 saylı məktəbin yetirməsidir. Orta məktəbi müvəffəqiyyətlə başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetinə (indiki BDU) daxil olmuş və onun adı daim fəal tələbələr sirasında çəkilmişdir. Aydındır ki, bu fəallıq universitet rəhbərliyinin nəzərindən yayınmamış və heç təsadüfü deyil ki, təhsili başa vurduqdan sonra, onun təyinatı xüsusi olaraq, sovetlər dönəmində respublikada ilk və tək Az.Tv kanalı kimi ali dövlət televiziyasına verilir. İlk işində də xüsusi fəallıq göstərən Adil bəy, televiziya rəhbərliyi tərəfindən dəfələrlə mükafatlandırılır və  az müddətdə bir çox verilişlərin hazırlanıb ərsəyə gəlməsində müstəsna rolu və saysız verilişlərin birbaşa müəllifi olur. Bütün bunlarla bərabər o, həm də müxtəlif qəzət və jurnal redaksiyalarıyla da əməkdaşlıq edir. 

     Adil müəllim az zaman kəsiyində bir çox qəzet redaksiyalarının yaradılmasında xüsusi rolu olmasıyla bərabər, bu redaksiyalarda  aparıcı vəzifələrdə işləmişdir. Qarabağ müharibəsi zamanı Adil müəllim məhz bir əlində silah, digərində qələm və mikrofonla, erməni səngərləriylə üzbə-üz, 250 - 300 metr məsafədə döyüşə-döyüşə fəaliyyət göstərən çox az jurnalistlərimizdəndir. 

     Adil İrşadoğlu (Əliyev) layiq olduğu peşə imtiyazlarından və dövlət tərəfindən qiymətləndirilmələrdən kənarda qalsa da, bu, onun sənətinə olan sevgisini azaltmamış və xalqına, dövlətinə olan məhəbbətinə xələl gətirməmişdir. 

     Kaş bir çox digər həmkarlarınızdan müsbət yöndə fərqləndiyiniz kimi, yəni köklü, ziyalı nəsildən olmanız və keçdiyiniz aktiv, işgüzar, xalqımız üçün səmərəli fəaliyyətinizlə bərabər, bir az da müasir zəmanənin nəbzini tuta biləydiniz, Adil müəllim. "Nebzin" nədən ibarət olduğunu, zənnimcə sizin kimi arif adama anlatmağa ehtiyac yoxdur. 

     Amma yox ! İnanmıram ki, fenomen bioqrafiyaya malik bir insan, öz şəxsiyyətinə "nəbz" - lə işləməyi sığışdırsın. Mən həyatımda heç vaxt "Kişi oğlu, Kişi" adını hansısa işlərə görə verilən imtiyazlara dəyişmərəm və nə yaxşı ki, bu AD sizindir, nə yaxşı ki, siz bu ADI qoruyursunuz. Rəhmət olsun sizi bu zavallı Vətənimizə bəxş edən valideynlərinizə.
 
     Olduqca dostcanlıdır, Adil müəllim. Bunu onun yaratdığı sayt səhifələrində də görmək olar. Həyatda olan dostlarına məhəbbəti ilə bərabər, ardıcıl olaraq dünyasını dəyişmiş dostlarını da tez-tez anır və ruhlarını əziz tutur. Buna mən, onun daimi oxucusu kimi  dəfələrlə rast gəlmişəm. Şübhəm yoxdur ki, onun bütün dostları, mənim kimi onunla fəxr edir, onunla dostluqdan qürur duyurlar. 

     Qardaşım Adil bəy, sən  həyatının 65 ilini  şərəflə yaşayıb başa vurdun. Allah sənin kimi insana daha 35 il də ömür nəsib eyləsin. Çünkü sən Vətənə, xalqa, qohumlarına, ailənə və dostlarına gərəkli insansan. Səni doğum günün münasibətiylə ürəkdən təbrik edirəm, qardaşım. Nə yaxşı ki, varsan !

22 Ekim 2018 Pazartesi

VƏTƏNPƏRVƏR VƏ QAYĞIKEŞ İNSAN


İBRAHİM MEHDİ. 
Jurnalist, yazıçı-publisist. 
                               

     Yeniyetmə və gənclik illərindən qohum kimi tanıyıb ünsiyyətdə olduğum Adil İrşadoğlu ilə  Bakı Dövlət Universitetində təhsil aldığımız illərdə demək olar ki, hərgünkü təmaslarımız məndə ona qarşı səmimi bir bağlılıq, doğmalıq hissi formalaşdırdı. Adil çox həssas, ətrafındakılara münasibətdə qayğıkeş bir insandır. Mən heç vaxt onun kiminsə haqqında xoşagəlməz və haqsız fikir söyləməsinin şahidi olmamışam. Bu xarakterik xüsusiyyətlər ona genlə keçmişdir. Atası İrşad Məhəmməd oğlu Əliyev 2-ci Dünya Müharibəsinin iştirakçısı kimi şərəfli bir döyüş yolu keçmiş, müharibə başa çatdıqdan sonra doğma Vətənə qayıdaraq uzun illər partiya- sovet və hüquq- mühafizə orqanlarında çalışmışdır. Təmizlik, saflıq, tapşırılan işə məsuliyyətli münasibəti nəticəsində uzun müddət çalışdığı Ağdam rayonunda həm dövlət, həm də rayon sakinlərinin etimadını qazanmaqla sözükeçərli nüfuz sahibinə çevrilmişdir.

     Anası Qənirə Rüstəmova uzun illər Ağdam şəhər 2 və 7 saylı beynəlmiləl məktəblərdə fizika və riyaziyyat fənni üzrə pedaqoq kimi çalışmışdır. Məhz belə xeyirxah peşə sahiblərinin tərbiyə verib yetişdirdikləri övlad da bu gün çoxlarının hərbi jurnalist, vətənsevər insan kimi tanıdıqları Adil İrşadoğlu kimi cəmiyyətimizdə nüfuz qazanmış mükəmməl şəxsiyyət olmalı idi və oldu da...

     Birinci Qarabağ döyüşlərinin başladığı ilk günlərdən AzTv-nin “Hərbi Vətənpərvərlik və Salnamə Baş Redaksiyası”nın əməkdaşı kimi sərhədboyu rayonlarda hərbçilərin, mülki əhalinin qayğılarının işıqlandırılması, mövcud problemlərin əlaqədar dövlət orqanlarına çatdırılması naminə yorulmadan çalışmış, dəfələrlə öz həmkar dostları ilə təhlükəli anlar yaşamışdır.

     Şuşada ilk dəfə yerli televiziya verilişləri yayımının təşkilində iştirak etməklə peşəkar verilişlərin hazırlanması və yerli əhalinin ruhlandırılması kimi vacib bir işin təməlini qoymuşdur. Uzun illərin iş təcrübəsi gənc hərbi jurnalistlərin yetişdirilməsində Adili həmişə fərqləndirib.

     Qarabağ uğrunda savaşın başladığı ilk günlərdən peşəkar jurnalist kimi Vətənə ürəkdən bağlılığını öz gündəlik fəaliyyətilə sübut edən Adil İrşadoğlu elə bir döyüş bölgəsi yoxdur ki, orada çəkiliş aparıb əsgərlərimizin ağır döyüş əməliyyatlarını işıqlandırmasın. Onun həyatı ilə vidalaşmaq anları da olub. Təəssüf ki, nə o vaxtlar, nə də sonralar çalışdığı AzTv-nin rəhbərliyi, dövlət və ictimai qurumlar tərəfindən xidmətləri nəinki layiqincə qiymətləndirilmədi, əksinə birdəfəlik unuduldu.

     Adil İrşadoğlunun jurnalist fəaliyyəti haqqında çox danışmaq, yazmaq olar. Azərbaycan jurnalistikasının tarixi ənənələrini, təhsil illərində aldığı nəzəri bilikləri praktikada əsaslandırmağı bacaran, uzun illər bu sahədə qüsursuz fəaliyyət göstərən, son illərin döyüş tarixinin canlı şahidi və salnaməçisi Adil İrşadoğlunun bu gün unudulması, layiq olduğu titul və qayğılardan kənarda qalması anlaşılan deyil...

     Mən dostum, jurnalist fəaliyyətinə və bu sahədəki əvəzsiz xidmətlərinə xüsusi dəyər verdiyim Adil İrşadoğluna sağlam ömür, ona qarşı olan ədalətsiz münasibətin qarşılığında səbr, təmkin, əzm və iradə arzulayıram. 65 yaşın mübarək, QARDAŞ !

21 Ekim 2018 Pazar

ADİL İNSANIN ƏVVƏL İMZASINI TANIMIŞAM


Rey Kərimoğlu. 
Qarabağ qazisi, 
"Qazilər-İnformasiya portalı"nın baş redaktoru.


     Adil müəllimin əvvəl imzasını tanımışam. Şəxsən üzbəüz isə onu çox sonralar tanıdım. Yəni özündən əvvəl imzasını tanımışam. Və əsl jurnalist üçün də ən vacibi onun imzasının tanınması və sevilməsidir, məncə...

     Tale elə gətirdi ki, Adil müəllimlə 1999-2001-ci illərdə Qarabağ Əlillərinin orqanı olan “Əlillər” qəzetində bir yerdə çalışdıq. Qəzetin baş redaktoru, rəhmətlik Müştəba İsmayıloğlu idi. O, Adil müəllimin tələbə yoldaşı olmuşdu. Adil İrşadoğlu “Əlillər”in məsul redaktoru olsa da, bütün yaradıcı və texniki proseslərdə yaxından iştirak edirdi. Baş qazi rəhmətlik Etimad Əsədovun və qazilər heyətinin razılığı ilə “Əlillər” qəzetinin içərisində Çeçenstan Respublikasından bizə pənah gətirmiş qazilər və onların ailələri üçün rus dilində “Salam” adlı qəzet buraxmağa başladı. O vaxt bütün qəzetlər hələ də Kiril əlifbasıyla çap edilirdi. Adil müəllimin təşəbbüsü ilə Azərbaycanda ilk dəfə “Əlillər” qəzeti Kiril əlifbasından Latın əlifbasına keçdi. Öz işini vicdanla yerinə yetirməklə yanaşı o, digər insanlara da yardımçı olurdu. 

     Adil müəllim vicdanlı, saf, ləyaqətli və mehriban insandır. Həm də çox prinsipial insandır! Bu səbəbdən də ərizə yazıb 20 il çalışdığı dövlət televiziyasından ayrılmışdı. Amma mətbuatda qaldı, müxtəlif qəzetlərdə çalışdı. Yazdı, yaratdı...

     Bu fədakar insan öz peşəsini ürəkdən sevir. Hamı bilir ki, mən xaraktercə çox çılğın və emossional adamam. Bu da həm yaradıcılığımda, həm də iş prosesində müəyyən problemlər yaradırdı. Adil müəllim peşəkar jurnalist, həyat təcrübəsi olan bir şəxs kimi həmişə çox vacib məsləhətlər verirdi mənə. Mən də onu dinləyir, imkan daxilində tövsiyələrinə əməl edirdim. Üstündən uzun illər keçəndən sonra etiraf edirəm ki, həm o zaman, həm də sonrakı illərdə onun məsləhətlərinin mənə böyük faydası dəyib.

     Çox şirin və maraqlı söhbətləri də olur Adil müəllimin. “Qağa, bəri gəl ey!” - deyib, maraqlı söhbətə başlayırdı. Tələbəlik illərindən böyük həvəslə danışırdı. Dostlarından -  xalqımızın gözəl qələm sahibləri rəhmətlik Ağamalı Sadiq Əfəndidən, allah ömür versin, yazıçı Mustafa Çəmənlidən və digərlərindən danışırdı.

- Heç bilirsən Mustafanın necə gözəl səsi var idi?! Saz çalan Ağamalıya tar çalmağı öyrətdim ... Pəh! Heyif o günlərdən...

Vay o gündən ki, “Əlillər”in çap olunan nömrəsində nəysə bir qüsur ola, cümlə, hərf səhvi gedə. Qanı qaralırdı, çox pis olurdu. Təskinlik verəndə isə :

- Qağa, belə olmaz ey! Axı bir belə əziyyət çəkmişik! Bu nə səhvdir gedib?! Qəzetdə bir hərf də səhv getməməlidir! Bu ciddi işdir, biz də ciddi adamlarıq. Burada imzamız gedir...

     İndi başdan ayağa cümlə, hərf səhvləri ilə gözümüzü könlümüzü bulandıran mətbuatı görəndə həmişə Adil müəllimin dediklərini xatırlayıram! Əslində onun kimi peşəkarların yeri görünür mətbuatımızda! Onları arayıb tapıb işə dəvət etməliyik, məsləhətlərinə qulaq asmalıyıq.

     Qarabağ məsələsinə də əsl vətəndaş mövqeyi nümayiş etdirib və bu gün də etdirir... Torpaqlarımızın işğalı hamı kimi onu da yandırır, dədə-baba yurdunun işğalda qalmasını qəbul edə bilmir. Barışmır bu işğalla!  

     Dövlət Televiziyasında işləyəndə Adil İrşadoğlu Qarabağa tez-tez ezamiyyətə gedər, ən qaynar nöqtələrdə olar, materiallar hazırlayardı. Bu gün hamımız Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovla (Fred Asif) müsahibələri internet resurslarından sevə-sevə izləyirik. Asif kimi televiziyadan-ekrandan qaçan bir qəhrəmanı lentin yaddaşına köçürüb gələcək nəsillərə ötürən də Adil müəllimdir.

     Fred Asifin qardaşı Qarabağ qazisi Ədalət Məhərrəmov deyir ki, Asif heç vaxt çəkilişlərə razı olmayıb. Amma bu gün əlimizdə olan ən qiymətli video görüntülərin çəkilməsinə Fred Asif Adil İrşadoğlunun xahişindən sonra razılıq verib. Çünki Adillə dost olub. Asif  Adilin sözünü yerə salmayıb. Və Adil sözügedən müsahibəni alıb Fred Asifdən! Yoxsa biz Fred Asifin görüntülərini, danışığını, olduqca maraqlı fikirlərini realda necə görə bilərdik?

     Adil müəllim, həm də namuslu insandır. Torpağa, vətənə, dövlətə, millətə bağlı olduğu kimi ailəsinə da çox  bağlıdır. O, həm də ailəsi ilə nəfəs alır. İşdə həmişə onun cəfakeş ailə başçısı olduğunu duyurduq.

     Adil İrşadoğlunun xarakterindəki vacib bir detalı da deyim. Çox dəqiq və həssas adamdır. Vay o gündən səndən kiməsə salam göndərə və sən o salamı çatdırmayasan. Üzünə deməz, amma səndən inciyər. Lap bərk inciyəndə isə :

- Qadan alım, bəs sənnən salam göndərmişdim, niyə çatdırmamısan? Eşidər-bilər sənnən görüşmüşəm, ona salam göndərməmişəm, inciyər ey məndən.


* Əziz Adil müəllim, Allah sizə ürəyinizə görə versin, doğum gününüz - 65 illik yubileyiniz münasibətilə Sizi təbrik edirəm. Sizə uzun ömür, can sağlığı arzulayıram. Ürəyinizdəki bütün arzularınıza çatasınız.

“HEYYY, İRŞADOĞLU!”, - DEYƏRƏK ÜZ TUTDUĞUM ÜNVAN


Azər Həsrət. 
Azərbaycan Respublikasının Əməkdar jurnalisti, 
İctimai TV və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü, 
Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü və xarici 
əlaqələr komissiyasının sədri.


     Jurnalistika elə bir peşə-sənət sahəsidir ki, burada özünü təsdiq edə bilməyən dərhal çəkilib getməyə məcburdur.

     Jurnalistika ilahi vergidir, istedaddır, əzm tələb edir, sevgisiz baş tutmur.

     Jurnalistika müqəddəs qələmin vasitəsilə insan talelərini həll edəcək, böyük dövlətləri barışa və ya savaşa sürükləyəcək qədər güclüdür.

     Jurnalistika sadəcə bir ixtisas, peşə deyil. Bu, bir həyat tərzidir, əbədi sevdadır. Elə bir sevda ki, ölərsən, vaz keçməzsən. Vaz keçmək istərsən, keçə bilməzsən.

     Biz də, pis-yaxşı, özümüzü jurnalist sayırıq. Artıq 25-ci ildir ki, bu işin içindəyəm. Vaxt olub ki, ayrılmaq, uzaqlaşmaq, başqa sahədə özümü təsdiq etmək istəmişəm. Alınmayıb.

     Mən jurnalistikadan vaz keçməyə can atdıqca bu sahənin özü məni daha da cəlb edib, cəzb edib, özünə sarı çəkib.

     Və artıq jurnalist fəaliyyətimin 25-ci ilində qəti qərar vermişəm ki, heç zaman qələmi yerə qoyan deyiləm. Harda olsam, nə işə bağlansam yenə də bir əlim jurnalistikanın ətəyində olacaq.

     Niyə? Nədir məni və mənim kimi onlarla, yüzlərlə insanı bu çətin, məsuliyyətli sahədə saxlayan? Özü də çətinliklərinə, məhrumiyyətlərinə, yuxusuz gecələrinə, bəzən haqsız hücumlarına baxmayaraq? 

     Bizi burda tutan heç şübhəsiz jurnalistikanın bir azadlıq müstəvisi olmasıdır. Amma bir də başqa faktor var ki, həm də onun yerini, rolunu ayrıca vurğulamaq lazımdır.

     Bizim kimi insanları jurnalistikada ayaqda tutan daha öndə olan, həyat və iş təcrübəsilə daim bizim önümüzdə gedən insanlardır.

     Biz bu insanları bir mayak olaraq həmişə önümüzdə görürük. Onlar hətta uzun fasilə versə də, ortalıqda gözə dəyməsə də varlıqlarını hiss edirik. Sanki o adamların nəfəsi bizim boynumuzun tam da arxasında duyulur hər zaman. Bir an ayaq saxlasaq, usansaq, heydən düşsək arxadan təkan verəcək, bizi irəliyə itələyəcək bu nəfəs.

     Onlar mayakdır. Onlar dayaqdır, dəstəkdir bizə hər zaman.

     Bir zamanlar bu şəxslər odun-alovun içindən - cəbhə xəttindən əsgərimizin səsini-sorağını insanlarımıza çatdıran tək vasitə kimi qalıb yaddaşlarımızda.

     İndi də boş durmurlar. Topladıqları təcrübə, Vətən sevgisi, dövlətə və millətə bağlılıq bu insanların haqq etdikləri istirahətə çəkilməsinə belə əngəl olur.

     Həyat onları müdrikləşdirir, daha da parlaq edir, bizim kimi irəli getmək istəyənlərin qarşısında daimi mayak kimi işıqlandırır.

     Var olsun belə insanlar! Var olsun bizdən daim öndə olan, yolumuzu işıqlandıran həmkarlar! Biz sizin ardınızca gəlirik! Sizin açdığınız yolla yürüməkdə davam edirik!

     Bu sözlər - bu yazım bütövlükdə ömrünün 65-ci ilini arxada qoymuş çox dəyərli həmkarım, böyüyüm Adil İrşadoğluna həsr edildi. O Adil İrşadoğluna ki, həm jurnalist kimi, həm də yeri düşəndə lap elə böyük qardaş kimi səsimizə səs verir, yolumuzu qaranlıq etmək istəyənlərin qarşısına çıxıb bir mayak kimi uzaq hədəfləri nişan verir.

     Adil İrşadoğlu şəxsən mənim kimi jurnalistlərin çəkinmədən “Heyyy, İrşadoğlu!” deyərək üz tutduğu, tuta biləcəyi ünvandır.

     Adil İrşadoğlu o jurnalistlərdəndir ki, daim sadə, təvazökar olmasıyla seçilir, yetişməkdə olan gənclərimizə doğru yolu nişan verir.

     Biz də işimiz dara düşəndə onun bu özəlliklərini rəhbər tutaraq “Heyyy, İrşadoğlu!”, - deyib ərklə üz tuturuq bu Mayak Insana.

Ömrün uzun, canın sağlam olsun, Ustad! Nə yaxşı ki, bizim önümüzdə sənin kimi dəyərli qələm sahibləri, qəlbi Vətən sevdasıyla aşıb-daşan böyüklərimiz var.

O İLLƏRİ XATIRLADIM...


İslam Türkay. 
Şair-publisist.
                         

     Adil İrşadoğli ilə 1972-ci il sentyabrın 3-10 arası tanış olduq... O, orta məktəbi yenicə bitirib gəlmişdi,.. mən isə orta məktəbdən sonra 3 illik fəhlə həyatından... Mən çox kasıb, o isə məndən xeyli imkanlı bir ailədən çıxmışdı... Mən çoooxxx sonralar bildim ki, o vaxt fakültəmizin dekan müavini, gözəl insan kimi yadımda qalan Akif müəllim və kafedra müdiri Famil Mehdi Adilin qohumları imiş... Adil çalışqan idi... bacardığını edirdi. Sakit, mülayim, şirindil, hamı ilə uyğunlaşan təbiəti var idi, Adilin... Mən bunu da çoooxxx sonralar bildim ki, Adilin rəhmətlik atası və qardaşı inzibati orqanlarda yüksək vəzifələrdə işləyirmiş... Amma Adil bunlarla nəinki öyünməz, heç bunu hiss etdirməzdi.

     Mən yataqxanada qalırdım, o isə kirayə tutduğu evdə... Hərdən onun kirayədə qaldığı evdə yığışardıq... Adil gözəl tar çalırdı... Tələbə yoldaşımız Mustafa Çəmənlinin muğam oxumağından isə olmazdı... O günlər ömrümüzə yazılan günlərdən olurdu...

     Canlm, qardaşım Adil, illər keçdi... 65yaş... Əvvəla ürəkdən təbrik edirəm ! 
Sən bacarıqlısan, çalışqansan... istədiyinə nail olansan... Qalır birçə can sağlığı... 
Sənə bunu - can sağlığını arzulayıram, ƏFƏNDİM, QARDAŞIM !

     Sonda bir şerimi də sənə bu əziz günündə ərmağan edirəm :

NOLA, DÖNÜB UŞAQ OLAM BİRCƏ GÜN

Nola, dönüb uşaq olam bircə gün,
O çağlarım bir də dönə, gələ, off...
Dizin-dizin iməkləyəm, yıxılam,
Anam yenə göz yaşımı silə, off...

Quzuları sübh-obaşdan haylayam,
Kərəntiylə çəmən boyu laylayam.
Ulaqları alıqlayam, taylayam,
Üst-başımdan yovşan ətri gələ, off..
.
Harda qaldı o insafsız, çağlaya,
Yenə gəlib gözlərimi bağlaya.
Hörüyünə əl vuranda ağlaya,
Sonra qaçıb gülümsünə, gülə, off...

Mən gecikdim, o, yamanca tələsdi,
Köçüb getdi, ürəyimdə tel əsdi.
İstəyimə belə qara yel əsdi,
Urcah oldum bir zəhrimar dilə off...

Çox öyündüm qəlbimdəki dözümnən,
Ağ bayraqtək yaş ələndi gözümdən.
Böyüdükcə aralandım özümdən
Axır düşdüm bu dəlisov selə, off...

Bu həyatdı-hər addımı yarışdı,
Arzularım taleyimlə barışdı.
Yaşamağa başım elə qarışdı,
Ömrü-günü yaman verdim yelə, off...

***
Dərin sayqı və sevgilərlə. 2018-ci il.