21 Ekim 2018 Pazar

ADİL İNSANIN ƏVVƏL İMZASINI TANIMIŞAM


Rey Kərimoğlu. 
Qarabağ qazisi, 
"Qazilər-İnformasiya portalı"nın baş redaktoru.


     Adil müəllimin əvvəl imzasını tanımışam. Şəxsən üzbəüz isə onu çox sonralar tanıdım. Yəni özündən əvvəl imzasını tanımışam. Və əsl jurnalist üçün də ən vacibi onun imzasının tanınması və sevilməsidir, məncə...

     Tale elə gətirdi ki, Adil müəllimlə 1999-2001-ci illərdə Qarabağ Əlillərinin orqanı olan “Əlillər” qəzetində bir yerdə çalışdıq. Qəzetin baş redaktoru, rəhmətlik Müştəba İsmayıloğlu idi. O, Adil müəllimin tələbə yoldaşı olmuşdu. Adil İrşadoğlu “Əlillər”in məsul redaktoru olsa da, bütün yaradıcı və texniki proseslərdə yaxından iştirak edirdi. Baş qazi rəhmətlik Etimad Əsədovun və qazilər heyətinin razılığı ilə “Əlillər” qəzetinin içərisində Çeçenstan Respublikasından bizə pənah gətirmiş qazilər və onların ailələri üçün rus dilində “Salam” adlı qəzet buraxmağa başladı. O vaxt bütün qəzetlər hələ də Kiril əlifbasıyla çap edilirdi. Adil müəllimin təşəbbüsü ilə Azərbaycanda ilk dəfə “Əlillər” qəzeti Kiril əlifbasından Latın əlifbasına keçdi. Öz işini vicdanla yerinə yetirməklə yanaşı o, digər insanlara da yardımçı olurdu. 

     Adil müəllim vicdanlı, saf, ləyaqətli və mehriban insandır. Həm də çox prinsipial insandır! Bu səbəbdən də ərizə yazıb 20 il çalışdığı dövlət televiziyasından ayrılmışdı. Amma mətbuatda qaldı, müxtəlif qəzetlərdə çalışdı. Yazdı, yaratdı...

     Bu fədakar insan öz peşəsini ürəkdən sevir. Hamı bilir ki, mən xaraktercə çox çılğın və emossional adamam. Bu da həm yaradıcılığımda, həm də iş prosesində müəyyən problemlər yaradırdı. Adil müəllim peşəkar jurnalist, həyat təcrübəsi olan bir şəxs kimi həmişə çox vacib məsləhətlər verirdi mənə. Mən də onu dinləyir, imkan daxilində tövsiyələrinə əməl edirdim. Üstündən uzun illər keçəndən sonra etiraf edirəm ki, həm o zaman, həm də sonrakı illərdə onun məsləhətlərinin mənə böyük faydası dəyib.

     Çox şirin və maraqlı söhbətləri də olur Adil müəllimin. “Qağa, bəri gəl ey!” - deyib, maraqlı söhbətə başlayırdı. Tələbəlik illərindən böyük həvəslə danışırdı. Dostlarından -  xalqımızın gözəl qələm sahibləri rəhmətlik Ağamalı Sadiq Əfəndidən, allah ömür versin, yazıçı Mustafa Çəmənlidən və digərlərindən danışırdı.

- Heç bilirsən Mustafanın necə gözəl səsi var idi?! Saz çalan Ağamalıya tar çalmağı öyrətdim ... Pəh! Heyif o günlərdən...

Vay o gündən ki, “Əlillər”in çap olunan nömrəsində nəysə bir qüsur ola, cümlə, hərf səhvi gedə. Qanı qaralırdı, çox pis olurdu. Təskinlik verəndə isə :

- Qağa, belə olmaz ey! Axı bir belə əziyyət çəkmişik! Bu nə səhvdir gedib?! Qəzetdə bir hərf də səhv getməməlidir! Bu ciddi işdir, biz də ciddi adamlarıq. Burada imzamız gedir...

     İndi başdan ayağa cümlə, hərf səhvləri ilə gözümüzü könlümüzü bulandıran mətbuatı görəndə həmişə Adil müəllimin dediklərini xatırlayıram! Əslində onun kimi peşəkarların yeri görünür mətbuatımızda! Onları arayıb tapıb işə dəvət etməliyik, məsləhətlərinə qulaq asmalıyıq.

     Qarabağ məsələsinə də əsl vətəndaş mövqeyi nümayiş etdirib və bu gün də etdirir... Torpaqlarımızın işğalı hamı kimi onu da yandırır, dədə-baba yurdunun işğalda qalmasını qəbul edə bilmir. Barışmır bu işğalla!  

     Dövlət Televiziyasında işləyəndə Adil İrşadoğlu Qarabağa tez-tez ezamiyyətə gedər, ən qaynar nöqtələrdə olar, materiallar hazırlayardı. Bu gün hamımız Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovla (Fred Asif) müsahibələri internet resurslarından sevə-sevə izləyirik. Asif kimi televiziyadan-ekrandan qaçan bir qəhrəmanı lentin yaddaşına köçürüb gələcək nəsillərə ötürən də Adil müəllimdir.

     Fred Asifin qardaşı Qarabağ qazisi Ədalət Məhərrəmov deyir ki, Asif heç vaxt çəkilişlərə razı olmayıb. Amma bu gün əlimizdə olan ən qiymətli video görüntülərin çəkilməsinə Fred Asif Adil İrşadoğlunun xahişindən sonra razılıq verib. Çünki Adillə dost olub. Asif  Adilin sözünü yerə salmayıb. Və Adil sözügedən müsahibəni alıb Fred Asifdən! Yoxsa biz Fred Asifin görüntülərini, danışığını, olduqca maraqlı fikirlərini realda necə görə bilərdik?

     Adil müəllim, həm də namuslu insandır. Torpağa, vətənə, dövlətə, millətə bağlı olduğu kimi ailəsinə da çox  bağlıdır. O, həm də ailəsi ilə nəfəs alır. İşdə həmişə onun cəfakeş ailə başçısı olduğunu duyurduq.

     Adil İrşadoğlunun xarakterindəki vacib bir detalı da deyim. Çox dəqiq və həssas adamdır. Vay o gündən səndən kiməsə salam göndərə və sən o salamı çatdırmayasan. Üzünə deməz, amma səndən inciyər. Lap bərk inciyəndə isə :

- Qadan alım, bəs sənnən salam göndərmişdim, niyə çatdırmamısan? Eşidər-bilər sənnən görüşmüşəm, ona salam göndərməmişəm, inciyər ey məndən.


* Əziz Adil müəllim, Allah sizə ürəyinizə görə versin, doğum gününüz - 65 illik yubileyiniz münasibətilə Sizi təbrik edirəm. Sizə uzun ömür, can sağlığı arzulayıram. Ürəyinizdəki bütün arzularınıza çatasınız.

Hiç yorum yok: