17 Ekim 2018 Çarşamba

İLLƏR ÖMÜRLƏRİN SONU DEYİLDİR, İLLƏR ÖMÜRLƏRİN SAHİLLƏRİDİR


Elmira Mehdiyeva. 
“Zaqatala” qəzetinin redaktor müavini, 
Əməkdar Mədəniyyət İşçisi.

                                                  
     Biz istəsək də, istəməsək də hər ötən il ömrümüzdən bir yarpaq düşür. Bu həyatın qanunudur. Gənclik illərində, hələ hər şeyin qabaqda olduğunu düşündüyümüz vaxtlarda bunun fərqinə varmırdıq.  Elə ki insan  bəlli bir yaşa gəlib çatır, dərk edir ki, həyatda bir arxada qoyduğun illər var, bir də bu gün. Bir saat sonra nə olacağı hələ heç kimə bəlli deyil. Lakin həyat fəlsəfəsi belədir ki, sonranı düşünmədən, sabah üçün şirin xəyallar qurmadan yaşaya bilmirsən.

     Bir zamanlar, keçən əsrin 70-ci illərində bizlər də respublikamızın ən müxtəlif guşələrindən gəlib Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakultəsində təhsil alırdıq. Amalımız bir, məqsədimiz bir olduğu üçün çox tez bir- birimizə qaynayıb qarışmışdıq. Təkcə eyni kursun, eyni qrupun tələbələri deyil fakultənin bütün tələbələri arasında səmimi bir münasibət, salam-kalam var idi. Bəlkə də buna səbəb fakultəmizin Universitetin əsas binasında yer olmadığı üçün ayrıca binada, Yefim Saratov  (buna öz aramızda Yetim Saratov deyərdik) küçəsində mütəvazi bir binada yerləşməsi idi. Müəllimlərimiz də bizimlə çox səmimi idilər. Fakultəmizdə demokratik bir əhval-ruhiyyə var idi. Bax, elə o illərdə Adillə bir qrupda oxumasaq da tələbə yoldaşı idik. Tələbələrimiz arasında olan bu münasibətlər bu günə qədər davam edir və mən deyərdim ki, jurnalistika fakultəsi bizə yalnız təhsil verməyib, bizə gözəl dostlar qazandırıb. Elə dostlar ki, o dostluqda təmənna yoxdur, o dostluqda sədaqət var, hörmət var, qarşılıqlı ehtiram var. Adil qardaşımla da bizim dostluğumuz bax belə bir təməl üzərində qurulmuşdu.

     İş elə gətirdi ki, bizim hər ikimiz Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində (80-90-cı illərdə belə adlanırdı) işimizi davam etdirməli olduq. Mən radionun Zaqatala bölgəsi üzrə təmsilçisi idim, Adil isə televiziyada çalışırdı. Tez-tez rastlaşır, hal-əhval tuturduq.

     Və 90-cı illər. O illər ki, üzümüzdən sevinci sildi, düşüncələrimiz paramparça oldu. Qarabağda savaş gedirdi. Süfrəmizin başında oturtduğumuz ermənilər öz havadarlarının dəstəyi ilə məkrli siyasətlərini mərhələ mərhələ həyata keçirirdilər. Belə günlərin birində Adillə rastlaşdım. Çox kədərli idi. O, Televiziyanın “Hərbi Vətənpərvərlik və Salnamə Baş Redaksiyası”nda çalışırdı və Qarabağ döyüşlərinin ən qaynar nöqtələrindən çəkilişlər edir, verilişlər hazırlayırdı. Şəhidlərimiz haqqında süjetlər çəkirdi. “Mənimçün çox ağırdır”, - dedi. “Doğulub boya-başa çatdığım yerlərin darmadağın edilməsinə, igid oğullarımızın şəhid olmalarına dözə bilmirəm.  Ağdama nə qalıb ki. Amma bu tarixi kadrları çəkmək bizim borcumuzdur. Çəkdiklərimizin isə onda biri efirə getmir”.

     Adilin qara saçları arasınsa elə bu vaxtı ağ tellər gördüm. “Mən Ağdama getmişdim, dedim. Muğanlıda, Papravənddə oldum. Cəbhə xətti artıq bir addımlıqdadır. Orada Zaqatala batalyonunun döyüşçüləri vuruşurlar. Onlardan radio üçün silsilə verilişlər  hazırlamışam. Ağdam şəhər 1 nömrəli məktəbdə yerləşən qospitalda yaralı döyüşçülərdən müsahibə aldım.”  Bunu dediyim vaxt Adil dərindən ah çəkdi və dedi: Bilirsən Elmira, mən həmin məktəbi bitirmişəm. Mənimçün çox ağırdır.

     Bəli, Adil üçün o illər çox ağır idi. Lakin ən ağırı Ağdamın da işğalı oldu. Ağdamda onun doğmalarının qəbirləri qaldı, Ağdamda Adilin uşaqlığı qaldı, xatirələri qaldı, vətəni qaldı. Onun sızlayan qəlbi bu günə qədər təsəlli tapmayıb. İllər Adildən bax du dəyərli sərvətləri aldı getdi. Onun ürəyini sızlatdı, qəlbini inlətdi. Bu sızıltı, bu inilti heç susmadı.
Adil Qarabağ dərdi ilə yaşadı. 1994-cü ilin yazı idi. Adillə televiziyanın həyətində yenə rastlaşmışdıq. “Fikirli görsənirsən, bacım, - dedi. Hə, Adil, bir az qayğılıyam,- dedim. Bilirsən, Zaqataladan Füzuli istiqamətində döyüşlərdə bir qızımız qəhrəmancasına şəhid olub, Sədaqət Rəcəbova, Şəhidlər xiyabanında uyuyur. Bir azdan şəhid olmasının bir ili bitir.İstərdim ki, onun haqqında sənin verilişində bir süjet getsin. Adil cəld cavab verdi,- burda çətin nə var ki, mən hazır.” Biz birlikdə şəhidlər xiyabanına getdik və Sədaqətin qəbrinin üstündə ilk süjeti çəkdik.

     Mən Zaqatalaya qayıtdım. Bir həftə keçmədi ki, Adil "Vətən Səyyar Briqadası” ilə Zaqatalaya gəldi. Bu o vaxtlar idi ki, Zaqatalada axşamlar demək olar ki, işıq olmurdu. Lampa işığında keçinirdik. Həyat yoldaşım (o da bizim jurnalist həmkarımızdır və fakultəmizin məzunudur) Adilgili heç yana getməyə qoymadı. “Evimizə nə gəlib ki, ürəyimiz geniş olsun, - dedi.”  Səhər Sədaqətin doğulub boya-başa çatdığı ucqar dağ kəndinə, Sabunçu kəndinə anası və ailəsi ilə görüşmək üçün yolçuluğumuz var idi. O axşam süfrə arxasında, lampa işığında nələrdən danışmadıq. Adilin operatoru Tahir Qarayev idi. O Tahir ki, Adil sonralar onun haqqında yazırdı: “QARABAĞ SAVAŞINDA MƏNİMLƏ BİRGƏ QANLI HADİSƏLƏRİN ŞAHİDİ OLAN VƏ O HADİSƏLƏRİ VİDEO LENTƏ KÖÇÜRÜB ONLARI TARİXİLƏŞDİRƏN, QARABAĞI VƏ DİGƏR TORPAQLARIMIZI, EYNİ ZAMANDA UŞAQLIQ DOSTU JURNALİST ADİL İRŞADOĞLUNU CANINDAN ARTIQ SEVƏN VƏ ONU DAİM DÜŞMƏN GÜLLƏSİNDƏN QORUYAN REPORTYOR, TELEOPERATOR TAHİR QARAYEV”. Tahir müəllimin necə vətənpərvər oğul olduğunu, Adilnən birlikdə bu savaşı kino lentinin yaddaşına necə çətinliklə, düşmən gülləsinə sinə gərərək köçürdüyünü, tarixi kadrların bir çoxunu hətta gələcək üçün gizlətmək məcburiyyətində qaldıqlarını öyrəndikcə gələcəyə inamımız artırdı. Həmin günlərin xatirələrini Adil özü də tez-tez yada salır. Bəlkə də bunları yazmaqla məqsədimdən bir qədər uzaq düşmüşəm, amma belə düşünmürəm. Bütün bunlar bu gün 65 yaşını qeyd etdiyimiz Adil İrşadoğlunun şərəflə, ləyaqətlə keçdiyi ömür yoludur. Onun xarakter xüsusiyyətlərini, sözü bütövlüyünü, vətənpərvərliyini, dostluğunu, Azərbaycançılığını göstərən həyat cizgiləridir.

     İllər gəlib keçsə də, həyatımızı dəyişsə də Adil dəyişməyib. Nə qədər ki, Qarabağ işğaldan azad olmayıb onun qəlbi sakitlik tapmayacaq. Bu gün Adil öz savaşını İrşadoğlu kimi “İrşadTV”-də aparır. Orada öz sözünü deyir: ” 22 İLDƏN ÇOXDUR Kİ, NƏ YEDİYİMİ, NƏ İÇDİYİMİ BİLMİRƏM. ELƏ HEY DƏQİQƏLƏRİ, SAATLARI, GÜNLƏRİ, AYLARI, İLLƏRİ SAYMAQLA PROBLEMLƏR İÇƏRİSİNDƏ ÖMÜR KARVANIMLA GƏLİB AHIL YAŞIMA ÇATDIM. HƏLƏ DƏ VƏTƏNDƏ VƏTƏNSİZ YAŞAYIRAM.
SƏN DEMƏ ÜZÜM BƏRK İMİŞ. DÖZÜRƏM BU AYRILIĞA, HƏSRƏTƏ, İZTİRABA... GÖZLƏRİM DAİM YOLLARA DİKİLİ QALIB. ƏZİZLƏRİM ÜÇÜN ÇOX DARIXIRAM. ÖLKƏ BOYU PƏRƏN-PƏRƏN DÜŞMÜŞ ELLİLƏRİMİN, QOHUMLARIMIN HƏSRƏTİ MƏNİ ÜZÜR. ÜRƏK XƏSTƏSİ OLMUŞAM. BAX, BUNLARA GÖRƏ, QƏLBİM DAİM SIZLAYIR...”

     Bir az da döz, Adil qardaşım. O gün gələcək, o gün ki, Mehdi babandan miras qalmış milli Qarabağ atlarını minən qəhrəman oğullarımız bizi Qarabağa aparacaq. Qarabağ bizim olacaq. Bax onda sən ömrünün gözəl sahilinə, cənnətməkan Qarabağa yan alan illərin gəmisində olacaqsan. Sənə o illərə yetişməni arzu edirəm.

TAR, QƏLƏM, SİLAH, KAMERA VƏ... ADİL İRŞADOĞLU


Məzahir Süleymanzadə. 
Yazıçı-jurnalist, Əməkdar Mədəniyyət işçisi, 
Ali Media mükafatı laureatı.


 ...Tələbəlik illərimi tez-tez xatırlayıram. Bizim xoşbəxtliyimiz onda idi ki, hansı kursda oxumasından asılı olmayaraq hamı bir-birini yaxşı tanıyırdı. Fakültəmizin məskunlaşdığı Yefim Saratov küçəsindəki balaca, bir-neçə otaqlı ağ binada o qədər doğmalıq, o qədər səmimiyyət var idi ki...Hələ mən buradakı yaradıcılıq mühitini demirəm. Özü də söhbət təkcə jurnalist yaradıcılığından getmir. Fakültəmizdə gözəl səsi, ifaçılıq qabiliyyəti, rəssamlıq bacarığı olan o qədər tələbə var idi ki...

     Onları xatırlayanda ilk növbədə Adil İrşadoğlu, Mustafa Çəmənli, Ağamalı Sadiq Əfəndi, Xavər Abbasova, Rafiq Hacıyev, Abdulla Məcidov, Cəlal Yaquboğlu...yadıma düşür. Hətta tələbələrimiz dahi Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasını tamaşaya da qoymuşdular. Əlbəttə, bizdən iki kurs yuxarıda oxuyan Adil İrşadoğlu bədii özfəaliyyətdə xüsusi fəallığı ilə seçilirdi. Ağdamda müsiqi təhsili almışdı, muğamlarımızı, xalq mahnılarımızı məharətlə ifa edirdi. Tələbə-xanəndələri müşayiətinə isə söz ola bilməzdi. Məşq zamanı küçədən keçənlər ayaq saxlayıb tələbələrimizin ifasını dinləyərdilər. Əlbəttə, Adilin fəallığı, təşkilatçılıq qabiliyyəti fakültəmizin nüfuzunu artırmışdı. Bizim tələbə-müsiqiçiləri tez-tez başqa institutların tədbirlərinə qonaq çağırardılar...

     Adil İrşadoğlu fakültəmizi məndən iki il əvvəl bitirib Azərbaycan Milli Televiziyasına işləməyə getdi. Amma bu, bizi ayırmadı. O zaman mən "Televiziya Tələbə Klubu" verilişinin aparıcısı idim. Adillə tez-tez görüşürdük. Adil İrşadoğlu tez tanındı, ad-san qazandı. Televiziya mütəxəssisləri arasında adı hörmətlə çəkilirdi...Amma biz Qarabağ müharibəsinin ilk illərində Adili daha yaxından tanıdıq. Səsi daim səngərdən gəlirdi. Düşmənə qarşı həm kamera, həm də silahla döyüşürdü...Hər dəfə Adili ekranda görəndə onun peşəkarlığına heyran qalırdıq. Adilin çəkdiyi süjetlər, cəbhə bölgəsindən hazırladığı reportajlar bu gün də aktuallığını itirmir.

     Adil İrşadoğlu bir müddət televiziyadan ayrılsa da öz sevimli peşəsindən - jurnalistikadan uzaqlaşmadı. O dövrün nüfuzlu qəzetlərində çalışdı, sənədli filmlər çəkdi, ordu quruculuğunun ilk illərinin salnaməsini yaratdı. Sosial şəbəkə istifadəçiləri bu gün də Adilin çəkdiyi süjetlərə maraqla baxır, onun xatirələrini oxuyurlar. 

     Adil İrşadoğlu yaradıcılığı gənc jurnalistlərə örnəkdir. O, sözün həqiqi mənasında canlı məktəbdir. "Vətən" sözü dilindən düşməyən, Ağdam həsrəti qəlbini dəlib-deşən Adil İrşadoğlu gecə-gündüz çalışır, salnamə yaradır...

     Bu yaxınlarda həmişə adını hörmətlə çəkdiyimiz, yaradıcılığına ehtiramla yanaşdığımız Adil İrşadoğlunun 65 yaşı tamam olacaq. Biz onu yubileydən-yubileyə yox, hər gün hörmətlə yad edirik, çəkdiyi filmlərə təkrar-təkrar baxmağa, səsini eşitməyə ehtiyac duyuruq. Torpaq, yurd həsrəti ilə yaşayan həssas qəlbli yaradıcı adama nə arzulamaq, onu necə ovundurmaq olar...Tələbəlik dostuma can sağlığı, uğurlar diləyirəm, onu kamera çiynində tezliklə doğma Ağdam küçələrində görmək istəyirəm...

16 Ekim 2018 Salı

DÖYÜŞLƏRDƏN KEÇƏN ÖMÜR YOLU


Zərifə Bəşirqızı 
(Namazova-Hüseynova). 
“Xalq qəzeti”nin müxbiri.


     Özəl insan, cəsur və fədakar dost insan həyatında bir, ya iki olar. Mənim tələbə yoldaşım, birinci Qarabağ müharibəsinin başlandığı vaxtdan bəri bir çox hadisələri videolentə köçürüb verilişlər hazırlayan, tay-tuşlarının böyük əksəriyyəti Bakıda, isti yorğan altında xumarlananda gününü cəbhə bölgələrində keçirən istedadlı, təcrübəli, telejurnalist Adil İrşadoğlunun (Əliyev) dostları isə  mən deyərdim ki, saya hesaba gəlməz... 

     Adil tələbəlik illərində istər tərbiyəsi, istər təhsilə marağı, istər mədəni-kütləvi tədbirlərdə fəallığı, istərsə də sadəliyi ilə seçilirdi. Şəxsən mən son kurslara yaxın bildim ki, bizim sadədən sadə dekan müavinimiz Akif Rüstəmov onun doğmaca dayısıdır. Fakültədə onların dayı-bacıoğlu münasibətindən əsər əlamət yox idi. Başqa tələbələr kimi o da gəncliyin bütün maraqlı günlərini yaşayırdı. Gözəl tar çalmağı vardı. Fakültənin bayram şənliklərində tarı köksünə sıxıb ruhumuzu yerindən oynadırdı. 

     Universitet illərini arxada qoyduq. Xoşbəxtlikdən həmin il bizim kursun əksəriyyətinə Bakıda qalmaq şansı yarandı. Həm yeni açılan “Yazıçı” nəşriyyatına, həm qəzetlərə, həm də  Televiziya və Radio Verilişləri Şirkətinə təyinatla göndərilən tələbə yoldaşlarımızla əlaqə kəsilmədi.

     Adilin həyatının hansı dönəminə nəzər salsaq, onu dost, həyat yoldaşı, ata, baba, həmkar, vətəndaş kimi şox yüksək dəyərləndirmək olar. Çünki o, harada hansı statusu icra etməsindən asılı olmayaraq həmişə ləyaqətini qoruyub, sözübütövlüyü ilə seçilib. Həmişə özü olub, kimsəyə bənzəməyə şalışmayıb, kimsənin tapdanmış cığırı ilə irəliləməyib. Mərddir, cəsurdur, Vətən üçün canını “uf” demədən verməyə hazır olan və damarlarında ulularının genini daşıyan Adil İrşadoğludur.  Adil haqqında yazılanlara nəzər saldım. Onu yeniden kəşf etdim desəm, səmimiyyətimə inanın. 

     Adilin həyat yolu döyüşlərdən keçib desəm, səhv etmərəm. Çünki bir çox həmkarlarımız “Qarabağ Müharibəsi Veteranı” adı almaq üçün cəbhənin yanından keçəndə, Adil gecə-gündüz cəbhə bölgələrini gəzirdi. Onun səsi “Vətən Səyyar Briqadası” ilə gah Ağdam, Tərtər, Füzuli, gah Ağcabədi, Beyləqan, gah da Hərbi Hospitallardan gəlirdi. “Azərbaycan əsgəri” rubrikası altında yaradıcı qrupu ilə Kəlbəcərin, Şuşanın, Laçının, Goranboyun, Tərtərin, Ağdam və Füzulinin müdafiəsindən çəkilişlər aparırdı. O müharibədə Adilin gözləri nələr gördü, efirlərdən dinləyicilərə hansı xəbərləri çatdırdı, özü bilir. Yəqin ki, onun sinəsində hələ də qatı açılmamış xəbərlər var. Zamanı gələndə açacaq. İllər o illər idi ki, insanların döyüş ruhunu öldürürdülər. Bu Adili çox ağrıdırdi. Dözə bilmirdi, intihar həddinə çatdırırdı. Amma susmaq lazım idi. Çünki hələ o zaman Prezidentin Dağlıq Qarabağ və sərhəd rayonlarında fövqəladə və səlahiyyətli nümayəndəsi Əlisaab Orucovun birinci müavini, əsil el ağsaqqalı, böyük hörmət sahibi Aydın Quliyev müharibənin beş addımlığında ona demişdi: ”Sən İrşadın oğlusan. El-oba qədrini bilənsən. Ona görə Bakıdan bura gəlmisən. Ancaq ehtiyatlı ol, efirə hər bildiyin şeyi vermək olmaz. Milyonlarla insan baxır...”.   Soy - kökü Ağdamın Sarıhacılı və Seyidli kəndlərindən olan, Qarabağ xanı Pənah xanın əqrabası sayılan, Azərbaycanın görkəmli yazıçısı Süleyman Sani Axundovun nəslindən olan, rəhmətlik atası İrşad Məhəmməd oğlu Əliyev uzun müddət dövlət məmuru olub, polis orqanlarında işləyib. El-obanın tanınmış ağsaqqalı, ziyalısı, sayılıb-seçilənlərdən olub. Əmim - Bakı Milis Məktəbinin (indiki Polis Akademiyası) rəisi, polkovnik  Zilli Rzayev ilə yaxın dost olublar. Adil söhbət edirdi ki, Bakı Şəhər İcra Hakimiyyətində yeniyetmələrlə iş üzrə komissiyanın sədrindən (əmim ehtiyata buraxılandan sonra bir müddət BŞİH-də, sonra isə Bakı Şəhər Veteranlar Şurasının sədri işləyib) müsahibə almalıydım. Zilli müəllimlə söhbətdən sonra haralı olduğumu soruşdu. “Qarabağlı” sözünü eşidən kimi -“sən İrşadınmı oğlusan, oxşatdım”, - deyə məni bağrına basdı. Ona görə Adil mənə əmiqızı deyə müraciət edir, deyir ki, necə olub, tələbə vaxtı sən əminin kim olduğunu deməmisən, səni o vaxtdan əmiqızı çağırardım.

     İlk dəfə cəbhəyə gəldiyi günlər sanki yer-göy guruldayır, hər tərəfdən od yağırdı. "Alazan" raketlərinin qorxulu səsi yayıldıqca istər-istəməz insanlar vahimələnirdi. Adil çəkiliş qrupu ilə Ağdamın Güllücə kəndində ermənilər tərəfindən mühasirəyə də düşmüşdü. Bölmə komandirinin bir az həyəcanlı:
- Bizimkilər hücuma keçib mühasirəni yardılar, - deyə qışqırması onu dərin düşüncələrdən ayırmışdı. 
Adil ailəcanlı adam olsa da ön cəbhədə hər şeyi unudub. Onun fikrində, düşüncəsində yalnız cəbhə bölgəsində səksəkə içərisində yaşayan insanların məhzun baxışları və titrək səsləri canlanıb... Öz ata-baba yurdunda, doğma isti ocağında qorxu içində yaşamaq, narahat ömür sürmək heç də asan deyildi.
Oddan-alovdan keçən tələbə yoldaşım, çəkdiyi video-lentlerlə təkcə Azərbaycanı dəqiq informasiyalarla təmin etməyib. O, həm də düşməni ifşa edən süjetlərlə əks tərəfə sarsıdıcı zərbə endirib. 
O, bu gün də yazır, yaradır, Facebook sosial şəbəkəsi vasitəsilə ürəyindən keçənləri çatdırır. Adilin saçları da vaxtından tez ağardı. Elə bil, bu ağ saçları Vətənin işğalda olan torpaqlarının dərdi əkdi onun başına.

     “Özümdən asılı deyil. Birdən o günlər üçün darıxıram. Yaşamaq, yaratmaq eşqim hələ tükənməyib. Yaxşı ki, bu internet var. Yaxşı ki, dostlarım var. Bir az ürəyimi boşaldıram. Ancaq bu, kifayət etmir. Mənə meydan lazımdır. Onu da ki, əlimdən alıblar. Yəqin ki, o da düzələr...”, - deyir televiziyanın xiffətini çəkən Adil.

     Bu gün mən keçmiş tələbə yoldaşım kimi tanıdığım Adil İrşad oğlu Əliyev haqqında nə deyə bilərəm...

* Adil ləyaqətli övladdır. Dünyadan köçən ata-anasını, qardaşını, yaxınlarını unutmur, onları həmişə xoş paylaşımlarla yad edir, ruhlarını sevindirir.
* Adil yaxşı babadır. Öz təbirincə desək “nəvəsi Ayan xanımla” nəfəs alır, onun hər addımı Adil İrşadoğlunu həyata sıx bağlayır...
* Adil yaxşı dostdur, bunu Facebook sosial şəbəkəsindəki paylaşımları, dostlarının onun haqqındakı fikirləri də təsdiq edir. Tək birini xatırladım: ”Qardaş, ürəyindən həmişə razı qalasan, ayaqların səni istədiyin yerə maneəsiz aparsın, əllərin gücdən, gözlərin nurdan, dişlərin kəsərdən düşməsin! Allah səni ... səni sevənlər üçün qorusun və sağlam, gümrah yaşatsın”!
* Adil yaxşı valideyndir. İki tərbiyəli, təhsilli, bacarıqlı oğul atasıdır. 
* Adil İrşadoğlu (Əliyev) bütün yüksək ali dəyərlərə, zəngin mənəvi keyfiyyətlərə, alicənablığa və ləyaqətə malik əsil türkdür. 

     Fikirlərimi indi 65 yaşı tamam olan Adilin böyük oğlu Fərhad Əlizadənin 5 il öncə atasının yubileyində ona ünvanladığı, facebook səhifəsində paylaşdığı, nöqtə-vergülünə toxunmadığım  təbriklə yekunlaşdırıram. Görün, mənim tələbə yoldaşımın əsil vətəndaş kimi yetişdirdiyi övladı atasını necə dəyərləndirir: “Azərbaycan Respublikasının tanınmış jurnalisti, millətimizin dəyərli övladı, əsilli-köklü, orijinal və təvazökar insanı, Böyük Türk Dünyasına hizmətlər yapmaqdan zövq alan vətənpərvər insan Adil İrşadoğlunun (Əliyevin) 1 noyabr 2013-cü il tarixində 60 yaşı tamam olur.
Canım Ata, səni ailəmiz adından doğum günün münasibətilə təbrik edirəm. Gördüyümə, bildiyimə, oxuduğuma və eşitdiyimə görə sən çox cəfakeşsən. Kamil və mükəmməl bir insansan. Olduğun kimi görünən insansan. Etdiyin yaxşılıqların qarşılığını gözləməyən insansan. Sadəsən. Sadəlövh deyilsən. Xeyirxahsan. Düşmənə qarşı barışmazsan.
Əziz Ata, sən həm də xalqın əsil oğlusan. Hər bir addımında, hər bir əməlində xalqını düşünərək hərəkət etmisən və edirsən. Dövlətimizə sadiqsən. Müstəqillik sənin üçün hər şeydən əzizdir. Səni həmişə müstəqil və əziz olasan. Sən bu xalq üçün nələri etməmisən... Bacardığını, əlindən gələni əsirgəməmisən. Çox təəssüf ki, buvaxtadək çəkdiyin əziyyətin dövlət səviyyəsində qarşılığını görməmisən. Erməni separatizmi Qarabağda və Azərbaycanın digər sərhəd bölgələrində baş qaldırıb təxribatlar törətdiyi, müstəqilliyimizə zərbələr vurduğu illərdə sən bu xain qonşuya - erməni daşnaqlarına qarşı dəyərli əks təbliğat işi görmüsən və indi də görürsən. Birinci Qarabağ müharibəsi illərində ailənin yanında isti yorğan - döşəkdə yatmağı yox, cəbhəni, bu gün şəhidlik zirvəsinə ucalmış insanların yanında olmağı üstün tutmusan və həyatını təhlükəyə ataraq səngərlərdən geri çəkilməmisən. Kişi adamsan. Qeyrətinə qurban olum.
Hörmətli Ata, sən o qədər Vətən, Millət xəstəsisən ki, onların naminə ailənin, qohum - əqrabanın, əzizlərinin mənafeyini unutmaqdan belə çəkinmirsən. Sənin üçün Vətənin, Millətin mənafeyi hər şeydən üstündür.
Bütün bunlara görə, səni çox sevirəm mənim sevimli atam. Ailəmizin sənsiz bir günü olmasın. Sənə birinci növbədə can sağlığı, uzun və mənalı ömür arzulayıram. Hər şeyə görə çox sağ ol bizim qiymətli atamız. Bütün arzularına sağ ikən çatasan. Allah sənə yar olsun. 60 YAŞIN MÜBARƏK !  Hörmətlə, Fərhad Adiloğlu (Əlizadə)”.

- DEMƏYƏ SÖZ QALIRMI? ƏSLA YOX. HÖRMƏTLİ ƏMİOĞLU, MƏN İSƏ SƏNİ 65 YAŞIN MÜNASİBƏTİLƏ TƏBRİK EDİRƏM. MƏN DƏ İSTƏYİRƏM Kİ, ÜRƏYİNDƏKİ ARZULARINA SAĞ İKƏN ÇATASAN.


15 Ekim 2018 Pazartesi

DOSTUM ADİL İRŞADOĞLU HAQQINDA DEMƏK İSTƏDİKLƏRİM


İxtiyar Şirin. 
Azərbaycan Respublikasının sabiq Baş Prokuroru, 
Milli Konqres Partiyasının Sədri.


     Hörmətli dostum Adil İrşadoğlu Ağdam şəhərinin köklü bir ailəsində yetişmiş, tərbiyə almışdır. Adil bəyin atası rəhmətlik İrşad Məhəmməd oğlu Əliyev 2-ci dünya müharibəsinin od-alovundan keçərək qalib  bir hərbçi kimi sağ-salamat oz vətəni Azərbaycana, doğma yurdu Qarabağa, Ağdam şəhərinə qayıtmışdır. Adil bəyin anası rəhmətlik Qənirə xanım (Qənirə Rüstəm qızı Rüstəmova) Ağdam şəhərində beynəlmiləl orta məktəbdə fizika-riyaziyyat fənləri üzrə müəllimə işləmiş və öz övladları ilə yanaşı yüzlərlə Ağdamlı uşaqların da təlim-tərbiyəsi ilə məşğul olmuşdur. 

     Adil bəylə mən eyni ildə -1972-ci ildə Azərbaycan Dövlət Universitetinə qəbul edildik. Həmin ildən biz tanış olduq və dostluq münasibətlərimiz yarandı. Mən hüquq fakultəsində, Adil bəy isə jurnalistika fakultəsində 5 il yanaşı oxuduq. Biz dərslərdən vaxt tapdıqca tez-tez görüşər, müxtəlif mövzular barədə söhbət edərdik. Onun jurnalist peşəsinə sevgisi və bağlılığı söhbətlərində də özünü büruzə verirdi. O, həmin illərdə Azərbaycan Dövlət Televiziyasında da ictimai əsaslarla işləməyə başlamışdı. Çalışqanlığına görə o, həmişə diqqət mərkəzində idi. 1977-ci ildə universiteti bitirdikdən sonra mən işləmək üçün Azərbaycan Respublikası Prokururluğuna göndərildim, Adil bəy isə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə göndərildi. Universitetdən Azərbaycan Televiziyasına 8 nəfərin namizədliyi verilmişdi. Adil bəy tələbəlik illərindən, 1972-1977-ci illərdə bu təşkilatla mütəmadi əlaqə saxladığına, maraqlı radio və televiziya verilişləri hazırlayıb efirə verdiyinə görə kollektivin diqqətini cəlb etmişdi. Buna görə də Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin rəhbərliyi 8 nəfərin içərisindən onu seçib işə qəbul etdi. Biz işləməyə başladıqdan sonra da Adil bəylə əlaqələrimiz kəsilmədi. Buna görə də onun işini, fəaliyyətini yaxından izləyə bilirdim. 

     Adil bəyi əvvəlcə Televiziyanın ən böyük və məsuliyyətli iş tələb edən "TƏBLİĞAT" baş redaksiyasında kiçik redaktor kimi işə götürdülər. O, özünü bacarıqlı və savadlı jurnalist kimi tanıtdığına görə bir neçə ildən sonra redaktor, daha sonra isə Televiziyanın Sənaye Şöbəsinin müdiri təyin edildi. 1988-ci ildə Qarabağ  münaqişəsi başladıqdan sonra şöbə müdiri vəzifəsindən istefa verib cəbhəyə getdi. O, 1989 - cu ildə Şuşa şəhərinin Teleötürücü Stansiyasının nəzdində kiçik studiyanın yaradılmasında və erməni separatçılarına qarşı əks təbliğatın aparılmasında yaxından iştirak etdi. Sonra o, Bakıya qayıdıb Dövlət Televiziyasında "Hərbi Vətənpərvərlik və Salnamə Baş Redaksiyası" yaradılmasının təşəbbüskarı oldu, redaksiyanın təşkil olunmasında və fəaliyyət göstərməsində yaxından iştirak etdi.

     Adil bəy 1988-ci ildən 1998-ci ilədək Qarabağla bağlı xeyli hadisənin iştirakçısı olmuşdur. Həmin illərdə o, Qarabağla bağlı, müharibə ilə bağlı verilişlər hazırlayıb efirdə göstərmişdir. Ancaq bu verilişlərin elələri də var ki, hələ işıq üzü görməyib. Onlar Adil bəyin arxivində saxlanılır. Həmin 10 il müddətində o, hər ay 2, hər il 24, 10 ildə isə 240 veriliş hazırlamışdır. Bu verilişlər Azərbaycan Dövlət Televiziyasının "Hərbi Vətənpərvərlik və Salnamə Baş Redaksiyası" tərəfindən efirdə göstərilmişdir.

     Yadımdadır ki, Adil bəy Azərbaycan əsgərlərinin göstərdikləri qəhrəmanlıqlardan veriliş hazırlamaq üçün AzTv - dəki yaradıcı qrupu ilə 1993 - cü ilin dekabr ayında Ağdamın Güllücə kəndi uğrunda gedən döyüşləri lentə alarkən rejissor Tofiq Ataxanoğlu, teleoperator Ramiz Rüstəmovla birlikdə mühasirəyə düşmüşdülər. Vətənpərvər, igid əsgər və zabitlərimizin qəhrəmanlığı sayəsində düşmənin mühasirəsi yarılmış və düşmən geri oturdulmuşdu. Adil və həmkarları  Azərbaycan əsgərinin bu qəhrəmanlıqlarını lentə almlş, döyüşdə fərqlənənlərdən müsahibə götürmüşdülər.

     1994 - cü il yanvarın əvvəlində Tərtər rayonundakı əsgərlərimiz işğal edilmiş torpaqlarımızdan erməni qəsbkarlarını qovub çıxartmaq məqsədilə Marquşavan kəndi istiqamətində hücuma keçmişdilər. Adil bəy çəkiliş qrupu ilə qəhrəman döyüşçülərlə birlikdə döyüşlərin getdiyi Çardaxlı kəndi istiqamətinədək getmişdilər. Düşmən ciddi müqavimət göstərməsinə baxmayaraq Azərbaycan döyüşçüləri Ermənistan ordusunu yerlə yeksan etmişdir. Düşmən və ona havadarlıq edən rus silahlı qüvvələri çox sayda itkilər vermiş, onların hərbi sursatı, texnikası ortalıqda qalmışdır. Adil bəy çəkiliş qrupu ilə birlikdə minalanmış sahədən keçib bu hadisələrin hamısını videolentə köçürmüş, Azərbaycanın igid və mərd oğullarının göstərdikləri qəhrəmanlıqları lentə almış, döyüşdə fərqlənənlərdən müsahibə götürmüşdür. 
                                                   
     1994-cü ilin aprel ayının əvvəllərində Ermənistan ordusu rus silahlı qüvvələrinin köməyilə Ağdam, Tərtər və Göranboy istiqamətində 2000 ( iki min) nəfərdən ibarət qoşunla hücuma keçmişdilər. Adil bəy aprel ayının 10-da Goranboyun Gülüstan kəndi uğrundakı döyüşdə yaradıcı qrupu llə birlikdə iştirak etmişdir. Həmin vaxt çəkiliş qrupunda gənc rejissor Rövşən Nİcat, Adil bəyin uşaqlıq dostu teleoperator Tahir Qarayev də var idilər. Onlar döyüş vaxtı əsgərlərimizlə birlikdə mühasirəyə düşmüşdülər. Gərgin və uzun vuruşmadan sonra Azərbaycan döyüşçülərinin qəhrəmanlığı nətişəsində Gülüstan kəndi düşmən mühasirəsindən azad edilmiş,  onlar bu mühasirədən çıxa bilmişdilər. Əsgərlərimizin bu döyüşdə göstərdiyi qəhrəmanlıqlar da lentə alınmış, onlardan müsahibələr götürülmüşdür. 

     Hörmətli Adil bəyin Azərbaycana qarşı gedən müharibəni, əsgərlərimizin qəhramanlıqlarını videolentə köçürdüyü yüzlərlə çəkilişlərdən məlumatım olmaqla yanaşı, onların bir qismini isə Azərbaycan Televiziyasında və Adil bəyin öz internet saytlarında çox diqqətlə izləmişəm. Ona görə də hesab edirəm ki, o, Birinci Qarabağ Müharibəsini bilavasitə görmüş, döyüşlərin şahidi olmuş və bu döyüşlərin işıqlandırılmasında yaxından iştirak etmiş çox az sayda olan qəhrəman jurnalistlərimizdən biridir. Onun öz həyatını təhlükəyə ataraq cəbhədə düşmənlə aparılan döyüşləri əks etdirən filmləri, əsgərlərimizdən aldığı müsahibələr, cəbhədəki vəziyyət, əsgərlərimizin qəhrəmanlıqları haqqında hazırladığı reportajlar Qarabağ döyüşləri və ordumuz barədə xalqımıza doğru məlumatların çatdırılmasının təmin edilməsi ilə yanaşı, Qarabağ müharibəsi haqqında gerçək tariximizin yaradılması üçün çox vacib olan sənədlər, materiallardır. Jurnalist Adil İrşadoğlu (Əliyev) gördüyü bu işlərlə xalqımız və Azərbaycan dövləti qarşısında əvəzedilməz  xidmətlər göstərmişdir. O, Birinci Qarabağ Müharibəsinin həqiqi iştirakçısıdır.

     Adil bəy AzTv-də işlədiyi zaman müxtəlif qəzet və jurnallarda maraqlı yazıları ilə çıxış edirdi. Sonralar Adil İrşadoğlu "Yeni dünya" qəzetinin baş redaktorunun birinci müavini, zamanında populyarlıq qazanmış "De Fakto" qəzetinin qurucusu və ilk baş redaktoru, "Çempion"adlı həftəlik idman qəzetinin baş məsləhətçisi, "Sara - ekspress"qəzetinin məsul katibi, "Olaylar" qəzetinin baş direktoru, "Şans" qəzetinin baş direktoru, "Novıy mir" qəzetinin redaktoru, Qarabağ Əlillər Cəmiyyətinin orqanı olan "Əlillər" qəzetinin məsul redaktoru, Qarabağ Azadlıq Təşkilatının orqanı olan "Azad Qarabağ" qəzetinin məsul redaktoru və Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının vitse - prezidenti oldu. Qarabağ Əlillər Cəmiyyətinin fəxri üzvüdür.

     Hazırda "İRŞAD - Teleradio Verilişləri, Sənədli və Bədii Filmlər Kompaniyası" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru, Jurnalist-Müharibə Veteranları Assosiasiyası sədrinin birinci müavinidir.

     Həyatının 65 ilini mənalı və çox məhsuldar keçirən Azərbaycanın görkəmli jurnalisti, böyük insan və etibarlı dost olan Adil bəyə uzun ömür və jurnalist fəaliyyətində yeni uğurlar diləyirəm.



İNSAN MƏRD OLSUN GƏRƏK...


İradə Əliyeva. 
Əməkdar jurnalist.

                              Həmkarlarımızın həyat kredosu

     İnsan dünyaya bir kərə gəlir. Düşünür, yazır, yaradır və həyatda olsa da, olmasa da, əbədi ömür qazanır...
Zaman isə fikir və əməllə dolu olanda mənalı və gözəl görünür...
Görkəmli maarifçilər ağlın gücünü təmsil edən insanları xoşbəxt hesab edir. Bunu əbədi və etibarlı sərvət sayırlar. “Hər şey biliyə sahiblik haqqı və səlahiyyəti ilə bağlıdır”, - deyirlər.
***
     Biz elə bir vaxtda universitet təhsili almışıq ki, o dövrdə görkəmli alimlər, ustad jurnalistlər (Mir Cəlal Paşayev, Əzizə Cəfərzadə, Nəsir İmanquliyev, Nurəddin Babayev, Şirməmməd Hüseynov, Famil Mehdi və başqaları) öz mühazirələrinə yaddaşın və tarixin dərsləri, varlığın məntiqi, dünyada xeyrin və xeyirxahlığın ölməzliyi, milli və mənəvi dəyərlərlə başlayırdılar. Mənəviyyat məsələlərinə, sözün qüdrətinə, ana dilinin böyüklüyünə və zənginliyinə xüsusi diqqət yetirirdilər. Fərdlər, nəsillər, ömürlər və əsrlər arasında fasiləsiz rabitənin olduğunu vurğulayırdılar.
     Biz özümüz də anlamadan böyük təfəkkür sahiblərinin - mükəmməl ziyalı mühitinin içərisinə düşmüşdük. Yeni dünya, yeni aləmin işığında yolumuza davam edir, diqqətimizi dərinləşdirir, zəmanənin olaylarına düzgün qiymət verməyə çalışırdıq. Çalışırdıq ki, səhvlərə, qüsurlara yol verməyək, hadisə və meyillərin mürəkkəb, dolaşıq toruna düşməyək. Bizə dərs deyən müəllimlər ancaq yaxşılar, yaxşılıqlar, müsbət meyillər, etik-əxlaqi mövqedən irəli gələn həqiqətlər, güclü əməl sahiblərinin fədakarlıqlarından, şəxsiyyətlərdən danışırdılar. Pisliklərdən, mənfiliklərdən, yanlışlıqlardan, sapıntılardan söhbət açmırdılar. Biz hər yazımızda ədalət və həqiqət axtarşılarına çıxırdıq, örnəklərdən, nümunələrdən söhbət açırdıq.
     Hamımız kitabxanalara üz tutur, görkəmli yazarlarımızın əsərlərini oxuyur, onlardan öyrənirdik. Yurd, torpaq sevgisi, ata-anaya, böyüyə hörmət, ehtiram və nəhayət, ziyalı missiyasına önəm verirdik. Heç kəs tərəfindən başa düşülməyən və qəbul edilməyən qəhrəmanlarımızı “başqa cür tale” idealı kimi qələmə verirdik. Bax, hər birimiz beləcə həyatı öyrənir, dərk edir və böyüyürdük. İrəlidə isə bizi nələr gözləyirdi?!.
     Mən belə danışanda dünyagörmüş dayım deyirdi ki, bunlar həyat, ömür dərsləridir. Yaşadıqca içindəki mənəvi divar da böyüyüb ucalır, sağlam düşüncə əxlaqı da ucaldır, saflaşdırır, münasibətlərə də öz qiymətini verir, itirilmiş mənanı və dəyəri də geri qaytarır. Bu fikirlərlə mən sadəcə olaraq gənclik, tələbəlik illərimizin yaşam tərzini qısaca xatırlatmaq istədim. Yenə deyirəm, o dövrün gəncliyi yüksək fikirlər, nəcib duyğularla yaşayırdı...
     Heç kəs məni qınamasın: tələbə yoldaşlarımızın hərəsi bir dünya idi. Adil Əliyevin (İrşadoğlunun) də öz dünyası var idi. Beş il eyni auditoriyada oxuduq və sonra ayrıldıq. Mən qəzetdə fəaliyyətə başladım, Adil isə televiziya jurnalisti idi. Müntəzəm olmasa da, tez-tez onun reportajlarına, televiziya filmlərinə, müsahibələrinə baxırdım.
     Bu verilişlər ahəngdar bir üsluba malik idi. Yaradıcı dünyası ilə yurdsevərlik, torpağa, vətənə sonsuz bağlılıq təlqin olunurdu. Adil səngərlərdə vuruşan, təlim keçən əsgərlərimizin yanında idi. Onların mübariz ruhunu, mətanətini, şücaətini göstərirdi. Azərbaycan dövlətinin, xalqının və ordusunun gücünü, vətən təəssübkeşliyini, torpaq sevgisini təcəssüm etdirirdi. Hər reportajında xalqımızın şanlı tarixini, vətən naminə qurub-yaratmış, onun torpaqlarını qoruyub qəhrəmanlıqlar göstərmiş insanları xatırlayırdı. Alovlu vətənpərvərlərlə həmişə fəxr edirdi.
     Adilin ömür və yaradıcılıq yolunun 20 ili Azərbaycan televiziyasında keçib. Kiçik redaktor, böyük redaktor, şöbə müdiri vəzifələrində çalışıb. Televiziyanın “Hərbi Vətənpərvərlik və Salnamə Baş Redaksiyası”nın təşkilində və səviyyəli fəaliyyətində xüsusi xidmətləri olub. Bir sözlə, bu redaksiyanın ilklərindən biridir. Hazırladığı verilişlərə görə müxtəlif mükafatlara layiq görülüb. XTNS-nın xüsusi medalı ilə təltif edilib. Cəbhədə əsgər və zabitlərin həyatından hazırladığı salnamələrə görə “Şah İsmayıl Xətai” mükafatının laureatı olub. Təsadüfi deyil ki, Azərbaycan televiziyasında işlədiyi müddətdə efirə üç mindən çox veriliş çıxarıb. Əsas mövzusu isə o vaxt da, indi də hərbi vətənpərvərliklə bağlı olub.
     Adil televiziyada işləyəndə də qəzet və jurnallarda mütəmadi çıxışlar edirdi. O, jurnalistikanın bütün sahələrində və bütün janrlarında qələm işlətməyi bacaran yazardır. Azərbaycan televiziyasından sonra redaktoru, yaxud aparıcı və məsul işçilərdən olduğu “Yeni dünya”, “De Fakto”, “Çempion”, “Sara Ekspress”, “Olaylar”, “Şans” və digər qəzetlərdə də məhz geniş diapazona malik qələm sahibi olduğunu sübut etmişdir.
     Adil İrşadoğlu vətənpərvər jurnalistdir. Hələ 1989-cu ildə azərbaycanlıların Dağlıq Qarabağdan sıxışdırılıb çıxarılmasının qarşısını almaq üçün dostları ilə birgə Şuşa Teleötürücü Stansiyasının nəzdində kiçik studiya yaratmışdı. Hazırda isə “İrşad-Teleradio Verilişləri, Sənədli və Bədii filmlər kampaniyası” MMC-nin təsisçisi və baş redaktoru kimi fəaliyyət göstərir. Bu gün müstəqil jurnalist olan həmkarımızın bir sıra saytları da var. O, öz sevimli vətənpərvərlik mövzusunu müxtəlif janr və aspektlərdə işıqlandırır. Qəhrəmanları arasında keçmiş sərkərdələr də, İkinci Dünya müharibəsinin fəal iştirakçıları da, Azərbaycanın suverenliyi və torpaqlarının azadlığı uğrunda canından keçən igidlər də, bu gün sinəsini vətən üçün sipər edən oğullar da var.
     Adilin Qarabağ haqqında hər teleoçerkində və qəzet məqaləsində torpaq sevgisi, vətən həsrəti və can yanğısı hissi olunur. Jurnalistin ürək çırpıntıları “Qulağıma bir səs gəldi...”, “Qardaş itirənlər qanad itirir”, “Canda can varkən ruhunu şad etmək dostluq borcumdur” və s. məqalələrində daha çox duyulur.
     Cəsarətlə demək olar ki, Adil İrşadoğlu həm də tədqiqatçı jurnalistdir. Onun son onilliklərdə Qarabağda baş verən olaylara şahid olaraq yazdıqları və videolentə çəkdikləri tariximizə bir töhfədir. Belə ki, Adil İrşadoğlu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi xronologiyasını mərhələlərə bölərək işıqlandırmışdır.
     Eyni sözləri onun filmləri və verilişləri haqqında da demək olar. “Vətən Səyyar Briqadası” ilə ön cəbhədə, hospitalda, sərhəd bölgələrində, döyüşçülər arasında olan fədakar jurnalistin fəaliyyəti ilə Qarabağın yeni tarixi videolentlərə köçürülmüşdür. Kimlər haqqında yazmayıb Adil İrşadoğlu?!. O, milli qəhrəmanları, sıravi döyüşçüləri vəsf edib. Fred Asif adı ilə çağırılan Milli Qəhrəman A.Məhərrəmovu oxuculara yaxından tanıdıb. “Müharibəni vətən yolunda canını fəda etməyə hazır olan əsgərlərlə edirlər”, - deyir Adil İrşadoğlu (Əliyev).
     Peşəkar jurnalist onlarca vətən fədailəri haqqında məqalələr yazıb, bir-birinə bənzəyən və bənzəməyən insan, döyüşçü, vətəndaş taleyinə işıq tutub. Deyir ki, əgər əsgər tərəddüdsüz sinəsini düşmən gülləsinə sipər edirsə, günahsız insanları məhrumiyyət və müsibətlərdən qorumaq uğrunda öz həyatını od-alovun içərisinə atırsa, bu, fədakarlığın zirvəsi sayılaraq əbədi hörmətə layiqdir. Məhz buna görə Yer üzünün bütün xalqları döyüşçüyə məhəbbət və onun xatirəsinə ehtiram göstərirlər.
     Bir döyüşçü də elə Adilin özüdür. Həm birbaşa, həm də məcazi mənada. Birbaşa mənada ona görə ki, yazdığı sətirləri qəzet səhifələrinə və televiziya ekranına müharibə alovlarının içərisindən keçərək gətirib. Məcazi mənada ona görə ki, əynində döyüşçü paltarı olsa da, qələmi ilə döyüşür - torpaq, vətən, xalq uğrunda...
     Yaddaşın həssaslıq olçüsü deyilən bir anlayış var. Bilirsiniz, jurnalistlərin həssaslıq ölçüsü digər ixtisas sahiblərindən daha artıqdır. Ona görə də özgə talelərinə həssaslıq bizlərin, o cümlədən Adilin yaradıcı fəaliyyətində üstünlük təşkil edir. Bu həssaslıq isə hamıya kövrək bir həyəcan gətirir.
     Tez-tez qəribə, uğursuz, təzadlı, mürəkkəb taleli adamlar, xarakterlərlə qarşılaşırıq və onlar haqqında gözəl yazılar hazırlayırıq. Jurnalistlərlə yazıçılar arasında fərq ondadır ki, bizlər bu insanlarla həyatda rastlaşırıq, onlar isə təxəyyüllərində bu surətləri yaradırlar. Təbii ki, biz jurnalistlərin işi daha çətin, ağır və məsuliyyətlidir. Hər mövzunun daxilinə varırıq. Vardıqca da mənəviyyat məsələləri ilə üzləşirik... Heyrətlənirik, yenə də axtarır, düşünür və yazırıq... Bu baxımdan Adil İrşadoğlunun (Əliyev) yaradıcı fəaliyyətində xalqın qəhrəmanlıq səhifələri daha çox vərəqlənir. Vüsət, ucalıq, təmkin, daxili əminlik, ümid və inam, dünya, həyat, insan barədə düşüncələr qabarıq ifadə olunur. Burada əsas qəhrəman Yurdsevərlik və Vətənə, torpağa məhəbbətdir...
     Adil odun-alovun içindədir. Şəhid ana və ataların ağrı-acılarını, sızıltılarını daha yaxından eşidir, içində fəryad qoparır. Dilsiz duyğuların arasında boğulur, harayı ərşə qalxır. Söhbətlərində “hər dəfə çəkilişlərdən sonra bir həftə, on gün özümə gələ bilmirəm” - deyir.
Adilin jurnalistlik fəaliyyəti haqqında istənilən qədər faktlar söyləmək olar. Lakin onun xarakterini səciyyələndirən bir-iki qeydi də vurğulamaq istəyirəm.

*Adilin dünyaya baxışı safdır, təmizdir. Xeyrə və işığa son dərəcə həssasdır.
*Soykökə, ocağa bağlılığı çox güclüdür. Onda ədalət duyğusu, eyni zamanda güclü qisas yaddaşı var. Bu hissində o, əlbəttə ki, haqlıdır.
*Adil təmkinlidir, səbirlidir, insanı axıra qədər dinləyə və anlaya bilir. Sevdiyi insanlara qarşı çox mərhəmətli və şəfqətlidir.
*Yaxşı övladdır, yaxşı atadır, gözəl ailə başçısıdır.
*O, ruhu və təbiəti etibarı ilə əsl ziyalıdır. Bütün bu xüsusiyyətlər ona bol-bol hörmət qazandırır.

     Tələbəlik illərindən çox-çox sonra Adilin yazılarından birində bu cümlələri oxudum: “Atam İrşad Əliyev Ağdamın, Qarabağın sayılıb-seçilən ağsaqqallarından idi. Uzun müddət dövlət orqanlarında çalışmışdı. İnsanların indi də bu şəxsi sevməsi, adı çəkiləndə “min rəhmət” oxuması səbəbsiz deyil. Qoy bu hərəkətə patriarxal deyilsin, köhnəlmiş deyilsin, amma bu ağsaqqalın ailəsinin, onun doğulduğu Sarıhacılı kəndinin, yaşadığı Ağdam şəhərinin öz əxlaq qanunları var idi. Bizim gücümüz bu yazılmamış qanunlarda idi: böyüyə, ata-anaya ehtiram, sitayiş dərəcəsinə çatan vətən sevgisi bu əxlaqın bünövrəsi idi”. Biz bu bünövrənin varlığına Adil İrşadoğlunun 65 illik ömür yolunda dəfələrlə şahid olmuşuq. Onu da bilirik ki, əzəldən üç idealı olub. Onlar Mustafa Kamal Paşa Atatürk, dahi Üzeyir bəy Hacıbəyli və atası İrşad kişidir...
     Vaxtilə vətən sevgisini, torpaq təəssübkeşliyini, döyüş ruhunu, taleyini bağladığı işə sədaqəti atasından əxz etdiyini deyən Adil İrşadoğlu indi bunları bir ərməğan kimi gənc nəslə, o cümlədən övladları Fərhad və Elşada ötürür. Və onların bu ərməğanı qiymətləndirdiyinə, qoruyub saxladığına görə bir yazar, vətəndaş, ata kimi ürəkdən sevinir.
     Bu günlərdə Adillə telefon söhbətimiz oldu. Dərdimiz, sərimiz, giley-güzarımız haqqında da danışdıq. Təbii ki, gündəmdə olan peşəkarlıq məsələsinə də toxunduq. “Çox təəssüf, sıralarımız seyrəlir”, - dedi Adil Əliyev. “Ciddi jurnalistika ortadan yox olur, peşəkarlar yetişmir, qeybət, şou jurnalistikası meydanı alıb əlinə. Nə yazdıqlarını, nə danışdıqlarını başa düşürük, nə hərəkətlərini, nə də vəzifələrini... Televiziya verilişlərində qeyri-etik normalar baş alıb gedir. Falçılar, baxıcılar, əqli cəhətdən xəstə insanlar kanallarda meydan qoparırlar. Qeybət proqramları, söyüş və təhqirlərlə, dava-dalaşla dolu verilişlər insanların mənəviyyatını korlayır, maarifçilik tamamilə unudulub... Peşəkarları isə axtaran yoxdur... İndi tanınmayan, xidməti bilinməyən “jurnalistlərə” evlər də verilir, təqaüdlər də, adlar da... Səviyyəsiz, peşəkarlıqdan uzaq olanlar xalq, əməkdar fəxri adlarına sahib çıxırlar. Bizlər isə o sırada yoxuq. Yenə də təəssüf, min təəssüf...”
     Bu gün Adil İrşadoğlunun 100 mindən çox oxucusu var. İnternetdə 1 saytı, 2 kanalı, 12 səhifəsi, 7 bloku fəaliyyətdədir. Ən əsası isə böyük hörmətə, nüfuza malikdir. O, peşəkarlıq zirvəsinə seçdiyi yola sədaqət, xarakterindəki yorulmazlıq, məqsədyönlülük, topladığı böyük təcrübə sayəsində nail olub. Hərəkətlərində ancaq humanizmə, ədalətə, obyektivliyə söykənib. Davranışı, mədəniyyəti, sadəliyi, təvazökarlığı, insanlara diqqəti, qayğı və məhəbbəti ilə hamının rəğbətini qazanıb.
     Adil İrşadoğlunu 65 illik yubileyi münasibətilə ürəkdən təbrik edir və ona dopdolu yeni uğurlu illər arzulayıram.


13 Ekim 2018 Cumartesi

PROFESSOR SULTANLININ DOSTU...


 
Qulu Məhərrəmli. 
Filologiya elmləri doktoru, professor.

                Jurnalist həmkarım Adil İrşadoğlunun portreti


     İnsanın əsl xarakteri, mahiyyəti, nəyə qadir olub-olmaması həmişə dar ayaqda, çətin şəraitlərdə bilinir. Bəzən illər uzunu oturub-durduğun, yol getdiyin, dostluq etdiyin adamın böhran anındakı bir davranışı səni ona daha sıx tellərlə bağlayır, bəzən də əksinə, bu adamın bərkdə əli olmadığını görüb ondan üz döndərirsən. Bu mənada mən Adil İrşadoğlunu (Əliyev) dar günün, çətin şəraitin dostu hesab edirəm. Bunun çox ciddi və incə bir “niyə”si var…

 ***

     Adili hələ ADU-nun (İndiki BDU) jurnalistika fakültəsində tələbə yoldaşı olduğumuz vaxtdan tanıyıram. Zövqlə geyinməyi, yaxşı tar çalmağı, sadəliyi və bir də ünsiyyətcilliyi ilə yadımda qalmışdı. Tale elə gətirdi ki, sonralar Azərbaycan televiziyasında da eyni baş redaksiyada çalışmalı olduq, hətta bir müddət eyni otaqda da əyləşdik. O, televiziyanın “Sənaye verilişləri” redaksiyasının redaktoru idi, mən isə 80-ci illərin əvvəllərində siyasi icmallar hazırlamaq üçün yenicə yaradılmış “Beynəlxalq həyat” redaksiyasında çalışırdım. Yaxşı yoldaşlığımız, səmimi münasibətimiz olub.

     Redaksiyda hamı – böyük də, kiçik də Adilin xətrini çox istəyirdi, çünki Adil hər kəsin yerini bilir, hörmətini gətirir, hamı ilə də öz dilində danışmağı bacarırdı. İşgüzarlığı, diqqətcilliyi, dəqiqliyi, hazırcavablığı, bir az da zarafatcıllığı və yumor hissi onu hamıya sevdirirdi. Xaraktercə çox ciddi adam olan şöbə müdiri Seyfulla Cəfərovla, hədsiz zarafatcıl və dinamik, amma bir az özündən tez çıxan baş rejissor Aslan İsmayılov, həmçinin bütün yaradıcılıq məsələlərini yalnız peşə standartları səviyyəsində həll etməyə üstünlük verən gənc rejissorlar Fərhad Naibov və Arif Qasımov arasındakı münasibətləri yalnız Adil İrşadoğlu kimi sülh adamı tənzimləyə bilirdi. Adil istedadlı jurnalist idi və onun sənayenin ən müxtəlif sahələrinə aid mürəkkəb mövzularda hazırladığı verilişlər televiziyanın yaradıcılıq toplantılarında tez-tez təriflənirdi. 1988-ci ilin əvvllərinədək çoxları kimi Adil İrşadoğlu da adi adamlar təki AzTv-də öz adi həyatını yaşayırdı. Amma o unudulmaz tarixdən sonra Adil mənim üçün adilikdən sıyrılıb fərqli bir mahiyyət daşımağa başladı…

     1988-ci ilin fevralında Dağlıq Qarabağ ətrafında hadisəlrin kəskinləşməsi Azərbaycan televiziyasında da ciddi bir dalğa yaratmışdı. Bir tərəfdən hadisələr barədə xalqa həqiqəti demək istəyi, digər tərəfdən də yuxarıdan bu məsələyə qoyulan qadağalar Adil İrşadoğlu kimi xalqını sevən, onun dərdinin dilə gətirilməsinə çalışan gerçək vətənpərvər jurnalistlər üçün, həqiqətən böyük narahatlıqlar yaradırdı. Bu yandan da Stepanakertdə (Xan kəndi) fəallıq edən separatçılar respublika televiziyasının yayımını boykot edir, Bakıdan gələn dalğaları müxtəlif texniki vasitələrlə vurmağa çalışırdılar. Belə bir vaxtda Şuşada kiçik studiya qurmaq və Dağlıq Qarabağ ərazisində yaşayan bütün Azərbaycan vətəndaşları üçün ayrıca verilişlər yayımlamaq, separatizm əleyhinə təbliğatı  gücləndirmək məsələsi ortaya çıxdı. Amma bunun üçün bölgəni yaxşı bilən istedadlı televiziya reportyorları, efiri yaxşı duyan bilikli və bacarıqlı əməkdaşlar lazım idi. O vaxt AzTv-də səsi ucadan gələn bəzi jurnalistlərə təklif olunsa da, onlar hərəsi bir bəhanə ilə bu işdən boyun qaçırdılar. Çox adam vətənpərvərlikdən danışırdı, amma heç də hər kəs özünü alovun içinə atmaq, fədakarlıq göstərmək istəmirdi. Ağdamda doğulub boya-başa çatmış, yaxşı ziyalı mühiti görüb əsl vətənpərvər kimi formalaşmış Adil isə bu işə göydən düşmüş fürsət kimi baxırdı, odur ki, Şuşaya könüllü getdi. Mən həmin vaxt bu hadisələrin içində olduğum üçün Adil İrşadoğlunu fərqli bir ampluada gördüm. Onun sinəsində bu böyüklükdə ürəyin döyünməsinə çox sevindim.

     İnsan evindən-eşiyindən, ailəsindən, uşaqlarından, üzü-gözü öyrəşdiyi sevimli  kollektivindən, rahat həyatından, əyləncələrlə dolu şəhər mühitindən ayrılaraq əyalətə, həm də təhlükənin içərisinə gedir. Özü də bunu tapşırıq və göstərişlə deyil, ürəyinin səsi, ruhunun ehtiyacı ilə edir. Bax, bu məqam insanın söz deyil, əməl adamı olduğunu, Vətən deyilən müqəddəsliyi içində hansı sevgi ilə gəzdirdiyini göstərirdi. Bu, sözlə ifadəsi çətin olan bir an idi və onun hikmətini yalnız damarlarında milli qan axan insanlar bütün incəlikləri ilə dərk edə bilər. Əslində bu addım, həm də Adil İrşadoğlunun bütün gələcək həyatının və ictimai-yaradıcılıq yolunun yazılmaqda olan parlaq səhifələrinin ilk sətirləri idi…

     Adil hadisələrin çox gərgin vaxtlarında – 1989-cu ildə Şuşaya ezam edildi, Qarabağın incisi sayılan bu şəhərin “Qızıl qaya” adlanan yüksəkliyindəki  teleötürücü stansiyada jurnalist həyatı üçün yeni olan bir işə başladı. O, həmkarları Nadir Abdullayev, Vidadi Bağırov, Əlövsət Aslanov, Oqtay Rəhimov və başqaları ilə birlikdə həmin stansiyanın nəzdində yaratdıqları kiçik studiyadan efirə çıxdılar və yayımı gündən-günə genişləndirdilər. Bölgədə yaşayan soydaşlarımız üçün zəruri olan bu teleyayımın genişlənməsi, ilk dövrdə Bakının qətiyyəti kimi adamlara ümid verməyə başladı. Adil İrşadoğlu bu telekanalda erməni separatizminin güclənməsinə, azərbaycanlıların Dağlıq Qarabağdan sıxışdırılıb çıxarılmasına qarşı əks təbliğat xarakteri daşıyan çoxsaylı verilişlərin əsas müəlliflərindən və aparıcılarından biri oldu. Az müddətdən sonra bu stansiyanın fəaliyyəti ilə bağlı Stepanakertdən SSRİ-nin paytaxtına – erməni separatçılarının Moskvadakı hamilərinə şikayətlər axmağa başlayanda, yayımı dayandırmaq zərurəti qaçılmaz oldu...

     Mənə elə gəldi ki, Şuşa studiyasındakı gərgin  və gərəkli işdən sonra Adil başqa adam olmuşdu. İndi o, bu ölkə və onun taleyi haqqında tamam fərqli, həm də çox real düşünürdü. Həmin düşüncələr Adilin bundan sonrakı həyat proqramına da bir başqa şəkildə yazılmışdı. Ona görə də bir müddət sonra o, Birinci Qarabağ müharibəsinin iştirakçısı kimi AzTv-də müharibə arxivinin, eləcə də “Hərbi Vətənpərvərlik və Salnamə Baş Redaksiyası” yaradılmasının təşəbbüskarı və təşkilatçılarından biri oldu. Tez-tez ön cəbhəyə ezam edildi, səngərlərə, təlim meydanlarına baş çəkdi, əsgərlərlə görüşdü, hərbi mövzuda yüzlərlə veriliş hazırladı. Bu verilişlərə görə hərbi qurumların mükafatlarına layiq görüldü.

     Səmimi, işgüzar və ləyaqətli adamların bədxahları da həmişə çox olur. Yaxşıların istedadı, hörməti və şöhrəti yarımçıq adamlarda həmişə qəribə qısqanclıq yaradır. Belələri yaxşının yolunda həmişə aşkar və ya xəlvət tələlər qurmağa, hər addımda ona badalaq vurmağa çalışırlar. Bu baxımdan Adil kimi qabiliyyətli insan da istisna olmadı və o, çevrəsindəki qeyri-dürüst adamların davranışından inciyərək AzTV-ni tərk etdi. Həmin vaxt mən ondan “heç olmasa redaksiyanı dəyiş, niyə qalıb işləmirsən?”,-deyə soruşanda həmin adamlara işarə ilə bircə kəlmə “bunlarla nəinki birgə işləmək, hətta bir havanı udmaq da günahdır” cavabını verdi.

***   

     Adil AzTV-dən getdi, amma jurnalistikadan getmədi, sözdən dönmədi, qələmini yerə qoymadı. Bu dəfə yazılı mətbuatda özünü uğurla sınadı. Müxtəlif qəzet və jurnallarda çox aktual mövzularda publisistik yazılarla çıxış etməyə başladı. Bir çox qəzetlərin təsisçisi, rəhbəri və yönəldicisi oldu, bioqrafiyasına yeni-yeni cazibədar səhifələr yazdı. “Yeni dünya” qəzetinin baş redaktorunun birinci müavini, “De Fakto” qəzetinin qurucusu və ilk baş redaktoru, “Çempion” adlı rəngli, 24 səhifəlik həftəlik idman qəzetinin baş məsləhətçisi, “Sara-ekspress” qəzetinin məsul katibi, “Olaylar” qəzetinin baş direktoru, “Şans” qəzetinin baş direktoru, “Novıy mir” qəzetinin redaktoru, Qarabağ Əlillər Cəmiyyətinin orqanı olan “Əlillər” qəzetinin məsul redaktoru, Qarabağ Azadlıq Təşkilatının (QAT) “Azad Qarabağ” qəzetinin məsul redaktoru və Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının vitse - prezidenti vəzifələrində çalışdı.

     Adil hara qədəm qoydusa vicdanla, namusla çalışdı, jurnalist peşəsinə və həqiqəti demək missiyasına sadiq qaldı. Yaxın dostlarını da yaddan çıxarmadı, əlaqələri üzmədi, fürsət olduqca onları da yaradıcılıq əməkdaşlığına cəlb etməyə çalışdı. Yadımdadır, “Yeni dünya” qəzetində çalışanda mənə təklif etdi ki, yaxşı qonorar müqabilində mən həmin qəzet üçün siyasi mövzuda şərhlər yazım. Bu dəfə mənim AzTv-dəki statusumu və çevrəmdəki bədxahları nəzərə alaraq təxəllüslə yazmağım barədə razılığa gəldik. Həmin vaxt çox az adam bilirdi ki, “Yeni dünya” qəzetində hər həftə “Professor Sənan Sultanlı” imzası ilə gedən siyasi təhlillərin müəllifi mənəm. Həmin qəzetdə, eləcə də Adilin sonralar rəhbərlik etdiyi başqa mətbuat orqanlarında hər dəfə  tanış imzaları görüncə, professor Sultanlının qiymətli dostunun insani münasibətlərə nə qədər böyük önəm verdiyinin şahidi olurdum.

     Adil İrşadoğlu bu gün də həm peşəkar mediada, həm də sosial şəbəkələrdə ürəklə qələm çalmaqdadır. Hazırda "İRŞAD”-Teleradio Verilişləri, Sənədli və Bədii Filmlər Kompaniyası" MMC-nin təsisçisi və direktorudur. İnternetin imkanlarından məharətlə istifadə etməyi bacaran Adil yeni media platformasında, sahibi olduğu sayt, kanal və bloqlarda davamlı şəkildə Azərbaycan həqiqətlərini yayır, olduqca maraqlı videolar hazırlayıb yerləşdirir. Bütün bunların sayəsində virtual aləmdə yüz mindən çox oxucu toplaya bilib və buna görə də  QUQL (Google) şirkəti onu  "1 nömrəli bloqçu" adlandırıb.

 ***
     
     Hər insan ömrü bircə dəfə yazılan kitabdır. Və bu kitabın səhifələrini insan özü həyatı boyu əməlləri ilə sətir-sətir yazır. Ona görə də vərəqlədikcə həmin kitabda insan ömrünün ağlı-qaralı bütün mənzərəsi görünür. Adil İrşadoğlu (Əliyev) kimi insanlar xoşbəxtdirlər ki, onların ömür kitabında həyat məramları, əməlləri və niyyətləri kimi yalnız işıqlı səhifələr  var. 65 yaşın münasibətilə səni ürəkdən təbrik edirəm, DOSTUM !    









UNİVERSAL TELEVİZYONÇU


Vasif Hacıağa oğlu Babayev.
Azərbaycan Respublikasının  Xalq Artisti (1989), Beynəlxalq Televiziya və Radio Akademiyasının Akademiki (2004), Azərbaycan Prezidentinin Fərdi Təqaüdçüsü (2005).


     Adil İrşad oğlu Əliyev 1977-ci ilin yayında Dövlət Universitetinin Jurnalistika Fakültəsini bitirib Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Renessans Dövründə işlə təmin edildi. O vaxt bu məbədgaha hər adamı işə götürmürdülər. Təyinat alan seçilmiş məzunlardan 8 nəfəri Azərbaycan Respublikası Mərkəzi Komitəsinin razılığı ilə gəlmişdilər. Ancaq Milli Televiziyaya onlardan birini, Adil İrşad oğlu Əliyevi işə götürdülər. O biri məzunları isə Milli Radioda işlə təmin etdilər. Adil İrşadoğlu hələ tələbəlik illərindən (1972-1977) bu təşkilatla mütəmadi əlaqə saxladığına, orijinal radio və televiziya verilişləri hazırlayıb efirə verdiyinə görə kollektivin diqqətini cəlb etmişdi və hamı tərəfindən sevilirdi. Buna görə də Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin rəhbərliyi 8 nəfərin içərisindən onu seçdi və Adilin birbaşa Televiziyada işləməyinə şərait yaratdı. O vaxt belə bir qanun var idi ki, bu idarəyə işləməyə gələn hər bir şəxs əvvəl bir neçə il Radioda təcrübə keçməliydi, sonra layiq idisə Televiziyada işlə təmin olunurdu. Rəhbərlik Adili Televiziyaya birbaşa işə götürməklə ona böyük etimad göstərdi. Adil əvvəlcə Televiziyanın ən böyük və məsuliyyətli olmağı tələb edən "TƏBLİĞAT" baş redaksiyasında (Baş redaktor Sabir Rüstəmov idi. Baş redaksiyanın nəzdində 4 şöbə fəaliyyət göstərirdi.) kiçik redaktor işlədi. Yenə özünü yaxşı mənada tanıtdığına görə bir neçə ildən sonra redaktor oldu. Komitənin İdarə Heyyəti onun təşkilatçılıq qabiliyyətini nəzərə alıb Adili Televiziyanın Gənclər Təşkilatının sədri, bir müddətdən sonra isə Televiziyanın Həmkarlar Təşkilatının sədr müavini seçdi. Daha sonra isə Adil İrşadoğlu (Əliyev) Televiziyanın Sənaye Şöbəsinin müdiri təyin edildi. 

     Qarabağdakı münaqişə onu özünə çəkirdi. Adil Şöbə müdirliyini buraxdı və Qarabağa getdi. 1989 - cu ildə Şuşa şəhərinin teleötürücü stansiyasının nəzdində kiçik studiyanın yaradılmasında və erməni daşnaqlarına qarşı əks təbliğatın aparılmasında yaxından iştirak etdi. Həmçinin dövlət televiziyasının “Hərbi Vətənpərvərlik və Salnamə Baş Redaksiyası”nın təşkil olunmasında və fəaliyyət göstərməsində əlindən gələni əsirgəmədi. Əvvəlcə bu redaksiyada Fədailərin sayı az idi. Adillə daim ünsiyyətdə olduğuma görə, bilirdim ki, Adil redaksiyada çalışanlara çox diqqətlə yanaşır və qayğı göstərir. Vaxtilə Televiziyanın Sənaye şöbəsində çalışmağı ona imkan verirdi ki, lazım olanları əldə etsin. O, redaksiyadakı çəkiliş qruplarını hərbi geyim və ayaqqabı ilə təmin etmişdi. Çəkiliş qrupları Qarabağ Savaşını işıqlandırmağa gedəndə hərbi geyimdə olurdular. Adil İrşadoğlu (Əliyev) Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin 1-ci Qarabağ müharibəsi arxivini  yaradanlardan biridir. O, Qarabağ Savaşında düşməndən tökülüb qalan silahları yığıb özü ilə Bakıya gətirir və çalışdığı redaksiyada hərbi muzey yaradırdı.

     Adillə bağlı xatirəm çoxdur. 1990-cı ilin Yanvarını bir an belə unutmaq olmaz. Sovet Ordusunun Azərbaycanda, onun qədim paytaxtı Bakı şəhərində vəhşiliklər törətdiyi bir zamanda mən Milli Televiziyamızın binasının girişində divara "Azərbaycan Televiziyası Azərbaycan xalqına məxsusdur" sözlərini qırmızı boya ilə yazdıranda  Adil yanımda idi. Əvvəlcədən danışdığımız kimi qırmızı boyanı və fırçanı o, evindən gətirmişdi. Adil də ağır, müdhiş 20 Yanvar gecəsi və sonrakı günlər çox əziyyət çəkib. O, hansı işin dalınca nəyə görə getdiyini, nələrlə üzləşəcəyini gözəl bilirdi. Bu insanda elə bil ki, qorxu hissi yoxdur. 

     Adillə bağlı xatirəmin hamısını yazmaq və söyləmək üçün uzun illərin tarixçəsini səhifə-səhifə vərəqləmək lazımdır. Məncə qələmə aldıqlarım kifayətdir ki, onu bir insan kimi, yaradıcı bir ixtisas sahibi kimi, universal televizyonçu kimi dəyərləndirməyə imkan versin. Universal dedim, ona görə ki, Adil indi Telestudiyadakı əsas peşələri mənimsəyib. O, öz proqramlarının müəllifidir. Müstəqil jurnalistdir. Bir sözlə Adil İrşadoğlu STRİNGERdir. 
Adil İrşadoğlu (Əliyev) Vətən qarşısında vətəndaşlıq, oğulluq borcunu böyük şücaətlə, hünərlə yerinə yetirib və indi də yerinə yetirir. 65 yaşın mübarək, Adil İrşadoğlu !

--------------------
25.09.2018. / saat 15-00.

USTAD


Aqşin Babayev. 
Filologiya elmləri doktoru, professor.

   Adil İrşadoğlu ilə uzun illər AzTv-də işləmişik. Adil televiziyada, mən radioda. Qarabağ dərdimiz qövr eyləyəndə, televiziyada Adilin Ağdamdan hazırladığı bir verilişə baxmışdım. Həmin verilişdə iki dostum da çıxış edirdi. Şair Famil Mehdi və Ağdamın məsul işçilərindən olan Aydın Quliyev. Verilişin mətni də, çıxışlar da mənə çox təsir elədi. Adilin cümlələrindən hiss etdim ki, onun dedikləri adi jurnalist sözü deyil. Onun hazırladığı veriliş, qəlbi Vətən eşqi ilə vuran, namuslu, qeyrətli bir Azərbaycan oğlunun ürək sözləriydi. Bu sözlərdən hiss etdim ki, Adil İrşadoğlu ana torpağı uğrunda canını belə fəda etməyə hazır olan vətəndaşdır.
   Sonra mən eyni kafedrada işlədiyim Famil Mehdi ilə və ailəmizin yaxını olan Aydın Quliyevlə görüşəndə, Adildən söz düşəndə, bir daha hiss etdim ki, yanılmamışam. Famil Mehdinin Adil haqqında "Əsil oğul" deməsi, Aydın Quliyevin "Qeyrətli ellim" sözləri bu fikrimi sübut etdi.
   Adil İrşadoğlu döyüşçü jurnalistdir və Qarabağ müharibəsinin iştirakçısıdır. Bir gün Adilin Facebookdakı profilini - veb saytını açanda Famil Mehdinin misralarını gördüm:

Sevməyirəm dincliyi mən,
Məni hər yanda axtarın,
Dəniz canlı qağayı tək 
Daim tufanda axtarın. 

   Bu misralar Azərbaycanın əməkdar jurnalisti Adil İrşadoğlunun həyat kredosu deməkdir. Adilin keçdiyi həyat yoluna, onun təxminən 40 illik jurnalistlik fəaliyyətinə nəzər salanda, bu illər ərzində onun böyük fədakarlıqla hazırladığı verilişləri (onların bir qisminə Adilin rəsmi internet saytlarında və You Tube kanalında  baxmaq olar) izləyəndə onun əsil vətəndaş portreti göz önündə canlanır. Bu da təsadüfi deyildir. Adil elə bir ailədə böyüyüb pərvəriş tapıb ki, Azərbaycana bağlılıq, vətənpərvərlik, torpağın müqəddəsliyi duyğuları ona uşaqlıq illərindən aşılanmışdır. 
   Adil İrşadoğlu əsil-nəcabətli bir ailədə tərbiyə almışdır. Məşhur yazıçı Süleyman Sani Axundovun nəslindən olan atası İrşad Əliyev bir sıra dövlət orqanlarında işləmiş, anası Qənirə xanım isə bütün həyatını gənc nəslin təlim-tərbiyəsinə həsr etmiş, müəllim adını həmişə şərəf və ləyaqətlə daşımışdır.  
   Adil İrşadoğlu 20 il AzTv-də işləyəndən sonra buradan ayrılmış, müxtəlif mətbu orqanlarda rəhbər vəzifələrdə çalışmış, vətəninə, xalqına oğul sədaqətiylə xidmət etmişdir. Adilin xidmətləri böyükdür. Təkcə bunu demək kifayətdir ki, Adil İrşadoğlu Dağlıq Qarabağdan azərbaycanlıların sıxışdırılıb çıxarılmasının qarşısını almaq üçün 1989-cu ildə Şuşa şəhərinin teleötürücü stansiyasının nəzdində ayrıca studiyanın yaradılmasında və AzTv-də "Hərbi Vətənpərvərlik və Salnamə Baş Redaksiyası"nın təşkil olunmasında müstəsna fəaliyyət göstərmişdir. Onun bu xidmətləri heç vaxt unudulmayacaq.
   Adil hazırda "İrşad-Teleradio Verilişləri, Sənədli və Bədii Filmlər Kompaniyası"nın təsisçisi və baş direktoru vəzifəsində çalışır. Onun döyüş bölgələrindən hazırladığı verilişlər AzTv-nin qızıl fondunda saxlanılır.
   Əziz Adil dostum! Sən həmişə mənə müraciət edəndə "USTAD" deyirsən. İndi bu sözü mən sənə deyirəm. Çünki bu gün sən "USTAD" adını daşımağa tamamilə layiqsən!
   65 yaşın mübarək olsun! Sənə hər şeydən əvvəl möhkəm can sağlığı və ailə səadəti, yorulmaz fəaliyyətində yeni-yeni uğurlar arzulayıram.

65 YAŞIN İŞIĞINDA


Akif Rüstəm oğlu Rüstəmov. 
Filologiya üzrə fəlsəfə doktoru, professor.

   Xalqda belə bir ifadə var: "Əmiyə qalan dəmiyə qalar". Niyə belə deyilib deyə bilmərəm. Əmi də, qardaş övladları üçün can yandırandı. Bəs görəsən dayını niyə belə əmidən seçib göylərə qaldırırlar. Görünür dayının bacıuşaqlarına sevgisi, istiqanlığı bir qədər seçilir, bəlkə də şişirdilir. Nə isə bu münasibəti dərk edəndə yuxarıdakı sözün qiymətini, mənasını dərk edirsən.
   Hər dəfə ali məktəblərə qəbul imtahanları yaxınlaşanda rəhmətlik anamın, Adilin nənəsinin bu sözlərini xatırlayıram: "Adil mənim istəkli nəvəmdir, oğul, onun universitetə qəbulu sənə baxır. Dayı borcunu yerinə yetirməyi unutma". Anamın bu tapşırığı boynuma böyük bir yük qoymuşdu. O vaxt Adil orta məktəbdə 10-cu sinifdə oxuyurdu. Mən isə Azərbaycan Dövlət Universitetinin (İndiki BDU) Jurnalistika fakültəsində işləyirdim. Əlimdən nə gəlirdi? Universitetə qəbula müdaxilə etmək mənlik deyildi, heç mümkün də deyildi. Mənim köməyim o oldu ki, Adil qəbul imtahanlarına gələndə yanımda saxladım. Hər gün onunla birlikdə imtahanlara hazırlaşırdıq. Onun gecə-gündüz oxumağı, öyrəndiklərini təkrarlamağı ümidverici idi.
   Bacıoğlu 1972-ci ildə imtahan verib Jurnalistika  fakültəsinə qəbul olundu. Adildən çox mən sevinirdim. Zarafat deyil, bir yerə 8-10 ərizə verilmişdi. Rəhmətlik anam da elə bilirdi ki, Adili mən qəbul etdirmişəm. Mən də heç özümü onda qoymurdum. Ailədə bir az da çəkim artmışdı.
   Məlumdur ki, jurnalist olmaq üçün geniş dünyagörüşə malik olmaq lazımdır. Jurnalist gərək çox mütaliə etsin, hadisələri izləsin, müqayisə etsin, yaxşını pisdən ayırsın, obyektiv olsun, qərəzsiz olsun, vicdanlı olsun... Cümlələri bir-birinin ardınca düzüb yaxşı yazmaqla iş bitmir.
   O vaxt qəzetlərə abunə məcburi idi. Mən də 4-5 qəzetə abunə olurdum. Adil hər gün o qəzetləri vərəqləyir, ürəyinə yatanları oxuyurdu. Bu mütaliə onun dünya görüşünə müsbət təsir etdi, həm də nitq mədəniyyətini artırdı.
   Adilin oxuduğu qrup fakültədə seçilirdi. Burada ümid verən gələcəyin jurnalistləri vardı. Bəlkə də, həm də buna görə idi ki, qrupun tələbələri respublikanın kütləvi informasiya vasitələrində işə düzəldilər. Xatırladım ki, o vaxt məzunlar dövlət təyinatı ilə işlə təmin olunurdular. İndiki kimi iş axtarmırdılar. İndi hərə bir qəzet buraxır, ətrafına da yığır dost-tanışı, qohum-əqrabanı. Buraxdıqları qəzetləri də oxuyan azdır.
   Nə isə... Adil universiteti bitirib Dövlət Televiziya və Radio Verilişləri Komitəsində kiçik redaktor vəzifəsinə işə düzəldi. Sonra redaktor oldu. Burada özünü əsl jurnalist kimi göstərə bildi. Elə buna görə də şöbə müdiri vəzifəsinə kimi yüksəldi.
   Keçən əsrin sonlarında bədnam qonşumuzun Dağlıq Qarabağı Ermənistana birləşdirmək arzusu, azərbaycanlıların ata-baba yurdundan sıxışdırılıb çıxarılması, bir Qarabağlı kimi Adilin də taleyində acı iz buraxdı. Atası və anası, qardaşı və onun ailəsi, digər qohumları Bakıda qaçqınlıq həyatı yaşadılar.
   Təvazökarlıqdan uzaq olsa da qeyd edim ki, televiziyada işlədiyi vaxtlarda "Hərbi Vətənpərvərlik və Salnamə Baş Redaksiyası"nın təşkil olunmasında Adilin əməyi az olmayıb. Onun hərbi-vətənpərvərliklə bağlı hazırladığı verilişlər indi də televiziyanın arxivində saxlanılır.
   Qarabağ müharibəsi başlayanda Adil qələmini süngüyə çevirərək üz tutdu cəbhə bölgəsinə. Əsgərlərlə görüşür, od-alovun içərisində çəkilişlər edir, telesüjetlər hazırlayırdı. Bir dəfə mən ondan "qorxmursan ki"- deyə soruşdum. Onun mənə cavabı çox təsirli oldu. Dedi ki, mən bir Qarabağlı kimi yaxamı kənara çəkə bilmərəm. Uşaqlığım Qarabağda, Şuşada, Ağdamda keçib, atam, anam, nəslimiz Ağdamda yaşayır. Bu torpaq məni ora çəkir. Bax bunlar ürəyimdəki qorxu hissini yox edir.
   Bacıoğlu 20 il can qoyduğu televiziyadan ayrılandan sonra da jurnalist fəaliyyətini davam etdirdi. O, "Yeni dünya", "De Fakto", "Əlillər", "Azad Qarabağ", "Çempion" və s. mətbu orqanlarda baş redaktor, direktor, məsul redaktor, məsləhətçi kimi çalışdı. Jurnalistikaya da elə bağlanmışdı ki, onu mətbuatdan ayırmaq çox çətin idi. Doğma Azərbaycanımızın sərhəddinin kiçilməsi, xalqın dərdinin çoxalması, başıpozuq əməllər bir vətəndaş kimi Adili də narahat edirdi. Tez-tez deyirdi ki, erməninin əsarəti altında qalan Qarabağsız yaşamaq mənə əzab verir, bu yaşamaq deyil, gün keçirməkdir.
   Görüşlərimizin birində mən onu televizor ekranı qarşısında ağlayan gördüm. Ağdamda, İmarətdə "Xarı bülbül" festivalı keçirilirdi. Ölməz sənətkar Qədir Rüstəmovun "Sona bülbüllər"i böyüklü-kiçikli hamını səsin sehrinə çəkmişdi. Bu, o vaxtlar idi ki, Qarabağ savaşı yenicə başlamışdı, hələ Ağdam işğal olunmamışdı.
   Hazırda media bazarında yeni nəşrlərin və ənənəvi KİV-in elektron versiyalarının yaranması jurnalistikadan yeni keyfiyyətlər tələb edir. Heç kəsə sirr deyil ki, indi qəzet oxuyan çox azdır, fərdi saytlar, səhifələr gün-gündən artır, internet qəzetlər çoxalır. Yaradılan hər bir yenilik həm də məsuliyyət hissini artırır. 
   Hazırda Azərbaycana qarşı informasiya müharibəsi ən çox internet vasitəsilə aparılır. Bu müharibənin qarşısını almaq üçün Adil də öz sözünü təsisçisi və baş redaktoru olduğu, Azərbaycanda vətənpərvərlik mövzusunda fəaliyyət göstərən ilk internet televiziyada, "İrşad-Teleradio Verilişləri, Sənədli və Bədii Filmlər Kompaniyası"nda çox uğurla deyir. 
   Ermənilərin uydurma yalanlarını ifşa edən informasiyalara, xarici ölkə jurnalistlərinin yazılarına, habelə, gənclərin hərbi-vətənpərvərlik ruhlu tərbiyəsində mühüm rol oynayan sənədli verilişlərə üstünlük verir. Artıq hiss olunur ki, "İrşadTv" demək istədiyini boyasız xalqa çatdırır, qəzəbini cilovlamadan hər şeyi birbaşa deyir. Qarabağ yoxdursa, Azərbaycan da yoxdur. Qarabağ yoxdursa, biz Ağdamlılar da yoxuq.
   Yeri gəlmişkən. Adilin anası, mənim doğma bacım Qənirə müəllimə Bakıda qaçqın həyatı yaşadı. Kiçik oğlu Oqtayın həyatdan vaxtsız köçməsi onun əyilməyən belini bükmüşdü. O, xəstə vaxtı Ağdamda dəfn olunmağı vəsiyyət etmişdi. Görünür bizim bir çoxumuz Vətənin nə demək olduğunu dərk etmirik. Ana "Ağdam, Qarabağ", deyə-deyə dünyasını dəyişdi. Ata, Ana və kiçik qardaş itkisi Adilə o qədər pis təsir edib ki, indi də acı günləri xatırlayanda göz yaşlarına hakim ola bilmir.
   Adil, sən oğul və qardaş borcunu vicdanla yerinə yetirmisən. Kaş bütün övladlar sənin kimi Vətənə, ataya, anaya, qardaşa canı yanan olaydı. Yazını bir qədər qəmli notla yekunlaşdırdığım üçün məni bağışla. Amerika filosofu Corc Santayana həyat haqqında belə deyib: "Həyat nə tamaşadır, nə də bayramdır, həyat çətin bir imtahandır". Bacıoğlu həyat davam edir. 65 yaşını təbrik edir, sənə bu çətin imtahanlardan üzüağ çıxmağı arzulayıram.