20 Ağustos 2022 Cumartesi

AĞDAM - HƏR TƏRƏFİ TARİX OLAN MƏKAN...

 


Sarıhacılı - Azərbaycan Respublikası Ağdam rayonunun Seyidli kənd inzibati ərazi dairəsində kənddir. Qarabağ düzündə yerləşir. 

1593-cü ilə bağlı bir Osmanlı qaynağında Otuziki elinin iyirmi yeddi oymağının adı sadalanır ki, onlardan biri də Sarıhacılıdır.

 Ağdam rayonundakı Sarıhacılı kəndi bu oymağın adını özündə yaşadır. Görünür bu oymaq öz adını kəndin əsasını qoyan Sarı Hacı adlı şəxsin adından götürmüşdür. Sarıhacılı kəndi Sovet dövründə xeyli böyümüş, rayon mərkəzilə birləşmiş və 1989-cu ilə qədər 28 min 31 nəfər əhalisi olmuşdur.

Bilməyənlər bilsin. Sarıhacılı kəndi başqadır, Sarıcalı kəndi başqa. Sarıhacılı kəndi Ağdamın Seyidli, Xıdırlı, Əhmədavar kəndləri və Əsgəran rayonu ilə, Sarıcalı kəndi isə Ağcabədi rayonu ilə həmsərhəddir. Ümumiyyətlə Otuziki elinin - Ağdamın Sarıhacılı, Seyidli, Sarıcalı və sonradan Çəmənli (Çəmənliyə qız və həmin qıza cehiz sırasında torpaq sahəsi verib qohum olmuşuq) kəndlərinin keçmiş sakinləri Qarabağ xanlığının bünövrəsini qoyan Pənahəli xanın qohum-əqrabasıdır və biz də bu tayfanın (Tayfa insanların qəbilədən böyük olan birliyidir) törəmələriyik, Cavanşirlər nəslindənik. 

Sarıhacılı kəndi 1993-cü ilin 23 iyulunda Ermənistan və Rusiya Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. 20 noyabr 2020-ci il tarixində Qarabağda atəşkəs bəyanatının şərtlərinə əsasən Sarıhacılı kəndimiz Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə verilmişdir.

 

© Adil İrşadoğlu.

Veteran televiziya və qəzet jurnalisti,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1980),

1-ci Qarabağ Müharibəsinin iştirakçısı (1988-1996).

31.07.2022. / 20-16.


Hiç yorum yok: