... Çətinləşib yaşamaq da, ölmək də.
Bir tikəni iki yerə bölmək də.
Zor zorunan iş başına gəlməkdə,
Haqq-ədalət itib gedir - qorxuram.
Yalan qırtır məclislərin başında,
Çəmin tapıb torpağın da, daşın da.
Günəş yanır üzüyünün qaşında,
Vay, həqiqət itib gedir - qorxuram.
Qaraya ağ, ağa qara deyən çox,
Bir xoş günü göy əskiyə düyən çox.
Yaxşıları yaman deyib söyən çox.
Qədir-qiymət itib gedir - qorxuram.
Gör baxışlar, gülüşlər nə haldadır,
Bilmirsən ki, güc gözdədir, qoldadır.
Həyat səhnə, bütün bəşər roldadır.
Səmimiyyət itib gedir - qorxuram...
Yurdumuzda su yerinə qan axır,
İgidlərin o qan bağrından axır.
Bəs o kimdir, əl cibdə gendən baxır?
Qəzəb-nifrət itib gedir - qorxuram.
Dəvə dəlləklik eləyən zamandı,
Xəlbir ələklik eləyən zamandl,
Qarğa leyləklik eləyən zamandı.
Şeir-sənət itib gedir - qorxuram.
Allah, Allah, üstümüzdə yar ol sən,
Gecə-gündüz bizə havadar ol sən.
Yox, qorxmaram üstümüzdə yar olsan,
Bu ülviyyət itib gedir - qorxuram.
Famil Mehdi.
Ağdam - Bakı.
Hiç yorum yok:
Yorum Gönder