İBRAHİM MEHDİ.
Jurnalist, yazıçı-publisist.
Yeniyetmə və gənclik illərindən qohum kimi tanıyıb ünsiyyətdə olduğum Adil İrşadoğlu ilə Bakı Dövlət Universitetində təhsil aldığımız illərdə demək olar ki, hərgünkü təmaslarımız məndə ona qarşı səmimi bir bağlılıq, doğmalıq hissi formalaşdırdı. Adil çox həssas, ətrafındakılara münasibətdə qayğıkeş bir insandır. Mən heç vaxt onun kiminsə haqqında xoşagəlməz və haqsız fikir söyləməsinin şahidi olmamışam. Bu xarakterik xüsusiyyətlər ona genlə keçmişdir. Atası İrşad Məhəmməd oğlu Əliyev 2-ci Dünya Müharibəsinin iştirakçısı kimi şərəfli bir döyüş yolu keçmiş, müharibə başa çatdıqdan sonra doğma Vətənə qayıdaraq uzun illər partiya- sovet və hüquq- mühafizə orqanlarında çalışmışdır. Təmizlik, saflıq, tapşırılan işə məsuliyyətli münasibəti nəticəsində uzun müddət çalışdığı Ağdam rayonunda həm dövlət, həm də rayon sakinlərinin etimadını qazanmaqla sözükeçərli nüfuz sahibinə çevrilmişdir.
Anası Qənirə Rüstəmova uzun illər Ağdam şəhər 2 və 7 saylı beynəlmiləl məktəblərdə fizika və riyaziyyat fənni üzrə pedaqoq kimi çalışmışdır. Məhz belə xeyirxah peşə sahiblərinin tərbiyə verib yetişdirdikləri övlad da bu gün çoxlarının hərbi jurnalist, vətənsevər insan kimi tanıdıqları Adil İrşadoğlu kimi cəmiyyətimizdə nüfuz qazanmış mükəmməl şəxsiyyət olmalı idi və oldu da...
Birinci Qarabağ döyüşlərinin başladığı ilk günlərdən AzTv-nin “Hərbi Vətənpərvərlik və Salnamə Baş Redaksiyası”nın əməkdaşı kimi sərhədboyu rayonlarda hərbçilərin, mülki əhalinin qayğılarının işıqlandırılması, mövcud problemlərin əlaqədar dövlət orqanlarına çatdırılması naminə yorulmadan çalışmış, dəfələrlə öz həmkar dostları ilə təhlükəli anlar yaşamışdır.
Şuşada ilk dəfə yerli televiziya verilişləri yayımının təşkilində iştirak etməklə peşəkar verilişlərin hazırlanması və yerli əhalinin ruhlandırılması kimi vacib bir işin təməlini qoymuşdur. Uzun illərin iş təcrübəsi gənc hərbi jurnalistlərin yetişdirilməsində Adili həmişə fərqləndirib.
Qarabağ uğrunda savaşın başladığı ilk günlərdən peşəkar jurnalist kimi Vətənə ürəkdən bağlılığını öz gündəlik fəaliyyətilə sübut edən Adil İrşadoğlu elə bir döyüş bölgəsi yoxdur ki, orada çəkiliş aparıb əsgərlərimizin ağır döyüş əməliyyatlarını işıqlandırmasın. Onun həyatı ilə vidalaşmaq anları da olub. Təəssüf ki, nə o vaxtlar, nə də sonralar çalışdığı AzTv-nin rəhbərliyi, dövlət və ictimai qurumlar tərəfindən xidmətləri nəinki layiqincə qiymətləndirilmədi, əksinə birdəfəlik unuduldu.
Adil İrşadoğlunun jurnalist fəaliyyəti haqqında çox danışmaq, yazmaq olar. Azərbaycan jurnalistikasının tarixi ənənələrini, təhsil illərində aldığı nəzəri bilikləri praktikada əsaslandırmağı bacaran, uzun illər bu sahədə qüsursuz fəaliyyət göstərən, son illərin döyüş tarixinin canlı şahidi və salnaməçisi Adil İrşadoğlunun bu gün unudulması, layiq olduğu titul və qayğılardan kənarda qalması anlaşılan deyil...
Mən dostum, jurnalist fəaliyyətinə və bu sahədəki əvəzsiz xidmətlərinə xüsusi dəyər verdiyim Adil İrşadoğluna sağlam ömür, ona qarşı olan ədalətsiz münasibətin qarşılığında səbr, təmkin, əzm və iradə arzulayıram. 65 yaşın mübarək, QARDAŞ !
Hiç yorum yok:
Yorum Gönder