20 Kasım 2023 Pazartesi

“BAYRAQDAR.İNFO”NUN 4 NOYABR 2023-CÜ İL TARİXLİ SAYINDA

 

Gün o gün oldu, Adil İrşadoğlu


Rəşad Məcid Adil İrşadoğluna 

Mətbuat Şurasının diplomunu təqdim edir


BAYRAQDAR MEDİA - Azərbaycan Mətbuat Şurasının gözəl ənənələrindən biri də veteran-yubilyar jurnalistləri daim diqqətdə saxlamasıdır. Özünün mövcudluğu dövrü - 2003-cü ilin martından bu günədək MŞ daim arayıb-axtarır, bəzən də illərlə yada düşməyən, amma yetərincə xidmətləri olan ustad həmkarlarımızı yenidən cəmiyyətə təqdim edir.

Belə təqdimatlardan biri də noyabrın 3-də keçirildi. Bu dəfə biz - nisbətən yeni nəslin təmsilçiləri, eləcə də həmyaşıdları ustad jurnalist Adil İrşadoğlunun işığına yığışmışdıq.

Adil İrşadoğlu / Adil Əliyev. Bu ad məni illərin ötəsinə - 1-ci Qarabağ Savaşı dönəminə qədər aparıb çıxarır. Onda gəncdim. Ermənistandan soydaşlarımız qovulur, bərabərində də Qarabağda ermənilər bölücülüklə məşğul olurdu. Beləcə bir sıra jurnalistlərin gecəsi-gündüzü o müqəddəs torpaqlarda keçirdi.

Mən onda jurnalist deyildim. Gənc bir tələbə idim. Heç jurnalist olmağı da xəyal etmirdim. Yəni bilənlər bilir ki, heç vaxt jurnalist olmaq xəyalı ilə yaşamamışam. Amma indiki jurnalist halımdan da peşman deyiləm.

…Həmin o 1990-larda ekrandan, efirdən, qəzet səhifələrindən (gündə ən azı 3-5 ayrı qəzeti alırdım) qulağımıza/gözümüzə taxılıb qalan imzalar vardı. Adil İrşadoğlu da onlardan biri, həm də ən parlaq imzalardandı.

Tanış deyildik onunla. O kim, mən kim? O, dövrünün ən parlaq imzası, mənsə adi bir dinləyici, tamaşaçı, oxucu idim. Həmin dövrün ünsiyyət imkan(sızlıq)larını nəzərə alsaq, parlaq imzalarla tanış olmaq, bir ortamı paylaşmaq indikindən fərqli olaraq elə də asan deyildi. Hərçənd əminəm ki, o şəraitdə belə ustad İrşadoğlu bizim kimi gənclərlə ünsiyyətdən əsla qaçmazdı.

Zaman keçdi, dövran dəyişdi. Nə vaxt olduğunu bilmirəm, amma artıq biz bu ustadla bir müstəvidə idik. Tanış da olmuşduq. Aramızda böyük-kiçiklik öz yerində olmaqla bir həmkar münasibəti də yaranmışdı. Və mən bu halımdan çox məmnundum. Bir zamanların əfsanə jurnalistlərindən olan bu qocaman imza ilə bir ortamı paylaşır, onunla həmkarlıq edirdim.

Və düz 5 il öncə - 2018-ci ildə Adil ustadın 65 yaşı tamam oldu. Qarışıq günlərdi. Yadımdadır ki, ovaxtkı Beynəlxalq Mətbuat Mərkəzində bir törən düzənlənmişdi. Mətbuat Şurası adına tədbirə mən qatılmışdım. Sədrimiz Əflatun Amaşov və digər həmkarlarımız başqa vacib işlərin üzündən o tədbirə gələ bilməmişdilər.

O da yaxşı yadımdadır ki, çıxış edənlər İrşadoğluna olduqca xoş arzularını ifadə edirdilər. Mən də çıxış etmişdim. Çıxışımda ənənəvi “gün o gün olsun ki” ifadələrinə yer vermişdim. Yəni gün o gün olsun ki, Adil ustadın bir sonrakı yubileyini doğma yurdunda, həmin dönəmdə hələ də Ermənistanın işğalı altında olan Ağdamda qeyd edək…

Çıxışımda əminliklə demişdim ki, bu arzum mütləq çin olacaq. Ağdam da, digər torpaqlarımız da Ermənistanın işğalından qurtulacaq və biz Adil İrşadoğlunun, onun kimi dəyərli qələm adamlarımızın yubileylərini o müqəddəs torpaqların azadlığı işığında qeyd edəcəyik.

…Bu dəfə də çıxış etdim. Qısa çıxışımda yubilyarın özəlliklərindən danışdım. Onun kimi ustad böyüklərimizin milli yaddaşı qorumasının altını cızaraq hazırda artıq tam şəkildə azad olan Qarabağın yaxşı günlərindən söz etdim. Arzu elədim ki, indi işğaldan azad edilmiş Ağdamda belə tədbirləri keçirib o torpağın yetirməsi olan Adil İrşadoğlu kimi ustadların xoş günlərini orada qeyd etmək nəsibimiz olsun.



 

Çıxışımda Adil İrşadoğlunun şəxsi keyfiyyətlərinə də toxundum. Onun bu yaşda belə bir uşaq kimi saf, körpə kimi təmiz şəxsiyyətini dilə gətirdim. Kövrəkdir o. Hər şeyə və hər kəsə ürək yandıran, bəzən də uşaq kimi sadəlövhdür. Amma bunlar onun bir ustad jurnalist kimi yetişməsinə əngəl olmayıb.

Belə. Adil İrşadoğlunun noyabrın 1-də tamam olmuş 70 illik yubileyini qeyd elədik. Mətbuat Şurasının sədri, daha bir ustad jurnalist olan Rəşad Məcid bizi və Adilin yaxın dostlarını başına yığıb yubilyara gözəl - yaddaqalan bir gün yaşatdı. Biz də o günün bir parçası - şahidi olduq.

Təbrik edirəm, ustad. Artıq “gün o gün olsun ki” demirik, deməyə ehtiyac duymuruq. Sənin bu yubiley yaşın torpaqlarımızın düz 3 ildir düşmən tapdağından azad olunmasına təsadüf edir. Nə gözəl gündür, deyilmi? Əminəm, sən bunu öz yubileyinə ən böyük hədiyyə hesab edirsən. Elə biz də.

Amma arzular bitməz ki. Orada çıxışımda dediyim kimi, mən Ağdamda sənin çayını içmək istəyirəm. Azad edilmiş, yeni qurulmuş abad Ağdamda. Buna da əminəm ki, o çayı məhz orada birlikdə içəcəyik. Necə ki, 5 il öncə “gün o gün olsun ki” deyib dilək tutmuşduq və diləyimiz çin oldu, bu diləyimizin də çin olacağına nə sən şübhə et, nə də mən şübhə edim.



Sonda: Arzular bitməz, “gün o gün olsun ki” də bitməz. Bir zamanlar “gün o gün olsun ki, Şuşada, Ağdamda, Xankəndidə görüşək” deyərdik. Arzumuz çin oldu. İndi də deyirik: gün o gün olsun ki, Təbrizdə, Qərbi Zəngəzurda görüşək. Heç şübhə etmirəm ki, bu arzumuz da çin olacaq.


Azər Həsrət

4 Noyabr 2023.


“XALQ QƏZET”NİN 05.11.2023-CÜ İL TARİXLİ SAYINDA

 Döyüşçü jurnalistə ehtiram



Azərbaycan Televiziyası və Radiosu Günü ərəfəsində Azərbaycan Mətbuat Şurasında qurumun Ahıl Jurnalistlər Məclisinin təşkilatçılığı ilə tanınmış telejurnalist Adil İrşadoğlunun anadan olmasının 70 illiyini həmkarları və dostları sevgi-sayğı ilə qeyd etdilər.

Azərbaycan Mətbuat Şurasının sədri Rəşd Məcid I Qarabağ müharibəsi döv­ründə hərbi verilişlər redaksiyasına rəh­bərlik etmiş, odlu-alovlu cəbhələrdən keçmiş, zəngin savaş xronikası yaratmış veteran jurnalistə rəhbərlik etdiyi quru­mun yubiley diplomunu təqdim edərək, ona media ictimaiyyətinin səmimi təb­rikini və xoş arzularını çatdırdı. Şura sədri Adil İrşadoğlunun yarım əsri əhatə edən jurnalist fəaliyyətində Qarabağ münaqişəsinin aparıcı yer tutduğunu söylədi. O bildirdi ki, Qarabağın faciəli yaşantılarının cəmiyyətə çatdırılmasın­da döyüşçü jurnalistin çoxsaylı televi­ziya verilişləri jurnalistikanın vətənpər­vərlik missiyasına layiqli töhfə olub. Adil müəllimin müharibə müddətində cəbhə xəttindən hazırladığı çoxsaylı reportaj­ların xalqımızın qəhrəmanlıq ruhunun yüksəldilməsində böyük əhəmiyyəti var. 

Ahıl Jurnalistlər Məclisinin sədri Tahir Aydınoğlu jurnalistikanı sevən insanla­rın Adil İrşadoğlu işığına toplaşmasını müstəsna qədirbilənlik nümunəsi kimi qiymətləndirdi. O, yubilyar qələm sahibi­ni peşənin nüfuzunu qoruyan, təəssübü­nü çəkən həmkar kimi səciyyələndirən xüsusiyyətlərdən söz açaraq bildirdi ki, A.İrşadoğlu Birinci Qarabağ müharibəsi­nin canlı xronikasını yaratması ilə adını tarixə yazdırıb. 

AMŞ sədrinin müavini Səadət Məm­mədova, İdarə Heyətinin üzvü Azər Həsrət, poliqrafçı alim Şəddat Cəfərov, veteran qələm sahibi, naşir-publisist Hacı Mehman Fərzullayev, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının Prezidenti Eldar İsmayılov, “Xalq qəze­ti”nin əməkdaşları Zərifə Bəşirqızı və İlqar Həsənov, filologiya üzrə fəlsəfə doktoru Şəfəq Nasir, MŞ-nin Ahıl Jur­nalistlər Məclisinin sədr müavini, “Kür” qəzetinin baş redaktoru Əminə Yu­sifqızı, professor Habil Qurbanov, Milli Qəhrəman Asif Məhərrəmovun (Fred Asif) qardaşı, müharibə veteranı Ədalət Məhərrəmov, yubilyarın tələbə yoldaşı Qəşəngi Əliyeva, Ağdamın tanınmış icti­mai xadimi, həkim Tarıyel Eyvazov, ope­ratorlar, vaxtilə yubilyarla birlikdə cəbhə xəttində çəkilişlərdə olmuş Tahir Qara­yev və Fikrət Hüseynov, Birinci Qara­bağ müharibəsinin veteranı, şəhid atası Hacı Əkbər Rüstəmov, şair-publisist, ictimai xadim Zakir Ağdamlı, veteran jurnalist Mübariz Ağaxanoğlu, jurnalist Ağaşirin Məmmədov, A.İrşadoğlunun uşaqlıq dostları Çingiz Tağıyev və İlham Qurbanov, veteran jurnalist Rafik Kəri­mov, tanınmış televiziya rejissoru Lətif Abdullayev və başqaları çıxışlarında Adil İrşadoğlunu parlaq düşüncə sahibi, ziyalı, səmimi, qayğıkeş dost və həmkar, gözəl ailə başçısı kimi xarakterizə edən cəhətlərdən söz açdılar. Onlar bildirdilər ki, A.İrşadoğlunun çoxillik fəaliyyəti həm jurnalistikaya, həm də ölkəmizin hərb tarixinə müstəsna xidmətin təkrarsız nü­munəsidir və bu nümunənin yaranması peşəkarlıqla yanaşı, fədakarlıq da tələb edib. Çıxış edənlər, həmçinin, yubilyarı vətənpərvərliyi jurnalistikada peşə stan­dartı kimi göstərmənin bənzərsiz örnəyi adlandırdılar. 

Sonda çıxış edən Adil İrşadoğlu jur­nalist fəaliyyətinə verilən yüksək dəyərə, xoş sözlərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirdi. 

Xatırladaq ki, I Qarabağ müharibə­sinin iştirakçısı olmuş Adil İrşadoğlu (Əli­yev) 1953-cü il noyabrın 1-də Ağdamda anadan olub. 1972-1977-ci illərdə Bakı Dövlət Universitetinin jurnalistika fa­kültəsində təhsil alıb. Dövlət Televiziya və Radio Verilişləri Komitəsində kiçik redaktor, böyük redaktor və şöbə müdiri vəzifələrində işləyib. Qarabağdan azər­baycanlıların sıxışdırılıb çıxarılmasının qarşısını almaq üçün 1989-cu ildə Şuşa şəhərinin teleötürücü stansiyasının nəz­dində kiçik studiyanın yaradılmasında və erməni işğalçılarına qarşı əks təbliğa­tın aparılmasında yaxından iştirak edib. Həmçinin, dövlət televiziyasının hərbi vətənpərvərlik verilişləri baş redaksiya­sının təşkilinə və fəaliyyət göstərməsinə əmək sərf edib. Çalışdığı müddətdə 3000-dən çox veriliş hazırlayıb.


T.RÜSTƏMLİ 

XQ


"525-Cİ QƏZET"İN 03.11.2023-CÜ İL TARİXLİ SAYINDA

 

Veteran jurnalist Adil İrşadoğlunun 

70 illik yubileyi qeyd edilib




Dünən Mətbuat Şurasında tanınmış veteran jurnalist, uzun illər Azərbaycan Televiziyasında çalışmış Adil İrşadoğlunun 70 illik yubileyi ilə bağlı toplantı keçirilib.

525.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri Rəşad Məcid rəhbərlik etdiyi qurumda ömrünü-gününü jurnalist peşəsinə həsr etmiş, fədakar əməyi ilə seçilmiş qələm adamlarının həyatındakı əlamətdar günlərin yada salınmasının ənənə halını aldığını bildirib. O, bu ənənənin davamı kimi Adil İrşadoğlunun 70 illik yubiley toplantısının təşkilindən məmnunluğunu dilə gətirib. 

R.Məcid A.İrşadoğlunun fəaliyyətində Ağdamın özünəməxsus yer tutduğunu, bu qədim diyarın ecazkar ruhunun yubilyarın yaradıcılığına müstəsna təsir göstərdiyini deyib. Respublikada ötən əsrin 80-ci illərinin sonu-90-cı illərinin əvvəllərindəki proseslərdən söz açan MŞ sədri bildirib ki, Adil İrşadoğlu imzası həmin dövrdə həqiqətlərin təbliğində, Qarabağın faciə yaşantılarının cəmiyyətə çatdırılmasında müstəsna rol oynayıb. R.Məcid belə bir rolu jurnalistikanın vətənpərvərlik missiyası olaraq dəyərləndirib. Şura sədri A.İrşadoğlunun Mətbuat Şurasının diplomu ilə təltif edildiyini diqqətə çatdırıb və diplomu yubilyara təqdim edib. 

MŞ-nin Ahıl Jurnalistlər Məclisinin sədri Tahir Aydınoğlu jurnalistikanı sevən insanların Adil İrşadoğlu işığına toplaşmasını müstəsna qədirbilənlik nümunəsi kimi qiymətləndirib, bildirib ki, o, Birinci Qarabağ müharibəsinin canlı xronikasını yaratması ilə adını tarixə yazdırıb. Onun müharibə müddətində cəbhə xəttindən hazırladığı çoxsaylı reportajların xalqımızın qəhrəmanlıq ruhunun təbliğində böyük əhəmiyyəti var. 

MŞ İdarə Heyətinin üzvü Azər Həsrət çıxışında bildirib ki, A.İrşadoğlu ötən əsrin 90-cı illərinin, qanlı-qadalı dövrün imzasıdır. A.Həsrət əlavə edib ki, 70 yaşı tamam olmuş yubilyar da zəngin fəaliyyəti ilə bilavasitə Qarabağ, doğma yurd yaddaşını daşıyanlardandır. 

MŞ sədrinin müavini Səadət Məmmədova, poliqrafçı alim Şəddat Cəfərov, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının Prezidenti Eldar İsmayılov, “Xalq qəzeti”nin əməkdaşları Zərifə Bəşirqızı və İlqar Həsənov, MŞ-nin Ahıl Jurnalistlər Məclisinin sədr müavini, “Kür” qəzetinin baş redaktoru Əminə Yusifqızı, professor Habil Qurbanov, Milli Qəhrəman Asif Məhərrəmovun (Fred Asif) qardaşı, müharibə veteranı Ədalət Məhərrəmov, yubilyarın tələbə yoldaşı Qəşəngi Əliyeva, Ağdamın tanınmış ictimai xadimi, həkim Tarıyel Eyvazov, operatorlar, vaxtilə yubilyarla birlikdə cəbhə xəttində çəkilişlərdə olmuş Tahir Qarayev və Fikrət Hüseynov, Birinci Qarabağ müharibəsinin veteranı, şəhid atası Hacı Əkbər Rüstəmov, A.İrşadoğlunun uşaqlıq dostları Çingiz Tağıyev və İlham Qurbanov və başqaları çıxışlarında Adil İrşadoğlunu parlaq düşüncə sahibi, ziyalı, səmimi, qayğıkeş dost və həmkar, gözəl ailə başçısı kimi xarakterizə edən cəhətlərdən söz açıblar. Bildirilib ki, A.İrşadoğlunun çoxillik fəaliyyəti həm jurnalistikaya, həm də ölkəmizin hərb tarixinə müstəsna xidmətin təkrarsız nümunəsidir və bu nümunənin yaranması peşəkarlıqla yanaşı, fədakarlıq da tələb edib. Çıxış edənlər, həmçinin, yubilyarı vətənpərvərliyi jurnalistikada peşə standartı kimi göstərmənin bənzərsiz örnəyi adlandırıblar. 

Sonda çıxış edən Adil İrşadoğlu jurnalist fəaliyyətinə verilən yüksək dəyərə, xoş sözlərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib. 


"525-ci qəzet"

03.11.2023.  



MƏTBUAT ŞURASINDA...

 

Mətbuat Şurasında veteran jurnalist 

Adil İrşadoğlunun 70 illik yubileyi qeyd edilib


Rəşad Məcid Adil İrşadoğluna 

Mətbuat Şurasının diplomunu təqdim edir


Bu gün Mətbuat Şurasında tanınmış veteran jurnalist, uzun illər Azərbaycan Televiziyasında çalışmış Adil İrşadoğlunun 70 illik yubileyi ilə bağlı toplantı keçirilib. Tədbiri giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid rəhbərlik etdiyi qurumda ömrünü-gününü jurnalist peşəsinə həsr etmiş, fədakar əməyi ilə seçilmiş qələm adamlarının həyatındakı əlamətdar günlərin yada salınmasının ənənə halını aldığını bildirib. O, bu ənənənin davamı kimi Adil İrşadoğlunun 70 illik yubiley toplantısının təşkilindən məmnunluğunu dilə gətirib.

R.Məcid A.İrşadoğlunun fəaliyyətində Ağdamın özünəməxsus yer tutduğunu, bu qədim diyarın ecazkar ruhunun yubilyarın yaradıcılığına müstəsna təsir göstərdiyini deyib. Respublikada ötən əsrin 80-ci illərinin sonu – 90-cı illərinin əvvəllərindəki proseslərdən söz açan MŞ sədri bildirib ki, Adil İrşadoğlu imzası həmin dövrdə həqiqətlərin təbliğində, Qarabağın faciə yaşantılarının cəmiyyətə çatdırılmasında müstəsna rol oynayıb. R.Məcid belə bir rolu jurnalistikanın vətənpərvərlik missiyası olaraq dəyərləndirib. Şura sədri A.İrşadoğlunun Mətbuat Şurasının diplomu ilə təltif edildiyini diqqətə çatdırıb və diplomu yubilyara təqdim edib.

MŞ-nin Ahıl Jurnalistlər Məclisinin sədri Tahir Aydınoğlu jurnalistikanı sevən insanların Adil İrşadoğlu işığına toplaşmasını müstəsna qədirbilənlik nümunəsi kimi qiymətləndirib. O, yubilyar qələm sahibini peşənin nüfuzunu qoruyan, təəssübünü çəkən həmkar kimi səciyyələndirən xüsusiyyətlərdən söz açıb, bildirib ki, A.İrşadoğlu Birinci Qarabağ müharibəsinin canlı xronikasını yaratması ilə adını tarixə yazdırıb. Onun müharibə müddətində cəbhə xəttindən hazırladığı çoxsaylı reportajların xalqımızın qəhrəmanlıq ruhunun təbliğində böyük əhəmiyyəti var.

MŞ İdarə Heyətinin üzvü, Bayraqdar Medianın baş redaktoru Azər Həsrət çıxışında bildirib ki, A.İrşadoğlu ötən əsrin 90-cı illərinin, qanlı-qadalı dövrün imzasıdır. “Diqqət yetirək, cənab Prezident də bildirmişdi ki, Qarabağı heç vaxt oranı görməyən 20-22 yaşlı gənclərimiz azad etdi. Bu nə demək idi? O demək idi ki, biz o dövrün yaddaşını qoruya və gənc nəslə çatdıra bildik”, - deyən A.Həsrət əlavə edib ki, 70 yaşı tamam olmuş yubilyar da zəngin fəaliyyəti ilə bilavasitə Qarabağ, doğma yurd yaddaşını daşıyanlardandır.

MŞ sədrinin müavini Səadət Məmmədova, poliqrafçı alim Şəddat Cəfərov, veteran qələm sahibi, naşir-publisist Hacı Mehman Fərzullayev, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının Prezidenti Eldar İsmayılov, “Xalq qəzeti”nin əməkdaşları Zərifə Bəşirqızı və İlqar Həsənov, filologiya üzrə fəlsəfə doktoru Şəfəq Nasir, MŞ-nin Ahıl Jurnalistlər Məclisinin sədr müavini, “Kür” qəzetinin baş redaktoru Əminə Yusifqızı, professor Habil Qurbanov, Milli Qəhrəman Asif Məhərrəmovun (Fred Asif) qardaşı, müharibə veteranı Ədalət Məhərrəmov, yubilyarın tələbə yoldaşı Qəşəngi Əliyeva, Ağdamın tanınmış ictimai xadimi, həkim Tarıyel Eyvazov, operatorlar, vaxtilə yubilyarla birlikdə cəbhə xəttində çəkilişlərdə olmuş Tahir Qarayev və Fikrət Hüseynov, Birinci Qarabağ müharibəsinin veteranı, şəhid atası Hacı Əkbər Rüstəmov, şair-publisist, ictimai xadim Zakir Ağdamlı, veteran jurnalist Mübariz Ağaxanoğlu, jurnalist Ağaşirin Məmmədov, A.İrşadoğlunun uşaqlıq dostları Çingiz Tağıyev və İlham Qurbanov, veteran jurnalist Rafik Kərimov, tanınmış televiziya rejissoru Lətif Abdullayev və başqaları çıxışlarında Adil İrşadoğlunu parlaq düşüncə sahibi, ziyalı, səmimi, qayğıkeş dost və həmkar, gözəl ailə başçısı kimi xarakterizə edən cəhətlərdən söz açıblar. Onlar bildiriblər ki, A.İrşadoğlunun çoxillik fəaliyyəti həm jurnalistikaya, həm də ölkəmizin hərb tarixinə müstəsna xidmətin təkrarsız nümunəsidir və bu nümunənin yaranması peşəkarlıqla yanaşı, fədakarlıq da tələb edib. Çıxış edənlər, həmçinin, yubilyarı vətənpərvərliyi jurnalistikada peşə standartı kimi göstərmənin bənzərsiz örnəyi adlandırıblar.

Sonda çıxış edən Adil İrşadoğlu jurnalist fəaliyyətinə verilən yüksək dəyərə, xoş sözlərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsinin iştirakçısı olmuş Adil İrşadoğlu (Əliyev) 1953–cü il noyabrın 1-də Ağdamda anadan olub. 1972–1977-ci illərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. Dövlət Televiziya və Radio Verilişləri Komitəsində kiçik redaktor, böyük redaktor və şöbə müdiri vəzifələrində işləyib. Qarabağdan azərbaycanlıların sıxışdırılıb çıxarılmasının qarşısını almaq üçün 1989–cu ildə Şuşa şəhərinin teleötürücü stansiyasının nəzdində kiçik studiyanın yaradılmasında və erməni işğalçılarına qarşı əks təbliğatın aparılmasında yaxından iştirak edib. Həmçinin, dövlət televiziyasının hərbi vətənpərvərlik verilişləri baş redaksiyasının təşkilinə və fəaliyyət göstərməsinə əmək sərf edib. Çalışdığı müddətdə 3000–dən çox veriliş hazırlayıb.


Azərbaycan Mətbuat Şurası 

03.11.2023.


31 Ekim 2023 Salı

ÖMRƏ NAXIŞ SALAN İLLƏR

 

Şəfəq Nasirdən yubiley yazısı

TANINMIŞ JURNALİST ADİL İRŞADOĞLUNUN 70 YAŞINA


Şəfəq NASİR
Filologiya üzrə fəlsəfə doktoru


Həyatda bir-birinə bənzəməyən yollar çoxdur. İlk insan ləpirindən başlamış, təkəmseyrək otlarla örtülən cığırlar, enişli-yoxuşlu, daşlı-kəsəkli dolanbaclar, sonsuzluğa uzanan yollar. Məmləkətləri birləşdirən, ayıran yollar... Bir də var hər kəsin özünün açdığı və yaşam boyu yürüdüyü yol - həyat yolu, ömür yolu. Əsas olan da budur ki, açdığın yolda ağıl-kamalla hərəkət edib, çiyninə aldığın yükü mərdanə daşıya biləsən...

Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil aldığım illərdə bizdən 1 kurs aşağıda Adil adlı bir oğlan oxuyurdu. O qədər utancaq, həyalı idi ki, heç vaxt sıyrılıb qabağa çıxmazdı. Yoldaşlarının arasında "gizlənib" gözə görünmək istəməzdi. Əksinə, ən çox dinləməyi, kitablarla ünsiyyəti sevərdi. Nə vaxt görsən, qoltuğunda, əlində kitab, mühazirə dəftəri olardı. Adil muğam sənətinin, ümumən musiqimizin beşiyi sayılan füsunkar Qarabağımızın cənnət məkanlarından olan Ağdamda ziyalı ailəsində dünyaya gəlib. Orta məktəbdə oxuduğu vaxtda əksər qarabağlılar kimi, o da musiqi təhsili almışdı. Üzeyir Hacıbəyov adına Ağdam şəhər Orta İxtisas Musiqi məktəbində tar sinfini bitirmişdi. Amma sənət seçimində yollar ayrıcında qalmadı. Orta məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra kimsəyə demədiyi, açmadığı istəyinin arxasınca Bakıya yol aldı. O zaman gözdə-üzdə olan Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil almaq həyatda ilk ən böyük arzusu idi. Niyyətinə çatdı və bundan sonra bütün həyatını bu paytaxt şəhərə bağladı...

O zaman Bakı Dövlət Universitetdə Hərbi kafedra da fəaliyyət göstərirdi. Adil də Universitetdə təhsil aldığı müddətində hərbi kafedrada dərs alıb və imtahanları müvəffəqiyyətlə verərək motoatıcı vzvod (tağım) komandiri kimi leytenant rütbəsi alıb. Bəlkə həmin vaxt Adilin xəyalına da gəlməzdi ki, nə vaxtsa işğalçı, xəyanətkar ermənilər Qarabağda müharibəyə başlayanda hərbi kafedrada aldığı dərslər karına gələcək, o da cəbhədə qələmi ilə döyüşəcək...

Universiteti bitirəndən sonra hərə öz yoluna davam etdi. Adil təyinatla Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə göndərildi və bildiyimə görə, 25 il Ana Televiziyada fəaliyyət göstərdi. Bundan sonra Adil Əliyevin adını Azərbaycan Televiziyasında efirə gedən verilişlərin titrlərində gördük. O, televiziya jurnalistikasında mükəmməl təcrübə qazandı. Xatırladım ki, bu məkanda işlədiyi müddətdə Adilin 3 minə yaxın süjeti, verilişi efirə gedib. Bu verilişlərin hər biri həyatımızın müxtəlif sahələrindən bəhs etməklə yanaşı, vətənpərvərlik, işğalçı ermənilərin xalqımıza qarşı etdiyi cinayətlərin ifşası, cəbhədə vuruşan igidlərimizin, şücaəti, torpaqlarımızın azadlığı uğrunda canını fəda edən, şəhidlik məqamına ucalan oğullarımızın qəhrəmanlığı onun aparıcı mövzularından olub. Gördüyü işlərə məsuliyyətlə yanaşması, zəhmətlərə qatlaşması Adilin sənətinə bağlı olduğunu göstərirdi...

1988-ci ildə işğalçı ermənilər təxribatlar apararaq, İrəvanda soydaşlarımızı doğma yurdlarından zorla qovub çıxartdılar. Bundan sonra düşmənin təxribatları artdı. Dağlıq Qarabağda (indi Qarabağ) yaşayan ermənilər də ixtişaşlar yaradıb, fitilə od vurdular. Belə bir vaxtda, 1989-cu ildə Adil Azərbaycan Dövlət Televiziyasından könüllü olaraq Şuşaya ezam edildi. İndi onun səsi Şuşadan eşidilməyə başladı. Həmin vaxt Adil Şuşa şəhərinin teleötürücü stansiyanda çəkiliş qrupu ilə birgə yaratdığı kiçik studiyadan Azərbaycanın 20 rayonuna veriliş yayımlayırdı. Daşnaklarla rus birləşmələrinin separatçı təbliğatına qarşı əks təbliğatların aparılmasında xüsusi fəallıq göstəriridi.


Adil İrşadoğlu (Əliyev) 
Qocaman televiziya və qəzet jurnalisti,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1980),
1-ci Qarabağ Müharibəsinin iştirakçısı (1988-1996).

Birinci Qarabağ müharibəsi başlandı. Adil Əliyev müharibənin şiddət aldığı, alovlandığı illərdə Qarabağın digər ərazilərində çəkiliş qrupu və həmkarları ilə birlikdə gecə-gündüz bilmədən cəbhənin bir çox bölgələrində əsgər paltarında səngərlərdə döyüşçülərlə görüşüb, onlardan müsahibə götürürdü. Necə deyərlər, odun, alovun içində vaxt itirmədən gördüklərini operativ şəkildə qələmə alırdı. Əsgər və zabitlərin mübarizlik ruhundan duyğulanaraq, yazdığı xəbər, müsahibə, reportaj xarakterli mətnləri unikal kadrların fonunda xalqa çatdırırdı. Adil Əliyev Az.TV-nin Birinci Qarabağ müharibəsi arxivinin yaradılmasında da yaxından iştirak edir. Televiziyada hərbi vətənpərvərlik verilişləri baş redaksiyasınn təşkil olunmasında, fəaliyyət göstərməsində də Adilin  zəhməti danılmazdır...

Adilin feysbuk səhifəsində özünə ünvanladığı belə bir ritorik sualı yer alıb: Sən kimsən, Adil İrşadoğlu? Cavabında, doğum tarixindən başlamaqla, keçdiyi həyat yolu haqqında məlumatları açıqlayıb. Bəlkə də onun səhifəsində yazdığı bu xronikal məlumatlar kimlərəsə adi görünər, çünki bu təqdimat, bilgi tərcümeyi-hal xarakterlidir. Amma fərqli detallar, böyük bir nəslin yaşam tarixində nəzərə çarpan xüsusiyyətlər, həyat amallarını ifadə edən xarakterikcizgilər məndə böyük maraq doğurdu. Adil doğulduğu Ağdamda köklü, qollu-budaqlı şəcərəsinin Azərbaycanda yerini və rolunu, mövqeyini səmimiyyətlə açıqlayıb. Atası, uzun zaman dövlət orqanlarında məsul vəzifələrdə işləmiş İrşad Əliyev Qarabağ xanı Pənahəli xanın əqrabası olan görkəmli yazıçı Süleyman Sani Axundovun nəslindəndir. Bu kökdən rişələnmiş kübar, ziyalı şəcərənin hər bir nümayəndəsi, dövlət qulluğunda yüksək vəzifələrdə çalışan insanlar öz borclarını ləyaqətlə yerinə yetirmişdilər. Onlar çalışdıqları sahələrdə xalqa, dövlətçiliyə sədaqətlə xidmətləri ilə Vətənə öz töhfələrini vermişlər. Bütün bunları məhəbbətlə qələmə alan Adil belə bir nəslin övladı olduğundan qürur duyur.

Yeri gəlmişkən, indi ictimaiyyətin böyük əksəriyyəti sosial şəbəkədə öz səhifəsini yaradıb, necə deyərlər, tribunalarını qurublar. Cəmiyyətdə baş verən siyasi-ictimai hadisələr, ədəbi, mətbu yaradıcılıqları, şəxsi həyatları ilə bağlı paylaşımlar edirlər. Əslində hər kəsə açıq olan sosial şəbəkə şəffaf bir aynadır. Hamı bu aynada aydın görünür. Müxtəlif təbəqədən fərqli düşüncəli insanların olduğu bu auditoriyanın sərhədi böyükdür. Bəziləri bu meydanda olmağı bir hobbi, boş vaxtlarını yol verdikləri məşğuliyyət kimi qəbul edir, yaxud, "mən də varam" prinsipilə gərəksiz mövzular, bəsit düşüncələrlə paylaşım edirlər. Mənim nəzərimdə sosial şəbəkə geniş diapazonda sosial cəmiyyətdir. Sosial şəbəkədə yer alırsansa, olduğun kimi görün. Burda paylaşım edənlər, məlumat, xəbər lentlərini izləyən və oxuyanlar minlərlədir.

Adil İrşadoğluna gəlincə, onun bu geniş miqyaslı auditoriyada məramı, mövqeyi aydın, özünəməxsus, məzmunlu və birmənalıdır. Adil gündəmə gələn hadisələrə özünün prinsipial mövqeyini bildirir, eyni zamanda cəmiyyətdə gedən prosesləri, siyasi-ictimai motivli çıxışları düzgün şərh edən mətnləri də səhifəsində paylaşır. Yaşadığımız cəmiyyətdə Vətən, Torpaq, İnsan amili onun sosial baxışında, ictimai şüurunda, mənəviyyatında başlıca yer tutur. Bunlar onu deməyə imkan verir ki, Adil İrşadoğlu vətəndaş olaraq, hər zaman ictimai-siyasi hadisələrin içərisindədir, təbəddülatlı fikirləri baxış süzgəcindən keçirir və onları doğru mövqedən şərh edir. Dövlətin, xalqın təəssübünü çəkməyi bir vətəndaş olaraq mənəvi borcu, vicdan işi hesab edir...

Qarabağın işğaldan azad olunması, ondan sonrakı hadisələr, dağıdılmış kənd və şəhərlərimizdə aparılan quruculuq işləri, infrastrukturun yaradılması, rahat yolların çəkilməsi o yerlərdə həyatın yenidən dirçəldiyini göstərir. Qarabağlılar evlərinə qayıdıb həyatlarına davam edirlər. Bütün bunlar xalqın ruhunu dirçəldir. Hər kəs bu qayıdışı, bu dirçəlişi sevinclə qarşılayır. Bu illər ərzində, həm də 44 günlük Vətən savaşının gedişində yaşadığı ağrı, həyəcanlar, qələbə sevinci, qürur hissi Birinci Qarabağ müharibəsinin qazisi Adili bir başqa cür duyğulandırır.

Adil İrşadoğlu Əliyevin əmək fəaliyyətinə nəzər salanda işində diqqətli, operativ, işgüzar və məhsuldar bir insanın, peşəkar jurnalistin keçdiyi həyat yolu göz önünə gəlir. Hələ Azərbaycan Televiziyasında işlədiyi zamandan dövri mətbuatda çıxş edən Adil müxtəlif vaxtlarda "Yeni dünya", "De fakto", "Çempion", "Sara - Ekspres", "Olaylar", "Şans", "Novıy mir", "Əlillər", "Azad Qarabağ" kimi qəzetlərdə məsul vəzifələrdə işləyib. Teleşirkətdə işlədiyi 25 il müddətində hazırladığı verilişlərə görə bir çox təşkilatların hərbi hissə komandirləri tərəfindən təqdim olunan medallar, Fəxri Fərmanlarla mükafatlandırılıb. 2018-ci ildə əsgər və zabitlərimizin igidliyindən bəhs edən silsilə verilişlər hazırladığına, daim qazilərə mənəvi dəstək olduğuna görə "Qarabağ qaziləri", "Vətən Müharibəsi Əlilləri" kimi ictimai birliklər tərəfindən fəxri diplomla təltif olunub.

Adil İrşadoğlu ictimai əsaslarla vətənpərvərlik mövzusunda fəaliyyət göstərən ilk internet televiziyanın - "İrşad" Teleradio Verilişləri, Sənədli və Bədii Filmlər Kompaniyası" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru və Jurnalist Müharibə Veteranları Assosiasiyası sədrinin birinci müavini vəzifəsində çalışır. O, qüdrətli Azərbaycan, böyük Türk dünyası və Turançılığa gedən yolda fədakarlıq nümayiş etdirir.

Adil keçmişinə bağlı olan, nəsli, nəcabəti, şəcərəsi ilə qürur duyan insandır. Vətən sevdalısı Qarabağı, doğulduğu Ağdamı, Bütöv Azərbaycanı canı qədər sevir. O, Vətəninə, xalqına sədaqəti, xidməti böyüklərindən əxz etdiyi nizamla, məhəbbətlə davam etdirir. Demək, öz yaşam tarixlərində Vətənə, millətinə xidmət edən soykökü ilə qürur duymaq onun halal haqqıdır...

Bu gün Adil İrşadoğlu şərəflə yaşadığı illərini yola salaraq 70-in zirvəsində qərar tutub. Kimlər üçünsə bu, artıq qocalığa gedən yolun başlanğıcıdır, ahıllıq çağıdır. Mənsə, bu yaşın timsalında uzun yollar yolçusunun yaşadığı ağrıları, çətinlikləri, torpaqlarımızın işğaldan azad olacağı intizarı ilə yaşadığı günlərin acısını dadan, qələbənin sevinci, zəfərimizlə ruhlanan, gəncləşən bir vətəndaşın, bu şanlı tariximizə sözü, qələmi ilə öz töhfəsini verən qürurli Adamın işıqlı obrazını görürəm. Yubiley yaşın mübarək olsun, Adil İrşadoğlu...


"525-ci qəzet"
Bakı, 31.10.2023-cü il.